20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 18-02-2023, 00:38
O, kövrək qələmli, ciddi natiqdir


O, kövrək qələmli, ciddi natiqdir

Vəliyəddin müəllimlə tanışlığımızın, əslində, doğmalaşmağımızın tarixi bunlarla, qeyd etdiklərimlə bitmir. Onu kəlbəcərlilərin xeyir-şər məclislərində həmişə görmək olar. Bu da onun bir elin ağsaqqal ziyalısı kimi üzərinə düşən mənəvi borcun layiqincə yerinə yetirməsinin göstəricisidir.
2005-ci ildə Milli Məclisə seçkilər keçiriləndə hər ikimiz (yalnız ikimiz yox, bir neçə nəfər) də Kəlbəcər 123 saylı seçki dairəsindən Milli Məclisin üzvlüyünə namizədliyi irəli sürülən, Dədə Şəmşirin ocağında dünyaya göz açan, Qənbər müəllimin ata və müəllim tərbiyəsi ilə Azərbaycan ictimiyyəti üçün böyüyən Cavid Qurbonovun vəkillərindən idik. Ona görə də seçicilərlə namizədin görüşlərində birlikdə iştirak edirdik. O zaman bir daha Vəliyəddin müəllimin nitq mədəniyyətinin də şahidinə çevrildik.
Mətbuatla bağlı dəfələrlə polemikamız, fikir bölüşmələrimiz olur. Hər dəfə Vəliyəddin müəllimlə görüşüm bir tarixə və sonralar həmin məqamlar bədii-publisistik yazıya çevrilir. Vəliyyədin Misiroğlunun dövri mətbuatda dərc olunmuş silsilə məqalələrini, portret oçerklərini burada adbaad sıralamağa ehtiyac duymuram. Oxuduqlarım və yaddaşıma yazılan məqalələri az deyil. Demək olar ki, fikrimi öyrənmək üçün (əslində, bu, hər bir yazarın istəyidir ki, oxucu onun yaradıcılığına münasibət bildirsin) məqalələri dərc edilmiş qəzetləri oxuyub-oxumamağımla maraqlanıb. Üstündən sükutla keçib ki, görsün məqaləsini oxumuşm, ya yox. Təbii ki, bir-birindən fərqli üsub və formada qələmə aldığı maraqlı və oxunaqlı yazılarından sitatlar çəkəndə telefonun o başından xəfif bir təbəssüm hiss etmişəm. Əslində, peşəkar qələmdən çıxmış yazıların dadı-duzu, özünəməxsusluğu oxucusunu oxumağa səsləyir. Dədə Şəmşirlə bağlı xatirələri, Qənbər Şəmşiroğlu ilə Ələmdar Cabbarlının yaradıcılığına ayna tutması göstərir ki, Vəliyəddin Misiroğlu sanki həvəskar deyil, əslində, peşəkar, ədəbi-bədii sahənin mütəxəssislərindəndir.
Səssiz yubileylər silsiləsi və bir telefon zəngi
Bir qədər arxaya baxmalı oldum. Kəlbəcərlilərin ad günləri və yubileyləri daim dağlarda, bulaqların başında keçərdi. Kəlbəcərin işğalından sonra bu təmtəraqlı günlər də əlimizdən çıxdı. Ağdabanlı Qurbanın 150, Dədə Şəmşirin 110, 120, Qənbər Şəmşiroğlunun 70, 80 illik yubileylərinin təmtəraqdan uzaq qeyd edildiyi kimi, digərləri də bu əlamətdar tarixi günlərin fərqinə varmadılar. Bir haşiyə çıxaraq qeyd edim ki, “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovun 60 illiyi də bax beləcə, səssiz-səmirsiz (sosial şəbəkədə gördüm ki, o, həmin gün ata-anasının məzarı üstündədır) keçdi və bir kimsə bilmədi.
Bu yaxınlarda mənə telefon açdı Vəliyəddin müəllim. Həmişə çıxış etdiyi qəzetlərin ikisinin adını çəkdi və soruşdu:
-“Bütöv Azərbaycan”la, “Kredo”nun hər sayını oxuyursanmı?
-Müntəzəm olmasa da, xəbərim olur,-dedim. Bir də soruşdu:
-Oxumamısız. Oxusaydınız, son saylarında dərc olunan məqalələrimdən xəbəriniz olardı.
Doğrudan da oxumamışdım. Səhvimi anlayıb elə həmin gün “Bütöv Azərbaycan”ın 29 yanvar 2014-cü il tarixli sayını alıb baxdım. Vəliyəddin Misiroğlunun qələmindən süzülən xatirələr yumağı məni kəlbəcərli günlərə qaytardı.
“Saz similə daranan tel” sərlövhəli məqalə - xalq şairi, sevimlimiz, Dədə Şəmşirin doğma balası kimi çox istədiyi, söz kəhkəşanının parlaq ulduzu Zəlimxan Yaqubla bağlı bir şirin xatirə həm də məni kövrəltdi... Şairin axşam ay işığına başını telli saza söykəyib Kəlbəcəri yuxuya verən dağlara layla çaldığını Vəliyəddin müəllim zərgər ustalığı ilə səsyazanın lentindən oxucu yaddaşına köçürmüşdü. Elə həmin məqalədə Vəliyəddin Misiroğlu yaradıcılıq nümunələrindən yeri gəldikcə istifadə edirdi. O, Zəlimxan müəllimin anası Güllü nənəni tele-ekrandan görüb, ona üz tutub yazdığı qoşmada deyir:
Nə gözəl nur yağır nur camalından,
Kəlmələr asmısan boyunbağından.
Oğlun Zəlimxanın qoşmalarından
Qurşaq vur belinə, ay Güllü ana.
Şair yaman coşub, göylərə qalxır,
Ulduzlu göylərdə ildırım çaxır.
Şimşək ayna tutub, Zəlimxan baxır,
Sığal ver telinə, ay Güllü ana.
Misiroğlu Borçalıdan hay çatıb,
Qaş qaralıb, toran düşüb, gün batıb.
Ana layla çalır, Zəlimxan yatıb,
El heyran dilinə, ay Güllü ana.
Dədə ocağının istisinə qızınan ürək

...Bu ocaqdan minlərlə kəlbəcərlinin nəinki könlünə-gözünə, ailəsinə pay düşdü. Bu pay əsasən mənəvi sərvətimiz olan məlhəm sözdür. Ağdabanlı Qurbanın söz bulağı qaynayıb-daşdıqca ondan “ovuc-ovuc” könlümüzə, gözümüzə səpdik. Vəliyəddin müəllim də bu ocaqda doğmalaradan biri kimi göründü gözə, dəyər verdi kəlməyə, sözə. Dədə Şəmşirin sağlığından başlayan bu ədəbi yolun yolçusuna çevrilən Vəliyəddin Misiroğlu bu gün də Qənbər Şəmşiroğlu ilə qoşa addımlayır, dərdləşir-sözləşir-şeirləşir.
Bir dəfə yarı-zarafat, yarı-ciddi dedim ki, siz vaxtilə peşə, sənət seçəndə səhvə yol vermisiz, yolunuz ədəbiyyata apardığı halda, səmtini dəyişib, istedadınızı azdırmağa çalışmısız. Amma ulu yaradan ömrünüzün hər səhifəsində bu “səhvinizi” düzəldib – sizi bizlərə əsl saz-söz adamı kimi tanıdır.
Güldü:
-Kəlbəcərdə doğulanların hansı bu qabiliyyətin yiyəsi deyil ki?! Bunu seçmirik, Tanrı verir, biz peşə-sənət sahibi ola bilərik, söz-saz, təb ilahinin qismətidir və hər bir kəlbəcərli bu qabiliyyətin yiyəsidir.
Doğru deyirdi. Səhv elədiyimi anladım. Qənbər Qurbanovla Vəliyəddin müəllim uzun illərin həm rəsmi, həm də qeyri-rəsmi iş yoldaşı (vəzifə başında), həm də ailə dostu, sirdaşı olublar. Bundan sonra da davam edər inşallah! Qənbər müəllim 2008-ci il yanvar ayının 28-də Moskvada, Kreml xəstəxanasında müalicə olunarkən dostlarını bir-bir qərib gecələrinin xəyali qonağı edir. Amma Vəliyəddin Misiroğluna, özü dediyi kimi, 50 illik dostuna xüsusi olaraq uzun bir məktub-xatirə yazır. Təbii ki, arada şeirə də müraciət edir.
Vəliyəddin Misiroğlu da dostuna-sirdaşına borclu qalmır. Dostların belə məktub-deyişmələri az olmayıb. Onlardan birini də Vəliyəddin müəllim Qənbər Şəmşiroğlunun 75 illiyinə yazdığıdır. “Hanı Qənbər?” rədifli qoşmasında müəllif ötənlərə-itənlərə qayıdır, dosta təsəlli olsun deyə səbr diləyir, əlbəttə, poetik sözdən və qələmindən yapışmaqla:
Niyə gileylənib deyirsən ömrün
Dayazmış dəryası, ümmanı, Qənbər?!
Varlığa yox deyib yaşıyanların
Qalarmı sabaha gümanı, Qənbər?!
Niyə kövrəldirsən dostu-tanışı,
Axı, sən mətinsən, deyilsən naşı.
Bəhanə gətirmə yetmiş beş yaşı,
İtirmə ömürə inamı, Qənbər.
Şəmşiroğlu, heç qınama fələyi,
Doğulanda bələyibdir bələyi.
Ömürə qurub min oyunu, kələyi,
Ha danla, ha qına, ha yanı, Qənbər.
Yeri varmı bu təhnizin, gileyin,
Arxaya bax, nəyin qalıb, gör nəyin?!
Vəfalı dilbərlə ömür sürməyin,
Sən demə, bəs imiş hər anı, Qənbər.
Misiroğlu, dostuna ver təskinlik,
Nəyə lazım ya bədbinlik, küsgünlük.
Əzəl gündən bu dünyadır “beş günlük”,
Atamız, anamız bəs hanı, Qənbər?!
Qara telefonun hay-harayı,yaxud “dosta zəng”

Doğrudan da bəzən (əsasən də təcili lazım olanda) dostun telefonuna zəng çatmayanda qalırsan əl-amanda. Qəlbinə qara-qura fikirlər dolur. Rahatlıq tapmırsan. Bir neçə dəfə bununla bağlı Vəliyəddin müəllimin tənbehedici gileylərini eşitmişəm.
Xeyli vaxt idi Qənbər müəllimlə, heç olmasa, telefon əlaqəsi saxlaya bilməyən Vəliyəddin Misiroğlu “dosta zəng” zarafatını yadına salır. Aprelin 2-də nə qədər zəng çalsa da, Qənbər müəllim telefona cavab vermir. (Axı, o gün kəlbəcərlilərin nə gözləri yer-göy görür, nə də qulaqları xoş söz eşidir. 28 il idi ki, kəlbəcərlilər bu qara təqvimin ağrısını yaşayırdı. O gün Qənbər müəllimin də telefonu susub yəqin-M.N.) Təkrar yığanda isə “bu nömrəyə zəng çatmır”, yaxud “telefon ya söndürülmüşdür, ya da əhatə dairəsindən kənardır”- eşidir. Qanı qaralan dostun gümanı sözə gəlir. Götürüb Qənbər müəllimə belə bir qoşma qoşur:
Bağlama, a qardaş, bağlama görək,
Tutulub-açılan qara telfonu.
Zəngim haray salır, səni çağırır,
Bağlayıb qoymusan hara telfonu?!
Kiminin qolundan tutub qaldırır,
Kimiyə “Kərəmi”, “Cəngi” çaldırır.
Kimini nəzərdən, gözdən saldırır,
Qoymursan yetişə kara telfonu.
Vəlyəddin demir ki, hər an eşitsin,
Ya da “söndürülüb”- yalan eşitsin.
Sən Allah, açıq qoy, qalan eşitsin,
Ürəyi bağlamış yara telfonu.
“Dərdi dizinin üstə böyüdən şair...”

Bu da Vəliyəddin Misiroğlunun gənc şair Ələmdar Cabbarlının bədii yaradıcılığına ayna tutduğu yazının sərlövhəsi. Bu yazının adi oxucu qələmindən çıxması inandırıcı deyil. İlk cümlələrdən qələm sahibinin publisist düşüncələri özünü göstərməkdədir: “Dərd həmişə ağır olub... istər batmanla gəlsin, istərsə də misqalla... Deməli, dərdin ölçüsü yoxdur, dərd dərddir. Amma dərdin tamı var... Şair Bəhmən Vətənoğlu bir beytində deyirdi:
“Əzizim, dərdə tamı,
Dərd verər dərdə tamı”.

Deməli, dərdə tamı dərd verir. Bəs dərdin çarəsizi, ölənə qədər tamı zəhər dadanı hansıdır? Bu çarəsiz dərd Vətən dərdi, torpaq həsrəti, yurd göynərtisiymiş... Sən demə, çarəsiz qalanda dərd özü də ağlayarmış”.
Müəllif burada artıq ədəbi tənqiddən xəbərdar tənqidçi kimi çıxış edərək, şairin poeziyasına münasibət bildirir: “Ələmdar Cabbarlı şeirlərinə sözün bülbülünü qonaq eləyir və misralarına qaranquş qanadı taxır:
- Yaranandan azad deyil,
Çəkiləsi əzab deyil.
Sürünməsən - az-zad deyil,
Yaşasan - çoxdu bu ömür.

Əslində, Vəliyəddin müəllimin bir ziyalı dost kimi haqqında nə isə demək istədiyim halda, deyəsən, onun ömür yolunu vərəqlədim. Ötəri baxdığımız hər səhifədə onun necə bir ictimaiyyətçi, alicənab, vətənpərvər olması ilə yanaşı, könlünü sözə bağladığını da hiss elədik. Qısası, Vəliyəddin Misiroğlunun düzüb-qoşduğu söz, bənd, misra, beyt, bütöv şeirlər ustad Məmməd Aslanın duyğularını incitmirsə, hətta ona poetik cavablar da verirsə, demək, onun barəsində yazmağa dəyər. Ona görə də Vəliyəddin Misiroğlunun bu poetik dünyasına boylanası, orada görüb oxuduqlarımdan nümunələr göstərməklə fikrimə ayna tutmaq istərdim. Məmməd Aslana yazır:
Sən şairsən qundağından çıxandan,
Günəş kimi dan yerindən baxandan.
Misiroğlu düz yapışıb yaxandan,
Ağlayan elimin bəsisən, Məmməd,
Dərdli Kəlbəcərin səsisən, Məmməd!
Bir ömür yaşadım min ömür qədər...
Min ömür nə verdi bir ömür qədər?!
Deyirlər ki, ömür yaman şirindi,
Şirinlik təkcəcə daddımı, oğul?!
Dünyanı duymadan ömür yaşayan
Ömürün tamınnan daddımı, oğul?!

Şair ömrün dəyərliliyini yaşanan günlərin, illərin çoxluğu ilə ölçmür. Görülən işlər, əməllər hər bir insanın həyatda qoyduğu iz, vətəninə, xalqına sadiqlik onun ömür ölçüsüdür. Ömrü sürünməklə yox, şərəflə yaşaya-yaşaya başa vurmaq lazımdır. Torpaqlarımızın azadlığı uğrunda cavan ömrünü fəda vermiş milli qəhrəmanlarımız, gənc alimlərimiz, mədəniyyət və incəsənət xadimlərimiz və şairin özü kimi gənc yazarlarımız ləyaqətli ömür yaşayanların nümunəsidir”.
Vəyiyəddin müəllimin Kəlbəcərdən uzaqlarda təmtəraqdan çox uzaq yubileyinə dağ çiçəklərinin ərtini verməsə də, qoşma sovqatını könlümün duyğuları ilə sulayıb cücərtdim ki, həmişə təzə-tər qalsın:
Ömrün zirvəsinə, ay Misiroğlu,
Kaş, o dağlarda çata biləydik.
Dərib dağçiçəyin biz qucaq-qucaq,
Çəməni çiçəyə qata biləydik,
Yubileyə dağlarda çata biləydik.
Quraydıq məclisi göy çəmən üstə,
Gələydi dost-tanış hey dəstə-dəstə.
“Yurd yeri” üstündə, həzin, ahəstə,
Bulaq nəğməsinə yata biləydik,
Yubileyə dağlarda çata biləydik.
Qol götürüb asta-asta süzəydik,
Hər çəməndən bircə çiçək üzəydik.
Ayaqyalın, başı açıq gəzəydik,
Çiçək dənizinə bata biləydik,
Yubileyə dağlarda çata biləydik.
Dilim yenə yaman yerdə kiridi,
Yurd həsrəti min dərdimdən biridi.
Çeşmə kimi gözüm nuru əridi,
Hardan gəldi bir bu xata biləydik,
Yubileyə dağlarda çata biləydik.
Çəkəmmədik Kəlbəcərin nazını,
Çalammadıq Dədə Şəmşir sazını.
Məhəmmədə yazdıranda yazını,
Kəlbəcər ruhunu tuta biləydik,
Yubileyə dağlarda çata biləydik.


Məhəmməd NƏRİMANOĞLU
Bakı, 10 fevral 2023-cü il


Paylaş



Bölmə: Bütöv Azərbaycançılar / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!