Ərdoğan: «Sərhədimizin pozulmasına göz yumacağımızı heç kim gözləməsin!»Butov.az Azadliq.info-ya istinadən xəbər verir ki, Suriya-Türkiyə sərhədində Rusiyanın “Su-24” döyüş təyyarəsinin vurulmasından sonra rəsmi Moskva Ankaranı cəzalandırmaq planı üzərində işləyir. Məsələ ilə bağlı ilk açıqlamalarında prezident Vladimir Putin də, xarici işlər naziri Sergey Lavrov da Türkiyənin bu addımına cavabın sərt olacağı ilə bağlı mesajlar vermişdi. Dünən “Kommersant” qəzeti yüksək vəzifəli Rusiya rəsmilərinə istinadən Moskvanın iki ölkə arasında çox ciddi biznes layihələrinə son verməyə hazırlaşdığını yazıb. Yazıda tərəflərin hərbi sahədə də əməkdaşlığı dayandıracağı qeyd olunub.
22 milyardlıq layihə təhdid altındaRusiya Prezident Administrasiyasındakı mənbə qəzetə bildirib ki, Moskvanın Ankaraya cavab tədbirləri olduqca sərt olacaq. Bu da iki ölkə arasındakı münasibətlərə ciddi təsir edəcək. Məsələn, “Qazprom” “Türk axını” layihəsinin nə dərəcədə məqsədəuyğun olduğunu yenidən dəyərləndirəcək.
Bununla yanaşı, nəhəng enerji sazişi olan “Akkuyu” Atom Elektrik Stansiyası layihəsi də təhdid altına düşəcək. Qeyd edək ki, bu layihənin dəyəri 22 milyard dollardır.
Öz növbəsində, Türkiyə də Rusiya gəmilərinin Bosfor və Dardanel boğazından keçməsinə məhdudiyyət yarada bilər ki, bu da Suriyadakı Xmeymim aviabazasını işini çətinə salacaq.
Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib ki, məlum insidentin iki ölkə arasındakı münasibətlərə təsiri şübhəsizdir. Lakin Moskvanın Ankaraya hərbi yolla cavab verməsindən söhbət belə, getmir.
Dünən Rusiya Xarici Işlər Nazirliyi məlum insidentlə bağlı Türkiyəyə nota verib. Türkiyənin Rusiyadakı səfiri bu məqsədlə ölkənin Xarici Işlər Nazirliyinə çağırılıb. Səfirə Rusiya təyyarəsinin vurulması ilə bağlı ciddi xəbərdarlıq edilib.
Putin: “Təkrarlansa, mütləq cavab verəcəyik”Rusiya prezidenti Vladimir Putin bir daha bildirib ki, Rusiya bu hadisəyə çox ciddi yanaşacaq və təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görəcək: “Suriyadakı əməliyyatlarımızda uçuş təhlükəsizliyini təmin etmək üçün görülən tədbirlərin yetərli olmadığını gördük. Məsələni müdafiə naziri ilə sabaha qədər müzakirə etdik. Suriyadakı hərbi bazamıza S-300 zenit-müdafiə kompleksi yerləşdiriləcək. Ümid edirəm ki, bu və görəcəyimiz başqa tədbirlər uçuş təhlükəsizliyimizi təmin etməyə yetərli olacaq”.
Putin deyib ki, oxşar hadisələrin baş vermə ehtimalını gözardı edə bilməzlər. “Oxşar hadisə təkrarlansa, mütləq cavab verəcəyik. Türkiyədə olan vətəndaşlarımız da təbii ki, böyük risklə qarşılaşa bilərlər. Rusiya Xarici Işlər Nazirliyi bu mövzuda xəbərdarlıq etmək məcburiyyətindədir”.
Rusiya prezidenti ölkə vətəndaşlarını Türkiyəyə getməməyə çağırıb. Putin bildirib ki, Rusiya təyyarəsinin vurulması və pilotun həyatını itirməsindən sonra belə bir tədbirin görülməsi şərtdir.
Bir gün əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov da Rusiya vətəndaşlarını Türkiyəyə səyahət etməməyə çağırmışdı. Nazir Türkiyəni Rusiya üçün təhlükəli ölkə olduğunu bildirmişdi.
Lavrov: “Bu hücum təxribat idi”Sergey Lavrov təyyarənin vurulmasının planlaşdırılmış hücumun nəticəsi olduğunu düşünür:ÿ “Əlimizdəki məlumatlara görə, təyyarənin vurulması təxribat xarakterlidir və əvvəlcədən planlanlaşdırılmış bir hücumdur”.
Lavrov olaydan sonra Türkiyə ilə əlaqələri ciddi şəkildə nəzərdən keçirəcəklərini də vurğulayıb.
Dünən Rusiyanın paytaxtı Moskvada da gərgin anlar yaşanıb. Bir qrup etirazçı məlum insidentə görə Türkiyə səfirliyini daşa basıb. Türkiyə səfirliyi qarşısında aksiya noyabrın 24-ü axşam saatlarından başlayıb. Aksiya zamanı səfirlik binasının şüşələri qırılıb. Etirazçılar Türkiyə səfirliyinin Rusiyadan çıxarılmasını tələb ediblər və Türkiyə əleyhinə şüarlar səsləndiriblər.
Medvedev: “Münasibətləri dayandırırıq”Rusiya baş naziri Dmitri Medvedev məlum olayın iki ölkə arasında münasibətlərə son verilməsinə səbəb olduğunu bildirib: “Rusiyanın “Su-24” təyyarəsinin vurulması ona gətirib çıxardı ki, Rusiya ilə Türkiyə arasında uzun illərdir davam edən mehriban qonşuluq münasibətlərinə son verildi. Buna Türkiyə hökumətinin düşünülməmiş cinayətkar əməli səbəb oldu”.
Medvedev bildirib ki, Rusiya Türkiyə ilə iqtisadi və humanitar sahələrdəki münasibətləri də dayandırır: “Bu zərərin yerini doldurmaq çətin olacaq”.
Baş nazir hesab edir ki, Türkiyə bu addımına heç nəylə, o cümlədən sərhədlərini müdafiə etmək iddiası ilə bəraət qazandıra bilməz.
Ərdoğan: “Kor və kar olmayacağıq!”Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən bir daha bəyan edib ki, rusların “Su-24” savaş təyyarəsi məhz Türkiyənin hava məkanında vurulub. Ərdoğan Türkiyə tərəfinin bu insidenti böyütmək istəmədiyini və hər zaman olduğu kimi indi də sülh, dialoq və diplomatik nizamlama tərəfdarı olduğunu bildirib. Lakin Türkiyə prezidenti ultimativ tonda xəbərdarlıq edib ki, heç kim Ankaradan kor və kar olmasını gözləməsin: “Heç kim gözləməsin ki, Türkiyə hava məkanının, sərhədlərinin, suverenliyinin pozulmasına kor və kar olacaq. Bu insidenti böyütmək fikrimiz yoxdur. Biz öz təhlükəsizliyimizi və qardaşlarımızın (türkmənlərin) hüquqlarını qoruyuruq”.
Ərdoğan onu da bildirib ki, türk hərbiçiləri Türkiyənin hava məkanını pozan təyyarənin Rusiyaya məxsus olduğunu Rusiya Müdafiə Nazirliyinin açıqlamasından sonra bilib.
Saakaşvilidən Türkiyəyə böyük dəstəkGürcüstanın keçmiş prezidenti, Odessanın qubernatoru Mixail Saakaşvili Türkiyənin Rusiya hərbi təyyarəsini vurmasını müdafiə edib. Saakaşvili özününÿ “Facebook” səhifəsində Türkiyəni müdafiə edən açıqlamasını 4 dildə – Ukrayna, türk, rus və gürcü dillərində yayıb: “Hər zaman Türkiyəyə böyük sayğı duymuşam. Amma bu gün bu sayğı daha da gücləndi. Gerçək bu ki, Türkiyənin hava sərhədini pozan Rusiya təyyarəsi Suriyanın IŞID-in olmadığı bölgələrinə yaxın idi. Əsədə qarşı olanlar təsdiqləyir ki, Putin terrorla savaşda əsla birləşdirici güc ola bilməz”.
Merkel də Türkiyəni dəstəklədiAlmaniya kansleri Angela Merkel də iki gündür dünya gündəmini zəbt edən Türkiyə və Rusiya arasında yaşanan gərginliyə münasibət bildirib. Merkel də digər Avropa rəsmiləri kimi, olayı Türkiyənin özünümüdafiəsi kimi dəyərləndirib. Kansler eyni zamanda, baş verən hadisənin vəziyyəti gərginləşdirdiyini də qeyd edib: “Şübhəsiz ki, Türkiyə tərəfindən Rusiya təyyarəsinin vurulması vəziyyəti ağırlaşdırdı. Gərginliyin olmaması üçün əlimizdən gələni etməliyik. Əlbəttə, hər ölkənin öz torpaqlarını müdafiə etmək hüququ var”.
İran prezidenti tərəfləri soyyuqqanlı olmağa çağırdıIran prezidenti Həsən Ruhani isə məsələ ilə bağlı açıqlamasında tərəfləri soyuqqanlı olmağa çağırıb: “Bizə qardaş və qonşu olan hər iki ölkədən soyuqqanlı olmalarını xahiş edirik.ÿBu günə qədər əldə etdiyimiz məlumatlara görə, Rusiya təyyarəsi Suriya hava məkanında əməliyyat keçirərkənÿ vurulub. Təyyarənin Türkiyə sərhədinə yaxınlaşması ehtimaldır. Mərmi və təyyarə oyuncaq deyil. Havada istədiyi qərarı verə biləcək qədər nizamsızlıq, bölgəyə sabitlik gətirə bilərmi? Bu addımlar çox təhlükəlidir.ÿBizim üçün qonşu ölkələr arasında əlaqələrin səmimi olması əhəmiyyətlidir. Bu ixtilaflar həm bizim, həm də bölgənin xeyrinə deyil”.
Kameron: “Hörmət edilməlidir”“Türkiyənin öz hava məkanını ÿqoruma haqqına hörmət edilməlidir”. Bunu isə Britaniyanın baş naziri Devid Kameron deyib. Hadisə ilə bağlı dolğun məlumata malik olmadıqlarını bildirən Kameron fikirlərinə belə davam edib:ÿ “Hələlik hadisə ilə bağlı tam bilgilərə sahib deyilik. Lakin biz necə öz hava məkanımızı müdafiə ediriksə, Türkiyənin də öz hava sərhədləriniÿ qoruma haqqına hörmətlə yanaşmalıyıq”.
Davudoğlu: “Təlimatı mən verdim”Türkiyənin baş naziri Əhməd Davudoğlu Rusiyaya aid döyüş təyyarəsinin vurulma təlimatının onun tərəfindən verildiyini açıqlayıb. Davudoğu bundan sonra da belə təhdidlərə qarşı adekvat cavab verəcəklərini bildirib: “Bu addımlaÿ quru və hava məkanının qorunması istiqamətində qərarlılığımızı növbəti dəfə daha açıq ifadə etmiş olduq. Rusiyanın bu hərəkəti təhdid olaraq qəbul edilib. Bundan sonra da belə hallar baş verərsə, bütün addımları atacağıq. Bu, millət qarşısında ÿvəzifəmizdir. Türkiyə, Bayırbucaq türkmənləri də daxil olmaqla qapılarını açıq saxlamağa davam edəcək. Bizim duruşumuz bəllidir. Suriya xalqı sülh içində yaşamağa layiq bir xalqdır. Və Türkiyənin dostu, qardaşıdır. Bu istiqamətdə nə lazımdırsa, edəcəyik”.
Türkiyə Suriya ilə sərhədə qoşun yığır
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Suriya ilə sərhəddə uçuşlar həyata keçirən hərbi təyyarələrin sayını artırıb. Türkiyə mətbuatının ÿverdiyi məlumata görə, bundan sonra Suriya sərhədində Türkiyə Hava Qüvvələrinə məxsus 18 “F-16” hərbi təyyarəsi uçuşlar həyata keçirəcək.
Baş Qərargah bütün quru və hava qoşun birliklərinə hazırlıq əmri verib. “CNN Türk”ün məlumatına görə, bütün qoşun növlərində hazırlıq ən yüksək səviyyəyə çatdırılıb.
Bundan başqa, Türkiyə bölgəyə tank daşınmasını da sürətləndirib.
Türkiyənin yardım karvanı Suriyada vuruldu
Dünən Türkiyədən Suriyaya humanitar yardım aparan maşın karvanı vurulub. “Reuters”in yaydığı məlumata görə, yardım karvanı Kilisdən Suriyaya girəndən sonra, sərhəddə vurulub. Humanitar yardım fəalları agentliyə bildiriblər ki, karvan hava zərbəsi ilə vurulub: “Yanğını söndürməyə çalışırıq. Maşınlar bizim deyil və kimin bombaladığını da bilmirik”. Daha bir hava zərbəsi müxaliflərin nəzarətində olan sərhəd qapısındakı TIR parkına endirilib. Orada partlayışdan 3 nəfərin öldüyü bildirilir. Bölgədəki müxalif güclər hava zərbələrini Rusiya təyyarələrinin endirdiyini iddia edir.