YUSUF ZİRVƏSİƏziz oxucular, Azərbaycan Yazıçılar Birliyinin üzvü Şair Təbibin "Yusuf zirvəsi" poeması işıq üzü görüb. Akademik Yusuf Məmmədəliyevin şərəfli ömür yoluna həsr edilmiş əsərdə böyük alimin uşaqlıq illərindən ömrünün sonunadək şəxsi həyatında və yaşadığı mühitdə baş verən elmi, ictimai-siyasi hadisələr ustalıqla qələmə alınıb. Əsərin maraqla qarşılanacağına inanaraq Butov.az-ın oxucularına təqdim edirik: ProloqDahi zəkasının bir damla nuru,
Zülmət gecələri işıqlandırar.
Onun düşüncəsi, ağlı, şüuru,
Möcüzələr dolu bir aləm qurar.
Zirvələrə doğru hey yüksəlirlər,
Elmi çox dərindən duyan dahilər.
Deyirlər dünyaya az-az gəlirlər,
Zamanı arxada qoyan dahilər.
Qədim Ordubadın qarlı qış günü
Bir körpə dünyaya açdı gözünü.
O körpəni görən gözlər sevindi,
Dərələr, təpələr, düzlər sevindi.
Bərəkətli bağlar xoş gəldin dedi,
Buz bulaqlı dağlar xoş gəldin dedi.
Bu şad gündə təbrik eylədi hamı,
Hacı Heydər ilə Gülsüm xanımı.
Sonbeşiyin adı Yusuf qoyuldu,
Böyüdükcə daha sevimli oldu
Mehriban, səmimi olmağı ilə,
Zəhmətdən, işdən zövq almağı ilə.
Elə bağlanmışdı kitablarına,
Dərsləri öyrənib çıxmamış sona
Gözlərinə yuxu gəlməzdi hələ,
Uşaqlıq illəri ötürdü belə...
Maraqlı keçirdi onun həyatı -
Ana sinəsindən axan bayatı,
Şeirli, nəğməli anlar xoş idi,
Bir də dönməyəcək günlər xoş idi.
Fəqət çox çəkmədi bu sakit zaman-
Arzu yollarını bürüdü duman.
Araya dövrün sərt havası düşdü,
Erməni-müsəlman davası düşdü.
Üz-üzə dayandı xeyir ilə şər,
Arvad-uşağını yığıb birtəhər
Hacı Heydər kişi keçdi Arazı,
Qaldı sinəsində övlad yarası-
Arazda ömrünü bitirdi İlyas,
Ailəyə kədər gətirdi İlyas...
Əssə də illərin sərt küləkləri,
Yusuf öz yolundan dönmədi geri-
Təhsil almağına o davam etdi,
Təbriz şəhərində məktəbə getdi.
Müəllimlər ona valeh oldular,
İti zəkasına heyran qaldılar.
O vaxtlar İran da çalxalanırdı,
Azadlıq müjdəli işıq yanırdı.
Boğuldu inqilab, qanlar töküldü,
Nə qədər azəri türkləri öldü.
Şahid olub xeyli günaha, aha,
Ordubada döndü Yusufgil daha.
Təsiri altında son zamanların,
Təlatüm içində keçən anların
Yusuf o qaranlıq günlərə dair
On altı yaşında yazdı ilk şeir:-
“Uzaq ölkələrdən, dərdli ellərdən,
Üzünə üzümü sürtməyə gəldim.
Yalçın qayalardan, azğın sellərdən
Adlayaraq səni görməyə gəldim.
Öksüz cocuqların yanıq səsindən,
O yaslı qızların inləməsindən,
Ümidli gəncliyin son nəfəsindən
Uğursuz xəbərlər verməyə gəldim.
Dinlə dərdlərimi ey canlı xəyal,
İniltimi susmuş rübabında çal.
Sehrli bağçadan şanlı, ideal
Bir dəstə ağ çiçək dərməyə gəldim.
Uzaq ölkələrdən, dərdli ellərdən
Uğursuz xəbərlər verməyə gəldim.
Bağçada dərdiyim pəmbə güllərdən
Qurtuluş çələngi hörməyə gəldim...”
Bir az müəllimlik edib dərs dedi,
Sonra o, Bakıya getmək istədi
Ali təhsil almaq arzusu ilə,
Elm ilə ucalmaq arzusu ilə.
Onu yola saldı yamyaşıl çəmən,
Ətirli bənövşə, şehli yasəmən,
Həm qırx pillə çeşmə, həm qoşa çinar,
Yayda əriməyən dağ başında qar,
Dağların qoynuna baş qoyan Göygöl,
Bir gündə dörd fəsil yaşayan Göygöl.
Xeyir-dua verdi el-oba ona,
Öz doğma yurdunu sevən oğluna...
Yusuf pedaqoji institutun
Qəbul oldu kimya fakültəsinə.
Qədrini bilərək hər ötən anın,
Kitaba, dəftərə bağlandı yenə.
Fitri-istedadlı tələbələrdə
Gözlər yorulsa da, beyin yorulmur.
Yazıb oxuyurdu o gecələr də,
Əsil tələbənin yuxusu olmur...
Sadiq müəllimin məsləhətiylə
Baş vurdu kimyanın sirr dünyasına-
Təhsil aldı əla qiymətlər ilə,
Amma bəs etmədi bu bilik ona.
Elmini artırmaq üçün yenə o,
Üz tutdu Moskva şəhərinə o.
Universitetə daxil olandan
Müəllimləri zövq alırdı ondan.
Taledən olmuşdu sanki hədiyyə,
Məşhur akademik Zelinskiyə.
Elə böyük idi kimyaya həvəs,
Elə bil onunla alırdı nəfəs.
Elmi axtarışa vermədən ara,
İlk gündən başladı tədqiqatlara.
Deyirdi kimya sıx meşəyə bənzər,
Hər bir tədqiqatçı möcüzə gəzər.
Çox şeyi anlamaq, dərk etmək üçün,
Daha düzgün fikir yürütmək üçün
İnamla, inadla çalışmaq gərək,
Çətin yol keçməyə alışmaq gərək.
Zelinski ona tək şagirdi yox,
Baxırdı məsləkdaş kimi daha çox.
Sabahın dahisi alim görürdü-
Yusufa çox böyük qiymət verirdi...
Təhsili bitirib diplomu aldı,
Kimya zavodunda əməkdaş oldu.
Başladığı işlər çatmamış sona,
O, dəvət olundu Azərbaycana.
Bakı...Neft Tədqiqat İnstitutu-
Böyük sürət ilə gərgin iş gedir,
İş yerində keçir onun həyatı-
Əsil alim ömrü bir əfsanədir...
İdeyalar verir, təcrübələri
Aparır təmkinlə, iradə ilə.
Aldığı biliklər illərdən bəri,
Onu qane etmir, bəs etmir hələ.
Odur ki, çalışır, öyrənir yenə,
Töhfə vermək üçün kimya elminə.
İyirminci əsrin əvvəllərində
Orta Asiyanın bir çox yerində,
Cənubi Qafqazda bəla yayılmış,
Minlərlə insanın ömrünü almış.
Ağır yoluxucu xəstəliklər çox,
Ona təsir edən güclü dərman yox.
Professor Popov elə bu ara,
Üz tutdu xahişlə kimyaçılara:
“Dördxlorlu karbon olmasa əgər,
Bu ölüm küləyi durmadan əsər.
Ondan düzəldərik dərmanları biz,
Yalnız sizə qalıb ümidlərimiz.”
Heç kəs söz vermədi əməl etməyə,
Bu iş tam mümkünsüz sayılır deyə.
İllərcə fransız alimi Düma,
Çalışıb, məqsədə çatmayıb amma.
Karbohidrogeni xlorlaşdırmaq,
Ondan yeni-yeni maddələr almaq
Birbaşa partlayış yaradır deyib,
Özündən sonraya ümid bəsləyib...
Yusufun beynində suallar dolu,
Durmadan axtarır bir çıxış yolu.
İş yerində açır gözün sabaha,
Gecənin, gündüzün fərqi yox daha.
Təcrübələr qoyur bir daha, yenə,
Təki nail olsun istədiyinə.
Onun çox humanist bir niyyəti var-
Ölüm caynağından çıxsın insanlar...
Gərgin axtarışlar geridə qaldı,
Axır ki, ən uyğun üsul tapıldı.
Dördxlorlu karbon alındığından,
Sağ qaldı yüz mindən daha çox insan.
Zəhmət hesabına artdı şöhrəti,
Uzaq ölkələrə çatdı şöhrəti.
Elmi işlərinə diqqət eyləyib,
Alimlik adına layiqdir deyib,
Elmlər namizədi dərəcəsini,
Kimyaçı alimlər verdilər ona.
Qazanıb növbəti qələbəsini,
Döndü Moskvadan Azərbaycana...
Konservatoriya...Bir gözəl qız var,
Çiçəklər çələngi, ətirli bahar.
Musiqi təhsili alan tələbə,
Ziyalı nəslindən olan tələbə
Ürəyə girmişdi bilmədən özü,
Ondan ayrılmırdı Yusufun gözü.
Gənc Bilqeyisə eşq elan olundu,
Əvvəlcə duruxdu, bir anlıq dondu,
Sonra...Bu sevgi səs saldı aləmə,
Hər ikisi gizli sevirmiş demə.
O vaxtlar gedirdi repressiya,
İki dayısı, bir əmisi guya
Bilqeyis xanımın xalq düşmənidir-
İblislər, şeytanlar hakimlik edir...
Təhlükəli illər olsa da belə,
Ailə qurdular cəsarət ilə.
Bürüyüb dünyanı faşizmin səsi,
Gedir Böyük Vətən müharibəsi.
Hitler ordusunun qəddarlığından
Danışanda donur damarlarda qan.
İnsanları qazla boğub yandırmaq,
Əsirlər üstündə təcrübə qoymaq,
Bəşəri cinayət adi hal olmuş-
Qocaya, körpəyə yoxdur qurtuluş...
Düşmənə layiqli cavab verməyə,
Partlayıcı maddə alınsın deyə,
Xammal kimi xeyli toluol gərək, -
İstehsalı üçün bir üsul gərək.
Məşhur kimyaçılar axtarış edir,
Yusuf ön cəbhədə, elmi iş gedir.
İti düşüncəsi, ağlı nur saçır,
İşıq hücum çəkir, qaranlıq qaçır.
Bir yerdə olursa istedad, əmək,
İnsan istəyinə çatacaq demək.
Yeni üsul ilə toluol aldı,
O, kimya elmində əbədi qaldı.
Bu doktorluq işi böyük kəşf idi,
Ona professor adı verildi...
Dincəlməyə vaxtı yoxdur bircə gün,
Hər şey cəbhə üçün, qələbə üçün.
Mühərrikdə yaxşı yanan, gec donan,
Yüksək keyfiyyətli benzin yaratdı-
Havada üstünlük tez-tez qazanan
Bizim təyyarələr məqsədə çatdı.
Növbəti kəşfini eyləyib yenə
Güclü yandırıcı qarışıq aldı,
Əsgərlər işlətdi tank əleyhinə,
Düşmənin canına vəlvələ saldı.
Lakin bu yazıldı özgə adına,
“Molotov kokteyli”- dedilər ona...
Ad-san düşündürmür fəqət Yusufu,
Qələbəyə xidmət edir hər kəşfi.
Göstərərək fitri-istedadını,
Göylərə qaldırır xalqın adını.
Moskvadan qərar verməkdən yana,
Komissiya gəlib Azərbaycana.
Akademiyanı yaratmaq üçün,
Müzakirə gedir artıq neçə gün.
Görüşürlər yerli alimlər ilə,
Son sözü tələsik demirlər hələ.
Dördxlorlu karbon, toluol alan,
Elmin yollarında fədai olan
Kimyaçı alimlə görüş zamanı,
Hamı gözləyirmiş sanki bu anı...
Məşhur akademik Komarovu da
Heyran edir Yusuf Məmmədəliyev.
Baxır ki, layiqdir ən yüksək ada,
Bir dahidir Yusuf Məmmədəliyev.
Deyir:-belə bircə alimi olan
Respublikada qərar verərək,
Böyük ümid ilə vaxt uduzmadan
Akademiyanı yaratmaq gərək.
Bakıda açıldı akademiya,
Mötəbər yer oldu akademiya.
Yusuf da oranın üzvü seçildi,
Ona akademik adı verildi.
Artdı bir qədər də məsuliyyəti,
Yaratmaq, qurmaqdır yalnız niyyəti.
Axır bulaq kimi ideyaları,
Axır ki, yetişdi vətən baharı.
Bizim döyüşçülər qələbə çaldı,
Sevinc sədaları göyə ucaldı.
Moskva şəhəri...o vaxtki paytaxt...
Qələbə paradı keçirilən vaxt
Məmmədəliyevə olubdur qismət,
Əməyinə layiq xüsusi hörmət-
Paradı izləyir fəxr ilə o da,
Dayanaraq əsas tribunada...
Nə qədər sevsə də ədəbiyyatı,
Kimyaya bağlanmış artıq həyatı.
Böyük xalqımızın böyük alimi
Səmimi etiraf etdiyi kimi:
“Vuruldum gözəlliklərə, təbiətə,
Meyl etdim sənətə, şeiriyyətə.
Vurğun poeziyası gərəyim oldu,
Bu mənim əzəli diləyim oldu.
Yetirdim əlimi elmin camına,
Düşdüm mən kimyanın tor girdabına.
Bu toru doğrayıb aça bilmədim,
Kimya tilsimindən çıxa bilmədim.”
Çox şöhrətli alim olmuşdu artıq,
Lenin ordenini almışdı artıq.
Dövlət mükafatı verildi ona,
Bir vəzifə layiq görüldü ona-
Prezident kimi sözünü demək,
Akademiyanı idarə etmək.
Qarşıda çox çətin şərəfli bir yol,
Zirvələrə doğru davam edir yol.
Diqqəti artırır o gündən-günə,
Elmin daha vacib sahələrinə.
Qısa müddətə çox məqsədə çatdı,
Hətta Əlyazmalar Fondu yaratdı.
Toplandı mənəvi, maddi irsimiz,
Ulu babalardan gələn səsimiz.
Qobustana gedən ekspedisiya
Yerinə yetirir elmi missiya.
Qayalar üstündə olan şəkillər,
Qədim zamanlardan qalan şəkillər,
Keçmişlə bağlı hər şey varaqlanır,
Tarixin yaddaşı hey varaqlanır...
Tədqiqat, təcrübə...Gərgin iş gedir,
Akademiyada yüksəliş gedir.
Yusuf dayaq durur aspirantlara,
İdeyalar verir aspirantlara.
Bəzən gecələr də iş otağında
Müzakirə gedir, işıqlar sönmür,
Əzəldən əminlik yaranıb onda-
Zəhmətsiz işıqlı sabah görünmür.
Evdə də tərbiyə məktəbidir o,
Qarşılıqlı hörmət güc verir ona.
Bilqeyis xanımla dostluq edir o,
Dostudur Gülarə, Sevda, Rəna.
Evə yayıldıqca royalın səsi,
Zövqünü oxşayır gözəl mahnılar-
Bir ürəkdən axan sevgi nəğməsi
Sevən bir ürəyə beləcə dolar...
Hərdən məzuniyyət vaxtı olanda
Gözəl Sevda ilə məktublaşardı.
Atadan hər yeni məktub alanda
Qızının sevinci aşıb-daşardı.
Ata da doymazdı onu məst edən
Övlad məktubunun şirinliyindən...
Məmmədəliyevin xalqı sevməsi
Nankor, nadanları qıcıqlandırır.
Mərdliyi, qeyrəti, haqqı deməsi,
Dilimizə geniş yer istəməsi,
Onların beynində tonqal yandırır.
Milli düşüncədən, əxlaqdan uzaq
Məmurlar hökm edir, meydan sulayır.
Xalqına zülm edən bir sürü alçaq
Yadlar qarşısında quyruq bulayır.
Mircəfər Bağırov göstəriş verib,
İşdən azad etdi bir şəxsiyyəti.
Güclü təqib edib, təzyiq göstərib,
Tamam məhv etməkdir əsil niyyəti-
Budur cəlladların hakimiyyəti.
Cəllad bilmirdi ki, zaman gələcək,
Öz başı üstünə duman gələcək.
Nürnberqdə çıxış etdiyi kimi,
Faşizmin üstünə getdiyi kimi
Məşhur prokuror Rudenko yenə,
Qiymət verib faşist əməllərinə,
İttiham edəcək Bakıda bir gün,
Qəddar, qaniçəni ədalət üçün.
Dərd, bəla bilərək Azərbaycana,
Hakim ölüm hökmü verəcək ona...
Fəqət indi ağır günlər yaşanır,
İnsanlığa qarşı zülmün həddi yox.
Nurlu adamlara hücum başlanır,
Mənəvi terrorun bir sərhəddi yox.
Yusuf dostlarına vəfalı olmuş,
Vaxtilə sürgünə gedənin belə,
Qeydinə qalaraq hey maraqlanmış
Övladları, həyat yoldaşı ilə.
Ancaq onun xəstə olduğu zaman
Baş çəkməyə az-az adam gələrdi...
Musiqidən qida aldığı zaman
Əhval-ruhiyyəsi çox yüksələrdi-
Yayılanda evə Bülbülün səsi,
Astadan oxunan “Ölkəm” nəğməsi.
Səmimi olmayan çətin dost olar,
Dostluğun hər günü bir imtahandır.
Dostluq - dağ yolları - yoxuş, yağış, qar,
Zirvəyə kim çatsa, o, qəhrəmandır!
...Açıldı göy üzü, buzlar qırıldı,
İllərcə bulanıq sular duruldu,
Akademik Yusuf Məmmədəliyev
Universitetə rektor oldu.
Dəyişdi tələbə, təhsilə diqqət,
Elmi işlərə çox verildi qiymət.
Əlaqə yarandı xariclə belə,
Aparıcı ali məktəblər ilə.
Tikildi tələbə yataqxanası,
Vacib olan yeni tədris binası.
Yenidən quruldu təhsil ocağı,
Bir bayraqdar oldu təhsil ocağı.
Son illər ərzində Yusufun yenə
Töhfəsi olmuşdu dünya elminə -
Kosmosun fəthinə yaxın getmişdi,
Raket yanacağı icad etmişdi.
Bu yanacaq ilə birinci dəfə,
Yerin sünii peyki çatdı hədəfə.
Bu yanacaq ilə gələcək zaman,
Kosmosa uçacaq ilk dəfə insan...
Etdiyi kəşfləri alıb nəzərə,
Elmi dairələr çox haqlı yerə,
Məmmədəliyev – o böyük alimi
İrəli sürdülər namizəd kimi
Ona layiq Nobel mükafatına,
Lakin müzakirə etməkdən yana
Mərkəzi komitə iclas eylədi,
Xruşşov bəyənib xoş sözlər dedi.
Çox yüksək fikirlər səsləndi, fəqət
Oxundu anonim məktub nəhayət.
Guya dövlət sirri olduğu üçün,
Bu kəşflərə aid məlumat bu gün
Stokholma getsə təhlükəsi var,
Hərbi sirlərimiz aşikar olar.
Əslində bu kəşflər haqqında çoxdan
Hətta Amerika mətbuatından
Xəbər yayılmışdı dünyaya, amma
İclasda danışan bir iblis sima
Qərəzli olaraq haqqı yandırır,
Şeytanın sözünə haqq qazandırır.
Beləcə, namizəd olmadı Yusuf,
Nobel mükafatı almadı Yusuf.
Bakı nefti ilə qazanılan pul,
Xarici banklara axıb dolan pul
Mükafat verildi yadlara, ancaq
Sahibi almadı – qismətə bir bax!
Yenidən seçildi Məmmədəliyev –
Prezident oldu Məmmədəliyev.
Akademiyada həyat dəyişdi,
Hər şey axarına, yoluna düşdü.
Yarandı Şamaxı rəsədxanası –
Böyük fədakarlıq, iş hesabına.
Düşmənlər Yusufa mane olsa da,
Həsəd apardılar hər zaman ona.
Rus, fars, ingilis, alman dilində
Sərbəst danışırdı həmsöhbət ilə.
Lakin təbliğ edir, əzizləyirdi,
Öz ana dilini məhəbbət ilə.
Ömrünü həsr etdi xalqa xidmətə,
Bağlandı gözəllik, şeiriyyətə.
Ürəyindən axan sözlər səmimi,
Yazdığı şeirdə dediyi kimi:
“Kim deyir bu dünyaya
şöhrət üçün gəlmişəm,
Yaxşılıq yolçusuyam
hörmət üçün gəlmişəm.
Uzaq bir məmləkətin
aşaraq dağlarını,
Vətənimə, xalqıma
xidmət üçün gəlmişəm.”
Şərəflə yaşadı həyatını o,
Vaxtdan yüyrək sürdü öz atını o.
Elmin yollarında heç yorulmadı,
Odur ki, zirvəyə ucaldı adı...
Qış günü yayıldı acı bir xəbər,
Kədər libasına büründü şəhər.
Uçdu, Ordubadın sevinci uçdu,
İnsanlar bir anda qəmə qovuşdu.
Təbiət hönkürüb qan ağladı, qan,
Zülmətə qərq oldu bütün Naxçıvan.
Yusuf öz ömrünü tez vurdu sona,
Ağır itki oldu Azərbaycana.
Elə bil dünya da boşluğa döndü,
Elmin fədaisi, günəşi söndü...
Epiloq Ölmür həyatını elmə bağlayan,
Kəşfləri dünyaya səs salan dahi.
Bəşərin qəlbində yaşayır hər an,
Ölmür zirvələrə ucalan dahi.
Yurdunun başını uca eyləyən,
Çiynində el yükü daşıyan ölmür.
Əsil insan kimi sözünü deyən,
Vətən, xalqı üçün yaşayan ölmür...
Şair TƏBİB 2021 - 2022