Səttarxan İmamxan oğlu İmaməliyev 1970-ci il fevralın 24-də indi Ermənistan adlanan Qərbi Azərbaycanın Zəngəzur mahalında, Qafan rayonu Kurud sovetliyinin Kirs kəndində anadan olub. Digər soydaşlarımız kimi, Səttarxan da erməni millətçilərinin yürütdüyü antiazərbaycan, antitürk siyasəti nəticəsində doğma yurdundan, ata-baba ocağından ayrı düşüb. 1974-cü ildə, 4 yaşındakən ailə üzvlərilə birlikdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Şurud kəndinə köçüb. Elə səkkizillik məktəbi də orada bitirib. O vaxt kənddə orta məktəb olmadığından təhsilini Bakıda davam etmək qərarına gəlib. Hövsan qəsəbəsində yaşayan mərhum dayısı Məhəmmədgildə qalaraq 196 saylı orta məktəbə gedib. 1987-ci ildə orta təhsili əla qiymətlərlə başa vuran Səttarxan 1988-1990-cı illərdə Kuybışev (indiki Samara) şəhərində hərbi xidmətdə olub.
Ali təhsili Naxçıvan Dövlət Universitetində alıb. 1994-cü ildən Şurud kəndində riyaziyyat müəllimi işləyir. Səttarxan Şuruda qayıtmasının səbəbini o kəndin doğulduğu kəndə məsafəcə yaxın olması ilə izah edir: “Mən ata yurdumdan uşaqkən çıxarılmışam. Heç vaxt da ora getmək şansım olmayıb. İndi heç olmasa, burdan kəndimizin havasını ala bilirəm. Amma bədbin də deyiləm. İnanıram ki, bir gün gələcək, o bölünmüş vətən parçasını Böyük Azərbaycana birləşdirəcəyik. On da mən də doğma ocağımılzın külü altında qalmış qorla tonqal çatacağam, İnşallah!
Əziz oxucular, Səttarxan yeniyetmə çağlarından şeir yazsa da, çap olunmaq, dövri mətbuatda çıxış etmək həvəsində olmayıb. Ona görə də, necə deyərlər, özünün sandıq ədəbiyyatını yaradıb. Bu yaxınlarda onun şeir boxçasını ələ keçirən əmisi oğlu Əmrah müəllim şairin əlyazmalarını redaksiyamıza təqdim edib. Odur ki biz də Səttarxanın şeirlərindən bir neçəsini sizlərə təqdim edirik:
AZƏRBAYCANIM
Şimalın, Cənubun əl-ələ verib,
Birləşən gün ola, Azərbaycanım!
Fağırın, yoxsulun gözə dəyməyə,
Hamı zəngin ola Azərbaycanım!
Axan sərvətlərin özünə qala,
Nəsildən-nəsilə xəzinə qala.
Nə fırıldaq qala, nə zina qala,
Qəlblər düzgün ola, Azərbaycanım!
Aclar el malından yığmaya sərvət,
Qeyrətsizlərinə üz verə qeyrət.
Kaş sənin xalqında dosta məhəbbət,
Düşmənə kin ola, Azərbaycanım!
Bir parça çörəkçün getməyək nökər,
Bu dərdlər, bu qəmlər nə qədər çəkər?
Sənə İlahidən yoxdurmu məgər,
Gördüyün gün ola, Azərbaycanım?
Hanı o elləri saxlayan ruzin,
Səpilib dünyaya oğlanın, qızın.
Kimi canın satır, kimi namusun,
Ta yetsin, son elə, Azərbaycanım!
Satılıb düşmənə Xankəndim, Şuşam,
Bir dili, qanadı kəsilmiş quşam.
Müstəmləkəsənmi, qul doğulmuşam?
Bu qultək yan elə, Azərbaycanım.
Alimin, məmurun rüşvətin qulu,
Alçağın, yaltağın nə qədər dolu.
Qovub qürbətlərə qızı, oğulu,
Gününü gün elə, Azərbaycanım!
Gün gələr, göyərdər şəhid qanları
Yeni Babəkləri, Səttarxanları.
Bax, onda dil açar lal üsyanları,
Bax, onda düzələr Azərbaycanım!
DAĞLARIN
Nə batmısan yasa ay Kirs, ay Kurud,
Bürünübdür duman-çənə dağların.
El dərdindən alçalıbdır, ya nədir,
Yumağa az qalıb dönə dağların.
Çimənyurdda quzuların mələşmir,
Acmış itlər yal üstündə dalaşmır.
Sürü qalxıb göy ot üstən yol aşmır,
Naxış vura sinəsinə dağların.
Doğma yurddan qovlayanda yad eli,
Ağlamışam hey ələmli-ələmli.
Qərib-qərib a boylanan Cidalı
Bir dərman et yarasına dağların.
Bu dərd təkcə Kirs-Kurudun dərdimi?
Bu örtülən açacaqmı dərdimi?
Dağlar, daşlar, kimə deyim dərdimi?
Dağlar çəkə bilər yenə dağların.
Sənsiz dünya bəxş oluna mənə tam,
Para qəlbim ola bilməz yenə tam.
Ömrüm boyu görüşünə can atam,
Məzar verə qoynu mənə dağların.
Doğulduğun yeri görmə - dərdə bax,
O üzlərə bu üzlərdən bir də bax.
Ay Səttarxan, üzə gülsə bir də bəxt,
Bu həsrəti çatar sona dağların.
GƏL, TÜRK QARDAŞIM
Gəl əl-ələ verək sən, mən - hamımız,
Birləşsin dünyası türkün, qardaşım!
Ayrı-ayrılıqda yaşarıqsa biz,
Yetişər sonumuz bir gün, qardaşım.
Nə olmuş, nədəndir mən sənə yadam?
Sən də türk, mən də türk biz eyni adam.
Sənə fayda yoxdur Amerikadan,
Mənə Rusiyadan, börküm, qardaşım!
Sən mənə, mən sənə olmasaq dayaq,
Qalarıq səhrada tək ağac sayaq.
Gəl, böyük birliyin təməlin qoyaq,
Gəl, gözəl qardaşım, «çirkin» qardaşım!
BU YERDƏDİR
Yolum düşdü Ordubada,
Ötən günlər düşdü yada.
Cənnət var isə dünyada,
O, burdadır, bu yerdədir.
Yol qırağı xan çinarlar,
Yel əsər, zülfün tumarlar.
Qoşa xalı şux nigarlar,
Gəl, burdadır, bu yerdədir.
Bal dadır ərik, şaftalı,
Göz oxşar üstündə alı.
Düz ceyranı, dağ maralı,
De, burdadır, bu yerdədir.
Hər yanı yamyaşıl xalı,
Hüsnü diləndirər lalı.
Məmməd Səidin xəyalı
Ha burdadır, bu yerdədir.
Bir gözəl gözümə dəydi,
Həsrəti qəddimi əydi.
Ya gözəllik yalan şeydir,
Ya burdadır, bu yerdədir.
Qarışıb aranı, dağı,
Şərbət dadır buz bulağı.
Yada saldı Qarabağı,
O burdadır, bu yerdədir.
SƏHƏR DUA EDƏRKƏN
Haqqın dərgahında diz çökə-çökə,
Yalvardım, yaxardım yaş tökə-tökə,
Umdum suçlarımı əfv edə bəlkə,
Bəlkə də əfv eylər, bəlkə də heç yox.
Çox günah eylədim bu əllərimlə,
Az səvab qazandım əməllərimlə.
Məni məndən gözəl tanıyan, bilən
Bəlkə də əfv eylər, bəlkə də heç yox.
Sanki bir səs deyir «Ey sərsəm dəli,
Haqqın ətəyindən üzməzlər əli.
Bir düz yolu atma, bir xoş əməli,
Bir də ki duanı, heç vədə, heç yox».
ƏFSANƏDİR
Vəsfini mənimtək heç kim yazammaz,
Yazarsa, inanma, yar, əfsanədir.
Desələr, dünyada sənintək gözəl
Hardasa yenə də var, əfsanədir.
Qaradır kipriyin, qaradır qaşın,
Həsrətin gözümün axıdar yaşın.
Salıbsan canıma eşqin atəşin,
Yanında cəhənnəm, nar əfsanədir.
Hakimsən, qətlimə fərman eylə gəl,
Həkimsən, dərdimə dərman eylə gəl.
Xəstəyəm, yanıma imkan eylə gəl,
Üzün görsəm, mənə gor əfsanədir.
Üz-üzə dayanaq, öz-gözə baxaq,
Kənardan baxanı yandıraq, yaxaq.
Sevgilim, dünyada sevdadan uzaq
Nə söhbət desələr, bil əfsanədir.
Səttarxan, a gözəl, hey arar səni,
Qış axtarar səni, yay arar səni.
Bir gün selə dönər, aparar səni, -
Araz əfsanədir, Kür əfsanədir.
VERMƏZ
Qanla alınan torpağı qansız yağı verməz,
Arx açmasa torpaqda qanın şırnağı verməz.
Yetməzmi, verib torpağı, can hifz elədik biz,
Namusu olan canı verər, torpağı verməz.
Türk dünyası «qorxaq» desə bizlərə ölümdür,
Türk düşmənə torpaq nədi, daş da axı verməz.
Şah İsmayılım hər vuruşa öndə gedərdi, -
Ərlər qabağa özü gedər, qorxağı verməz.
Qılınclar alıb Qarabağı verməsə xalqa,
Səttarxan, onu nə siyasət, nə ağı verməz.
GÖZƏL OLURSAN
Belə bikef durma, ay üzü göyçək,
Sən axı güləndə gözəl olursan!
Qumral gözlərindən Günəş nurutək
Sevgi süzüləndə gözəl olursan.
Bir təzə qönçəsən, səni gəl dərim,
Qorxma, hürkək ahum, dəyməz xətərim.
Sənin cəmi bəlan, dərdin, kədərin,
Canıma gələndə gözəl olursan.