Bu gün ilaxır çərşənbəsidir .....                        Azay Quliyev ATƏT PA-da görüşlər keçirdi .....                        Ərdoğanla Putin arasında telefon danışığı baş tutub .....                        Güləşçilərimiz “Çempionlar” turnirini 10 medalla başa vurdu .....                        Mömünə Xatun türbəsiylə bağlı yayılan məlumata aydınlıq gətirildi .....                        Putin Bakıdan nə qədər səs topladı? - Açıqlama .....                        Tehranlı soydaşımız mükafatlandırıldı .....                        Azərbaycan çox yaxşı təlim keçmiş hərbi qüvvələrə malikdir - Stoltenberq .....                        Hərbi hissələrdə bayram tədbirləri qapalı keçirilir - RƏSMİ .....                       
Tarix : 2-08-2013, 13:02
Seyid Cəfər Pişəvəri


Sirus Mədədi. Güney Azərbaycan Milli-demokratik hərəkatı liderlərinin SSRİ rəhbərliyinə məktubu
Aşağıda mətnini verdiyimiz sənəd Azərbaycan Milli hökuməti rəhbərlərinin 17 azər 1325-ci il (8 dekabr 1946-cı il) tarixdə SSRİ rəhbərliyinə göndərdiyi məktubdur. Güney Azərbaycanın şah ordusu və iri mülkədarların silahlı dəstələri tərəfindən işğal edilməsindən cəmi bir neçə gün əvvəl yazılmış bu məktub Azərbaycan demokratik hərəkatı barədə tarixi həqiqətləri əks etdirmək baxımından misilsiz əhəmiyyətə malikdir.
* * *
1941-ci ilin sentyabrında Rza şahın qaçmasından sonra Azərbaycanda başlanan güclü xalq hərəkatı 1945-ci ilin dekabrında əlverişli beynəlxalq şəraitdən istifadə edərək, ölkədə Tehran irticasının, iri müdkədarların və yerdi mürtəce qüvvələrin hakimiyyətini yıxıb demokratik hökumət qurmaqla geniş siyasi, iqtisadi və sosial islahatlar həyata keçirməyə müvəffəq oldu. Azərbaycan azadlıqsevərlərinin hakimiyyəti lap əvvəldən böyük bir böhranla üz-üzə qaldı; bir ölkədə iki müxtəlif tərkibə, iki müxtəlif funksiyaya və iki müxtəlif məqsədə malik iki siyasi hakimiyyətin mövcudluğu uzun müddət mümkün deyildi. İrticanın iddialarına rəğmən «ölkəni parçalamaq və başqa bir ölkəyə birləşmək» niyyətində olmayan Azərbaycan ya bütün İran azadixahlarının köməyilə Tehranı demokratikləşdirməli, ya da Tehrana məğlub olub hərəkatın bütün nailiyyətlərini əldən verməli idi. Bundan başqa yol yox idi. Münaqişə tərəflərinin özləri də bu həqiqəti anlayırdılar. Tehran çalışırdı ki, Azərbaycanda hökmranlığı ələ alıb hakimiyyəti mülkədarlara, zadəganlara, jandarmlara, çeşidli irticaçılara qaytarsın, amma Azərbaycan Məşrutə inqilabında və Xiyabani hərəkatında üzərinə götürdüyü nəhəng missiyanı axırda çatdırmağa can atırdı. Demokratik Azərbaycanın lideri Seyid Cəfər Pişəvəri o vaxtkı şəraitin qeyri-stabilliyinə işarə edərək yazırdı: «Bir hovuzda iki cür suyun varlığı mümkün olmadığı kimi, bir ölkədə də iki müxtəlif siyasətin mövcudluğu mümkün deyil. Hökumət xalq hökuməti olmalıdır… Biz ya son nəfərə qədər öləcəyik, ya da İranın bütün məzlum xalqlarını azad edəcəyik» (Tehrana danışıqlar aparmağa yollanarkən Pişəvərinin Təbriz aeroportundakı çıxışından. «Azərbaycan» qəzeti, 9 ordibehişt, 1325, № 185).
Amma «İranın məzlum xalqlarının azad edilməsi» və «xalq hökumətinin qurulması» bir çox digər amillərdən asılı idi. İran həm zəngin sərvətlərinə, həm də regional mövqeyinə görə müstəmləkəçi imperialistlər üçün elə əhəmiyyətli idi ki, onlar hətta burada sonralar isbat olunduğu kimi, Mücəddiq tipli solçu olmayan və zəhmətkeş kütlələrin xeyrinə demokratik islahatlar keçirməyi düşünməyən antimüstəmləkəçi qüvvələrin varlığına dözə bilməzdilər, o da qalsın torpaq islahatı keçirən, dövləti quruluşunu dəyişən, iri mülkədarlığın və s. kökünü kəsən Azərbaycan Milli hərəkatına!
İranda azadlıq və irticanın döyüşündə azğın zadəganların, zalım mülkədarların, ruhani təbəqəsinin və xalqın bütün düşmənlərinin köhnə hamisi olan İngiltərə ABŞ ilə birlikdə indi də mürtəce cəbhənin arxasında dayanırdı. Qarşı tərəf, yəni SSRİ kəndlilərin müdkədar istismarına qarşı hərəkatını, fəhlələrin və şəhər əhalisinin iş və yaşayış şəraitinin yaxşılaşdırılması uğrunda mübarizəsini, qadınların bərabər hüquqlar naminə fəaliyyətini, İranda yaşayan xalqların hüquq bərvabərliyni və demokratik islahatları müdafiə edirdi. İranın və bütövlükdə Orta Şərqin neftinə bir narkotik kimi adət etmiş dünya kapitalist əjdəhası heç bir vəchlə xalq hərəkatı qarşısında geri çəkilmək istəmirdi. İkinci dünya müharibəsindən sonra iri məbləğdə təzminat ödəməklə böyük Qərb dövlətlərinin çoxillik blokadasından xilas olmuş SSRİ hər şeydən əvvəl öz cənub sərhədlərində, düz Bakı neft yataqlarının qonşuluğunda yenidən qərbmeylli hakimiyyətlərin formalaşmasına mane olmağa çalışırdı. İmperialist bloku ölkələrinin mənafeyi İranın mülkədarları, zadəganları, hakim sülalələri və hərbi aristokratiyasının mənafelərinə uyğun gəlirdi, SSRİ isə ideologiyanın tələbi ilə yanaşı, kəndlilər, fəhlələr və azadixahlara əməkdaşlıqdan özünə konket fayda götürə bilərdi.
Bu şəraitdən və SSRİ-nin yardımından faydalanaraq, irticanı yerinə oturtmuş Azərbaycan demokratları SSRİ-nin geri çəkilməsi ilə İngiltərə və ABŞ-ın hücumu qarşısında ağır böhrana düçar oldular. Xalq kütləsinin, xüsusən kəndlilərin iştirakına baxmayaraq, hərəkat faktiki surətdə təkbaşına Tehranın, yerli irticanın və onların beynəlxalq havadarlarının birliyi qarşısında duruş gətirməyə qadir deyildi. İlk dövrdə mövcud qüvvələr nisbətinin düzgün hesablanmasına və SSRİ-nin davamlı dəstəyinə əsaslanaraq geniş islahatlara başlayan və bütün İranı demokratikləşdirmək niyyətində olan Azərbaycan bir neçə aydan sonra yeni şəraiti dərk etməsi və SSRİ-nin tövsiyəsi (və ya təzyiqi) nəticəsində əvvəlki aylarda göstərdiyi radikallığı (və ya sərtliyi) azaltdı və 1325-ci ilin xordad ayında (1946-cı ilin mayında) müvafiq saziş (aşağıdakı məktubda ona işarə olunmuşdur) imzalamaqla, Tehran qarşısında bir neçə addım geri çəkildi. Lakin Tehran sazişlə dayanan deyildi. Hakimiyyəti mülkədarların və zadəganların ən azğın nümayəndələrinin, qatı aripərəst millətçilərin əlində olan İranda demokratik Azərbaycan dözülməsi mümkün olan şey deyildi. Tehran aylardan bəri idi ki «şıltaq» Azərbaycanı «qonaq» (Qızıl ordu) gedəndən sonra «qulaqburması» verəcəyi ilə hədələyirdi. İndi, Sovet qoşunları İrandan çıxandan sonra bu qulaqburmasının zamanı yetişmişdi.
İran ordusunun və feodalların muzdlu yaraqlılarının 1946-cı ilin yazından başlamış pərakəndə hücumları dekabr ayında genişlənməyə başladı. 1945-ci ilin qışındakı qorxusu canından çıxmış Tehran Sovet qoşunları Azərbaycandan getdikdən sonra İngiltərə və ABŞ-ın qeyri-məhdud maliyyə və hərbi yardımına arxalanıb hücuma keçdi. Qarşı tərəfdə, yəni Azərbaycan hərəkatında fəlakətli vəziyyət tədricən üzə çıxdı. Bu fəlakətin bir cəhəti silah məsələsi idi. Azərbaycan zəhmətkeşləri və azadixahları, xüsusən kəndlilər, mülkədarların və çeşidli irticaçıların yenidən ağalıq edəcəyi təhlükəsini anlayaraq silahlanma və müqavimət tələb edirdilər, lakin lazım olan silah yox idi. Deyilənə görə, Qızıl Ordu İrandan çıxarkən hərəkatın ixtiyarına verdiyi ağır silahları da geri alıb özü ilə aparmışdı. Fədailərdə və milli orduda həqiqətən ağır silah yox idi1 , Tehran isə hücuma təyyarə, tank və topla başlamışdı.2 Məhz bu silahsızlıq şəraitində Seyid Cəfər Pişəvəri Qaflankuh fədailərinə göndərdiyi əmrdə çarəsiz qalıb yandırıcı butulkalardan, «Molotov kokteyli»ndən istifadə etməyi tapşırır.3 Aydın idi ki, təyyarə, tank və toplara yandırıcı butulkalarla müqavimət göstərmək daha çox zarafata oxşayırdı, nəinki əsil döyüşə.
Belə bir vəziyyətdə Azərbaycan demokratik hərəkatının liderləri 17 azər 1325-ci il tarixdə SSRİ rəhbərliyinə məktub göndərib döyüş səhnəsindəki durumu təsvir edərək kömək və silah istədilər. İndi altmış il sonra çap etdiyimiz bu məktubda Azərbaycan rəhbərləri Azərbaycanda, İranda və regionda azadlıq hərəkatının məruz qaldığı təhlükəni, yaralanmış irticanın qarşısından bu cür geri çəkilməyin mümkün nəticələrini qeyd edərək, SSRi rəhbərliyini yenidən yardım (hətta gizli şəkildə) göstərməyə çağırmışlar. Amma bütün bu xəbərdarlıqlar nəticəsiz qaldı. Sovet rəhbərliyi öz ölkəsinin mənafeyini Azərbaycan və İran azadixahlarının mənafeyindən üstün tutdu. Dəhşətli böhran Azərbaycan rəhbərlərini elə dolaşdırdı ki, hətta mövcud silahlardan da lazımınca istifadə olunmadı. Azərbaycan «şəriətmədar»ların xeyir-dua verdiyi Tehran ordusu və iri mülkədarların silahlı dəstələri tərəfindən işğal olundu. 20 mindən artıq adam (əsasən kəndlilər) müxtəlif üsullarla – dərisi soyulmaqla, güllələnməklə, asılmaqla qətlə yetirildi, təqribən 100 min nəfər Azərbaycandan sürgün olunub vətəndən didərgin düşdü. Şah ordusu Azərbaycanda elə qəddarlıq və amansızlıq göstərdi ki, elə bil yadelli ordu başqa bir ölkəni fəth eləmişdi.
* * *
Şərti olaraq «məktub» adlandırdığımız bu sənəd makinada yazılmış 7 səhifəlik mətndən ibarətdir ki, üzərində bir neçə düzəliş edilmişdir. Məktubun orijinalının surətini 2005-ci ilin fevral ayında hörmətli tədqiqatçı Əfrasiyab Hurami mənə vermişdir. Cənab Huraminin dediyinə görə, bu məktub Rusiya Federasiyasının Xarici Siyasət arxivində (Arxiv vneşney politiki Rossiyskoy Federaüii, f.094, op.38, p.364A, d.49, l.1-7) saxlanır. Cənab Cəmil Həsənlinin yazdığına görə, sənədin bir nüsxəsi Azərbaycan Respublikası Siyasi partiyalar və İctimai hərəkatlar Mərkəzi Dövlət arxivində (AR SPİHMDA, f.1, s.89, i.114, v.218-230) mühafizə edilməkdədir. Cəmil Həsənli bu sənədin bəzi hissələrini özünün «Güney Azərbaycanda Sovet-Amerika-İngiltərə qarşıdurması (1941-1946)» (Bakı, «Azərbaycan» nəşriyyatı, 2001, s.520-522) adlı kitabında vermişdir.4 Məktuba diqqətlə yanaşdıqda, aydın olur ki, o, iri həcmli yazının bir hissəsidir və bu sətirlərin müəllifi onun digər hissələrini də tədqiqatçıların və müasir tarixlə maraqlananların ixtiyarına verməyə çalışacaqdır.
60 ildir ki, İran irticası Qəvamüssəltənənin ağlından və Stalinin aldan¬masından danışır. İllərdir ki, ifrat və hegemonçu fars millətçiliyi zəhəri ilə zəhərlənmiş tarixçi və «ziyalılar» bu fitnəkar və bədnam şəxsin yarım əsr ərzində vətənini satmasını Stalini «aldatmasına» və «İranın ərazi bütövlüyünü qorumasına» bağışlayır və onu tərifləyirlər. Bu məktub bir daha bu yanlış və müştəbeh təsəvvürün üzərindən xətt çəkir.
* * *
Sonda cənab Huramiyə bir daha təşəkkür edərək bir neçə məqamı qeyd etməyi lazım bilirik:
- Məktubun başlığındakı son sözü tam oxumaq olmur, yalnız onun bir neçə hərfini müəyyənləşdirmək mümkündür. Buna görə də son söz «verilsin» və ya «yoldaş» ola bilər. Cəmil Həsənli iddia edir ki, məktub Sovet rəhbərliyinə və Bağırova yazılmışdır, halbuki sənəddə Bağırovdan söhbət getmir və başlıqda onun adının verilməsi mümkünsüzdür. Əgər məktub müəllifləri bir adı qeyd etməyi zəruri bilsəydilər, bu ad «Stalin» olmalı idi. Odur ki, görünür, məktubun başlığındakı son söz «verilsin» olmalıdır.
- Cəmil Həsənli SSRİ-nin Təbrizdəki baş konsulunun familiyasını «Krasin» kimi vermiş, onun kitabının müəyyən hissələrinin farscaya tərcüməçisi isə bu familiyanı «Krasnı» şəklində yazmışdır (Fəraz və forude-Ferqeye-Demokrate-Azərbaycan, s.207 və s.). Halbuki sənədin mətnində konsulun familiyası «Krasnıx»dır və Xanbaba Bəyaninin «Qayeleye-Azərbaycan» adı altında çap etdirdiyi sənədlər toplusunun 159-cu səhifəsində də «Krasnıx» kimi verilmişdir (Xanbaba Bəyani. Qayeleye-Azərbaycan. Tehran, 1375).
- Sənədin mətnində oxunmayan sözlərin yerinə nöqtələr qoyulmuşdur. Məzmunun daha yaxşı anlaşılması üçün mətnə əlavə olunan sözlər isə kvadrat mötərizədə verilmişdir.

QEYDLƏR:
1. 9 dekabr 1946-cı il tarixdə yetişən məlumatlardan aydın olurdu ki, Qaflankuhdakı mövqelərdə fədailərin ixtiyarında cəmi 3 minomyot və 3 dağ topu vardı. – Sərləşkər Zəngəne. Xaterati əz məmuriyyəthaye-mən dər Azərbaycan. Çape-sevvom, s.168
2. Azərbaycan hərəkatı tarixinin bu dövrü və Qaflankuhda təyyarə və tankların həmlələri qarşısında fədailərin çətin durumu ilə yaxından tanış olmaq istəyən oxucular Həsən Nəzərinin «Uğursuz təyinatlar» kitabına müraciət edə bilərlər (Həsən Nəzəri. Qomaştegihaye-bədfərcam. 1371, c.1, s.122-143
3. Zəngənə. Göstərilən əsəri, s.175
4. Cəmil Həsənlinin Azərbaycan hərəkatı haqqında yazdıqları xüsusi siyasi, ideoloji və s. məqsədlərə yönəldiyindən qüsurlu və elmi əsasdan məhrumdur. Bu qərəzli əsərlərdən qərəzli seçmələr «Azərbaycan Demokrat Firqəsinin yüksəlişi və süqutu» («Fəraz və forude-Ferqeye-Demokrate-Azərbaycan») adı altında fars dilinə tərcümə olunaraq Tehranda nəşr edilmişdir.
SƏNƏDİN MƏTNİ

Şuralar İttifaqının Təbriz jeneral-konsulu
ağayi-Krasnıx vasitəsilə Sovet dövlətinə və yoldaş...

Siz özünüz çox gözəl bilirsiz ki, bizim nümayəndələrimiz Tehrandan müraciət etdikdən sonra1, Tehranın sağ və irticai mətbuatı çox ciddi və hərarətli ləhn ilə bizim azadlığımızı pozmaq və demokratik nehzətimizin asarını tamamilə ortadan aparmaq üçün Azərbaycana qoşun yeritmək təbliğ edirdilər. Qəvamüssəltənə isə əvvəl intixabat üçün qüvayi-təminə göndərmək bəhanəsi ilə, nəhayət, açıqdan-açığa Azərbaycan nehzətini ləğv edib onun başçılarını məhv etmək şüarilə üzərimizə həmlə edəcəyini rəsmi surətdə özünün teleqraflarında və bəyaniyyələrində dünyaya bildirmişdi. Nəhayət, iş söz və yazı ilə qurtarmayıb həmin ayın on üçündə günortadan qabaq saat yeddidə onun göndərdiyi müsəlləh qüvvələr Rəcəin məntəqəsinə bizim fədai postlarımızı 12 saat tamam tüfəng, müsəlsəl, top və tank vasitəsi ilə [atəşə tutaraq] yol açıb torpağımıza soxulmağa çalışmışdır. Bundan əlavə müvafiqətnaməmizin xilafına olaraq, Zəncana müsəlləh qüvvə göndərilmiş və rəsmi surətdə onun müavini Müzəffər Firuzun bizə yazdığı naməyə baxmayaraq məşhur feodal Zülfüqarini2 və sairlərini Zəncandan uzaqlaşdırmamış, hətta onu sərhəng dərəcəsi verdikdən sonra müsəlləh edib üzərimizə göndərmişdir. Bunlar isbat edir ki, Qəvam bizim ilə bağladığı sazişini, özünün Azərbaycan valisi doktor Cavidə yazdığı namələrinin mürəkkəbi qurumadığı bir halda həyasızca[sına] onu pozmağa başlayıb özünün sui-qəsdini aşkara çıxarmışdır. Görünür, o özünü bizim saziş üçün vasitə qərar verdiyi sovet nümayəndələrinə etdiyi rəsmi vədəyə, yəni Azərbaycan məsələsinin sülh yolu ilə həll edilməsini əməli etmək fikrində deyil. Belə olduğu halda Azərbaycan xalqı üçün vahid bir yol qalır: o da öz silahının gücü, öz cavanlarının qəhrəmanlığı ilə azadlığından müdafiə etməkdən ibarətdir. Xalqımız çox [gözəl] bir surətdə anlamışdır ki, onun azadlığının zamini sazişlər, kağızlar, müvafiqətnamələr və teleqraflar deyil, bəlkə onun qolunun gücü və süngüsünün qüdrəti ola bilər. Bizim xalqımız Qəvamın doktora (doktor Cavidə) yazdığı saziş məktubunun ardınca göndərilən qoşun və silahlı qüvvələri eləyə bilməz görməsin. Qəvam bu işi hər dəqiqə görə bilər və heç bir kağız və müvafiqətnamə onun xainanə hərəkətinin qabağını ala bilməz. Biz səkkiz ay tamamdır ki, xalqımızın ehsasatı və firqə üzvlərimizin arzuları, firqə aktivinin meylinin xilafına olaraq, iş xatirəsi və ixtilafın sülh və saziş yolu ilə həll edilməsi və böyük dostumuz Şuralar İttifaqının dünya siyasətini gözləmək, həmçinin Şura dövlətinin ortamızda vasitə olmasını nəzərə alıb Qəvamın irticai simasını demokratik və mütərəqqi göstərməyə çalışmışıq, hətta bəzən öz fikir və əqidəmizin xilafına olaraq, onu tərif və təmcid dəxi etmişik ki, iş bizim tərəfimizdən pozulmasın. Hətta fədailərimizin Qəzvin, Rəşt və Tehranı götürmək imkanı olduğu halda öz nüfuz və hörmətimizi sərf edib onların qabaqlarını saxlamışıq ki, onun əlinə bəhanə düşməsin.
Bizim böyük güzəştlərimizi bütün dünya bildiyi kimi siz daha gözəl bilirsiz: biz bu saziş yolunda Milli Hökumətimizi ləğv etdik, Milli Məclisimizi əyalət əncüməninə döndərdik, fədai dəstələrini nigəhban təşkilatına təbdil etdik, milli qoşunumuzun ixtiyarını və fərmandehliyini onların əlinə tapşırmağa hazırlandıq, bütün aidatımızı onların xəzinəsinə, yəni Milli Banka verməyə başladıq.3 Bunların hamısı ondan ötrü idi ki, onların əllərinə dəstaviz verməmiş olaq. Qəvam isə bizim güzəştlərimizi gördükdə hər gün tələbatını artırıb axırda işi o yerə gətirib çıxardıb ki, istəyir nagəhani bir həmlədə azadlığımıza birdəfəlik xatimə versin. O, neft məsələsini qabağa çəkmişdi ki, Qızıl Ordunun İrandan çıxmasını təmin etsin və Azərbaycan Milli Nehzətini ortadan aparsın.
Bu aydın bir məsələdir ki, o, bu işləri İranın sərvətinə göz dikən İngilis və Amerika dövlətlərinin göstərişi ilə icra etməkdədir. O fikir edir ki, həmişə hoqqabazlıq və yalançılıq ilə etdiyini eləyə bilər. Azərbaycanlıları aldatdığı kimi Sovet dövlətini də iğfal edib neft məsələsini də cürbəcür hoqqalar ilə başdan sala bilər. Biz azərbaycanlılar çox yaxşı anlamışıq ki, ingilislər və amerikalılar hər qiymətə olur-olsun, neft məsələsini öz mənfəətlərinə həll etməyə çalışırlar, Qəvam isə onların nökəridir. Əvvəla, necə ki, görürsüz, Məclisə bir nəfər də olsun azadixahlardan yol vermək istəmir, bu isə müstəqimən Şuralar əleyhinə olan bir tədbirdir. Mürtəcelərdən toplanan bir Məclis qətən neftin Şuralara verilməsinə razı olmayacaqdır. Qəvam isə Məclisi bəhanə edib özünün verdiyi sözdən qaçacaq və yaxud istefa verməklə yaxasını qurtaracaqdır, Sovet hökuməti isə Qəvamın verdiyi vədədən qanuni bir sənəd və rəsmi bir mədrək kimi istifadə edə bilməyəcəkdir. İran tarixində bu kimi hadisələr çox olmuşdur. Birinci dünya müharibəsindən sonra Qəvamüssəltənənin qardaşı Vüsuqüddövlə ingilislər ilə bir müahidə bağlamışdı. Bu müahidəni şah və Məclis rədd etdi, ingilislər isə hətta dövlətin vəzirlərinə məsələn, Müzəffər Firuzun atası Nüsrətüddövlə və qeyrilərinə rəsmi surətdə verdiyi pulu da geri ala bilmədi. Demək, neft imtiyazı məsələsi olduqca nisyə bir məsələdir ki, Sovet dövlətinin Məclisdə və camiədə tərəfdarları olmasa, onu əldə edə bilməyəcəkdir. Qəvamüssəltənənin [hüsni-niyyəti] isə möhkəm bir qaranti ola bilməz, çünki o, Azərbaycan məsələsində hüsni-niyyətin nə olduğunu açıq bir şəkildə göstərməkdədir.
Neft məsələsi o vaxt Sovetlər nəfinə həll ola bilər ki, onun arxasında ictimai qüvvələr olsun, İranın ayrı yerlərində isə bu qüvvələr fövqəladə bir surətdə yığılıb əzilib ortadan getməkdədir, vəli tamamilə ortadan getməmişdir. Azərbaycanda isə bizim qüvvəmiz əhəmiyyətli bir qüvvə hesab oluna bilər. İndi bizim Tehran hökumətinə böyük fişar gətirmək imkanımız vardır və bizim bu imkanımız İranın ayrı yerlərində olan azadixah və demokratik qüvvələri də təqviyət edə bilər. Mütəəssifanə, iş belə gedərsə, bizim gücümüz də çox tez bir zamanda əldən çıxa bilər. O vaxt Qəvam və sair mürtəcelər hər nə istəsələr, maneəsiz edə bilərlər. Ümumiyyətlə, gərək etiraf etmək ki, siyasəti Qəvam və başqa bir dövlət adamının hüsni-niyyətinə bağlamaq quru bir işdir. Sovet siyasətinin ciddi tərəfdarı xalqın mütərəqqi və azadixah təbəqəsidir ki, onu gərək təqviyət edib əldə saxlamaq və ondan ötrü Azərbaycan qüdrətini hifz etmək, onu qorumaq lazımdır. Bunu da nəzərdə tutmaq lazımdır ki, İranda siyasət ilə olan xarici ölkələr heç vaxt öz nüfuz və qüvvələrini əldən verməmişlər, xüsusən ingilislər ki, nüfuzlarını həmişə güclü saxlamaqla onların etimadını qazanıb istədikləri vaxt istifadə edə bilmişlər. Məsələn, qaşqay hadisəsini götürək. Siz gözəl bilirsiz ki, orada dövlət əleyhinə neçə dəfə böyük müsəlləh üsyan olmuşdur, bununla belə bu günədək ingilislər imkan verməyiblər dövlət onlardan bir qəbzə əsləhə ala bilsin; ora, ya bəxtiyari və ya cənubun başqa tayfalarının yeri ingilislərin möhkəm qalaları halında qalmaqdadır və onlar isə bu qüvvələri gündən-günə artırırlar. Sizə çox yaxşı məlumdur ki, xalqı hər vaxt ayağa qaldırmaq olmaz və [hərəkat] hər gün yaradılmaz, hər zaman böyük xalq hərəkəti üçün zəminə olmaz. Çox illətlər və böyük fədakarlıqlar nəticəsində İranda nəzərimizi cəlb edən ictimai qüvvələr və Azərbaycanda böyük bir nehzət vücuda gəlmişdir. Bu nehzət müstəqimən sovet dövlətinin İranda olan [köməkçisi] və Sovet siyasətinin poştibanıdır. Bu qüdrət sovet siyasəti üçün kəskin bir silahdır ki, onun vasitəsilə İran xalqları kimi Şuralar İttifaqı da böyük işlər görə bilər. Bu qüdrət ümumi iş uğrunda hər bir fədakarlığa hazır olan bir qüdrətdir; onu əldən versək, bu tezlik ilə yeni bir qüdrət vücuda gələ bilməz.
Biz bilmirik, necə olur ki, Yunanıstanda, İndoneziyada və qeyri yerlərdə məzlum xalqlar öz azadlığı uğrunda müsəlləh bir surətdə mübarizə edə bilərlər, amma biz gərək öz əlimiz ilə cəlladlara təslim olaq. Bu, tək bizim sözümüz deyildir, bunu xalqımız və firqənin görkəmli üzvləri açıq bir surətdə söyləməkdən [çəkinmirlər]. Bizim firqəmiz və xalqımız bizə deyir ki, bu günkü əlimizdə olan dəlillər və mədrəklərdən sonra artıq sözə və ya kağıza etimad edib Qəvamüssəltənə və başqalarına inana bilmərik. Qəvam gedər, yerinə başqası gələr. Hərgah müsəlləh qüvvəmiz vasitəsilə irticanı əzməsək, heç vaxt siyasət bizim nəfimizə dönə bilməz. Və bizim üçün əldə heç bir qazantı yoxdur, özümüzü də nahaq yerə aldada bilmərik. Bu günkü imkanı əldən buraxmaq olmaz. Belə bir iş görsək, tarix bizi həmişə məzəmmət edəcəkdir. Dünyada heç bir millət özü öz əlilə öz qüdrətini məhv etməmişdir, biz də bunu etməməliyik.
Qəvamın üzərimizə göndərdiyi qüvvənin xaincəsinə həmləsi xalqımız içərisində şədid bir həyəcan tövlid etmişdir. Xalq dəstə-dəstə firqəyə müraciət edib azadlığı müdafiə etmək üçün icazə və silah tələb edirlər. Bu isə xalqımızın ruhiyyəsini ciddi surətdə aşkara çıxarır. Beş-üç nəfər malik və ya irticai ünsürlərin, məsələn, Əmir Nüsrət İsgəndəri, Camal İmami, sərləşkər Müqəddəm və Zülfüqarilərin ruhiyyəsi xalq ruhiyyəsinə nümunə ola bilməz. Bunların ağalıqları, torpaqları əllərindən getdiyi üçün ruhiyyələri də məlumdur ki, nə cür ola bilər. Amma azadlıq, torpaq alan kənd və şəhər camaatı aldığını saxlamaq yolunda hər bir şeyini fəda etməyə hazırdır. Hərgah biz bu gün onların azadlığının ortadan getməsinə imkan versək, onları bir də ayağa qaldırmaq mümkün ola bilməz, artıq onlar kimsəyə etimad etməzlər. Xalq nə tək bizdən, bəlkə ümumi azadlıq şüarı ilə meydana çıxan ümumi-qüvvələrdən naümid və məyus ola bilər. Bizim qüvvə və qüdrətimiz isə xalqın bizə olan etimad və inamına bağlıdır.
Azərbaycan xalqı və ona rəhbərlik edən Demokrat Firqəsi və onun başçılarının Sovet dövlətindən iki intizarı vardır.
Əvvəla, sərhədlərimiz açıq ikən, milli qüdrətimiz mövcud ikən bizə cüzi miqdar əsləhə verilsin, çün iş belə gedərsə, bu imkan olmayacaqdır. Biz çox asanlıq ilə məxfi surətdə eləyə bilərik verilən əsləhəni milli qüvvələrimizə yetirək, müxalif qüvvələr ondan müttəle olmasın. Dava başlanırsa, şiddətləndikdən sonra bu iş çox çətin ola bilər. Biz elə çox silah istəmirik; müxtəsər bir miqdar olsun ki, fədailər silahsız düşmən qabağına getməyə məcbur olmasınlar.
İkinci, indi ki Qəvam müharibəni başlayıb və bizim qardaşlarımızın qanını tökməkdədir, icazə verilsin biz də hər tərəfdən onu müziqədə saxlamaqla, İranda olan azadixah qüvvələrin ayağa qalxmalarına imkan verək, bu vasitə ilə bütün İranda böyük bir nehzət başlayıb irticai hökuməti sərnigun edək, yerində demokratik bir hökumət vücuda gətirək. Əgər bu səlah[dırsa], icazə verilsin Tehran ilə tamamilə qəti-rabitə edib öz Milli Hökumətimizi vücuda gətirək ([xalq] isə bu axırıncı tədbirə daha artıq rağibdir). Sovet siyasəti bu iki tədbirdən hər [hansı birini] intixab edərsə, biz şərafətlə onu əncam verib müvəffəq ola bilərik.
Demək lazımdır ki, çox yaxşı oldu ki, Qəvam bizim silahlı qüvvələrimizin fərmandehliyini alma[mış], əvvəl öz həqiqi simasını göstərdi. Əgər sonra bu işi etsə idi, bizi tamamilə məhv edə [bilərdi]. Onun bu gün bizə həmlə etməsini Azərbaycan xalqı özünə xoşbəxtlik hesab edir. İşi elə bir vaxt edə bilərdi ki, bizim müdafiəyə imkanımız olmasın, indi isə bizim müdafiəyə imkanımız vardır. Bu imkandan düzgün istifadə olunursa, biz istədiklərimizi [əldə] edə bilərik. Əgər bir qədər təxir olursa, ya işə tərdid ilə baxarsaq, bu imkan ortadan [gedər], necə ki, yuxarıda dedik, xalq qorxar, məyus olar, irtica azadlıq qüvvələrini əzib [yox] edər. Bu isə Sovet dövlətinin İranda illər boyu fəaliyyət və zəhmət nəticəsində qazandığı böyük nüfuz və böyük qüdrətin ortadan getməsi deməkdir. Bunun nəticəsində İran tamam ingilislər və amerikalıların qucağına düşər və burada Rza xan dövrəsindən şədid bir despotizm meydana çıxar ki, İran xalqı Sovet siyasəti [üzrə] heç bir növ ilə hərəkət etmək imkanına malik [olmaz]. Belə bir dövrdə, belə şəraitdə İranda neft məsələsindən danışmaq belə bir söz olub qalar. Və Sovet dövləti nefti tamamilə uduza bilər. Buna isə heç bir şübhə yoxdur.
Sovet hökumətinin İranda nefti uduzması isə İranda mütərəqqi siyasətin uduzulması deməkdir. Bu isə Yaxın Şərqdə demokratik hərəkata böyük bir zərbədir. Çünki artıq Azərbaycan nehzəti Yaxın və Uzaq Şərqdə böyük müsbət təsir bağışladığı kimi, onun məhvi də mənfi təsir bağışlaya bilər.
Yenə də təkrar edirik: iş danışıqlar və sazişlər ilə həll olmaqdan keçmişdir.
Sovet dövləti nə qədər sülh və sazişə çalışırsa, yüz o qədər Amerika və İngilis dövlətləri İran dövlətini cəngə və daxili müharibəyə və qan tökməyə təhrik edirlər. Onun üçün bu davanı vücuda gətirməyə imkanlar yaradırlar. Bu gün Qəvam hökuməti[nin] Amerikadan külli miqdarda pul aldığı əfsanə deyildir.
İngilistandan və sair irticai ölkələrdən İrana silah sel kimi axıb gəlməkdədir. […]dan yüklənən əsləhə müstəqimən Zəncanda vaqonlardan alınıb bizim əleyhimizə göndərilir. Biz Sovet hökumətindən böyük kömək istəmirik. Biz deyirik, Şuralar əleyhinə aparılan xainanə siyasətə bəhanə verilməsin və Şura hökuməti özünü zahirdə bizə əlaqəmənd dəxi göstərməyə bilər, amma necə İran dövləti istəmir Sovet dövləti vasitə olub işi sülh yolu ilə həll etsin, Sovet hökuməti bizə də imkan versin, biz də Tehranın əleyhinə onun öz götürdüyü yol ilə [rəftar] edək.
Zərər yoxdur, madam ki, Qəvam və ingilis və amerikalılar deyirlər Azərbaycan məsələsi daxili bir məsələdir, biz də deyirik belə bir məsələdir.
Qoy onlar Azərbaycana hücum etdikləri zaman Azərbaycan fədailəri onların başını əzsin. Biz də deyirik Azərbaycan məsələsi daxili məsələdir, biz bu daxili məsələni özümüz həll edərik, kimsənin Əmniyyət Şurasında və ya ayrı bir xarici ölkədə Şuralar İttifaqı əleyhinə çığır-bağır salmağa haqqı yoxdur.
Yuxarıda dediyimiz kimi, əgər Şuralar İttifaqının köməyi gizli olarsa, ondan İran dövlətinin [Təhlükə]sizlik Şurasına müraciət etməyə də əlində heç bir dəlil ola bilməz. Axırda yenə də təkrar edirik: artıq sazişlər, danışıqlar fayda verməz. Xalqımız firqəmiz və onun rəhbərləri fəqət sizin [ölkənizə] ümid bağlayır və ondan nicat gözləyir, bu isə ancaq sizin edəcəyiz cüzi silah köməyinə bağlıdır.
İndi on minlərlə kəndli fəqət silah tələb edir və bu köməyi bir an verməklə İran xalqının azadlığı və sovet siyasəti təhlükədən xilas ola bilər və illa xətər çox yaxın və çox böyükdür. Yenə qeyd edirik, mümkündür Qəvam qısa bir müddət hücumu dayandırsın. Buna inanmaq olmaz, bu sadə bir manevr olub qalar. Onun Azərbaycan nehzətini məhv etməyə ciddən hazırlandığına bizim zərrəcə şübhəmiz qalmamışdır. Bizim üçün başqa bir yol yoxdur. Qeyri-müəyyən vəziyyətin xətəri hücumdan daha artıqdır. Bu vəziyyət bizi tədric ilə yorub [zəif] salmaqla məhv edəcəkdir.
Sizin müxtəsər köməyinizin yetişməsini səbr[siz]lik ilə gözləyirik.

Səmimi ehtiram ilə: Pişəvəri Şəbüstəri Padeqan
doktor Cavid Qulam Daneşyan.
17 Azər 1325.

İZAHLAR:
1. Pişəvərinin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti 1325-ci il ordibehişt ayının 8-də dövlətlə müzakirələr aparmaq üçün Təbrizdən Tehrana yollanmış, Tehran fəhlələri və azadixahları tərəfindən təntənə ilə qarşılanaraq paytaxta daxil olmuşdu. Müzakirələr uğursuzluqla başa çatmış və nümayəndə heyəti Təbrizə qayıtmışdı.
2. Zəncanın qaniçən mülkədarı və Zülfüqari qardaşlarının ən böyüyü Sultan Mahmud xan Zülfuqari nəzərdə tutulur. Nəsillikcə Zəncanın hakimi və ya naibi olmuş bu qardaşlar azadixahlara qarşı düşmənçilikdə şöhrət tapmışdılar. Zəncan məşrutəçilərinə divan tutulması, Cəngəli hərəkatının, Azərbaycan nehzətinin və Müsəddiqin rəhbərliyi ilə milli hərəkatın yatırılmasında iştirak azadlıq qatili olan bu nəslin fəaliyyətinin qanlı səhifələridir. Cahanşahlunun xatirələrində onların kəndlilər və hərəkat əleyhinə işlərindən bəhs olunur. Zülfüqarilərin öz qoşunları vardı və kəndlilərə divan tutması ilə məşhur idi. Bu qoşun 1325-ci (1946-cı) il Azərbaycan qırğınında ordu ilə birlikdə, bəzən də onun önündə iştirak etmişdir.
3. Azərbaycanla Tehran arasındakı sazişin məzmununa işarə olunur. Bu barədə daha ətraflı məlumat almaq istəyənlər Caminin «Qozəşte çerağe-rahe-ayənde əst» kitabına (ikinci nəşri, Tehran, s. 394-400) müraciət edə bilərlər.
Farscadan tərcümə və transliterasiya: Məsiağa Məhəmmədi



Paylaş



Bölmə: fotomanset1
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!