Urmiyə gölünün quruması 94 faizə çatıb, göldəki suyun həcmi isə 30 milyard kubmetrdən 2 milyard kubmetrə düşüb.
www.D-A-K.org –un APA-ya istinadən məlumatına görə, 5200 kvadrat kilometrlik sahəsi ilə dünyanın ikinci böyük duz gölü olaraq tanınan Urmiyə gölü hazırda böyük bir duz çölünə çevrilməkdədir.
Ətraf mühitin mühafizəsi təşkilatları yağış və qar sularının azalmasından başqa, gölə axan çaylar üzərində 45 bəndin tikilməsini Urmiyə gölünün qurumasına əsas səbəblərdən biri kimi göstərirlər. Qeyd olunur ki, iran adlanan yerin hökuməti tərəfindən Urmiyə gölünün xilası ilə bağlı layihə hazırlanır. Artıq 90 milyon dollarlıq büdcə təsdiqlənib. Bildirilir ki, iran adlanan yerin prezidenti Həsən Ruhani seçkilərdən qabaq 100 gün ərzində Urmiyə gölünün qurumasına son verəcəyini vəd etsə də, hələ də bu istiqamətdə ciddi addımlar müşahidə olunmur.
Xatırladaq ki, Urmiyə gölü iran adlanan yerin Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv. km olan Urmiyə gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiyə gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər.