Respublikamızda “Dənizçi Günü” peşə bayramı qeyd edilir
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2014-cü il tarixli 565 nömrəli Sərəncamı ilə hər ilin 25 iyun tarixi Azərbaycan Respublikasında “Dənizçi Günü” peşə bayramı elan edilmişdir.
Bu əlamətdar tarixi qeyd etmək məqsədilə bu gün Dövlət Dəniz Administrasiyasının təşkilatçılığı ilə Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əməkdaşları daxil olmaqla dənizçilərdən ibarət kollektiv Fəxri Xiyabanı ziyarət edərək, Xalqımızın Ümummilli
Liderinin xatirəsini dərin ehtiramla yad etmiş, onun məzarı önünə əklil və gül dəstələri qoymuşlar.Görkəmli oftolmoloq alim Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər çiçəklər düzülmüşdür.
Daha sonra Şəhidlər Xiyabanı ziyarət edilərək, Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canlarını fəda etmiş Azərbaycan övladlarının məzarları üzərinə gül dəstələri qoyulmuşdur.
“Dənizçi Günü” peşə bayramının qeyd edilməsi ilə əlaqədar tədbirlərin davamı olaraq, Dənizçilərin Mədəniyyət Evində Dövlət Dəniz Administrasiyasının, Xəzər Dəniz Gəmiçiliyi QSC-nin, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Respublikamızda fəaliyyət göstərən təsnifat cəmiyyətlərinin nümayəndələrinin və əməkdaşlarının iştirakı ilə təntənəli tədbir keçirilmişdir.
Tədbir Dövlət himninin səsləndirilməsilə başlamışdır. Sonra “Dənizçi günü”peşə bayramı ilə əlaqədar dəniz nəqliyyatı işçilərinin bir qrupunun “Tərəqqi” medalı ilə təltif edilməsi və “Əməkdar mühəndis” fəxri adına layiq görülməsi barədə Prezident İlham Əliyevin sərəncamları oxunmuşdur. Açılış nitqi ilə çıxış edən Dövlət Dəniz Administrasiyasının rəisi cənab Qüdrət Qurbanov dənizçiləri peşə bayramı münasibəti ilə təbrik etmiş, Azərbaycan dövlətçiliyinin banisi Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı möhtərəm prezident İlham Əliyev tərəfindən dəniz nəqliyyatı sahəsinə, bu şərəfli və çətin peşəyə ömrünü, gününü həsr etmiş insanlara göstərilən diqqət və qayğıdan söz açmışdır.
Q.Qurbanov çıxışında qeyd etmişdir ki, Azərbaycan dövlətçiliyinin banisi Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu sahəsində təkrarolunmaz istedadı və ideyası nəticəsində iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahələrdən biri olan dəniz nəqliyyatının inkişaf etdirilməsi istiqamətində formalaşdırdığı siyasət və qeyd edilən sahəyə diqqət və qayğı Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir və dəniz nəqliyyatı dövlətin daimi diqqətində olan prioritet sahələrdəndir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev də dövlət başçısının həyata keçirdiyi uğurlu siyasətə toxunaraq qeyd etmişdir ki, son illərdə Respublikamızda iqtisadiyyatın dinamik inkişafı dəniz nəqliyyatı sahəsindən də yan keçməmiş, dəniz nəqliyyatı sahəsinə cənab Prezidentin göstərdiyi diqqət və qayğının nəticəsi olaraq görülmüş məqsədyönlü tədbirlər nəticəsində nəqliyyat donanmasının yenilənməsi istiqamətində mühüm addımlar atılmış və bununla da Azərbaycan Respublikasının bayrağı altında üzən gəmilərin beynəlxalq və yerli
daşımalara aktiv cəlb olunması təmin edilmişdir.
Tədbir zamanı Bakı Beynəlxalq Dəniz Ticarət Limanın baş direktoru Elçin Mirzəyev də dənizçilərə öz təbriklərini çatdırmış və qeyd etmişdir ki, dəniz nəqliyyatı sahəsində həyata keçirilən uğurlu addımlar cənab Prezident İlham Əliyevin qeyd edilən sahəyə göstərdiyi qayğının təzahürüdür.
Tədbirdə həmçinin qocaman dənizçilərin nitqləri dinlənilmiş və tədbir dəniz nəqliyyatı sahəsi üzrə fərqlənmiş dənizçilərə müvafiq təltiflər təqdim edilmişdir.Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə mürüciət qəbul olunmuşdur.
Dövlət Dəniz Administrasiyasının mətbuat xidməti