Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Mətbuat Xidmətindən Butov.az saytına verilən məlumata görə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətinin də iştirak etdiyi Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 93-cü sessiyası öz işini yekunlaşdırıb.
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış təşkilatı olan, Azərbaycan Respublikasının 1995-ci ildən üzvü olduğu Beynəlxalq Dəniz Təşkilatının (İMO) 14-23 may 2014-cü il tarixlərində London şəhərində keçirilmiş Dəniz Təhlükəsizliyi Komitəsinin 93-cü sessiyasında iştirak etmişdir.
Sessiya zamanı Beynəlxalq Dəniz Təşkilatına Üzv Dövlətlərin məcburi audit yoxlamasından keçmələri ilə bağlı müvafiq müddəaların adıçəkilən təşkilat çərçivəsində qəbul olunmuş Beynəlxalq Konvensiya və Protokollara əlavə edilməsi üzrə müzakirələr aparılaraq bir sıra Konvensiya və Protokollara dəyişikliklər edilməsi barədə müvafiq Qətnamələr qəbul edilmişdir. Qeyd edək ki, adıçəkilən dəyişikliklərin 2016-cı ilin yanvarından qüvvəyə minməsi nəzərdə tutulub.
İtaliya sahillərində “Costa Concordia” sərnişin gəmisində baş vermiş qəza hadisəsindən sonra sərnişin gəmilərinə olan tələblərin daha da sərtləşdirilməsi və bir sıra məsələlərin aydınlaşdırılması məqsədilə Dəniz Təhlükəsizliyi Komitəsinin 92-ci sessiyasının və digər əlaqədar alt-komitələrin hesabatları dinlənilmişdir.
Komitənin iclasında beynəlxalq ictimaiyyəti dərindən narahat edən dəniz quldurluğu hallarının qarşısının alınması ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, dəniz mühitinin mühafizəsinin və dənizdə təhlükəsizliyin ən yüksək səviyyədə təmin edilməsi ilə əlaqədar dünya dəniz dövlətləri tərəfindən həyata keçirilməsi zəruri olan fəaliyyətlər ilə əlaqədar ümumi müzakirələr aparılmışdır.
Sessiya müddətində Azərbaycan Respublikasının nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatı rəsmiləri və Sessiyada iştirak edən Üzv Dövlətlərin nümayəndələri ilə iki tərəfli görüşlər keçirmiş, fikir mübadilələri aparmışdır.
Dünya dəniz dövlətlərinin dəniz administrasiyalarının rəhbərləri ilə görüşlər çərçivəsində Gürcüstanının Dəniz Nəqliyyatı Agentliyinin rəhbəri cənab Mamuka Akhaladze ilə keçirilən görüş zamanı cənab Mamuka Akhaladze Azərbaycan Respublikasının dəniz nəqliyyatı sahəsində əldə etdiyi uğurlara toxunaraq, son dövrlərdə iki ölkə arasında əməkdaşlığın inkişafından, xüsusilə Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyinin fəaliyyətinə Azərbaycan Respublikasının göstərdiyi köməklikdən məmnunluğunu ifadə etmişdir.
Dəniz Təhlükəsizliyi Komitəsinin 93-cü sessiyası bir sıra Beynəlxalq Konvensiyalara dəyişikliklər edilməsi barədə Qərar qəbul edilməsi ilə öz işini yekunlaşdırmışdır.