Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 12-01-2026, 14:27
Kür kimi coşqun, Araztək məhzun


Məhrux DÖVLƏTZADƏ,

ADPU-nun müəllimi,
filologiya üzrə fəlsəfə doktoru


Kür kimi coşqun,

Araztək məhzun


Yəqin ki, yaradıcı insanların ömür yolları qeyrilərindən bir qədər fərqli olmasaydı, güclü təbə malik olmazdılar. Elə söz sərrafları var ki, onların şəxsi həyatlarının xüsusi incə məqamları həmin sənətkarların həssas nöqtələrini özündə ehtiva edir.
Ədəbi ictimaiyyətdə daha çox ata-baba yurdu olan Qərbi Azərbaycan mövzusundan və Qarabağ müharibəsindən bəhs edən əsərləri ilə tanınan, 15 kitabın, 100-ə yaxın mahnı sözlərinin müəllifi, çağdaş poeziyamızın görkəmli nümayəndələrindən olan Nəsibə İsrafilqızı milli təəssübkeşliyi ilə seçilən sənət adamıdır. Onun “ Gözüm qaldı Ağrı dağda” şeirlər kitabı və “Vurğuna” şeiri ilə başlayan poeziya yolçuluğu bu günlərə qədər uğurlu bir məsafə qət edib.

Nəsibə xanımın yaradıcılığında fərqli mövzu sferaları qəribə bir tərzdə cəmləşir və bədii-estetik tərəfi ilə şairin ürək çırpıntıları kimi ifadəsini tapır. O, şeirlərində daxili dünyasını-sevincini, kədərini, təlatümünü, Tanrıya pənahını, müharibədən qalan izləri və qadın qəlbinin mürəkkəb psixologiyasını yığcam, aydın və səmimi ifadə tərzi ilə təqdim edir. Müəllifin duyğulara köklənən poetik dili oxucunu bir anda həm özünə çəkir, həm də düşündürür.
Nəsibə İsrafilqızının şeirləri kökünü, mayasını xalqdan, gücünü eldən-obadan, torpaqdan aldığına görə qüdrətli və əzəmətlidir. Bu yaxınlarda böyük əks-səda doğuran, qədim Oğuz yurdlarının ərşə dayanan hay-harayını yanıqlı bir ney səsinə döndərib qəlbimizi köz-köz edib yandıran, ruhumuzu bir yay kimi tarım çəkən, musiqi ilə vəhdətində qəlblərdə böyük Turanın yellərini əsdirən “Türksoy” şeirinin ardınca yazdığı “Qoşa hörük-Kürüm, Arazım” şeiri də oxucunu riqqətə gətirir, şairin uğurlu tapıntısı kimi diqqəti cəlb edir. Şeirin ilk oxusundan bu misraların ovqatına bürünürsən. Dünyanın gərdişinin neçə minillik axarında vaxtın içindən süzülərək yaranan şeir belə başlayır:
Mələklər əl çəkibdi yurdumun torpağına,
Bağçasına, bağına, dərəsinə, dağına.
Sinəsinə bəzəyi Tanrı özü veribdi,
Saçlarını oxşayıb, qoşa hörük hörübdü.

Bu misralarda həyatımızın ahəngi, insanın təbiətlə, təbiətin insanla birgəliyi və vəhdəti bədii mətnin nüvəsində hərəkətdədir. Burada insanın ucalığı təbiətin ucalığı ilə qoşalaşır və şeirin estetik qayəsini özündə təcəssüm etdirir.

Təbiət – Vətən- İnsan harmoniyası Nəsibə İsrafilqızının poeziyasında bütöv varlıq kimi bir-birinə qarışmış, çulğaşmış formada təzahür edir və onun şeiriyyətinin məzmununu təyin edir. Şair oxucusunu inandırır ki, sənətin məqsədi varlıqların zahiri görünüşünü deyil, daxili əhəmiyyətini təmsil etməkdir. Bu baxımdan mənəvi borcu bilib ömrün mənasına çevirdiyi vətəndaşlıq amalı onun qələminin daxili qatını təşkil edən maddə kimi əhəmiyyət daşıyır.
Vətən mövzusu qəlbi qübarlı Araz kimi şairənin ürəyinin başından yol salıb. Genetik yaddaşdan axıb gələn, irsən ulu nənə-babalardan keçən vətənpərvərlik hissləri şairənin lirik mənində dinamikləşir və həzin bir şəkildə dil açır. Müdriklərimizin yolunu seçən Nəsibə xanım öz yaradıcılığında yalnız dərdimizi dilə gətirməklə, ifadə etməklə kifayətlənmir, o, bu dərdləri yaşaya-yaşaya, qəlbində bəsləyə-bəsləyə doğmalaşdırır, qanından, canından keçirib müqəddəsləşdirir, vətənin qeyrətli insanlarının yenilməz obrazını yaradır:
Birinə Kür deyibdi, Xəzərimdi yatağı,
Nuruyla şəfəqlənir Azərbaycan torpağı.
Bizə salam gətirir, türkün ərənlərindən,
Borçalının qəhrəman sinə gərənlərindən.

Lirik əsərlərdə yenilik ruhu o vaxt diqqət kəsb edir ki, orada həyati müşahidə bədii materialın, poetik obyektin yeni cizgilərinə, görünməmiş tərəflərinə nüfuz etmiş olur. Bu sətirlərdə bir ruhun ümid axtarışı, bir ulusun yaddaşı danışır. Bu bir ovqat gündəliyi, ömür tərcümanlığıdır. Oxuduqca tanıyırsan, tanıdıqca düşünürsən, düşündükcə yaxınlaşırsan və dinləyirsən, dinlədikcə… öz səsini eşidirsən… Kür kimi coşqun, Araztək məhzun, susqun bu səslə sən də Araz boyu hərəkət edir, Təbrizə boylanırsan. Diləyi, arzusu Zəngəzura dirənib dastana dönən şairin Kürlə Arazın qovuşağında bütöv Azərbaycan arzuları sular kimi çağlayır. Arazın mənəvi, coğrafı taleyinə düşən dərdini ürəyinə yük edən şairənin qələmi Azərbaycanın tərcümeyi-halına çevrilir:

Qoşa hörüklərimdən biri isə Arazdı,
Tale onun adına ayrılıq hökmü yazdı.
Dərdlər qalaq qalaqdı, onun can otağında,
Ruhu pərvaz eyləyir Xəzərin qucağında.

Vətənin taleyi ömrümüzə çöküb, ruhumuza köçüb. Ayrılıq da sevdaya daxildirsə, onda ayrılıq möhnətini də vüsalı qədər qəlbimizdə daşımalıyıq. Şair yeni gələn nəsillərə yaddaşımızın yaralı səhifələrini vərəq-vərəq çevirib tarixdən ibrət götürməyə, ruhumuzu qılınc kimi həmişə ovxarda saxlamağa çağırır. Dərd təzə qalmazsa, əlacı tapılmaz:
Bəzən onun adına Ağrı çayı deyirlər,
Ayrılığın çəpəri, həsrət payı deyirlər.
Çox yarıbdı köksünü qanlı, qadalı illər,
Məftillərdən boylanır həsrət qoxulu güllər.

Bu sətirlər şeir yazmaq , söz qoşmaq xatirinə yazılmayıb. Bu sətirlərdə həyatın, reallığın, çəkilən əzab-əziyyətlərin, ağrıların, milyonların sağalmaz yaralarına çevrilən dərdlərin, bəlaların, müsibətlərin ifadəsi var. Nəsibə İsrafilqızının duyğulara köklənən poetik dili dərdimizdən mayalandığı, ağrı-acıları, həsrətimizi real boyalarla əks etdirdiyi üçün insanı düşündürür, düşündürməklə bərabər tariximizi araşdırıb nəticə çıxarmağa vadar edir,
Onun misralarında həm vətən sevginin nikbinliyi, həm də həsrətin səssiz fəryadı var. Tikanlı məftillər bağrımıza saplansa da, şair “Qoşa hörük-Kürüm, Arazım” şeirində Arazla Kürün suqovuşanında vüsalın simfoniyasını yaradır. Bu isə şair qəlbinin ümid qığılcımlarının şölələridir:
Kürü bağrına basır, çağlayanda, coşanda,
Sarmaşıqtək sarılır, öpür Suqovuşanda.
Tanrıdan nemət onlar, hopub torpağa, cana,
Nə gözəl yaraşırlar yurdum Azərbaycana
Hörüktək yaraşırlar bizim Azərbaycana!

Bu şeir böyük bir mənəvi coğrafiyanın öz nəfəsini bərpa etməsi, ruhi gücünü toparlaması kimi səslənir. Oxucu şairlə ortaq dilin, ortaq tarixin varisi olduğu üçün onunla eyni düşüncə kodlarının da daşıyıcısı olaraq bu şeirdən çox mətləblər anlayır, poetik sözdə əks olunan tarixi mənzərəni təsəvvürə gətirə bilir. Hər misrasında ilmə-ilmə, addım-addım Arazın, Kürün sahilində gəzən şair hiss və həyəcanların, duyğu və düşüncələrin assosiativ təsəvvür gücü ilə şeirinin ideya mövqeyini möhkəmləndirir. Şeirin sətirlərində həsrət körpülərini dağıdıb vətənin Şimalından Cənubuna ümid körpüsü salan Nəsibə İsrafilqızı bir zamanlar ustad Şəhriyarın etdiyi kimi qələmində Azərbaycanı birləşdirir, Arazın sularıtək titrəyən qəlbinin mətləbini- canının sözünü, sözünün də canını deyir.


Paylaş



Bölmə: Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!