TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 20-02-2026, 20:29
SEVİNCLİ OLDUĞU QƏDƏR DƏ KƏDƏRLİ


SEVİNCLİ OLDUĞU

QƏDƏR DƏ KƏDƏRLİ


Bu yaxınlarda – yanvar ayında sevincli, sevincli olduğu qədər də kədərli bir xəbər aldıq. Nəslimizin ağsaqqalı, atamla əmizadə olan, Azərbaycan Texniki Universitetinin dosenti Savalan müəllim qohumlara belə bir xəbər çatdırdı: “Atam Xanlar Rəsul oğlu Almaniyanın Aşağı Saksoniya bölgəsində alman əsirliyində (əsir nömrəsi: 51569) torf istehsalı və bataqlıqların qurudulması işlərində məcburi əməyə cəlb edilmiş, aclıqdan, ürəktutmadan 1943-cü il fevral ayının 27-də günorta saat 14:30-da vəfat etmiş, toplu qəbiristanlıqda 235 saylı məzarda dəfn olunmuşdur. Qardaşım Qiyasın nəvəsi Kərimli Anar Vüqar oğlu 18 yanvar 2026-cı il tarixdə atamın qəbrini ziyarət etmişdir”.
Təxminən 2005-ci ildən apardığım tədqiqatlar zamanı müəyyən etdim ki, Göyçə mahalının Daşkənd kəndindən İkinci Dünya müharibəsinə təxminən 250 nəfər səfərbər olunmuş və bu çağırışçılardan təxminən yarısı, yəni, 126 nəfəri itkin düşmüş, həlak olmuşdur. Qalanlardan 122 nəfər müharibə veteranı kimi doğma kəndlərinə qayıtmış, biri ABŞ-də (Məhərrəm Musayev), biri isə Türkiyədə (Niftalı Xəlilov) qalıb yaşamışdır. Aparılan tədqiqatın nəticəsi tərəfimizdən “Respublika Xatirə Kitabı Redaksiyası”na təqdim olunmuş və “Azərbaycan Respublikası Xatirə Kitabı” adlı ensiklopediyada çap olunmuşdur. Bu qanlı müharibə bizim Rəsullular nəslindən də yan keçməmiş, bir çoxları bu müharibəyə könüllü olaraq getmişdir. Altı nəfər müharibədə itkin düşüb, həlak olmuş, doqquz nəfər isə müharibə veteranı kimi doğulduqları Daşkənd kəndinə qayıtmışlar.
Müharibədə həlak olub geri qayıtmayan altı nəfərdən biri də Nəsib babamla babaları qardaş olan Xanlar Rəsul oğlu Kərimov idi. Nəsib babamla Xanlar babanın müharibədən öncəki illərə aid qoşa çəkdirdikləri şəkilləri də bu gün bizlər üçün çox dəyərli bir yadigardı. Xanlar Kərimov 1903-cü ildə Novo-Bəyazid qəzasının Daşkənd kəndində doğulmuşdu. Geniş dünyagörüşü, dərin biliyi olan Xanlar Kərimov mühasib kimi Basarkeçərin bir çox kolxozlarında işləmişdir. O, bacısı Şəkərin oğlu Niftalı Xəlilova da mühasiblik peşəsini öyrətmiş, özü ilə bərabər o da mühasib işləmişdir. Xanlar Kərimovun öz dəsti-xətti ilə yazdığı, İmam Əlinin şücaətlərindən bəhs edən “Xəvər-zəmin” kitabı son illərə qədər qalırdı.
Xanlar Kərimov təxminən 1930-cu illərin əvvəllərində Hacı Məhəmmədlilər nəslindən Alı kişinin qızı Gülgəz xanım ilə ailə həyatı qurub. Onların Tehran, Sabir, Xalid, Qiyas və Savalan adlı dörd oğlu, bir qızı dünyaya gəlib.
1941-ci ilin sentyabr ayında Xanlar Kərimovu vəzifəsinə görə müharibəyə səfərbər etməsələr də, o Basarkeçər Rayon Hərbi Komissarlığına müraciət etmiş, könüllü olaraq döyüşlərə qatılmağını istəmiş, müharibəyə göndərilmişdir. Qardaşı Hüseynin oğlu rəhmətlik Vərqa müəllimlə söhbətlərimiz zamanı əmisini xatırlayır və belə deyirdi:

“Xanlar əmim müharibədən qabaq iki il hərbi xidmətdə olmuşdu. 1941-ci il idi, biz uşaqlar otaqda oynayırdıq. Tanrıverdi müəllim gəldi və Xanlar əmimə dediki hökumət səni işinə görə bron edib, müharibəyə aparmır. Nə vaxt çağırarlar onda da gedərsən. Sən niyə axı özün gedirsən? Xanlar əmim də dedi ki, Tanrıverdi, faşistlər torpaqları ala-ala gəlib Qafqaza çatıb. Mən qala bilmərəm, gedəcəm.”
SSRİ Müdafiə Nazirliyinin arxiv sənədlərində yazılır: “Kərimov Xanlar Rəsul oğlu sıravi əsgər kimi Primorsk ordusu 775-ci atıcı alayın 9-cu rotasının atıcısı olmuşdur. 5 mart 1942-ci ildə onun xidmət etdiyi rotanı bütünlüklə alman faşistləri Sevastopolda əsir götürmüşdür”. Digər bir sənəddə isə “1942-ci ilin may ayında itkin düşmüşdür” deyə qeyd vardır.
Bundan sonra Xanlar Kərimov haqqında həqiqətə uyğun olmayan fikirlər söylənilmiş, guya özünün könüllü əsir düşdüyü, hətta müharibədən sonra Almaniyada və ya Türkiyədə qalıb yaşadığını da danışırdılar. Bunlar hamısı dəqiq olmayan, reallığa söykənməyən rəvayətlərdən, ziddiyyətli fikirlərdən ibarət imiş. Əsl həqiqət isə onun nəvə-nəticələrinin 83 il sonra əldə etdikləri məlumat oldu. Sevə-sevə vətəndaşı olduğumuz Sovet hökuməti isə insanlara əzab-əziyyət vermiş, dəqiq olmayan məlumatlar əsasında bu ailəni daim təzyiq altında saxlamışlar. Hətta Savalan müəllim söyləyir ki, Sovet hökuməti 1942–1946-cı illərdə üç dəfə əmlaklarını müsadirə etmiş, onlara olmazın əzabını vermişlər.
Xanlar Kərimovun övladları ali təhsilli olub rəhbər işlərdə çalışsalar da, guya atalarının öz istəyi ilə əsir düşməsi səbəbindən hər zaman qorxu içərisində yaşamış, layiq olduqları daha yüksək vəzifələri tuta bilməmişlər. Oğlu Qiyas Kərimov Bakı Ali Partiya Məktəbini qırmızı diplomla bitirməsinə, Kəlbəcər rayon Komsomol Komi¬tə¬si-nin katibi işləməsinə baxmayaraq haqqı olan hər hansı rayonun birinci və ya ikinci katibi vəzifəsinə irəli çəkilməmiş, çox geridə qalmış Bərdə rayonunun Telman kolxozuna sədr göndərilmişdir. Onun peşəkarlığı sayəsində həmin kolxoz bir neçə ilə rayonun ən qabaqcıl təsərrüfatlarından biri olmuşdur. Eləcə də, Xanlar Kərimovun digər oğlu Xalid Rəsulov da haqsızlığın qurbanı olmuşdur. Belə ki, Xalid Rəsulov nəinki Azərbaycanın hətta, Özbəkistanın pambıq qəhrəmanları ilə aralarında ge¬dən yarışda qalib olmasına baxmayaraq onun haqqı olan Sosialist Əməyi Qəhrəmanı adı ona verilməmişdir. Qeyd edim ki, hər iki qardaş dəfələrlə “SSRİ Xalq Təsər¬rüfatı Nailiyyətləri sərgisi”nin Qızıl medalına, “Sosializm yarışının qalibi” və başqa onlarla orden, medal və mükafatlara layiq görülmüşlər.
Mövzu ilə qismən bağlı olduğundan burada Aşıq Hacı Bayramovun 1991-ci ildə Almaniyaya qastrol səfərə gedəndə konsertdən sonra bir nəfərlə olan görüşünü xatırlatmaq istərdim: “Bir nəfər Aşıq Hacıdan haralı olduğunu soruşur. O da Göyçə mahalının Daşkənd kəndindən olduğunu deyir. O adam aşıqdan Daşkənddə yaşayan Kərbəlayı Əmrahı, İsmayıl kişini, Xanları və o cümlədən Rəsullulardan bir neçə adamı soruşur. Aşıq Hacı ondan soruşur ki, bəs siz kimlərdənsiniz, bu adamları niyə soruşursuz? Deyir, elə belə maraqlanıram. Adam onu da əlavə edir ki, indi tələsirəm, sabah gəlib səni qonaq aparacam. Amma o adam səhəri gün gəlmir və növbəti görüş baş tutmur. Aşıq Hacı güman edərək belə deyərdi: O, adam Rəsullulardan ya Məhəmməd idi, ya da Xanlar, bəlkə də Müzəffər idi. Amma o adam daha çox Kərbəlayı Əmrahla maraqlanırdı”.
Müharibədən sonra Türkiyədə qalıb yaşayan, Xanlar Kərimovun bacısı Şəkərin oğlu Niftalı Xəlilov 18 iyul 1959-cu ildə qardaşı Əli Xəlilova yazdığı məktubdan bir hissəni olduğu kimi burada təqdim etməyi də vacib hesab edirəm:
“Ali, yavrum, Koçernin eşi Selmi Elbeyinin küçük kızı deyilmi? Setter kimin kızını aldı, resmini neden göndermedi, yoksa darğınmısınız? Sakının, onu hoş dutun emim yadigarıdı onu sizlerden ayırmam. Letive kimle evlendi, Medoş emimin Haceri kimle evlendi? Hannar daymın, Hüseyin daymın, bizim Karaşın, Balış emimin cocukları kimle evlendi ve kendileri nasıllar, Hannarın ailesi Gülgez ne oldu, Hacının oğlu Süleymen eve geldimi? Mahı neden öldü, derdi neydi, etraflı yaz. Kurban emim dururmu, çocukları nasıllar?”
Daşkənddən müharibəyə gedib-qayıtmayanlardan söz düşəndə Vərqa Kərimov deyərdi ki, Dədəm kəndin başından başlayar bir-bir müharibədən qayıtmayanları sayar, təsbehin daşını çevirərdi. 101 təsbeh bitərdi amma ölənlər bitməzdi. Vərqa müəllimin atası, Xanlar Kərimovun isə qardaşı Hüseyn kişinin məzar daşına 1965-ci ildə yazılan şeir də çox ağrılı, kədərlidir:

Əvvəl gündən oldum mən də bəxtiyar,
Deyirdim, yanımda beş qardaşım var.
Getdi o qardaşlar, hanı o Xanlar?
Ona qismət oldu o qürbət diyar.
Ey fələk, ey həyat, yollarına bax,
Yaranmış nə bilir nələr olacaq.
Ey daş, nişana ver gözdə Vətəni,
Bəlkə qardaş gəlib oxuya səni.


Müharibə Rəsulluların ziyalılarını, görən gözünü, duyan qəlbini yox etdi, desək yanılmarıq. Nəslin azman şairi Həsən Xəyallı əmisioğlanları Hüseyn Kərimova və Xasay Hacıyevə yana-yana ürək ağrısı ilə yazırdı:

…Həsən Xəyallıyam, qopur fəryadım,
Düşəndə yadıma tərlan Sayadım!
Xanlarla qırıldı qolum-qanadım
Qeyri kimsələrdən uzaq kimiyəm.

…Getdi Zülfiqarım, getdi Nəsibim,
Xoş ləhcə Xanlarım, o Məhəmmədim.
Öldü tərlan Sayad, qırıldı belim,
Qəmlər qucağında bir qalan mənəm.


Son olaraq bir maraqlı faktı da oxucuların nəzərinə çatdırmaq istərdim. Vərqa müəllim deyərdi ki, Xanlar əmim doğulan il babam Rəsul vəfat edib. Bu yaxınlarda apardığım tədqiqatların nəticəsi olaraq çap etdirdiyim “Soyumuz, kökümüz, özümüz” adlı kitabda kameral siyahılara, eləcə də Vərqa müəllimin dediyinə əsaslanaraq müəyyən etmişdim ki, Rəsul Hacı Kərim oğlu 40 yaşında vaxtsız vəfat edib. Maraqlıdır ki, 1903-cü ildə doğulan onun oğlu Xanlar Kərimov da 1943-cü ildə 40 yaşında haqqın dərgahına qovuşub.
Ruhun şad, məkanın cənnət olsun, Xanlar baba.

Araz Yaquboğlu

tədqiqatçı-jurnalist,
Azərbaycan Jurnalistlər Birliyinin və
Azərbaycan Aşıqlar Birliyinin üzvü


Paylaş



Bölmə: Göyçə / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!