8-02-2023, 17:24
Minimum əmək pensiyası 280 manat müəyyənləşdi
Prezident İlham Əliyev Azərbaycanda minimum əmək pensiyasının məbləğinin 280 manat olmasını təsdiqləyib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları haqqında” qanunda öz əksini tapıb. Belə ki, əmək pensiyasının minimum məbləği 40 manat artırılaraq 240 manatdan 280 manata qaldırılıb. Qanun fevralın 1-dən qüvvəyə minib. Qeyd edək ki, artım təxminən 100 mindən çox pensiyaçını əhatə edir.
8-02-2023, 17:20
Moskva ilə münasibətlərdə böhran yoxdur - Mirzoyan"Avropa İttifaqı Cənubi Qafqaz regionunda sülhün təmin olunmasında müsbət rol oynaya bilər". Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan xorvatiyalı həmkarı ilə birgə mətbuat konfransında deyib. "Bütün problemləri həll etməyin bir yolu var - dinc danışıqlar", - deyə o bildirib. "Moskva ilə münasibətlərdə böhran yoxdur. Bunu böhran adlandırmaq, yəqin ki, çox şişirdilmişdir. Biz rusiyalı həmkarlarımızla daim təmasdayıq. Biz gündəliyimizdəki razılığın olub-olmadığı bütün məsələləri müzakirə edirik. Bəzi məsələlərdə, o cümlədən KTMT-nin fəaliyyəti və siyasi qiymətlərlə bağlı fikir ayrılıqları var, lakin onlar ictimai müstəvidə ifadə olunur", - deyə Mirzoyan əlavə edib.
8-02-2023, 17:16
Bakıyla bəzi məsələlərdə mövqeyimizi yaxınlaşdırmışıq - Mirzoyan"İrəvan və Bakı bəzi məsələlərdə mövqeləri yaxınlaşdıra bilib". Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan xorvatiyalı həmkarı ilə birgə mətbuat konfransında deyib. "Təxminən 10-15 gün əvvəl İrəvan Ermənistan tərəfinin təkliflərinə Azərbaycandan növbəti cavab alıb. Məzmununu açıqlamayacağam, çünki söhbət təfərrüatlardan gedir və siyasi nöqteyi-nəzərdən bunu etmək yersizdir. Ermənistan tərəfinin bu prosesdə özünün fundamental məsələləri var. Müzakirələr başa çatdıqdan sonra biz bunu açıqlayacağıq", - deyə Mirzoyan söyləyib. "Biz Moskva görüşünü ləğv etməmişik, təxirə salmışıq. Təxirə salınan görüş münasib vaxtda baş tutacaq", - deyə erməni nazir əlavə edib. Qeyd edək ki, dekabrın 22-də İrəvan Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşündə iştirakdan imtina edib.
8-02-2023, 17:11
Prezident dini qurumlara maliyyə yardımıyla bağlı sərəncam imzaladıPrezizident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350 min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350 min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 350 min manat ayrılıb.
8-02-2023, 17:09
Prezident beynəlxalq konvensiyayla bağlı qanunu təsdiqlədiPrezident İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə qanunu imzalayıb. Konvensiya 1981-ci il iyunun 3-də Cenevrə şəhərində qəbul edilib.
8-02-2023, 17:04
Rusiyadan Türkiyəyə “Be-200” amfibiya təyyarəsi göndərildiRusiyaya məxsus “Be-200” amfibiya təyyarəsi Türkiyənin Adana şəhərinə enib. Türkiyənin İskenderun limanında yanğının söndürülməsinə yardım məqsədilə Rusiya FHN-in “Be-200” amfibiya təyyarəsi Adanaya gəlib. Qeyd edək ki, hazırda Türkiyənin zəlzələ baş vermiş Kahramanmaraş bölgəsində Rusiyadan olan 100-dən çox xilasedici işləyir.
8-02-2023, 17:01
Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 2500-ü keçdiSuriyada zəlzələ nəticəsində həyatını itirən insanların sayı 2500-ü keçib. Bu barədə "Reuters" nəşri məlumat yayıb. Həmçinin 4500-dən çox yaralının olduğu qeyd edilib.
8-02-2023, 16:59
Türkiyədə zəlzələdən sonra 648 afterşok müəyyən olunubKahramanmaraşda 7.7 ballıq zəlzələdən sonra indiyədək 648 afterşok qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD-dan) bildirilib. Məlumata görə, psixoloji yardım məqsədilə əraziyə 2 902 nəfər və 132 nəqliyyat vasitəsi cəlb olunub. Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 6 957 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 38 224 nəfər yaralanıb. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
8-02-2023, 16:36
Sürücülük vəsiqəsiylə bağlı dəyişiklik qəbul edildiAzərbaycan vətəndaşları Birləşmiş Ərəb Əmirliklərində sürücülük vəsiqəsini dəyişdirdikdə nəzəri və praktiki imtahandan azad ediləcəklər. Bu barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi qanun layihəsində qeyd olunub. “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Anlaşma Memorandumu 2022-ci il noyabrın 16-da Əbu-Dabi şəhərində imzalanıb. Memorandumda qeyd olunan nəqliyyat vasitələrinin kateqoriyalarına uyğun olaraq (minimum yaş həddini nəzərə alaraq) yaşamaq məqsədi olmadan gələn vətəndaşlara verilmiş etibarlı sürücülük vəsiqəsi iki ölkə tərəfindən də tanınır. Yaşamaq məqsədilə gələn vətəndaşlara münasibətdə isə tərəflərin səlahiyyətli orqanları tərəfindən verilmiş sürücülük vəsiqəsini dəyişdirmək məqsədilə müraciət olunduqda həmin vətəndaşlar nəzərdə tutulan nəzəri və praktiki imtahandan azad edilirlər. Bu Memorandumun icrası üçün əlaqələndirmə tərəflərin səlahiyyətli orqanları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi adından Baş Dövlət Polis İdarəsi, Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi adından isə Nəqliyyat vasitəsinə və sürücülərə vəsiqələrin verilməsi üzrə Federal Baş İdarə həyata keçirir. Memoranduma əsasən tərəf dövlətlərin müvafiq milli qanunvericiliyinə edilən hər hansı əlavə və ya dəyişikliklər barədə təxirəsalinmadan diplomatik kanallar vasitəsilə digər tərəfə məlumat verilməlidir. Eyni zamanda hər hansı fikir ayrılığı tərəflər birbaşa danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir. Bu Anlaşma Memorandumu bütün prosedurların tamamlanmasını təsdiq edən sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir. Hazırki Memorandum qeyri-müəyyən müddətə bağlanılır. Ərəb və ingilis dillərində iki əsl nüsxədə imzalanıb. Memorandumun təsvirində hər hansı fikir ayrılığı olduğu təqdirdə, ingilis dilində olan mətnə üstünlük veriləcək.
8-02-2023, 16:28
Miqrasiya Məcəlləsinə dəyişiklik edildiAtası, anası, əri (arvadı), övladı, bacısı və ya qardaşı Azərbaycan vətəndaşı olanlara daimi yaşamaq icazəsi veriləcək. Bu, Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə görə, Məcəllənin 46-cı maddəsində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün tələb olunan sənədlər sadalanır. Yeni layihəyə əsasən bu sənədlər siyahısına, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin və ya müraciətlə əlaqəli hüquqi şəxsin son 1 ildə təqdim etdiyi bəyannamə üzrə dövriyyəsinə dair vergi orqanından əldə edilmiş sənəd daxil edilir.