20-12-2022, 17:27
Hərbiçilərlə bağlı əsasnaməyə dəyişiklik təsdiqləndiHərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyətlə bağlı əsasnaməyə dəyişikliklər təsdiqlənib. Bununla bağlı Prezident İlham Əliyev “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Belə ki, “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanunda hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilərin törətdikləri hərbi xidmət əleyhinə olan inzibati xəta nəticəsində dövlətə vurduqları ziyana görə ödənilməmiş ziyanın bütün miqdarı həcmində maddi məsuliyyətə cəlb edilməsi nəzərdə tutulur. Cinayət və inzibati məsuliyyətə səbəb olmayan digər hərəkətlər nəticəsində vurulan ziyana görə maddi məsuliyyətin hədləri isə müddətli hərbi xidmətdə olan hərbi qulluqçular və kursantlar üçün pul təminatının iki aylıq məbləğindən üç aylıq məbləğinə, qalan hərbi qulluqçular üçün isə pul təminatının aylıq məbləğindən iki aylıq məbləğinə qaldırılıb. Bundan başqa, bir sıra təkmilləşdirmə xarakterli dəyişikliklər edilir.
20-12-2022, 17:22
Ermənistan parlamanentində Laçın dəhliziylə bağlı fikir ayrılıqları yaşandıÜçtərəfli bəyanata əsasən, “Laçın dəhlizi” Rusiya sülhməramlılarının nəzarətindədir. Bunu Ermənistan parlamentinin tribunasından vitse-spiker Ruben Rubinyan deyib. Onun sözlərinə görə, Rusiya sülhməramlıları “Laçın dəhlizi”nə nəzarəti bərpa etməlidir. Rubinyan “Hayastan” müxalifət blokundan olan deputat Qeqam Manukyanın Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana qarşı ittihamlarına cavab verib. "Absurdun həddi-hüdudu yoxdur. Amen Qriqoryanın anası da Qarabağda yaşayır və hazırda blokadadadır. O Qarabağdan niyə imtina edir? Ciddisiniz?", - Ruben Rubinyan müxalifətə səslənib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da parlamentin növbədənkənar iclasında Rusiyadan narazılıq edib: "Mən müxalifəti bu istiqamətdə işləməyə çağırıram ki, Rusiya öz öhdəliklərini yerinə yetirsin və “Laçın dəhlizin”də nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətini təmin etsin. Biz də Rusiya ilə birlikdə “Laçın dəhlizi”nin tez bir zamanda açılması üçün işləyirik". Onun sözlərinə görə, hakimiyyət böhranı həll etmək üçün bütün vasitələrdən istifadə edir. Hakim “Mülki müqavilə” partiyasından olan deputat Arman Eqoyan müxalifətin ittihamlarını rədd edərək deyib ki, “Laçın dəhlizi”nin bağlanmasına görə məsuliyyət Rusiyanın üzərinə düşür. “Laçın dəhlizi” Rusiya Federasiyası Silahlı Qüvvələrinin nəzarəti altındadır. Hazırda kim güclüdür? Ermənistan Respublikası, yoxsa Rusiya Federasiyası? Mənə elə gəlir ki, Rusiya. Daha böyük ordusu var, atom bombaları və raketləri var, iqtisadiyyatı daha güclüdür. İndi müxalifət mahiyyətcə deyir: “Ermənistan Respublikası, Rusiya Federasiyasının bacarmadığını niyə siz edə bilmirsiniz?”. Dedikləriniz məntiqdən uzaqdır. Başqa bir sual: "Belə bir vəziyyətdə necə davranmalıyıq?". “Laçın dəhlizi” məsələsində Ermənistan Rusiya Federasiyasına kömək etməlidir, ya yox?.. Əgər kömək edirsə, deməli, kömək etdiyini bildirməliyəm. Məsələn, o, BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb”, - hakim partiyadan olan deputat bildirib.
20-12-2022, 17:16
Mətbuat xidmətinə yeni rəhbər təyin edildiBaş Prokurorluğun Mətbuat xidmətinə yeni rəhbər təyin edilib. Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, Saleh Hacıyev qurumun Mətbuat xidmətinə rəhbər təyin olunub. O, daha əvvəl Baş prokurorun xüsusi məsələlər üzrə köməkçisi vəzifəsində çalışıb. Qeyd edək ki, bir neçə gün öncə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə vəzifəsindən azad olunaraq Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təyinat almışdı.
20-12-2022, 17:14
Xarici şirkətdən Qarabağdakı mədənlərlə bağlı dəstək məktubu“Anglo Asian Mining” PLC BMT, ABŞ Dövlət Departamenti, Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi və Avropa İttifaqı (Aİ) daxil olmaqla bir sıra beynəlxalq təşkilatın və hökumətin yüksək səviyyəli nümayəndələrinə şirkətin biznes fəaliyyəti və hazırda başqaları tərəfindən istismar edilən yataqların üzərindəki mədən hüquqları ilə bağlı məktub ünvanlayıb. Şirkət bu qurumlardan öz qanuni biznes hüquqlarının bərpasına və işçilərinə “Qızılbulaq” və “Dəmirli” mədənlərinə və Qarabağda ətraf ərazilərə təhlükəsiz çıxışın təmin edilməsinə dəstək göstərilməsini istəyib. Bundan əvvəl 2006-cı ildə “Anglo Asian” şirkəti bu hökumət strukturlarının hər birinə öz mülkiyyət üstünlüyünün təsdiqlənməsi ilə bağlı bənzər məktublar ünvanlayıb. Azərbaycandakı əsas aktivlərindən əlavə, “Anglo Asian Mining” PLC Qarabağda iki kontrakt əraziyə - “Qızılbulaq” mis-qızıl yatağı və “Dəmirli” mis-molibden yatağına qanuni hüquqa sahibdir. Bu kontrakt ərazilər Rusiya sülhməramlılarının nəzarəti altında olan bölgədə yerləşsə də, şirkət bəyan edir ki, erməni şirkətləri bu ərazilərdə qanunsuz istismarı davam etdirirlər. Orta Asiyanın qızıl, mis və gümüş istehsalçısı olan “Anglo Asian Mining” PLC geniş istehsal portfoliosuna və Azərbaycanda hasilat aktivlərinə sahibdir. 31 dekabr 2021-ci il tarixinə olan nəticəyə görə şirkət 64,610 unsiya qızıl ekvivalenti istehsal edib. 2021-ci ilin dekabrında şirkət “Libero Copper & Gold Corporation” ("Libero") müəssisəsinin 19.8 faizinə sərmayə qoyub. Libero Kanada birjasının (TSX Venture Exchange) siyahısındadır və Kolumbiyada Mokoa da daxil olmaqla dünyanın ən böyük işlənməmiş mis-molibden yataqlarının olduğu Şimali və Cənubi Amerikada bir neçə mis mədənlərinin hasilatı hüququna sahibdir və ya bu hüququ əldə etmək imkanına malikdir. 2022-ci ilin 5 iyulunda Azərbaycan Milli Məclisi Şirkətin “Hasilatın Pay Bölgüsü” Sazişinə dəyişiklikləri təsdiq edib. Bu dəyişikliklər şirkətə Qarabağda mis-profir yatağı da daxil olmaqla ümumi sahəsi 882 kv. kilometr olan 3 əlavə konsessiya verib. Sovet dövründə yatağın 300 min tondan çox ehtiyatının olduğu qiymətləndirilib.
20-12-2022, 17:07
Təbiətə vurulan ziyanın məbləği açıqlandıBaş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində paytaxtın Xətai rayonu, Masallı şəhəri, habelə Ağdam və Lerik rayonlarının ərazisində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb. Paytaxtın Xətai rayonu, Xətai bələdiyyəsinin torpaq sahəsində, Masallı şəhəri, Heydər Əliyev prospektində, Ağdam rayonu, Böyükbəyli kəndində meşə fonduna daxil olmayan, Lerik rayonu ərazisində yerləşən Vizəzəmin meşəbəyliyinin 15 saylı dolayında meşə fonduna daxil olan, ümumilikdə 72 ədəd ağac və kolun kəsilməsi faktları öz təsdiqini tapıb. 16 min manatdan çox ziyan dəyməsi ilə nəticələnmiş xeyli və külli miqdarda ziyan vurmaqla ağac kəsmə cinayətlərinin əlamələri olduğuna görə fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1 (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) və 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.
20-12-2022, 17:03
Zelenskinin Saakaşviliylə bağlı müraciətinə cavab verildiGürcüstanın hakim "Gürcü Arzusu" Partiyası Ukrayna prezidenti Volodimir Zelenskinin eks-prezident Mixail Saakaşvili ilə bağlı müraciətinə cavab verib. Cavab, iqtidarı təmsil edən deputat Qivi Mikabadze tərəfindən səsləndirilib. "Mən başa düşürəm ki, Zelenski məsələlərlə yaxşı tanış ola bilmir. Yaxud onun yaxın ətrafı ona yarımçıq informasiya çatdırır", - deyə deputat bildirib. Mikabadze Zelenskinin müraciətində yer alan mərhəmət çağırışına isə reaksiya verməyib. Qeyd edək ki, Zelenski ötən gün Mixail Saakşavili ilə bağlı Gürcüstana müraciət edərək, onun azadlığa buraxılmasını xahiş etmişdi: “Yəqin ki, indi hamı Mixail Saakaşvilinin vəziyyətini görə bilər. Ona görə də mən Gürcüstan xalqına, Gürcüstanın hakimiyyət orqanlarına müraciət edirəm. Miladdan əvvəl mərhəmət göstərilməlidir”.
20-12-2022, 16:59
Modul tipli xəstəxanalar tibbi fəaliyyətini davam etdirəcəkAzərbaycanda COVID -19 virusunun müalicəsi məqsədi ilə inşa edilən və hazırda fəaliyyətsiz qalan modul tipli xəstəxanalar tibb müəssisələri kimi fəaliyyətini davam etdirəcək. Bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov deyib. V.Qurbanov xatırladıb ki, modul tipli xəstəxanalar koronavirus ölkədə yayılan zaman Prezidentin tapşırığı ilə inşa olunub: "Nəticədə ölkə üzrə çarpayı fondunda 2 minə yaxın artım müşahidə olundu. Hazırda cəmi bir müəssisə bu virusa yoluxan xəstələrin müalicəsi ilə məşğuldur. Artıq digər modul xəstəxanaları ilə bağlı layihələrimiz hazırdır. Həmin müəssisələrin digər tibb müəssisələri kimi istifadəsi nəzərdə tutulur. Bu da səhiyyəmiz üçün faydalı bir layihə olacaq. Artıq yerlərdə vətəndaşlar daha yaxın tibb müəssisəsinə müraciət edəcək. Modul xəstəxanaların təyinatı dəyişdiriləcək və adi tibb müəssisələri kimi xidmət göstərəcək".
20-12-2022, 16:55
KTMT-nin baş katibi Laçın yolundakı vəziyyətlə bağlı danışdıKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Laçın yolundakı vəziyyətə münasibət bildirib. Zas bu barədə jurnalistlərə açıqlamasında danışıb. "Laçın yolu KTMT-nin məsuliyyət zonasından kənardadır", - deyə o bildirib. Baş katibin sözlərinə görə, Ermənistandan bu məsələ ilə bağlı təşkilata heç bir müraciət daxil olmayıb. Qeyd edək ki, Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı missiyası hərbi kontingentinin məsuliyyət zonasında olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz məqsədi ilə və ekoloji monitorinqin keçirilməsi tələbilə 12 dekabrdan bəri azərbaycanlı QHT nümayəndələri və ictimai fəallar Laçın yolunda aksiya keçirirlər.
20-12-2022, 16:50
Egey dənizi səmasında gərginlik - Türkiyə F-16-larını havaya qaldırdıEgey dənizi səmasında Türkiyə və Yunanıstan arasında gərginlik yaşanıb. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, NATO təlimi çərçivəsində xidməti uçuş həyata keçirən Türkiyə təyyarələrinə qarşı Yunanıstan ərazisindəki 5 aviabazadan havaya qalxan F-16-lar vasitəsilə radar kilidi atılıb və maneə törədilib. Uçuşlar barədə əvvəlcədən bütün NATO müttəfiqlərinə xəbər verilməsinə baxmayaraq, Yunanıstanın bu cür addımlar atmasının anlaşılmaz olduğu vurğulanıb. Yunanıstanın belə addımlarının qarşısını almaq və uçuşları uğurlu şəkildə başa çatdırmaq üçün Dalaman və Akhisar bölgələrindən Türkiyə F-16-larının da havaya qaldırıldığı və lazımı cavabın verildiyi qeyd edilib. "Qarşıya qoyulan tapşırıqlar uğurlu şəkildə icra edilərək uçuşlar tamamlanıb", - məlumatda bildirilib.
20-12-2022, 16:46
Seperatçıları dəstəkləyən Fransaya etiraz“Heç kimin ixtiyarı yoxdur ki, ümumi bəşəri dəyərləri özününküləşdirsin”. Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin bu gün keçirilən iclasında deyib. O bildirib ki, Fransa kimi dövlətlər demokratik dəyərləri pozur: "Fransa özünü Avropa ölkəsi kimi aparsa da, bu gün separatçılara dəstək verir. Beynəlxalq təşkilatlarda da bu məsələni qaldıracağıq. Artıq Azərbaycan fərqli dövlətdir, ikili standartları görürük. Bu gün Fransa kimi dövlətlər bilməlidir ki, Azərbaycan öz sözünü deyəcək. Fransanın bütün hərəkətləri qınanmalıdır”. Komitə sədri əlavə edib ki, Fransa bu gün Korsikada insanlığa qarşı siyasət yürüdür: "Həmin ölkədə insanların öz dillərində danışmağına icazə verilmir. Fransa orada insanları öldürür. Bu, Avropanın demokratik dövləti olan Fransa üçün utancvericidir və bu məsələyə susmaq olmaz. Bu barədə beynəlxalq təşkilatlarda məsələ qaldırmalıyıq". Deputat Musa Qasımlı da çıxışında Fransanı tənqid edib: “Fransa kimi Avropa dövlətinin təxribatçı çıxışlarına birlikdə cavab verməliyik. Belə ki, bununla bağlı beynəlxalq təşkilatlarda məsələ qaldırmalıyıq. Fransa öz qanlı tarixinə baxmalıdır, demokratiyadan, azadlıqdan danışa bilməz. Fransa kimi dövlət Azərbaycana heç bir şey öyrədə bilməz, Azərbaycan özü öyrədən dövlətdir”.