14-09-2022, 19:54
Ohanyan Ermənistanda hərbi səfərbərliyə çağırdı"Mənim şəxsi fikrim budur ki, Ermənistanda hərbi vəziyyət tətbiq olunmalı, birinci sıranı doldurmaq və orduya dəstək vermək üçün səfərbərlik aparılmalıdır".
Butov.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri, parlamentdəki “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan bildirib. O, hakimiyyəti ölkə naminə addım atmağa səsləyib. “Çünki sərhədlərdə gərginlik görürük. Əgər ölkədə müharibə gedirsə, gərginlik dalğası bərabər paylanmalıdır… Qurbanlarımız, yaralılarımız var”. Ohanyan əhalini sakitləşməyə və rəsmi məlumatlara əməl etməyə çağırıb.
14-09-2022, 19:48
Son sutkada koronavirusdan 9 nəfər öldüAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 371 yeni yoluxma faktı qeydə alınıb, 508 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 818 634 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 806 701 nəfər müalicə olunaraq sağalıb, 9873 nəfər vəfat edib, aktiv xəstə sayı 2060 nəfərdir. Son sutka ərzində 3664, hazırkı dövrədək isə 7 203 417 test aparılıb.
14-09-2022, 19:40
Şəhid Ümid Həsənov torpağa tapşırılıb Milli Məclisin deputatı Vahid Əhmədov, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan müddətdən artıq xidmət edən hərbi qulluqçu Həsənov Ümid İlqar oğlunun dəfnində iştirak edib.
Butov.az xəbər verir ki, Qubanın İsnovqışlaq kənd qəbiristanlığında baş tutan izdihamlı dəfn mərasimində çıxış edən deputat şəhidin doğmalarına və əzizlərinə baş sağlığı verib və onlara Allahdan səbr diləyib. Vahid Əhmədov şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsinin vacibliyini bildirərək,onları Azərbaycanın müstəqilliyinin bünövrəsi adlandırıb. Dəfn mərasiminin sonunda cənazəyə bükülmüş üçrəngli Azərbaycan bayrağı deputat Vahid Əhmədov tərəfindən şəhidin atasına təqdim olunub. Allah şəhidlərimizə rəhmət eləsin!
14-09-2022, 19:29
Şəhid Cavidan Bədəlov dəfn olunub
Erməni silahlı birləşmələrinin təxribatını dəf edərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri də baş leytenant Cavidan Bədəlovdur. Şəhidimiz doğulub boya-başa çatdığı İsmayıllı rayonunun Talıstan kəndində dəfn olunub.
Butov.az xəbər verir ki, dəfn mərasimində rayon rəhbərliyi, kənd sakinləri, ictimaiyyət nümayəndələri, şəhidin qulluq etdiyi hərbi hissənin zabit və əsgərləri, yaxınları iştirak ediblər. Vida mərasimdən sonra üçrəngli, ay-ulduzlu bayrağa bükülən şəhidimizin nəşi Talısatan kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimindən sonra şəhidimizin döyüş yolundan söhbət açılıb, “Qurani Kərim”dən ayələr oxunub.
14-09-2022, 18:46
Şəhidimiz torpağa tapşırıldıErmənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində şəhidlik zirvəsinə ucalan hərbi qulluqçu Azad Kərimov dəfn olunub.
Butov.az xəbər verir ki, şəhid hərbçinin nəşi doğulub-böyüdüyü Qazax rayonunun Daş Salahlı kəndinə gətirilib. Rayon rəsmilərinin, hərbçilərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhidin vida mərasimi keçirilib. Mərasimdən sonra A.Kərimovun nəşi Daş Salahlı Şəhidlər xiyabanında dəfn olunub.
14-09-2022, 18:42
Prezident şəhidlərlə bağlı nazirliyə tapşırıq veribErmənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı hərbi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan qəhrəman hərbçilərimizin ailələri hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunacaqlar. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, həmin şəhid ailələri ilə bağlı bütün sosial dəstək tədbirlərinin görülməsi təmin olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri tərəfindən şəhid hərbi qulluqçularımızın ailələri ziyarət olunaraq onlarla bağlı sosial müdafiə tədbirlərinin görülməsi üçün aidiyyəti işlərə artıq başlanıb. Şəhid ailələrinin müvafiq sosial dəstəklə təmin edilmələri məqsədilə onlara zəruri sənədləşdirmə işlərində də yaxından dəstəyin göstərilməsi ilə bağlı yerli struktur bölmələri müvafiq qaydada təlimatlandırılıb. Həmin ailələr sığorta ödənişi, aylıq sosial ödənişlərlə (Prezidentin aylıq təqaüdü, pensiya, müavinət) təmin olunacaq. Eyni zamanda, qanunvericilik əsasında şəhid hərbi qulluqçularımızın ailələrinin mənzillə, fərdi evlə təminatı və aktiv məşğulluq proqramlarına cəlb olunmaları işləri aparılacaq. Onlara şəhid ailələri üçün nəzərdə tutulan digər bir sıra imtiyaz və güzəştlərin tətbiqi də təmin ediləcək. Şəhidlərimizin ailə üzvləri ilə görüşlər zamanı onlar yaranmış sosial müdafiə və sosial təminat hüquqları, imtiyaz və güzəştləri barədə məlumatlandırılır. Şəhid hərbi qulluqçularımızın ailələri qarşıdakı dövrdə də mütəmadi olaraq ziyarət edilməklə onların sosial-məişət şəraiti daim diqqətdə saxlanacaq. Vətən yolunda şəhidlik zirvəsinə ucalan, daim xalqımızın qəlbində yaşayacaq qəhrəman hərbçilərimizə Allahdan rəhmət diləyirik!
14-09-2022, 18:36
Zelenski işğaldan azad olunmuş şəhərə getdi Çərşənbə günü, sentyabrın 14-də Ukrayna desantları tərəfindən azad edilən Xarkov vilayətinin İzyum şəhərində Ukrayna bayrağı qaldırılıb. Ukrayna dövlətinin başçısı Vladimir Zelenski də oraya gedib. Bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. “Şənliklərdə Ukrayna prezidenti Vladimir Zelenski, müdafiə nazirinin müavini Anna Malyar, bir neçə gün əvvəl şəhəri rus işğalçılarından azad edən Ukrayna Silahlı Qüvvələrinin və digər təhlükəsizlik qüvvələrinin nümayəndələri iştirak ediblər”, - məlumatda deyilir. Bayram şənliklərinin əvvəlində iştirak edənlər həlak olan müdafiəçilərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, sonra dövlət başçısı işğaldan azad olunmuş Ukrayna torpaqlarına görə əsgərlərə təşəkkür edib, təntənəli mərasimlə Ukrayna bayrağını Şəhər Şurası üzərində qaldırıb. Xatırladaq ki, sentyabrın 10-da Ukrayna Silahlı Qüvvələri Balakleyadan cənub-şərq istiqamətində irəliləyərək İzyuma yaxınlaşıb. Sentyabrın 11-də Ukrayna əsgərləri Xarkov vilayətinin İzyum şəhərinin mərkəzində dövlət bayrağını qaldırıblar. İzyum mart ayında işğal olunmuşdu. Rusiya Müdafiə Nazirliyi Rusiya ordusunun Xarkov vilayətindən geri çəkildiyini etiraf edib.
14-09-2022, 18:23
İlham Əliyev və Paşinyan eyni tədbirə qatılacaqlarSentyabrın 15-16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək.
Butov.az Rusiya mətbuatına istinadən xəbər verir ki, təşkilata üzv olan bütün ölkələr sammitdə iştirak edəcək. Bundan əlavə, müşahidəçi dövlətlərin - Belarus, İran və Monqolustan prezidentləri də tədbirə qatılacaqlar. Rusiya KİV-lərinin yaydığı məlumata görə, Azərbaycan, Ermənistan, Türkmənistan və Türkiyə liderlərinin Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə fəxri qonaq qismində gəlməsi gözlənilir.
14-09-2022, 18:19
Rusiyadan sərhəddəki gərginliklə bağlı yeni açıqlamaAzərbaycan-Ermənistan sərhədində gərginlik davam edir.
Butov.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov mediaya açıqlamasında bildirib. "Birmənalı olaraq, gərginlik qalmaqdadır. Amma Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyası hələ Ermənistana gəlməyib. Bilirsiniz ki, dünən KTMT missiyasının təşkilatın Baş katibi Stanislav Zasın başçılığı ilə sərhədə getməsi qərara alınıb. Onlar dövlət başçılarına hesabat təqdim edəcəklər", - Peskov deyib.
14-09-2022, 18:11
Şəhid Saleh Qurbanov Xızıda dəfn olundu - Tabutu üzərindəki bayraq azyaşlı oğluna verildiErmənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan kapitan Saleh Möhübbət oğlu Qurbanov sentyabrın 14-də Xızıda torpağa tapşırılıb.
Butov.az xəbər verir ki, qəhrəman döyüşçü doğulub boya-başa çatdığı Giləzi qəsəbəsində dəfn olunub. Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Xızı Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər. Dəfn mərasimində çıxış edənlər Saleh Qurbanovun şərəfli həyat və döyüş yolundan danışıb, şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıblar. Düşmən təxribatının qarşısı qətiyyətlə alınıb, canlı qüvvəsi, hərbi texnika və infrastrukturu məhv edilib. 32 yaşlı Saleh Qurbanov ailəli idi. Bir övladı Vətənə əmanət qalıb. Şəhidin cənazəsi Giləzi qəsəbə kənd qəbiristanlığında torpağa tapşırılıb, məzarı üstünə əklil və tər qərənfillər qoyulub. Tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı şəhidin azyaşlı oğluna təqdim edilib.