Sentyabrın 18-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum gününə və Milli Musiqi Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.
Tədbirdə dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak ediblər.
Mədəniyyət naziri Anar Kərimov musiqi bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edərək vurğulayıb ki, hər il olduğu kimi, bu il də dahi bəstəkarın doğum günü ölkəmizdə geniş şəkildə qeyd edilir. Xalqımızın musiqi mədəniyyəti tarixində Üzeyir Hacıbəylinin böyük rol oynadığını söyləyən nazir görkəmli bəstəkarın Azərbaycanın dilbər güşələrindən olan Şuşa şəhərində dünyaya göz açmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Vurğulanıb ki, Üzeyir bəy Azərbaycan mədəniyyətində köklü dönüş yaratmış bəstəkardır. Böyük bəstəkarın doğum gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını ulu öndər Heydər Əliyev qoyub. Ümummilli Liderimizin 1995-ci ildə - dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Artıq neçə ildir, xalqımız bu bayramı qeyd edir.
Vurğulanıb ki, builki Milli Musiqi Günü əvvəlki illərdəkindən fərqli keçirilir. Belə ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız düşmən tapdağından azad olunub və Üzeyir bəyin əsərləri bu gün doğulduğu doğma Şuşa şəhərində səslənir.
Bildirilib ki, Heydər Əliyevin mədəniyyət xadimlərinə göstərdiyi qayğının davamı kimi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı da göz qabağındadır. Bu qayğının nəticəsi olaraq Üzeyir Hacıbəylinin yubileyi bir neçə dəfə UNESCO səviyyəsində qeyd edilib. 2009-cu ildən etibarən Heydər Əliyev Fondu Mədəniyyət Nazirliyi ilə birgə Azərbaycanda Üzeyir Hacıbəyli adına festival keçirir.
Qeyd olunub ki, Üzeyir bəyin qoyduğu ənənələrə sadiq qalaraq musiqimizi inkişaf etdirməli, onu yad təsirlərdən qorumalıyıq.
Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli bu il rəhbəri olduğu təhsil ocağının 100 illiyinin qeyd olunduğuna diqqət çəkərək söyləyib ki, istər Azərbaycan musiqisi, istərsə də bu ali təhsil ocağı Üzeyir bəyin adı ilə bağlıdır. Üzeyir Hacıbəylinin musiqimizin inkişafındakı xidmətlərini qeyd edən rektor deyib ki, Üzeyir bəy bütün zamanlarda musiqi ictimaiyyəti və insanların qəlbində daim yaşayacaq. Rektor builki musiqi bayramı çərçivəsində azad Şuşada da tədbir və konsert proqramlarının təşkil edilməsini sevinc və fərəh hissi ilə qarşıladığını qeyd edib.
Çıxışlarda dahi bəstəkarın zəngin həyat və yaradıcılığından söhbət açıb, milli Azərbaycan musiqisinin inkişafında Üzeyir Hacıbəyli məktəbinin rolun xüsusilə vurğulanıb.
Sonra Müdafiə Nazirliyinin Nümunəvi və Əlahiddə Hərbi Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında klassik musiqi nümunələri təqdim olunub.