Ruhumuzun ehtiyacından doğan görüşRuhumuzun ehtiyacından doğan görüş
Bugünkü cümlələrim həm fərəhlidir, həm qürurlu, bir az utandığından yanağı qızaran qız uşağıtək, bir az imtahanqabağı həyəcanlanan tələbətəkdir. Bəli, cümlələrim öz mənbəyini uca dağlardan götürən çaya da bənzəyir. Axı o mənbələr çox ucadan boylanır. Uca dedim həm qəlbimdə insani xüsusiyyətləri ilə yer alan, həm də çağdaş ədəbiyyatımızda sözünü demiş yazarlar yadıma düşdü. Hansı ki, "Sirli güzgü" kitabımı o sevimli yazarın "Qırmızı ləçəklər" romanından təsirlənib yazmışdım. Kitabı sadə xarakteri və imzası ilə hədiyyə etməsi məsuliyyətimi daha çox artırırdı. Bəli, söhbət Varis bəydən gedir. Onun ismi yetər, əlavə cümlələrə ehtiyac yoxdur.
Bəli, bu nəsrdə inkişafımı sürətləndirən əsas amil idi. Axı poeziya da var, hələ sıxılanda ürəyimi ovundurduğum qiraət də var…Bu yolda sıradan olmamaq var. Mükəmməl yazar xanım, dosta, məni anlayana, arada danlayana, sözləri ilə ruhuma naxış vurana da ehtiyacım olacaqdı. Allah arzumu gerçəyə çevirib Təranə Dəmirlə məni rastlaşdırmışdı. İlk gördüyüm andan ruhumun parçası hiss etmişdim, bəlkə də, bəziləri onu soyuqqanlı kimi qələmə verə bilər, amma o xanım məni ilk görəndə elə sarılmışdı ki…
O sarılmağın sehri indi də qəlbimi sarıb. Onun poeziyasının gücü qollarıma güc verib, ruhuma təsəlli…Hər zaman Ədəbiyyatdan damla olduğumu söyləmişəm, amma adlarını çəkdiyim yazarlar yalandan ümid verib "Qara Ədəbiyyatı" təbliğ etmirlər. Deməli, Əbülfəzqızında nə isə görüblər. Özümü tərifləmək istəmirəm. Təranə xanımın yazılarındakı səmimilik mənim cümlələrimin canına hopub.
U. Şekspir demiş ki: "Sadəlikdən, səmimilikdən uzaq olan şeirlər yağlanmamış təkərlərin cırıltısından daha çox əsəbləri pozur."
Təranə xanımın, Varis bəyin çox "oxunulmasının" əsas səbəblərindən biri elə oxucu ilə arasında o səmimiyyət körpüsünü inşa etmələrindədir. Gənc yazarlara nümunə olmaq asan deyil, amma bəzi yazarlarımız öz daxili bənzərsizliyi və istedadı ilə bunu başarıblar. Elə Təranə xanımın oxucularla görüşünə təşrif buyurub oxucuları valeh edən İbrahim İlyaslı, Qəşəm Nəcəfzadə bu yazarlara nümunədir.
Xırdalan şəhərində yerləşən "Kitab evində" Azərbaycan YaIçılar Birliyinin üvləri Təranə Dəmir və Fəxrəddin Teyyubun oxucularla görüşü zamanı gözəl poeziya dəqiqələri keçdi. Çox sevindirici haldır ki, həmin gün şairləri elə çağdaş ədəbiyyatımızda öz imzaları ilə tanınan şairlərimiz də tək buraxmadılar. Görüşdə sevilən şairimiz İbrahim İlyaslı, Qəşəm Nəcəfzadə, Elvin İntiqamoğlu, Azərbaycan radiosunun əməkdaşı, baş redaktor Dilşad Mirzəyeva, jurnalist Vaqif Nəcəf, şair Rizvan Nəsiboğlu, Qəzənfər Məsimoğlu, politoloq Hüseyn Naibov, Mübariz Süleymanlı və başqaları iştirak ediblər.
Möhtəşəm ədəbi görüş 3 saat davam edib. Təranə Dəmir və Fəxrəddin Teyyuba oxucular və tədbirin aparıcısı- bəndəniz müxtəlif suallar verib və ətraflı cavablar alıblar. Şairlərin hər birinin ifasında gözəl şeirlər səsləndirilib. Tədbirdə gənc yazarlardan Fərqanə Səfərli və Murad Vəlixanov da iştirak edib. Təranə Dəmirin "balaca fanatı" Əli Aslanlı "Vətən" şeirini səsləndirib. Sonda isə məkanın rəhbəri, filoloq Rzaqulu Məmmədov şairlərə təşəkkürünü bildirərək kitab oxumağı sevdirmək və gənc nəslə mütaliənin vacibliyini anlatmaq üçün bu məkanı istifadəyə verdiyini söyləyib.
Ədəbiyyat saatı yekunlaşanda isə yorulmaq bilməyən şairlər və oxucular zamanın tez keçdiyini söyləyərək xoş xatirələrlə məkanı tərk ediblər, amma “Kitab evi"nin divarları daş yaddaşına olanları həkk etmişdir.
Ədəbiyyatla keçən zamana ruhumuzun ehtiyacı var, axı Ədəbiyyat elə həyatın özüdür.
Ülviyyə ƏBÜLFƏZQIZI