Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
Tarix : 13-11-2013, 15:21
Artıq Müdafiə Nazirliyində dəyişikliklər aşkar gözə çarpır







Azərbaycan Müdafiə Nazirliyinin nümayəndəsi, general-mayor Aleksandr Vasyak APA-nın əməkdaşı Rəşad Süleymanova müsahibə verib. Həmin müsahıbəni Butov.az-ın oxucularına təqdim edirik.


Artıq Müdafiə Nazirliyində dəyişikliklər aşkar gözə çarpır



- Uzun müddətdir Azərbaycan Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdınız. Bu dönəm necə keçdi? Bəzi məlumatlar vardı ki, bu müddətdə Azərbaycandan kənarda olmusunuz...

- Məsələ bundadır ki, mən, səhhətimlə bağlı Silahlı Qüvvələrdən istefaya çıxmağıma baxmayaraq, ordu ilə əlaqələri kəsməmişdim. Bu illərdə Müdafiə Nazirliyində xidmətimi davam etdirmişəm. Əvvəlcə Hərbi-Elmi Mərkəzdə, sonra isə Hərbi Təhsili İdarəsində işləmişəm. Eyni zamanda hərbi ekspert kimi Azərbaycan və beynəlxalq kütləvi informasiya vasitələrində tez-tez çıxış etmişəm. Azərbaycanın hüdudlarından kənara çıxmamışam və daimi yaşayış yeri üçün heç yerə getməmişəm. Mən Azərbaycan vətəndaşıyam və indi də ölkəmin vətəndaşı olaraq qalıram. Ukrayna və ya Belarusda yaşamağım, o cümlədən erməni təbliğatının səsləndirdiyi kimi hansısa “qaranlıq və şübhəli” layihələrin həyata keçirilməsində iştirakım barədə uydurmaları oxumaq özümə bir qədər gülünc gəlir. Bir daha bəyan edirəm ki, mən və mənim yaxınlarım 20 ildən artıqdır ki, Azərbaycan vətəndaşlarıyıq.

- Müdafiə Nazirliyinin rəhbərliyindəki dəyişiklik Silahlı Qüvvələrə necə təsir göstərəcək? Xüsusilə NATO sisteminə inteqrasiya məsələsində vəziyyət necə olacaq?

- Artıq dəyişikliklər aşkar gözə çarpır. Köhnə problemlərin həllinə kosmetik və ya yarımçıq yanaşma tədbirlərindən deyil, əsaslı yeni yanaşma tərzindən danışmaq lazımdır. Düşünürəm ki, qısa zaman ərzində biz cəmiyyətimizdə çoxdan gözlənilən və düşmənlərimizin də ciddi ehtiyat etdiyi, keyfiyyətcə yeni mərhələnin sıçrayışının şahidi olacağıq.

Hələlik vətəndaşlarımızın heç də hamısı güc strukturları, o cümlədən Müdafiə Nazirliyi barəsində verilən məlumatların qapalılığı zərurətini qəbul etmirlər. Sadə oxucunun anlaması üçün hazırda ordu mühitində baş verənləri psixoloji aspektdə mən qaçışdan əvvəlki start həyəcanı ilə müqayisə edərdim. Bir çoxları görüb, kim görməyibsə bilir ki, iti qaçan at meydana çıxarılan zaman ayaqları ilə yerə vurur, yüyəni qırmağa çalışır, səbirsizliklə irəli şığımağa və hamını ötməyə çalışır. Hazırda orduda buna bənzər vəziyyət baş verir. Əsl peşəkarlara öz bacarıqlarını və iş qabiliyyətini nümayiş etdirmək, bərabər start şəraitində olanlara birinci olmaq, tapşırılmış mövqedə real nəticələr əldə etmək və hər kəsin nəyə qadir olduğunu göstərməyə imkan veriblər.

Qeyri-döyüş itkiləri və hərbçilərin sosial müdafiəsi barədə deyə bilərəm ki, Silahlı Qüvvələrdə ciddi nizamnamə qaydalarının və bütün hərbi hissələrdə sərt idarəetmənin tətbiqi ilə qısa zamanda tabeçilikdə olanların qayğısına qalınmasına, insan haqlarına riayət olunmasına, hərbiçilərin şərəf və ləyaqətlərinin qorunmasında müsbət irəliləyişə nail olunacaq. Bunun ardınca hərbi kollektivlərdə vəziyyətin sağlamlaşması, hər bir hərbi qulluqçunun nüfuzunun artması və onun müdafiəsi baş verəcək ki, bu da öz növbəsində əsassız itkilərin azalmasına və ümumi qəbul edilmiş haqq və azadlıqlara riayət edilməsinə gətirib çıxaracaq. NATO sisteminə inteqrasiya məsələsi üzərində ayrıca dayanmaq istərdim. Ölkə rəhbərliyi tərəfindən əməkdaşlıq istiqamətləri müəyyən edilib, tapşırıqlar qoyulub və biz də üzərimizə düşən vəzifələri uğurla yerinə yetiririk. Düşünürəm ki, burada problem başqa bir müstəvidədir və fikrimcə, ictimaiyyət tərəfindən hələ sonadək aydınlaşdırılmayıb. Şimali Atlantika Alyansına üzv olma istəyi dünyada dəb halını alıb. Öz hərbi xərclərini azaltmaq istəyən və suverenliklərini qorumaq arzusunda olan, kiçik Silahlı Qüvvələrə malik ölkələr “NATO çətiri” altında gizlənməyə çalışır. İlk baxışdan bunun şübhəsiz ki, hərbi büdcə xərclərindən azad olunmaq kimi müəyyən üstünlükləri var. NATO sisteminə keçid üçün xərc çəkmək, hətta beynəlxalq maliyyə təşkilatlarından və ya daha da inkişaf etmiş ölkələrdən borc götürmək lazım olur. Amma nəzərə almaq lazımdır ki, NATO regional münaqişələrə qarışmır və hər hansı tərəfin xeyrinə ərazi mübahisələrini həll etmir. Deməli, Azərbaycana əvvəlcə Dağlıq Qarabağla bağlı problemləri, bütün sərhədyanı mübahisələri və münaqişələri həll etmək, NATO standartlarını qəbul və tətbiq etmək, yalnız bundan sonra NATO-ya üzv olmağa cəhd göstərmək lazımdır. Bloka üzv olmanın siyasi şərtləri və ölkə qanunvericiliyinin müəyyən edilmiş tələblərə uyğunlaşdırılması məsələlərini də unutmaq olmaz. Bir də heç kim hesablamayıb ki, bizim respublikanın NATO standartlarına keçidi büdcəmiz üçün hansı xərclərə gətirib çıxaracaq, NATO əməliyyatlarında iştirak üçün nə qədər qüvvə və vasitələrimiz tələb olunacaq. Eyni zamanda milli maraqlarımızın təmin edilməsi üçün üzləşə biləcəyimiz itkiləri də hesablamaq lazım gələcək. Bu gün bizim Silahlı Qüvvələrimizin qarşısında təcavüzkar tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi, düşməndən qüvvətli və keyfiyyət baxımından üstün məhvetmə və özünü müdafiə vasitələrinin inkişaf etdirilməsi üzrə vəzifələr qoyulub. Silahlı Qüvvələrin rəhbərliyinin diqqəti də məhz bu tapşırığın həll edilməsinə yönəlib.

- Silahlı Qüvvələrdə struktur islahatlarının aparılması nəzərdə tutulurmu? Nazirliyin J strukturuna keçidi prosesi nə zaman baş tuta bilər?

- Silahlı Qüvvələr sistemində struktur dəyişiklikləri dayanmır və gələcəkdə də davam edəcək. Təşkilati-ştat strukturunun optimallaşdırılması respublika rəhbərliyinin razılığı ilə, Silahlı Qüvvələrin inkişaf planına uyğun, tərəqqi yolu ilə aparılır. Bu dəyişikliklərin hansı rəqəmlərlə və ya hərflərlə göstərilməsi isə qətiyyən heç bir əhəmiyyət kəsb etmir.
Beynəlxalq əməkdaşlıq təşkilatları ilə sıx iş birliyi və bizim idarəetmə strukturlarının fəaliyyətinin dünya standartlarına uyğunluğuna şübhə ilə yanaşmağa ehtiyac yoxdur.

- Orduda neqativ halların minimallaşdırılması üçün hansı addımlar atılmalıdır?

- Neqativ halların azaldılması üçün nizamnamə qaydalarının tətbiq edilməsi, hərbi nizam-intizamın möhkəmləndirilməsi, hərbiçilərin, həmçinin ön cəbhədə təmas xəttində yerləşən hərbi hissələrində normal məişət şəraitinin təmin edilməsi üzrə kompleks proqram qəbul olunub və icra olunur. Bu proqram müasir tibbi təminat, sosial müdafiə, mənzillə təmin edilmə, hərbçi ailələri ilə iş və digər məsələləri özündə ehtiva edir.

- Son iki ildə cəbhədə atəşkəs pozulmalarının sayında artım müşahidə olunur. Necə düşünürsünüz, bu aktivləşmələr nə ilə bağlıdır?

- Mənim fikrimcə, qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması hallarının artması, düşmənin fitnəkar hərəkətlər törətməklə, dünyada bizi münaqişəni sülh yolu ilə həllində maraqlı olmamaqda ittiham etmək istəyindən irəli gəlir. Belə deyək, Dağlıq Qarabağ münaqişəsinin həllini tapmamasının səbəbini Azərbaycan tərəfinin üzərinə atmaqla bizi aqressivlikdə günahlandırmağa cəhd göstərirlər.

- Tərəflər arasında qüvvə və vasitələr nisbəti Sizcə hazırkı dövrdə necədir?

- Qüvvə və vasitələr nisbətini, xüsusilə keyfiyyət məsələsini nəzərə alaraq, həm canlı qüvvə, həm əsas məhvetmə vasitələri və müasir döyüş maşınları üzrə üstünlüyün açıq-aydın bizim tərəfimizdə olmasını əminliklə təsdiq edə bilərəm. Özünüz müqayisə edin. Aviasiya üzrə biz 5 dəfə, döyüş helikopterləri üzrə 3 dəfə, artilleriya sistemləri üzrə 2 dəfədən çox, tanklar və piyadaların döyüş maşınları üzrə 4 dəfə üstünlüyə malikik. Bu gün Azərbaycanda olan "Msta-S" özüyeriyən artilleriya sistemləri və "Buratino" od atanları kimi böyük təsir gücünə malik sistemlər düşməndə mövcud deyil. Bu siyahını davam etdirmək də olar. Ermənistan siyasi rəhbərliyinin təqdim etdiyi kimi, əgər biz həqiqətən də aqressiv əhval ruhiyyədə olsaydıq, heç şübhəsiz münaqişənin hərbi yolla həlli istiqamətində mütləq mənada üstünlüyümüzdən istifadə edərdik. Amma bizim prezidentimiz siyasi iradəsini göstərir, qan tökməyi arzu etmir və beynəlxalq normalara, qəbul edilmiş qanunlara uyğun olaraq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir.

- Hərbi əməliyyatlar başlayacağı təqdirdə Rusiyanın müharibəyə qarışma ehtimalı nə qədərdir?

- Hərbi əməliyyatların başlanılması Rusiyaya sərf etmir və buna görə də şimal qonşumuzun rəhbərliyi hərbi ssenarinin baş tutmaması üçün bütün vasitələrdən istifadə etməyə çalışacaq. Rusiya münaqişədə heç kimin tərəfini saxlamayacaq. Ermənistanı və ya Azərbaycanı ələ keçirməklə MDB-ni dəfn etmək onun nəyinə lazımdır? Məgər Şimali Qafqazda özlərinin problemləri azdırmı? Hər şeyi ələ keçirtmək, çoxlu pullar xərcləmək, yenidən azadlıq vermək. Bu hadisələrin real inkişaf ssenarisi deyil.

- Ermənistan son bir ildə Azərbaycanla dövlət sərhədində mühafizə tədbirlərini gücləndirib. Eyni zamanda bu ərazinin Rusiya Federal Sərhəd Xidmətinin mühafizəsinə verilməsi istiqamətində işlər aparıldığı bəllidir. Belə bir addım Azərbaycanın əl-qolunu bağlamayacaq ki?

- Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində keçirilən bütün monitorinqlərdə erməni sərhədçiləri iştirak edirlər və Ermənistan sərhədinin hansısa hissəsinin qorunması üçün Rusiya sərhədçilərinə verilməsi haqda heç nə eşitməmişəm. Bundan başqa, düşünürəm ki, yaxın gələcəkdə belə bir məsələnin baş tutması mümkün deyil. Rusiya sərhədçiləri Ermənistan-Türkiyə sərhədlərini qoruyurlar, ancaq bu tamam başqa siyasətdir və mən bu razılığı şərh etməyəcəyəm.

- Silahlı Qüvvələrdə NATO standartlarının tətbiqi ilə paralel olaraq postsovet ölkələrindən, özəlliklə Rusiya və Ukraynadan hərbi texnikalar alınır. Bu proses bir- biri ilə ziddiyyət təşkil etmir ki?

- Mən burada heç bir ziddiyyət görmürəm. Biz ərazilərimizi işğal etmiş təcavüzkar dövlət üzərində üstünlüyü təmin etmək üçün Azərbaycan Respublikasının Ali Baş Komandanın tapşırığı ilə qiymətinə və keyfiyyətinə görə ən yaxşı silah və hərbi texnika nümunələrini seçərək alırıq. Türkiyə NATO-nun üzvüdür, amma Rusiya, Çin, Ukrayna və digər dövlətlərdən silah və texnika alması qətiyyən onun yüksək NATO standartlarına uyğunlaşmasına mane olmur.


Paylaş



Bölmə: Müsahibə / Şəkilçarx / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!