Sağ qalan 7 sərnişin Bakıya gətirildi .....                        Öldüyü deyilən Mahirin atası: "Sağ olduğunu bu gün öyrəndik" .....                        Kimliyi müəyyənləşənlərin sayı 10-a çatdı - 4-ü Azərbaycan vətəndaşıdır .....                        Rusiya Azərbaycana təzminat ödəməli olacaq .....                        Təyyarə qəzasında həlak olanlardan biri futbolçudur - RƏSMİ .....                        İnsanların faciəli surətdə həlak olmaları xəbərindən sarsıldım - Çin lideri .....                        Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı .....                        Elfaq Nağıyev anıldı .....                        İlahə HƏBİB Yazır: Camaat nə deyər?! .....                       
Tarix : 11-10-2014, 09:14

Tarixi ədəbi təcrübə göstərir ki...  

Müsahibimiz filologiya elmləri doktoru, professor, Estetika və Azad sənətlər Akademiyasının (Rusiya) akademiki, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Şirindil Alışanlıdır.

Şirindil müəllim, 1976-cı ildən tənqidçi-ədəbiyyatşünas kimi fəaliyyət göstərirsiniz? Ötən bu tarixi dövrün ədəbi gedişatını necə dəyərləndirərdiniz, itirdiklərimiz və qazandıqlarımız nələr olub, ədəbi fikir perspektivlərini necə təsəvvür edirsiniz?

Mənim ədəbiyyat və elm aləminə gəldiyim illər bədii sözə, elmi düşüncəyə yüksək dəyər verildiyi, qaynar ədəbi prosesin mövcud olduğu bir dövr idi. Yazıçı-tənqidçi sözü yuxarıların da, aşağıların da ehtiram göstərdiyi, tarixi ədəbi-siyasi yaddaşın, milli düşüncənin daşıyıcısı olduğu kimi çağdaş ictimai münasibətlərdə də öz yeri və sosial tutumu vardı. İstedadla yazılmış istənilən yazı ədəbi janrından asılı olmayaraq geniş müzakirə predmetinə çevrilirdi. Siyasi senzura ilə yanaşı ədəbi orqanların əməkdaşlarının təmsil etdiyi bədii-estetik meyarlar mövcud idi. Nəhayət, müəllifin mənəvi-əxlaqi simasından irəli gələn təyin edən, söz sahibinin daxili bir senzurası vardı. Oxucunun, tamaşaçının sərəncamına verilən sözün məsuliyyətini cəmiyyət, müəllif, oxucu və yenidən cəmiyyət dairəsinin hər bir həlqəsi öz üzərində hiss edirdi. Tarixi ədəbi təcrübə göstərir ki, bu ədəbi prosesi tənzim etməkdə, xüsusən hakim dairələrin siyasi nəzarəti üçün geniş meydan verirdi. Digər tərəfdən, sözün daxili azadlığını bəri başdan məhdudlaşdırırdı. Sözlə təkbətək qalan müəllif – tənqidçiredaktor, siyasi senzura, təhlil etdiyi yazıçının cəmiyyətdəki imici, onun haqqında formalaşmış “mif” ədəbi-nəzəri təhlilin, estetik dəyərləndirmənin mahiyyətinə, məzmununa ciddi təsir göstərirdi. Bir qələm əhli kimi belə yaradıcılıq prosesinin ağrılarını çox yaşamışam. Ədəbi prosesdə geniş əks-səda doğurmuş, qapalı iclasların müzakirə predmeti olmuş ilk məqalələrimdən sonra Mərkəzi Komitə məni bir il çap olunmağa imkan vermədi. Arxivimdə saxladığım, 1976-cı ildə imzalanmış növbəti məqaləmi “Ədəbiyyat və incəsənət” qəzetinin sabiq redaktoru, rəhmətlik Yusif Əzimzadə mənə qaytarıb, təəssüf dolu baxışları ilə – “oğlum, bir az gözlə,” – dedi. Ədəbi aləmə təzəcə gəlmiş bir müəllif üçün bunun ağrı-acısını yaşamaq, geri çəkilməmək seçdiyim sənətə vurğunluqdan, sevgidən doğurdu. Bəzən təəccüblənirəm ki, ömrüm boyu aramsız açıq və gizli təzyiqlər qarşısında nə əcəb sınmamışam? Bunun birinci

səbəbiqan yaddaşından irəli gəlir, yaradıcılıq psixologiyasının bir çox şərtlərini müəllifin xarakteri təyin edir. Digər tərəfdən, böyüdüyüm ailə və mühit sənətə, elmə, onun müqəddəsliyinə təbii bir inam formalaşdırıb. Digər tərəfdən, ədəbi və elmi mühiti təmsil edən çox nəcib insanlarla ünsiyyətim olub, onların xeyirxahlığını, təmənnasız mənəvi dəstəyi həmişə hiss etmişəm. M.Cəfər, Mirzağa Quluzadə, Q.Qasımzadə, Y.Qarayev, Qulu Xəlilov, Kamal Talıbzadə, A.Rüstəmova – bu adların ehtiva etdiyi həyat və sənət meyarları indi də mənimlədir.

Mənim təmsil olunduğunu tənqidçi-ədəbiyyatşünas nəslini ədəbi cəmiyyətə təqdim edən, onun qolundan tutan, belə nəcib missiyanı bu gün də davam etdirən Elçin müəllimdir.

Bakı Dövlət Universitetinin ikinci kursundan yeni təşkil edilmiş ədəbi-tənqid ixtisas kurslarında bizə Mir Cəlal, Qulu Xəlilov, Bəkir Nəbiyev, Seyfulla Əsədullayev kimi məşhur tənqidçi – ədəbiyyatşünaslar dərs deyirdilər, mən onların dediklərini bəzən mütləq həqiqət kimi qəbul edirdim. Yəqin ki, düz də edirmişəm, həqiqət kultu, ədalət meyarı prinsipləri olmayan məqamda bütün təsəvvürlər puç olur. Bizim nəslin ədəbiyyata gəldiyi dövrdə sənət, elm, həyat haqqında paradiqma vardı. Cəmiyyət müəyyən idea, saf əxlaqi meyarlarla ilə nəfəs alırdı. Son 40 ilin tarixi ədəbi və ictimai-siyasi gedişatına nəzər yetirdikdə “həmişə başda olan”, bütün sınaqlardan “üzüağ” çıxan, elm və sənət sahələrini təmsil edənlərin “çevikliyi” məndə heyrət doğurur. Kommunist Partiyasının hakimiyyət kürsülərindən düşmək bilməyən, partiya təşkilatı rəhbəri kimi onun imtiyazlarından yararlananlar bir anda sovet gerçəkliyinin düşməninə çevrildilər, ateist təbliğatçılar Dini Şuraya üzv oldular. Bizim İnstitutda Rauf Sadıqov adlı əməkdaş var, o, kommunizm ideallarına əvvəllər necə inanırdısa, indi də elə inanır. Mənim Rauf müəllimə daha böyük ehtiramım var, nəinki puç mənəviyyatı, köləlik durumu ilə layiq olmadığı yerdə oturan, alim adı daşıyan biqələmunlara.

XX əsr – Sovet epoxası bütün naqislikləri ilə yanaşı postsovet məkanında yaşayan xalqların inkişafında müstəsna rol oynamışdır. Formasiyalar nəzəriyyəsinə əsaslanan sovet humanitar fikri bütün siyasi stereotiplərinə baxmayaraq bəşər mənəvi sərvətlərinin geniş xalq kütlələrinə çatdırılmasında müstəsna rol oynamışdır.

Kimin nə deməyindən asılı olmayaraq sovet sivilizasiyası tarixi bir mərhələ kimi mövcud olmuşdur. Sivilizasiya anlamını təyin edən iqtisadi, elmi, sosial-mənəvi

arqumentlər sovet sivilizasiyasını da müəyyən edir. Sovet repressiyalarının etiketləri – “xalq düşməni”, “Amerika casusu” okeanın o tayında kommunist düşüncəli adamları təqib üçün əks mənada tətbiq olunurdu. O ki qaldı sovet mədəniyyətinə, sovet ədəbiyyatına XX əsrin ən humanist sənət abidələri, həm də, sovet məkanında yaradılmışdır. Ədəbi fikir tarixində sosialist realizmi yaradıcılıq metodu ən uzun ömürlü olmuş, bu metoda mənsub ədəbiyyat, sənət adamları böyük ədəbi-bədii abidələr yaratmışlar. Bəzi müəlliflər “sovet dövrü” və sosialist realizm ədəbiyyatı arasında “Çin səddi” çəkmək istəyirlər. Guya realizm və romantizm kimi ədəbi cərəyanlara mənsub yazıçıların hamısı eyni istedadın sahibi olmuşlar? Sovet dönəmində də böyük istedad sahibi olub, əbədi ömrə malik əsərlər yaradanlar da olmuş, sırf rejimə xidmət edənlər də. Hər iki halda sənətkar istedadı, sənət amalı, ədəbi şəxsiyyət aparıcı olmuşdur. İndi də sosialist realizmi yoxdur ki! Hakim ideoloji qəliblər mövcud deyil ki! Belə yaradıcılıq azadlığı müqabilində ədəbi-bədii söz niyə hörmət və nüfuz sahibi deyil? Bu məsələlərə bir az sonra qayıdarıq.

Sovet dönəmində Azərbaycan ədəbiyyatı və ədəbi dili böyük inkişaf yolu keçmişdir. Milli ədəbi fikir dünya ədəbi prosesinin iştirakçısına, onun ehtiva etdiyi ədəbi-estetik normaların daşıyıcısına çevrilmişdir. Bilirsiz, bu mövzuda son vaxtlar daha obyektiv mövqedən danışanlar çoxalmaqdadır. Zaman keçdikcə yeni baxış bucağı formalaşır və bu prosesdə doğru qənaətə gəlməyin yolu konkret tədqiqat, elmi mübahisə və diskussiyalardan keçir.

Bu gün də, dünən də sabah da tərəqqinin yolu dialoqdan keçir. Lakin iki dünyagörüşün aradan götürüldüyü indiki məqamda beynəlxalq münasibətlərin mərkəzində monoloq dayanır. Bəlkə humanitar düşüncədə qloballaşma adı altında xalqlara yaşamaq, var olmaq, gələcəyini qurmaq resepti vermək iddiaları, həm də, mənəvi-əxlaqi və siyasi kataklizmaya səbəb olur. Bəşəriyyət idealsız yaşaya bilməz, bəs bu idealların ünvanı hardadır? Kommunizm qurmaq xəyallarınınpuç olduğu yaşadığımız vəhşi kapitalizm (belə demək mümkünsə) dövrü ədəbi-bədii fikirdə yeni meyillər yaratdı. “İşlə – sürün, oğurla – həzz al” gerçəkliyi insanı psevdo insana çevirir.

Gəlin son illərin ədəbi prosesinə elə dediyiniz tarixi kontekstdə yanaşaq. Vəziyyət sizi qane edirmi?

Kim özünü hansı şəkildə quruya çıxartmaq istəyirsə öz işidir. İndi yaranan ədəbiyyatla cəmiyyətdə gedən sosial, əxlaqi-mənəvi proseslər arasında kəskin

uçurum var. Yazıçıların çoxu inersiya ilə yazırlar. Yuxarıda dediyimiz sosialist realizmi ədəbiyyatındakı sənətkarlıq səviyyəsini epiqonçuluq əvəz edib. Nadir nəsr əsərləri, poetik nümunələr var ki, bugünün əhvali-ruhiyyəsini əks etdirir. Əxlaqi-mənəvi münasibətlərin mərkəzində biznes dayanır. Bütün dünyanın həyat meyarına çevrilmiş bu amil idmandan tutmuş, məişət mərasimlərinə qədər hər şeyi nəzarətə götürüb. İndi məşhur bir futbolçunun qazancı dünya klassikasının tədqiqi və nəşrinə kifayət edərdi. Bütün dünyada idman insan sağlamlığı missiyasından daha çox siyasi və biznes ambisiyalarının icrasına yönəlib.

Bizim ədəbi-elmi mühitdə isə daha eybəcər qənaətlər, vərdişlər baş alıb gedir. Dini maarifləndirmə intişar tapdıqca, mərhəmət, humanizm kimi dəyərlərin yerini amansızlıq, başkəsənlik əvəz edir. Görünür, bu dəyərləri də yenidən xalqa çatdırmağın şəxsi əxlaqi-mənəvi nümunəsini verə bilmirik.

Dəhşətli epiqonçuluq, zövqsüzlük xalqın böyük mənəvi sərvətlərini arxa plana keçirir. Mənasız hırıltıdan o yana getməyən tamaşalarda oturanların geyim-gecimləri, ədaları ilə nəyə hırıldadıqları arasında yerlə-göy arasında fərq var. Saatlarla mənasız, şit söz yığınından ibarət meyxana məclisləri ilə korlanmış zövq sahiblərinə sənət nümunəsini qandırmağın yolu uzun və əzablı olacaq. Çoxları kor-koranə bir fikri təkrar edirlər: indi demokratiyadır, kim nəyi istəyir onu da seçir. Bəşəriyyəti əsrlərdi düşündürən bu anlayış çox nisbidir. Bu demokratiya Sokratın faciəsi ilə, Hitlerin hakimiyyətə gəlməsi ilə nəticələndi. Cəmiyyət, dövlət hakim rolunda yox, qanunları tənzimləyici olmalıdır. “Ölünü özbaşına qoysan kəfəni yırtar”. Bunları ona görə qabartmaq istəyirəm ki, ədəbi tənqid, ümumən söz sənəti indi çox acizləşib. Məni çox təəccübləndirir ki, bu gün Ukraynadakı hadisələrdə iki xalqın, hətta deyərdim ki, vahid xalqın söz, sənət, elm adamlarının nə səsi gəlir, gəlsə də onları eşidən yoxdur. Mən bunu faciə hesab edirəm. Bütün silahları da susduran yenə söz olacaq. Əzab çəkən isə xalqdır, adi adamlardır. Bir az tənqidi ruhda düşünən yazan qələm əhlinə bir müxalifət damğası vurmaq xəstəliyi var. Əsil söz sahibi müstəqil düşünməsə, hamı dediyini desə, kütlə ilə onun fərqi nədə olacaq. Cəmiyyəti tarix boyu müstəqil düşüncə sahibləri irəli aparıblar. Yekdil fikir deyildiyi kimi, məzarstanda olur.

Şirindil müəllim, siz XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinə rəhbərlik edirsiniz. Son illərdə ən çox mübahisə predmeti məhz bu dövrün ədəbiyyatı və onu təmsil edən şəxsiyyətlər olub? İfratlardan çıxmağın, obyektiv qiymətləndirməyin zəmini haradadır?

Ötən əsrin, yəni sovet sivilizasiyasının ədəbi-bədii fikrimizin inkişafındakı rolundan ümumi danışdıq. Konkret olaraq onu deyim ki, yenidən dəyərləndirməni təkcə sovet dövrü ilə bağlamaq olmaz. Bu istiqamətdə nəzəri-tarixi və praktik məzmunda araşdırmalar davam etdirilir. Birinci növbədə, klassik irsin dövrləşdirilməsi humanitar fikrin tarixi kontekstində aparılmalıdır. Son on ildə aparıcı alimlərin iştirakı ilə keçirdiyimiz dörd Beynəlxalq və Respublika elmi konfransları, bu konfransların materialları məhz klassik irsi yenidən oxumağın, təhlil etməyin olduqca mürəkkəb məsələlərinə həsr edilmişdir. Xaricdən gəlmiş görkəmli mütəxəssislərin iştirakı ilə keçirdiyimiz “Humanitar elmlərin müasir durumu və ədəbiyyatşünaslığın nəzəri-metodoloji məsələləri” mövzusunda konfransın materiallarını nəzərdən keçirsəniz, burada müzakirə olunmuş problemlərin çözülməsinə hələ çoxlu vaxt və enerji sərf edilməlidir. Xüsusən də humanitar fikrin dövrləşdirilməsi lokal səciyyə daşıdığından dünyanın müvafiq elmi mərkəzləri ilə bu məsələni yenidən gündəmə gətirmək gərəkdir. Çünki ədəbiyyatşünaslıq son iki əsrdə müstəqil elm kimi formalaşıb fərdiləşdiyikimi, tarixin bir çox məqamlarında humanitar fikrin müştərək metodoloji meyarlarına möhtac olur. Başqa sözlə, öz inkişafının konkret zaman hüdudunda humanitar fikrin ortaq meyarları zəminində çıxış nöqtəsi axtarır. Son on ildə nəşr olunmuş Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatı, fəlsəfə tarixləri nəşrindən əvvəlki 30 ilin elmi nəticələrinəəsaslanıb. Bu çoxcildliklər formasiyalar nəzəriyyəsinə əsaslanan konsepsiya əsasında işlənib. Dünya elmi fikrində mövcud olan sivilizasiyalar haqda nəzəriyyələrdən burada əsər-əlamət yoxdur. İyirmi ildir eyni sözləri eşidirik: tariximiz, ədəbiyyat tariximiz və s. yenidən yazılmalıdır. Nəyin əsasında? Az-çox yeni dövrün arxiv materialları dövriyyəyə gətirilib. Ancaq dünya və milli humanitar fikrin tarixi təcrübəsinə əsaslanan elmi-nəzəri konsepsiya mövcud deyil və istiqamətdə konkret müzakirələr görünmür. Mövcud olan ədəbiyyatda “sivilizasiyalar” nəzəriyyələrini öyrənmək lazımdır”, “ictimai və humanitar elmlərin qarşısında duran problemlər öyrənilməlidir” kimi çağırışlar səslənir. Azərbaycanda humanitar təfəkkürün tarixini öyrənməyin ümumi və fərdi cəhətləri, strukturu, təhlil prinsipinin istiqamətləri qeyri-müəyyən qalır. Şübhəsiz, bir əsrə yaxın materialist nəzəriyyəyə əsaslanan humanitar fikri vərdişlərdən, stereotiplərdən xilas etmək mürəkkəb prosesdir. Bu humanitar elmlərin hər birində ortada olan problemdir və milli mənəvi irsin yeni məzmunda tədqiqində yol olmalıdır. A.Toynibi, K.Popper, K.Yaspers, M.Lotman, P.Sorokin, M.Veber, M.Haydeger, H.Qadamer, U.Priqojin, M.Fuko kimi şəxslərin adları ilə bağlı nəzəriyyələrin təcrübəsini nəzərə almadan mövcud düşüncə qəliblərindən çətin çıxaq.

Şirindil müəllim, nəzəriyyədən söz düşmüşkən, son illər bu mövzuda yazılmış kitablar sizi nə dərəcədə qane edir? Ədəbi-nəzəri fikrin inkişafında nəyə üstünlük vermək lazımdır, nədən imtina etməliyik?

Adətən böyük nəzəri məktəblər müəyyən tarixi epoxanın ədəbi təcrübəsinin yekunu, nəzəri ümumiləşdirilməsi kimi meydana çıxıb. Bəzən də ədəbi-estetik manifestlərə paralel ədəbiyyat, sənət yaranıb. Nəzəri-estetik fikrin uzun əsrlər sinkretik formada inkişafı tarixilik prinsipinin bərqərar olması ilə şaxələnmə prosesinə daxil oldu. Lakin son iki əsrdə də ədəbi-nəzəri fikir sosial-fəlsəfi təlimlərin kontekstində inkişaf edir. Son illər yazılmış “ədəbiyyat nəzəriyyəsi” adı altında çap olunmuş kitabların bir qismi sırf dərəslik səciyyəsi daşıyır və bu məqamda göstərilən sahədə mövcud olan mənbələrə müraciət olunmasında elə bir qəbahət yoxdur. Bu predmetin tərtib olunmuş proqramına uyğunlaşdırılır. Bu proqramı hazırlayanların səviyyəsindən də çox şey asılıdır. Bu başlıqla çap olunmuş kitabların müəlliflərinin çoxunun müasir nəzəri fikrin nailiyyətlərindən xəbəri yoxdur. Elmi-nəzəri fikir pillə-pillə inkişaf edir, özündən əvvəlki tarixi təcrübələrin yekunlarına əsaslanır. Ədəbi-nəzəri məktəblərin tarixini bilmədən bu sahədə yeni söz demək qeyri-mümkündür. Deyilmişlərə eybəcər mühakimə və obrazlarla yeni don geyindirmək qeyri-ciddi təəssürat yaradır.

Ədəbiyyat nəzəriyyəsi dünya elminin bir sahəsidir. Qərbin də, Şərqin də tarixi ədəbi-bədii təcrübəsinə əsaslanmalıdır. İndi elm sahələrinə Milli təyinat vetmək sadəlövhlükdür. Fizika, informatika, riyaziyyat nə vaxtdan milli olub? Müəyyən ölkələrdə məktəblər mövcuddur. Hətta Onkologiya Mərkəzini də “Milli onkologiya Mərkəzi” adlandırıblar. Bunun əvəzində Respublika sözü ilə onun statusunu müəyyən etmək olar. Konkret olaraq müasir səviyyədə “Ədəbiyyat nəzəriyyəsi”, ədəbiyyatşünaslıq lüğətləri yazmaq üçün ilk növbədə sanballı “Ədəbiyyat nəzəriyyəsi müntəxəbatı” hazırlamaq lazımdır. Bu təşəbbüslə irəli durduq. Xeyli material da hazırlamışıq. Kadr çatışmamazlığı ucbatından yarımçıq qalıb. Yeri gəlmişkən professor Qorxmaz Quliyevin son illər nəşr etdirdiyi “XX əsr Amerikan ədəbiyyatşünaslığında aparıcı cərəyanlar” (2011), “XX əsr ədəbiyyatşünaslıq konsepsiyaları” (2012) və “XX əsrin görkəmli ədəbiyyatşünas alimləri” (2014, Ü.Rəhimova ilə birgə) kitabları bu sahədə böyük bir boşluğu doldurmaqla yanaşı fundamental “Ədəbiyyat nəzəriyyəsi müntəxəbatı” yaratmaqda xüsusi rol oynayacaq və qiymətli dərs vəsaitləri kimi nəzəri fikrin inkişafına yardımçı olacaq. Qorxmaz müəllimin bu və digər kitabları haqqında xüsusi məqalə hazırladığım üçün bu informasiya ilə kifayətlənək. Yazılmış

nəzəriyyə kitablarının digər qüsuru Azərbaycan ədəbi-nəzəri fikrinin ayrı-ayrı kateqoriyalarının işlənməsindəki nailiyyətlərəbiganəlikdir. Klassik poetik formalar, vəznlər, poetik üslublar, yaradıcılıq metodları haqqında yazılmış əsərlər ədəbi fikrin milli təcrübəsinə əsaslandığı üçün öz elmi dəyərini saxlamaqdadır. “Azərbaycan ədəbiyyatının tarixi poetikası” silsiləsindən kitablar ədəbiyyatşünaslığımızda kök salmış sosioloji təhlildən uzaqlaşmağın səmərəli yolu kimi özünü doğrultdu. Tarixi poetika səpgisində araşdırmalar milli və dünya ədəbi fikrinin özümlü daxili qanunauyğunluqlarını üzə çıxartmağa zəmin olur. Bu seriyadan III kitab bədii təsvir sisteminin tarixi təkamülünə həsr olunub və tezliklə nəşr olunacaq. Onu da qeyd edim ki, “Ədəbiyyat nəzəriyyəsi” kateqoriyalarını “Tarixi və nəzəri poetika” ilə əvəz edən universitetlər sanballı elmi nəşrlərlə nail olublar. Çünki ədəbiyyat nəzəriyyəsi anlamına yamaq olan sosioloji kateqoriyalara burda yer qalmayıb.

40 illik yaradıcılıq yolu böyük təcrübədən xəbər verir. Yazıçı-tənqidçi münasibətlərini necə tənzim etmisiniz, edə bilmisinizmi?

Bu münasibətlərin təhlil və dəyərləndirmə prosesinə istər-istəməz təsiri olur. Şübhəsiz ki, sevdiyin və həqiqi sənət adamı ilə yaxın münasibətlər, onun şəxsiyyəti ilə tanışlıq yaradıcılığın “sirli” qatlarını açmağa yardımçı olur. Zəif nöqtələrə “toxunanda” isə bir çoxunun üzünü görməsən yaxşıdır. İndiyə qədər nadir hallarda mənə “yazı” sifariş edənlər olub, görünür, xarakterimdən irəli gəlir. Bu münasibətlərin dediyim tərəfləri ilə bağlı ədəbiyyat tariximizin öyrəniləsi dəyərləri var. Süleyman Rəhimovun M.Arif haqqında bənzərsiz məqaləsi yazıçı-tənqidçi münasibətlərinin incə psixoloji məqamlarından xəbər verir. “Mənim yaradıcılığım haqqında öz sözünü açıq-aydındediyi vaxtlarda təqdiredici qeydlərinə gəlincə xoşhal olmuş, demişəm zarafat deyildir, Arif Dadaşzadə belə deyir. Lakin bəzi parası bu mülahizələrin qabağına çıxsa da, “yel qayadan nə aparar?” deyə Məmməd Arifin qiymətlərində dayanacaq tapmışam. Ancaq onun məni tənqid edən qeydlərini oxuyunca, nə deyim, göynəmişəm. Sonralar düşünüb daşınmışam, demişəm, balam, kişi doğru deyir”.

Şirindil müəllim, müasir tənqidin nüfuzunun aşağı düşməsindən çox danışırlar. Bunun səbəblərini nədə görürsünüz?

Tənqid gərək özünə hörmət etsin, dediyi sözün məsuliyyətini daşısın.

Tənqidçi sənəti qiymətləndirəndə, ədəbi nümunəyə qiymət verəndə şəxsi münasibətləri sənətə qurban verməli deyil. Dostlarından qüdrətli qələm

sahiblərinin ikisinin son məqalələrindəki lüzumsuz tərəflər, yersiz epitetlər məni heyrətləndirdi. Qabaqda gedənlərimiz belə edəndə əlinə təzə qələm alanlardan hansı obyektivliyi tələb edək?

Şirindil müəllim, siz uzun illər naşir kimi də fəaliyyət göstərmisiniz. Bu sahə bilavasitə ədəbi proseslə bağlı olduğundan fikrinizi bilmək istərdik?

Azərbaycanda ilk özəl nəşriyyatı, “Sabah” nəşriyyatını mən təsis etmişəm. 17 il Akademiyanın nəşr işlərinə rəhbərlik etmişəm. Qısası onu deyərdim ki, bu sahədə gördüyüm işlərdən məmnunam. Böyük bir kitabxana həcmində müxtəlif elm, sənət sahələrini əhatə edən əsərlər nəşr etmişəm.

İyirmi beş illik naşirlik fəaliyyətim boyu ziyalılarımızın müxtəlif nəsilləri ilə yaradıcılıq əlaqələrim, dostluq münasibətlərim olub. Vaxt yarandıqca yaddaşıma həkk olunmuş ibrətamiz məqamları qələmə alacağam.

Kitab nəşri ilə məşğul olanlar savab iş görürlər. Çünki bu sahədə əzab-əziyyətdən başqa heç nə yoxdur. Bircə mənəvi rahatlıqdan zövq almışam.

Bir neçə kəlmə də indiki işləriniz haqda.

“Akademik Səməd Vurğun”, “Akademik Mirzə İbrahimov” kitablarımı nəşrə hazırlayıram. Müasir ədəbi proses haqqında məqalələrimi sizin qəzetə təqdim etdim.

Sərvaz HÜSEYNOĞLU



Paylaş



Bölmə: Müsahibə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!