20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 17-01-2025, 15:25
AĞRILARIMIZDAN YAZAN YAZIÇI


Miraslan BƏKİRLİ -70


Əziz ƏLƏKBƏRLİ
Qərbi Azərbzycan İcması İdarə Heyətinin sədri,
Milli Məclisin deputatı.


AĞRILARIMIZDAN YAZAN YAZIÇI

Biz uzun illərdir ki, ermənilərlə müharibə vəziyyətindəyik, on illərdir ki, ermənilərin fiziki və mənəvi soyqırımının qurbanlarıyıq, yüz illərdir ki, düşünülmüş, planlaşdırılmış bir siyasətin ağrı-acılarını ellərimizin və nəsillərimizin taleyində yaşayırıq. Tez-tez öz-özümdən soruşuram, əcəba, necə olur ki, yersiz-yurdsuz, soysuz-köksüz bir ovuc erməni bu böyüklükdə bir milləti bu qədər itkilərə məruz qoyur? Doğrudanmı təkcə ona görə ki, biz müsəlmanıq, onlar isə xristian və xristian dünyası onlara dəstək verir?! Doğrudanmı təkcə ona görə ki, Qafqaz çox vacib strateji coğrafi məkanda yerləşir və dünyanın bir sıra dövlətlərinin bu məkanda erməni kimi oyuncaq bir millətə, Ermənistan kimi oyuncaq bir dövlətə ehtiyacı var?! Doğrudanmı təkcə ona görə ki... Lənət şeytana! Bəlkə mahiyyəti itkilərimizə bəraət qazandırmaqdan başqa bir şey olmayan bu sualları bir kənara qoyub, azacıq da özümüzdə günah axtaraq, etdiklərimizi və etmədiklərimizi tərəzinin gözünə qoyub ədalətlə hökm verək?! Yəni özümüzdə heç günah olmayıb? Erməni aşına-aşına gəlib çıxıb ocaq başına və bunda bizim zərrə qədər günahımız yoxdur? İşimizin düzəlməyi xətrinə erməniyə dayı deyən biz deyilik? Doğrudur, indiyədək hələ heç kəs ayranına turş deməyib. Axırı nə olub? Ayranı turş olanların ayranı şirinləşibmi? «Sapı özümüzdən olan baltalar...» deyirik, amma unuduruq ki, atalar həm də «sapında varsa, küpündə də var» deyib axı!
Gəlin açıq danışaq. Erməni bizim Qərbi Azərbaycan boyda torpaqlarımızı, cənnət Qarabağımızı, ətraf ərazilərimizi təkcə ona görə işğal edə bilmədi ki, arxasında Rusiya vardı, həm də ona görə işğal edə bildi ki, yüz illərdir erməni kilsəsi və erməni ziyalıları, xüsusilə alimləri, yazıçıları öz xalqının hər doğulan yeni nəslini inandırıb ki, onlar dünyanın ən qədim millətidir, bütün Qafqaz, xüsusilə Cənubi Qafqaz, indiki Ermənistan və Azərbaycan torpaqları onların tarixi vətənləri, ata-baba yurdlarıdır, bu yurdlar gəlmə türklər tərəfindən işğal olunub və bugünkü erməni millətinin borcudur ki, nəyin bahasına olursa-olsun o torpaqları geri alıb «Böyük Ermənistana» qatsın və s. və i. a. Erməni alimləri əvvəl bu yalanları deyiblər, yazıblar, o qədər deyib-yazıblar ki, axırda öz yalanlarına özləri də inanıblar, sonra millətlərini inandırıblar, ən sonda da başlayıblar dünyanı inandırmağa. Budur, nəticə göz qabağındadır. Bu yalanlarla tərbiyə olunmuş ermənilər əllərinə silah alıb «öz tarixi vətənlərini türklərdən azad etmək üçün» müharibəyə başladılar. Artıq onları inandırmaq mümkün deyil ki, onlar özlərinin yox, başqalarının torpaqlarına iddialıdırlar. «Hər millətin yaxşısı da var, pisi də» deyənlərimiz də bilməlidirlər ki, qarşımızda normal bir millət yox, yüz illər ərzində belə yalanlarla zəhərlənmiş, hər nəfəri intiqama, qisasa yoluxdurulmuş, islah olunması üçün təzədən bir neçə yüz il tələb olunan bir etnik toplum durur.

Yaxşı, belə bir vəziyyətdə bəs biz nə etməliyik? Erməni yüz il, iki yüz il əvvəl haradan gəlib, təzədən ora öz xoşu ilə köçüb gedəsi deyil, biz də öz tarixi vətənimizdə yaşayırıq. Belə olan surətdə biz və bizdən sonra övladlarımız bunlarla qonşuluqda necə yaşayacağıq? Təbii ki, siyasətçilərimiz, diplomatlarımız üzərlərinə düşəni edir, amma əsas vəzifə millətimizin tarixi yaddaşını özünə qaytarmaq və övladlarımızı bu yaddaşın varisləri kimi tərbiyə etməkdir! Bunun üçün millətin bütün elmi-intellektual potensialı səfərbər olunmalıdır. Bu vacib işdə millətin hər nəfərinin üzərinə müəyyən məsuliyyət düşür. Ən böyük məsuliyyəti isə alimlərimiz və yazıçılarımız daşıyır. Bu gün yalanları ilə dünyanı başına alıb gedən ermənini durdurmağın yeganə yolu erməni yalanlarını sonadək ifşa etməkdir. Erməni yalanlarını ifşa etməyin yolu isə əsl tarixi həqiqətləri ortaya qoymaqdır! Erməni həmişə tarixi həqiqətlərin ortaya çıxmasından qorxub. Çünki özünün bütün varlığı saxtakarlıqlardan yoğrulub, tarixi də, mədəniyyəti də, həyatı da – nəyi varsa, hamısı saxtakarlıqlar üzərində qurulub. Alimlərimiz faktları ortaya çıxarıb, tarixə tam aydınlıq gətirməyincə, nə erməni dayanacaq, nə də bizim onu dayandırmağa gücümüz çatacaq.
Lakin bununla da iş bitmir, tarixi həqiqətlər ancaq tarix kitablarında qalacaqsa, biz elə axıra qədər kimlərisə özümüzün haqlı, erməninin haqsız olduğuna inandırmağa çalışacağıq. Amma heç kəs də bizə inanmayacaq, çünki zatən dünya bizim haqlı olduğumuzu bilir və bilə-bilə erməninin tərəfini saxlayır, ən yaxşı halda isə susur. Ona görə də bizə heç kəsi inandırmaq lazım deyil və ya ən azı təkcə bu lazım deyil. Biz ilk növbədə alimlərin ortaya qoyduğu tarixi həqiqətləri millətimizə oxutmalıyıq. Təkcə tarix kitabları şəklində yox, romanlar, povestlər, hekayələr, şeirlər, poemalar, dramlar şəklində! Millət təkcə tarix kitabları ilə yox, həm də və daha çox bədii əsərlərlə tərbiyə olunur. Bugünkü erməni milləti ona görə indiki qədər millətçi, şovinist, işğalçı bir millətdir ki, zaman-zaman raffilərin, abovyanların, xanzadyanların, ohanes şirazların, paruyr sevakların, kaputikyanların, balayanların əsərləri ilə tərbiyə olunublar. Mən demirəm erməni olaq. Heç düşmənimə də bunu arzulamıram. Amma heç olmasa gələcək nəsillərimizi özünü erməni kimilərdən müdafiə edə biləcək mənəvi gücdə formalaşdıraq.
Özünün hekayə, povest, romanları, elmi-bədii publisistik əsərləri ilə Miraslan Bəkirli məhz belə yazıçılarımızdandır.
Son zamanlar keçən yüzildə xalqımızın məruz qaldığı repressiya, deportasiya və soyqırımlardan danışanlar, yazanlar çoxalıb. Bu, özlüyündə yaxşıdır. Lakin bu mövzuda, elmi hazırlığı və ya bədii səviyyəsi olan da yazır, olmayan da. Bu ağrı-acıları öz taleyində yaşayan da yazır, yaşamayan da. Bu faciələrin mahiyyətini dərk bir yana, adicə təsəvvür etməyənlər də qələmə sarılıb. Belə olanda mövzu ucuzlaşır, dəyərsizləşir. Ona görə də mənim şəxsi qənaətim belədir: bu cür mövzularda ya yaxşı yazmaq lazımdır, ya da ümumiyyətlə, yazmamaq.
Bu baxımdan, Miraslan Bəkirli ədəbiyyatımızın örnək yazıçılarındandır. Təsadüfi feyil ki, bir yazımda yazmışdım ki, hər dəfə Miraslan Bəkirlini görəndə elə bilirəm dərdin, ağrının özünü görürəm. Ona görə yox ki, onun illərdən bəri televiziyada qədim yurd yerlərimizdən hazırladığı silsilə verilişlərin adı «Ağrı»dır. Yaxud ona görə yox ki, son zamanlar Miraslan Bəkirli ürəyinin ağrısından tez-tez şikayət edir. Ona görə ki, o, danışanda da, yazanda da dərdlərimizdən, ağrılarımızdan danışır və yazır.
Cəsarətlə demək olar ki, Miraslan Bəkirli çağdaş nəsrimizdə özünəməxsus yeri olan nasir-lərimizdəndir. Bu özünəməxsusluq onun mövzu seçimində, yazı üslubunda, təsvir manerasında, dilindədir. Miraslan milli-etnik yaddaşdan, türkün minillərin sınağından çıxan inanc və tapınaqlarından, yer-göy, əvvəl-axır, olum-ölüm, keçici-ədəbi olanlar barədəki mifik-mistik və sakral dünyagörüşündən süzülüb gələn yazıçıdır. Bunu hekayələrinin adı da təsdiq edir: Ruh, Ulartı, Qurd yağı, Hal, Xızır baba, Şeytan oğlu, Zurna səsi, Qarğa, Kəl, Qızıl balıq, Qoç, Qorxu, Ölüm, Çöpçü, Şeytan küpəsi, Həsrət, Yuxu və s. və i. a.

Bu hekayələrin hər birində varlıqla yoxluq, olumla ölüm arasındakı gerçək dünyanın təkcə görünən yox, həm də görülməli olan, lakin adi insanların çoxu üçün görünməz olan məqamları bədii ədəbiyyata gətirir. Olumla ölüm arasındakı bu dünya ilə olumdan əvvəlki və ölümdən sonrakı dünyalar arasında olan və ola biləcək bağlar axtarılır.
Bəzən adama elə gəlir ki, Miraslanın bu hekayələri ilə bu hirsli-hikkəli (soyuq və isti müharibələrin, təbii fəlakətlərin bir-birini əvəz etdiyi), kirli-paslı (ekoloji tarazlığın pozulduğu) dünyanın qayğıları arasında bir təzad, uyğunsuzluq, uyuşmazlıq var. Lakin bu hiss çox tez də keçib gedir və görürsən ki, elə Miraslan Bəkirli də bu dünyanın həmin itirilən dincliyindən, rahatlığından, mənəvi-psixoloji ekologiyasından danışır. Və onu da görürsən ki, bu itirilən milli və bəşəri, dünyəvi və ruhani dəyərləri təzədən qaytarıb tərəzinin qalxan gözünə qoymasan, bu dünyanın və dünyadakıların tarazlığı bərpa olunmayacaq.
Miraslanın yaradıcılığında hər an duyulan, hiss edilən ağrının ilk sızıltıları da elə buradan başlayır. Başlayır və «Yiyəsizlər» povestində əsl ağrıya çevrilir – yurd ağrısına, vətən, el, torpaq ağrısına. Bəlkə elə buna görədir ki, «Yiyəsizlər» povesti Miraslan Bəkirlinin nəsr yaradıcılığında xüsusi yer tutur. Lakin mən burada bu povestdən geniş danışmaq fikrində deyiləm, danışmayacağam da. Çünki bu povestdən danışmaq yox, onu dönə-dönə oxumaq, uşaqlarımza oxutmaq, əzbərlətmək lazımdır. Bu, bizim 1988-ci il faciələrimizin güzgüsüdür. Bu, bizik, bizim taleyimizdir. Biz hamımız o taleyi, o hissləri bir dəfə yana-yana yaşamışıq və qəbir evinə gedənəcən də unutmayacağıq...
Miraslan Bəkirlinin Azərbaycan ədəbiyyatı tarixində ən böyük xidməti xalqımızın 1988-ci ildə Qərbi Azərbaycan ərazisindəki soyqırımını bütün dəhşəti, mənəvi-psixoloji yaşantıları, maddi-fiziki və milli-mənəvi itkiləri ilə bədii nəsrimizə gətirməsidir. 1948-1953-cü illər deportasiyası ilə bağlı belə bir nəhəng işi vaxtilə istedadlı yazıçımız Məmməd Oruc «Köçürülmə» romanı ilə həyata keçirmişdirsə, 1988-ci il soyqırımını bədii ədəbiyyatda əbədiləşdirmək qisməti məhz Miraslan Bəkirlinin taleyinə yazılmışdır. Məncə, Miraslan özünün bu tarixi-ədəbi missiyasını hələ tam başa çatdırmamışdır, bundan sonra da davam etdirəcək və davam etdirməlidir də. Çünki bu, bizim hamımıza, bütün Azərbaycan xalqına və gələcək nəsillərimizə lazımdır.
Mən, Miraslan Bəkirlini bir də «Kəndim – kədərim» kitabında kəşf etdim. Bu, 1991-ci ildən «Vətən səsi» qəzetində çiyin-çiyinə ilədiyim, yazılarını həvəslə oxuyub, televerilişlərinə böyük maraqla baxdığım, çağdaş bədii nəsrimizdə sanballı söz olan «İstək» hekayələr və povestlər kitabının redaktoru və naşiri olduğum bir jurnalisti, yazıçını, dostu təzədən kəşf etmək idi. Bu kitab Miraslanın doğulub boya-başa çatdığı Cücəkəndə həsr olunub. Miraslanın bu kitabı necə məhəbbətlə yazdığı onun öz sözlərindən də anlaşılır: «O kənd mənim dünənimdi, dünyaya göz açanda ilk gördüyüm ilahi məkandı, sevin¬cimdi, kədərimdi, yuxularımdı, gerçəyimdi, xəyalımdı. O kənd mənim və ba¬balarımın beşiyidi, körpəliyimdi, uşaqlığımdı, yeniyetməliyimdi, gəncliyimdi»...
Miraslan ürək ağrısı ilə «sümüyümün yiyəsi olmayan kəndim...» deyir. Deyir və deyə-deyə də bu qədim Azərbaycan-türk kəndinə yüzillər, bəlkə də minillər boyu yaşayacaq əbədi bir abidə ucaldır. Bu abidə-kitabda bir kəndin mənəvi, mədəni, fiziki və sosial həyatının, demək olar ki, bütün cizgiləri öz əksini tapır. Miraslan illərdən bəri ancaq özünün olan, ürəyində, beynində və bəbəklərində gəzdirdiyi Cücəkəndi hamımızın Cücəkəndinə çevirir.
Miraslanın doğma Cücəkəndini nə qədər dəlicəsinə sevdiyinə bir də onda inandım ki, bir səhər çəkiliş kamerasını çiyninə alıb üç dövlətin torpağını ayaqlayıb, üç dövlətin sərhədini keçib, düz Cücəkəndə getdi. Özü demişkən, bu yolda ölüm də vardı, girov düşmək də. Lakin doğma yurdu görmək, doğma torpağın üstündə addımlamaq, üzünü dünyadan köçmüş əzizlərinin soyuq məzar daşlarına sürtmək hissi hər şeyə üstün gəldi. Miraslan həmin anlarda hansı hissləri keçirib – təsəvvür edirəm...

Görünür, bütün bunlara görədir ki, Miraslan Bəkirli özünün «Sürgün» romanını mənə təqdim edəndə mən bu romanı çox böyük həvəs və ümidlə oxumağa başladım. Bu əsərin uğurlu alındığına iki səbəbdən inanırdım. Birinci səbəb əsərin müəllifi ilə bağlı idi. Mən Miraslan Bəkirlinin bütün əsərlərinin oxucusu, hətta bəzi kitablarının redaktoru olaraq bilirdim ki, o, özünə və sözünə hörmət edən, özünün və sözünün çəkisini bilən və gözləyən yazıçılarımızdandır. Bəzi əsərlər var ki, onlarda hər şey yerindədir, ütülü cümlələr, maraqlı təsvirlər, bir-birini əvəz edən hadisələr, obraz, süjet, kompozisiya, ideya və s. və i.a. Amma nə isə çatmır. O çatmayan əsərin ruhudur. Bəzən yazıçı əsəri yaradır, amma ona ruh verə bilmir. Çünki ya özünün ruhu olmur – Yazıçı Ruhu, ya da mövzunu özününküləşdirməmiş, öz ruhuna-qanına hopdurmamış qələmə sarılır. Hər iki halda əsər ölü doğulur. Bəlkə birinci halı yazıçıya bağışlamaq olar, nə edəsən, yazıq özündə olmayanı əsərə necə versin. Belə yazıçıdan və belə əsərdən heç danışmağa dəyməz. Amma ikinci halı yazıçıya bağışlamaq mümkün deyil. Bunu ancaq yazıçı məsuliyyətsizliyi, özünə və ədəbiyyata hörmətsizlik hesab etmək olar.
M.Bəkirli isə hər iki mənada xoşbəxt yazıçıdır. O, sözün böyük mənasında Ruhu olan yazıçıdır.
Miraslan Bəkirli Qərbi azərbaycanlıların 1988-ci il soyqırımını özünün, ailəsinin və ətrafının taleyində yaşayan insanlardandır. Ona görə də əsərindəki soyqırım, onun tərkib hissəsi kimi repressiya, sürgün faciəsinin ağrılarını bütün dəhşəti və bütü incəlikləri ilə təsvir edə bilir, bu ağrıları yaşayır və oxucusuna yaşadır. «Sürgün» romanının uğuruna təminat verən ikinci səbəb əsərdəki təsvir obyektinin düzgün seçilməsidir. Belə ki, Qərbi Azərbaycanın Vedibasar mahalının Səttaruşağı nəsli xalqımızın 20-ci yüzildə yaşadığı tarixi hadisələrin bütün keşməkeşlərindən keçmiş, millətimizin başına gətirilən bütün faciələri taleyində yaşamış, lakin yenə sınmamış, qürurunu, ləyaqətini saxlamış, ayaq üstə qalmış, daha da irəli getmiş, bu gün də böyük şərəflə öz vətəninə və millətinə xidmət edən, inamla irəliləyən, bununla belə, əslini, kökünü də unutmayan bir nəsildir.
1918-ci ildə Andranikin quldur dəstələrinin Vedibasar mahalına hücumu zamanı daşnaklar Səttaruşağı nəslindən otuz altı nəfəri vəhşicəsinə qətlə yetirmişdilər. Atası Əli Səttar oğlunun və qohumlarının ölümündən sonra Musa Səttaroğlu Abbasqulu bəyin özünümüdafiə dəstələrinə qoşulur və daşnaklara qarşı müharibənin əsas qəhrəmanlarından birinə çevrilir. Abbasqulu bəyin silahdaşı, dostu, Kərbəlayı İsmayılın isə qohumu olan Musa Səttaroğlu Vedibasarın növbəti ağır günlərində – kolxoz quruculuğu dövründə Kərbəlayı İsmayılın Sovet hakimiyyətinə qarşı qaldırdığı qiyamın burulğanına düşür. Həm Abbasqulu bəyin, həm də Kərbəlayı İsmayılın haqlı arqumentlərinə təmkinlə qulaq asan Musa düşmənlərin dəyirmanını işlədən bu burulğanda onların hər hansı birinin batmasının milli mənafeyə xidmət etmədiyini çox gözəl başa düşür, onların ikisini də qorumağa çalışır, lakin proseslərin qabağını saxlamaq mümkün olmur: Abbasqulu bəy aldadılmış qiyamçılar tərəfindən öldürülür, onu öldürənlər isə amansızcasına cəzalandırılırlar. Qaçanlar qaçır, qalanlar güllələnir, sürgün olunur. Kərbəlayı İsmayıl Türkiyəyə qaçır, oğlanları aldadılıb gətirilərək güllələnir. Musanın, bir çoxlarının özü və ailələri Sibirə, Qazaxıstana sürgün edilirlər.
Əsərdə bu sürgünün bütün təfərrüatları açılıb ortaya qoyulur, «Sürgün» aktının təkcə sosial-siyasi yox, həm də mənəvi-psixoloji, insani, daha doğrusu, antiinsani mahiyyəti uğurlu bədii üsul və detallarla təsvir edilir. 1937-ci ilin soyuq bir qış günündə Qazaxıstanın Cambul vilayətinin Kenes kəndinə sürgün olunan insanların iki ay ərzində yük vaqonlarında yaşadıqları tam bir Qiyaməti xatırladır. Bu Qiyamətdə – əllərin əllərdən, ayaqların yerlərdən, gözlərin göylərdən üzüldüyü yerdə insanlar çox sərt sınaqlara çəkilir, Şər insanları şərə sürüklədikcə İnsanlıq ayağa qalxır, hamı tikəsini bir-biri ilə bölüşür, nəinki tikəsini, hətta döşündəki südünü belə öz balasının boğazından kəsib tanımadığı yetim bir körpə ilə bölüşənlər olur. Xəstəsinin boğazına tökməyə bir udum su, ölüsünün üstünə atmağa bir ovuc torpaq tapmayan bu insanlar bu qədər dözümü, bu qədər səbiri, mətinliyi haradan alırlar, görəsən?! Əsəri oxuduqca bu suala cavab tapırıq. Əsərdə Cahan arvad, Əsmər ana, Telli Azərbaycan anasının, Azərbaycan gəlininin simvolu kimi ümumiləşdirilir. Əsəd, Əhməd, Məhəmməd kişilik, insanlıq borclarına axıradək sadiq qalırlar.

Nəhayət, Qiyamət – vaqon həyatı başa çatır. Məşəqqət – sürgün həyatı başlayır. İnsanlar yenidən sınağa çəkilirlər. Bu həyat mənə tanış gəlir...
1989-cu ildə elmi əməkdaşı olduğum Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutundan alim yoldaşım Məhərrəm Qasımlı ilə Qazaxıstanın həmin Cambul vilayətinə ezamiyyətə göndərilmişdik. Məqsəd 1937-ci ildə sürgün olunan insanlarımızı, onların övladlarını axtarıb tapmaq idi. Hamı başımıza dolanırdı, «son 52 ildə Bakıdan gələn ilk rəsmi nümayəndəsiniz» deyirdilər. Bir ay orada qaldıq, insanları dinlədik, sürgün səbəblərini, sürgün talelərini, sürgün faciələrini danışdılar. Vətən deyəndə gözü yol çəkən, dodaqları əsən qocaları, vətən nisgilli bayatılar çağıran nənələri dinlədik, Çu çayına Araz adı verən, Azərbaycan deyəndə gözünü bir yumub, min tökən soydaşlarımızın dərdinə şərik olduq. «Sürgün» romanı mənə o günləri bir də yaşatdı, o insanlar təzədən gəlib durdu gözümün qabağında. Ən qəribəsi də budur ki, mən o insanların talelərini, o insanların söhbətlərini 1989-cu ildə öz dillərindən eşitdiyim kimi oxudum «Sürgün» romanında. Elə bu yerdə bir də inandım ki, «Sürgün» romanı çağdaş ədəbiyyatımızda öz layiqli qiymətini alacaq.
«Sürgün» romanının ən ibrətamiz cəhəti odur ki, burada Azərbaycan insanının bütün əzab və məhrumiyyətlərdən keçərək Şərə qalib gəlməsini görürük. Dörd yaşında ana qucağında sürgünə yollanan Əli adlı körpə – Səttaruşağı nəslinin nümayəndəsi iyirmi yeddi yaşında artıq tanınmış yol-tikinti mütəxəssisi kimi Bakıya qayıdır. Söhbət Azərbaycan xalqının dünyaşöhrətli oğlu, texnika elmləri doktoru, professor Əli Musa oğlu Əliyevdən gedir.
Miraslan Bəkirlinin bu il 70 yaşı tamam olur. Dəyərli yazıçımıza yaradıcılığında yeni-yeni uğurlar arzulayıram.


Paylaş



Bölmə: Turan / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!