Şərqşünaslıq İnstitutunun gənc alimlərinin ötən 6 ay ərzində nüfuzlu xarici elmi jurnallarda bir sıra məqalələri dərc olunub.
Butov.az xəbər verir ki, bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi Namiq Məmmədovun “Türkiyədə Milli Görüş hərəkatının ideologiyası və tarixinin analizi” məqaləsi “İnternational Journal of Social, Political and Economic Research” jurnalında dərc olunub. Alimin V Beynəlxalq Paris sosial elmlər konfransındakı “Alparslan Türkeşin Türkiyənin siyasi tarixində rolu” adlı məruzəsinin və Nyu-Yorkda təşkil olunmuş IV beynəlxalq konfransdakı “Türkiyədə 2002-ci il parlament seçkilərinin analizi” mövzusunda məruzələrinin mətni müvafiq konfransların materiallarında nəşr edilib.
Din və ictimai fikir tarixi şöbəsinin elmi işçisi Elnur Mustafayevin “İlkin qəbilə dinlərində mehdilik inancının motivləri” adlı məqaləsi Bolqarıstan Cənub-Qərb Universitetinin fəlsəfə və politologiya sahələri üzrə ixtisaslaşmış, “Erih Plus” indeksli “NOTABENE” elektron elmi jurnalında dərc edilib. Alimin “Səfəvilər dövlətinin ideoloji siyasətində mehdilik inancının yeri” məqaləsi isə Ukraynanın V.İ.Vernadski adına Tavriya Milli Universitetinin “Vçeni zapiski” jurnalında çapdan çıxıb.
Türk filologiyası şöbəsinin elmi işçisi Xanım Abdullayevanın Beynəlxalq İğdır Sosial Elmlər Konfransının materiallarında ilk türk novella yazarına dair məruzəsinin mətni çap olunub.
Mərkəzi Asiya ölkələri şöbəsinin aparıcı elmi işçisi dosent Təranə Həşimovanın müasir Azərbaycan və özbək ədəbiyyatında Əmir Teymur obrazına dair məqaləsi Türkiyədə, həmçinin özbək şairi Tahir Kahharın yaradıcılığına dair məqaləsi Ankara Universitetinin “Türkoloji dergi”sində çap olunub.
Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin elmi işçisi Lalə Qasımlının tərtib etdiyi və redaktoru olduğu “Altmışıncılardan günümüzə Azərbaycan hekayəsi” toplusu Ankarada türk dilində nəşr olunub. Topluda əsasən türk, eləcə də bir sıra Azərbaycan müəlliflərinin müasir Azərbaycan şair və yazıçılarına dair məqalələri yer alır. Bu sırada Lalə Qasımlının “”İsmail Şıhlı`dan Mertlik Dersi: Namert Kurşunu” məqaləsi də topluda dərc olunub.
İran filologiyası şöbəsinin elmi işçisi Nigar Ağayeva Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi və AMEA-nın birgə layihəsi çərçivəsində Tehran şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət İnstitutu tərəfindən üzv ölkələrin hər birindən 100 atalar sözü əks olunacağı fars dilində kitabın çap edilməsi üçün Azərbaycan atalar sözlərinin fars dilində ekvivalentlərini tərtib edib.
Gənc şərqşünaslar öz səmərəli fəaliyyətlərini uğurla davam etdirirlər və 2021-ci ilin ikinci yarısında bir sıra beynəlxalq konfranslarda, tədbirlərdə iştirakı planlaşdırırlar, nüfuzlu elmi jurnallara yeni elmi məqalələr təqdim edirlər.