Azərbaycan döyüş təyyarələrini havaya qaldırdı - VİDEO
Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş təyyarələri hazırlıq planına uyğun olaraq, təlim-məşq uçuşlarını icra edib. Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilib: "Hərbi pilotlar tərəfindən qalxma və enmə, aşağı, eləcə də orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunub. Hərbi qulluqçuların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlər zamanı hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər."
İstifadəyə yararsız döyüş sursatları məhv ediləcək
İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi prosesi davam etdirilir. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən döyüş sursatlarının məhv edilməsi prosesi 14.10.2024-cü il tarixindən 18.10.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək. "Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək", - məlumatda vurğulanıb.
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak ediblər. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi “X”dəki səhifəsində məlumat yayıb. Qeyd edilir ki, Türkiyənin Dağ, Desant Məktəbi və Təlim Mərkəzi tərəfindən dəvət olunmuş Azərbaycan hərbçiləri üçün "Alpinizm təlimi" keçirilib.
Azərbaycan Ordusu Quru Qoşunlarının raket və artilleriya bölmələrində atəş tapşırıqları icra olunub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2024-cü ilin hazırlıq planına uyğun olaraq, atəş dəstəyi həyata keçirəcək bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq atəş mövqelərini tutublar. Real döyüş şəraitinə uyğun keçirilən təlimdə şərti düşmən hədəflərinin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib. Təlimin keçirilməsində əsas məqsəd raket və artilleriya bölmələrində komandirlərin idarəetmə vərdişlərinin təkmilləşdirilməsi, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı əlaqənin inkişaf etdirilməsidir.
Ötərxan Eltacın “SƏBRİN İNTİQAMI” adlı kitabı işıq üzü görüb.
Şair-publisit Ötərxan Eltacın “SƏBRİN İNTİQAMI” adlı yeni kitabı işıq üzü görüb. Birinci Vətən müharibəsində və İkinci Vətən müharibəsində qorxmazlığı və cəsarəti ilə qəhrəmanlıq dastanı yazan, şərəfli hərb tariximizə öz adını qanı ilə həkk edən müzəffər ordumuzun yenilməz əsgəri – qazi Elsevər Hüseynovun amansız döyüşləri öz əksini tapıb. Vətən sevgisi və qisas hissi ilə alovlanan Elsevər döyüş meydanında saysız-hesabsız ağır texnikaların yararlı və yarasız halda ələ keçirilməsində, iri çaplı silahların qənimət olaraq ələ keçirilməsində, sursat maşınlarının, eləcə də sursat anbarlarının sıradan çıxarılmasında əvəzsiz xidmətlər göstərib. Bütün bunlar nəzərə alınaraq Elsevərin döyüş yoluna işıq tutuldu. Çünki o, ibrət və örnək oğullardan biridir. Müvəffəqiyyət, uğur, qələbə, nailiyyət və zəfər yenilməz oğulların gücündən, qüdrətindən doğar. Qüdrətli oğulların yalnız yumruğu deyil, kəlməsi də diktə edər. Qeyrəti qalxan, ədaləti gürz, hökmü ox olan qəhrəmanın yurduna yağı göz dikə bilməz. İnanırıq ki, əlinizdə tutduğunuz bu kitab Elsevər kimi dastan yazan oğulların yoluna işıq tutan bir çıraq olacaq. Çırağınız sönməsin heç vaxt.
Azərbaycan Ordusunda mühüm kadr dəyişikliyi olub. General-mayor Quliyev Vilayət Bərxuda oğlu 2-ci ordu korpusuna komandir təyin olunub. Qeyd edək ki, həmin korpusun komandiri general-leytenant Mayis Bərxudarov idi. Mayis Bərxudarov sərəncama götürülüb. Xatırladaq ki, Vilayət Quliyevin rəhbərlik etdiyi hərbi hissə 44 günlük Qarabağ savaşında Füzuli, Cəbrayıl, Hadrut istiqamətində bir çox yaşayış məntəqələrini işğaldan azad edib. Prezident İlham Əliyevin 25 iyun 2024-cü il tarixli Sərəncamı ilə Vilayət Bərxuda oğlu Quliyevə general-mayor ali hərbi rütbəsi verilib.
Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üçün ayrılıqda müvafiq vasitələrlə təmin edilməsi qaydası və təminat norması müəyyən edilməyəcək, onlar üçün ümumi qayda müəyyən ediləcək. Bu, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib.
“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ndə dəyişikliklər edilib. Nazirlər Kabineti bu barədə qərar verib. Bu Qərar 2024-cü il iyunun 5-dən tətbiq edilir.
Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə Gürcüstanda keçirilən “Eternity-2024” çoxmillətli komanda-qərargah təlimi başa çatıb. Hər üç ölkənin hərbi qulluqçuları və aidiyyəti dövlət qurumlarının nümayəndələri Vaziani təlim mərkəzində strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları yerinə yetiriblər. İştirakçı ölkələrin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin olunması məqsədilə keçirilən təlimdə iştirakçılar yüksək peşəkarlıq nümayiş etdiriblər.
Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) xüsusi təyinatlı bölmələri ilə “Gecə şəraitində düşmən obyektinə qəfil basqın” mövzusunda taktiki-xüsusi təlim keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib kİ, plana əsasən icra olunacaq fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib. Xüsusi təyinatlılar məhdudgörmə şəraitində şərti düşmənin dərinliyinə sızaraq pusqu, basqın və müxtəlif təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər. Vaxt normativinə uyğun təyin olunan yüksəklik xüsusi təyinatlılar tərəfindən ələ keçirilib, dairəvi mühafizə və müdafiənin təşkili ilə növbəti hakim yüksəkliyin tutulması üçün mobil qruplar fəaliyyətini davam etdirib. Təlim zamanı təminat-təxliyə qrupları tərəfindən yaralıların təxliyəsi və sursat təminatının çatdırılması da praktiki məşq etdirilib. Azərbaycan Ordusunun son dövrlərdə apardığı uğurlu döyüş əməliyyatlarında qazanılan təcrübənin tətbiq edildiyi taktiki-xüsusi təlimdə verilən tapşırıqlar yüksək peşəkarlıq və səriştə ilə yerinə yetirilərək qarşıya qoyulmuş məqsədlərə tam nail olunub.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!