6-07-2023, 12:36
Bakı Təşəbbüs Qrupu yaradıldıFransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu yaradılıb. Bu gün Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna həsr olunan tədbirdə iştirakçılar Fransanın müasir müstəmləkəçilik siyasətinin aradan qaldırılması yolları, Afrika qitəsində və dünyanın müxtəlif regionlarında de-fakto mövcud olan köləliyin kökünün kəsilməsi üçün zəruri addımların atılması istiqamətində fikir mübadiləsi aparıblar. Sonda bəyanat qəbul edilib. Bəyanatda iştirakçılar Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu yaradılmasına dair razılığa gəliblər.
Qeyd edək ki, toplantı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə baş tutub. Tədbirdə BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Yeni Kaledoniya parlamentinin sədri Rock Wamytan, Fransız Polineziyası Assambleyasının prezidenti Antony Geros, Fransa Milli Assambleyasının deputatı Jean-Victor Castor və digər şəxslər iştirak ediblər.
6-07-2023, 12:24
Azərbaycana gətirilən dərmanların sertifikasiyası çox qəliz iş olub - Deputat“Bir neçə əsas şirkətin rəhbərləri ilə görüşmüşəm. Bildirilir ki, Azərbaycana gətirilən dərmanların sertifikasiya məsələsi çox qəliz iş olub”. Bunu Milli Məclisin növbədənkənar sessiyasının iclasında deputat Vahid Əhmədov bildirib. “Aylarla gözləyirlər və axırda da qərar verilir ki, satmaq olmaz. Niyə müddət bu qədər uzundur? Dərman qıtlığı nədən yaranıb? Ölkə apteklərində çox ciddi dərman qıtlığı var. Dərmanın keyfiyyəti də ciddi məsələdir. Dərman alırsan heç bir təsir göstəmir. Alman apteklərindən alınan dərmanlar isə keyfiyyətli olur, niyə? Qiymətlərin baha olması ilə əlaqədar neçə vaxtdır deyilir ki, layihə hazırlanır. Təqdim edin, görək, o nə layihədir”. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə deputata cavab olaraq bildirib ki, bununla bağlı ciddi problem var: “Dərmanın keyfiyyət və qiymətləri ilə bağlı doğurdan da ciddi problemlər var. Bunun səbəbi ölkədə dərman istehsalının olmamasıdır. Dərmanların əksəriyyəti xaricdən gətirilir, bu da ciddi problemlər yaradır”.
6-07-2023, 12:12
Sertifikasiya imtahanında sualların çətinlik həddi artacaqSertifikasiya imtahanında sualların çətinlik həddi dəyişəcək. Bunu elm və təhsil naziri Emin Əmrullayev sertifikasiyadan yüksək nəticə əldə etmiş müəllimlərlə görüşündə deyib. “Sertifikasiya imtahanlarının suallarının məzmunu getdikcə çətinləşdiriləcək. Bu, zamanla olacaq. Birdən-birə dərəcəni qaldırmaq faydasız olar", - nazir deyib.
6-07-2023, 11:30
İlham Əliyev ilə Paşinyan arasında görüş olacaqBelçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olacaq. Bu barədə Paşinyan hökumətin iclasında bildirib. Onun sözlərinə görə, görüş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutacaq. Paşinyan çıxışı zamanı qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni imzalanmaya hazır deyil və bunun üçün şərait yetişməyib. “Ümid edirəm ki, qarşıdan gələn görüş zamanı Vaşinqtonda qeydə alınan müsbət məqamlar nəzərə alınacaq”, - baş nazir əlavə edib.
6-07-2023, 11:14
Müəllimlərin dörddə biri sertifkatlaşdırmaya cəlb edilib - NazirMüəllimlərin dörddə biri sertifkatlaşdırmaya cəlb edilib. Bunu sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşən Elm və Təhsil naziri Emin Əmrullayev söyləyib. "Ötən il hər kəs o cümlədən, müəllimlərdə bu prosesdən narahat idi. İndi isə müəllimlərin dörddə birini sertifikatlaşdırmadan keçirmişik. Əgər biz bunu bir il ərzində etmişiksə, digər qalanların da sertifikatlaşfırmadan keçirəcəyik",- nazir bildirib.
6-07-2023, 11:00
Tanınmış aparıcı xəstəxanaya yerləşdirildiAzərbaycan Dövlət Televiziyasının (AzTv) aparıcısı Natəvan Babayevanın vəziyyəti stabildir. Bu barədə "Liv Bona Dea Hospital"ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Samir Oruc bildirib. "Natavan xanım ötən gün anidən halı pisləşərək hospitala yerləşdirilmişdi. Artıq vəziyyəti stabildir, özünü yaxşı hiss edir. Maraqlanan, dəstək olanlara təşəkkür edirik", - o deyib.
Qeyd edək ki, onkoloji xəstəliklə mübarizə aparan tanınmış jurnalistin müalicə üçün Türkiyəyə gedərkən Bakıda hava limanında halı pisləşib. Ailəsi onu “Liv Bona Dea Hospital”a yerləşdirib. Xatırladaq ki, Natəvan Babayeva AzTV-dən öncə uzun illər ANS televiziyasının aparıcısı olub.
5-07-2023, 20:19
XİN Başçısı malayziyalı həmkarıyla bir sıra məsələləri müzakirə etdi5 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər iclası çərçivəsində Malayziyanın xarici işlər naziri Zambri Abd Kadir ilə görüşüb. Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, görüşdə Ceyhun Bayramov Azərbaycanın 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi barədə qarşı tərəfə məlumat verib və hər iki ölkənin təşkilat çərçivəsində uğurla əməkdaşlıq etdiyini bildirib. Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş potensialın olduğunu bildirib, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə ediblər. Nazirlər Azərbaycan ilə Malayziya arasında Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) çərçivəsində də sıx əməkdaşlığın vacibliyini vurğulayıblar. Görüş zamanı iki ölkə arasında qarşılıqlı təmasların genişləndirilməsinin vacibliyi vurğulanıb. Tərəflər, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
5-07-2023, 19:34
Ceyhun Bayramov özbəkistanlı həmkarıyla görüşdüAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər İclası çərçivəsində ölkədə səfərdə olan Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb. Görüşdə iki xalq arasında tarixən mövcud ənənəvi dostluq və qardaşlıq əlaqələrinin, qarşılıqlı siyasi etimadın və iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişafından məmnunluq ifadə edilib, hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Bu xüsusda, hər iki ölkənin rəhbərləri səviyyəsində qardaşlıq və dostluğa əsaslanan təmaslarının müstəsna rolundan bəhs edilib. Habelə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti, müntəzəm əsasda həyata keçirilən yüksək səviyyəli təmaslardan irəli gələn məsələlər, siyasi, sosial-iqtisadi, humanitar və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Bu xüsusda, iki ölkə arasında institusional dialoq mexanizmi kimi davamlı yol xəritəsinin müəyyənləşdirilməsinin vacibliyi qeyd olunub.
Görüşdə həmçinin ikitərəfli müstəvi ilə yanaşı, beynəlxalq platformalarda da əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri məmnunluqla vurğulanıb. Bu gün ölkəmizdə keçirilən bu mötəbər tədbirə dəvətə görə təşəkkür edən Baxtiyor Saidov Azərbaycanı tədbirin yüksək səviyyədə təşkilinə görə təbrik edib, ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi çərçivəsində reallaşdırılan təşəbbüslərini yüksək qiymətləndirib. Məhz Azərbaycanın sədrliyi dövründə Hərəkatın davamlı və dinamik surətdə inkişaf etdiyini vurğulayıb. Görüş zamanı eyni zamanda digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
5-07-2023, 18:04
Prezident Fələstinin XİN Başçısını qəbul etdiİyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Malikini qəbul edib. Riad Əl-Maliki Azərbaycanın Fələstində diplomatik nümayəndəliyinin açılması ilə bağlı təşəkkürünü bildirdi. O, Azərbaycanın xarici işlər nazirinin Fələstinə səfərinin önəmini vurğuladı, bu addımların Azərbaycanla Fələstin arasında ikitərəfli əlaqələrin inkişafına ciddi təkan verəcəyinə əminliyini ifadə etdi. Fələstinin xarici işlər naziri Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırdı. O, Azərbaycanın Fələstinə göstərdiyi daimi humanitar yardımın və dəstəyin Fələstin xalqı tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı. Riad Əl-Maliki Azərbaycanı öz torpaqlarını işğaldan azad etməsi münasibətilə təbrik etdi. Azərbaycan Prezidenti Fələstin Dövlətinin Baş naziri Mohammed Ştayyeh ilə görüşünü məmnunluqla xatırladı. Dövlətimizin başçısı bu görüş əsnasında Fələstində Azərbaycan tərəfindən məktəbin tikilməsi layihəsi barədə müraciətin olduğunu qeyd edərək, buna müsbət münasibətin bildirildiyini və tezliklə bu layihənin icra olunacağını dedi. Dövlətimizin başçısı Azərbaycanın Fələstində diplomatik nümayəndəliyinin açılmasını müsbət addım kimi dəyərləndirdi.
Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
5-07-2023, 17:02
Azərbaycan İran üçün qardaş ölkə hesab olunur - AbdullahiyanAzərbaycan İran üçün yaxşı qonşu, qardaş ölkə hesab olunur. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan iyulun 5-də Bakıda jurnalistlərə açıqlamasında deyib. O, bu gün Prezident İlham Əliyevlə görüş keçirdiyini xatırladıb: “Prezident İlham Əliyevlə uğurlu danışığımız oldu. Görüşümüz 90 dəqiqə çəkdi. Azərbaycanın milli təhlükəsizliyini İranın və regionun təhlükəsizliyi hesab edirik. Prezident İlham Əliyevlə görüşdə Azərbaycanın Tehrandakı səfirliyində baş verən hadisəni geniş müzakirə etdik. Biz tarixi kommunikasiyaların davamı olaraq dəmiryolu nəqliyyatının tezliklə açılması barədə razılığa gəlmişik. Biz, həmçinin regiondakı vəziyyətlə bağlı çox geniş müzakirələr apardıq”. "İran və Azərbaycan xalqları regionda ən çox ortaq məxrəcə malik olan xalqlardır. Biz anlaşılmazlıqları aradan qaldıraraq ölkələrimiz və xalqlarımız arasındakı müştərək əlaqələri yenidən bərpa edə bilərik. Cənubi Qafqazdakı bütün problemlərin sülh və danışıqlar yolu ilə həll oluna biləcəyinə inanırıq”, - İranın XİN başçısı vurğulayıb.