20-08-2022, 01:20
Dünyanın ikinci ən yaşlı qadını vəfat etdi
Dünyanın ikinci ən yaşlı qadını Tekla Yunievicz vəfat edib. Bu barədə cümə günü Polşanın RMF radiostansiyası məlumat yayıb. 116 yaşında olan Polşa vətəndaşı ölkənin ən yaşlı və dünyanın ikinci ən yaşlı qadını idi. O, 1906-cı ildə anadan olub. Yaxınları qadının hər zaman aktiv, əhval-ruhiyyəsinin yüksək olduğunu, zarafat etməyi çox sevdiyini deyirlər.
20-08-2022, 01:05
Qəbələ və Xaçmazda meşə yanğınları söndürüldü Avqustun 15-dən etibarən Qəbələ rayonunun Abrıx, Tikanlı kəndləri və Tufandağ yaxınlığında, eləcə də Xaçmaz rayonunun Sibiroba kəndi yaxınlığındakı əkin yerlərində və meşə massivində qeydə alınmış yanğınlar bu gün axşam saatlarında tam söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. İlkin məlumata əsasən, yanğın nəticəsində Qəbələ rayonunun Abrıx, Tikanlı kəndləri və Tufandağ yaxınlığında təqribən 4 hektar ərazidə kol-kos və qurumuş ağaclar, eləcə də Xaçmaz rayonunun Sibiroba kəndi yaxınlığındakı əkin yerlərində və meşə massivində ümumilikdə 32 hektar ərazidə biçilmiş taxıl sahəsi, kol-kos və qurumuş ağaclar yanıb. Qeyd edək ki, yanğının söndürülməsi əməliyyatlarına FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Şimal və Şimal-qərb Regional mərkəzlərinin müvafiq qüvvələri, eyni zamanda Aviasiya dəstəsinin "BE 200 ÇS" amfibiya təyyarəsi və 2 ədəd helikopteri cəlb olunub. Yanğınsöndürmə işlərində, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, "Azərsu" ASC-nin və yerli icra orqanlarının əməkdaşları iştirak edib.
20-08-2022, 00:42
İran hərbçiləri Füzuli və Xocavənddə
Ölkəmizdə səfərdə olan İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələri Füzuli və Xocavənd rayonlarında olublar. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qonaqlara işğal zamanı Ermənistan silahlı birləşmələri tərəfindən törədilən vandalizmin nəticələri və dağıntılar, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan yenidənqurma işləri haqqında ətraflı məlumat verilib. Sonra nümayəndə heyəti şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksinin önünə gül dəstələri qoyub, ehtiramlarını bildiriblər. Komando hərbi hissəsini ziyarət edən İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələri burada hərbi qulluqçular üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olublar. Nümayəndə heyəti, həmçinin hərbi hissənin təlim mərkəzində hərbi qulluqçuların nümunəvi çıxışlarını izləyib. Qonaqlara 2016-cı ilin Aprel döyüşləri və Vətən müharibəsində hərbi birliyin keçdiyi döyüş yolu haqqında geniş brifinq təqdim edilib. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib. Səfər çərçivəsində İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələri Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə də tanış olub.