Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 5-08-2016, 15:38
İstedadın işığı, illərin töhfəsi...

Yaradıcı adamlardan söz düşəndə onun istedadı, zəhmətsevərlik səviyyəsini önə çəkirlər. Yüz faizlik ölçüyə istinadən onu da deyirlər ki, istedad 10 faizsə, əsas məqsədə çatmaq üçün çəkilən zəhmətin qədəri 90 faizdir. Bu sözlərdə böyük hikmət, məna tutumu var. Yaradıcı ziyalılarımızın ön sırasında addımlayan əziz dostum, həmkarım Hidayət Ağakişi oğlu Musabəylinin anadan olmasının 60 illiyi münasibətilə ürək sözlərimi kağıza köçürəndə bu hikmətin mənasını bir daha yəqin etdim, iftixar hissi keçirdim.
İstedadın işığı, illərin töhfəsi...

Axı əziz yubilyarımız Hidayət müəllimin 60 illik mənalı ömrünün nə az, nə çox düz 23 ilini bir yerdə keçirmişik. 1993-cü ilin yanvar ayında təhsil sistemimizin böyük memarı, keçən əsrin dörddə birini Azərbaycan marifinin nəzəri və təcrübi əsaslarının müəyyənləşdirilməsinə həsr edən akademik nazir- Mehdi Mehdizadənin anadan olmasının 90 illiyi münasibətilə Beyləqan şəhərində Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının təhsil işçilərinin iştirak etdiyi elmi-praktik konfransı xatırladım. Hidayət müəllim həmin tədbirə o zaman yenicə nəşr etdirdiyi "Akademik Mehdi Mehdizadə" biblioqrafik məlumat kitabcasını gətirmişdi. Problem dairəsində mühüm əhəmiyyətə malik olan bu mötəbər mənbə elə o andaca əl-əl gəzdi. Tədbir iştirakçılarında xoş ovqat yaratdı.
Bəli, Hidayət müəllim ilk qələm təcrübəsi, yaradıcılıq nümunələri ilə tanınmağa başladığı vaxtdan dadlı-duzlu yazıları ilə oxucuların diqqətini cəlb edir.
1 avqust 1956-cı ildə Qərbi Azərbaycanda - Allahverdi rayonunun Böyük Ayrım kəndində Ağakişi atanın ailəsində dünyaya gələn və indi 60 yaşına çatan dostum Hidayətin ömür yolunun heyrətamiz cəhətləri çoxdur. Orta məktəb illərində, Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində oxuduğu illərdə də fəallığı, müstəqil fikir, söz demək bacarığı ilə sayılıb-seçildi. 1974-cü ildən respublika mətbuatında öz şeiləri, elmi-publisistik məqalələri ilə yaxından iştirak etdi. Universitetin "Lenin tərbiyəsi uğrunda" qəzetində əməkdaşlıq etdi, ictimai həyatında fəallığı ilə seçildi. 1979-cu ildə ali ixtisas təhsilini başa vurandan sonra müstəqil əmək fəaliyyəti dövründə də tanındı, tay-tuşlarının, həmkarlarının rəğbətini qazandı. Əmək kitabcasının ilk səhifələri Sabirabad rayonunda yazıldı. Rayon Mədəniyyət Sarayında metodist, direktor əzəvi, habelə 1980-1981-ci illərdə Abşeron rayon Mərkəzləşmiş kitabxana sisteminin direktor müavini vəzifələrində çalışarkən səmimiliyi, təşəbbüskarlığı ilə hörmət, nüfuz sahibi oldu. "Abşeron" qəzetində bədii və elmi-publisistik yazıları ilə rayonun əbədi və ictimai həyatında fəal iştirak etdi. Heç şübhəsiz, bütün bunlar onun respublika əhəmiyyətli elm-təhsil ocaqlarının birində çalışmasına, səmərəli fəaliyyət göstərməsinə zəmin yaratdı. Yaradıcı ömrün gələcək inkişaf yolunu göstərən cığır Respublika Elmi-Pedaqoji Kitabxanasına istiqamətləndirdi. Elmi-metodika şöbəsinin müdiri vəzifəsinə irəli çəkilməsi də ürəyincə idi. Vəzifə borcu, vəzifə məhsuliyyəti də Hidayət müəllimi daha böyük əzmkarlıqla işləməyə ruhlandırdı. "Kitab çox dəyərli sərvətdir, kitab mənəvi zənginlik vasitəsidir. Kitabsız insanın mənəvi həyatını təsəvvür etmək olmur"-deyən gənc mütəxəssisin səsi ayrı-ayrı şəhər və rayonların təhsil şöbələrindən, mərkəzi kitabxanalarından, regionlar üzrə keçirilən elmi-praktik konfranslardan gəlirdi. Nəzəri-təcrübü əsaslara söykənən tövsiyələri ilə uşaq və məktəb kitabxanalarında çalışan mütəxəssislərin yoluna işıq tuturdu. Elm-bilik fəzilətini müxtəlif nəsillərə çatdırmaqda çox təsirli vəsitə olan kitaba-mütaliəyə maraq hissi oyatmaq işinə ibtidai siniflərdən başlamağı, habelə bir sıra prinsipial məsələləri diqqət mərkəzinə gətirməyi zəruri sayırdı.
İstedadın işığı, illərin töhfəsi...

Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi və Respublika Elmi-Pedaqoji Kitabxanasının tövsiyəsi ilə "Kiçik yaşlı məktəblilərdə mütəaliə mədəniyyətinin formalaşdırılması: işin məzmunu və prinsipləri" adlı vəsaitin çap olunub yerlərə göndərilməsi, eyni zamanda əməli fəaliyyət üçün əsas götürülməsi də həmin ideyanın nəticəsi kimi dəyərləndirilməlidir. Elə buradaca qeyd edim ki, Hidayət müəllimi - yüksək intellektə malik olan mütəxəssisi digər həmkarlarımdan fərqləndirən əsas cəhətlərindən biri də sözünün sahibi olması, sözü başına buraxmaması ilə bağlıdır. Onu yaxından tanıyanlar yaxşı bilirlər ki, Hidayət müəllim dediyi, irəli sürdüyü fikirlərin mənasını ağlabatan sözlərlə, misallarla, inandırıcı faktlarla dinləyicilərə, həmsöhbətlərinə, oxuculara çatdırmağı bacarır.
1994-cü ildə "Nərgiz" nəşriyyatının təməlini qoyanda da bu keyfiyyətlər onun karına gəldi. Faydalı təşəbbüs fəal həyat vəsiqəsi aldı. Elm-sənət prinsiplərini, mövcud vəziyyəti, cəmiyyətdə yaranan ehtiyacı əsas götürən naşir elə ilk illərdən marifçilik işlərinin geniş vüsət alması naminə əməli fəaliyyətə başladı. Respublikada tanınan, sayılıb-seçilən söz-sənət sahibləri, habelə pedaqoq alimlər, bacarıqlı məktəb rəhbərləri, müəllimlər, metodistlərlə yaranan müntəzəm, sistemli iş birliyi səmərələliyə zəmin yaratdı. Nəşriyyatın ilk uğurlarından bəhs edən yazılar müxtəlif qəzet, jurnal səhifələrində dərc olundu. Səmərəli fəaliyyət iki mühüm istiqaməti əhatə edirdi.
Birinci istiqamətə müxtəlif yaş qruplarına malik olan məktəblilərin özləri üçün yazılan şeirlər, nağıllar daxildir.
İkinci istiqamətə aid olanlar isə müxtəlif məzmunlu kitablardan, metodik tövsiyə xaraketli vəsaitlərdən ibarət idi. Onların adlarını nəzərə çatdırası olsaq bir neçə səhifədən ibarət böyük bir siyahı alınar. Buna görə də əsas mətləbdən uzaq düşməyi lazım bilmədim.
Bacarıqlı tədqiqatçı, metodist, biblioqraf H.Musabəyli yaxşı bilirdi ki, məktəbi, bütövlükdə təhsil sistemini canlandırmaq üçün elmi-metodik əsərlər şəbəkəsinin genişləndirilməsinə xüsusi diqqət yetirilməlidir. Təsadüfi deyildir ki, müxtəlif illərdə qələmə aldığı "Kiçik yaşlı məktəblilərdə mütəaliə mədəniyyətinin formalaşdırılması: işin məzmunu və prinsipləri", "Bayatı estetikası" adlı elmi metodik kitabları", "Professor Əhməd Seyidov", "Akademik Mehdi Mehdizadə" biblioqrafik məlumat kitabları pedaqoji aləmdə çalışan mütəxəssislər üçün etibarlı mənbəyə çevrilmişdir. Heç şübhəsiz, keçən əsrin 90-cı illərində "Qabaqcıl maarif xadimi", "Respublikanın təhsil əlaçısı" fəxri nişanları ilə təltif olunması, habelə Akademik Mehdi Mehdizadə mükafatı laureatı adına laiq görülməsi mənalı yaşamaq-yaratmaq idealarının parlaq nəticəsi kimi nəzərə çarpır.
H.Musabəylinin yaradıcılıq bioqrafiyasında ədəbiyyatla bağlı nəzəri tədqiqatlar, oxucuları razı salan şeir kitabları da xüsusi yer tutur. "Elxan Xəzərin özü və sözü", "Laylalı bulaq", "Göy var göydən yuxarı" və s. kitablar bədii təfəkkürün-bədii yaradıcılığın heyrətamiz cəhətlərini əks etdirir. Bu əsərlərə görə müəllifin "Qızıl Qələm" mükafatına laiq görülməsi də çox mətləblərdən xəbər verir. Həmin kitabların, orada nəzərə çatdırılan sənət nümunələrinin mahiyyəti haqqında geniş söhbət açmaq niyətində deyiləm. Müxtəlif vaxtlarda "Zəngəzurun səsi", "Zəminxarə", "Zaman", "İcmal" və s. qəzet və jurnal səhifələrində həmin nəşrlərin bədii-estetik mahiyyəti haqqında bir-birindən dəyərli yazılar verilmişdir. Ancaq ehtiraf edim ki, "Laylalı bulaq"dakı "Bulaq üstə bitən çinar" şeirindən yan keçə bilmədim:
Göy üzünə qalxan çinar,
Endir məni bulaq üstə.
Diləyimə çata bilsəm,
Nə istəsən məndən istə!..
Bəh-bəh nə gözəl arzu, nə gözəl istək! Bax budur mənalı yaşamaq-yaratmaq eşqi. Bax budur könül dünyasının insanı heyrətləndirən notları, könül təranələri...
İllər quş-qanadlıdır deyənlər haqlıdırlar, illər necə də sürətlə bir-birini əvəz edir İlahi! Hidayət müəllimin anadan olmasının 50 illiyinin şəninə yığışdığımız gün elə bil dünən olub. O zaman dostum-həmkarım haqqında ürək sözlərimi "Kitabı sevən, sevdirən naşir" adlı məqaləmdə əks etdirmişdim. Doğmalarına, yaxınlarına gözaydınlığı vermişdim. Ömür-gün yoldaşı Səfurə xanımı, ciyərparəsi Nərgizi səmimi qəlbdən təbrik etmişdim. İndi də o niyyətdəyəm. Ancaq çox mühüm bir cəhəti xatırlatmasam olmaz. Bu ötən illərdə Hidayət müəllim baba, Səfurə xanım nənə, əziz Nərgizimiz isə müqəddəs ana tituluna yiyələniblər. 6 yaşlı Mehrab və 4 yaşlı Xuraman bu ailənin əzizləridir, gül-çiçəyidir. Nə xoş, nə gözəl!..

İstedadın işığı, illərin töhfəsi...

Hidayət Ağakişi oğlu sözün həqiqi mənasında daima düşünən, yaradıcılıq axtarışlarında olan, təşəbbüslərə meydan verən ziyalıdır. Onun yaxın dostlarımızından birinin yubiley tədbirlərində çıxış edərkən dediyi sözləri xatırlayıram:
"İnsan ömründə yubileylər əslində yaradıcı adamların cəmiyyət qarşısında hesabatıdır..."
Çox yerinə düşən mənalı deyimdir. Düz sözə nə deyəsən? Bizə nə qalır? Bizə o qalır ki, deyək: Tədqiqatçı, naşir, şair dostumuz Hidayət Ağakişi oğlu! 60 illik yubileyin və 40 ilə yaxın elmi-pedaqoji fəaliyyətinlə bağlı hesabatın səni yaxından tanıyanlar, habelə ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. 60 yaşın mübarək!-deyirik. Sənə mənalı uzun ömür, möhkəm can sağlığı arzulayırıq! Qarşıdakı möhtəşəm yubileylərini görmək arzusuyla!..
Vidadi Xəlilov
Pedaqolika üzrə elmlər doktoru, professor, Rusiya pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının əməkdar müəllimi, Akademik Mehdi Mehdizadə mükafatı laureatı.
İstedadın işığı, illərin töhfəsi...

Əziz oxucular, sizə təqdim etdiyimiz şeirlərin misraları Hidayətin mənəvi dünyasından söhbət açır. Müxtəlif illərdə, müxtəlif regionlardan olan qələm dostları onun özündə cəmləşdirdiyi Azərbaycan kişisinin müsbət xüsusiyyətlərini vəsf ediblər. Həmin şeirləri çap etməklə "Bütöv Azərbaycan" qəzetinin kollektivi də Hidayət Musabəylinin 60 yaşını təbrik edir.

Ay Hidayət


Haqq-ədalət alın yazın, qismətindir, ay Hidayət,
İncə qəlbin, saf ürəyin sərvətindir, ay Hidayət.

Duyğun kimi ləpələnən Debet çayı laylan olub,
Allahverdi, Böyük Ayrım möhnətindir, ay Hidayət.

Yalan dünya, yaman dünya Göyçəmizi Sevan etdi,
Əsrarəngiz Zəngəzurun xilqətindir, ay Hidayət.

Tarixləri araşdırıb güc alırsan keçmişindən,
Mənəviyyat aləmimiz hikmətindir, ay Hidayət.

Ulusunu, elatını sevə-sevə vəsf edirsən,
Sübh qoxulu misraların xilqətindir, ay Hidayət.

Azərbaycan - doğma diyar, Odlar yurdu, Turan eli,
Baş kəndimiz Bakımız da qüdrətindir, ay Hidayət.

Əsrlərin o tayından bu tayına körpü olan
Yurd yerlərin yad əldədir, qürbətindir, ay Hidayət.

Ləlvər dağı sədaqətin, əzəmətin timsalıdır,
İlqar deyər həm də sənin qamətindir, ay Hidayət.

Yaxşı insan, səmimi dost, mahir naşir, gözəl şair,
Altmış yaşm altmış illik heyrətindir, ay Hidayət.


Qəşəm İlqar

Səni

Həmdərdlim-yurd həsrətli qələm dostum Hidayet Musabəylinin "Laylalı bulaq" kitabını oxudum.

Ay Hidayət, Ləlvər dağı,
Tona çayı gözlər səni.
Doğma yurdla görüşməyə,
Yola salar bizlər səni.

Uşaqlığın keçən dağlar
Gül-çiçəkdən dəstə bağlar.
Coşar-daşar gur bulaqlar,
Salamlayar düzlər səni.

Başlayandan qəm biçimi,
Gizli yedi dərd içimi...
Xalqımızın var seçimi,
Demə, duyar yüzlər səni...

Ədalət var xislətində,
Həsrət, hicran qismətində.
Halal-haram nisbətində
Dəstəkləyər düzlər səni.

Ayın-günün çox nigaran,
Nədir səni qəlbən yoran?
İncidəndi hər gün, hər an
Suyu getmiş üzlər səni.

Arxa bilib Yusif mərdi
Düşməninə sinə gərdi.


O bilir ki, həsrət dərdi
Ölənəcən izlər səni...

Yusif Millətoğlu
Elin gərəyi

("Nəgiz" nəşriyyatının direktoru, Akademik Mehdi Mehdizadə mükfatçısı Qərbi azərbaycanlı Hidayət Musabəylidir ...)

Naşir qardaş, "Kövrək qəlbin harayı" -
Didərginə Hidayətdən qəlb payı?!
Bir manat borc vermir qardaş-qardaşa,
Təmənnasız nəşrin ilə min yaşa!

Yadımdan çıxmışdı - mənlə görüşün ...
Didərgini kim soraqlar, bil, düşün?!
Nər kişisən, örnək addım atmısan ...
Mən itgini dar günümdə tapmısan?!

Saysız olub süfrəm, evimdə qonaq.
Gələn qonaq-Haqdan gətirər soraq!
Qonağa xidmətdə qulam, ipəyəm ...
Mən kiməm ki, Haqqı qəbul etməyəm?

Evimdə bircə gün qonaq olmusan,
Yadda saxlamısan, unutmamısan.
Hər kim unutmursa duzu, çörəyi...
Tək mənim yox, olur elin gərəyi!

Miriş, nadan üçün vurursan simə,
Duz-çörəyi saymayandan incimə?!
Valeh, Qafar, Hidayətin, Əlin var,
Nəşrinə əvəzsiz əl tutub onlar,
Unutqanı, bağışlayar qananlar.


Əbədi hörmətlə - Hacı Seyid
Miriş Bərgüşadlı

(Hüseyn ~ Əməkdar müəllim, Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü
“Qızıl Qələm" ... mükafatı laureatı
Bakı -12.11.2008 Zəngilanlı didərgin.



Hidayət

Yaxşılar həmişə yaxşıdan olur,
Yaşa dağlar oğlu, yaşa, Hidayət!
Qartallar qonanda zirvəyə qonur,
Onunçün deyirəm yaşa, Hidayət!

Nənən Çətindağdı, baban Ləlvərdi,
Dediyin sözlərin dürdü-gövhərdi,
Eşitdim "yubiley"in nə xoş xəbərdi,
Arzu-diləyinlə yaşa, Hidayət!

Süfrəndə bol olsun duzun, çörəyin,
Bilirəm təmizdi sənin ürəyin.
Həmişə var olsun arxan, köməyin,
Hər yerdə gəlirsən xoşa, Hidayət!

Qaçqın Əli can sağlığı diləsin,
Dost yolunda meydan eylər sinəsin,


Kim deyər ki, sevinməsin, gülməsin,
Yaşa əziz dostum, yaşa Hidayət!

Qaçqın Əli El şairi
2006-ci il


Hidayət

Xalqı üçün, eli üçün,
Ağlayan gözdü Hidayət.
Dost-qohuma yanan çıraq,
Alov-közdü Hidayət.

Gülərüzdü, mehribandı,
O canlara dəyən candı,
Ər kişi, gözəl insandı,
Əsməyən dizdi Hidayət.

O şairdi, publisistdi,
Yazıçıdı, jurnalistdi,
Tikib-quran mühəndisdi,
Sözündə düzdü Hidayət.

Nur bələnib, nurdu üzü,
Qoy Allah qorusun özü,
Sevindirir hər an bizi,
Söhbətdi, sözdü Hidayət.


Var hörməti, adı-sanı,
Vətən deyir canda qanı,
Əlamdar var olsun deyir onu,
Hər dərdə dözdü Hidayət.

Ələmdar Keşdəhli
Can Hidayət

Dədələrin hörmətini
Səndə gördüm, can Hidayət.
Vətəndaşlıq qeyrətini,
Səndə gördüm, can Hidayət!..

Bar-bərəkət bostanını,
Yaxşılığın dastanını,
Ağ qayanın aslanını,
Səndə gördüm, can Hidayət!..


Sinəmdə söz payın durur,
Dost-dostu bayındırır,
Xanlar, xanı Bayandırı,
Səndə gördüm, can Hidayət!..

Məmməd Elli Təhməzli
Kişilərin qeyrətlisi

Qardaşım Hidayət Ağakişi
oğluna ithaf edirəm

Zirvələrin zirvəsidir ağ qarlı,
Murov kimi, əzəmətlidi, vüqarlı.
Şir ürəkli, etibarlı, ilqarlı,
Kişilərin qeyrətlisidi Hidayət.

Bir üzündə Savalanın küləyi,
Bir üzündə Allahın xoş mələyi,
Söhbətiylə sevindirər fələyi,
İnsanların hörmətlisidi Hidayət.

Dəyanətli, mətanətli həm ağır,
Baxışınnan sevgi yağır, nur yağır,
Dara düşsən bu insanı sən çağır,
İgidlərin cürətlisi Hidayət.

Haqdan gələn sədadı o, səsdi o,
Dostdan ötrü "Sarıtel" tək əsdi o,
Namərdlərin kələyini kəsdi o,
Yaxşıların şöhrətlisi Hidayət,

Xoş məramı hamıya əl tutmaqdı,
Getdiyi o yolları da düm ağdı,
Şairlərçin ziyarətgah bir dağdı,
Aqillərin ülfətlisi Hidayət.

Qardaş dedim ona əzəl gündən mən,
Qoymadı ki, gözlərimə düşə çən,
Can qardaşım, ürəyincə yaşa sən,
Dostlarımın istəklisi Hidayət.

Hacı Adıgözəl Vəlbinəli

Gözəldi

Əziz dostum, qardaşım Hidayət
Musabəylinin adına bağışlayıram.

Dağdan ağır bir kişidi Hidayət,
Qohum-qardaş, qol-qanadı gözəldi!
Qalın Oğuz ellərindən başlayan,
Soy kökünün yeddi qatı gözəldi.

Ardıcıldı xoş məramlı işində,
Kitabları Qız qalası içində!
Qazandığı mükafatlar içində,
Mehdizadə mükafatı gözəldi.

Elli deyir: bu göylərin altında,
Öz yeri var doğmanın da, yadın da!
Əziz dostum yaxşı saxla yadında:
Bir Allahın min bir adı gözəldi!

"Bütöv Azərbaycan" qəzeti

28 iyul 2016-cı il


Paylaş



Bölmə: Göyçə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!