Bakı Təhsil İdarəsində yeni müavinlər - Kollektivə təqdim olundular .....                        Ərdoğan konsulluğa hücumdan danışdı .....                        Baş nazir hökumət üzvlərini topladı - Nefti müzakirə etdilər .....                        Daha bir ölkə İrana qarşı müharibəyə qoşulmağa hazırdır .....                        Mərkəzi Bankın departament rəhbəri işdən çıxdı .....                        İran ABŞ ilə bütün danışıqları dayandırıb .....                        Hava küləkli olacaq - XƏBƏRDARLIQ .....                        Azərbaycanda bu qanun dəyişdi .....                        Rusiya İrana kəşfiyyat dəstəyi verib? – İDDİA .....                       
Bu gün, 07:14
Oleq Babak, Azərbaycan səni unutmayacaq!


Oleq Babak,

Azərbaycan

səni unutmayacaq!


7 aprel SSRİ-nin sonuncu Sovet İttifaqı Qəhrəmanı ukraynalı leytenant Oleq Babakın anım günüdür. O, 1991-ci ildə erməni terror dəstəsinin Qubadlı rayonunun Yuxarı Cibikli kəndinə hücumunun qarşısını alarkən həlak olmuş, hərbi vəzifəsini yerinə yetirərkən göstərdiyi cəsarət, qəhrəmanlıq və fədakarlığa görə SSRİ prezidentinin 17 sentyabr 1991-ci tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. O, 1941-1945-ci il Böyük Vətən Müharibəsindən sonra bu adı alan ilk milis-polis və SSRİ-nin sonuncu Sovet İttifaqı Qəhrəmanı olmuşdur.

“Bütöv Azərbaycan” qəzeti xəbər verir ki, publisist Hacı Nərimanoğlunun ukraynalı qəhrəmanın ömür, döyüş yoluna həsr olunmuş “Oleq Babak, Azərbaycan səni unutmayacaq!” kitabının yaxın günlərdə Azərbaycanda və Ukraynada təqdimatı keçiriləcək. Hər iki dildə nəşrə hazırlanmış kitablar Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin layihəsi əsasında işıq üzü görür.
Xatırladaq ki, həmin gün 70-80 erməni terrorçusu hücuma keçib kəndin iki gənc sakinini öldürür, 7 nəfəri yaralayır, mülki əhalini qırmaq, əsir, girov götürmək, strateji əhəmiyyətli ərazisini ələ keçirmək məqsədilə kəndi mühasirəyə alır. Yaxınlıqdakı postun komandiri 24 yaşlı Oleq atışma səslərini eşidib tabeliyindəki iki milis serjantı ilə köməyə gəlir, onların patron daraqlarını da alıb mühasirədə olan yaralı sakinlərin təhlükəsiz əraziyə çıxarılması barədə tapşırıq verir, özü isə çoxu həbsdən buraxılmış cinayətkar residivistlərlə döyüşə girir. Peşəkar atıcı olan Oleq 3 saata yaxın davam edən döyüşdə 20-dən çox terrorçunu məhv edir, təslim olacağı təqdirdə sağ buraxılacağına dair çağırışlara baxmayaraq banditlərlə son gülləsinə qədər savaşır, mülki əhalidən bir nəfərin də əsir düşməsinə imkan vermədən onların təhlükəsiz əraziyə çıxarılmasına imkan yaradır, ağır yaralı halda erməni terrorçuları tərəfindən xüsusi amansızlıqla qətlə yetirilir. 24 yaşlı zabitin həyatla əbədi vidalaşdığı 7 aprel günü pravoslav xristianlarının Pasxa və Müqəddəs Müjdə bayramları nadir hal olaraq bir günə təsadüf etmişdi.

Oleq 385-ci gün idi ki, qaynar nöqtələrdə SSRİ Daxili İşlər Nazirliyinin Sofrin briqadasının zabiti kimi xidmət keçirdi, bir neçə gün sonra məzuniyyətə buraxılıb Poltavanın Viktoriya kəndində yeganə övladlarına toy hazırlığı görən, intizarla onun yolunu gözləyən əzizlərinə qovuşacaqdı. O, valideynərinə, nişanlısına, dostlarına hər məktubunda cibiklilərin onu “Babək” deyə çağırmaqlarından, bu müharibəyə zorla cəlb olunan azərbaycanlıların mehriban, qonaqsevər insanlar olmalarından, erməni banditlərinin törətdiyi vəhşiliklərdən, doğmaları üçün çox darıxdığından yazırdı. Poltavada Oleq Babakın adına məktəb, muzey, küçələr var, parklar salınıb, abidələri ucaldılıb.

Kitaba daxil edilən çox sayda sənəd, foto, xatirələrdə qəhrəmanın ömür, döyüş yolu əks olunur, Oleqin valideynləri Nadya və Yakov Babakların dövlətimiz və diasporumuz tərəfindən ömrün ahıl çağlarını yaşayan ailəyə hər cür maddi, mənəvi qayğı göstərilməsi barədə şəxsən tapşırıq vermiş Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq duyğularını ifadə edən məktublarından, Ukraynada dövlətimizin başçısına və xalqımıza xüsusi sevgi, ehtiramdan bəhs edilir.
Dünən, 10:04
İRAN ŞAİRİ DEYİR Kİ…


Distant Müharibə

İRAN ŞAİRİ DEYİR Kİ…

İranın şair, yazıçı, sənət adamları müharibə günlərində xalqı dözümlülüyə və qələbə əzminə kökləmək və vətənpərvərliyi gücləndirmək üçün müxtəlif saytlarda müxtəlif yazılarla çıxış edirlər.
Onlardan biri, İfaçılıq Sənətçiləri Cəmiyyətinin keçmiş rəhbəri, şair yazır ki, İran İsgəndər, Çingiz, Teymur və Səddam həftxanını (yeddi ağır sınaqdan çıxmaq) keçmış, varlığını davam etdirmişdir.
Şairin vətənpərvərlik hislərinə hörmət edərək, onun diqqətinə bir iki qeydi təqdim etməyi zəruri hesab edirik:
1. İran fars/farslar mənasında burada sadalanan iki sınaqdan - İsgəndər və Səddam sınağından keçmiş. Birinci sınaqda İran/farslar tam məğlubiyyətə uğramış, imperiya məhv edilmiş, farslar bir subyekt kimi tarix səhnəsindən 550 il müddətində kənarda qalmışlar. Bu müddətdə imperiya müstəmləkəyə, fars dili bir əyalət dilinə çevrilmiş və yunanların təsirilə köklü dəyişikliyə uğramışdır. İkinci halda isə, demək olar ki, sınaqdan qalib olmasalar da, çıxa bilmiş və rejim daha da güclənmişdir.
2. Müəllif ən əsas sınaqın - Ərəb/İslam sınağının adını çəkmir. Halbuki İran/farslar tarixlərində İsgəndərdən sonra ikinci dəfə ən ciddi, çətin, ağır sınağa məhz ərəblər tərəfindən çəkilmiş və həmin sınaqda dövlətlərini, dinlərini, dillərini (status baxımından) itirərək üzü qara çıxmışlar. Həmin sınaqdan sonra farslar yenidən periferiyaya sıxışdırılmış, dinlərini dəyişmiş, ərəb dilini rəsmi dil kimi qəbul etmişlər. Yəni İran/farslar sınağa bir keyfiyyətdə - müstəqil dini, dili olan imperiya kimi daxil olmuş, tam məğlubiyyətə uğramış və müstəmləkə kimi, yeni din və digər dilin ağalığı ilə çıxmışlar.
3. Bundan sonra farslar müstəqil subyekt kimi tarix səhnəsindən 1370 ildən çox bir müddətdə (651-1925) kənarda qalmışlar. Ona görə İranın/farsların Çingiz və Teymur sınağından çıxdıqlarından danışmağın əsası yoxdur. Çingizin sınağından Xərəzmşahlar, Teymurun sınağından isə regionun dörd bir bucağında yaranan və bir-biri ilə çəkişən iri və xırda dövlət qurumları çıxa bilməmişdilər.
Onu da əlavə edək ki, İran/farslar hər iki əsas sınaqda məğlub olsalar da, tarix səhnəsinə tamamilə dəyişmiş və yeni keyfiyyətdə çıxmışdılar.
Qeyd edildiyi kimi, Səddamın sınağından qalib gəlmədən uğurla çıxsalar da, heç bir dəyişikliyə məruz qalmamış, rejim daha da nöhkəmlənmişdir.
Əgər bu dəfə də İran sınaqdan, necə deyərlər, pat vəziyyətində çıxsa, ictimai, siyasi, mədəni həyatda heç nə dəyişməyəcək və rejim daha da güclənəcək. İranlılar üçün nə qədər ağır olsa da, onların işıqlı gələcəyi bu müharibədə məğlubiyyətdən keçir.
Məğlubiyyət ABŞ-ın şərtlərini qəbul etmək deyil, bu heç nəyi dəyişməz. Məğlubiyyət qarşı tərəfin hərtərəfli qələbəsi və sistemin çökməsi olmalıdır. Hadisələrin hazırki gedişi göstərir ki, xalqın xilasının başlanğıcı ola biləcək məğlubiyyət ehtimalı çox uzaqdır.
DOĞRUSUNU ZAMAN BİLİR.

Vidadi Mustafayev,
dosent, tarix üzrə fəlsəfə doktoru,
4 aprel 2026


4-04-2026, 19:07
Savaş və   bölgəmizin taleyi


Savaş və

bölgəmizin taleyi


İran İslam respublikasının etnik kimlikləri yox edib dünyanın bu qədim mədəniyyət ocağında müxtəlif xalqların əliylə yaradılmış bütün abidələri və sənət əsərlərini, arxeoloji tapıntıları, maddi-mənəvi dəyərləri “pers” adına çıxması, farslaşdırma siyasəti, insan haqlarını kobud şəkildə pozması, orta əsrlərdəkindən seçilməyən vəhşi cəza üsulları hakimiyyətə qarşı elə bir nifrət yaradıb ki, bəzən xalq xarici müdüxilələrə də ümid yeri kimi baxır. Bu mövqedən yanaşanda İran xalqlarının təmsilçiləri arasında İsrail və ABŞ-ın hücumuna xilas yolu və ya bu qəddar rejimdən intiqam almaq imkanı kimi sevinənləri başa düşmək çətin deyil. Lakin İran rejiminə nifrət İslama nifrət deyil. Yer üzündə, özəlliklə Qərbdə mənəvi aşınmanın, insanı insan edən keyfiyyətlərin ayaqlar altına atılıb yox edildiyi bir zamanda dini dəyərləri qorumaq da cəmiyyətin xilas yollarından biridir. Köhnə adət-ənənələrə söykənən və geriqalmışlıq sayılan milli həyat tərzi “sivil” Epşteyn əxlaqsızlığının eybəcərlikləri fonunda yeni məna qazanır, öz üstünlüklərini bir daha nümayiş etdirir və insan istər-istıməz onun müdafiəçisinə çevrilir.
İran xalqları neçə müddətdir fars-şiə hegemonluğuna xidmət edən antidemokratik hakimiyyəti dəyişmək istəyirlər. Lakin ABŞ və İsrailin başladığı müharibə onları hakimiyyət ətrafında birləşdirdi. Bu gün İran vətəndaşları gözlənilməz bir yekdilliklə öz Vətənlərinin müdafiəsinə qalxıblar.
2013-cü ildə Vaşinqtonda ABŞ Konqresmeni Dana Rohrabexerlə görüşərkən, ona İran türklərinin hüquqlarını müdafiə etdiyinə görə təşəkkürümü bildirmiş, eyni zamanda “Orta Doğu projesi”nin xəritəsini göstərərək İranın Qərbi Azərbaycan ostanının gələcək Kürdüstanın ərazisi kimi göstərilməsinə etiraz etmişdim. Onun “bunu ciddi sənəd kimi qəbul etməyin” sözünə etiraz edib “əgər ciddi sənəd deyilsə təkzib edilsin, yığışdırılsın, ancaq siz uzun illərdir insanlların gözünü bu xəritəyə, gələcəyin gizli xəyanətlərinə alışdırır, bizim reaksiyamızı yoxlayırsınız. Bu, yanlış və ABŞ-ın əleyhinə işləyən siyasətdir. Siz İrana bu planlarla gələcəksinizsə bizləri məcbur edəcəksiniz ki, İslam hakimiyyətini dəstəkləyək, Çünki onları bəyənməsək də, sağ olsunlar, heç olmasa bizim torpaqları başqasına vermək haqqında düşünmürlər.
İndi 13 il öncə Vaşinqtonda dediyim vəziyyət yaranıb. İsrail və ABŞ–in müdafiə etdiyi və silahlandırdığı terrorçu təşkilatların Qərbi Azərbaycan ostanına, Urmiyəyə doğru yönləndirildiyini görəndə silahsız xalq bəyənmədiyi hakimiyyətin müdafiəsinə bel bağlayır.
Xarici müdaxilənin İranın əzilən xalqlarını narazı olduqları hakimiyyətə qarşı ayaqlandıracağı fikri geniş yayılmışdı. İran diaspor təşkilatlarının və ya Güney Azərbaycandakı fəalların bu ümidləri doğrulmadı. Bizdə də qonşuluğumuzdakı müharibə geniş müzakirə olunur və təəssüf ki, fikir müxtəlifliyi bəzən qarşılıqlı ittihamlara, təhqirlərə çevrilir. Fərqli düşüncəyə bu cür aqressiv və düşməncəsinə münasibət getdikcə geniş yayılır və milli həmrəyliyi, bütövlüvü pozan təhlükəli bir hal alır. Dünya tarixində buna bənzər hadisələr heç vaxt eyni cür bitməyib; gözlənilməzliklər istisna deyil; bir yandan da hələ İkinci Dünya savaşının, Təbrizdə xarici müdaxilənin köməyi ilə qurulmuş Milli Hökumətin tarixi unudulmayıb. Lakin arada çox ciddi fərqlər var. Nə Amerika, nə İsrail İrana hər hansı xalq üçün milli hökumət qurmağa gəlmir. Onların İran türkləri və ya Güney Azərbaycan deyilən bir qayğıları, planları yoxdur. Məqsəd ayrıdır və bu barədə yetərincə yazılıb, deyilib.
ABŞ-ın başlıca niyyətlərindən biri İranın nüvə planını pozmaqdır. İlk baxışda bu tələb başadüşləndir. İranın nüvə silahı əldə etməsi bölgə üçün yeni təhlükələr doğurar. Lakin bu məntiqlə yanaşanda gərək İsrail də, ABŞ da, Çin də, Koreya da əllərində olan nüvə silahını zərərsizləşdirsinlər ki, insanlıq bu vəhşi yarışmanın gətirdiyi təhlükədən və ehtiyaclardan xilas olsun. “Yoxsa mənə olar, sənə olmaz” deməklə iş aşmaz.
Bu müharibə min il öncədən başlamış Xaçlı-Səlib yürüşünün davamıdır. Etiraf etdilər-etmədilər Avropa o tarixi unutmayıb. ABŞ bu savaşla planetin şəriksiz ağası olduğunu sübut etməyə çalışır. Amma bundan daha önəmli olan dünyanın əsas neft ixrac edən ölkələrindən olan İranın enerji mənbələrini ələ keçirmək və bu neftə möhtac olan əsas rəqiblərini, özəlliklə Çini zəiflətmək istəyidir. Aydın olur ki, ABŞ və İsraili İran rejimini dəyişmək az maraqlandırır. “Nüvə axtarışını dayandır, neftini bizə ver, sonra necə istəyirsən yaşa”. İranla Ərəb ölkələri arasındakı konflikti dərinləşdirmək, bu yolla onsuz da zəif olan İslam birliyini sarsıtmaq, bu bölgədəki dövlətləri sonu görünməyən bir düşmənçilik burulğanına atmaq, Yaxın Şərqin yüksək mədəniyyətə malik qədim dövlətlərinin yerində müqavimət gücü olmayan xırda dövlətciklər yaratmaq, dünyanın uzaq keçmişinə işıq tutan tarixi və mədəni abidələri yer üzündən silmək və ya məhv etmək , bir sözlə İranı da İraqın, Livanın, Suriyanın gününə salmaq... Məqsəd budur.
İsrailin niyyəti isə reallıqdan uzaq, mifik təfəkkürə dayanan “vəd olunmuş torpaqlar”a sahiblənmək və öz ərazilərini genişləndirmək, bu məqsədlə uydurma “Böyük Kürdüstan” ideyasını qızışdırıb silahlı kürdləri min illərlə iç-içə yaşadıqları xalqlarla düşmən edib, sonra meydanda tək buraxmaq; İran tərəfindən dəstəklənən və bölgə ölkələrində yuvalanan terror təşkilatlarını zərərsizləşdirmək adı ilə qonşu ölkələrə soxulmaq və bu bölgədəki güc balansını öz xeyrinə dəyişməkdir.
İranın da siyasəti göz önündədir. Şiəçilik pərdəsi altında fars təsirini genişləndirmək, məzhəb ayrılığını dərinləşdirmək, hətta İslamın dini mərkəzi olan Məkkəyə qarşı Kərbəlanı böyütmək, öz içində yaşayan xalqları məzhəb təəssübkeşliyi adı ilə assimilyasiya etmək və İranın məğlubedilməz əsatirini yaymaq.
Hadisələrin nə ilə sonuclanacağını demək çətindir. Amma bir şey aydındır ki, Trampın “müharibə bizim gözlədiyimizdən də sürətlə gedir, tezliklə bitəcək” bəyanatı özünü doğrultmadı. Bu müharibə ilə Kubanın, Qrelandiyanın və bir sıra başqa bölgələrin işğalı üçün qorxu mühiti yaratmaq da baş tutmadı. Əksinə, Tramp həm dünyada, həm öz ölkəsində məsxərə hədəfinə çevrildi. İran nə qədər dağıdılsa da hələ dirənib durur və onunla yanaşı İsrail də sağalmaz yaralar alır. ABŞ-ın İranla danışıqlar aparılır deyə-deyə bölgəyə əlavə qüvvələr toplaması, quru hərəkatına başlamaq istəyi də onun çarəsiz durumunu ört-basdır eləmir.
Biz yaxın qonşumuzun tezliklə bu hücumlardan xilas olub dinc həyata qovuşmasını arzulayırıq.
İran tarixən türklərin farslarla yanaşı yaşadıqları, birgə idarə etdikləri dövlət olub. Bunu son dövrlərdə işıq üzü görən “İran türklərinin tarixi”. “Türklərin İranı”, “İran türkləri” fundamental elmi əsərlər də sübut edir. Bu gün qonşu dövlətdə azərbaycanlılarla farslar çiyin-çiyinə mübarizə aparır və şəhid olurlar. Buna baxmayaraq, aldığımız xəbərlər göstərir ki, çətin şəraitdə olmasına baxmayaraq İran rəsmiləri bir neçə ay öncə etiraz mitinqlərində iştirak etmiş insanlara qarşı qəddarlığından da əl çəkmirlər.
Şübhəsiz bizi ən çox güneyli soydaşlarımızın durumu düşündürür, narahat edir. Onlar həm İranda, həm xaricdə bir neçə cəbhəyə bölünüblər. Vaxtilə Güney Azərbaycanın İrandan ayrılıb müstəqil dövlət qurmasını istəyənlərin də çoxu indi İranın bütövlüyü tərəfdarı kimi çıxış edirlər. Səbəbini yuxarıda yazdım. On illər boyu Güney azərbaycanlıların taleyi ilə maraqlanmayan bəzi siyasətbazlar da indi ortaya düşüb özlərinin mənasız ideyaları və fikirlərini cənuba sırımağa çalışırlar. Amma reallıq göz qabağındadır. İran türklərinin beynəlxalq aləmdə söz sahibi olan və xalqın milli maraqlarını ifadə edən heç bir ciddi siyasi təşkilatları yoxdur. Bu iddiada olanların çoxunun ətrafı boşdur. 30 ilə yaxın bir müddətdə İran türklərinin insan haqlarının pozulmasının dünya ölkələrinə çatdıran, azərbaycanlıların hüquqlarını müdafiə edən, diosporlarının təşkilatlanmasına çalışan Dünya Azərbaycanlıları Konqresinə qarşı aparılan gizli və açıq bölücülük hərəkatının, yalan təbliğatların nə qədər antimilli bir iş olduğunu bu gün daha aydın görürük. Boşboğazlar, siyasi hərəkat adına evcik-evcik oynayanda, öz ailə üzvlərindən ibarət siyasi partiyalar yaradıb birləşmək çağırışlarından uzaq qaçanda bu günü düşünməliydilər. Lakin həyat davam edir və İranda yaşayan soydaşlarımız tarixin gətirəcəyi hər cür surprizə hazır olmalıdırlar.
Azərbaycan və Türkiyənin məsələlərə təmkinli yanaşması, İrana göstərdikləri maddi və mənəvi yardım doğru siyasətdir. Bununla belə, İrandakı türklər hadisələrin sonrakı gedişində yenə öz insan haqlarının tapdanmasına, dilsiz, məktəbsiz qalmalarına şərait yaradan məzlum itəatkarlıqdan xilas olmalıdırlar.
Birmənalı şəkildə demək olar ki, İran cəmiyyətinin böyük hissəsi dəyişiklik istəyir. İranda marağı olan qlobal güclər isə bu vəziyyətdən öz məqsədləri üçün faydalanmağa çalışırlar. Bəlli xarici gücləri İran vətəndaşı olan hansısa türkün, farsın, bəlucun, kürdün və ya ərəbin pozulmuş hüquqlarının bərpası yox, zəngin təbii ehtiyatlara malik dövlətin sükanını ələ keçirmək maraqlandırırsa demokratiya vədləri xeyli ironik görünür. Çünki əgər həqiqətən də ABŞ-ın diktaturanı demokratiyaya çevirən iksiri varsa nəyə görə indiyədək onu Səddamın devrilməsindən sonra bir milyona yaxın şəxsi qətlə yetirdiyi İraqda, yüz minlərlə insanın öldürüldüyü Suriyada, eləcə də Liviya və Əfqanıstanda tətbiq etməyib?!
Qarşıda gözlənilən dəyişiklik mərhələsində İranda həlledici amil olan türk etnosunun maraqlarının növbəti dəfə tapdanmasına izn verməyi tarix güneydəki soydaşlarımıza, Türkiyə və Azərbaycana bağışlamaz. İstənilən yeni siyasi konfiqurasiya zamanı İran türklərinin milli hüquqlarının rəsmi şəkildə tanınmasının vacibliyi qırmızı xətt olmalıdır. İnqilabi dəyişiklik olacağı təqdirdə Azərbaycan və İran türklərinin milli maraqları əsasən iki variantdan birinin reallaşdırılmasını tələb edir:
Birincisi, İranın xilas düsturu və ya türk transformasiyasıdır. Bu halda İranın ərazi bütövlüyü qorunaraq türklərin 1925-ci ildə dövlətin idarəçiliyində itirdiyi mövqeləri bərpa olunur. Türklərin İran idarəçiliyində min ildən artıq müddətdə bütün etnosların maraqlarının qorunmasını təmin etməklə bərqərar olan sabit rolunu inkar etmək mümkün deyil. Prezident Məsud Pezeşkian indiki siyasi sistemin yetirməsi olsa da polietnik İran cəmiyyətində çoxluğun qəbul etdiyi lider kimi önə çıxmışdır.
İkincisi, Güney Azərbaycan muxtariyyat qazanır və azərbaycanlılar milli hüquqları məhdud ərazi çərçivəsində bərpa edilir. Bu variantların heç biri gerçəkləşməsə gündələkdə Güney Azərbaycanın beynəlxalq birliyin müstəqil subyektinə çevrilməsi dayanmalıdır.

Sabir RÜSTƏMXANLI,
DAK həmsədri,
Xalq şairi
3-04-2026, 22:14
Dağların yaddaşındakı toy


Dağların yaddaşındakı toy

Kənd şənbə günü təkcə təqvimin bir parçası deyil, həm də kollektiv sevincin, gözləntinin və qədim bir ritualın zirvə nöqtəsi idi. Şənbənin gəlişi ilə kəndin sakit ahəngi dəyişər, hava hələ gəlməkdə olan toy karvanının həyəcanı ilə dolardı.

Kəndin girişindəki dolayılar (dolama yollar) sadəcə coğrafi bir relyef deyil, həm də müjdənin ilk göründüyü, qara zurnanın kökləndiyi nöqtə idi. Bütün kənd əhli - qocadan uşağa qədər sözləşmiş kimi gözlərini o dolayılara dikərdi. Uşaqlar yol kənarındakı təpəciklərdə keşik çəkər, uzaqdan görünən toz dumanını "Gəlirlər!" nidası ilə kəndə car çəkərdilər.

Toy karvanı kəndin mərkəzinə çatmamış zurnaçının nəfəsi, zurnanın səsi dağlarda əks-səda verirdi. Zurnaçı dolayıdan -dolanbac yoxuşlu yolun ən hündür və səs yayılan hissəsindən ifaya başlayardı. Bu səs sadəcə musiqi deyildi, həm də bir ailənin xoşbəxtliyini, bir evə gələn səadəti bütöv bir icmaya bəyan edən rəsmi bəyanat idi.

O səhər – bazar günü Kurud kəndi hər zamankından fərqli oyandı. Günəş dağların iti zirvələrindən süzülüb gələndə, bağlardakı meyvə ağaclarının yarpaqlarında gecənin sərinliyini qoruyan şeh damlaları mirvari tək parlayırdı. Amma bu səhərki sükut həmişəki sakitlikdən deyildi; bu, böyük bir sevinc fırtınasından əvvəlki xumarlanma idi. Çox keçmədi ki, kəndin dərələrinə zurna-nağara sədası yayıldı. Bu səs Kurudun qədim qayalarına dəyib əks-səda verir, sanki bütün təbiətə müjdə yayırdı: Bu gün kənddə toy var!

O vaxtlar zurna çalınanda ruhumuz yerindən oynayırdı. Zurnanın o ilk sədası gələndə bilirdik ki, fələyin çarxı bizim tərəfə dönüb. Toy evindən əvvəl bütün kəndə bayram gələrdi. O vaxtlar toy təkcə bir ailənin şadlığı, iki gəncin muradı deyildi; bu, bütöv bir elin-obanın bir yumruq kimi birləşdiyi, köklərə bağlılığın təsdiqi olan müqəddəs bir ayin idi. Qonşu qonşuya baxmazdı ki, görüm məni çağırıblar, ya yox; qapı hər kəsə açıq idi. Kimin imkanı nəyə çatardısa, işin bir ucundan tutardı. Birimiz odun daşıyardıq, birimiz qazan asardıq.

Həyətdə odun tüstüsü yüksəlməyə başlayardı. O tüstü təkcə yemək bişirmək üçün deyil, birliyimizin, diriliyimizin nişanı kimi göyə ucalardı. Qazanların altındakı palıd yarmaçaları çatırdadıqca, qazanın altından o yan bu yana hücum çəkən alov dilləri, havaya yayılan o his qoxusu kəndin təmiz dağ havası ilə qarışıb insanın iştahını deyil, ruhunu açırdı...

Qonşu qadınlar böyük qazanların başına keçmişdilər: kimi axşamdan hazırlanmış içliyi kələm yarpağına bükür, kimi təzəcə kəsilmiş əti doğrayır, kimi də kəndin məşhur aşının düyüsünü arıtlayırdı. Nənələrin biri düyünü süzür, digəri isə qazmaq üçün lavaşları hazırlayırdı. Onların hər hərəkətində bir nizam, bir ahəngdarlıq, qədimdən kök salmış bir gələnək vardı. Arada zarafatlaşır, köhnə toylarda olub keçənlərdən danışıb gülüşürdülər. Çünki o vaxtlar toy həm də kəndin xanımları üçün bir dərdləşmə, bir sevinc paylaşma məqamı idi. Kişilər isə toy mağarını qurmaq üçün əlbir olmuşdular. Hər kəsin üzündə yorğunluqdan çox, illərin qonşuluq mehribanlığından doğan səmimi bir təbəssüm vardı.

Dağların qoynundakı bu kiçik kənd, günəşin al şəfəqləri altında musiqi və rəqs sədaları ilə nura boyanırdı. Zurnanın o yanıqlı, həm də qürurlu sədası sıldırım qayalarla qədim bir dastan barədə söhbət edirdi. Nağaranın hər zərbəsi isə sadəcə bir ritm deyil, ana torpağın min illik nəbzinin döyüntüsü idi. O vaxtın insanı torpaqdan qopmamışdı. Ayağımız torpağa dəyəndə enerjimiz artardı. Yallı gedəndə elə bilirdik ki, yer yerindən oynayacaq. Nağaraçı çomağı elə şövqlə vururdu ki, səsi qonşu kəndlərdə eşidilirdi. Amma o səs heç kimi yormazdı, əksinə, ürəklərə fərəh, ruhlara qida verərdi.
Gəlin atlananda zurnanın səsi daha da şaxələnər, nağara isə sanki dağları silkələməyə başlardı. Bu, sadəcə bir köç deyil, bir ocaqdan digərinə uzanan səadət körpüsü idi...

Kəndin ağsaqqalları qapı ağzında cərgəyə düzülmüşdülər; hər birinin üzündəki qırışlar keçmiş toy-busatların xatirəsini daşıyırdı. Gəlinin ayağı altında kəsilən qurbanın qanı torpağa qarışanda, hamı bir ağızdan "mübarək olsun" dedi. Bu dua kəndin havasına elə hopdu ki, quşlar belə qanad saxlayıb bu mənzərəni seyr etdi. Mağarın içi isə tamam başqa bir aləm idi. Uzun taxta masaların üstü kəndin bərəkəti ilə bəzədilmişdi: təzə kəsilmiş quzu ətinin ətri, kərə yağında qovrulmuş o məşhur "süzmə plov"un qoxusu mağarın hər küncünə yayılmışdı. Amma heç kim yemək üçün tələsmirdi; hamının gözü meydanda, qulağı isə zurnanın "Cəngi"sində idi.
Və nəhayət, o məşhur "Yallı"... Bu, Kurudun vizit kartı idi. İlk addımı kəndin ən hörmətli ağsaqqalı atardı. Onun əlindəki naxışlı dəsmal havada süzüldükcə, arxasınca düzülən onlarla insan tək bir bədənə çevrilirdi. Ayaqlar yerə elə bir ahənglə dəyirdi ki, sanki yerin altındakı qayalar da bu ritmə cavab verirdi. Nağaraçı artıq nağaranı deyil, sanki öz ürəyini döyürdü. Səs dərələrdən keçib qonşu kəndlərə çatanda, ordakılar da bilirdi:
"Kirs - Kurudlular yenə bir olub, yenə şadlıq edir, Yallı gedirlər!"

Axşam düşüb günəş dağların arxasında gizlənəndə belə, kənd yatmadı. Ay işığı damların bacasından süzüldükcə, toyun sədası uzaq dərələrdə əks-səda verməyə davam etdi. O gecə hər kəs yastığa başını qoyanda yorğunluqdan deyil, ruhunun doyduğundan gülümsəyirdi. Çünki o vaxtlar toy təkcə bir gün sürməzdi; o sevincin istisi növbəti toya qədər hər kəsin ocağını qızdırardı.

Polad POLADOV
3-04-2026, 20:18
Balaca adamın yekə buketi


Balaca adamın

yekə buketi


Bu ilin Mart ayı da geridə qaldı. Amma geridə qalan təkcə aylar, günlər deyil, həm də hər ayın, hər günün hər kəsin yaddaşında iz buraxdığı bir xatirə də qalır. Bu ilin 8 martı yadımda bir böyük adamla eyni gül dükanında buket bağlatmağımla qalıb.
Səhər-səhər paytaxtımızın Binəqədi rayonunda yaşayan əzizlərimdən birinin bayramını təbrik etməyə gedirdim. 6-cı mikrorayon dairəsindəki gül dükanına yaxınlaşdım. Müştəri çox olduğundan növbə gözləməli oldum. Gözləsəm də darıxmırdım. Çünki hamı bayram ovqatında idi. Mehribanlıqla danışıb gülüşürdülər, hərdən zarafatlaşanlar da olurdu. Məndən qabaqkı müştərinin növbəsi çatdı. Gül satan ona xüsusi zövqlə bir buket bağladı. Buket çox xoşuma gəldi, qiyməti də məni lap sevindirdi. Büdcəmə uyğun, hətta nəzərdə tutduğum qiymətdən də ucuz...

Cavan oğlan 100 manatlığı uzadıb buketi götürdü. Gülçü 30 manat çıxıb müştəriyə 70 manat qaytardı. Mənim daha fikirləşməyimə, seçim etməyimə ehtiyac qalmamışdı. Xoşhallıqla salam verib, əleyk alandan sonra dedim,- bacıoğlu, zəhmət olmasa, elə mənə də indicə bağladığın buketin eynisini bağla. Qoçaq baş üstə,- deyib, işə girişdi. Buket hazır olunca mən də cibimdən 30 manat çıxarıb əlimdə hazır saxladım. Mübadilə vaxtı gül satan ona verdiyim 30 manatı mənə qaytarıb, - təəccüblə, dayı bu nədi?!
-Dedim: Bala pulumuzu tanımadın?!

-Dedi,-tanıdım e, ancaq sən az vermisən axı. 40 mant da verməlisən. Belə buketin qiyməti 70 manatdır.
- Dedim,-bəs indicə 30 manata verdin axı, iki dəqiqəyə nə dəyişdi ki?!
Balaca tacir xəfifcə gülümsündü, dayıcan,-dedi- sən onlarla bəhs etmə, onlar böyük adamlardı. Buketi alırsansa 40 manat da ver, almırsansa, vaxtımı alma!

40 manat da əlavə edib buketimi aldım. Əvəzində satıcının adını soruşdum. Müşfiq, dedi. Müşfiqin “hörmət” etdiyi böyük adam isə polis serjantı idi...
Bütün xanımlarımıza sayğılarla: Tamxil ZİYƏDDİNOĞLU
2-04-2026, 20:50
Müharibə və mədəniyyət: görünən və görünməyən reallıqların dialektikası


Müharibə və mədəniyyət: görünən və görünməyən reallıqların dialektikası

Müharibə bəşər tarixinin ən dramatik və eyni zamanda ən çox təhlil edilən hadisələrindən biridir. Lakin onun mahiyyətinə nüfuz etmək üçün müharibəni yalnız silahlı qarşıdurma, hərbi strategiya və geosiyasi maraqlar prizmasından qiymətləndirmək kifayət etmir. Müharibə insan cəmiyyətinin daha dərin qatlarında - mədəniyyət, kollektiv yaddaş və ideoloji düşüncə sistemlərində formalaşan mürəkkəb proseslərin nəticəsidir. Bu baxımdan müharibə yalnız fiziki məkanlarda deyil, həm də mənəvi və simvolik müstəvilərdə baş verən çoxqatlı qarşıdurmadır.
Mədəniyyət bu prosesin həm başlanğıc nöqtəsi, həm də davamlılığını təmin edən əsas mexanizmlərdən biridir. Əgər mədəniyyət yalnız incəsənət, ədəbiyyat və estetik zövq kimi başa düşülərsə, onun müharibə ilə əlaqəsi səthi görünə bilər. Lakin mədəniyyət cəmiyyətin özünü dərketmə üsulu, kollektiv kimliyi formalaşdırma mexanizmi və sosial davranışı istiqamətləndirən sistem kimi qəbul edildikdə, onun müharibə ilə əlaqəsi qaçılmaz olur. Mədəniyyət insanların dünyanı necə qavradığını, hansı dəyərləri əsas götürdüyünü və hansı ideallar uğrunda mübarizə aparmağa hazır olduğunu müəyyən edir. Başqa sözlə, mədəniyyət insanın daxilində görünməyən bir xəritə formalaşdırır və bu xəritə siyasi qərarların, ictimai reaksiyaların və hətta müharibə kimi radikal hadisələrin istiqamətini müəyyənləşdirir. Müharibə birdən-birə baş vermir, o, uzun müddət ərzində formalaşan mədəni və ideoloji proseslərin kulminasiya nöqtəsidir.
Görkəmli mədəniyyət və ədəbiyyat tənqidçisi Terry Eagleton mədəniyyətin yalnız estetik sahə ilə məhdudlaşmadığını, eyni zamanda siyasi və ideoloji funksiyalar daşıdığını vurğulayır. O, mədəniyyəti passiv sahə kimi yox, cəmiyyətin davranışını formalaşdıran aktiv qüvvə kimi təsvir edir. Bu aktivlik müharibə şəraitində daha qabarıq şəkildə üzə çıxır. Müharibə prosesində mədəniyyət ilk növbədə mənalandırma funksiyasını yerinə yetirir, belə ki, insanlar müharibəni zorakılıq aktı olmaqla bərabər, müəyyən ideyalar uğrunda aparılan mübarizə kimi qəbul etməyə başlayırlar. Bu mənalandırma tarixi təcrübə, ədəbiyyat, mifologiya və kollektiv yaddaş vasitəsilə formalaşır, müharibəni mədəni və ideoloji baxımdan əsaslandırılmış hadisəyə çevirir.
Mədəniyyət həmçinin müharibənin legitimləşdirilməsində mühüm rol oynayır. Cəmiyyətə təqdim olunan ideyalar müharibəni zəruri, qaçılmaz və hətta ədalətli kimi göstərir, bu da ictimai dəstəyin formalaşmasına səbəb olur. Heç bir müharibə təkcə hərbi güc vasitəsilə aparıla bilməz. Onun arxasında mənəvi və ideoloji baza dayanmalıdır. Bu baza isə məhz mədəniyyət vasitəsilə qurulur. Mədəniyyətin təsir dairəsi eyni zamanda beynəlxalq münasibətlər sistemində də dövlətlərin davranışını formalaşdıran mühüm alətə çevrilir. Bu kontekstdə "yumşaq güc" anlayışı dövlətlərin zor tətbiq etmədən, mədəni və ideoloji təsir vasitəsilə digər aktorların mövqelərinə təsir göstərmək imkanını ifadə edir.
Mədəni diplomatiya vasitəsilə dövlətlər öz dəyərlər sistemini, tarixi irsini və sosial modelini beynəlxalq auditoriyaya təqdim edərək müsbət imic formalaşdırır. Bu proses reputasiya məsələsi ilə yanaşı, siyasi tərəfdaşlıqların qurulmasına, qarşılıqlı etimadın artmasına və strateji əməkdaşlığın genişlənməsinə xidmət edir. Azərbaycanın multikulturalizm siyasəti və beynəlxalq mədəni platformalarda fəal iştirakı bu baxımdan regional sabitliyə töhfə verən mühüm amil kimi çıxış edir. Beləliklə, mədəniyyət beynəlxalq səviyyədə güc balansının formalaşmasında dolayı, lakin təsirli mexanizmə çevrilir.
Mobilizasiya funksiyası da mədəniyyətin müharibə kontekstində əhəmiyyətini göstərir. Simvollar, şüarlar, musiqi, ədəbiyyat və digər mədəni elementlər fərdi maraqları kollektiv məqsəd ətrafında birləşdirir, ictimai dəstək yaradır və cəmiyyətin vahid mövqedə birləşməsini təmin edir. Bu həm də fərdi davranışın transformasiyası və kollektiv identikliyin möhkəmlənməsi ilə nəticələnir.
Kollektiv yaddaşın rolu Azərbaycan cəmiyyətində əvəzolunmazdır. Keçmişdə baş vermiş hadisələr mədəniyyət vasitəsilə yenidən istehsal olunur və gələcək nəsillərin düşüncəsinə təsir göstərir. Tarixi xatirələr keçmişi əks etdirməklə indiki dövrün siyasi və sosial qərarlarını müəyyən edən aktiv faktora çevrilir. Müharibənin mahiyyətini yalnız kollektiv yaddaş və ideoloji konstruksiyalar çərçivəsində izah etmək kifayət etmir, bu prosesin əsasını fərdi psixoloji mexanizmlər də təşkil edir. Müharibə şəraitində insan şüuru təhlükə və qeyri-müəyyənlik təsiri altında transformasiyaya uğrayaraq davranış və qərarvermə modellərini dəyişir. Formalaşan qorxu və travma zamanla sosial mühitə yayılaraq kollektiv davranışa təsir göstərir və müdafiəyönümlü düşüncəni gücləndirir. Beləliklə, müharibə yalnız ideoloji və tarixi deyil, eyni zamanda psixoloji əsaslara söykənən kompleks reallıq kimi çıxış edir. Məsələn, Xocalı faciəsi və Qərbi Azərbaycan torpaqlarının itirilməsi xalqımızın kollektiv yaddaşında dərin iz buraxmışdır. Bu hadisələr milli kimliyin formalaşmasında, tarixi ədalətin tələb olunmasında və xalqın birgə müdafiə və vətənpərvərlik ruhunun qorunmasında əhəmiyyətli rol oynayır.
Eyni zamanda 2020-ci il Zəfəri kollektiv yaddaşın və mədəni irsin müasir ifadəsi kimi çıxış edir. Bu Zəfər yalnız ərazi uğrunda qələbə ilə yekunlaşmadı, həm də milli ideoloji birliyin, strategiyanın və texnoloji imkanların sinxron nəticəsi oldu. Xalqın və dövlətin uzun illər formalaşdırdığı milli şüurun, tarixi xatirələrin və mədəni təcrübənin nəticəsi olaraq, cəmiyyətin vahid məqsəd ətrafında hərəkət etməsinə, ideoloji dəstəyin möhkəmlənməsinə və strateji resursların effektiv istifadəsinə imkan yaradır.
Kollektiv yaddaş və mədəniyyət "biz" və "digərləri" bölgüsünü formalaşdıraraq həm psixoloji bazanı təmin edir, həm də insanların milli maraqları qorumaqlarına hazır olmalarını şərtləndirir. Azərbaycan xalqı özünü tarixi torpaqları, milli hüquqları və mədəni irsi qorumaq məsuliyyətində olan kollektivin üzvü kimi dərk edir. Xalqın folkloru, qəhrəmanlıq dastanları, musiqi və tarixi hekayələr cəmiyyətdə emosional bağlılıq və kollektiv identiklik yaradır, fərdi maraqları ümumi məqsəd ətrafında sinxronlaşdırır. Məsələn, "Dədə Qorqud" dastanında igid qəhrəmanların xalqı qorumaq, azadlıq və ədalət uğrunda mübarizə aparmaq motivləri ön plana çıxır. Bu dastan gənc nəsillərə milli qəhrəmanlıq ruhunu aşılamaqla onların özlərini kollektiv tarixi və mədəni irsin bir hissəsi kimi dərk etməsinə şərait yaradır. Eyni zamanda himnimiz və ya Üzeyir bəy Hacıbəylinin "Koroğlu" üverturası xalqın vətənpərvərlik ruhunu möhkəmləndirir və fərdləri birgə hərəkət və ideoloji dəstək üçün motivasiya edir. Belə mədəni elementlər insanların şəxsi qorxu və tərəddüdlərini aradan qaldıraraq, onları həm sosial, həm də strateji məqsədlərə yönəldir, fərdlərin fəaliyyətini vahid bir məqsəd - milli birliyin, sosial məsuliyyətin və tarixi şüurun qorunmasının təminatına çevirir. Beləliklə, Azərbaycan təcrübəsi göstərir ki, kollektiv yaddaş və mədəniyyət milli identiklik, ideoloji sabitlik və sosial mobilizasiya üçün strateji rol oynayır. Keçmiş faciələrin, Qərbi Azərbaycan məsələsinin və 2020-ci il Zəfərinin mədəni və ideoloji çərçivədə inteqrasiyası gələcək nəsillərin qərarvermə prosesinə və ictimai davranışına təsir edərək, ölkənin həm müdafiə, həm də inkişaf strategiyalarının formalaşmasına xidmət edir.
Qeyd etdiyimiz kimi, mədəniyyət qarşıdurmanı təşviq etməklə, müharibənin legitimləşdirilməsində mühüm rol oynamaqla bərabər, həm də sülh və dialoq üçün potensial yaradır. Müasir münaqişələrin izahında mədəni və sivilizasion faktorların rolu geniş elmi müzakirə mövzusudur. Bəzi nəzəri yanaşmalara görə, qlobal qarşıdurmaların əsas mənbəyi mədəni identikliklər və dəyərlər sistemləri arasındakı fərqlərdir. Bu baxış münaqişələri sivilizasiyalararası gərginliyin nəticəsi kimi izah edir.
Lakin alternativ yanaşmalar göstərir ki, eyni fərqliliklər qarşıdurma ilə yanaşı, dialoq və əməkdaşlıq üçün də potensial yaradır. Mədəniyyətlərarası qarşılıqlı təsir və ortaq dəyərlərin vurğulanması münaqişələrin yumşaldılmasına və uzunmüddətli sabitliyin təmin olunmasına imkan verir. Bu kontekstdə mədəniyyət statik deyil, dinamik və istiqamətləndirilə bilən resurs kimi çıxış edir.
Mədəniyyətlərarası anlaşma, ortaq dəyərlərin təşviqi və qarşılıqlı hörmət münaqişələrin qarşısını almaqda mühüm rol oynaya bilər. Azərbaycan uzun illər müxtəlif etnik və dini icmaların birgə yaşadığı bir ölkə olaraq, çoxmədəniyyətli təcrübəsini həm daxildə, həm də digər dövlətlərlə apardığı mədəniyyətlərarası siyasət vasitəsilə inkişaf etdirir. Fərqli mədəniyyətlərin nümayəndələri arasında folklor festivalları, musiqi və teatr layihələri, tarixi abidələrin qorunması və mədəni irsin paylaşılması yolu ilə qarşılıqlı anlaşma və hörmət təşviq olunur. Eyni zamanda Azərbaycanın digər dövlətlərlə mədəni əməkdaşlıq proqramları vasitəsilə regionda və beynəlxalq səviyyədə sülh və əməkdaşlıq üçün önəmli platforma yaradılır. Mədəni resurslar həm xalqın birliyini gücləndirə, həm də potensial gərginliklərin yumşaldılmasına xidmət edə bilər. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı müharibənin mahiyyətini daha da mürəkkəbləşdirib desək, yanılmarıq. Sosial media və digər rəqəmsal platformalar müharibənin fiziki forma ilə yanaşı, informasiya və simvolik müstəvilərdə aparılmasına da şərait yaradır. Bu platformalarda yayılan ideoloji və mədəni mesajlar fərdi maraqları kollektiv məqsəd ətrafında birləşdirir, ictimai dəstək yaradır və sosial mobilizasiyanı gücləndirir. Müasir münaqişələrdə reallığın qavranılması obyektiv faktlarla yanaşı, onların necə təqdim olunmasından da asılıdır. "Posthəqiqət" kimi xarakterizə olunan bu şəraitdə informasiya axını ictimai rəyin formalaşdırılması və yönləndirilməsi vasitəsinə çevrilir.
Rəqəmsal platformalar vasitəsilə yayılan məlumatlar seçilmiş ideyalar əsasında qurulur və bu, fərdlərin hadisələri necə interpretasiya etdiyini müəyyən edir. Dezinformasiya və manipulyasiya mexanizmləri vasitəsilə alternativ reallıq modelləri yaradılır, bu isə cəmiyyət daxilində emosional reaksiyaları gücləndirir və qərarvermə prosesinə təsir göstərir. Bu baxımdan informasiya məkanı müasir müharibələrin paralel cəbhəsi kimi çıxış edir və burada üstünlük əldə etmək strateji əhəmiyyət daşıyır.
Tarixi və müasir nümunələr göstərir ki, müharibə həm də inkişaf prosesini stimullaşdırır. Avropada sənaye inqilabı dövründə silah istehsalının sürətlə inkişafı və logistika sistemlərinin optimallaşması müharibələrin miqyasını artırmış, vətəndaşların "millət və azadlıq" idealları uğrunda döyüşməsinə stimul yaratmışdır. Az əvvəl qeyd etdiyimiz kimi, Azərbaycanın təcrübəsi də bunu təsdiqləyir. 1990-cı illərdə baş verən Qarabağ münaqişəsi yalnız ərazi uğrunda deyildi, həm də milli yaddaşın qorunması və ideoloji mövqenin formalaşması ilə bağlı idi. Xalqın yaddaşı və kollektiv şüuru müdafiə üçün ruhun formalaşmasında əsas rol oynamışdır. 2020-ci ilin İkinci Qarabağ müharibəsi isə müasir texnologiyalar - dronlar, yüksəkdəqiqlikli silahlar və informasiya infrastrukturu vasitəsilə dövlətin iqtisadi və texnoloji potensialının strateji məqsədlərə çevrilməsini təmin etmişdir. Sosial media milli ideoloji mesajların yayılmasını və cəmiyyətin mobilizasiyasını gücləndirmişdir.
Heydər Əliyevin və İlham Əliyevin yanaşmaları bu konsepti praktik səviyyədə təsdiqləyir. Heydər Əliyev iqtisadi potensialın gücləndirilməsi və sosial sabitliyin təmin edilməsi ilə milli müdafiəni möhkəmləndirməyi prioritetləşdirmiş, dövlətin strateji resurslarının hərbi, iqtisadi və mədəni sahələrdə sinxron istifadəsini vurğulamışdır. İlham Əliyev isə bu yanaşmanı müasir texnologiyalar və informasiya sistemləri ilə genişləndirərək müharibə, mədəniyyət və inkişafın harmonik inteqrasiyasını təmin etmişdir. Bu yanaşma göstərir ki, dövlət yalnız hərbi güc və iqtisadi resurslarla deyil, həm də mədəni və ideoloji baza vasitəsilə strateji üstünlük qazana bilər.
Tarixi və müasir nümunələr göstərir ki, münaqişələr yeni texnologiyaların tətbiqi, istehsal və logistika sistemlərinin optimallaşdırılması, sosial davranış və kollektiv identikliyin yenidən formalaşması kimi transformasiyalara təkan verir. Azərbaycanın təcrübəsi bu qarşılıqlı təsir mexanizmini xüsusi bir kontekstdə nümayiş etdirir. Belə ki, milli iqtisadi və texnoloji potensialın gücləndirilməsi, mədəni və ideoloji şüurun formalaşdırılması müharibənin strateji uğurunu təmin etmiş, dövlətin həm inkişaf, həm də müdafiə imkanlarını paralel şəkildə möhkəmləndirmişdir.
Birinci Dünya müharibəsi Avropada sənaye texnologiyalarının və logistika sistemlərinin sürətlə inkişafına təkan verdi. Müharibənin genişmiqyaslı xarakteri və resurs tələbkarlığı ölkələri yeni istehsal üsullarını, avtomatlaşdırmanı və dəqiq təchizat zəncirlərini inkişaf etdirməyə məcbur etdi. Nəticədə müharibədən sonra Avropada sənaye infrastrukturu modernləşdi, hərbi və mülki istehsal arasında qarşılıqlı əlaqələr gücləndi və dövlətlərin iqtisadi idarəetmə bacarıqları formalaşdı.
İkinci Dünya müharibəsi isə texnoloji inqilabın daha qabarıq şəkildə baş verməsinə səbəb oldu. Radar sistemləri, elektronika, aerokosmik texnologiyalar, nüvə texnologiyaları və informasiya sistemləri həm hərbi, həm də mülki sahələrdə yeni imkanlar yaratdı. Müharibədən sonrakı dövrdə Avropa və ABŞ-də iqtisadi bərpa prosesi və sənaye modernləşməsi sürətləndi, bu isə II Sənaye İnqilabının qlobal miqyasda yayılmasına zəmin hazırladı. Eyni zamanda müharibə zamanı yaradılan elmi-tədqiqat institutları və texnologiyaların sivil sektorla inteqrasiyası dövlətlərin inkişaf strategiyalarını yenidən formalaşdırdı.
Soyuq müharibə dövrü isə inkişafın hərbi və ideoloji kontekstdə koordinasiyasını göstərən nümunə oldu. ABŞ və SSRİ arasında baş verən rəqabət yalnız nüvə və kosmik yarışla məhdudlaşmayıb, həm də iqtisadi, elmi və texnoloji sahələrdə geniş transformasiyalara təkan verdi. Kosmik texnologiyaların, informasiya sistemlərinin və hərbi innovasiyaların inkişafı eyni zamanda ölkələrin təhsil, tədqiqat və sənaye strukturlarının modernləşməsinə xidmət etdi. Bu dövrdə ideoloji və mədəni rəqabət, sosial mobilizasiya və kollektiv identikliyin formalaşdırılması dövlətlərin strateji üstünlüklərinin əsas komponentinə çevrildi.
Müasir dövrdə isə müharibə və inkişaf əlaqəsi daha çox informasiya texnologiyaları və rəqəmsal platformaların rolu ilə müşahidə olunur. 2022-ci il Rusiya-Ukrayna müharibəsi kimi nümunələr göstərir ki, dron texnologiyaları, yüksəkdəqiqlikli silah sistemləri, kibertəhlükəsizlik və informasiya əməliyyatları müasir münaqişələrdə strateji üstünlük yaradır. Eyni zamanda sosial media vasitəsilə yayılan ideoloji və mədəni mesajlar cəmiyyətdə emosional bağlılığı gücləndirir və milli birliyi möhkəmləndirir. Bu şəraitdə müharibə yalnız fiziki qarşıdurma deyil, həm də iqtisadi, texnoloji və mədəni inkişafın sürətləndirici faktoruna çevrilir.
Beləliklə, həm tarixi, həm də müasir nümunələr göstərir ki, müharibələrə yalnız dağıdıcı hadisə kimi baxmaq olmaz, onlar eyni zamanda texnoloji innovasiyaları, iqtisadi modernləşməni, sosial davranış və kollektiv identikliyin yenidən qurulmasını stimullaşdıran katalizator rolunu oynayır. Azərbaycanın təcrübəsi bu qarşılıqlı təsirin konkret və çağdaş nümunəsini təşkil edir, burada milli iqtisadi və texnoloji potensialın gücləndirilməsi, mədəni və ideoloji şüurun formalaşdırılması müharibənin strateji uğurunu təmin edən əsas amillər kimi çıxış etmişdir.
Beləliklə, müharibə və inkişaf, mədəniyyət və ideoloji bazanın inteqrasiyası çoxqatlı və qarşılıqlı təsir mexanizmi kimi dəyərləndirilməlidir. Müharibəni anlamaq üçün onun görünən tərəfinə baxmaqla kifayətlənmək olmaz, onun arxasında duran mədəni, ideoloji və iqtisadi strukturların analizi də eyni dərəcədə vacibdir. Bu yanaşma həm akademik, həm də praktik səviyyədə mühüm əhəmiyyət daşıyır, çünki münaqişələrin qarşısını almaq və ya onları effektiv idarə etmək hərbi və siyasi vasitələrlə yanaşı, mədəni və inkişafedici strategiyalarla da mümkün olur. Müharibənin qiymətləndirilməsi strateji nəticələr və siyasi məqsədlərlə bərabər, etik və hüquqi prinsiplər əsasında da təhlil edilməlidir. Müasir beynəlxalq sistemdə müharibənin aparılma qaydaları müəyyən normativ çərçivə ilə tənzimlənir ki, bu da hərbi əməliyyatların məhdudlaşdırılması və insan həyatının qorunması məqsədi daşıyır.
"Ədalətli müharibə" yanaşması münaqişələrin həm başlanma səbəblərini, həm də aparılma üsullarını qiymətləndirməyə imkan verir. Bu çərçivə mülki əhalinin qorunması, qeyri-proporsional güc tətbiqindən çəkinmə və humanitar prinsiplərə riayət olunmasını əsas şərt kimi irəli sürür. Beynəlxalq humanitar hüququn bu normaları müharibə şəraitində belə etik məsuliyyətin aradan qalxmadığını göstərir ki, bu da öz növbəsində dövlətlərin davranışının hüquqi və mənəvi legitimliklə ölçülməsinə gətirib çıxarır.
Azərbaycanın İkinci Qarabağ müharibəsi zamanı nümayiş etdirdiyi müharibə mədəniyyəti isə analoqu olmayan bir nümunədir. Müharibədən sonrakı mərhələ də dağıntıların aradan qaldırılması ilə eyni vaxtda yeni inkişaf modelinin formalaşdırılması üçün imkan yaradıb. Rekonstruksiya prosesi iqtisadi, sosial və institusional sahələrdə paralel transformasiyanı tələb edir. İnfrastrukturun yenidən qurulması, iqtisadi fəaliyyətin bərpası və sosial reinteqrasiyanın təmin olunması bu prosesin əsas istiqamətlərini təşkil edir. Müasir yanaşmalarda innovativ texnologiyaların tətbiqi və "ağıllı idarəetmə modelləri" postmüharibə inkişafını daha effektiv və davamlı edir. Bu baxımdan rekonstruksiya yalnız keçmişin bərpası deyil, gələcəyin strateji şəkildə qurulması kimi dəyərləndirilməlidir. Dövlət öz ərazilərinin sərhədlərini qoruyaraq və strateji məqsədlərə çataraq eyni zamanda sivil əhalinin həyatına zərər verməməyə diqqət yetirmişdir. Bu yanaşma yalnız milli maraqları təmin etməklə kifayətlənməyib, regionda sabitlik və inkişaf üçün perspektiv imkanlar yaratmışdır. Müharibədən sonra Ermənistanın siyasi vassallıqdan çıxaraq öz inkişaf yolunu müəyyən etməsi Azərbaycanın humanist və strateji yanaşmasının nəticəsi kimi qiymətləndirilməlidir.
Eyni zamanda müharibənin nəticələri region və beynəlxalq səviyyədə perspektiv imkanlar açır. Gələcəkdə Zəngəzur dəhlizinin (TRIPP) açılması iqtisadi inteqrasiyanı təşviq edəcək, regional ticarət və nəqliyyat imkanlarını artıracaq, qonşu dövlətlərin xalqlarının inkişafına dəstəyin təmin olunmasına şərait yaradacaq və beynəlxalq əməkdaşlığı möhkəmləndirəcək. Bu yanaşma göstərir ki, müharibə yalnız dağıdıcı deyil, eyni zamanda diqqətli planlaşdırma və mədəni-ideoloji strategiyalarla inkişaf və sabitlik üçün katalizator rolunu oynaya bilər.
Siyasi və fəlsəfi baxımdan bu nümunə bir daha təsdiqləyir ki, hərbi güc və texnoloji üstünlük yalnız vasitədir. Əsas məqsəd isə insan həyatına, milli irsə və gələcək nəsillərin inkişaf perspektivlərinə hörmətlə yanaşmaqdır. Müharibə və mədəniyyət, güc və humanizm, strateji məharət və etik məsuliyyət - bütün bunlar birgə işlədikdə cəmiyyətlər üçün davamlılıq və tərəqqi təmin olunur. Müharibə və mədəniyyət arasındakı qarşılıqlı əlaqə göstərir ki, cəmiyyətlərin taleyi yalnız fiziki güc balansı ilə müəyyən olunmur. Əsas müəyyənedici faktor insanın düşüncə sistemi, dəyərlər strukturu və gələcəyə yönəlik baxışıdır. Müharibə bu sistemlərin sınaqdan keçdiyi ekstremal şərait kimi çıxış edir. Tarixi təcrübə göstərir ki, davamlı üstünlük yalnız hərbi qələbə ilə yox, mədəni və intellektual dayanıqlıqla təmin olunur. Bu baxımdan güc və humanizm, strategiya və etik məsuliyyət bir-birini tamamlayan elementlər kimi çıxış edir. Cəmiyyətlər bu balansı qoruduqda davamlı inkişaf və sabitlik üçün zəmin yaranır. Sonda belə bir nəticəyə gəlmək olar ki, müharibənin dərk edilməsi onun qarşısının alınması üçün ilkin şərtdir. Müharibəsiz dünya isə düşünülmüş və məqsədyönlü inkişaf strategiyalarının mümkün nəticəsi ola bilər.

Müharibəsiz dünya daha gözəldir. Yaşasın sülh!
Sadiq QURBANOV,

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
1-04-2026, 20:03
Cavid Vəkilov yazır: Gənclərin formalaşmasında   QHT-lərin əhəmiyyəti


Cavid Vəkilov yazır:

Gənclərin formalaşmasında

QHT-lərin əhəmiyyəti


Müasir dövrdə cəmiyyətin inkişafı birbaşa gənclərin bilik səviyyəsi, dünyagörüşü və fəallığı ilə ölçülür. Bu baxımdan gənclərin düzgün istiqamətdə formalaşması yalnız ailə və təhsil müəssisələrinin deyil, həm də qeyri-hökumət təşkilatlarının (QHT-lərin) üzərinə düşən mühüm vəzifələrdən biridir. QHT-lər son illərdə gənclərin inkişafında alternativ və dinamik platforma kimi çıxış edərək onların həm şəxsi, həm də peşəkar bacarıqlarının formalaşmasına mühüm töhfə verir.
QHT-lərin fəaliyyətinin əsas üstünlüklərindən biri onların qeyri-formal təhsil imkanları yaratmasıdır. Ənənəvi təhsil sistemi daha çox nəzəri biliklərə əsaslandığı halda, QHT-lərdə keçirilən təlimlər, seminarlar və layihələr praktik yönümlü olur. Burada gənclər real problemlərin həllində iştirak edir, layihələrin hazırlanması və icrası prosesində yer alır, komanda şəklində işləməyi öyrənirlər. Bu cür təcrübə onların analitik düşüncə qabiliyyətini inkişaf etdirir və gələcək əmək fəaliyyətində daha hazırlıqlı olmalarına şərait yaradır.
Könüllülük fəaliyyəti QHT-lərin gənclərə təqdim etdiyi ən vacib imkanlardan biridir. Könüllü kimi müxtəlif sosial layihələrdə iştirak edən gənclər cəmiyyətin problemlərinə daha həssas yanaşmağa başlayır, empati qurmağı və sosial məsuliyyət hissini inkişaf etdirirlər. Bununla yanaşı, onlar ünsiyyət, təşkilatçılıq və liderlik kimi vacib bacarıqlara yiyələnirlər. Bir çox hallarda gənclər üçün ilk iş təcrübəsi məhz bu fəaliyyətlər vasitəsilə formalaşır.
QHT-lər həmçinin gənclərin sosial fəallığını artırmaqda mühüm rol oynayır. Onlar gəncləri ictimai proseslərdə iştirak etməyə təşviq edir, müxtəlif sosial təşəbbüslər və kampaniyalar vasitəsilə cəmiyyətə faydalı fərdlərə çevrilmələrinə kömək edir. Bu prosesdə gənclər öz hüquq və vəzifələrini daha yaxşı anlayır, vətəndaş məsuliyyəti hissi formalaşır.
Bununla yanaşı, QHT-lər gənclərin beynəlxalq səviyyədə inkişafına da geniş imkanlar yaradır. Müxtəlif proqramlar və layihələr vasitəsilə gənclər digər ölkələrdən olan həmyaşıdları ilə ünsiyyət qurur, yeni mədəniyyətlərlə tanış olur və daha geniş dünyagörüşü əldə edirlər. Bu isə onların daha açıq fikirli və çevik düşünən fərdlər kimi yetişməsinə kömək edir.
Nəticə etibarilə, QHT-lər gənclərin hərtərəfli inkişafında mühüm rol oynayan əsas institutlardan biridir. Onlar gənclərə yalnız bilik və bacarıq qazandırmır, eyni zamanda onları aktiv, məsuliyyətli və təşəbbüskar vətəndaşlar kimi formalaşdırır. Müasir cəmiyyətin gələcəyi məhz bu cür inkişaf etmiş və fəal gənclərdən asılıdır.

Cavid Vəkilov,

Gənc İctimai-Siyasi Fəal
Müvəkkil Hüquq Mərkəzi Könüllülər Departamentinin rəhbəri
30-03-2026, 16:13
Bir əsgərin taleyi


(Esse)

Bir əsgərin taleyi

(416-cı Taqanroq diviziyasının

döyüş yolu)


Evimizin qabağında böyük bir armud ağacı var. Bu ağac indi də pöhrələnib böyüyür, hər il bol məhsul verir. Həmin ağac bizim üçün çox müqəddəsdir. Uşaqlıq çağlarımızda bu ağaca bir canlı kimi baxırdıq. Əmimizin bir nişanəsi olan bu ağac bizə indi də çox doğmadır. Bu ağacı Ələddin əmim əkmişdi...
Əmim meşədən gətirdiyi cır armud ağacına peyvənd ağacdan calaq vurmuş, qayğısına qalmışdı. İkinci Dünya Müharibəsindən bir neçə il əvvəl əkilən bu ağac böyüdü, qol-budaq atdı, hər il bar verdi. İndi də bu ağac öz şuxluğunu, əzəmətini itirməyib...
Uşaqlıq illərində görürdük ki, nənəmiz bu ağacı əzizləyir, onu qoruyur, “Oğlum Ələddinin ağacıdır”, - deyirdi. Armudları da yığıb bütün kəndə ehsan kimi paylayırdı.
Ələddin əmi 17 mart 1942-ci ildə müharibəyə getmiş, 1944-cü ilin fevral ayında “itkin” kağızı gəlmişdir. Hündürboy, enlikürək, pəhləvan cüssəli bu insan müharibədən qayıtmadı. Onun iki yadigarı qalmışdı. İki qızı körpə yaşlarından nənəsinin, əmisinin himayəsində böyüdü. O, müharibəyə gedəndə qızlarından böyüyünün 4, kiçiyinin 2 yaşı vardı. Nənə bütün ömür boyu gözlədi. İtkinlik çox pis şeydir. İnana bilmirdi ki, “dağ” boyda oğlu birdən-birə yox olsun. Əmimin şəklini divardan başının üstündən asdırmışdı. Evə gəlib-gedən qonaqlara şəkli göstərib deyirdi: “Bax, oğlum Ələddindir, yəqin, sağdır, mütləq gələcək”, “o, igid oğul idi, onu heç bir “nemes” öldürə bilməz”. Bu sözləri hər dəfə təkrarlayırdı.
Həyat çox qəribədir. İnsan ümidlə yaşayır. Bu ümid onu yaşamağa səsləyir. Bəli, həyat ümidin qırıldığı yerdə bitir. Nənəmiz onun yolunu gözləyə-gözləyə dünyasını dəyişdi. Ələddin əminin qızları böyüdü, ailə qurdular. Ələddin əminin nəvələrindən biri – Calalov Seyfəl Bahaddin oğlu hərbi təhsil alaraq aviasiya mühəndisi oldu, babasının bütün arzularını həyata keçirdi. Vətəni qorudu. Xalqımızın xoşbəxt yaşaması, ölkəmizin müstəqilliyi üçün işlər gördü.
Mən hələ məktəb illərində çox yerlərə məktublar yazdım. Heç nə öyrənə bilmədim. Gələn cavablar da bu idi: “Heç bir məlumat tapılmadı”.
Bir gün eşitdim ki, Rusiya dövlətində xüsusi arxivlər yaradılmışdır. Öyrəndim ki, “Pamyat naroda” (“Xalqın yaddaşı”) və “OBD Memorial” adlanan bu arxivlərdən hər cür məlumat almaq olar. Yaxşı ki, bu arxivlərdəki məlumatlar, sənədlər elektronlaşdırılmışdır. Artıq hər şey məlum olmağa başladı. Məlumatları tapdım. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən bu məlumatları əldə etdim. Sənədin 54-cü vərəqində 55-ci sırada yazılanlar bunlardır:
Azərbaycan dilində yazıram).
Adı, soyadı, atasının adı: Salmanov Ələddin Abid oğlu
Anadan olduğu yer: Azərbaycan SSR, Qonaqkənd rayonu, Afurca kəndi.
Doğum ili: 1910
Partiyalılığı: Partiyasız
Hərbi rütbəsi: Sıravi Qırmız Ordu əsgəri
Vəzifəsi: Atıcı

Orduya çağrıldığı vaxt və yer: 17.03.1942. Azərbaycan SSR, Qonaqkənd rayonu, Hərbi Komissarlıq.Hərbi hissə: 416-cı atıcı Taqanroq diviziyası.
Nə vaxt və hansı səbəbdən sıradan çıxıb: 1944-cü ilin fevralında itkin düşüb.
İtkin düşdüyü yer: Ukrayna, Nikopol şəhəri.
Yaxın qohumlarının adı və ünvanı: Atası - Salmanov Abid. Qonaqkənd rayonu, Afurca kəndi. Bu məlumatlar 416-cı diviziyanın 1944-cü ilin fevral ayı üçün tərtib etdiyi “Məcburi itkinlər haqqında hesabat” sənədlərindən götürülüb. Bu rəsmi sənəd əlimə keçdikdən sonra mən 416-cı Taqanroq diviziyasının bütün döyüş yolunu öyrənməyə başladım. Zaqafqaziya Hərbi Dairəsinin komandanlığının əmrinə əsasən 1942-ci il 22 fevral tarixində Azərbaycan SSRİ-nin Ucar rayonunda 416-cı atıcı diviziyanın formalaşdırılmasına başlanılmışdır.
1054-cü və 1374-cü alay Ağdamda, 1373-cü alay Göyçayda, 1368-ci alay Sumqayıtda yaradılmışdır. Həmin il martın 22-də diviziyanın şəxsi heyəti hərbi andiçmə mərasimində iştirak etmiş, 416-cı Milli Diviziyanın döyüş yolu Qafqazdan başlamış, Mozdok, Taqanroq, Melitopol, Nikolayev, Nikopol, Odessa, Kişinyov və Polşadan keçərək Almaniyaya qədər uzanmışdır. Diviziya 1942-ci il sentyabrın əvvəllərində 44-cü ordunun tərkibinə daxil edilərək Şimali Qafqazda Xasavyurt rayonuna göndərilmişdir. Diviziyanın cəbhəyə getdiyi vaxt Qafqaz uğrunda döyüşlərin ən şiddətli dövrü olub. Burada diviziya sayca artıb. Diviziyanın şəxsi heyəti 10 mindən çox əsgərdən ibarət olub.
Almaniyanın “Cənub” ordu qrupu komandanlığına 1942-ci ilin 25 sentyabrında Bakını zəbt etmək əmri verilmişdi. 1942-ci ilin oktyabrında 416-cı diviziya 58-ci ordunun tərkibinə daxil edilərək, Sulak çayının Şərq sahilində düşmənin Mahaçqala istiqamətindəki hücumlarına qarşı mövqedə yerləşdi. Həmin ilin oktyabrında diviziya yenidən 44-cü ordunun tərkibinə daxil oldu və təcili olaraq Terek stansiyası zonasında yeni döyüş xəttinə göndərildi. 1942-ci ilin 30 noyabrında diviziya hücuma keçdi. 1943-cü il yanvarın əvvəlinə qədərki dövrdə diviziyanın döyüşçüləri Qafqazdan Azov sahilinə qədərki məsafəni döyüşlərdə keçərək, növbəti döyüşlərə hazırlaşırdılar. Bu dövrdə diviziyanın komandirlərindən biri general-mayor Tərlan Əliyarbəyov idi. 1942-ci ilin noyabrında Şimali Qafqazdan başlanan əks-hücumlar nəticəsində 3 ay ərzində Şimali Qafqaz düşməndən azad edildi və Rostov istiqamətində döyüşlərə başlamaq üçün zəmin yarandı. 1943-cü ilin 21 fevralında 416-cı diviziya əməliyyatlarının II dövründə hazırlığa başladı. Bunun üçün diviziyaya Azərbaycandan 1500 nəfər yeni döyüşçü göndərilmişdi. 416-cı Azərbaycan Milli Diviziyası və onun alaylarına müharibə illərində general-mayorlar Tərlan Əliyarbəyov, Heybət Heybətov və Hacıbaba Zeynalov (diviziyanın qərargah rəisi) komandirlik etmişdir.
416-cı diviziya 1942-cü ilin 17 avqustunda Taqanroq şəhəri istiqamətində başlanmış hücumlarda iştirak edirdi. Avqustun 30-da diviziya 28-ci ordunun tərkibində Taqanroq şəhərinin düşməndən azad edilməsində böyük qəhrəmanlıq göstərdi və bu qələbəyə görə ona “Taqanroq diviziyası” fəxri adı verildi.
1944-cü ilin yanvarında 416-cı diviziya 3-cü Ukrayna cəbhəsində 5-ci zərbə ordusu tərkibində hücuma keçərək, Dnepr çayını keçdi və ağır döyüşlərlə Dnepr çayının sahillərinə çıxdı.
Qoşunlarımız artıq Ukrayna ərazisində vuruşurdular. 1944-cü il fevral ayının ilk günlərində 416-cı diviziya Ukraynanın Zaporojye və Dnepropetrovsk vilayətləri sərhəddində - Dnepr çayının sahilində idi. 416-cı diviziya 1944-cü ilin yanvar və fevral aylarında Ukraynanın Nikopol-Krivoy Roq əməliyyatında iştirak edirdi. Həmin vaxt diviziya Dnepr çayının sol sahilində almanların “Nikopol plasdarmı” adlanan güclü müdafiə xəttini yarmaq üçün çox şiddətli döyüşlər aparırdı. Fevral ayında bölgədə şiddətli yağışlar yağmışdı və palçıq hərəkəti çətinləşdirirdi. 416-cı diviziyanın 1368, 1373, 1374-cü alayları 8 fevral 1944-cü ildə Nikopol şəhərini azad etmək üçün həlledici hücuma keçmiş, Dnepr çayını adlayaraq düşmən müdafiəsini yarmışdı.
2 fevraldan 8 fevrala qədər diviziya almanların “Nikopol” qruplaşmasını məhv etdi. Dnepr çayını keçmək və bataqlıq ərazilərdə irəliləmək itkilər hesabına olurdu. Faşistlər artilleriya qurğularından atəş açırdılar. Belə bir vaxtda diviziyamızın itkiləri çox olurdu. Gündə 100-200 nəfər həlak olurdu. Nikopol şəhərini azad etmək üçün qanlı, dəhşətli döyüşlər başladı. Şəhər fevralın 8-də çoxlu itkilər hesabına azad olundu. Fevralın ortalarında diviziya 5-ci Zərbə Ordusunun tərkibinə keçərək Dnepr çayını keçmiş və Böyük Lepetixa kəndi istiqamətində qanlı döyüşlər aparmışdı. Bəzən cəsədləri tanımaq olmurdu, ya da sənədlər itirdi. Cəsədlər çox vaxt yerli əhali tərəfindən dəfn edilirdi. Heç bir sənədləşdirmə aparılmırdı. Cəsədlər bəzən toplu şəkildə basdırılırdı. Hansı əsgərin adı məlum olurdu, onun adı, soyadı yazılırdı. Adı bilinməyənlər isə “naməlum əsgər” kimi qeyd olunurdu. Evlərinə “itkin düşmüşdür” kimi məktub göndərilirdi.
Ələddin əmi Nikopol şəhəri uğrunda gedən döyüşlərdə şiddətli artilleriya atəşləri zamanı itkin düşmüşdür.
1942-ci il martın 17-də müharibəyə çağrılan Ələddin əmi 416-cı Azərbaycan diviziyasında vuruşub, şanlı döyüş yolu keçdi. Onun döyüş yolu Şimali Qafqazdan başlamış, Ukrayna torpaqlarında bitmişdir. Əfsuslar olsun ki, o, Qələbə gününü görə bilmədi. Taleyi belə imiş. Minlərlə Azərbaycan oğlu bu müharibədə həlak oldu. Orduda vuruşan 700 mindən çox azərbaycanlıdan 350 mini geri qayıtmadı.
Mən deyərdim ki, 416-cı diviziyanın hər bir əsgəri qəhrəman olub...
Qəhrəman xalqın qəhrəman əsgərləri Vətəni düşməndən azad etdilər. Ana və bacılarımızın rahat həyatını təmin etmək bu qəhrəmanların öhdəsinə düşmüşdü.
Əsrlər keçəcək, bu qəhrəmanlar heç vaxt yaddan çıxmayacaqlar. Çünki vətənimizin hər qayasında, hər daşında onların əksi, izi görünür. Azərbaycan xalqı, Azərbaycan torpağı onları unutmur. Onların ruhu Vətən torpaqlarında dolaşır.
Ukraynanın Nikopol şəhərinin yaxınlığında, Dnepr çayı sahilində bir “Qardaşlıq məzarlığı” var. Yüzlərlə qəhrəman burada dəfn olunmuşdur. Bəzilərinin adı və soyadı lövhədə yazılmış, kimliyi məlum olmayanlar “Naməlum əsgər” kimi qeydə alınmışdır. Ələddin əmi də həmin məzarlıqdadır. Ömrünün 33-cü ilində həyatdan gedən bu qəhrəman şəhidlik zirvəsinə ucalıb.
Vətənimiz və xalqımız Ələddin əmi kimi qəhrəman oğulları heç vaxt unutmayacaq.

Abid ŞAMİLOĞLU,

Quba rayonu Afurca kəndi,
müəllim.
29-03-2026, 10:42
AQİLİN İNTİQAMI


AQİLİN İNTİQAMI

(Döyüş hekayəsi)


O, Müdafiə Nazirliyindən çıxanda artıq hava qaralmışdı. Olduqca qayğılı idi. Baş Qərargah rəisi Arif Salahovun dediklərini düşünür, yekun qərara gəlmək üçün eşitdiklərini ürəyində götür - qoy edirdi. Qərargah rəisi söhbət zamanı demişdi:
-Görürəm, gənc leytenantsan, ilk baxışdan da, iradəli, qətiyyətli adama oxşayırsan. İndi sənin kimi kadrlara çox ehtiyacımız var. Əgər istəsən səni Əməliyyat Baş İdarəsinə baş zabit vəzifəsinə göndərə bilərəm.
O, düşünmədən cavab verdi:
-Xeyr. Mən cəbhəyə getmək, döyüşmək üçün gəlmişəm.
Baş Qərargah rəisi təəccüblə ona baxdı:
-Bir az fikirləş, Əməliyyat İdarəsinin baş zabiti elə-belə vəzifə deyil. Bu yerə yüksəlmək üçün, nə qədər çətin, eniş-yoxuşlu yollar keçməlisən.
Aqil bir az da ciddi görkəm alaraq, - bax, elə mən də onu istəyirəm, -dedi. Torpaqlarımızı o alçaqlardan qorumaq və bu yolda vuruşmaq istəyirəm. İstəyirəm ki, çətin dediyiniz o yolları mən də keçim.
Arif Salahov diqqətlə onun üzünə baxdı. Əvvəl onun səmimiyyətinə inanmaq istəmədi. Düşündü ki, cavandı, yəqin özünü qəhrəman kimi göstərmək istəyir. Çünki son vaxtlar elələrinə tez-tez rast gəlirdi. Amma, üzünün ifadəsindən hiss elədi ki, yox, bu onlara oxşamır. Odur ki, mehribanlıqla dedi:
-Yaxşı oğlum, bir halda ki, getmək istəyirsən, uğur olsun!
Təqdimat:
Tağıyev Aqil Mürsəl oğlu 1965 - ci ildə Qafan rayonunun Açağu qəsəbəsində ziyalı ailəsində anadan olub. 1972-1982-ci illərdə Açağu və Şəhərcik qəsəbələrində orta təhsil alıb. 1982-ci ildə Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat” fakültəsinə daxil olub. 1984-1986-cı illərdə həqiqi hərbi xidmət keçib. Tərxis olunduqdan sonra təhsilini davam etdirərək 1989-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirib. Elə həmin il Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasına daxil olub. 1989-1992-ci illərdə AMEA-nın “Xüsusi konstruktor bürosu”nda riyaziyyatçı-proqramçı kimi çalışıb. 1992-ci ildə aspirantura təhsilini dayandırıb könüllü olaraq Milli Ordu sıralarına daxil olub.
O, ilk döyüş tapşırığını Füzuli rayonunda alıb.
Aqil döyüşdən çox yorğun qayıtmışdı. Özünü əzgin hiss etdiyindən dincəlmək istəyirdi. Bölük komandiri Valid Vəliyev başqa bir zabitlə onun yanına gəldi. O, zabiti göstərib dedi: -Tanış olun, daxili qoşunların bölük komandiri Fərhad Mərdanovdur. Bunların əsgərlərindən biri Yuxarı Dilağarda kəndi ətrafında döyüş zamanı həlak olub, meyidi təmas xəttində qalıb. Nə qədər axtarırlar, cəsədi tapa bilmirlər, qar üstünü örtüb, heç nə görünmür. Səncə bu işi Qafar bacararmı. Aqil etiraz etdi:
-Yox, bu iş onluq deyil, dedi. - Düzdü, Qafar yaxşı döyüşçüdür, cəsurdur, amma səbirsizdir. Özünüz də yaxşı bilirsiniz ki, ermənilər sürpriz tələlər qururlar. Əclaflar son vaxtlar meyitlərin altına qumbara qoyurlar. Bu işdə bir az ehtiyatlı olmaq lazımdır. Ora özüm gedəcəm.
Sadəcə, kömək üçün 4-5 əsgər lazımdır, çünki ora bir az aralıdır.
-Əlbəttə, əlbəttə, - deyə bölük komandiri dilləndi: -Mən özüm də səninlə gedərəm. Lap on nəfər götürərik. Bəlkə atışma oldu…
Onlar Dilağarda kəndinə çatanda qar yavaş-yavaş əriyirdi. Buna baxmayaraq yenə də hər tərəf örtülü idi. Cəsədin hansı istiqamətdə olacağı da bəlli deyildi. Bircə ermənilərə yaxın təmas xəttində olması təxmin edilirdi. Aqil durbinlə ətrafı diqqətlə nəzərdən keçirsə də heç nə görünmürdü. Bu arada kapitan Fərhad Mərdanov təəssüflə şəhidi xatırladı:
Yaxşı tanıyırdım. Hündür boylu, dolu bədənli, cüssəli idi. Qorxu nə olduğunu bilmirdi. Çox döyüşkən idi. Aqil əli ilə onun çiyninə vurdu:
-Narahat olmayın, -dedi. -Harda olsa tapacağıq.
Elə bu vaxt hardansa qarğa səsi gəldi. Aqil tez çevrilib durbinlə baxdı. Dağın döşündə ermənilərə yaxın təmas xəttinin üstündə bir neşə qarğa uçurdu. Aqil sevindi: Bölük komandirinə tərəf çevrilib inamla:
-Tapdıq, -dedi. Göydə uçan o qarğaların altındadır. Amma çox ehtiyatlı olmalıyıq, ermənilər görə bilər. İtiyimizi tapmayınca bizə əlavə problem lazım deyil. Kapitan Mərdanov sevinclə dedi:
-Narahat olmayın. Bizimkilər peşəkardır. Ancaq nədən bildiniz ki, meyit ordadır?
Qarğalardan. Görürsünüz, qarıldaya - qarıldaya necə dövrə vurur, getdikcə aşağı enirlər? Meyit ordadır. Gedək!...
O, ətrafa baxa - baxa yavaş - yavaş irəliləyir, qalanları isə onun dalınca gedirdilər. Hava günəşli olsa da soyuq idi. Dağ havası, qışın sazağı istər - istəməz özünü göstərirdi. Onlar üşüsələr də buna əhəmiyyət vermir, meyidi bacardığca tez tapmağa tələsirdilər. Bir qədər getdikdən sonra Aqil qarğaların bir yerə qonduğunu görüb dedi:

- Odur, meyit ordadır. - Əli ilə qarğalar olan yeri göstərdi. -Ancaq indi ora yaxın düşmək olmaz. Səbirli olun, dedi. Elə bu vaxt Aqillə bir yerdə qulluq edən İlqar Əhmədov ermənilərə yaxın təmas xəttini diqqətlə izlədikdən sonra ona yaxınlaşıb dedi:
-Komandir, deyəsən ermənilər bizi görüblər. Hər dəqiqə atəş aça bilərlər. Hamı döyüş vəziyyəti aldı…
Atışma başladı. Güllələr dolu kimi yağırdı. Baş qaldırmaq mümkün deyildi. Meyidə çatmağa hələ xeyli vardı. Yalnız sürünmək lazım idi. Yerin qar olması işi daha da çətinləşdirirdi. Belə şəraitdə sürünə - sürünə bu qədər məsafəni qət etmək çətin olsa da başqa yol yox idi. Əsgərlərin biri yaralandı. Onu qan içində sürüyüb güllə tutmayan bir çalaya saldılar. Aqil sürünə - sürünə bölük komandirinin yanına gəlib dedi:
-Siz bizi qoruya bilsəniz, mən bizim çavuşla meyidi götürüb bir qədər aşağı apara bilərik. Sonrası asandır.
Atışma davam edir, Aqillə gizir Əhmədov sürünə - sürünə meyidə tərəf irəliləyirdilər. Xarlanmış qar sürünməkdən onları tamam islatmışdı. Çavuş özünü o yerə qoymasa da soyuqdan titrəyirdi. Dişləri bir-birinə dəyirdi. Bu, Aqilin diqqətindən yayınmadı. Əlini onun alnına qoydu. Sanki od içində yanırdı. Aqil təəccüblə dedi:
-Bu nədi, sən əməlli - başlı xəstəsən ki?!
Aqil taqətdən düşmüş İlqarı gətirib güllə tutmayan yerə qoydu. Sonra da özünü toplayıb rahatlıqla meyidə qarmaq atdı. O, bu fəndi hələ Bakı Dövlət Universitetində oxuyarkən hərbi hazırlıq kursunda öyrənmişdi. Bütün qaydaları gözəl bilir və layiqincə yerinə yetirirdi. İndi də qarmağı elə ustalıqla atdı ki, gedib meyidin üst paltarına ilişdi. Yavaş - yavaş özünə tərəf çəkdi. Cəsəd yerindən tərpəndi. Aqil bir az da dartıb bir metr kənarlaşdırdı. Hər şey təmiz idi. Meyidin altında qumbara yox idi. O, sakitliklə dərindən nəfəs aldı. Öz - özünə pıçıldadı: “Çox şükür ki, meyit salamat qaldı. Allah üzümüzə baxdı.” Amma yenə də ürəyində qara qalmasın deyə cəsədi bir az da özünə tərəf çəkdi. Bölük komandiri Fərhad Mərdanov ona yaxınlaşıb qucaqladı, minnətdarlığını bildirdi.
Atışma dayandığından döyüşçülər yaralı əsgəri də götürüb onların yanına gəldilər. Baş çavuş dedi:
-Biz də düşmənin beşini gəbərtdik.
Meyidi təmas xəttindən bir az aşağı, təhlükəsiz yerə gətirdilər. Hörmət əlaməti olaraq baş əydilər, sayğı duruşu ilə yaylım atəşi açdılar.
Aqil Tağıyev sonralar bir çox döyüşlərdə iştirak etmiş, yüksək peşəkarlıq, fədakarlıq və əzmkarlıq göstərmişdir. O, heç vaxt ölümdən qorxmamışdır. Onun fikrincə, igidlik və qəhrəmanlıq bizim əlimizin və ayağımızın fəaliyyətinin nəticəsi deyil, cəsarətimizin və iradəmizin gücüdür. Aqil israrımıza baxmayaraq təvazökarlıq edir döyüş yolu haqqında ətraflı danışmaq istəmədi.
“Bilirsiniz, dedi, müharibəyə gedən adam gəzməyə, istirahətə getmir, döyüşməyə, vuruşmağa, ölməyə gedir. Bu bir vətən borcudur, şərəf borcudur. Belə şeyləri reklam eləməzlər. Nə bilim, Vallah, bəlkə mən doğru düşünmürəm? Ancaq bu, mənim qənaətimdir. Amma bir hadisəni heç vaxt unuda bilmirəm. Hər zaman o səs, qulağımda səslənir, o hadisələr bir kino lenti kimi gözlərim önündən çəkilmir. Məni əzir, sındırır, bütün varlığımı alt - üst edir. İstəsəniz, bunu danışaram.”
1993 - cü il martın ortaları idi. Yazın gəlişi artıq hər yerdə hiss olunurdu. Əsrarəngiz mənzərələr onu valeh etmiş, qəlbini ovsunlamışdı. Düşünürdü ki, görəsən həyatda elə insan olar ki, təbiəti sevməsin?
-Komandir, bir bax, deyəsən erməniər orda nəsə quraşdırırlar.
Döyüş dostu Orxan Orucovun səsi onu xəyaldan ayırdı. Durbini alıb baxdı. Ermənilərin böyük bir dəstəsi onlarla üzbəüz çadırın ətrafında dairəvi şəkildə oturmuşdu. Onlardan bəziləri tez - tez ayağa qalxır, oturur, gah da əllərini qaldırıb rəqs edirdi. Aqil başa düşdü ki, onlar nəsə oyun qurublar. Amma nə? Birdən səs gəldi -Alo... Alo...
Aqil düşüncələrindən ayrılıb Orxana baxdı:
-Nəsə var? - deyə soruşdu.
-Ermənilərin radioqovşağına, səs dalğasına düşmüşük.
-Lap yaxşı, ver görüm.
O, durbinlə erməniləri izləyə - izləyə soruşdu:
-Ara, Vazgen, orda nə edirsiniz? Qurbağa kimi bir yerə yığışıb atılıb düşürsünüz?
-Molla, qumar oynayırıq, amma, pulumuz yoxdur. Gör nə edirsən?
-İstəyirsiniz pul göndərim? - deyə Aqil cavab verdi.
-Ara, molla göndər gəlsin. Siz elə yaxşı adamlarsınız, torpaqları da verdiniz, hərbi texnikaları da...
-Yaxşı, Vazgen, çox danışma, indi göndərirəm.
Onların bölüyündə bir ədəd ZU-23 zenit qurğusu vardı. Aqil baş leytenant rütbəsi alandan sonra bölük komandiri təyin olunmuşdu. Odur ki, qurğunun rəhbəri Qafqazı çağırıb dedi:
-Ermənilərin yerini dəqiq nişan al, ver mənə. Özüm vuracağam.
Bir neçə dəqiqədən sonra Qafqaz dedi:
Hər şey hazırdır, yoldaş komandir, buyurun, sadəcə pedalı basin!
-Lap yaxşı, -deyə Aqil radioqovşağını (ratsiyanı) götürdü. Durbinlə baxa - baxa erməniyə dedi:

-Ara, Vazgen, pul tapa bilmədim. Amma sənə yaraşan bir şey göndərirəm al, deyib pedalı basdı. Bir anın içində qarşı tərəfdə leşlər tozanaqla göyə qalxdı. Toz - dumana qarışdı, palatkadan əsər - əlamət qalmadı. Aqil təbiətcə humanist, xeyirxah, yaxşılıq etməkdən zövq alan adamdır. Amma indi düşmənlərin havada uçan leşlərinə baxmaqdan sanki rahatlıq duyur, qəribə hisslər keçirirdi. Bu hisslər ona yad olsa da, qəlbinin ən dərinliklərində qalan ağrı - acılara sanki məlhəm kimi gəlirdi.
Aqil səngərə çatanda rabitəçi xəbər gətirdi ki, ermənilər səni istəyir. Aqil dəstəyi əlinə alan kimi erməni dedi:
-Ara, Molla, o gün sən səhv elədin. Aqil təəccüblə:
-Vazgen, sən hələ ölməmisən?
-Yox, ara, yox! Mən səni öldürməmiş ölməyəcəm. Sənə sürprizim var. O günkü hərəkətinin əvəzinə gör sənə nə gətirmişəm, diqqətlə qulaq as…
Rabitədə bir qadın qışqırır, bağırırdı. Bağırmırdı, insan ətini ürpədən dəhşətli səs çıxarırdı. Bu səs insan səsi deyildi. Ağrıydı, yanğıydı. Arada bir “Öldürün məni,” deyirdi. Sonra rabitədə erməninin səsi eşidildi.
-Ara, Molla, heç tanış eləmədim, bu qızı, sizinkilərdəndi, əsir götürmüşük. Sonra gülə-gülə gör necə qışqırır...
Bu hadisədən sonra Aqil özünə gələ bilmirdi. Döyüşlərdə nə qədər erməni öldürsə də ürəyi soyumurdu. Elə bil qəlbindən ağır bir daş asılıb, onu yerə çəkirdi. Ona elə gəlirdi ki, o səs deyildi, qara yara idi, qara ağrı idi, qapqara səsə çevrilib ətrafa yayılırdı. O, bu qara ağrını, qara yanğını heç kimlə bölüşə bilmirdi. Heç ən yaxın dostlarına da deyə bilmirdi. Bu hadisə ona dəhşətli dərəcədə ağır gəlirdi. Nə qədər ağır döyüşlərdən keçsə də, nə qədər uğurlar qazansa da o anı unuda bilmirdi. O, qara səs onun beynində ilişib qalmışdı, elə sıxırdı, mənən elə əzirdi ki, heç rahatlıq vermirdi. Nəhayət, bir gün Orxan Orucovu çağırıb dedi:
-Mən zəif adam deyiləm, bilirsən...
-Bəli, nə qədər möhkəm iradə sahibi olduğunuzu yaxşı bilirəm.
-Qulaq as. Məsələ onda deyil. O hadisədən sonra elə bil, dünyanın bütün yükü, borcu mənim çiynimdədir. Mən kiməsə, nəyəsə borcluyam və mənə elə gəlir ki, bu borcumu verməyincə rahatlıq tapa bilməyəcəm. Bu məni çox düşündürür, fikrimi cəmləməyə imkan vermir. Ağlıma sığdıra bilmirəm. Bu qədər əzazillik, bu qədər vəhşiləşmək heç də sıradan bir məsələ deyil.
-Komandir, mən bu məsələ ilə maraqlanmışam, -deyə Orxan bildirdi. Ermənilərin bu tərəflərdə üç böyük postu var.
Elə bu vaxt Qabil Quliyev (Dəli keçi) onlara yanaşdı:
-Düşünürəm ki, mənsiz heç bir iş ola bilməz. -Dedi. -Nə iş varsa, mən hazıram, komandir.
-Yox, Dəli keçi, - deyə komandir əlini onun çiyninə qoydu. - Bu dəfə sənsiz gedəcəyik. Onsuz da sən bütün ağır döyüşlərdə iştirak edirsən. Bu dəfə sən mənim yerimə komandir qalırsan. Orxanla, İftxar kifayət eliyər. Onlar bacarıqlı döyüşçülərdir. Özü də inanılmış adamlardır.
-Bəli, hər ikisi ürəkli, cəsur oğullardır. - Qabil onlar haqqında ürəkdolusu danışdı. - Belə oğullarla gedib lap Zəngəzuru da qaytarmaq olar.
Aqil deməlisini dedi, tapşırıqlarını verdi. Yalnız bundan sonra rahat nəfəs aldı. Özündə bir yüngüllük hiss etdi. Çöhrəsində təbəssüm yarandı. İnsanın ən böyük varı - dövləti, sərvəti onun daxili, mənəvi rahatlığıdır. Bəzən həyatda elə vəziyyət, elə anlar yaranır ki, insan həyatının mahiyyəti, mənası bu vəziyyətdən, bu anlardan necə keçməkdən, onu necə həll etməkdən asılı olur. Aqil üçün həmin vaxt gəlib yetişmişdi. Bu gecə onlar düşmənin üç postunu məhv etməli idi. Bu, olduqca ağır, hər addımı ölümlə nəticələnə biləcək bir əməliyyat idi. Bunu hər üçü yaxşı bilirdi. Onu da yaxşı bilirdilər ki, birinin cüzi səhvi hər üçünün həyatına son qoya bilərdi. Odur ki, bölük komandiri son tapşrıqlarını verdi:
-Əgər çəkinən, tərəddüd edən varsa təxirə sala bilərik, - dedi. Biz bu əməliyyata könüllü gedirik, heç kim əmr verməyib. Yaxşı - yaxşı düşünün. Biz düşmənin hininə girəcəyik.
Orxan ucadan güldü:
-Bağışlayın, komandir. Vallah elə danışırsınız ki, elə bil birinci dəfə əməliyyata gedirk...
Aqil qayğılı - qayğılı:
-Bilirsən, Orxan, - dedi. - Elə olmağına elədir. Amma indiyə qədər biz heç zaman ermənilərin içərisinə bu qədər dərinliyində girməmişik. Mən qorxutmuram, sadəcə maksimum ehtiyatlı olmalıyıq. Unutmayın ki, sizin də məsuliyyətiniz, ağırlığınız mənim çiynimdədir. Onların da içərisində peşəkar kəşfiyyatçılar var. Bayaqdan bəri bunlara diqqətlə qulaq asan İftixar Həmzəyev, nəhayət dilləndi:
-Mən komandiri başa düşürəm. Həmişə işin o biri tərəfini düşünmək lazımdır. Bəri tərəfi bizimdir. Gördünüz Moldovadan könüllü gəlib döyüşən Ruslanı? Kişi adam idi: Deyirdi nə olsun mən Moldaviya vətəndaşıyam, gəlib ata - baba yurdunu qorumaq mənim şərəf borcumdur. Harda ağır döyüşlər var idi, ora girirdi. Qorxmurdu, amma hərdən ehtiyatsızlıq edirdi. Axırda da öz ehtiyatsızlığına qurban getdi.
Orxan iki əlini yuxarı qaldırdı:
-Mən təslim. Siz deyənlərlə mən də razıyam. Heç kim havayı ölmək istəməz. Mən düşünmürəm ki, bu şərəfdir. Demək istəyirəm ki, yəni biz hər zaman, hər şeyə hazırıq.
Komandir böyük məmnunluqla:
Lap yaxşı, -dedi, onda belə danışaq. Üçümüz bir yerdə gedirik. Birinci posta İftixar, ikinci posta Orxan, üçüncü, axırıncı posta isə mən gedirəm. Razılaşdıq?
-Bəlkə üçüncü posta mən gedim? - deyə Orxan dilləndi. Sonra zarafatla əlavə etdi. - Çünki mən daha gənc, daha çevik və daha...
-Daha nə? - deyə İftixar onun sözünü kəsdi. -Yoxsa özünü hamıdan üstün tutursan? Vallah, səni cibimə qoyub gəzdirərəm. Orxan güldü:
-Sözdü da deyirəm. Sən də o dəqiqə başlama.
Aqil əllərini hər ikisinin çiyninə qoyub dedi:
-Sağ olun, hər ikinizdən razıyam. Sözün həqiqi mənasında ikiniz də qorxmaz, cəsur və igid döyüşçülərsiniz. Yeri gəlmişkən, bunu da deyim gedək. Dekart deyir ki, “Qorxaqlıq çox pis şeydir. Onun insan üçün ən böyük zərəri ondadır ki, o, iradəni bir çox faydalı hərəkətlərdən saxlayır, ona mane olur, bəzən isə onu öldürür”.
…Hava getdikcə qaralırdı. Quşların səsi kəsilmiş, yalnız sərçələr civildəşə-civildəşə koldan - kola qonurdular. Aqil bu günü səbrsizliklə gözləyirdi. Qarşıda onun çox böyük planları vardı: İşə düzəlmək, aspiranturanı davam etdirmək... Bu isə ancaq müharibənin sona çatmasından sonra mümkün idi. Müharibə isə getdikcə qızışırdı. Acı da olsa bu bir həqiqət idi ki, ermənilər böyük üstünlük təşkil edirdilər. Demək olar ki, sürətlə irəliləyir, hər gün yeni - yeni ərazilər işğal edirdilər. Şuşa, Laçın işğal olunandan sonra Füzulinin də neçə kəndi ermənilərin əlinə keçmişdi. Ona görə də Aqil ermənilərin üç böyük strateji əhəmiyyətə malik postunu darmadağın etmək istəyirdi. Nə qədər çətin olsa da, o, bu əməliyyatı həyata keçirməyi qəti qərara almışdı. Budur, vaxt gəlib yetişib. O, bir daha gedəcəkləri əraziləri diqqətlə nəzərdən keçirdi. Hər şey qaydasında idi. Kim hardan, necə gedəcəyini bilirdi. İftixar birinci postda qalmalı, onlar isə davam etməliydilər. Amma bölük komandirini qəribə hisslər bürümüşdü. Bu hisslər ona tanış deyildi və ömründə belə hisslər yaşamamışdı. Bu, nə idi? Bilmirdi. Yalnız onu bilirdi ki, əməliyyat uğurla başa çatmalıdır...
Aqil, Orxan və İftixar avtomat və qranatamotla silahlanaraq yola düşdülər. Birinci posta az qalmış hənirti gəldi. Onlar tez yerə uzanıb ətrafı diqqətlə seyr etdilər. Heç nə görünmürdü. Sakitlik olsa da, çadırın kənarında 4 -5 nəfər var-gəl edirdi. Onlardan bir az aralı iki nəfər siqaret çəkirdi. Görünən altı nəfər idi. Bir müddətdən sonra çadırın ətrafında gəzişən 4 -5 nəfər içəri girdi. Qalan iki nəfər isə o tərəf bu tərəfə gəzişir, əraziyə nəzarət edirdi. Aqilgil sürünə - sürünə lap yaxına gəldilər. Ermənilərin danışıqları aydın eşidilirdi. Biri qollarını açıb əsnəyə-əsnəyə gərnəşdi:
-Ara, sənə dedim ki, bu türkün samaqonundan az içək. İndi yuxu məni basır, ayaq üstə dura bilmirəm. O birisi dedi:
- Ara sakitlikdir. Gəl növbə ilə yataq. Qorxusundan bir türk bura gələ bilməz. Onlarda ürək olsaydı, evlərini qoyub qaçmazdılar.
-Ara, “vapşe” düz deyirsən. Onda mən gedim yatım, sonra gəlib oyadarsan. -Saata baxır. – “Uje” saat 22 - dir. O, getdi. O biri erməni bir qədər gəzəndən sonra gəlib bir daşın üstündə oturdu. Bir siqaret yandırdı. İndi əlverişli vaxt idi. Aqil birinci postu və ermənilərə nəzarəti İftixara tapşırdı. Orxanla özü ikinci posta doğru getdilər. Gecə aydınlıq olduğu üçün sürünməyə məcbur oldular. İkinci posta bir az qalmış Orxan komandir tərəfə əyilərək pıçıltı ilə qulağına dedi: Komandir, əgər etiraz etməsən, işimi qurtarıb mən də sizinlə gedərdim. Axırıncı post səyyar qərargaha nisbətən yaxın olduğu üçün güclü rejimdə işləyir. Bölük komandiri başını buladı:

-Sən işinlə məşğul ol. Hər kəsin öz tapşırığı var. Məndən nigaran olma. Bunu özüm istəmişəm.
Orxan onda al, bu bıçağı götür. - Deyə, kəmərindən iri, uzun bıçağı çıxarıb ona uzatdı. - Sizə lazım olar.
Bölük komandiri bıçağı götürüb, ikinci postu Orxana tapşırıb üçüncü posta doğru sürünməyə başladı. Bir qədər gedib dayandı. Ətrafa nəzər saldı. Vahiməli sükut vardı. Adətən döyüşdən əvvəl belə olardı. Tək - tənha düşmənin üstünə getmək elə adi bir iş deyildi. Hər dəqiqə, hər an ölüm təhlükəsi vardı. Bunu özü də bilirdi. Amma qorxmaq, çəkinmək ona yad idi.
Aqil daha iki yüz metr sürünüb dayandı. Ətrafı bürüyən qatı duman bir anın içində çəkilib getdi. Ay işığında hər tərəf aydın görünürdü. Duman birdən - birə çəkildiyi kimi, birdən - birə də gəldi. Aqil bir az da sürünüb dayandı. Yaxınlıqdakı səngərdən tüstü gəlirdi. Özləri görünməsə də ermənilərin səsi aydınca eşidilirdi. Birdən ermənilərdən biri ona tərəf gəldi, aralarında bir neçə metr məsafə qalmışdı. Bir neçə addım da atsa düz Aqilin üstünə çıxacaqdı. Aqil düşündü ki, bunu öldürmək çox asandı, amma Orxanla, İftixarın həyatını təhlükəyə ataram...
Hətta ermənilər duyuq düşsələr üçünü də orda öldürə bilərdilər. Gələn erməni iki addım da atıb dayandı və nədənsə geri qayıtdı.
Daha burda vaxt itirməyə dəyməzdi. Odur ki, Aqil lazım olan məlumatları öyrənib, sürünərək Orxanın yanına qayıtdı. Orxan onu görüb çox sevindi. Bölük komandiri dərhal İftixarı soruşdu:
-Həmzəyevdən nə xəbər var?
-Hər şey qaydasındadır. Sizi gözləyirdik.
Silahdaşlar arxadakı təpəyə salamat çıxa bilsəydilər, düşmən onları asanlıqla vura bilməzdi. Elə də etdilər. Birinci İftixar təpəyə çıxdı. Sıx yaz dumanı hər tərəfi bürümüşdü. Yuxarıdan İftixar, aşağıdan Aqil qorumaqla Orxan da təpəyə qalxdı. Aqil yolun yarısını getmişdi ki, duman çəkildi. Ay işığı hər tərəfi aydınlatdı. O, qorunmaq üçün yarım saat yaş otun içində uzalı qaldı. Bəxtdən yenə duman çökdü. Aqil də düşməni ayıq salmadan təpəyə qalxdı. Vaxt itirmədən mövqeləndilər. Aqil rahatlıqla: - Çox yaxşı: - Dedi. - İndi onlara elə bir toy tutaq ki...
Sözünün ardını gətirmədi. Orxan onun nə demək istədiyini başa düşdü. Bir neçə dəqiqədən sonra ermənilərin birinci və ikinci postlarını vurdu. Ermənilər atəş nöqtəsini güllə yağışına tutdular. Ara sakitləşəndən sonra üçüncü postu- bölük komandirinin özü qarşısına getdiyi postu qranatamyotla nişan aldı. Tonqalın tüstüsü hələ də çıxırdı. Səsləri kəsilsə də onların vəhşi gülüşləri hələ də komandirin qulaqlarında idi. Aqil əlini düyməyə basanda artıq onların parça - parça olmuş tikələri göydə fırlanan əşyaların arasında rəqs edirdi...

Nizami TƏHMƏZOV
28-03-2026, 20:00
Küləyə Pıçıldanmış Həqiqət

Elnur Sadıqoğlu Musayev
(Göygöl rayonu)

Küləyə Pıçıldanmış Həqiqət

I Hissə: Buz Bağlamış Vicdanlar

Qışın oğlan çağı idi. Köhnə məscidin qapısı hər külək əsdikcə inildəyir, sanki çöldəki şaxtadan qaçıb içəri sığınmaq istəyən bir dilənçi kimi aman diləyirdi. Amma içəri çöldən də soyuq idi. Bu soyuq dəridən keçib sümüyə işləyən şaxta deyildi; bu, yüzlərlə deyilmiş və deyilməmiş yalanın, udulmuş haqsızlığın yaratdığı rütubətli bir şaxta idi. Minbərdə əyləşən Mirzə Səlimin barmaqları məhəccərin taxtasına elə sıxılmışdı ki, buğumları ağarmışdı. Boğazı qurumuşdu. İllərdir əzbərdən dediyi cümlələr bu gün ağzında qum dənələri kimi xırçıldayırdı. Hər kəlmə dilinə tikan kimi batırdı.
...Və bilin ki, ruzi Allahdandır. Səbir edən, şükür edən bəndə...
Səsi qırıldı. Gözlərini camaatın üzərində gəzdirdi. Ön cərgədə Hacı Fəttah əyləşmişdi. Əynindəki qalın xəz kürk onu ətrafdakı cırıq paltarlı camaatdan divar kimi ayırırdı. Hacının gözləri yarıyumulu idi, başı yüngülcə aşağı əyilmişdi. Kənardan baxan onu dərin ibadətdə sanardı. Amma Səlim görürdü: Hacının sağ əli cibində idi və barmaqları görünməz bir hesabla oynayırdı. Qoz ağacından düzəldilmiş təsbehinin şaqqıltısı məscidin sükutunda qəribə bir ritm tutmuşdu. Şaqq... şaqq... Bu səs Səlimə zikr səsini yox, bazarda tərəzinin gözünə atılan daşların səsini xatırlatdı.
Hacının yanında oturan Baqqal Məmməd isə narahat idi. Tez-tez burnunu çəkir, gözünün ucuyla Hacıya baxır, sanki onun "razılıq" möhürünü gözləyirdi. Arxa cərgələrdə, qaranlıq künclərdə isə kəndin sadə camaatı – üzləri şaxtadan çatlamış, əlləri qabarlı insanlar üşüyürdü. Onların nəfəsi ağ duman kimi havaya qalxır, lakin tavana çatmamış yox olurdu. Eynilə duaları kimi.
Səlim yenidən danışmaq istədi.
- ...Haqq yolunda...Söz boğazında düyünləndi. Ürəyinin döyüntüsü qulaqlarında gumbultu qoparırdı. Gözü birdən Hacı Fəttahın ayaqqabılarına sataşdı. Təmiz, parlaq, palçıqsız dəri çəkmələr. Sonra baxışları arxada, dirəyə söykənmiş Kərimin çarıqlarına sürüşdü. Kərimin ayaqları yaş idi, soyuqdan göyərmişdi. Dünən Fəttahın adamları onun çəpərini sökəndə Kərim o palçığın içində diz çökmüşdü. İndi isə o palçıqlı dizlər məscidin döşəməsində, Fəttahın təmiz çəkmələri ilə eyni cərgədə idi. Bu təzad Səlimin nəfəsini kəsdi. Mədəsinə qəfil sancı girdi. Yalanın fiziki ağırlığı onu əzməyə başladı. O, artıq o minbərdə dayana bilmirdi. O hündürlük, o məqam ona dəniz səviyyəsindən minlərlə metr yuxarıda, havasız bir zirvə kimi gəldi. Susdu. Bu sükut küləyin səsini də batırdı. Məsciddəki ağır hava qatılaşdı. Bir anlıq, sadəcə təsbehin səsi eşidildi: Şaqq... Sonra o da dayandı. Hacı Fəttah ağır göz qapaqlarını qaldırdı. O baxışlarda heyrət yox idi, sadəcə pozulmuş nizamın verdiyi narazılıq vardı. Başını yavaşca qaldırıb, qaşlarını çatıb Səlimə baxdı. Sanki xarab olmuş bir saata baxırdı.
- Mirzə? - Fəttahın səsi sakit, amma məscidin divarlarını titrədəcək qədər tox idi. - Niyə susdun? Camaat söz gözləyir. Axşam düşür.
Səlim əllərini məhəccərdən çəkdi. Barmaqlarının izi taxtada qalmışdı. Ona elə gəldi ki, əgər indi bir kəlmə də yalan danışsa, dili qopub düşəcək. Hacıya baxdı. Bu dəfə qorxu ilə yox, qəribə bir ayıqlıqla.
-Axşam çoxdan düşüb, Hacı, - dedi Səlim. Səsi özünə yad gəldi; xırıltılı, zəif, amma şüşə kimi kəsərli. Biz qaranlıqdayıq. Mən sizə işıqdan danışıram, amma öz çırağım sönüb.
Minbərin pilləkənlərinə tərəf addım atdı. Hər pilləni endikcə çiynindən dağ götürülürdü. Camaatın arasından keçərkən kimsənin üzünə baxmadı. Baqqal Məmmədin çaşqınlıq dolu pıçıltısı, Hacının "Bu nə oyunbazlıqdır?" deyə deyinməsi onun qulağına suyun altından gələn səslər kimi çatırdı. Qapını açdı. Soyuq külək üzünə şillə kimi dəydi. Amma bu şillə onu incitmədi, əksinə, yuxudan oyatdı. O, qapını arxasından örtmədi. Qoy o buz kimi həqiqət içəri dolsun, qoy o üfunətli istiliyi yuyub aparsın.
________________________________________
II Hissə: Məscidlə Ev Arasındakı Çamurlu Yol
Qapı arxasından örtülmədi. Şaxtalı külək Səlimin üzünə çırpılanda o, sarsılmadı; əksinə, bu kəskin soyuq, illərdir içində irinləyən o gizli yaranı sanki dondurub keyləşdirdi. Məscidin həyətinə düşəndə ayaqları altındakı donmuş torpağın xırçıltısı gecənin sükutunu pozdu.
Bu qərar bir anda doğulmamışdı. Bəlkə də aylar, bəlkə də illər idi ki, Səlim daxilindəki uçuruma doğru yuvarlanırdı. Hər cümə xütbəsində dili "haqq" və "səbir" deyəndə, gözləri küncdə üşüyən kasıbların çatlamış üzlərində gəzəndə, mədəsinə qəribə bir ağrı girirdi. O, sadə camaata "ruzi Allahdandır" deyib təsəlli verərkən, özü Zeynəbin süfrəyə qoyduğu o yağlı, zəfəranlı plovları yeyir, Fəttahın "razılıq möhürünə" sığınırdı. Hər udduğu loğmada kəndlilərin alın tərini, ödəyə bilmədikləri borcların ağırlığını hiss edir, amma qorxusundan susurdu. Rahat ev, isti ocaq, cəmiyyətdəki "Mirzə Səlim" statusu onu görünməz qandallarla bağlamışdı. Lakin bu gün...
Bu gün o qandallar qırıldı. Dünən Fəttahın adamları Kərimin çəpərini uçuranda, Səlim bəlkə də kənardan durub baxmış, müdaxilə etməyə cəsarət tapmamışdı. Amma bu gün minbərdən o eyni cərgəyə – Fəttahın palçıqsız, parlaq çəkmələri ilə Kərimin soyuqdan göyərmiş, yaş ayaqlarına baxanda, o təzad onun nəfəsini kəsdi. Kərimin o palçıqlı dizləri Səlimin vicdanındakı sonuncu təmizlik pərdəsini də cırıb atmışdı. İllərdir bünövrəsi qoyulan yalan divarı, məhz bu iki fərqli ayaqqabının kəsişməsində çilik-çilik oldu.
Səlim kəndin qaranlıq, çamurlu küçələri ilə addımlayırdı. Həmişə ətəklərini yığışdırıb palçıqdan qoruduğu, qürurla gəzdirdiyi bahalı əbası indi çamurun içində sürünürdü. Vecinə deyildi. O ağır addımlarla irəlilədikcə içindəki saxta "Mirzə" yükündən xilas olur, illər əvvəlki – sandığın dibindəki o köhnə yun çuxanı geyinən gənc, dürüst Səlimə qayıtdığını hiss edirdi. Qaranlıqda sayrışan evlərin sarı işıqları indi ona yuva yox, insanları yalanlarla uyudan isti qəfəslər kimi görünürdü.
Nəhayət, öz evinin böyük qapısına çatdı. İçəridən süzülən zəif işıq və qapının aralarından sızan o tanış, bürkülü kərə yağı qoxusu onu bir anlıq duruxdurdu. Dərin bir nəfəs aldı, çöldəki şaxtanı, o buz kimi həqiqəti ciyərlərinə doldurub qapını itələdi.

________________________________________
III Hissə: Yadlaşmış Doğmalıq
Qapı örtüləndə çöldəki küləyin səsi kəsildi, amma Səlimin qulaqlarındakı uğultu dayanmadı. Ev isti idi. Həddindən artıq isti. Otağa daxil olan kimi zəfəranlı plovun və ərinmiş kərə yağının ağır qoxusu burnuna vurdu. Bu qoxu illərdir ona "hüzur" kimi gələrdi, amma indi mədəsini bulandırdı. Sanki havada yağ yox, kəndlilərin ərimiş ümidləri qoxuyurdu. Zeynəb samovarın başında idi. Səlimin ayaq səslərini eşidib çevrildi. Üzündə hər zamankı o məmnun, hər şeyin qaydasında olduğunu göstərən təbəssüm vardı. Amma Səlimin rəngi qaçmış üzünü, çiyinlərinin necə düşdüyünü görəndə təbəssümü dondu.
- Mirzə?- Zeynəb əlindəki stəkanı nəlbəkiyə qoyarkən qaşıq cingildədi. Bu səs otaqdakı gərginliyi daha da artırdı.- Nə olub? Hacı Fəttahla...Cümləsini bitirmədi. Səlimin baxışlarında Hacıya aid qorxu yox, daha dəhşətli bir boşluq gördü. Zeynəb cəld ona yaxınlaşdı, əlini ərinin alnına qoymaq istədi, amma Səlim geri çəkildi. Bu hərəkət Zeynəbi sözlərdən daha çox incitdi. Əli havada qaldı.
-Xəstələnmisən?- səsi titrədi. - Gəl otur, yemək soyuyur. Bax, sən sevən kimi dəmə qoymuşam...
Səlim süfrəyə baxdı. Naxışlı kasalar, parıldayan qaşıqlar, nazik lavaş... Bu süfrə, bu ev, bu qadın – hamısı mükəmməl bir tablonun hissələri idi. Amma Səlim artıq bu tablonun çərçivəsinə sığmırdı.
-Mən doymuşam, Zeynəb, -dedi. Səsi yorğun, amma qəti idi. - İllərdir elə yemişəm ki, indi boğazımdan su da keçmir.
Otağına keçdi. Zeynəb kölgə kimi onun ardınca gəldi. Səlim güzgünün qarşısında dayandı. Başındakı sarığı – kənddəki hörmətinin, statusunun o simvolunu yavaşca açmağa başladı. Sarığın hər qatı açıldıqca, sanki beynini sıxan bir məngənə boşalırdı.
Zeynəb bunu görəndə irəli atıldı. Sarığın ucundan yapışdı. -Nə edirsən?! Dəli olmusan? Sabah cümədir! Camaat səni sarıqsız görsə nə deyər? Hacı Fəttah nə fikirləşər?
Səlim arvadının gözlərinin içinə baxdı. Orada sevgi var idi, bəli. Amma o sevgi, "Mirzə Səlim" adlı hörmətli bir fiqura bəslənən sevgi idi.
-Sən kimdən qorxursan, Zeynəb? Allahdan, yoxsa Fəttahdan? -Səlim sarığı onun əlindən çəkib yerə buraxdı. Ağ parça döşəməyə düşdü, sanki kəfən idi. - Bu sarıq məni boğur. Sən məni, ərini yox, kəndin mollasını sevirsən. O molla isə bu gün məsciddə öldü.
Zeynəb divara söykəndi. Gözləri dolmuşdu. O, Səlimin sadəcə bu gün üçün əsəbi olduğunu düşünmürdü artıq; o, bütün dünyasının – qurduğu nizamın, rahat evinin, qonşular yanındakı etibarının – çatladığını hiss edirdi.
-Sən bizi rüsvay edəcəksən, - Zeynəbin səsi pıçıltıdan qışqırığa yüksəldi. - O yetim Kərimə görə, hə? O səfilə görə isti ocağını dağıdırsan? Biz bu günlərə gəlmək üçün nə qədər əziyyət çəkmişik, unutmusan?
Səlim dayandı. Əlindəki köhnə çuxanı bərk-bərk sıxdı. Arvadının "əziyyət" dediyi o illər bir-bir gözünün önündən keçdi. Zeynəbə tərəf döndü, baxışları bu dəfə qılınc kimi kəsərli idi.
Davamı var
“Bütöv Azərbaycan” qəzeti
27 mart 2026
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!