Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                       
10-04-2026, 22:00
Küləyə Pıçıldanmış Həqiqət

Elnur Sadəqoğlu Musayev
(Göygöl rayonu)



Küləyə Pıçıldanmış Həqiqət

Əvvəli linkdə...
https://butov.az/edebiyyat/55773-kuly-pcldanm-hqiqt.html
-Hansı əziyyətdən danışırsan, Zeynəb? -Səlimin səsi otağın divarlarına çırpılıb geri qayıdırdı. -Hacı Fəttahın tərəzisinə əlavə etdiyi o daşları görməyib göz yummağımızdanmı? Baqqal Məmmədin borc dəftərində rəqəmləri böyüdəndə mənim susmağımdanmı?
Zeynəb nəsə demək istədi, amma Səlim əlini qaldırıb onu susdurdu.
- Biz əziyyət çəkməmişik, biz sadəcə başqalarının əziyyətini süfrəmizə aş eləmişik. Sən o "isti evimiz" dediyin bu divarların hər kərpicində neçə yetimin haqqı, neçə dul qadının göz yaşı olduğunu bilmirsən? Bu gün məsciddə Kərimin palçıqlı dizlərini görəndə anladım ki, o palçıq əslində mənim ruhuma yapışıb. Mən o çirkabı yumaq üçün gecikmişəm, Zeynəb. Amma bu saxta cənnətdə çürüməyəcəyəm.
Zeynəb divara söykəndi. Səlimin sözləri ona plovun buğundan daha ağır, daha boğucu gəldi.
-Sən nə danışırsan?.. -Zeynəb hıçqırdı. - Hamı belə yaşayır. Dünya belə qurulub!
- Dünya belə qurulmayıb, Zeynəb. Dünyanı biz belə qurmuşuq. Mən o dünyanı bu gün məscidin qapısında qoyub gəldim. Sən o dünyada qal, mən isə özümü axtarmağa gedirəm. Bəlkə o şaxtada, o palçıqda, o tənhalıqda Allahı tapdım. Çünki bu zəfəran qoxulu evdə O, çoxdan yoxdur.
Zeynəb cavab vermədi. Sandığı açdı. Ən dibdən, güvə yemiş, köhnə yun çuxasını çıxardı. Bu paltar onun gəncliyinin – hələ yalan danışmağı öyrənmədiyi vaxtların yadigarı idi. Səlim bahalı əbasını – o saxta ehtiramın son nişanəsini – yerə, ağ sarığın yanına atdı. Köhnə çuxasını çiyninə salıb qapıya yönəldi. Artıq arxasına baxmağa nə ehtiyacı, nə də cəsarəti qalmışdı.
Zeynəb qapının ağzını kəsdi. Ağlayırdı, amma bu göz yaşları həm də qəzəbdən idi. - Getmə! Çöldə qiyamətdir! Donub öləcəksən! - ərinin qolundan yapışdı, dırnaqları çuxanın yununun içinə keçdi. - Bəs mən? Mən camaatın üzünə necə baxacağam? "Mirzənin arvadı" deməyəcəklərmi mənə?
Səlim onun əllərini yavaşca qolundan ayırdı. Zeynəbin əlləri isti və yumşaq idi. Bu istilik ən böyük tələ idi.
-Sənə heç kim heç nə deməyəcək, Zeynəb. Amma mən... -Səlim qapını açdı. Çöldən gələn soyuq hava içərinin istiliyi ilə toqquşdu, ani bir duman yarandı. — Mən bu istilikdə çürüyürəm. Mənə şaxta lazımdır ki, ruhumun qurd-quşu ölsün.
-Qayıtmayacaqsan? -Zeynəb çarəsizliklə soruşdu.
Səlim arxasına baxmadı. Sadəcə qısa bir an dayandı. - Qayıdan o adam olmayacaq, Zeynəb. O adamı bu qapının ağzında basdırdım.
O, qaranlığa qarışdı. Zeynəb açıq qapının ağzında qaldı. Evin istisi çölə qaçır, çölün soyuğu içəri dolurdu. Amma o istiliyin artıq heç bir mənası qalmamışdı.
IV Hissə: Palçıq İçindəki Nur
Kənd geridə qalmışdı. Evlərin pəncərələrindən süzülən sarı işıqlar indi uzaqda sayrışan canavar gözlərinə bənzəyirdi. Səlimin bahalı çəkmələri palçıqlı qara batıb ağırlaşmışdı, amma o, dayanmırdı. Kəndin kənarında, çayın o tayındakı köhnə dəyirmanın xarabalıqları bir qaraltı kimi görünürdü. Səlim içəri girəndə burnuna kəskin rütubət, yanmış odun və nəm heyvan qoxusu vurdu. Bu qoxu məscidin gül suyu və buxur qoxusundan o qədər fərqli, o qədər “çiy” idi ki, Səlimin başı hərləndi.
Dəyirmanın damı çoxdan uçmuşdu, ulduzlar içəriyə baxırdı. Küncdəki ocağın qırağında bir qaraltı tərpəndi. Bu, Dəli Qasım idi. O, ocağa odun atmırdı; sanki ocaqla söhbət edirmiş kimi əlindəki quru budaqları bir-bir əzizləyib alova buraxırdı. Yanında böyük, tükləri bir-birinə yapışmış bir çoban iti uzanmışdı.
Səlim bir addım atdı. Ayağının altındakı daş xırçıldadı. İt dərhal başını qaldırdı. Xırıltılı bir səslə hürdü, dişlərini qıcadı.
- Sakit! - Qasımın səsi qırıq-qırıq, paslı metal kimi çıxdı. O, başını qaldırıb Səlimə baxmadı, sadəcə alova baxaraq danışdı. - O səni tanımır, Mirzə. Səndən hələ "insan" iyi gəlmir. Səndən qorxu iysi gəlir, yalan iysi gəlir. İtlər yalanı sevmir.
Səlim donub qaldı. Soyuqdan dişləri bir-birinə dəyirdi.- Mən... mən Mirzə deyiləm artıq, Qasım. Mən qaçdım.
Qasım qəfil qəhqəhə çəkdi. Bu gülüş xarabalıqda elə əks-səda verdi ki, sanki divarlar da ona qoşuldu. Çevrilib Səlimə baxdı. Qasımın üzü hisə bulanmışdı, saç-saqqalı bir-birinə qarışmışdı. Amma gözləri... o gözlərdə elə bir itilik vardı ki, Səlim özünü rentgen şüası qarşısındakı kimi hiss etdi.
- Qaçdın? - Qasım ayağa qalxdı, əynindəki cırıq pəl-pəltələri düzəltdi. Səlimə yaxınlaşdı, düz burnunun ucuna qədər gəldi. - Sən qaçmadın, sən sadəcə yerini dəyişdin. Məsciddəki xalçadan qaçıb, buradakı palçığa gəldin. Amma içindəki o "ağa" hələ də sağdır. Bax, duruşundan bəllidir. Hələ də gözləyirsən ki, sənə "xoş gəldin" deyim, yer göstərim. Qasım qəfil əlini uzadıb Səlimin çiynindəki nimdaş çuxanı dartdı. - Bu nədir? Kasıb libası geyinmisən ki, Allah səni tanısın?- Qasım istehza ilə başını buladı.- Allah paltara baxmır, Səlim. O, dərinin altına baxır. Sən hələ də "mənəm-mənəm" deyirsən. "Mən qaçdım", "Mən tərk etdim". Hər cümlənin başı "Mən"dir.
Səlimin dizləri taqətdən düşdü. Soyuq və Qasımın sözlərinin ağırlığı onu yerə yıxdı. Dizinə soyuq, yapışqan palçıq toxundu. Əllərini yerə dayadı. O an, illərdir təmiz saxladığı, hər gün dəfələrlə yuduğu o ağ əllərin qara palçığa batdığını gördü.
-Bax, - dedi Qasım, onun yanına çömələrək. Yerdən bir ovuc palçıq götürüb ovcunda sıxdı. Qara su barmaqlarının arasından süzüldü. -Həqiqət budur. Çirkli, soyuq, amma həqiqi. Məsciddəki o qızılı naxışlar, o təmiz divarlar... onlar hamısı sizin uydurmanızdır. Allahı təmizliyə həbs etmisiniz. Amma O, buradadır. Bu çürümüş yarpaqda, bu itin bitli xəzində, sənin o titrəyən qorxaq ürəyində.
İt yavaş-yavaş Səlimə yaxınlaşdı. Əvvəl burnunu uzadıb iylədi, sonra xırıltısı kəsildi. Səlimin palçığa bulaşmış əlini yaladı. İtin dili isti və kələ-kötür idi. Bu sadə təmas, Səlimin içindəki sonuncu bəndi də qırdı. O, hönkür-hönkür ağlamağa başladı. Bu, Hacı Fəttahın məclisindəki saxta ağlaşma deyildi; bu, doğulan uşağın ilk fəryadı kimi təmiz və ağrılı idi.
Qasım ona toxunmadı, təsəlli vermədi. Yenidən ocağın başına qayıtdı.- Ağla, - dedi ocağı qarışdıraraq.- Ağla ki, içindəki o "Mirzə" yuyulub getsin. Sabaha qədər ölməsən, bəlkə yaşayarsan.
Qasımın daxmasında, ocağın zəif işığında Səlim gözləri ilə divara zillənmişdi. Çöldə quduzlaşmış külək daxmanın qapısını döyür, sanki onu geri - o yalançı istiliyə çağırırdı. Amma Səlimin daxili dünyasında başqa bir fırtına qopmuşdu. Gözlərini yumanda illər əvvəlki bir payız günü canlandı.
Həmin gün Hacı Fəttahın yanına kəndin ən kasıb ailələrindən olan Dul Səkinə gəlmişdi. Səkinənin əri vəfat edəndə Fəttah "borc" adı ilə onların tək gəlir mənbəyi olan kiçik bağçanı əllərindən almışdı. Səkinə məscidin həyətində Mirzə Səlimin ayaqlarına qapanmışdı: "Mirzə, sən Allah adamısan, sən de, bu haqdırmı? Yetimlərin boğazından kəsilən o torpaq Fəttaha halaldırmı?"
Səlim o günü xatırladıqca barmaqları titrədi. O zaman Hacı Fəttah kənardan ona baxıb gülümsəyirdi – o gülüşdə həm təhdid, həm də növbəti ay Səlimin evinə göndəriləcək un çuvalının vədi vardı. Səlim isə başını aşağı salıb pıçıldamışdı: "Bacı, ruzi verən Allahdır. Hacı qanunla hərəkət edir, səbir elə, Allah sənə başqa qapı açar..."
İndi, bu soyuq dəyirmanda o "səbir" kəlməsi Səlimin qulaqlarında bir lənət kimi səslənirdi. O, Allahın adından istifadə edərək bir zülmə möhür vurmuşdu. Səkinənin o çarəsiz baxışları indi daxmanın qaranlıq künclərindən ona baxırdı.
- Mən rəhbər deyildim,- Səlim pıçıldadı, səsi soyuqdan titrədi. -Mən sadəcə quldarlığın mühafizəçisi idim. Dini xalq üçün yox, Hacı Fəttahın xəzinəsi üçün qalxan eləmişdim.
Qasım ocağa bir odun da atdı. Alovun rəqsi Səlimin üzündəki peşmanlıq qırışlarını daha da dərinləşdirdi. Səlim anladı ki, dondurucu şaxta onun bədənini öldürsə də, bu xatirələr ruhunu çoxdan çürüdüb. O, təmizlənmək üçün gəlmişdi, amma keçmişin palçığı bədənindən deyil, birbaşa ruhunun qatlarından sızır, onu içəridən boğurdu.
"Məni bağışlama, Səkinə bacı," -deyə daxilində inlədi. "Çünki mən özüm-özümü bağışlaya bilmirəm."
Gecə boyu külək dəyirmanın daşlarına layla çalan kimi uğuldadı. Səlim ocağın istisindən uzaqda, küncdə, itin yanında qıvrılıb yatdı. Palçıq quruyub üzünü dartırdı, paltarı nəm idi. Amma həyatında ilk dəfə idi ki, yuxusunda cənnəti, huriləri və ya cəhənnəm əzabını görmürdü. Yuxusunda sadəcə geniş, ucsuz-bucaqsız, səssiz bir qar düzü görürdü. Və o düzdə heç kim yox idi. Hətta özü də.
Səhər açılanda Qasım yox idi. Ocaq sönmüşdü. Səlim ayağa qalxdı. Bədəni ağrıyırdı, amma beyni büllur kimi təmiz idi. Dəyirmanın yarıuçuq qapısından dağlara baxdı. Zirvələr ağappaq idi. Artıq ora qorxulu görünmürdü. Ora onun evi kimi görünürdü.
Səlim kəndə aparan yola bir dəfə də baxmadı. Üzünü o uca zirvəyə tutub addımlamağa başladı. İt bir müddət onun arxasınca baxdı, sonra quyruğunu bulayıb xarabalıqdakı yerinə qayıtdı.
________________________________________
V Hissə: Əbədi Sükutla Görüş
Zaman anlayışı itmişdi. Günlər günəşin doğuşu ilə yox, kölgələrin uzanıb-qısalması ilə ölçülürdü. Səlimin sığındığı mağara yer üzündəki bir dəlik deyil, dağın açılmış ağzı idi; sanki dağ onu udmuş, öz bətnində yenidən formalaşdırırdı.
Davamı var...
"Bütöv Azərbaycan" qəzeti
10 aprel 2026
10-04-2026, 19:12
“Molla Nəsrəddin”dən   özbək “Müştüm”ünə   uzanan satira yolu

Şəbnəm Mirzəzadə,


filologiya üzrə fəlsəfə doktoru,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
“Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri”
şöbəsinin elmi işçisi



“Molla Nəsrəddin”dən

özbək “Müştüm”ünə

uzanan satira yolu


XX əsrin əvvəllərində Türküstanda yaranan ədəbi mühitin formalaşmasında Azərbaycan ədiblərinin rolu böyük olmuşdur. Hər iki ölkədə paralel şəkildə inkişaf edən ədəbiyyat, mədəniyyət, incəsənət və mətbuat bir-biri ilə sıx əlaqədə olmuşdur. “Molla Nəsrəddin” jurnalı 1906-cı il aprelin 7-dən Tiflisdə nəşr olunmağa başladı, Orta Asiyada və bütün Yaxın Şərqdə yayılaraq demokratik mətbuatın yaranmasında, inkişafında mühüm rol oynadı. Onun naşiri və redaktoru məşhur Azərbaycan yazıçısı, dramaturq, ictimai xadim C.Məmmədquluzadə idi. Jurnal 1912-ci ilin mart ayına qədər fasiləsiz nəşr olundu və müvəqqəti olaraq bağlandıqdan sonra 1913-cü ilin aprel ayından çapı yenidən bərpa edildi. 1931-ci ildə jurnal ikinci dəfə bağlandı. “Molla Nəsrəddin” Azərbaycan mətbuatı tarixində ilk satirik jurnal idi. “Molla Nəsrəddin” ədəbi məktəbi universal xarakterə malik olub, özündə tənqidi-realist ədəbiyyat məktəbini, satirik publisistika və karikatura məktəbini birləşdirmişdir. “Molla Nəsrəddin” jurnalı qısa zaman ərzində bütün türk xalqlarında, o cümlədən Türküstanda yayılmış və öz təcrübələrini bölüşməyi, xalqlararası əməkdaşlığı təmin etməyi bacarmışdır. Belə ki, özbək yazıçı və şairlərinin jurnalın nəşr olunduğu Tiflis, Bakı şəhərlərinə gəlməsi, C.Məmmədquluzadə və M.Ə.Sabirlə yaxından dostluğu iki xalqın satirik ədəbiyyatı və mətbuatı arasında bir körpüyə çevrilmişdir. Bu jurnalların tədqiqi və öyrənilməsi müasir dövrdə də davam edən bir prosesdir. Hər iki jurnal Nazim Axundov, Qulam Məmmədli, İsa Həbibbəyli, Akif Azalp (Bağırov), Yaşar Qasımov, Almaz Ülvi, Vüqar Əhməd, Gülbəniz Babayeva tərəfindən geniş şəkildə tədqiq olunmuşdur. Xüsusən, Akif Bağırovun “Sabir və Əczi” (1976), Yaşar Qasımovun “Sabir və XX əsr özbək satirası” (1979), Almaz Ülvi Binnətovanın “Azərbaycan-özbək (cığatay) ədəbi əlaqələri (dövrlər, simalar, janrlar, təmayüllər)” monoqrafiyasında ayrıca bölmə kimi işlənmiş “XX əsr özbək ədəbiyyatı və “Molla Nəsrəddin” jurnalı (Şərq satira məktəbi və cədid cığatay (özbək) poeziyası)” (2008) tədqiqatlarını misal deyə bilərik.
Bütün Şərq ölkələrində yayılıb əks-səda doğuran bu jurnal A.Qədirinin cədidçilik görüşlərinə, eyni zamanda satirik publisistik yaradıcılığının formalaşmasına ilkin və ciddi təsir göstərən mənbələrdəndir. “Molla Nəsrəddin” jurnalının ədəbi-bədii, publisistik imkanlarından bəhrələnən yazıçı “Müştüm” (1923) jurnalının yaranması və formalaşmasında fəal iştirak etmişdir. “Müştüm” Türküstan mətbuatında ilk satirik jurnal hesab olunur.
Qazi Yunus və Abdulla Qədirinin redaktorluğu ilə Daşkənddə ayda bir dəfə nəşr olunan məşhur “Müştüm” jurnalı özbək mətbuatı tarixində satirik jurnal kimi ilklərə imza atan mətbu orqanlarından biridir. “Müştüm”ün ilk nömrəsi 1923-cü il fevralın 18-də “Türküstan” qəzetinə əlavə kimi, sonra “Qızıl Özbəkistan” qəzetinə əlavə olaraq 3000 nüsxə çap olunmuşdur. Jurnalın ilk nömrəsində Abdulla Qədirinin “Müştüm təsvirində” adlı məqaləsi dərc olunmuşdur. Məqalədə jurnalın nəşri ilə bağlı bir sıra məqamlar yer almışdır. “Müştüm” Azərbaycan dilinə tərcümədə “Yumruq” mənasını verir. Abdulla Qədirinin sözləri ilə “Yumruq” zorakılıq yumruğu deyil, ədalət yumruğudur, bu “Yumruq” zalımların yumruğu deyil, məzlumun yumruğudur. Onun “Siyasət meydanlarında”, “Salamnamə”, “Tərəqqi”, “Yaman göz”, “Birinci may”, “Üzr”, “Qarışıq”, “Daşkənd xəbərləri”, “Mətbuat günü” kimi yüzlərlə məqalə və felyetonları “Müştüm”ün müxtəlif səhifələrində Culqunbay, C., Molla Culqunbay, Mirzə Culqun, Ciyan, Ovsar, Dumbul, Dumbulnisə, Çiçora, Kalvayı Məhzum və bir sıra imzalarla yer almışdır.

“Müştüm” jurnalı nəşr olunduğu ilk gündən bu günə qədər ölkədə mövcud olan bütün problemləri işıqlandırmış, satira, yumor vasitəsilə bu problemlərə tənqidi aspektdən yanaşmışdır. Yüzlərlə tənqidi məqalə və felyetonlar cəmiyyətin müxtəlif pisliklərdən təmizlənməsində jurnalın əsas silahı olmuşdur. A.Qədiri dürüst və şəffaf tənqidin cəmiyyət və onun mövcud yaraları üçün əsl məlhəm olduğuna inanmış, bu fikri jurnalın əsas qayəsi hesab etmişdir. “Müştüm” ciddi olduğu qədər gülməli, gülməli olduğu qədər də ciddi bir mətbuat orqanı idi – “Molla Nəsrəddin”in əsas xətti kimi...!
“Molla Nəsrəddin” və “Müştüm” jurnallarını bir-birinə bağlayan əsas amil onlarda olan mövzu eyniliyidir. “Molla Nəsrəddin”in müraciət etdiyi mövzuların əksəriyyəti “Müştüm” səhifələrində də əks olunmuşdur. Jurnal öz səhifələrində özbək xalqının ictimai-siyasi və sosial həyatının, onun çoxəsrlik ədəbiyyatının və milli mətbuatının işıqlandırılmasına geniş yer vermişdir. Qarşılıqlı olaraq özbək ədəbiyyatı və mətbuatında “Molla Nəsrəddin” jurnalının ideoloji mübarizə üsulu işıqlandırılmışdır. Nəticə etibarilə, hər iki jurnal qarşılıqlı münasibət və əlaqədə olmuş, iki qardaş xalqın ədəbi əlaqələrinin müasir dövrdə də inkişafına təkan vermişdir.
“Molla Nəsrəddin” jurnalında daha geniş yer verilən məsələlərdən biri də qadın problemidir. Əsrin bəlasına çevrilən qadın hüquqsuzluğu məsələsi “Molla Nəsrəddin” jurnalı ətrafında toplaşan bir çox ədiblərin felyetonlarında işıqlandırılmışdır. Ümumilikdə, “Molla Nəsrəddin” jurnalı bütünlükdə Şərq aləmində bir inqilab idi. Jurnal toxunduğu məsələlərdə bütün müsəlman dünyasının yaralarını açır, bütün İslam Şərqinə aid olan naqislikləri qamçılayır, yalnız Şərqlə kifayətlənməyib Qərbin müstəmləkəçi siyasətini damğalayırdı.
Qadın problemi məsələsi, həmçinin, A.Qədirinin publisistikasında yer alan məsələlərdən olmuşdur. Yazıçının qələmə aldığı “Hüquq” felyetonu 1923-cü ildə “Türküstan” qəzetində çap olunmuşdur. İctimai-siyasi məsələlərlə paralel olaraq, bu felyetonda özbək qadınlarının hüquqsuzluqları bütün çılpaqlığı ilə əks olunmuşdur. Hüquq söz bilməyən, bu həyatdan baş açmayan Zeynəb kimi qadınların deyil. Hüquq şeytana nökərçilik edən Hacı Əbdüllərin, Səlahəddin müftilərindir.

Jurnalda özbək xalqının şifahi xalq yaradıcılığı ənənələrindən geniş istifadə olunmuşdur. Eyni zamanda, jurnal qardaş ölkələrin xalqları ilə dostluq əlaqələrinin genişləndirilməsinə böyük diqqət və qayğı göstərirdi. “Molla Nəsrəddin” jurnalında da folklor nümunələrindən istifadə olunmuşdur. Bununla yanaşı, jurnalda Azərbaycan klassik ədəbiyyatı, Şərq poeziyası nümunələrinə də yer verilmişdir. “Molla Nəsrəddin” səhifələrində dünya ədəbiyyat ilə bağlı məqalələr nəşr olunmuşdur. Məhz bu jurnallar oxucuları digər xalqların satirik və yumoristik ədəbiyyatının ən yaxşı nümunələri ilə tanış edir, xarici klassiklərin əsərlərinin tərcümələrini dərc edirdi.
“Müştüm” də “Molla Nəsrəddin” kimi karikaturaları ilə məşhur olan satirik jurnaldır. Onun ilk rəssamı İştvan Tulya olmuşdur.
Abdulla Qədiri jurnalın ilk səhifələri və nömrəsindən fəaliyyətə başlasa da, “Müştüm” jurnalının baş redaktorları sırasında yer almamışdır. “Müştüm” jurnalının müxtəlif dövrlərdə çap olunmasına Q.Yunus (1923-1924), K.Alimov (1925-1926), Z.Səid (1927-1931), Q.Qafurov (1931-1934), C.Mahmudov (1939), H.Şəms (1940-1941), M.Məhəmmədov (1952-1955), A.Polad (1956-1960), Z.Yoldaş (1961-1962), Mirmöhsün (1962-1971), İ.Rəhim (1972-1984), M.Koriyev (1985-1988), C.Sadullayev (1989-1990), N.Aminov (1990-1996), A.Curayev (1997-2006) və nəhayət N.Daşmatov (2007) redaktorluq etmişdir.
Abdulla Qədiri yaradıcılığının əsasını onun nəsr əsərləri – romanları təşkil etsə də, 1923-cü ildə yaranan “Müştüm” jurnalında yaxından fəaliyyət göstərməsi onun ədəbi fəaliyyətinin parlaq səhifələri hesab olunur. “Müştüm” jurnalı onun ölümündən sonra da 2019-cu ilə qədər nəşr olunmuş, Vətəninə, millətinə xidmət etmiş, daha sonra bir çox iqtisadi problemlər və abunələrin kəskin azalması səbəbindən fəaliyyətini dayandırmış, 2025-ci ildən Nəsircan Daşmatovun redaktorluğu ilə yenidən nəşr olunmağa başlamışdır.
Nəticədə, Azərbaycan-özbək ədəbi əlaqələrinin mətbuata sirayət etməsi “Molla Nəsrəddin” jurnalı və “Müştüm” dərgisi əsasında üzə çıxmış, Mirzə Cəlilin redaktorluğu ilə nəşr olunan məcmuə özbək satirası və mətbuatına ciddi təsir göstərmişdir.
10-04-2026, 09:52
TƏBRİK EDİRİK!

Gülşən Allahverdiyeva


TƏBRİK EDİRİK!

Əziz sinif yoldaşlarım, Qafan Şəhər 4 nömrəli orta məktəbin 1973-cü il məzunları, məktəb illərimin xoş xatirələri ilə dolu gözəl insanlar Gülşən xanım Allahverdiyeva və Adilə xanım Aslanova! Sizi 70 illik yubileyiniz münasibəti ilə öz addımdan, ailəmiz, sinif yoldaşlarımız adından ürəkdən təbrik edirəm. Sizə möhkəm can sağlığı, uzun, xöşbəxt, mənalı ürəyinizcə olan gözəl bir ömür arzu edirəm. Növbəti yubileylərinizi doğma yurdumuzda Zəngəzurumuzda, doğulub boya -başa çatdığınız dədə-baba ocağında toy- bayram kimi qeyd edək. Nəvə- nəticə toyu görəsiniz!
Aşağıdakı ürək sözlərimi Zəngəzur çiçəklərindən bağlanmış buket əvəzi qəbul edin:


Adilə Aslanova

Ay, apreldə ad gününləri olanlar,
Yetmiş yaşı tamam olan uşaqlar.
Ad gününüz mübarəkdir, mübarək!
Biri Adilədir o biri Gülşən,
Həyatda həmişə olasınız şən!

Bu bahar çağının açılan gülü,
Nərğizi, bənövşəsi, şehli çəməni,
Məktəb illərimizin xatirələri:
Biri Xələcdəndi, biri Bəkdaşdan,
Bunların sorağı gəlir Qafandan.


Həyatda həmişə hörmətli olun,
Ruhunuz sağlam olsun, başınız uca,
Dostluqda, yoldaşlıqda önlərdə olun!
Ömür kitabınız sevinclə dolsun,
Nəvəli, nəticəli ömrünüz olsun,
Tutub əllərindən yüz il yaşayın!
Yurdumuz Zəngəzurun adın daşıyın!


Əlövsət Xalıqverdiyev.
25.03.2026
10-04-2026, 08:30
Hacı Oruc Quliyevin həyat hekayəti

Hacı Oruc Quliyevin

həyat hekayəti


(53 illik dostluğun tarixçəsi)

Cəbrayıl rayonunun Şıxalıağalı kəndindəki hündür təpələrin birinin üstündə yerləşirdi Hacı Oruc Quliyevin evi. Buradan bir neçə yüz metr irəlidə Xan Arazın ləpələri öz həzin nəğmələrini oxuya-oxuya üzü aşağı axır, Suqovuşanda Kürlə birləşənədək Qarabağın, Mil və Muğanın əkin-biçin yerlərinə dirilik suyu, ruzi, bərəkət bəxş edirdi. Arazın sol sahili boyunca sıralanan taxıl, üzüm sahələrində, eləcə də tut (Cəbrayıllılar ondan may, iyun aylarında barama hazırlayırdılar), meyvə bağlarında bu qədim və gözəl kəndin halal zəhmətə alışmış saf qəlbli insanları gündoğandan günbatana qədər çalışırdılar.
1980-cı illərin əvvəlləri idi. Tələbəlik illərindən dostluq etdiyim Oruc Quliyev halal əmək haqqı ilə tikib ərsəyə gətirdiyi evinə təzəcə köçmüşdü. O gün mən həyat yoldaşım və körpə qızımla birlikdə onlara ilk dəfə qonaq gəlmişdik. Çay içib Orucla həyətə çıxdıq. Evin ətrafında çoxlu gül-çiçək əkilmişdi. Araz tərəfdən əsən meh həyətdəki güllərin ətrini ətrafa yayırdı. Orucun evinin düz qarşısından Araz tərəfdəki üfüqlərə nəzər yetirəndə gördüm ki, çayın sağ sahilindən, yəni Güney tərəfdən Quzeyə dəstə-dəstə uçub gələn qaranquşlar birdən-birə haradasa qeyb olur, sonra yenidən səmada pərvazlanaraq qanad çalırdılar. Maraq məni bürüdüyündən soruşdum:
–Onlar niyə birdən-birə gözdən itirlər?
–Araza enərək bir qurtum su içirlər!
Hər şeyi anladım. Başa düşdüm ki, qaranquşlar Arazdan məhz burada su içəndən sonra Cəbrayılın digər kəndlərinə, oradan külli Qarabağa və Azərbaycanımızın hər yerinə yayılırlar. Bu heyrətamiz səhnəni o vaxtdan bugünədək bir an belə unutmadım və unutmağa da haqqım yoxdur.
Bəli, o gün mən də, yenicə təzə evinə köçən Oruc da çox xoşbəxt idik. Qeyd etməliyəm ki, Cəbrayılı, Qarabağı ilk dəfə mənə tanıtdırıb sevdirən məhz Oruc olmuşdur. Burada, Şıxalıağalı kəndində doğulub boya-başa çatan, orta məktəbi bitirəndən sonra Bakıda ali təhsil alan, bir müddət Soltanlı kənd orta məktəbində müəllimlik edən, sonra Sosialist Əməyi Qəhrəmanı Köçəri Babayevin sədri olduğu “26 Bakı komissarları” kolxozunda komsomol komitəsinin katibi, ardınca isə həmkarlar təşkilatının sədri vəzifələrndə işləyən, ağır qaçqınçılıq illərində “Xəzər” Universitetində pedaqoji fəaliyyət göstərən, son 30 ilə yaxın müddətdə isə Cəbrayıl və Füzuli camaatının xeyir-şər məclislərini məharətlə idarə edən izzətli din xadimi, el ağsaqqalı, xətir-hörmət sahibidir Hacı Oruc Quliyev!
Əziz oxucu! Hacı Oruc həyatda mənim ən yaxın dostumdur və bu dostluq mənim üçün çox əzizdir. Bizim dostluğumuzun artıq 53 ilə yaxın yaşı var və bu yarım əsr ərzində, Allaha min şükür ki, bir-birimizdən zərrə qədər də olsun inciməmişik. Bizim həyat yoldaşlarımız da doğma bacı qədər yaxındırlar. Övladlarımız bir-birlərinə qardaş, bacı deyərək müraciət edirlər!
Mən onun haqqında nəfəsimi dərmədən bir kitaba bəs edən qədər ürək sözlərimi danışar və bu dastanın adını “Bir dostluğun tarixçəsi” də qoya bilərdim. Amma indiki zamanda insanların kitab oxumağa həvəssiz olduğunu bildiyimdən və bu reallıqla razılaşmağa məcbur olduğumdan, Oruc müəllimin həyat yolu barədə qısa da olsa, öz səmimi qeydlərimi qələmə almağı özümə borc bildim. Ona görə də bu yazını lütfən axıradək oxumağınızı xahiş edirəm!
Beləliklə, mən onu ilk dəfə 1973-cü ilin qızmar iyul ayının axırlarında, Bakı Dövlət Universitetinin 3 saylı yataqxanasında hər ikimizin qəbul imtahanlarına hazırlaşdığımız günlərdə görmüşəm. Mən sənədlərimi universitetin jurnalistika fakültəsinə vermişdim, o isə filologiya fakültəsinə daxil olmaq arzusunda idi. Yataqxanada bizdən başqa respublikanın, demək olar ki, hər yerindən yüzlərlə abituriyent qalırdı.
Oruc hündürboy, gülərüz, sarışın saçlı gənc idi. Həm qeyri-adi təsir bağışlayan mehribanlığı, həm də hədsiz xeyirxahlığı ilə fərqlənirdi. Məsələn, ingilis dilini əla bildiyi üçün bu əcnəbi dil üzrə imtahanlara hazırlaşanların hamısına böyük həvəslə kömək edirdi. Halbuki, özünün, məsələn, tarix imtahanına hazırlaşması üçün az vaxtı qalırdı. Sonradan artıq onu lap yaxından tanıyandan, xarakterinə bələd olduqdan sonra əmin oldum ki, Oruc Quliyev heç vaxt ondan kömək uman insanlara yox deməyib.
O, yataqxanada qonşu otaqda qalırdı. Orucla tanışlıqdan bir neçə gün sonra hiss etdim ki, onu görməyəndə darıxıram. Münasibətlərimiz səmimi və qarşılıqlı idi. O, da mənə ürək qızdırmağa başlamışdı. Kənddəki doğmaları barədə, sevdiyi, əhd-peyman bağladığı qız barədə (onlar artıq yarım əsrə yaxındır ailə qurublar) ürək sirlərini mənə danışırdı. Yataqxanada hamı onun xətrini çox istəyirdi. Mən isə onunla dost olduğuma görə artıq forslanırdım. Forslanmağım əbəs deyildi, həyatda özümə ürək qızdıracaq sirdaş, güvəniləcək dost qazanmışdım. Zaman göstərdi ki, xoşbəxtlikdən, bu seçimimdə yanılmamışam.
Həmin il mən universitetə daxil oldum, amma Orucun cəmi 1 balı çatmadığı üçün o, kəndə qayıtmalı oldu. Onun universitetə qəbul olunmaması məni mütəəssir etmişdi. Mən onun həvəsdən düşə biləcəyindən çox narahat idim. Onu həvəsləndirmək üçün bir-birinin ardınca məktublar yazaraq israrla vaxtını boş keçirməyib növbəti il üçün qəbul imtahanlarına ciddi hazırlaşmasını xahiş edirdim. O, isə mənə cavab yazaraq imtahanlara daha yaxşı hazırlaşacağını vəd edirdi.
Oruc, sağ olsun, vədinə xilaf çıxmadı. Növbəti il Azərbaycan Dövlət Dillər Universitetinin ingilis dili fakültəsinə daxil oldu və artıq hər ikimiz Bakıda tələbə olduğumuzdan əlaqələrimiz daha da gücləndi. Tez-tez görüşür, bir-birimizdən hal-əhval tutardıq.
1976-cı ildə mən artıq təhsilimi M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirməli olduğum üçün bir neçə ilə Orucla əlaqə saxlaya bilmədim. Yalnız 1983-cü ildə Vətənə qayıdıb “Bakinskiy raboçiy” qəzetində Mil-Muğan bölgəsi üzrə zona müxbiri işləməyə başlayanda köhnə dostumu arayıb-axtarıb tapdım. O, yuxarıda qeyd etdiyim kimi, bizim görüşümüzə çox sevinirdi. Məni ən çox kövrəldən məqam isə bu oldu ki, Orucgilin ailəsinin hər bir üzvünün mənim ona göndərdiyim məktublardan xəbəri vardı və bu məktubları nadidə tapıntı kimi, evin ən hörmətli yerində urvatla qoruyub saxlamışdılar!
...2006-cı ilin martın 30-da atamın Qubanın I Nügədi kəndində rəhmətə getməsini eşidən Hacı Oruc həyat yoldaşı Şəhla xanımla birlikdə dərhal Bakıdan kəndimizə gələrək mənə və ailəmizə bu ağır itki ilə əlaqədar dərin hüznlə başsağlığı verdi. Dərdimizə şərik oldu. Atamın hüzn məclisinin 3-cü günü isə olduqca gözəl avazla elə bir Yasin sürəsi oxudu ki, təkcə məclisdə süfrə başında əyləşənlər deyil, həyət-bacada qonaqlara xidmət göstərən qohum-qonşular da ayaq saxlayıb onun oxuduğu Quran ayəsini dinləyirdilər. Bəli, o, həmin gün “Yasin” surəsini sonsuz bir şövqlə çox ürəkdən oxuyurdu. Çümki o, atamın, atam da onun xətrini çox istəyirdi.
1993-cü il avqustun 23-də Cəbrayıl rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunandan düz 2020-ci ilin oktyabrın 7-də Cəbrayıl şəhərinin düşməndən azad edildiyi günədək paytaxt Bakıdan tutmuş, ölkəmizin müxtəlif şəhər və bölgələrinə səpələnmiş Cəbrayıl camaatının bir gözü güləndə, bir gözü də ağlayırdı. Doğma torpaq nisgili, ata-baba yurdundan ayrı düşməyin möhnəti Orucun da həssas qəlbinə ağır şırımlar çəkmişdi. Amma 27 ildən sonra ilahi ədalət bərpa olundu! Hacı Oruc hər dəfə Qarabağın şəhər və kəndlərinin azad edilməsi xəbərini Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin dilindən eşidəndə göz yaşları axıtdı. Bu, sevinc göz yaşları idi.
Bu gün vaxtilə erməni vandallarının vəhşicəsinə dağıdaraq viran qoyduqları Qarabağın bütün şəhər və kəndləri kimi, Şıxalıağalı kəndi də dövlətimizin və xalqımızın birgə səyləri ilə yenidən bərpa edilir. Burada bir-birindən gözəl, yaraşıqlı evlər inşa olunur, küçə və xiyabanlar salınır, yeni yollar çəkilir! Yaxın həftələr, aylar ərzində kəndin bir çox ailələri kimi, Hacı Oruc Quliyevin də ailəsi doğma yurda qayıtmağa hazırlaşır. İnsan üçün qalib xalqın övladı kimi doğma yurda qayıtmaqdan böyük xoşbəxtlik ola bilərmi?! Əlbəttə, olmaz!
Cəbrayılda görüşənədək, çox hörmətli Oruc müəllim! Bu il mayın 3-də sənin mübarək 70 yaşın tamam olur. Mən səni, 53 illik ürək dostumu yubileyin münasibətilə səmimi-qəlbdən təbrik edir, sənə möhkəm cansağlığı arzulayıram! Sən mənim həyatda yaxından tanıdığım ən saf, təmiz qəlbli insanlardan birisən! Mən səninlə dostluğumdan sonsuz qürur duyuram. Allah səni, bütün doğmalarını, yaxınlarını qorusun! Mən sənə nəvələrinin toyunda ürəkdolusu qol götürüb oynamağını arzulayıram!
...Deyilənlərə görə, Cəbrayıl rayonu işğal altında olanda qaranquşlar Şıxalıağalı kəndinə bir dəfə də olsun uçub gəlməyiblər. Böyük səbirsizliklə bu kəndin əsl sahiblərini, qədirbilən camaatını gözləyiblər. Şübhə etmirəm ki, şıxalıağalılar kəndə qayıdan kimi qaranquşlar onları öz gözəl nəğmələri ilə yenidən salamlayacaqlar!
Allah xalqımızı pis gözdən və bəd nəzərdən qorusun! Cəbrayıl Qarabağdır, Qarabağ isə Azərbaycandır. Azərbaycana, xalqımıza eşq olsun!

Məsaim Abdullayev,

Əməkdar mədəniyyət işçisi.
Bakı, 4 aprel, 2026-cı il.
9-04-2026, 09:56
Təbrik edirik!


Təbrik edirik!

Bu gün qardaşım Əlövsətin 70 yaşı tamam olur. 70 illik ağrı-acılı, acılı-şirinli günlər yaşamış hər kəs mütləqdir ki, o zirvədən geri boylanır. Özündən sonra qoyduğu izə, qazandığı ad-sana, ətrafındakıların nəzərində tutduğu mövqeyə bir nəzər yetirir. Bəri başdan qeyd edək ki, Əlövsət bəy istiqanlı, od-ocağa, yurda bağlı, dostluqda sədaqətli, ailəcanlı, işinə məsuliyyətli, vətənini sevən qürurlu bir vətəndaşdır. Gəlin daha yaxından tanış olaq:

Xalıqverdiyev Əlövsət Məmmədəli oğlu 1956-cı il aprelin 9-da Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan rayonunun Yuxarı Gödəkli kəndində- kəndin bünövrəsini qoyan Eyvazxanlı tayfasının nüfuzlu bir ailəsində dünyaya göz açıb. 5 uşaqlı ailənin ilk övladıdır. Əlövsət dünyaya göz açandan həyətlərindəki azman palıd ağacını görüb. Uşaqlıq çağlarını onun dövrəsində oynamaqla, başına dırmanmaqla keçirib. Demək olar ki, elə məğrurluğu da o qocaman palıd ağacından, gəzdiyi Zəngəzur dağlarından götürüb.

Əlövsət Xalıqverdiyev 8-ci sinfi əla qiymətlərlə Yuxarı Gödəklidə, 10-cu sinfi isə 1973-cü ildə Qafan şəhər 4 №-li Azərbaycan orta məktəbində bitirib. Elə həmin il də Azərbaycan Neft Kimya (inst.) Akademiyasına qəbul olaraq ali təhsili uğurla başa vurub. 1975-1977-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub.

O, hələ tələbəlik illərindən əmək fəaliyyətinə başlayıb.
1977-ci ildən 2012-ci ilə kimi Azəbaycan Zərgərlik Sənaye İstehsalat Birliyində fəaliyyət göstərib. İstehsalatda işgüzarlığı, məsuliyyəti, təşkilatçılıq qabiliyyəti ilə həmişə seçilib. Ona görə də xarakterindəki bu yüksək keyfiyyətlər nəzərə alınaraq 1990- ildə SSRİ dağılanda müstəqil Azərbaycan Respublikasının milli atributlarının dəyişdirilməsi, (milli pulun eskizinin hazırlanması) Azərbaycan Dövlət mükafatlarının- orden və medalların ərsəyə gəlməsi kimi məsuliyyət tələb edən şərəfli bir iş ona etibar edilib.

Onun həyat yolunun narahat günləri, yuxusuz gecələri doğma yurdu Zəngəzurun itkisi ilə başlayıb. Azərbaycanın dörd bir yanına səpələnmiş qaçqın və köçkünlərimizi axtarıb tapmağı, uyğun bir yerdə məskunlaşdırmağı, maddi kömək etməyi, onlara mənəvi dayaq olmağı bu ağır tarixi məqamda özünə borc bilib.

Hələ 1990- ildə eşidəndə ki, Zəngəzurda kənddə və diğər yerlərdə ermənilər qəbiristanlıqları dağıdıblar, o buna dözməyib. Heç nəyə məhəl qoymadan həyatı bir riskə gedib dağıdılmış qəbirlərin şəklini çəkib gətirmişdir. Erməni vandallarının törətdikləri barədə gördüklərini yazaraq “Vətən səsi” qəzetində “Yurd çağrışı" sərlövhəli məqalə ilə çıxış edib. Yurd həsrəti Əlövsət Xalıqverdiyevi heç vaxt rahat buraxmayıb. O, Vətən dərdini qələmi ilə ovutmağa çalışıb. Azərbaycan Radiosunda dəfələrlə çıxış edib. Müəllifi olduğu “Zəngəzurda keçən günlər" və “Qayıt anam qayıt gəl" verilişləri Azərbaycan Teleradiosunun “Qızıl fond”unda saxlanılır.

Əlövsət Xalıqverdiyev peşə fəaliyyəti ilə bərabər ictimai-siyasi fəaliyyətlə də məşğul olur. Beləki 2004-cü ildən “DAYAQ" İctimai Birliyini təsis edib. Bu yolla qaçqınlara və deportasiyaya məruz qalanlara yardım edir.

O, həmyerlisi, ixtisasca həkim olan İsbiyeva Rəqibə Qabil qızı ilə ailə qurub. Birlikdə üç övlad böyüdüblər. İki nəvənin qayğıkeş babasıdır. Övladlarının ikisi Rəqibə xanımın peşəsinə yiyələniblər. Günel göz həkimi- cərrahdır. Elnur Xalıqverdiyev də həkimdir. Kamil isə Bakı Biznes Universitetinin məzunudur.

Mənə dogma olan bu ailənin başçısı Əlövsət Məmmədəli oğlu Xalıqverdiyevi 70 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edirəm, ona sağlam-uzun ömür və Zəngəzurlu günlər arzulayıram!
Sevgi və sayğılarla:
Tamxil Ziyəddinoğlu





8-04-2026, 14:51
Çünki sənin adın Qadın!

Dilarə Adilgil
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Çünki sənin

adın Qadın!


“Qadın nəsri” janr deyil, özünəməxsusluğu, estetikası ilə seçilən fenomendir. Yazıçıları (yaradıcılıqlarını) cinsə görə ayıranda bəzi qadınlar qəti etiraz etmiş, məsələn, Anna Axmatova özünü prinsipial şəkildə “şairə” deyil, “şair” adlandırmış, cinsi ayrı-seçkiliyə protestini belə bildirmişdi. Başqa nümunələr də göstərmək olar. Mənzər xanıma gəlincə isə, “qadın diskursu, əslində, Mənzər Niyarlının bütünlükdə yazıçı stixiyasının əsasında durur və qələmini təsbit edir”. (Tehran Əlişanoğlu) Mənzər Niyarlı “qadın yazıçı” olmaqdan qorxmur, baxmayaraq ki, yaradıcılığı çox ciddi, sosial mövzuları əhatə edir. Baxmayaraq ki, auditoriyasının genişliyinə, mövzularının dərinliyinə görə heç adamın dili gəlmir onu yazıçı kimi sinfə bölsün... Adının yanında mütləq “qadın yazıçı” paraleli çəkilsə də...
Ədəbi aləmə gənc yaşlarından gələn M.Niyarlı (Eynullayeva) “70-ci illərdə də hekayə yazırdı, indi 2000-ci illərdə də hekayə ilə nəfəs alır” (Nazif Ələkbərli), və hazırda, 2026-da da hekayəyə yeni – üçüncü nəfəslə davam edir. Ümumiyyətlə, yaradıcılıq Mənzər xanımın daxili ehtiyacı, həyatının “beşinci fəsli”dir.
Mənzər xanımın yaradıcılığı barədə görkəmli ədəbiyyatşünaslar, alimlər, tənqidçilər dəyərli fikirlər söyləmişlər. “Azərbaycan qadın yazarı Mənzər Niyarlı” kitabındakı məqalələr Mənzər xanımın şərəfinə toplanan dəmətdən seçmələrdir. Onun yazıçı dünyasından, vətəndaş mövqeyindən, müasir nəsrimizdə qadın yazıçılar içərisindəki yerindən AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, əsərlərinə seçdiyi maraqlı mövzulardan, uğurlu hekayə və romanlarından, dil, sənətkarlıq, üslub xüsusiyyətlərindən professor İsmayıl Kazımov, janr xüsusiyyətlərindən, problematikasından filologiya elmləri doktoru Salidə Şərifova, qadın psixologiyasına bələdliyindən tənqidçi Vaqif Yusifli yazmışlar... Mən isə Mənzər xanımın həssas qəlbini, yüksək ədəbi zövqünü, yaradıcılıq eşqini, bundan irəli gələn yazıb-yaratmaq həvəsini, oxucunun duyğularına xitab etmək bacarığını, həmkarlarına səxavətlə, açıq ürəklə verdiyi dəyərli məsləhətlərini qeyd etmək istəyirəm.
Onun əsərləri dərin psixoloji məqamları ilə yadda qalır. Bu məqamlar obrazın daxili hiss və həyəcanını açır. Cəmiyyətin problemlərini əhatə edən sosial məsələlər, insanlar arasında qarşılıqlı münasibətlər, ədalət, sevgi, vəfa, birlik, bərabərlik prinsipləri Mənzər xanımın yaradıcılığının əsas məziyyətləridir. Mənzər xanımda həm də, final, ibrət güclüdür.
İki əsrdir xalqımızın ürəyində dərin sağalmaz yaraya çevrilən Cənub dərdi Mənzər xanımın yaradıcılığından da ağrı-acı ilə keçir. Əsl azərbaycanlı, yazıçı olduğu üçün... Əslən Ərdəbildən, Şeyx Səfi yurdundan olduğundan, “ayağı yer tutandan haqsız repressiyaya uğradılmış ailəsinin ağırlığını çiynində daşıdığından”, qohumları o tayda qaldığından... Təxəllüsünü də valideynlərinin mənsub olduğu Ərdəbilin Niyar kəndindən götürüb. Özü Şirvanda doğulub böyüsə də, genlə, qanla, ruhla Niyarlı olaraq qalıb. Yazıçının sevimli, başqa əsərlərindən ayırdığı, üstün tutduğu “Vətəndən vətənə” romanı ikiyə bölünmüş Azərbaycanın taleyindən, vətənsizlikdən, vətəndə yaşayıb o biri tərəfinə adlaya bilməmək dərdindən, “yurd adamı çəkir” xiffətindən, vətənin pisi-yaxşısı olmaz tendensiyasından danışır. Müəllif romana mənim də çox sevdiyim V.Nabokovdan açar (epiqraf) salır: “Ən təmiz hiss vətən üçün qəribsəyən insanların hissidir”. Romanda Güney Quzeyin, o Tay bu Tayın həsrətini çəkir. Əsər avtobioqrafikdir, süjetin mərkəzində Mənzər xanımın prototipi olan “Həlim” dayanır, yaddaşının saxladığı hadisələr də onun dilindən danışılır. Romanda o tayın simvolu olan Savalan, hər iki tayın Novruz bayramı, onun Cənub ritualları, etnoqrafik məqamlar, yerli kolorit, Şurəvidə baş verənlər təsvir edilir. Yazıçının saf dilinə o tayın şirin şivəsi qarışır. Dil canlı orqanizmdir, o da o taya “keçəndə” dəyişir: “Nişanlı qıza Novruzda bayram payı gətireler, Qurban bayramıdısa heyvanın boynuna qırmızı bağleb qız evinə aparelar, gəlini yaddan çıxarmelar, evlərinə nübaranlıq aparelar”... Roman düz xətt üzrə inkişaf edir, səhərin alatoranında başlayır, günəş üfüqə gedəndə bitir...
Mənzər xanımın yaradıcılığının daha bir “vizit kartı” var, Qarabağ ... “Qızıl qaval” hekayəsi Seyid Şuşinskinin (Mir Möhsün Ağanın) xatirəsinə həsr olunmaqla, o zamanın Qarabağ mühitini əks etdirir.
Mənzər xanım sadə yazır. Bəzək-düzəksiz, göstərişsiz, pafossuz. Həyatda gördüklərindən, olub-olacaqdan... Onu oxucuya sevdirən də təbiiliyi, “yüksək dozalı yazıçı səmimiyyətidir” (Əli Əmirli), canlılığı, həyatiliyidir. O seçdiyi mövzuya qəlbən bağlı, sədaqətlidir. Bu keyfiyyətlər də dolğun xarakterlər yaradarkən onun köməyinə gəlir. M.Niyarlının qadın obrazları bir ayrı mövzudur. Bu obrazlar arasında “femme fatale” yoxdur. Onlar müasir kanonlardan da uzaqdırlar. “Bir başıpapaqlının qalmadığı kənddə” (41-in davasında da beləydi) “cavanların o sarıbaşlara qoşulub o xarabalara – Rusiyətin hansısa vilayətinə” üz tutmaları, gözlərini onların arxasınca uzaqlara dikən kənd qadınları, sinəsi dağlı şəhid anaları... hər cür qadın taleyi və s. onun əsərlərində ovuc içi kimi görünür. Onun “qadınları” 37-nin gözüyaşlı analarıdır. Onun qadınları xarakter göstərməyə tələsməzlər... Ev işlərini bitirəndən sonra “duaya oturar”, namaz üstdə “tanıdığı, tanımadığı, hətta yolunu azmışlara da dua edər” (“Vətəndəndən Vətənə”), ya da “Tənhalığa çəkilən qadın” kimi evini şəhid ailəsinə, özünü “Kimsəsizlər qəbiristanı”na vəsiyyət edər. Hələ “Toy gününün səhəri”ndəki Aytikə püstə... Məclislərdə yeri yuxarı başda olan bu ağbirçək hörmət-izzəti “nə ağır taxtalı əri Fətulla kişiyə görə qazanmışdı, nə də pullu-paralı oğlanlarına görə”. Yalnız özünə görə. Öz əxlaqı, xeyirxahlığı, hamıya əl tutmaq istəyi, yardım təvəqqəsi ilə ona üz tutanları özündə olmasa belə, kimdənsə alıb heç kimi naümüd qoymamaq niyyəti sayəsində qazanmışdı.

Mənzər xanımda məişət motivləri çoxdur. Bunlar süjetin üst qatıdır. Burada Çexovun sözü yada düşür: “Axı həyatda insanlar hər dəqiqə atəş açmır, özlərini asmırlar, ağıllı-ağıllı danışmırlar da... Amma həmişə yeyib-içir, boş danışırlar...” Bunlar da ədəbiyyata köçür. Ədəbiyyatdan hər an xüsusi, qeyri-adi effekt gözləmək, tələb etmək düzgün deyil. Qoy hər şey həyatdakı kimi olsun. Necə ki, ədəbiyyat həyatın təzahürüdür...
Mənzər xanımın iç dünyası zəngindir, biz əsərləri vasitəsilə bu dünyanın qapısını açır, onun bədii həyat verdiyi müxtəlif peşə, fərqli dünyagörüşlü, cürbəcür taleli obrazlarla tanış olur, onların dostuna çevrilir, müəllifə qoşulub həvəslə finala yetişirik.
Mənzər xanımın dəyərvermə, qədirbilmə, təbliğ və təşviq kimi ziyalı xüsusiyyətini xüsusi qeyd etmək istəyirəm. Həsəd duyğusundan məhrum insan da onun bu cəhətinə qibtə etməyə bilməz, onun sevə-sevə reklam etdiyi şəxsin yerində olmaq istər. Mərhum yazıçı, sənətşünas Sara Oğuzu mənə Mənzər xanım tanıdıb və sevdirib. Özü də deyib keçmir, dönə-dönə mövzuya qayıdır, ta həmin yazıçını sənə hərtərəfli tanıdana, sevdirənə qədər. Verdiyi kitablarla, haqqında danışdığı xatirələrlə. Mən Mənzər xanımın belə tanıtdırma, təqdimetmə, diqqətçəkmə kimi keyfiyyətlərindən çox danışa bilərəm, amma bu barədə ən yaxşı Mənzər xanımın özü danışır: “Mən jurnalist Solmaz Əmirli ilə Sara Oğuzu yaxınlaşdırmaqdan ötrü fürsət axtarırdım. Saranın kitabını Solmaza verdim ki, oxusun, Saraya da Solmaz Əmirlinin “Buta” verilişinə baxmağı məsləhət gördüm”. Əsl dost münasibəti, xeyirxahlıq, təmənnasızlıq görmək, ona toxunmaq istəyirsənsə “Oğuz gözəlləməsi”ni aç! Sara Nəzirovanın həyat və yaradıcılığına həsr etdiyi “Oğuz gözəlləməsi” kitabını oxuyarkən Sara Oğuzu oxumaq həvəsi ilə bərabər, Mənzər xanıma da məftun olmaya bilmirsən: “Sara mənim qəlbimə əsərlərində təsvir etdiyi zərif və dözümlü cavanları, müdrik, ağırtaxtalı qocalarıyla girib və mənə elə gəlir ki, Sara heç kəsin yox, mənimdir, mənim müəllifimdir və düz 20 ilə yaxındır ki, Sara mənim həyatımda yaşayır”. O qədər ki, dünyadan köşəndən sonra da.... Dostluq etirafı sevgi etirafı qədər olmur. Burada daha çox susmağa üstünlük verilir. Amma duyumu, əks-sədası möhtəşəm olur...
Yazıçı Seyid Hüseyn və istiqlal şairəsi Ümmügülsümün qızı Qumral Sadıqzadə də Mənzər xanımın sevgi, pərəstiş obyektlərindəndir. “Seyid Hüseyn yadigarı” məqaləsində Qumral xanımı ilk dəfə yazıçı kimi kəşf etməsindən, onun özünü yazıçı kimi çox gec təsdiq etməsindən danışır: “Əsəri heyranlıqla oxuduq... Çox istəyirdim onun özünü görüm, qismət deyilmiş, eşitdim ki, dünyasını dəyişib”. Sevgi dolu, səxavət epitetləri ilə zəngin bu yazı, Q.Sadıqzadəyə müəllif dəyəri ilə bərabər Mənzər xanımın həsəddən uzaq xarakterini açır.
Bir millət kimi ağrılı yerimiz olan qaçqınlar, onların üzləşdikləri maddi, mənəvi, fiziki problemlər nasir M.Niyarlının yaradıcılığında öz əksini tapır.
Mənzər xanımın yaz müjdəli “Novruzgülü” hekayəsi balalar üçün yazılsa da, böyüklərin də zövqünü oxşayır, ruhunu təzələyir, gözəlliyi artırır, bahar ab-havası gətirir.
Adətən, ciddi mövzularla işləyən müəlliflər yumorla bir qədər məsafə saxlayırlar. Mənzər xanım üçün belə bir mövzu sərhəddi, baryeri yoxdur. Onun yumoru tragikomik xarakterlidir.
O, qardaş Türkiyədə də çap olunur, oxunur, “insan yaşamına sayğılı, milli degerlere sahib çıxan, zülmü kabul etməyən” bir vətəndaş, qələm adamı kimi dəyərləndirilir. Türkiyədə M.Niyarlı “Çehov tarzı hikayelər yaratmağı tercih edən” (Zeynep Yıldırım) yazar olaraq xarakterizə olunur. Yəni, sadə insanlardan, onların dərd-sərindən, həyat tərzindən, yaşadığı problemlərdən yazır.Yığcamlıq, psixologizm, həyatın tragikomik təsviri bu üslubun əsas xüsusiyyətləridir ki, Mənzər xanımın hekayələrində müşahidə olunur.
Mənzər xanım səmərəli fəaliyyəti ilə Azərbaycan qadın nəsrinə öz qiymətli töhfələrini vermiş yazıçılarımızdandır. Mənzər Niyarlı bu gün bir imza, bir dəyərdir. Onun yaradıcılığının Ələviyyə Babayeva ilə yaxınlığını vurğulamaq istərdim. Bir məqamı da qeyd etmək istəyirəm ki, onun əsərləri kinematoqrafiya üçün xalis materialdır.
Bu təbrik əziz, mübarək günlərə təsadüf edir. 8 mart Qadınlar günündə dünyaya gələn “kübar yazıçımız” (Aygün Bağırlı) Mənzər Niyarlının bayramları mübarək!
8-04-2026, 10:26
Azərbaycan-Gürcüstan münasibətləri çoxşaxəli və dayanıqlı xarakter daşıyır

Azərbaycan-Gürcüstan

münasibətləri çoxşaxəli və

dayanıqlı xarakter daşıyır


İlham Əliyevin 6 aprel 2026-cı ildə Gürcüstana səfəri zamanı mətbuata verdiyi bəyanatda Gürcüstan və Azərbaycan dövlətlərinin tarixən dost və tərəfdaş olduğunu və bu səfərin iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcəyini söylədi.
Azərbaycan Prezidenti eyni zamanda bu görüşün Azərbaycan-Gürcüstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində olduğunu bir daha nümayiş etdirdiyini qeyd etdi. Dövlət başçısı ilk növbədə iki ölkə arasında münasibətlərin əsasını təşkil edən mühüm prinsipə - ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmətə toxunmuşdur. O, vurğulamışdır ki, Azərbaycan və Gürcüstan daim bir-birinin ərazi bütövlüyünü, suverenliyini, sərhəd toxunulmazlığını dəstəkləyir və dəstəkləyəcək. Bu məqam xüsusilə əhəmiyyətlidir, çünki Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi regionda sabitliyin təmin olunması məhz bu prinsipə sadiqlikdən keçir. Prezidentin bu fikri əslində iki ölkənin beynəlxalq hüquqa əsaslanan mövqeyini və etibarlı tərəfdaş olduğunu göstərir.
Siyasi münasibətlərin yüksək səviyyədə olması iqtisadi əməkdaşlıqda da özünü aydın şəkildə göstərir. Prezident çıxışında xüsusi olaraq qeyd etmişdir ki, Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi son illərdə artım dinamikası nümayiş etdirir. O bildirmişdir ki, qarşılıqlı ticarət həcmi artmaqda davam edir və Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından biri kimi mövqeyini qoruyur. Bu artım yalnız ümumi dövriyyə ilə məhdudlaşmır, eyni zamanda əmtəə dövriyyəsinin genişlənməsi, məhsul çeşidinin artması və ixrac imkanlarının genişlənməsi ilə müşayiət olunur:
“Biz iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Keçən il bizim ticatət dövriyyəmiz 800 milyon dollardan çox olmuşdur və bu ilin ilk rübündə yenə də artım kifayət qədər yüksəkdir. Belə gedərsdə, biz bəlkə də ilin sonuna qədər bir milyard rəqəminə də çatacağıq. Gürcüstanda mövcud olan çox müsbət sərmayə iqlimi Azərbaycan investorlarını da həvəsləndirir və bu günə qədər Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3.7 milyard dollar sərmayə qoyulmuşdur. Biz bu gün həm Azərbaycan, həm də Gürcüstan üçün yeni investisiya layihələri haqqında fikir mübadiləsi aparmışıq və nə vaxtsa üçüncü ölkələrə də sərmayə qoyuluşu nəzərdə tutula bilər”.
Cənab Prezident bu gün Azərbaycanla Ermənistan arasında ticarətin də Gürcüstan vasitəsilə həyata keçirildiyini vurğuladı. Qeyd etdi ki, Azərbaycan şirkətləri Gürcüstanda müxtəlif sahələrdə - enerji, nəqliyyat, tikinti və xidmət sektorlarında fəal iştirak edir. Bu isə onu göstərir ki, əlaqələr sadəcə ticarət müstəvisində deyil, həm də uzunmüddətli iqtisadi əməkdaşlıq formatında inkişaf edir.
Enerji sahəsinə gəldikdə - Cənub Qaz Dəhlizi kimi iri layihələr Prezident tərəfindən strateji əməkdaşlığın ən mühüm nümunələrindən biri kimi təqdim olunmuşdur. Bu layihə vasitəsilə Azərbaycan qazı Gürcüstan üzərindən Avropaya nəql olunur və bu, hər iki ölkənin beynəlxalq enerji bazarındakı rolunu artırır. Prezident vurğulamışdır ki, bu cür layihələr yalnız iqtisadi gəlir gətirmir, həm də regionda enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir.
Bununla yanaşı, nəqliyyat və logistika sahəsində əməkdaşlıq da diqqət mərkəzində olmuşdur. Azərbaycan və Gürcüstanın birgə iştirakı ilə həyata keçirilən layihələr nəticəsində region beynəlxalq tranzit və nəqliyyat dəhlizinə çevrilmişdir. Bu isə Şərq ilə Qərb arasında yük daşımalarının artmasına və ölkələrin tranzit potensialının yüksəlməsinə səbəb olur.
Prezident çıxışında onu da vurğulamışdır ki, əldə olunan iqtisadi nailiyyətlər təsadüfi deyil. Bu uğurların əsasını siyasi sabitlik, qarşılıqlı etimad və uzunmüddətli strateji əməkdaşlıq təşkil edir. Yəni iqtisadi göstəricilərin artması birbaşa olaraq güclü siyasi münasibətlərin nəticəsidir. Eyni zamanda, bu səfər iki ölkə arasında əlaqələrin gələcək inkişaf perspektivlərini də müəyyən edir. Prezident qeyd etmişdir ki, əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanlar mövcuddur və tərəflər bu potensialdan maksimum istifadə etməyə çalışacaqlar.
Beləliklə, Prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan-Gürcüstan münasibətləri çoxşaxəli və dayanıqlı xarakter daşıyır. Sərhədlərin toxunulmazlığına hörmət, artan ticarət və əmtəə dövriyyəsi, genişlənən investisiya əməkdaşlığı və strateji enerji layihələri bu tərəfdaşlığın əsas sütunlarını təşkil edir. Bu isə regionda sabitlik və inkişaf baxımından mühüm əhəmiyyət kəsb edir.

Şəhla Ağbulud

Azərbaycan Yazıçılar Birliyi Abşeron bölməsinin sədri
7-04-2026, 07:14
Oleq Babak, Azərbaycan səni unutmayacaq!


Oleq Babak,

Azərbaycan

səni unutmayacaq!


7 aprel SSRİ-nin sonuncu Sovet İttifaqı Qəhrəmanı ukraynalı leytenant Oleq Babakın anım günüdür. O, 1991-ci ildə erməni terror dəstəsinin Qubadlı rayonunun Yuxarı Cibikli kəndinə hücumunun qarşısını alarkən həlak olmuş, hərbi vəzifəsini yerinə yetirərkən göstərdiyi cəsarət, qəhrəmanlıq və fədakarlığa görə SSRİ prezidentinin 17 sentyabr 1991-ci tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. O, 1941-1945-ci il Böyük Vətən Müharibəsindən sonra bu adı alan ilk milis-polis və SSRİ-nin sonuncu Sovet İttifaqı Qəhrəmanı olmuşdur.

“Bütöv Azərbaycan” qəzeti xəbər verir ki, publisist Hacı Nərimanoğlunun ukraynalı qəhrəmanın ömür, döyüş yoluna həsr olunmuş “Oleq Babak, Azərbaycan səni unutmayacaq!” kitabının yaxın günlərdə Azərbaycanda və Ukraynada təqdimatı keçiriləcək. Hər iki dildə nəşrə hazırlanmış kitablar Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin layihəsi əsasında işıq üzü görür.
Xatırladaq ki, həmin gün 70-80 erməni terrorçusu hücuma keçib kəndin iki gənc sakinini öldürür, 7 nəfəri yaralayır, mülki əhalini qırmaq, əsir, girov götürmək, strateji əhəmiyyətli ərazisini ələ keçirmək məqsədilə kəndi mühasirəyə alır. Yaxınlıqdakı postun komandiri 24 yaşlı Oleq atışma səslərini eşidib tabeliyindəki iki milis serjantı ilə köməyə gəlir, onların patron daraqlarını da alıb mühasirədə olan yaralı sakinlərin təhlükəsiz əraziyə çıxarılması barədə tapşırıq verir, özü isə çoxu həbsdən buraxılmış cinayətkar residivistlərlə döyüşə girir. Peşəkar atıcı olan Oleq 3 saata yaxın davam edən döyüşdə 20-dən çox terrorçunu məhv edir, təslim olacağı təqdirdə sağ buraxılacağına dair çağırışlara baxmayaraq banditlərlə son gülləsinə qədər savaşır, mülki əhalidən bir nəfərin də əsir düşməsinə imkan vermədən onların təhlükəsiz əraziyə çıxarılmasına imkan yaradır, ağır yaralı halda erməni terrorçuları tərəfindən xüsusi amansızlıqla qətlə yetirilir. 24 yaşlı zabitin həyatla əbədi vidalaşdığı 7 aprel günü pravoslav xristianlarının Pasxa və Müqəddəs Müjdə bayramları nadir hal olaraq bir günə təsadüf etmişdi.

Oleq 385-ci gün idi ki, qaynar nöqtələrdə SSRİ Daxili İşlər Nazirliyinin Sofrin briqadasının zabiti kimi xidmət keçirdi, bir neçə gün sonra məzuniyyətə buraxılıb Poltavanın Viktoriya kəndində yeganə övladlarına toy hazırlığı görən, intizarla onun yolunu gözləyən əzizlərinə qovuşacaqdı. O, valideynərinə, nişanlısına, dostlarına hər məktubunda cibiklilərin onu “Babək” deyə çağırmaqlarından, bu müharibəyə zorla cəlb olunan azərbaycanlıların mehriban, qonaqsevər insanlar olmalarından, erməni banditlərinin törətdiyi vəhşiliklərdən, doğmaları üçün çox darıxdığından yazırdı. Poltavada Oleq Babakın adına məktəb, muzey, küçələr var, parklar salınıb, abidələri ucaldılıb.

Kitaba daxil edilən çox sayda sənəd, foto, xatirələrdə qəhrəmanın ömür, döyüş yolu əks olunur, Oleqin valideynləri Nadya və Yakov Babakların dövlətimiz və diasporumuz tərəfindən ömrün ahıl çağlarını yaşayan ailəyə hər cür maddi, mənəvi qayğı göstərilməsi barədə şəxsən tapşırıq vermiş Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq duyğularını ifadə edən məktublarından, Ukraynada dövlətimizin başçısına və xalqımıza xüsusi sevgi, ehtiramdan bəhs edilir.
6-04-2026, 10:04
İRAN ŞAİRİ DEYİR Kİ…


Distant Müharibə

İRAN ŞAİRİ DEYİR Kİ…

İranın şair, yazıçı, sənət adamları müharibə günlərində xalqı dözümlülüyə və qələbə əzminə kökləmək və vətənpərvərliyi gücləndirmək üçün müxtəlif saytlarda müxtəlif yazılarla çıxış edirlər.
Onlardan biri, İfaçılıq Sənətçiləri Cəmiyyətinin keçmiş rəhbəri, şair yazır ki, İran İsgəndər, Çingiz, Teymur və Səddam həftxanını (yeddi ağır sınaqdan çıxmaq) keçmış, varlığını davam etdirmişdir.
Şairin vətənpərvərlik hislərinə hörmət edərək, onun diqqətinə bir iki qeydi təqdim etməyi zəruri hesab edirik:
1. İran fars/farslar mənasında burada sadalanan iki sınaqdan - İsgəndər və Səddam sınağından keçmiş. Birinci sınaqda İran/farslar tam məğlubiyyətə uğramış, imperiya məhv edilmiş, farslar bir subyekt kimi tarix səhnəsindən 550 il müddətində kənarda qalmışlar. Bu müddətdə imperiya müstəmləkəyə, fars dili bir əyalət dilinə çevrilmiş və yunanların təsirilə köklü dəyişikliyə uğramışdır. İkinci halda isə, demək olar ki, sınaqdan qalib olmasalar da, çıxa bilmiş və rejim daha da güclənmişdir.
2. Müəllif ən əsas sınaqın - Ərəb/İslam sınağının adını çəkmir. Halbuki İran/farslar tarixlərində İsgəndərdən sonra ikinci dəfə ən ciddi, çətin, ağır sınağa məhz ərəblər tərəfindən çəkilmiş və həmin sınaqda dövlətlərini, dinlərini, dillərini (status baxımından) itirərək üzü qara çıxmışlar. Həmin sınaqdan sonra farslar yenidən periferiyaya sıxışdırılmış, dinlərini dəyişmiş, ərəb dilini rəsmi dil kimi qəbul etmişlər. Yəni İran/farslar sınağa bir keyfiyyətdə - müstəqil dini, dili olan imperiya kimi daxil olmuş, tam məğlubiyyətə uğramış və müstəmləkə kimi, yeni din və digər dilin ağalığı ilə çıxmışlar.
3. Bundan sonra farslar müstəqil subyekt kimi tarix səhnəsindən 1370 ildən çox bir müddətdə (651-1925) kənarda qalmışlar. Ona görə İranın/farsların Çingiz və Teymur sınağından çıxdıqlarından danışmağın əsası yoxdur. Çingizin sınağından Xərəzmşahlar, Teymurun sınağından isə regionun dörd bir bucağında yaranan və bir-biri ilə çəkişən iri və xırda dövlət qurumları çıxa bilməmişdilər.
Onu da əlavə edək ki, İran/farslar hər iki əsas sınaqda məğlub olsalar da, tarix səhnəsinə tamamilə dəyişmiş və yeni keyfiyyətdə çıxmışdılar.
Qeyd edildiyi kimi, Səddamın sınağından qalib gəlmədən uğurla çıxsalar da, heç bir dəyişikliyə məruz qalmamış, rejim daha da nöhkəmlənmişdir.
Əgər bu dəfə də İran sınaqdan, necə deyərlər, pat vəziyyətində çıxsa, ictimai, siyasi, mədəni həyatda heç nə dəyişməyəcək və rejim daha da güclənəcək. İranlılar üçün nə qədər ağır olsa da, onların işıqlı gələcəyi bu müharibədə məğlubiyyətdən keçir.
Məğlubiyyət ABŞ-ın şərtlərini qəbul etmək deyil, bu heç nəyi dəyişməz. Məğlubiyyət qarşı tərəfin hərtərəfli qələbəsi və sistemin çökməsi olmalıdır. Hadisələrin hazırki gedişi göstərir ki, xalqın xilasının başlanğıcı ola biləcək məğlubiyyət ehtimalı çox uzaqdır.
DOĞRUSUNU ZAMAN BİLİR.

Vidadi Mustafayev,
dosent, tarix üzrə fəlsəfə doktoru,
4 aprel 2026


4-04-2026, 19:07
Savaş və   bölgəmizin taleyi


Savaş və

bölgəmizin taleyi


İran İslam respublikasının etnik kimlikləri yox edib dünyanın bu qədim mədəniyyət ocağında müxtəlif xalqların əliylə yaradılmış bütün abidələri və sənət əsərlərini, arxeoloji tapıntıları, maddi-mənəvi dəyərləri “pers” adına çıxması, farslaşdırma siyasəti, insan haqlarını kobud şəkildə pozması, orta əsrlərdəkindən seçilməyən vəhşi cəza üsulları hakimiyyətə qarşı elə bir nifrət yaradıb ki, bəzən xalq xarici müdüxilələrə də ümid yeri kimi baxır. Bu mövqedən yanaşanda İran xalqlarının təmsilçiləri arasında İsrail və ABŞ-ın hücumuna xilas yolu və ya bu qəddar rejimdən intiqam almaq imkanı kimi sevinənləri başa düşmək çətin deyil. Lakin İran rejiminə nifrət İslama nifrət deyil. Yer üzündə, özəlliklə Qərbdə mənəvi aşınmanın, insanı insan edən keyfiyyətlərin ayaqlar altına atılıb yox edildiyi bir zamanda dini dəyərləri qorumaq da cəmiyyətin xilas yollarından biridir. Köhnə adət-ənənələrə söykənən və geriqalmışlıq sayılan milli həyat tərzi “sivil” Epşteyn əxlaqsızlığının eybəcərlikləri fonunda yeni məna qazanır, öz üstünlüklərini bir daha nümayiş etdirir və insan istər-istıməz onun müdafiəçisinə çevrilir.
İran xalqları neçə müddətdir fars-şiə hegemonluğuna xidmət edən antidemokratik hakimiyyəti dəyişmək istəyirlər. Lakin ABŞ və İsrailin başladığı müharibə onları hakimiyyət ətrafında birləşdirdi. Bu gün İran vətəndaşları gözlənilməz bir yekdilliklə öz Vətənlərinin müdafiəsinə qalxıblar.
2013-cü ildə Vaşinqtonda ABŞ Konqresmeni Dana Rohrabexerlə görüşərkən, ona İran türklərinin hüquqlarını müdafiə etdiyinə görə təşəkkürümü bildirmiş, eyni zamanda “Orta Doğu projesi”nin xəritəsini göstərərək İranın Qərbi Azərbaycan ostanının gələcək Kürdüstanın ərazisi kimi göstərilməsinə etiraz etmişdim. Onun “bunu ciddi sənəd kimi qəbul etməyin” sözünə etiraz edib “əgər ciddi sənəd deyilsə təkzib edilsin, yığışdırılsın, ancaq siz uzun illərdir insanlların gözünü bu xəritəyə, gələcəyin gizli xəyanətlərinə alışdırır, bizim reaksiyamızı yoxlayırsınız. Bu, yanlış və ABŞ-ın əleyhinə işləyən siyasətdir. Siz İrana bu planlarla gələcəksinizsə bizləri məcbur edəcəksiniz ki, İslam hakimiyyətini dəstəkləyək, Çünki onları bəyənməsək də, sağ olsunlar, heç olmasa bizim torpaqları başqasına vermək haqqında düşünmürlər.
İndi 13 il öncə Vaşinqtonda dediyim vəziyyət yaranıb. İsrail və ABŞ–in müdafiə etdiyi və silahlandırdığı terrorçu təşkilatların Qərbi Azərbaycan ostanına, Urmiyəyə doğru yönləndirildiyini görəndə silahsız xalq bəyənmədiyi hakimiyyətin müdafiəsinə bel bağlayır.
Xarici müdaxilənin İranın əzilən xalqlarını narazı olduqları hakimiyyətə qarşı ayaqlandıracağı fikri geniş yayılmışdı. İran diaspor təşkilatlarının və ya Güney Azərbaycandakı fəalların bu ümidləri doğrulmadı. Bizdə də qonşuluğumuzdakı müharibə geniş müzakirə olunur və təəssüf ki, fikir müxtəlifliyi bəzən qarşılıqlı ittihamlara, təhqirlərə çevrilir. Fərqli düşüncəyə bu cür aqressiv və düşməncəsinə münasibət getdikcə geniş yayılır və milli həmrəyliyi, bütövlüvü pozan təhlükəli bir hal alır. Dünya tarixində buna bənzər hadisələr heç vaxt eyni cür bitməyib; gözlənilməzliklər istisna deyil; bir yandan da hələ İkinci Dünya savaşının, Təbrizdə xarici müdaxilənin köməyi ilə qurulmuş Milli Hökumətin tarixi unudulmayıb. Lakin arada çox ciddi fərqlər var. Nə Amerika, nə İsrail İrana hər hansı xalq üçün milli hökumət qurmağa gəlmir. Onların İran türkləri və ya Güney Azərbaycan deyilən bir qayğıları, planları yoxdur. Məqsəd ayrıdır və bu barədə yetərincə yazılıb, deyilib.
ABŞ-ın başlıca niyyətlərindən biri İranın nüvə planını pozmaqdır. İlk baxışda bu tələb başadüşləndir. İranın nüvə silahı əldə etməsi bölgə üçün yeni təhlükələr doğurar. Lakin bu məntiqlə yanaşanda gərək İsrail də, ABŞ da, Çin də, Koreya da əllərində olan nüvə silahını zərərsizləşdirsinlər ki, insanlıq bu vəhşi yarışmanın gətirdiyi təhlükədən və ehtiyaclardan xilas olsun. “Yoxsa mənə olar, sənə olmaz” deməklə iş aşmaz.
Bu müharibə min il öncədən başlamış Xaçlı-Səlib yürüşünün davamıdır. Etiraf etdilər-etmədilər Avropa o tarixi unutmayıb. ABŞ bu savaşla planetin şəriksiz ağası olduğunu sübut etməyə çalışır. Amma bundan daha önəmli olan dünyanın əsas neft ixrac edən ölkələrindən olan İranın enerji mənbələrini ələ keçirmək və bu neftə möhtac olan əsas rəqiblərini, özəlliklə Çini zəiflətmək istəyidir. Aydın olur ki, ABŞ və İsraili İran rejimini dəyişmək az maraqlandırır. “Nüvə axtarışını dayandır, neftini bizə ver, sonra necə istəyirsən yaşa”. İranla Ərəb ölkələri arasındakı konflikti dərinləşdirmək, bu yolla onsuz da zəif olan İslam birliyini sarsıtmaq, bu bölgədəki dövlətləri sonu görünməyən bir düşmənçilik burulğanına atmaq, Yaxın Şərqin yüksək mədəniyyətə malik qədim dövlətlərinin yerində müqavimət gücü olmayan xırda dövlətciklər yaratmaq, dünyanın uzaq keçmişinə işıq tutan tarixi və mədəni abidələri yer üzündən silmək və ya məhv etmək , bir sözlə İranı da İraqın, Livanın, Suriyanın gününə salmaq... Məqsəd budur.
İsrailin niyyəti isə reallıqdan uzaq, mifik təfəkkürə dayanan “vəd olunmuş torpaqlar”a sahiblənmək və öz ərazilərini genişləndirmək, bu məqsədlə uydurma “Böyük Kürdüstan” ideyasını qızışdırıb silahlı kürdləri min illərlə iç-içə yaşadıqları xalqlarla düşmən edib, sonra meydanda tək buraxmaq; İran tərəfindən dəstəklənən və bölgə ölkələrində yuvalanan terror təşkilatlarını zərərsizləşdirmək adı ilə qonşu ölkələrə soxulmaq və bu bölgədəki güc balansını öz xeyrinə dəyişməkdir.
İranın da siyasəti göz önündədir. Şiəçilik pərdəsi altında fars təsirini genişləndirmək, məzhəb ayrılığını dərinləşdirmək, hətta İslamın dini mərkəzi olan Məkkəyə qarşı Kərbəlanı böyütmək, öz içində yaşayan xalqları məzhəb təəssübkeşliyi adı ilə assimilyasiya etmək və İranın məğlubedilməz əsatirini yaymaq.
Hadisələrin nə ilə sonuclanacağını demək çətindir. Amma bir şey aydındır ki, Trampın “müharibə bizim gözlədiyimizdən də sürətlə gedir, tezliklə bitəcək” bəyanatı özünü doğrultmadı. Bu müharibə ilə Kubanın, Qrelandiyanın və bir sıra başqa bölgələrin işğalı üçün qorxu mühiti yaratmaq da baş tutmadı. Əksinə, Tramp həm dünyada, həm öz ölkəsində məsxərə hədəfinə çevrildi. İran nə qədər dağıdılsa da hələ dirənib durur və onunla yanaşı İsrail də sağalmaz yaralar alır. ABŞ-ın İranla danışıqlar aparılır deyə-deyə bölgəyə əlavə qüvvələr toplaması, quru hərəkatına başlamaq istəyi də onun çarəsiz durumunu ört-basdır eləmir.
Biz yaxın qonşumuzun tezliklə bu hücumlardan xilas olub dinc həyata qovuşmasını arzulayırıq.
İran tarixən türklərin farslarla yanaşı yaşadıqları, birgə idarə etdikləri dövlət olub. Bunu son dövrlərdə işıq üzü görən “İran türklərinin tarixi”. “Türklərin İranı”, “İran türkləri” fundamental elmi əsərlər də sübut edir. Bu gün qonşu dövlətdə azərbaycanlılarla farslar çiyin-çiyinə mübarizə aparır və şəhid olurlar. Buna baxmayaraq, aldığımız xəbərlər göstərir ki, çətin şəraitdə olmasına baxmayaraq İran rəsmiləri bir neçə ay öncə etiraz mitinqlərində iştirak etmiş insanlara qarşı qəddarlığından da əl çəkmirlər.
Şübhəsiz bizi ən çox güneyli soydaşlarımızın durumu düşündürür, narahat edir. Onlar həm İranda, həm xaricdə bir neçə cəbhəyə bölünüblər. Vaxtilə Güney Azərbaycanın İrandan ayrılıb müstəqil dövlət qurmasını istəyənlərin də çoxu indi İranın bütövlüyü tərəfdarı kimi çıxış edirlər. Səbəbini yuxarıda yazdım. On illər boyu Güney azərbaycanlıların taleyi ilə maraqlanmayan bəzi siyasətbazlar da indi ortaya düşüb özlərinin mənasız ideyaları və fikirlərini cənuba sırımağa çalışırlar. Amma reallıq göz qabağındadır. İran türklərinin beynəlxalq aləmdə söz sahibi olan və xalqın milli maraqlarını ifadə edən heç bir ciddi siyasi təşkilatları yoxdur. Bu iddiada olanların çoxunun ətrafı boşdur. 30 ilə yaxın bir müddətdə İran türklərinin insan haqlarının pozulmasının dünya ölkələrinə çatdıran, azərbaycanlıların hüquqlarını müdafiə edən, diosporlarının təşkilatlanmasına çalışan Dünya Azərbaycanlıları Konqresinə qarşı aparılan gizli və açıq bölücülük hərəkatının, yalan təbliğatların nə qədər antimilli bir iş olduğunu bu gün daha aydın görürük. Boşboğazlar, siyasi hərəkat adına evcik-evcik oynayanda, öz ailə üzvlərindən ibarət siyasi partiyalar yaradıb birləşmək çağırışlarından uzaq qaçanda bu günü düşünməliydilər. Lakin həyat davam edir və İranda yaşayan soydaşlarımız tarixin gətirəcəyi hər cür surprizə hazır olmalıdırlar.
Azərbaycan və Türkiyənin məsələlərə təmkinli yanaşması, İrana göstərdikləri maddi və mənəvi yardım doğru siyasətdir. Bununla belə, İrandakı türklər hadisələrin sonrakı gedişində yenə öz insan haqlarının tapdanmasına, dilsiz, məktəbsiz qalmalarına şərait yaradan məzlum itəatkarlıqdan xilas olmalıdırlar.
Birmənalı şəkildə demək olar ki, İran cəmiyyətinin böyük hissəsi dəyişiklik istəyir. İranda marağı olan qlobal güclər isə bu vəziyyətdən öz məqsədləri üçün faydalanmağa çalışırlar. Bəlli xarici gücləri İran vətəndaşı olan hansısa türkün, farsın, bəlucun, kürdün və ya ərəbin pozulmuş hüquqlarının bərpası yox, zəngin təbii ehtiyatlara malik dövlətin sükanını ələ keçirmək maraqlandırırsa demokratiya vədləri xeyli ironik görünür. Çünki əgər həqiqətən də ABŞ-ın diktaturanı demokratiyaya çevirən iksiri varsa nəyə görə indiyədək onu Səddamın devrilməsindən sonra bir milyona yaxın şəxsi qətlə yetirdiyi İraqda, yüz minlərlə insanın öldürüldüyü Suriyada, eləcə də Liviya və Əfqanıstanda tətbiq etməyib?!
Qarşıda gözlənilən dəyişiklik mərhələsində İranda həlledici amil olan türk etnosunun maraqlarının növbəti dəfə tapdanmasına izn verməyi tarix güneydəki soydaşlarımıza, Türkiyə və Azərbaycana bağışlamaz. İstənilən yeni siyasi konfiqurasiya zamanı İran türklərinin milli hüquqlarının rəsmi şəkildə tanınmasının vacibliyi qırmızı xətt olmalıdır. İnqilabi dəyişiklik olacağı təqdirdə Azərbaycan və İran türklərinin milli maraqları əsasən iki variantdan birinin reallaşdırılmasını tələb edir:
Birincisi, İranın xilas düsturu və ya türk transformasiyasıdır. Bu halda İranın ərazi bütövlüyü qorunaraq türklərin 1925-ci ildə dövlətin idarəçiliyində itirdiyi mövqeləri bərpa olunur. Türklərin İran idarəçiliyində min ildən artıq müddətdə bütün etnosların maraqlarının qorunmasını təmin etməklə bərqərar olan sabit rolunu inkar etmək mümkün deyil. Prezident Məsud Pezeşkian indiki siyasi sistemin yetirməsi olsa da polietnik İran cəmiyyətində çoxluğun qəbul etdiyi lider kimi önə çıxmışdır.
İkincisi, Güney Azərbaycan muxtariyyat qazanır və azərbaycanlılar milli hüquqları məhdud ərazi çərçivəsində bərpa edilir. Bu variantların heç biri gerçəkləşməsə gündələkdə Güney Azərbaycanın beynəlxalq birliyin müstəqil subyektinə çevrilməsi dayanmalıdır.

Sabir RÜSTƏMXANLI,
DAK həmsədri,
Xalq şairi
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!