Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
28-09-2026, 22:02
Cavidan Həzizadə yazır: Gənclərin ictimai həyatda fəallığı niyə vacibdir?


Cavidan Həzizadə yazır:

Gənclərin ictimai həyatda

fəallığı niyə vacibdir?


Gənclər cəmiyyətin gələcəyini formalaşdıran əsas qüvvələrdən biridir. Onların ictimai həyatda fəal iştirakı həm şəxsi inkişaf, həm də cəmiyyətin tərəqqisi baxımından mühüm əhəmiyyət daşıyır.
Könüllülük, sosial layihələr, tələbə təşkilatları, ictimai təşəbbüslər və maarifləndirici fəaliyyətlər gənclərə liderlik, komanda işi, məsuliyyət və ünsiyyət bacarıqları qazandırır. Eyni zamanda, gənclərin sosial problemlərin həllinə töhfə verməsinə imkan yaradır.
Müasir rəqəmsal dövrdə sosial media da ictimai fəallığın mühüm vasitəsinə çevrilib. Lakin fəallıq yalnız paylaşım etməklə deyil, real təşəbbüslər və faydalı fəaliyyətlərlə ölçülməlidir.
Fəal gənclər cəmiyyətin problemlərinə biganə qalmır, yeni ideyalar irəli sürür və dəyişikliklərə öz töhfələrini verirlər. Buna görə də gənclərin ictimai həyata cəlb olunması həm bu günün, həm də gələcəyin daha məsuliyyətli və fəal cəmiyyətinin formalaşması üçün vacibdir.

Cavidan Həzizadə
Müvəkkil Hüquq Mərkəzinin Gənclər Klubunun rəhbərinin müavini
28-09-2026, 21:51
Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı


“Milli yaddaşın zəfəri:

Tarixi Qayıdışın Məramı –

Vətən və Qərbi Azərbaycan”

mövzusunda tədbir keçirilib


Qərbi Azərbaycan İcması, ADPU-nun Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi, “Cosmoline” Tərcümə və Araşdırma Mərkəzi və “Müvəkkil” Hüquq Mərkəzinin təşkilatçılığı və ednews.az saytının informasiya dəstəyi ilə sentyabrın 25-də “Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı – Vətən və Qərbi Azərbaycan” mövzusunda tədbir keçirilib.
Tədbirin məqsədi Azərbaycanın tarixi yaddaşının qorunması, Qərbi Azərbaycanın tarixi, burada yaşamış azərbaycanlıların mədəni irsi, yaşayış məskənləri və toponimləri ilə bağlı araşdırmaların genişləndirilməsi, eləcə də bu istiqamətdə əldə olunan məlumatların gələcək nəsillərə çatdırılmasının əhəmiyyətinə diqqət çəkmək olub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş sözü ilə çıxış edən ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Mahirə Hüseynova şəhid və qazilərin Azərbaycanın tarixi Zəfərinin qazanılmasındakı xidmətlərindən danışıb. O, “Cosmoline” Tərcümə və Araşdırma Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək, mərkəzin tərcümə və araşdırma istiqamətində gördüyü işlərin əhəmiyyətini vurğulayıb. M.Hüseynova Qərbi Azərbaycan İcması və universitetlərdə fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmaları Mərkəzləri ilə “Cosmoline” Tərcümə və Araşdırma Mərkəzi arasında əməkdaşlığın qurulmasının, elmi araşdırmaların tərcümə və mənbə bazasının zənginləşdirilməsi baxımından vacibliyini qeyd edib.
Professor, həmçinin, Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayıb. O bildirib ki, BMT tərəfindən Qərbi Azərbaycan İcmasının 14 sənədi yayımlanıb. Professor Qarabağın işğaldan azad olunmasını Qərbi Azərbaycana dinc, təhlükəsiz və ləyaqətli qayıdış istiqamətində mühüm mərhələ kimi qiymətləndirib.

“Cosmoline” Tərcümə və Araşdırma Mərkəzinin icraçı direktoru Tünzalə Əsədova çıxışında milli yaddaşın qorunması, tarixi məlumatların düzgün araşdırılması və gələcək nəsillərə etibarlı şəkildə çatdırılması baxımından erməni dilindən tərcümənin xüsusi əhəmiyyət daşıdığını bildirib.
İcraçı direktor “Cosmoline” Tərcümə və Araşdırma Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən birinin erməni dilində olan sənədlərin Azərbaycan dilinə peşəkar və dəqiq tərcüməsi olduğunu vurğulayıb. O qeyd edib ki, bu sahədə tərcümənin yalnız dil baxımından deyil, həm də tarixi və mənbəşünaslıq baxımından düzgün aparılması vacibdir.

T.Əsədova erməni dilində olan tarixi sənədlərin, arxiv materiallarının və digər yazılı mənbələrin Azərbaycan dilinə dəqiq və peşəkar şəkildə tərcüməsinin Qərbi Azərbaycanın tarixi ilə bağlı faktların ilkin mənbələr əsasında araşdırılmasına imkan yaratdığını bildirib. Həmçinin, rməni dilindəki tarixi sənədlərin orijinal mənbələr əsasında araşdırılması və Azərbaycan dilinə dəqiq tərcümə olunmasının tarixçilər, tədqiqatçılar və araşdırmaçılar üçün mühüm elmi materialların əlçatanlığını artırdığını və tarixi məlumatların təhrif olunmadan öyrənilməsinə xidmət etdiyini diqqətə çatdırıb. Bununla yanaşı, erməni müəlliflər tərəfindən hazırlanmış materialların ilkin mənbə kimi araşdırmaya cəlb olunmasının tarixi faktların müqayisəli şəkildə öyrənilməsinə imkan verdiyini bildirib.

ADPU-nun Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Leyla Cəlalova çıxışında ümummilli lider Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı fikirlərinə toxunub. O, Heydər Əliyevin Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların tarixi torpaqlarla bağlı yaddaşının qorunmasına və bu məsələnin gələcək nəsillərə çatdırılmasına verdiyi əhəmiyyəti qeyd edib.
“Müvəkkil” Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov çıxışında Qərbi Azərbaycan mövzusunda keçirilən tədbirlərin tarixi məlumatların gələcək nəsillərə çatdırılması və hüquqi məsələlərə diqqətin artırılması baxımından əhəmiyyətindən danışıb.
Tədbirdə “Cosmoline” Tərcümə və Araşdırma Mərkəzinin baş tərcüməçisi və layihə rəhbəri Həsən Əhmədov, filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Dövlət Universitetinin Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin əməkdaşı Süsənbər Ağamalıyeva, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova çıxış ediblər.
Tədbir zamanı Qərbi Azərbaycan və Zəfərə həsr olunmuş videoçarx nümayiş etdirilib.







27-09-2026, 10:39
Xocalıda Şəhidlər   xiyabanı ziyarət olunub

Xocalıda Şəhidlər

xiyabanı ziyarət olunub


Xocalıda 27 Sentyabr Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub. FOTO

27 sentyabr Anım Günü ilə əlaqədar Xocalı şəhərində yerləşən Şəhidlər xiyabanı ziyarət olunub.Xankəndi şəhərində, Ağdərə və Xocalı rayolarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, anım Günü münasibətilə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Xocalı rayon şöbəsinin əməkdaşları, eləcə də Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları Şəhidlər xiyabanına gələrək, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.Ziyarət zamanı şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, onların ruhuna dualar oxunub.Qeyd olunub ki, Azərbaycan xalqı Vətən müharibəsində və digər döyüşlərdə şəhid olan qəhrəman övladlarının xatirəsini daim uca tutur. Şəhidlərin göstərdiyi qəhrəmanlıq və fədakarlıq Azərbaycanın tarixinə əbədi həkk olunub.Şəhidlərimizin əziz xatirəsi daim ehtiramla anılacaq.



27-09-2026, 04:51
Şəhid qanından cücərən Zəfər: 27 Sentyabr haradan başladı?

Yeganə Qəhrəmanova
Filologiya üzrə fəlsəfə doktoru,
ADPU dosenti,
Azərbaycan-Türk Xalqları Qardaşlığı İB həmsədri



Şəhid qanından cücərən Zəfər:

27 Sentyabr haradan başladı?


Tarixin böyük zəfərləri heç vaxt təsadüfən, yaxud bir gecənin içində formalaşmır. Onlar illərlə toplanan mənəvi gücün, strateji səbrin, siyasi iradənin və hər şeydən əvvəl, xalqın şüurunda yetişən ədalət tələbinin kəsişmə nöqtəsində doğulur. 2020-ci il sentyabrın 27-si Azərbaycan xalqının müasir tarixində məhz belə bir kulminasiya məqamı idi. Lakin bu tarixi sadəcə 44 günlük İkinci Qarabağ müharibəsinin başladığı gün kimi qiymətləndirmək hadisənin köklərini və dərinliyini tam əhatə etmir. Əslində, “27 Sentyabr Zəfəri hardan başlamışdı?” sualına bir neçə istiqamətdə cavab vermək mümkündür:
1. Sentyabrın 27-sinə aparan yol, ilk növbədə, beynəlxalq hüququn işləmədiyi, ATƏT-in Minsk Qrupu kimi institutların fəaliyyətsizliyinin vərdişə çevrildiyi 30 illik mürəkkəb bir diplomatik böhrandan keçdi. Çünki üç onillik ərzində regionda tətbiq olunan status-kvo modeli sülhə deyil, işğalın əbədiləşdirilməsinə xidmət edirdi. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinin kağız üzərində qalması beynəlxalq mexanizmlərin nə qədər təsirisiz olduğunu sübut etdi. Beynəlxalq vasitəçilərin işğalçı ilə işğala məruz qalan tərəf arasında davamlı olaraq bərabərlik işarəsi qoyması Azərbaycan cəmiyyətində dərin bir məyusluq yaratsa da, eyni zamanda milli iradəni və suverenliyi öz gücü ilə bərpa etmək əzmimi daha da bərkitdi.

“Dondurulmuş münaqişə” termini illər boyu regionun gələcəyini buxovlayan və geosiyasi təcrid yaradan bir ideoloji alət kimi istifadə olundu. Lakin diplomatik müstəvidə imitasiya xarakterli danışıqlar getdiyi bir vaxtda, Azərbaycan dövləti həm hərbi-sənaye kompleksini gücləndirir, həm də strateji ittifaqlarını möhkəmləndirirdi. Prezident İlham Əliyevin beynəlxalq platformalarda səsləndirdiyi bu fikir sülh illuziyasının bitdiyini və beynəlxalq hüququn artıq güc amili ilə təmin olunmalı olduğunu aydın nümayiş etdirirdi:“Əgər beynəlxalq hüquq işləmirsə, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmirsə, onda güc amili ön plana çıxır. Biz özümüz beynəlxalq hüququ və ədaləti bərpa etməliyik”.
2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin Tovuz döyüşləri göstərdi ki, yaradılmış qondarma statut-kvo artıq nə hərbi, nə də siyasi müstəvidə dayanıqlıdır. Ermənistanın Tovuz istiqamətindəki hərbi təxribatı yalnız ərazi iddiası deyil, həm də regionun strateji kommunikasiya xətlərinə və enerji təhlükəsizliyinə zərbə vurmaq cəhdi idi. Lakin bu təxribat gözlənilənin əksinə olaraq Azərbaycan xalqının milli birliyini ən pik nöqtəyə çatdırdı. Tovuzda general-mayor Polad Həşimovun və digər yüksəkrütbəli zabitlərimizin şəhadəti cəmiyyətdəki səbir kəsasını dolduran son damla oldu. Bakı küçələrinə axışan minlərlə gəncin “Qarabağ!” nidası sentyabrın 27-sində cəbhəyə atılacaq ruhi dalğanın ilk xəbərçisi idi.
Hadisələrin təhlili göstərir ki, 27 Sentyabr sadəcə bir cavab əməliyyatı deyil, illərlə toplanmış diplomatik ədalətsizliyə, beynəlxalq ikili standartlara və işğalçı rejimin qanunsuz addımlarına qarşı milli iradənin hərbi-siyasi müstəvidə təcəssümü idi. Sülh illuziyasının iflası diplomatik düyünlərin açılması və Azərbaycan xalqının öz taleyini öz əlinə alması ilə nəticələndi.

2. 27 Sentyabrda başlanan əks-hücum əməliyyatı ani bir hərbi qərarın deyil, illər boyu sistemli şəkildə həyata keçirilən dövlət siyasətinin — qüdrətli ordu quruculuğunun, müasir hərbi texnologiyaların uğurla mənimsənilməsinin və ən əsası, vətənpərvər bir nəslin yetişdirilməsinin məntiqi nəticəsi idi. Azərbaycan dövləti 30 il ərzində həm maddi-texniki bazanı yenilədi, həm də Ordunun döyüş qabiliyyətini ən yüksək standartlara çatdırdı. Cəbhədə pilotsuz uçuş aparatlarının, dəqiq idarəolunan raket sistemlərinin və müasir artilleriyanın tətbiqi hərbi doktrinamızın texnoloji üstünlüyünü təmin etdi. Lakin hərbi analitiklər də təsdiq edir ki, ən müasir silahlar belə, onu idarə edən şəxsi heyətin mənəvi-psixoloji hazırlığı olmadan qələbə qazandıra bilməz. Ali Baş Komandan İlham Əliyevin vurğuladığı bu fikir Zəfərin əsas formulunu aydın şəkildə ifadə edir:“Bizim qələbəmizi təmin edən texnika deyil, ruhdur, vətənpərvərlikdir, rəşadətdir. Torpaqları azad edən müasir silahlar deyil, onları idarə edən Azərbaycan əsgəridir, Azərbaycan zabitidir”.
Birinci Qarabağ müharibəsinin ağrı-acısı, Xocalı soyqırımının unudulmayan yarası və minlərlə şəhidimizin qanı Azərbaycan gəncliyinin tarixi yaddaşına bir intiqam və ədalət borcu kimi həkk olunmuşdu. Doğma torpaqlarını görmədən, Qarabağsız böyüyən, lakin o torpaqların həsrəti və sevgisi ilə tərbiyə olunan yeni nəsil milli ideologiyanın canlı təcəssümünə çevrildi. Bu nəsil üçün vətənpərvərlik nəzəri bir məfhum deyil, gündəlik həyatın və kimliyin əsas şərti idi. 27 Sentyabr səhəri səfərbərlik çağırışını gözləmədən hərbi komissarlıqların qarşısında uzun növbələr yaradan minlərlə gənc məhz bu mənəvi tərbiyənin və tarixi məsuliyyət hissinin nəticəsi idi. Başqa sözlə desək, Vətən müharibəsindəki Zəfərimiz şəhid qanının torpağa hoparaq yaratdığı o sarsılmaz mənəvi maya ilə cücərdi. Şəhid qanından doğan milli mənlik şüurumuz ordu quruculuğunda qazandığımız hərbi hazırlıqdan öncə sözünü dedi. Azərbaycan əsgərinin patronundan və silahından əvvəl onun sarsılmaz inamı, şəhadətə hazır olması və fədakarlığı düşmənin 30 il ərzində qurduğu keçilməz müdafiə xətlərini yardı. Şəhid qanı ilə suvarılan bu torpaqlar yalnız fiziki olaraq azad edilmədi, həm də milli mənlik, özünəqayıdış və qalib xalq ruhu yenidən dirçəldi.

3. Sentyabrın 27-si həm də strateji ağlın, dəqiq hesablanmış xarici siyasətin və sarsılmaz hərbi-siyasi iradənin təcəssümüdür. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən haqq savaşı təkcə cəbhədəki hərbi toqquşmalarla məhdudlaşmadı; o, eyni vaxtda beynəlxalq media, diplomatik təzyiqlər və informasiya müharibəsi cəbhəsində də paralel və intensiv şəkildə aparıldı. Müharibə dövründə xarici kütləvi informasiya vasitələrinə verilən onlarca müsahibə, psixoloji hücumların dəf edilməsi və obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması hərbi qələbənin siyasi-hüquqi müstəvidə möhkəmlənməsində həlledici rol oynadı.
44 gün boyunca xalqın dövlətlə və ordu ilə nümayiş etdirdiyi monolit birlik – “Dəmir Yumruq” konsepsiyası – müasir hərbi-siyasi nəzəriyyələrə düşəcək dərəcədə unikal bir sosial fenomendir. Bu süreçdə arxa cəbhə ilə ön cəbhə arasındakı sınırlar tamamilə silindi; siyasi mənsubiyyətindən, yaşından və sosial statusundan asılı olmayaraq hər bir vətəndaş özünü mübarizənin bilavasitə iştirakçısı kimi hiss etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətlərində səsləndirdiyi bu fikir həmin milli həmrəyliyin fəlsəfəsini dəqiq xarakterizə edir: “Bizim gücümüz birliyimizdədir. Biz birlikdə güclüyük və bu birlik bizə hər bir qələbəni təmin edir. Birlik, milli həmrəylik, dəmir yumruq — bu, bizim zəfərimizin rəmzidir”.
27 Sentyabrda atılan ilk cavab zərbəsindən Şuşa zirvəsinə bayraq sancılana qədər keçən şərəfli yol bu sarsılmaz birliyin enerjisi ilə qət olundu. Xalqın öz ordusuna inamı, arxa cəbhədəki sarsılmaz dəstək və dövlətin qətiyyəti hərbi gücü bir neçə dəfə artıran əsas mənəvi faktor oldu. Siyasi iradə, Ordu və Xalq-Dövlət Birliyi Zəfərimizi bizlərə qazandırdı!

4. Sentyabrın 27-si yalnız Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası ilə nəticələnmədi, həm də Cənubi Qafqazın geopolitik xəritəsini, təhlükəsizlik arxitekturasını və güc balansını kökündən dəyişdi. Üç onillik boyunca regionda öz maraqlarını diqtə etməyə çalışan kənar güclərə və beynəlxalq aktorlara aydın şəkildə nümayiş etdirildi ki, bölgənin gələcək taleyini və inkişaf vektorunu kənardan edilən təzyiqlər deyil, bura aid olan xalqların suveren iradəsi və ədalətli mövqeyi müəyyən edir.
Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Laçın, Kəlbəcər, Ağdam və nəhayət, Qarabağın tacı, keçilməz qala sayılan Şuşanın azad edilməsi 27 Sentyabrda başlayan hərbi-strateji planın addım-addım, yüksək peşəkarlıqla gerçəkləşməsi idi. Bu zəfər regionda yeni nəqliyyat və loqistika dəhlizlərinin, xüsusən Zəngəzur dəhlizinin gündəmə gəlməsi ilə avrasiya miqyaslı geoiqtisadi imkanlar açdı.
Bu gün azad edilmiş torpaqlarda həyata keçirilən “Böyük qayıdış” proqramı, sürətlə ucalan infrastrukturlar, tikilən beynəlxalq hava limanları, çəkilən yollar və ağıllı kənd konsepsiyaları göstərir ki, şəhid qanı ilə sulanmış o torpaqlar indi sadəcə azad olunmuş ərazi deyil, bütün region üçün sülhün, quruculuğun və davamlı inkişafın mərkəzinə çevrilib.
Sentyabrın 27-si – Anım Günü – bizə həm dərin kədəri, həm də sonsuz milli qüruru eyni anda yaşadan müqəddəs və tarixi bir mərhələdir. Bu günün haradan və necə başladığını təhlil edərkən anlayırıq ki, o, yalnız bir hərbi əməliyyatın tarixi deyil; xalqımızın minillik dövlətçilik təfəkküründən, ədalətə olan sarsılmaz inamından və Vətən torpağı uğrunda canından keçməyə hazır olan minlərlə qəhrəman övladın fədakarlığından balayan bir dirçəliş dastanıdır.
Şəhid qanından cücərən Zəfər ağacı bu gün müstəqil, qalib və qüdrətli Azərbaycanın başı üzərində məğrur bir kölgə salır. 27 Sentyabr təqvimdə sadəcə bir tarix və ya anım günü deyil; o, milli mənliyimizin, sarsılmaz özünəqayıdışımızın və gələcək nəsillərə ötürüləcək əbədi qürur mənbəyimizin simvoludur.
24-09-2026, 14:46
5 mindən çox yeni iş yeri yaradılması planlaşdırılır

5 mindən çox yeni iş yeri

yaradılması planlaşdırılır


Azərbaycan dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə yeni, müasir sənaye istiqamətinin formalaşdırılmasına hazırlaşır.
Bu barədə Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, dağ-mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycanın qeyri-neft sektorunun genişləndirilməsi, təbii resurslardan səmərəli istifadə və yeni istehsal zəncirlərinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət Proqramı çərçivəsində 5 mindən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Prezident bildirib ki, son dövrlərdə qəbul edilmiş dövlət proqramları konkret hədəflərə hesablanıb və onların icrası üçün dövlət büdcəsində, eləcə də investisiya proqramlarında zəruri maliyyə vəsaiti nəzərdə tutulub. Bu proqramların ölkə iqtisadiyyatının gücləndirilməsi, regionların inkişafı, məşğulluğun artırılması və müasir infrastrukturun yaradılmasına xidmət etdiyi vurğulanıb.
İlham Əliyev Azərbaycanın son illərdə enerji və infrastruktur sahələrində mühüm nəticələr əldə etdiyini diqqətə çatdırıb. Bildirilib ki, ölkədə qazlaşmanın səviyyəsi 96 faizə çatıb, Azərbaycan 25 milyard kubmetrdən çox təbii qaz ixrac edir. Elektrik enerjisi sahəsində də böyük generasiya potensialının yaradıldığı və gələcəkdə ixrac imkanlarının genişləndiriləcəyi qeyd olunub.
Prezident qeyri-neft sektorunun inkişafını iqtisadiyyatın gələcək artımı baxımından mühüm istiqamət kimi qiymətləndirib. Onun sözlərinə görə, cari ilin ilk 8 ayında qeyri-neft sektorunda 5,4 faiz artım qeydə alınıb.
Dövlət başçısı dağ-mədən sənayesinin inkişafı üçün işğaldan azad edilmiş ərazilərdə yerləşən yataqların istismara verilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis və molibden yataqlarının işlənilməsi ilə bağlı işlərin aparıldığı diqqətə çatdırılıb.
Bildirilib ki, mövcud yataqlar müasir geoloji üsullarla yenidən araşdırılmalı, ehtiyatlar dəqiqləşdirilməlidir. Eyni zamanda, yeni yataqların aşkar edilməsi məqsədilə geoloji kəşfiyyat işlərinin genişləndirilməsi nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikasında da geoloji kəşfiyyat işlərinə gələn ildən başlanılması planlaşdırılır.
Prezident qeyd edib ki, dağ-mədən sənayesinin inkişafında dövlət sektoru ilə yanaşı, özəl və xarici investorların iştirakı da mümkündür. Bu sahədə “AzerGold”un fəaliyyəti ilə yanaşı, özəl sektor üçün də imkanların yaradıldığı vurğulanıb.
Dövlət başçısı Balakən rayonunda yerləşən “Filizçay” polimetal yatağının əhəmiyyətini də qeyd edib. Yatağın istismara hazırlanması ilə bağlı işlərin davam etdirildiyi və texniki-iqtisadi əsaslandırmanın hazırlanmasından sonra investisiya qərarının qəbul ediləcəyi bildirilib.
Çıxışda Qərb Sənaye Parkının yaradılmasının dağ-mədən sənayesinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub. “Daşkəsən” filiz yatağının istismarı və ətraf ərazilərdə həyata keçiriləcək layihələrin parkın yaradılmasını şərtləndirdiyi bildirilib.
Prezident Qərb Sənaye Parkında filiz hasilatından son məhsulun istehsalına qədər tam sənaye zəncirinin yaradılmasının nəzərdə tutulduğunu deyib. Burada zənginləşdirmə, pelet və briketlənmiş dəmir istehsalı müəssisələrinin yaradılması planlaşdırılır.
İlham Əliyev dağ-mədən layihələrinin həyata keçirilməsi zamanı ekoloji tələblərin ciddi şəkildə qorunmasının vacibliyini vurğulayıb. Bildirib ki, təbii sərvətlərin işlənməsi ilə yanaşı, ətraf mühitin mühafizəsi və ekoloji standartlara riayət olunması əsas prioritetlərdən biri olmalıdır.
Metallurgiya sənayesinin inkişafından danışan Prezident alüminium istehsalının artırılmasının da Dövlət Proqramında nəzərdə tutulduğunu bildirib. Onun sözlərinə görə, 2030-cu ilin sonunadək alüminium istehsalının 100 min tona çatdırılması və bu istiqamətdə bir neçə zavodun yaradılması planlaşdırılır.
Dövlət başçısı qeyd edib ki, proqramın maliyyə təminatı müəyyənləşdirilib və onun icrası dövlət tərəfindən təmin olunacaq. Bununla yanaşı, yerli və xarici investorların layihələrdə iştirakı üçün də imkanlar açıq saxlanılır.
Prezident İlham Əliyevin sözlərinə görə, Dövlət Proqramının icrası nəticəsində yeni sənaye istiqaməti formalaşacaq, 5 mindən çox yeni iş yeri yaradılacaq, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda məşğulluğun artırılması sürətlənəcək, dövlət büdcəsinə vergi daxilolmaları və ölkənin ixrac potensialı artacaq.
Gözləntilərə görə, həyata keçiriləcək layihələrin ölkə iqtisadiyyatına illik müsbət maliyyə təsiri 1 milyard manatdan çox ola bilər.

Elşən Quliyev
Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin direktoru
23-09-2026, 22:49
Esmira  İsmayılovanın yeni kitabı çapdan çıxıb

Esmira İsmayılovanın yeni

kitabı çapdan çıxıb


Lənkəran Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, İstedadlı publisist, şair, zəhmətkeş alim, pedaqoq Esmira İsmayılovanın yeni kitabı işıq üzü görüb.
"CBS Polygrafic production" nəşriyyatında nəfis şəkildə çapdan çıxan “Abid Tahirli: həyatı, mühiti və yaradıcılığı” adlı sanballı monoqrafiya AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, Lənkəran Dövlət Universitetinin professoru Abid Tahirlinin elmi, bədii, publisistik, pedaqoji fəaliyyətinə, keçdiyi mənalı və şərəfli həyat yoluna həsr olunub. Belə ki, müəllif yüksək təhlil bacarığına malik bir tədqiqatçı kimi ərsəyə gətirdiyi bu kitabda öz qəhrəmanı barədə ədəbiyyatşünaslara zəngin faktlar əsasında ətraflı məlumat təqdim edə bilib. Məlumat üçün deyək ki, Azərbaycan ədəbiyyatşünaslıq elminin mühacirət qolunun formalaşdırılmasında, mühacir ədiblərin irsinin araşdırılmasında qələm çalan Abid Tahirlinin bu istiqamətdə yazdığı monoqrafiyaları, elmi məqalələri, bədii, publisistik əsərləri müxtəlif rakurslardan kitabda təhlil edilib. Monoqrafiya ədəbiyyatşünaslar, bu sahənin mühacirət qolunu araşdıran tədqiqatçılar, həmçinin tələbələr, magistrant və doktorantlar, eləcə də mühacirət ədəbiyyatı və mətbuatı ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.
Ön söz, giriş, 5 fəsil və nəticədən ibarət “Abid Tahirli: həyatı, mühiti və yaradıcılığı” adlı nəşr Lənkəran Dövlət Universitetinin Elmi Şurasının qərarı əsasında çapa verilib, onun elmi redaktoru filologiya elmləri doktoru, professor Kamran Kazımov, rəyçiləri filologiya elmləri doktoru, professor Nizami Məmmədov (Tağısoy), filologiya elmləri doktoru, professor Asif Rüstəmli, filologiya üzrə fəlsəfə doktoru, dosent Qədim Rufullayev, redaktoru isə yazıçı-publisist Akif Cabbarlıdır.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
22-09-2026, 22:02
Lənkəran Dövlət Universitetində elm seminar

Lənkəran Dövlət

Universitetində elm seminar


Dünya şöhrətli riyaziyyatçı alim Məsud Əfəndiyev Lənkəran Dövlət Universitetində elm və təhsilin populyarlaşması mövzusunda elmi seminar keçirib.
Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) sədri, Almaniyada yaşayan dünyaşöhrətli azərbaycanlı riyaziyyatçı alim, Münxendəki Helmholtz Mərkəzinin professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı, Əməkdar elm xadimi, Kanadanın Fields İnstitutunun ömürlük mükafatçısı Məsud Əfəndiyev Lənkəran Dövlət Universitetinin (LDU) qonağı olub.

Səfər çərçivəsində Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov görkəmli alimi qəbul edib. Səmimi şəraitdə keçən görüşdə rektor qonağa rəhbərlik etdiyi ali təhsil ocağında son 10 ildə həyata keçirilən köklü islahatlar barədə ətraflı məlumat verib. Professor Natiq İbrahimov universitetin maddi-texniki bazasının modernləşdirilməsi, ali təhsilin keyfiyyətinin yüksəldilməsi, nəzəriyyə ilə praktikanın uzlaşdırılması istiqamətində görülən işlərdən danışıb, həmçinin yerli gənc mütəxəssislərin və elmi tədqiqatçıların hazırlanması istiqamətində qazanılan uğurları diqqətə çatdırıb.
Daha sonra dünya şöhrətli alimə universitetlə yaxından tanış olmaq imkanı yaradılıb. Məsud Əfəndiyev LDU-nun tədris korpuslarına baş çəkib, burada fəaliyyət göstərən müasir elmi-tədqiqat və tədris yönümlü laboratoriyaların iş prinsipləri və texnoloji imkanları ilə yerindəcə tanış olub, öz tövsiyələrini verib.

LDU-nun böyük Akt zalında professor Məsud Əfəndiyevin müəllim və tələbə heyəti üçün elm və təhsilin populyarlaşması, eləcə də elmi mühitin formalaşdırılması istiqamətində geniş seminarı təşkil olunub. Tədbir başlamazdan əvvəl seminar iştirakçıları torpaqlarımızın bütövlüyü və Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Seminarı giriş sözü açan LDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Elvin Əliyev hörmətli qonağı auditoriyaya təqdim edərək onun qlobal elmdəki çəkisindən danışıb. Prorektor vurğulayıb ki, dünyanın aparıcı elmi jurnallarının redaksiya heyətində təmsil olunan yeganə azərbaycanlı riyaziyyatçılardan biri olan Məsud Əfəndiyev, “Springer” başda olmaqla Yaponiya, Almaniya, ABŞ, Kanada və İsveçrədə nəşr olunmuş 8 fundamental elmi kitabın və 160-dan çox yüksək indeksli elmi məqalənin müəllifidir.

Ənənəvi mühazirə formatından fərqli olaraq professor Məsud Əfəndiyev Elmi seminarı açıq diskussiya şəraitində və zalla canlı dialoq formatında qurub. “Müasir universitet necə olmalıdır?” mövzusuna həsr olunan müzakirədə alim olduqca maraqlı və cəsarətli tezislərlə çıxış edib. Professor M.Əfəndiyev “regional universitet” anlayışını qəbul etmədiyini xüsusi vurğulayaraq bildirib ki, regionda yerləşməsindən asılı olmayaraq, hər bir ali təhsil müəssisəsi qlobal dünya elminin inkişaf parametrlərinə və beynəlxalq standartlara cavab verməlidir. Alim müasir təhsil sistemində yaradıcı təfəkkürün, elmi inteqrasiyanın və beynəlxalq əməkdaşlığın rolundan bəhs edərək, LDU-nun bu istiqamətdəki potensialını yüksək qiymətləndirib.

Böyük maraqla qarşılanan seminarın sonunda dünya şöhrətli alim professor-müəllim heyətinin və tələbələrin müasir elm, təhsil metodologiyası və qlobal akademik tendensiyalarla bağlı çoxsaylı suallarını ətraflı şəkildə cavablandırıb. Tədbir xatirə fotolarının çəkdirilməsi ilə yekunlaşıb.


21-09-2026, 17:33
FÜZULİDƏN Alİ   HƏRBİ MƏKTƏBƏ

FÜZULİDƏN Alİ

HƏRBİ MƏKTƏBƏ


(ZƏHRANIN VƏTƏNƏ UZANAN YOLU)

İnsanın həyat yolunu müəyyənləşdirən ən mühüm mənəvi dayaqlardan biri ailədən gələn tərbiyə, milli yaddaş və Vətən sevgisidir. Bəzən elə duyğular olur ki, onları nə pulla almaq, nə də hər hansı maddi dəyərlə ölçmək mümkündür. Doğma torpağa bağlılıq, nəslin kecmişinə ehtiram, boyüklərə hormət və milli-mənəvi dəyərlərə sədaqət insanın xarakterinə hopan, nəsildən-nəslə otürülən əvəzsiz mənəvi sərvətlərdir.
Belə bir mənəvi mühitdə yetişən gənclərin uğuru yalnız şəxsi nailiyyət deyil, həm də ailənin, məktəbin və doğma yurdun qürurudur.
Babazadə Zəhra Rail qızının qazandığı uğur da məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Füzuli rayonunun Qayıdış 4 nomrəli tam orta məktəbinin məzunu olan Zəhra Babazadə Heydər Əliyevin adına Hərbi İnstituta yüksək nəticə ilə qəbul olub. Bununla da o, qarşısında boyük məsuliyyət və şərəf daşıyan yeni həyat mərhələsinə qədəm qoyub. Zəhranın bu uğuru ailəsi ilə yanaşı, onu yetişdirən məktəbin müəllim kollektivi və doğma Füzuli ücün də sevindirici hadisədir.
Zəhranın hərbi sahəyə yonəlməsi və Vətənə xidmət etmək arzusu təsadüfi secim deyil. Bu istək onun ailə mühitindən, atasının Vətənə bağlılığından və nənə-babasının doğma yurda olan həsrətindən qaynaqlanır. Zəhra ozü də seçdiyi istiqamətə olan sevgisinin məhz bu mənəvi koklərlə bağlı olduğunu bildirir.
Onun atası Rail Babayev 44 günlük Vətən müharibəsinin iştirakcısıdır. Vətən qarşısındakı xidmətinə gorə müxtəlif dovlət təltiflərinə, o cümlədən beş fərqli döş nişanına layiq gorülən Rail Babayevin keçdiyi şərəfli yol qızı ücün həm örnək, həm də böyük mənəvi məsuliyyətdir. Atasının Vətənə sədaqəti Zəhranın dünyagörüşündə və gələcək hədəflərində mühüm yer tutur.
Füzuli adı isə bu ailə hekayəsində xüsusi məna daşıyır. Doğma yurda illərlə həsrət qalmaq, qayıdış sevincini yaşamaq və yenidən qurulan şəhərin gələcəyinə şahid olmaq milli yaddaşın mühüm səhifələrindəndir. Zəhranın məhz Füzuli rayonunun Qayıdış 4 nomrəli məktəbinin məzunu kimi hərbi ali təhsil müəssisəsinə qəbul olunması bu mənəvi bağlılığın rəmzi ifadəsi kimi qiymətləndirilə bilər.
Zəhra Babazadənin uğuru həm də gostərir ki, qızlarımızın təhsil, hərbi xidmət və dövlətçilik sahələrində qarşıya qoyduğu məqsədlər ailə dəstəyi, möhkəm iradə və milli dəyərlərlə daha da güclənir. Onun seçdiyi yol bilik, intizam, məsuliyyət və fədakarlıq tələb edən bir yoldur.
Zəhranın əzizləri onun bu uğuru ilə qürur duyurlar. Onların qəlbindən gələn sözlər və arzular belədir: “Zəhra, sən bizim fəxrimizsən! Sənin bu gün qazandığın uğur gələcəkdə daha boyük nailiyyətlərin başlanğıcı olsun. İnanırıq ki, sən atan Rail Babayevin Vətənə xidmət ənənəsini layiqincə davam etdirəcək, ailənin və doğma Füzulinin adını uca tutacaqsan!”.
Bu gün Zəhra Babazadənin qarşısında yeni bir mərhələ başlayır. O, Heydər Əliyevin adını daşıyan Hərbi İnstitutda alacağı təhsil, qazandığı bilik və formalaşdıracağı peşəkar keyfiyyətlərlə gələcəkdə dovlətə və Vətənə xidmət yolunda mühüm addımlar atmağa hazırlaşır.
Vətən sevgisi ailədən başlayır, məktəbdə möhkəmlənir, həyatın sınaqlarında isə əmələ çevrilir. Zəhra Babazadənin uğuru bu həqiqətin gənc nəslin timsalında təzahürüdür. Onun yolu acıq, gələcəyi parlaq, Vətənə xidmət əzmi daim mohkəm olsun!
Aygün Məmmədova,
AJB üzvü, tarix üzrə fəlsəfə doktoru
18-09-2026, 17:31
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri

Türk dünyasında

əməkdaşlığın yeni hədəfləri


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdə TDT-nin beynəlxalq arenadakı rolunun gücləndirilməsi, regional təhlükəsizlik, enerji və nəqliyyat bağlantıları, eləcə də üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı mühüm fikirlər səsləndirib.
Dövlət başçısı bildirib ki, TDT artıq beynəlxalq gündəliyin müxtəlif məsələlərinin müzakirə edildiyi və üzv ölkələr arasında qarşılıqlı əlaqələrin inkişaf etdiyi mühüm təşkilata çevrilib. Onun sözlərinə görə, təşkilata üzv dövlətlərin böyük potensialı və əlverişli coğrafi mövqeyi enerji və nəqliyyat təhlükəsizliyi baxımından TDT-nin rolunu daha da artırır.
Prezident İlham Əliyev Azərbaycanın bu proseslərdə xüsusi rolunu qeyd edərək bildirib ki, ölkə həm dünya bazarlarının enerji resursları ilə təchizatında, həm də Mərkəzi Asiya ölkələrinin enerji resurslarının Xəzər vasitəsilə beynəlxalq bazarlara çıxarılmasında iştirak edir. Azərbaycanın Avropa ilə Asiyanın qovşağında yerləşməsi nəqliyyat və enerji layihələrinin həyata keçirilməsi üçün mühüm imkanlar yaradır.
Çıxışında Türk dünyası ilə əlaqələrə də toxunan dövlət başçısı TDT-yə üzv ölkələrlə ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Azərbaycan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik münasibətlərini rəsmiləşdirib, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb.
Prezident İlham Əliyev TDT-ni birləşdirən amillər sırasında ümumi etnik kökləri, dil və mədəniyyət yaxınlığını xüsusi vurğulayıb. O bildirib ki, bu mənəvi birlik təşkilat daxilində həmrəyliyin möhkəmlənməsinə mühüm təsir göstərir.
Təhlükəsizlik məsələlərinə toxunan dövlət başçısı regionda baş verən müharibələrin və artan geosiyasi gərginliyin yeni çağırışlar yaratdığını qeyd edib. Onun sözlərinə görə, dövlət təhlükəsizliyinə cavabdeh qurumlar arasında məlumat və təcrübə mübadiləsinin, operativ əməkdaşlığın və koordinasiyanın gücləndirilməsi mümkün təhdidlərin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.
İlham Əliyev TDT çərçivəsində gənclər təşkilatları arasında əlaqələrin genişləndirilməsinin vacibliyini də qeyd edib. Dövlət başçısı gənclərin müxtəlif forum və tədbirlər vasitəsilə bir-biri ilə daha sıx ünsiyyət qurmasının Türk dünyasında qarşılıqlı əlaqələrin gələcək inkişafına töhfə verəcəyini bildirib.
Prezident çıxışında beynəlxalq hüququn roluna da diqqət çəkib. O, Azərbaycanın uzun illər ərzində beynəlxalq hüquqla təsbit olunmuş hüquqlarının təmin olunması ilə bağlı çətinliklərlə üzləşdiyini qeyd edib və beynəlxalq hüquq normalarının bütün dövlətlər üçün eyni prinsiplərlə tətbiq edilməsinin vacibliyini vurğulayıb.
Dövlət başçısı TDT-nin gələcək perspektivlərinə toxunaraq bildirib ki, təşkilatın üzv ölkələri birgə səylərlə beynəlxalq təhlükəsizlik, enerji, nəqliyyat və ticarət məsələlərində daha fəal rol oynaya bilər. Onun sözlərinə görə, mövcud potensialdan səmərəli istifadə etməklə TDT-nin beynəlxalq arenadakı mövqeyinin daha da gücləndirilməsi mümkündür.
Prezident İlham Əliyev çıxışının sonunda TDT-nin qarşısında duran əsas vəzifələr sırasında üzv ölkələr arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsini, təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsini və təşkilatın beynəlxalq proseslərdə rolunun artırılmasını qeyd edib.

Zəminə Nuriyeva
M.Adıgözəlov adına Xırdalan şəhər 4 №li tam orta məktəbin direktoru
16-09-2026, 19:09
BEYNƏLXALQ HÜQUQUN TƏNTƏNƏSİ Və REGİONAL SÜLHƏ QARŞI RADİKAL ERMƏNİ REAKSİYASININ TƏHLİLİ

BEYNƏLXALQ HÜQUQUN

TƏNTƏNƏSİ Və REGİONAL

SÜLHƏ QARŞI RADİKAL

ERMƏNİ REAKSİYASININ

TƏHLİLİ


Cənubi Qafqaz regionu Azərbaycanın 2020-ci il Vətən müharibəsində qazandığı tarixi Zəfərdən və suverenliyini tam bərpa etməsindən sonra yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Azad edilmiş ərazilərin beynəlxalq aləmə inteqrasiyası və formalaşmış yeni status-kvonun qəbul edilməsi prosesinin mühüm tərkib hissələrindən biri də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin və hərbi attaşelərin mütəmadi olaraq bu bölgələrə səfərlərinin təşkil edilməsidir. Ölkəmizdə fəaliyyət göstərən xarici səfirliklərin iştirakı ilə baş tutan növbəti genişmiqyaslı Qarabağ və Şərqi Zəngəzur səfəri növbəti dəfə Ermənistanın daxilindəki müəyyən radikal və revanşist dairələrdə dərin siyasi böhran və isterikaya səbəb olmuşdur. Bu reaksiya regionda gedən normallaşma prosesinə zərbə vurmaqla yanaşı, həm də beynəlxalq hüququn təməl prinsiplərinə qarşı açıq bir çağırışdır.

Hüquqi Müstəvi: Müstəqil Dövlətin Suveren Hüququ və Beynəlxalq Legitimlik
Erməni radikal qüvvələrinin, eləcə də erməni kilsəsi və diasporunun xarici diplomatları Qarabağa səfər etdikləri üçün hədəf alması ilk növbədə hüquqi savadsızlığın və reallıq hissinin itirilməsinin göstəricisidir. BMT prinsiplərinə və beynəlxalq hüquqa əsasən, Qarabağ və Şərqi Zəngəzur Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış suveren ərazisidir.
Rəsmi Bakının öz suveren torpaqlarında diplomatik heyət üçün hərəkət marşrutu təyin etməsi, bərpa layihələrini nümayiş etdirməsi sırf daxili işidir və hər hansı üçüncü tərəflə müzakirə predmeti ola bilməz. Diplomatların bu səfərlərdə tam heyətlə iştirak etməsi isə dünya birliyinin Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləməsinin və Ermənistanın keçmiş irredentist iddialarının qüvvədən düşdüyünü qəbul etməsinin vizual təsdiqidir.
İdeoloji Böhran: "Urbisid"in İfşası və Tarixi Saxtakarlıq Qorxusu
Radikal erməni dairələrinin aqressiv ritorikasının arxasında dayanan əsas amillərdən biri, Azərbaycanın azad edilmiş ərazilərdə gerçəkləşdirdiyi nəhəng bərpa-quruculuq işlərinin xarici dövlətlərin nümayəndələri tərəfindən yerindəcə müşahidə olunmasıdır. 30 illik işğal dövründə törədilmiş vandalizm, məscidlərin və tarixi abidələrin dağıdılması (urbisid) faktları bu səfərlər vasitəsilə dünya paytaxtlarına hesabat şəklində göndərilir.
Bundan əlavə, diplomatların Qarabağdakı qədim Alban-Udi mədəni irsinə (məsələn, Xudavəng və Gəncəsər monastırları) baş çəkməsi erməni revanşistlərinin onilliklər ərzində formalaşdırdığı tarixi saxtakarlıq mifini darmadağın edir. Bu səbəbdən həm kilsə, həm də radikal media resursları diplomatları guya "Azərbaycanın propaqandasında iştirak etməkdə" ittiham edərək marginal təhdidlər səsləndirirlər.

Regional Sülhə Təhdid: Revanşizm Kimin Dəyirmanına Su Tökür?
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması istiqamətində addımların atıldığı bir vaxtda, İrəvandakı radikal qüvvələrin xarici elçilərə qarşı qarayaxma kampaniyası yürütməsi Ermənistan cəmiyyətinin daxilində sülhə müqavimət göstərən ciddi elementlərin hələ də qaldığını nümayiş etdirir. Qərbi Azərbaycan İcması başda olmaqla, bir çox ictimai institutlar bu cür destruktiv addımları iki ölkə arasında etimad mühitinin zədələnməsinə yönəlmiş birbaşa təxribat kimi qiymətləndirirlər. Sülh gündəliyinə kölgə salmaq cəhdləri Ermənistanı regional logistik və iqtisadi layihələrdən kənarda saxlamaqla yanaşı, onun suveren dövlət kimi gələcək inkişaf perspektivlərini də heçə endirir.
Nəticə
Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyaların Qarabağ və Şərqi Zəngəzura səfərləri sadəcə növbəti protokol tədbiri deyil. Bu, beynəlxalq hüququn təntənəsi, ədalətin bərpası və bölgədə geriyədönməz şəkildə bərqərar olmuş yeni geosiyasi reallığın rəsmən qəbuludur. Ermənistanın radikal və revanşist qüvvələrinin nümayiş etdirdiyi aqressiv və tamamilə qəbuledilməz reaksiya regionda sülh arxitekturasının qurulmasını ləngitsə də, Azərbaycan dövlətinin iradəsi və beynəlxalq hüququn gücü qarşısında iflasa məhkumdur. Cənubi Qafqazın gələcəyi radikal çağırışlarda deyil, suverenliyə hörmət və daxili işlərə müdaxilə edilməməsi prinsiplərinə əsaslanan davamlı sülhdədir.

Almaz Ülvi
Filologiya elmləri doktoru, professor
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!