“Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik. Təbii ki, bütün Azərbaycan xalqı Səudiyyə Ərəbistanının Azərbaycana işğal dövründə göstərdiyi siyasi dəstəkdən xəbərdardır”.
Bu sözləri Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının yanvarın 13-də Gülüstan sarayında təməlqoyma mərasimində çıxışı zamanı deyib.
“Səudiyyə Ərəbistanı o nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmamışdır və bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstəkdir və qardaşlığın əlamətidir. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir”, - deyə dövlət başçısı bildirib.
İlham Əliyevin sözlərinə görə, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında siyasi əlaqələr çox yüksək səviyyədədir:
“Eyni zamanda, iqtisadiyyatın müxtəlif sahələrində fəal əməkdaşlıq edirik. Pandemiyaya qədər Səudiyyə Ərəbistanından gələn turistlərin sayı ildən-ilə artırdı. Ümid edirəm ki, pandemiya başa çatandan sonra biz yenə də Səudiyyə Ərəbistanının vətəndaşlarını, öz qardaşlarımızı Azərbaycanda görəcəyik”.
Azərbaycanda koronavirusun "Omikron" ştamına yoluxan şəxslərin səhhətində ağırlaşma halları müşahidə olunmur.
Bütöv.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında bildirilib. Qeyd olunub ki, hazırda həmin şəxslərin vəziyyəti stabildir, evdə müşahidə altındadırlar: "Həmin ştama yoluxan 12 nəfərin 8-dən götürülən təkrar test nümunələri mənfi nəticələnib və bu barədə məlumat “e-tabib” sistemində yer alıb. Epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır".
Xatırladırıq ki, ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12-sində SARS-CoV-2 21K ("Omikron") variantı aşkarlanıb. Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub. Bu səbəbdən səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır.
Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun mutasiyasından asılı olmayaraq xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur.
Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, qurumun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılan araşdırmalar nəticəsində media nümayəndəsi (baş redaktor) Fikrət Fəraməz oğlu İbişbəylinin Şuşa şəhərinin Xankəndidən atəşə tutulması barədə həqiqətə uyğun olmayan məlumatı özünə məxsus “Jamaz.info” xəbər saytında yerləşdirməsinə görə 12.01.2022-ci il tarixdə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmaqla, toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.
Qeyd edilib ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə Fikrət İbişbəyli barəsində 500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilib.
"Azərbaycan Baş Prokurorluğu media subyektləri və sosial şəbəkə istifadəçilərini bir daha öz fəaliyyətlərində qanunvericiliyin tələblərinə riayət etməyə dəvət etməklə bildirir ki, dəqiqləşdirilməmiş, həqiqətə uyğun olmayan, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş informasiyaların qərəzli surətdə yayılmasına görə bundan sonra da tərəfimizdən qəti tədbirlər görüləcək", - Mətbuat Xidmətindən bildirilib.
Azərbaycanda şəhərlərarası avtobusların işi bərpa olunsa da, qatarların hərəkətinə icazə verilməyib.
TİA.Az-ın əldə etdiyi məlumata görə, bu məsələdə “Azərbaycan Dəmir Yolları” QSC-nin maraqlı olmadığı bildirilir. Xəbərlərə görə, qurumun sədri Cavid Qurbanov məsələnin gündəmə gəlməsini və müzakirəsini belə istəmir. Hazırda ölkədaxili sərnişin qatarları fəaliyyət göstərmir. Bu da həm əhalinin işini çətinləşdirir, həm avtobusla daşımalarda yüklənməyə səbəb olur. Halbuki ölkədə karantin rejimi xeyli yumşalıb, toylara icazə verilib, metro işini bərpa edib, avtobuslar bölgələrə və Bakıya gedib-gəlir, böyük ticarət mərkəzləri fəaliyyətdədir, yəni insanların kütləvi olduğu məkanların əksəriyyətində həyat normasına qayıdıb, təkcə sərnişin qatarları çalışmır.
Məlumata görə, C. Qurbanov müəmmalı səbəblərdən bunun əleyhinə çıxır. İddialara görə, sərnişin qatarlarının biletindən əldə edilən gəlir böyük mənfəət gətirmir, rentabelli deyil, amma hazırkı vəziyyətdə pandemiyadan zərər çəkən sahə kimi dövlətdən dotasiya ala bilir və bu da QSC sədrini qane edir. Bildirilir ki, C. Qurbanov bu yolla pandemiya dövründə kifayət qədər vəsaitin maxinasiyası imkanları əldə edib. Bura dəmiryol xətlərinin təmiri, relslərin dəyişdirilməsi, işsiz qalan dəmiryolçuların aldıqları kompensasiya daxildir. Hətta qatarların işinin bərpası gündəmə gələndə qurumun media emissarları bu xəbərlərin tirajlanmasını önləməyə çalışırlar. Çünki davamlı olaraq mətbuatın gündəmində qalması yekunda Nazirlər Kabinetinin əhalinin maraqlarına uyğun qərar verməsi ilə nəticələnə bilər. Ona görə müzakirəsinin qarşısını almağa cəhd göstərilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Əvvəlcə ümummilli lider Heydər Əliyevin məktəbin ərazisindəki abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla yad edilib.
Sonra hərbi məktəbin klubunda məktəbin zabit və kursantları, həmçinin professor, müəllim heyəti ilə görüş keçirilib.
Tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Müdafiə naziri çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətini şəxsi heyətin diqqətinə çatdırıb. Müharibə zamanı qardaş Türkiyənin mənəvi və siyasi dəstəyinin vacib rol oynadığı xüsusi vurğulanıb.
Yeni tədris ilinin başlanması münasibətilə şəxsi heyəti təbrik edən nazir Vətən müharibəsində hərbi məktəbin yetirmələrinin qəhrəmanlıq və şücaətlərini yüksək qiymətləndirdiyini qeyd edib. Müdafiə naziri Azərbaycan Ordusunda yeni texnologiyalardan istifadə olunmaqla aparılan kadr islahatlarının Ordumuzun daha da güclənməsində mühüm rol oynadığını bildirib.
Ali Hərbi Məktəbdə hərbi mütəxəssislərin hazırlıq proqramının Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin hərbi məktəblərində tətbiq olunan proqramlara uyğunlaşdırılmasının Azərbaycan Ordusunda peşəkar zabit kadrlarının hazırlanması istiqamətində atılan mühüm addımlardan biri olduğu qeyd edilib.
Sonra general-polkovnik Z.Həsənov kursantların qayğıları ilə maraqlanıb, onlara tədrisdə və gələcək xidmətlərində uğurlar arzulayıb.
Sonda müdafiə naziri hərbi təhsil sisteminin daha yüksək səviyyədə təşkili üçün müvafiq tapşırıqlar verib.
“Mən hələ işğal dövründə müsəlman ölkələrə müraciətlə deyəndə ki, ermənilər dəhşətli hadisələr törədir, bütün müsəlmanların müqəddəs ziyarətgahlarını təhqir edirlər, bəlkə də çoxları buna inanmırdı, lakin indi özləri bunu görəndən sonra necə qəbul edəcəklər? Yəni, burada baş verənlərin dərk edilməsində, bizim təkcə tarixi, hüquqi və siyasi baxımdan deyil, həm də xalis insanlıq baxımından haqlı olmağımızı dərk etməkdə daha bir dönüş baş verdi. Biz belə hərəkətlər etməmişik. Hazırda bizim nəzarətimizdə olan kəndlərdə, - mən ermənilərin yaşadıqları kəndləri nəzərdə tuturam, - hər şey salamatdır. Bir il keçib, mən Hadrutda olmuşam, orada bircə binaya da toxunulmayıb. İşğal dövründə orada əsasən ermənilər yaşayırdı. Bu, ümumiyyətlə, Azərbaycan xalqının xarakterinə ziddir”.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində bildirib.
“Heç bir qəbirüstü daşın sındırılmadığını, heç bir kilsənin dağıdılmadığını vurğulayan dövlətimizin başçısı UNESCO ilə bağlı epopeyanı xatırladaraq deyib: “Onlar bizi az qala vandalizmdə təqsirləndirməyə çalışırdılar, düşünürdülər ki, indi biz kilsələri dağıdacağıq. Biz ermənilərin buraya gəlməsi marşrutunu onlarla razılaşdırdıq. Onlar da, onlarla əlaqədə olan bəzi ölkələr də çox təkidlə buraya gəlmək istəyirdilər. Biz işğaldan azad edilmiş ərazilərə xarici diplomatların və əcnəbi jurnalistlərin səfərlərini təşkil edəndə, onlar bu kilsələrin və bu qəbirlərin yerində olduğunu görəndə UNESCO-nun gəlməsi mövzusu gündəlikdən çıxarıldı. Məsələ belədir. Biz bütün illər boyu onları dəvət edirdik. Cavab necə olurdu? Deyirdilər ki, UNESCO siyasi məsələlərlə məşğul olmur. İkinci Qarabağ müharibəsi başa çatan kimi onlar təkidlə buraya gəlməyi xahiş etməyə başladılar. Biz marşrutları razılaşdırdıq və sair. Bu müddətdə baş verənlər məlumdur. Onlar özləri də gördülər ki, biz heç nəyi dağıtmırıq, amma buraya gələndə dağıdılmış məscidləri, dağıdılmış qəbiristanlıqları, tarixi abidələri, dağıdılmış şəhərləri görəcəklər, sadəcə, bunu kimin etdiyini deməyə məcbur olacaqlar. Deməli, bunu etmək istəmirlər. Bütün bu amillər, üstəgəl bizim fəal diplomatik işimiz bu reallıqların dünyada qəbul edilməsinə şərait yaratdı. Hesab edirəm ki, bu, böyük uğurdur”, - deyə dövlət başçısı qeyd edib.
Bütöv.az xəbər verir ki, “Brent” neftinin mart fyuçersləri 1,64% bahalaşaraq, 1 bareli 85,09 ABŞ dollarına satılıb. Qeyd edək ki, “Brent” markalı neftin qiyməti bundan əvvəl 2021-ci il noyabrın 10-da ilk dəfə bir barel üçün 85 dolları keçib.