Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                       
11-02-2022, 07:45
Nuray Nəzərova yazır: "Qəribə şəhərin  qəribə keşikçisi"

Qəribə şəhərin qəribə keşikçisi
1700 il öncə Qəribə şəhərin, qəribə dənizinin ortasında bir qüllə inşa edilir. Bu qəribə şəhərin, qəribə insanları üçün bu qüllə o qədər də maraqlı görünmür. Amma hər necə olursa olsun, yaradılan hər şeyin bir yaşam hekayəsi var.
Qəribə şəhərin qəribə insanları bu maraqsız qülləyə “Keşikçi” adını verir. Çünki, bu Keşikçi, dənizin azğın sularında itmiş insanların ümid xəbərçisi idi. Keşikçi tikintisi bitdiyi ilk gündən gəmilərə öz işığı ilə yol göstərməyə başladı. Qəribə şəhər isə öz Keşikçisinin qayğısına qalır, tarix ilk illərdə onu əzizləyir, sərt və amansız üzünü ona göstərmirdi.
Tikildiyi vaxtdan 100 il sonra Qəribə şəhərin amansız hökmdarı Keşikçini, əsirlər üçün zindana çevirir. Hökmdarın bütün qələbələrində Keşikçi qalibiyyətin çirkin üzü ilə tanış olur. Əsir götürülən qızlar, gəlinlər namusları ləkələnməsin deyə özlərini Keşikçinin qəlbindən Qəribə dənizin azğın sularına qərq edirlər. Möhtəşəm qələbələrin çirkinliyini görən Keşikçi tarixin qəddar üzü ilə ilk dəfə belə tanış oldu.
Keşikçi son qonağını qoynuna aldığında artıq 200 yaşı tamam olmuşdu. Hələ də əsirlərin saxlandığı qüllə idi. Bu vəziyyət Keşikçinin ürəyincə olmasa da bildiyi bir həqiqət vardı. Yaşadığı 200 il ərzində divarlarında taleyi ilə vidalaşan insanların hekayələrini saxlayırdı. Bu hekayələrədə, “xoşbəxt günlərin xəbərçisi” olan Keşikçi “bədbəxtliyin ilk pilləsi” idi.
Dünya qalır, tarix öz çarxı ilə fərqli insanlar gətirir, yaşadır və yenidən öldürür. Yaşadığı zamanın 250 -ci ilində Keşikçini bir başqa hökmdar “yanğın qülləsi”nə çevirir. Keşikçi şəhərin elə bir yerində inşa olmuşdur ki, burdan rahatlıqla yanğın olan hər yeri görmək mümkün idi. Amma bu dəfə Keşikçini başqa bir talesiz hadisə gözləyirdi. Özü yanğın xəbərçisi ikən, iki dəfə yanır. Ayağından başına qədər. Bu hadisədən sonra Qəribə şəhərin, qəribə sakinləri Keşişçinin çöküb yox olacağını gözləyir. Lakin hər bir kərpicinin od tutub yanmasına rəğmən Keşikçi tarixə əlvida demir, ömrünün ən böyük üçüncü hökmdarını görür. O, Keşikçini təmir etdirir və qülləsi Allaha yaxın olduğundan onu Rəsədxanaya çevirir.
Üç yüz yaşlı Keşikçi xoşbəxt idi. Onun vasitəsilə, ulduzlar, planetlər kəşf edilir, səma Keşikçiyə daha yaxın olurdu. Günlər, aylar keçir. Gəl zaman, get zaman, ömrünün altı yüzüncü ilində iki böyük yanğın görən Keşikçi bu dəfə zəlzələ ilə tanış olur. 5 yerdən möhkəm zədə alır. Qəribə şəhər zəlzələdən yerlə yeksan olur. Hər yer çökmüş, insanlar kərpiclərin altında əzilmişdi. Qəribə şəhərin qəribə Keşikçisi bu dəfə də öz möhkəmliyini qoruyur. Lakin qəribə şəhərin sakinləri onun qəfildən çökəcəyini gözləyirdi. O, çılğın dənizin azğın sularına gömülmədi.
Sevimli hökmdarı Keşikçini bu vəziyyətdən qurtarır. Onu təmir etdirir. Keşikçi yaşının səkkiz yüzüncü ilində hələ də rəsədxana idi. Qülləsindən beş böyük yara almasına rəğmən, göyləri, dənizləri, ulduzları fəth edirdi. Gəl zaman, get zaman, Qəribə şəhərin, qəribə dənizində misli görünməmiş fırtına qopur. Sanki dəniz ulduzlara yaxın olduğu üçün Keşikçiyə paxıllıq edirdi. Və bu paxıllığı fırtınası ilə Keşikçinin üzünə vururdu. Ən böyük yaranı bu dəfə dənizdən alır Keşikçi. Fırtına qülləsini dağıdır. Keşikçi bununla vəzifəsini icra edə bilmir. Nə düşünəcəyini, nə edəcəyini bilmir. Fikirləşir ki, yəqin dəniz öz hirsini ondan belə çıxarır.
Bir neçə əsr beləcə viranə qalır Keşikçi. Qəribə şəhərin özü qədər qəribə sakinləri Keşiçini hər gördüklərində “sağ qalmayacaq, dağılıb gedəcək” deyirdi. Bu dəfə Allah Keşikçi ilə ədavətinə son verir. Ona qülləsini bərpa edəcək kral göndərir. Ömrünün min iki yüzüncü ilində Keşikçinin qülləsi bərpa edilir. Amma bu dəfə dənizlərin yol göstərəni, səmaların ənginliklərini kəşf edən deyil, Qəribə şəhərin qoruyucusuna çevrilir. Bu vəzifə keşişçinin tam da adına uyğundu. O, yenə dənizi seyr edir, düşmən gəmilərinin şəhərə gəlib- gəlmədiyini xəbər verirdi.
Kral Keşikçini göz bəbəyi kimi qoruyurdu. Aldığı yaraları bərpa edir, əzizləyir, hər zaman ona qonaq gəlirdi. Keşikçi həyatının min iki yüzüncü ilini olduqca xoşbəxt yaşayırdı. Təəssüf ki, Keşikçinin xoşbəxtliyi çox sürmür. Ömrünün min üç yüzüncü ilində Keşikçi yüzilliklərin ən böyük beç müharibəsi ilə qarşı-qarşıya qalır. Üç yüzillikdə on beş müharibə və yüzdən artıq top yarası. Keşikçi sağdı, ayaqdaydı, çökməmişdi. Sakinlərin çökəcək deyib, yaxın durmadığı Keşikçi yüzdən artıq top yarası ilə sağlamdı.
Qəribə şəhər öz məğrur Keşikçisinə heyran idi. Gec də olsa, ona aşiq olmuşdu. Bu dəfə Qəribə şəhər dua edirdi keşişçisi üçün. Yaşadığı min yeddi yüz il ərzində Keşikçi tarixin müharibəsinə, zəlzələsinə, topuna, tufənginə, dənizinin fırtınasına rəğmən qalib gəlmişdi. Bəs indi, indi nə edir bizim Keşikçi?
Keşikçi indi insanların sevgi dolu anlarını bölüşdüyü çay baxçasıdır. İnsanlar onun qülləsinə qalxır, isti çayını, qəhvəsini yudumlaya-yudumlaya Qəribə şəhərin, qəribə dənizini seyr edir.
Nuray Nəzərova


11-02-2022, 07:39
Şairin bir adı da Vətəndir...

Qarabağlı şairlər silsiləsindən - Əjdər Yunus Rza – 70


Ruhumuz o dağlardadır, əziz müəllim; sənin də, mənim də...
Şairin bir adı, bir ünvanı da Vətəndir. Bu adı, bu ünvanı ən çox doğruldan şairlərimizdən biri də ömrünün yeddinci onilliyini yaşayan Əjdər Yunus Rzadır. Onun bütün şeirləri, misraları Vətən duyğuları ilə süslənib. Elə bir şeiri, elə bir misrası olmaz ki, ordan Vətən, yurd qoxusu gəlməsin. Bir çox kitablarını bu ərəfədə bir də yenidən oxudum, vərəqlədim. Vətənin sevincindən, qəmindən ayrı bir şeirinə, bir sözünə də rast gəlmədim. Əksinə, onun duyğu ləçəkləri, poetik tabloya çevirdiyi ədəbi düşüncələri yurddan, Vətəndən başlayır, doğma torpaqdan, doğma eldən rişələnib poetik məkanda özünə əbədi binə qurur, ev tikir.
Doğulduğu Cəbrayıl rayonu - dağlar qoynunda yerləşən Xələfli kəndi nə az-nə çox, az qala bir qərinəni haqlayacaq qədər yağı tapdağında qaldı. Şair bu illər ərzində hicranın, ayrılığın göz yaşlarını neçə kitaba, neçə şeirə, neçə poemaya, neçə qəzələ, neçə-neçə deyilməmiş ağıya, bayatıya çevirdi.
Yurdsuzluq da bir dərd oldu dağladı,
Köçdən salıb karvanımı saxladı.
Yaman yerdə zaman məni haqladı,
Yorğun bəxtim bezdi, bezdi, qocaldım.

Əjdər Yunus Rza bizim Xələfli oymağından çıxmış ilk polkovnik-şair, tarix üzrə fəlsəfə doktorudur. Gənclik illərindən üzübəri müxtəlif ali məktəblərdə çalışıb. O cümlədən, Azərbaycan Polis Akademiyasında da bir ziyalı kimi çox ləyaqətli izlər qoyub. Azərbaycanın hansı bölgəsinə getsən, onun hüquq-mühafizə orqanlarında çalışan tələbələrilə rastlaşarsan. Onlar hamısı Əjdər müəllimi gözəl, humanist duyğularla zəngin bir insan kimi xatırlayır, onun səmimi, təmənnasız bir xarakter olduğundan ürəklə danışır.
Bir vaxtlar Azərbaycan Dövlət Pedaqoji Universitetində mənim də müəllimim olub. Yadımdadır ki, Azərbaycan tarixinin ağrılı səhifələrini bizə can yanğısıyla keçərdi. Ömrünün cavan, enerjili, qaynar çağları idi onda. Ucaboyuna, şux qamətinə, geniş alnına, tarixin dərin qatlarından şığıyıb gələn azad ruhuna, vüqarlı baxışlarına şairanəlik qarışanda dərsimiz daha da maraqlı keçirdi. Əjdər müəllimin tarix dərsi olan gün tələbələrin heç birinə qaib düşməzdi. Çünki kimsə onun dərsindən qalmazdı. İmtahanından da hər kəs yaxşı qiymət alardı.
Hələ sovet dönəmində - Azərbaycan tarixinin saxtalaşdırıldığı, basqılara məruz qaldığı bir dövrdə Əjdər müəllim tariximizin qürur dolu səhifələrilə qəlbimizdə bir od qalayır, bizi Xətai şeirinin sönməyən işığına bələyir, Babək sevgisilə söylədiyi epizodlarda Xilafətin azadlıq eşqini susdura, iradəsini qıra bilmədiyi Babək qılıncının parıltısında düşüncəmizə Vətən sevgisi səpərdi.. Əslində, onun şair duyğuları ilə elə o vaxtdan tanışam. Qaçqın-köçkün düşdüyümüz illərdən isə yaddaşıma neçə ağrılı misrası hopub.
Yurdsuzluq nə yaman ağır dərd imiş,
Adamı alovsuz, odsuz odlayır,
Hardasa bir qərib ölən zamanı,
Yurdunda bir qəbir torpaq çatlayır.

Əjdər müəllimin şeirləri mövzusuna görə rəngarəng, çoxçalarlı ola bilər. Təbii ki o da başqa şairlər kimi dünya, həyat, zaman, ayrılıq, vüsal, mərdlik, qəhrəmanlıq, ölüm, sevgi, məhəbbət kimi əbədi mövzulara həsr etdiyi şeirləri ilə tanınır. Ancaq bu şeirlərin hər birinin nüvəsində mənəvi ağrıların əsas səbəbi şairin bölünmüş Vətəni, talan edilmiş yurdunun xarabalıqları, bu xarabalıqların göz dağına çevrilməsidir. Şairin qəlbinə heç bir ağrıyla, heç bir azarla müqaisəyə gəlməyən bir Vətən dağı, bir Vətən nisgili hakimdir. Bəlkə də bu üzdən şeirlərinin varlığına hopmuş bir küskünlük çaları da diqqətdən yayınmır. “Tövbə bu dünyaya bir də gəlmərəm” şeirində olduğu kimi.
Qoşulub aylara ilə gedərəm,
Qarışıb yağışa selə gedərəm,
Başımı götürüb elə gedərəm,
Tövbə bu dünyaya bir də gəlmərəm.

Poeziya həmişə qiyamdır. Əgər qiyamsız bir şeir doğulubsa, demək şairin özünün ruhunda bir ölgünlük dolaşır. Əjdər müəllimin bütün şeirlərində üsyankarlıq notları var. Zəmanəyə, dünyaya, həyatın haqsız üzünə, sözün yaltaq, yalaq donda təcəssümünə etiraz var. Dünya haqqında şeirləri çoxdur. Onun dünya və zaman haqqında şeirlərinin çoxluğuna səbəb olan da elə bu etirazlardır. Bu şerilərdə də şairin dünyayla danışması, dərdləşməsi onun müəyyən daxili etirazlarının poetik formasını müəyyənləşdirib.
Bilməzdim bu qədər aldadır bizi,
Qatıb-qarışdıran pər imiş dünya.
Görəndə bal daddı, sevindim düzü,
Dadanda bildim ki, zəhərmiş dünya.

Ancaq nə qədər zəhər dadsa da, dünyanın, həyatın cazibədar tərəfləri də az deyil... Və bu cazibədərlıq insanı həyata, yaşama səsləyən arzular, istəklər fonunda şairin digər şeirlərinə bir əlvanlıq, bir gözəllik gətirib. Ətirli dağların qoynundan ayrı düşməyini ən böyük əzab, ən böyük təəssüf hissi kimi misralarının boyuna biçib şair.
Səndən ilham aldı könlüm,
“Qoca qartal” çaldı könlüm.
Gəldim, Əjdər, qaldı könlüm.
Dağlar qoynunda, qoynunda.

Şeirlərinin möhürbənd yerində öz isminə, öz adına xitab etməsi o qədər poetik, o qədər sənətə, poeziyaya, mənim özümə də o qədər doğma səslənir ki, istəyirəm elə mən də ona Əjdər deyəm. Onda ruhumuzun doğmalığına səmimiyyətlə söykənə bilirəm. Əjdər ruhu dağlarda qalmış bir şairimizdir. Və sanki hər zaman öz ruhuna qovuşmaq, ona sarılmaq üçün yazır. Ayrılığın buz yollarında qələmini ürəyinin qanına batırıb isidir, əridir bu buz yolları.
Əjdərin Cənub həsrətilə yazdığı şeirlər ayrıca bir silsilədir. Sanki qoca Araz təkcə Vətənimizi deyil, şairin qəlbini də iki yerə bölüb; yarı o tayda, yarı bu tayda döyünən ürək... Təbriz həsrətli misralar müəllifin paralanmış ürəyinin göynərtisi, hicrandan sozalmış dodağında puçurlanmış qübar yeridir.
Doluxsunmuş gözü yolda qalan mən,
Sal qoynuna, könlümü al, Təbrizim.
Xəzan vurmiş çiçək kimi solan mən,
Ürəyimdə yara xal-xal, Təbrizim.

Yaxud başqa bir bəndində o tay həsrəti, Təbriz, Ərdəbil, Savalan ağrısı dil açıb danışır.
Acı-şirin xəyallara dalmışam,
Hər gələndən səni xəbər almışam,
Mən mehrimi ayrılığa salmışam.
Qismət ola bari vüsal, Təbrizim.

Əjdərin bütövlük məramı ilə çırpınan misraları, vətəndaş duyğusuyla yazdığı bütün poeziya nümunələri bizi bütövlüyə, birliyə, haqqımız uğrunda bir an belə səngiməyən döyüşə səsləyir. Necə ki 44 günlük Vətən müharibəsində şairin də ədəbi döyüşə çıxardığı əsgəri - şeirləri vardı. Bu şeirlər Vətən müharibəsində canıyla, qanıyla döyüşən hər bir Vətən oğlunun, hər bir Vətən qızının yağıya təslim olmayan ruhuna dönmüşdür. Şair xalqı, milləti qəti bir inamla qələbəyə çağırır, zəfərə hayqırırdı və bu qələbə gerçəkdən də yaxında idi. Şair öz duyğusunda, öz fəhmində yanılmamışdı. Qəhrəman əsgərlərimiz qısa bir müddətdə dağların zirvəsindəki tarixi diyarımızı, qala şəhərimizi – Şuşamızı düşməndən alıb bağrına basacaqdır.
Elə et ki, qılıncını pas qınında çürütməsin,
Koroğludan gələn qeyrət ayaq altda qoy itməsin;
Tək Qarabağ savaşıyla savaşımız qoy bitməsin.
İrəvanı, Zəngəzuru, Göyçəni də almalıyıq,
Ya bir yolluq ölməliyik, ya da zəfər çalmalıyıq!

Ordumuzun Qarabağdakı zəfərindən sonra savaşın hələ bitmədiyini də anladan şair haqlıdır. Qarabağın uca dağlarından, başı göylərə yetən zirvələrindən dərdli Savalan dağı da görünmədə. Arazın göz yaşı çilənmiş suları, bir xalqı iki yerə bölərək arasına tikanlı məftillər əkən rus, fars cəlladları, Xudafərin körpüləri – “Memarın xar olmuş əməlləri”.. şairin Araz nisgilinin göynəyən yaddaşıdır.
Qaytarın Arazı, döndərin geri,
Vətəni ikiyə bölə bilməsin.
Ağrıyır sinəsi yüz ildən bəri,
Nədən bu torpağın üzü gülməsin.

Əjdər Yunus Rza təkcə Qarabağın deyil, bütöv Vətənin mənəvi yaddaşıdır. Ədəbiyyatımızı zənginləşdirən, poetik üfüqlərimizin miqyasını genişləndirən neçə-neçə kitabın müəllifidir O. “Taleyimin qisməti”, “Haray dağlar”, “Bir ovuc torpaq”, “Gordu baba, yadındamı?”, “Darıxmasın”, “Zamanın girovuyam”, “Tövbə bu dünyaya bir də gəlmərəm” adlı kitabları onun ədəbiyyatımızdakı, poeziya sənətimizdəki yerini bəlli edir. Ayrı-ayrı poemaları isə şairin vətəndaşlıq mövqeyinin çox aydın göstəricisi hesab oluna bilər. “Haray”, “Gordu baba, yadındamı?”, “Atatürk, “Xocalı dərdi”, “Heydərbabayla üz-üzə”, “Azadlıq carçısı” adlı poemaları mövzu və mahiyyət anlamına görə Vətən tariximizin qüssə dolu poetik salnaməsidir.
Söz vaxtına çəkər, Fevral ayı Xocalı faciəsinin törədildiyi aydır. Şairin “Xocalı dərdi” poeması bu günlərdə yaramızın qaysağını bir daha qoparır. Bizi erməni vandallarının başımıza gətirdiyi faciəylə üz-üzə qoyur. Poemada Xocalı uğrunda döyüşdə şəhid olmuş Azərbaycanın milli qəhrəmanı Əlif Hacıyevin də əziz xatirəsi əbədiləşdirilir.
İstədim qayıdıb o faciənin,
Ağrısın, acısın təzədən çəkəm,
Bu Vətən uğurnda candan keçənin,
Dayanıb önündə bir an diz çökəm...

Poemadan sətirlərdən də göründüyü kimi Xocalı qətliamında mərdliklə həlak olmuş Əlif Hacıyevin şəxsində bütün şəhidlərimizə hörmət və ehtiram ifadə olunur. “Xocalı dərdi” poeması həm də “ruhu ölməyən xalqa zaval yoxdur” gerçəkliyi üzərində qurulub. Bir gün Xocalıda Azərbaycan bayrağının dalğalanması inamı ilə yazılıb.
...Dostlar, gələcəyə inanıram mən,
Qisas qiyamətə qalmayacaqdır.
Bu gün Xocalını ağlayan Vətən,
Sabah Xocalısız olmayacaqdır.

Qarabağı qarış-qarış, dağ-dağ, dərə-dərə, bulaq-bulaq, çəmən-çəmən şeirinə gətirən Əjdər Yunusun təbiət şeirləri də çoxdur. Onlardan biri də zamanında əsir yurdun əsir bənövşəsinə yazılıb. Ümumiyyətlə, Azərbaycan poeziyasında təbiətin bu nazlı gözəlinə, taleyindən küsəninə - Qurbanidən üzü bəri əksər şairlərimiz şeir həsr edib. Bu şeirlərin hər birinin özünəməxsus gözəlliyi var. Hər bir şair öz ruhunun əlvanlığından naxışlar əlavə edib ”Bənövşə”sinə. Əjdərin də öz “Bənövşə”si var. Şair açan bənövşənin qəflətən üzərini alacaq bir qış sazağından ehtiyatlanır sanki. “Niyə açdın, ay bənövşə” deyir.
Niyə açdın, ay bənövşə,
Dərənin ki, yoxdu sənin?
Doluxsunmuş gözlərini,
Görənin ki, yoxdu sənin.
...Gözləməkdən yorulursan,
Gələnin ki, yoxdu sənin.

Heç şübhəsiz ki, torpaqlarımızın azadlığa qovuşduğu anda şair bir bənövşə şeiri də yazsaydı, inanırıq ki tamam başqa cür yazardı. Çünki indi Qarabağın azadlığına qovuşmuş dağlarında yazbaşı kolların dibindən təbəssümlə boylanan bənövşələrin nə qədər gələni, nə qədər dərəni olacaq. Bənövşə demişkən, yaz demişkən, baharın ilk müjdə əsintilərini gətirən bu fevral ayı ruhumuza bir yaz ovqatı da qatır. Elə bu ovqatla şairin “Ay bahar” şeirini oxuyuram. Doğrudur, şeirdə yurda bizsiz gələn bahardan söhbət gedir, ancaq poeziyanın da elə sirli, sehrli düyünləri var ki, oxuyanda elə sanırsan bu şeir yurda bizlə gələn baharın şeiridir. İlk misralar yurda qovuşan qəlbin təzahürü kimi oxunur.
Zirvələrdə qar od tutub alışır,
Sular selə, sellər suya qarışır.
Bənövşələr nərgizlərlə yarışır.
Sən gələndə yurdumuza, ay bahar.

Dedim axı... Əjdər Yunusun bütün şeirlərindən yurd boylanır. Elat, tərəkəmə həyatının - bu əbədi karvanın, bu əbədi köçün səsi, harayı gəlir... Açığı, mətn boyu Əjdərin şeirlərindəki ağrıdan qaçmağa çalışdım. Amma hər dəfə də bu cəhdim boşa çıxdı. Çünki yönümü hansı misrasına, hansı bəndinə üz tutdumsa, ağrıya rast gəldim. Bayatılarında bu ağrının rəngi görünəcək, səsi eşidiləcək tondadır.
Əzizinəm yurd yarası,
Sağalmaz yurd yarası.
Bilərdimmi bu qədər,
Ağrıyar yurd yarası.
Əjdər Yunusun şeirlərində poetik mən, poetik ruh dipdiridir. Onun şeirləri yaddaşımızın ən dərin guşələrində uyumuş hissləri belə oyatmağa tələsir, təlaşlanır. Şeirləri hisslərin qiyamı ilə dolu, poeziyası həyəcanlı, titrək, milli heysiyyətlə yoğrulmuş bir poeziyadır. Vətən uğrunda savaşan poeziyanın qalib arzularla doğulan bir çox örnəklərini də yaradıb şair.
Bir türk zabitinin 44 günlük savaşımızla bağlı təəssüratı yadıma düşür. Zabit danışır, həm də içdən gələn səslə, təpərlə, qeyrət damarıyla danışır:
“Bir yabancı qəzetəçi Karabağ müharibəsində azərbaycanlı əsgərdən soruşur. Sizin kaç ölünüz var? Əsgər deyir, bizim ölümüz yok ki. O zaman qəzetəci deyir: Axı karşı tərəfin yüzlərlə ölüsü var, sizin nasıl ölünüz olmaya bilir. Əsgər deyir, bizim şəhidimiz var, bizim qəhrəmanımız, bizim qazilərimiz var, bizim ölümüz olmadı”.
Əjdər Yunusun şeirləri müharbə meydanında təslim olmayan, ölüm-dirim savaşında ölüsü olmayan, yalnız qazisi, qəhrəmanı, şəhidi olan xalqın, millətin poeziyasıdır. Əjdər haqqında, onun bədii yaradıcılığının ideyası, mahiyyət və məzmununa dair danışanda rəhmətlik qəzəlxan Hacı Mailin bir beytini xatırlamasam olmur.
“Hər kəs soruşsa gər mənim ünvanımı sizdən, ol şəxsə deyin:- Mailin ünvanı Vətəndir”...
...Əjdər ünvanı Vətən olan şairlərimizdəndir. O, bu başıbəlalı Vətəni yalnız ədəbi düşüncələri ilə deyil, bütün varlığı, ləyaqəti, canı, qanı, ruhuyla təmsil edir. Nə yaxşı ki, 30 ildir həsrətilə alışıb-yandığımız yurdlarımızın azadlığını görmək, ömrün dağların bəyaz zirvəsinə doğru dırmanan yollarında ona qismət oldu... Yadımdadır, Cəbrayıl azad olunanda ilk müjdənin təssüratlarını da ondan almışdım...
... İnanıram ki, bu yaz Ziyarət dağlarının görüşünə gedəcəyik. Ruhumuz o dağlardadır, əziz müəllim; sənin də, mənim də...

Fariz Çobanoğlu
11-02-2022, 07:25
NƏCİB İNSAN

NƏCİB İNSAN
Ta uşaq vaxtlarımızdan eşitdiyimiz alın yazısı deyilən bir yazı var. Hardan başlayar, harda bitər kimsə bilməz. Amma hər kəs yaşadığı həyatda, keçdiyi ömür yolunda yaxşımı, pismi özünəməxsus bir iz qoyub gedir. Mən yazı-pozu adamı deyiləm. Amma elə bir əzizimi itirmişəm ki, istəyirəm onu hamı tanısın, onun necə bir insan, necə qohum, necə simsar olduğunu hər kəs bilsin.
Haqqında söz açmaq istədiyim şəxs Azərbaycanın Zəngəzur mahalının Qafan rayonunun Gığı kəndində dünyaya gələn Zahid Vəliyəddin oğlu Quliyevdir. Zahid ilk təhsilini doğulduğu Gığı kənd orta məktəbində alıb. 1975-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Politexnik Texnikumuna qəbul olunub. Texnikumun Avtonəqliyyat fakültəsini bitirsə də diplomundan heç zaman istifadə eləməyib. Düzünü deyim ki, o vəzifə, karyera dalınca qaçan deyildi. Sadə bir sürücü həyatını heç nəyə dəyişmədi. 1980-ci ildə Gülbəsdi xanımla ailə həyatı qurub. Gülnar, Vüsalə və Zaur adında üç övladları var. Demək olar ki, 40 ilə yaxın Zahidin bütün ömrü, həyatı mənim gözlərim önündə olub. Ağır günlərinin də, xoş günlərinin də şahidi olmuşam.
1983-cü ildə Pedaqoji İnstituta daxil olanda Bakıda qalacaq yerim yox idi. Zahid bir dayım oğlu kimi məni evində saxladı, himayədarlıq elədi, mənə arxa-dayaq oldu, oxutdu. Onun yaratdığı mühitin, göstərdiyi qayğının sayəsində heç bir çətinlik çəkmədim. Başqa qayğım qalmadığı üçün bütün fikrimi təhsilə verdim, nəticədə institutu fərqlənmə diplomu ilə bitirdim. Tələbə olduğum 1983-87-ci illərdə o, hətta mənim müəyyən çətinliyi olan tələbə yoldaşlarıma da əl tutar, köməklik edərdi. Onun nə qədər mərd, xeyirxah adam olduğunu evində qalıb təhsil alan, işləyən gənclər yaxşı xatırlayırlar.
Bəlkə kənardan baxanda elə görünmür, amma onunla ünsiyyətdə olanlar, yol yoldaşı, iş yoldaşı olanlar yaxşı bilirlər ki, xalqımıza məxsus xeyirxahlıq, qonaqpərvərlik, humanistlik, səxavət, başqasının halına yanmaq kimi yüksək insani keyfiyyətlərin hamısı Zahiddə cəmlənmişdi. Belə saf, sağlam əqidəyə, yüksək mənəvi dəyərlərə yiyələnmiş birinin bizi bu qədər tez tərk etməsi məni çox yandırır. Düzdür, yoldaşım Fəxrəddin ondan daha cavan rəhmətə gedib. Qəribədir ki, Fəxrəddin də, atası Vəliyəddin dayım da 54 yaşlarında haqqa qovuşublar. Hər ikisi də avqust ayında. Amma Zahidin mənim həyatımda yeri bir ayrıdır. Mənə qayından çox qardaş olub. Bəkə qardaşdan da ötə olub. Elə qardaşım Əliağanı da qanadının altına çəkib. Evində saxlayıb, oxudub. Mənim ağsaqqalım olub, toyumu eləyib. Ev-eşik, oğul-uşaq sahibi olmuşam. Uşaqlarıma çox mehriban əmi olub. Mənim iki uşağımı öz uşaqlarından heç ayırmayıb. Bəlkə də oğluma atalarının adını qoyduqları üçün Vəliyəddini daha çox əzizləyib.
İndiki dövrə nə var ki?! Hamı Bakıda ev eşik sahibi olub. Sovet hökumətinin vaxtında Bakıda heç qeydiyyata düşmək olmurdu. Belə bir vaxtda Zahid Bakıda çoxlarına ümidgah, gedəcək yeri, güvənc yeri oldu. Mən tanıdıqlarımdan sinif yoldaşı, Gığılı Şahlar Azərbaycan Dövlət Tibb İnstitutunu qutarınca- 6 il Zahidin evində qalıb. Əmisi oğlu Şahin Quliyev, Valeh Səfərov və adını çəkmədiyim neçələri tələbəlik illərini onun evində, süfrəsinin başında keçiriblər. Bir dəfə də olsun nə ailəsinin, nə özünün sifət turşutduğunu görən olmayıb. Üç övladının üçünü də özü kimi saf, mehriban, qohumcanlı öyrəib.
Dünyanın düz vaxtında, əli isti olanda heç kəsə fərq qoymadan, istəyənə bacardığı qədər köməkliyini göstərirdi. Amma son vaxtlar çox xəstə olurdu, heç özünə fikir vermirdi. Müalicəsini vaxtlı vaxtında almırdı. O xəstə canı ilə də rahatlıq tapmırdı. Evinin yaxınlığındakı zibilliyi təmizləyib yerində müxtəlif gül kollları, dekorativ ağaclar əkərək zibilxananı gülüstana çevirmişdi. Yoldan keçənlər də ruhunu rahatlatmaq üçün o balaca guşədə ayaq saxlayır, güllərin ətrindən ciyərlərinə çəkirdilər. Bir dəfə də uşaqlıq dostu Tamxil Ziyəddinoğlu Zahidin balaca “Gülüstan”ına baş çəkmişdi. Elə Zahidlə bağlı xatirələrini də orda danışmışdı:

Zahidin 45 ildən sonra sinif yoldaşları ilə görüşü
Soldan Zahid, İradə, Fatma, Sara, Tacirə Xürrəm, ikinci cərgədə Şikarı, Tofik, Tamxil, Ələmşah, Ramiz, Rza və Əlsahib
“Gığı kəndi demək olar ki, o ətrafdakı 18 türk kəndinin mərkəzi idi. Qonşu kəndlərin uşaqları 9-10-cu sinifləri Gığı kənd orta məktəbində oxuyurdular. Gığılı oğlanların bir xasiyyəti də vardı. İlk dərs günlərində qonşu kəndlərdən gələn oğlanları “dişlərinə vurardılar”. Qorxanı alapapaq edər, qorxmayanla dostlaşardılar. Məni sınamaq da Zahid, Tariyel və Səhyəddinin bəxtinə düşmüşdü. Təfsilatın deməyim, amma üçü də mənimlə dostlaşmışdı. Əslində Zahidlə bizim dədə-baba dostluğumuz da varmış. Hər ikimizin ata-babamız repressiya qurbanı olub. Amma bütün bunları öz dostluğumuz möhkəmlənəndən sonra öyrənmişik.
Bizim Kurud kəndi Gığıdan çox uzaq olduğu üçün qışda gedib-gəlmək olmurdu. Yataqxanada qalıb yalnız bazar günlərini evdə keçirərdik. 10-cu sinifdə oxuyurdum. Qış günü idi. Həftə sonu olduğundan çörəyim qalmamışdı. Kəndin mərkəzindəki ərzaq dükanına gedib çörək istədim. Dükanda da çörək qalmamışdı. Yataqxanaya əli boş qayıtdım. Gecənin bir vaxtı pəncərəmiz döyüldü. Hamı bir nəfər kimi pəncərəyə baxdı, kimsə görünmürdü. Peçin qırağından bir odun götürüb bayıra çıxdım. Odunu pəncərənin qabağında çöməlmiş qaraltıya endirmək istəyəndə qışqırdı: “Əmioğlu, mənəm vurma!” Baxdım ki, Zahiddir.
Sən demə mənim mağazada çörək tapmamağımı eşidib, evə gedib. Bir beçə kəsib, anası Qəmər xala kartofla beçəni qızardıb, üstünə də bir büküm təndir çörəyi qoyub, mənə göndərib. Qardaşım gətirməyinə gətirib, amma orda da zarafatından qalmayıb. Yoxlayırmış ki, görə Kirs- Kurud uşaqlarından kim qorxur, kim qorxmur. Zahidin şıltaq təbiətini, nadinc gəncliyini, deyib gülən xasiyyətini görənlər onun nə qədər həssas bir qəlbə, nə qədər humanist heysiyyətə, nə qədər incə duyğulara sahib olduğunu çətin bilərlər. Amma o elə bir ürək sahibi idi ki, onu dərk eləmək, onunla dost, sirdaş olmaq üçün gərək ürəyinə yol tapardın. Onu da hər adam bacarmazdı.”
Təəsüf olsun ki, 2022-ci il yanvarın 4-də bu gözəl insanı itirdik. Az qalır qırx gün ola, hələ də Zahidin ölümünü qəbul edə bilmirəm. Ha çalışıram onunla bağlı xatirələrimi qeyd eləyəm, amma heç özümü toparlaya bilmirəm. Uşaqlarımı, özümü o qədər çox istəyirdi ki, onun varlığında heç nədən qayğılanmırdım. Bilirdim ki, arxam-dayağım var, ehtibarlı sökənəcəyim var.
Son vaxtlar vətən, yurd həsrəti onu için-için yeyirdi, yandırıb yaxırdı. Elə bircə Zəngəzur dağlarına çatmaq, atası Vəliyəddin dayımın məzarını ziyarət etmək istəyirdi. Bu müqəddəs arzusu arzu olaraq qaldı. Xoş niyyətli arzuları da özü kimi haqqa qovuşdu. İnanıram ki, Zahid onu tanıyanların xatirəsində daim xoş əməl sahibi və xeyirxah insan kimi qalacaq!

Zahid şəhidlərimiz üçün yaratdığı guşədə
Ölüm sevinməsin qoy !
Ömrünü vermir bada,
El qədrini canından daha əziz bilənlər
Şirin bir xatirətək qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək ölənlər... !

Həcər Mircəfərova
9-02-2022, 15:59
Daha bir həmkarımızı itirdik


Daha bir həmkarımızı itirdik

Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin peşəkar əməkdaşlarından biri - Ələkbərov Habil Əlibala oğlu bu gün vəfat edib.
H.Ələkbərov 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 10 il dövri mətbuatda çalışıb. 1989-cu ildən ömrünün sonuna qədər taleyini, peşəkar fəaliyyətini Azərbaycan radiosuna bağlayıb. Əvvəlcə Respublika Radiosunun siyasi şərhçi, daha sonra İctimai-siyasi proqramlar redaksiyasında fəaliyyətini davam etdirib. Uzun müddət işləyib və bu sahədə böyük xidmətləri olub. İşgüzarlığı sayəsində kollektivin dərin hörmətini qazanıb. 2009-cu ildən Beynəlxalq Radioda proqram direktorunun müavini vəzifəsinə təyin olunub, bir çox verilişlərin hazırlanmasında fəal iştirak edib. Uzun illər Cənubi Azərbaycana verilişlər redaksiyasına rəhbərlik edib. Radioda uzun illər efirdə yayımlanan “Vətən” verilişinin müəllifi və aparıcısı olub.
Habil müəllim peşəkar jurnalist olmaqla bərabər, həm də qayğıkeş iş yoldaşı, səmimi insan, gözəl ailə başçısı, sədaqətli dost idi. Onun əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.
Radiomuzun əməkdaşı Habil Ələkbərovun vəfatı ilə əlaqədar ailə üzvlərinə , dostlarına və doğmalarına başsağlığı verir, səbr diləyirik.

Allah rəhmət eləsin!
9-02-2022, 15:55
Ermənistan 9 şəhər və yüzlərlə kəndimizi yer üzündən SİLİB


"Ermənistan XİN-inin yaddaşını təzələyirik: Ermənistan 30 ilə yaxın bir müddətdə Azərbaycanın ərazilərinin bir hissəsini hərbi işğal altında saxlayaraq, bu ərazilərdə genişmiqyaslı qeyri-qanuni fəaliyyət, o cümlədən urbisid, kultursid və ekosid törədən bir ölkədir". Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
"Ermənistan Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndini yer üzündən silib. Bu ərazilərdəki tarixi, mədəni, dini abidələr viran qoyulub, talan edilib. Ermənistan işğal altında saxladığı ərazilərdə törətdiyi məqsədyönlü dağıntıları gizlətmək üçün onilliklər ərzində bu ərazilərə YUNESKO missiyasının səfərinin qarşısını alıb. Bu fakt, YUNESKO-nun 2005-ci ildə dərc etdiyi fəaliyyət hesabatında aydın şəkildə əks olunub. Eyni zamanda, Ermənistan öz ərazisindəki Azərbaycanın mədəni irsini tamamilə məhv edib.
Ermənistan son 30 ildə beynəlxalq hüquq, o cümlədən humanitar hüquq normalarını tapdalayıb; 1949-cu il Cenevrə Konvensiyası, YUNESKO-nun 1954-cü və 1970-ci illər konvensiyalarını kobud şəkildə pozub. Ermənistanın yuxarıda sadalanan vandalizminin nəticələri beynəlxalq media və müstəqil ekspertlər tərəfindən geniş şəkildə sənədləşdirilib və işıqlandırılıb.
Bütün bu qeyd edilənlər fonunda görünür Ermənistan XİN-i Azərbaycan Mədəniyyət Nazirliyinin bəyanatından yalan çıxarışlar edərək öz qeyri-qanuni əməllərini pərdələmək məqsədi güdür. Lakin qonşu ölkənin rəsmi qurumu unudur ki, Ermənistandan fərqli olaraq, Azərbaycan tarixi-mədəni irsinə dini və etnik zəmində ayrı-seçkilik etmir. Azərbaycan bütün dünyada tolerantlıq və mədəni müxtəliflik mümunəsidir.
Ermənistan XİN-inə tövsiyəmiz budur ki, ətəyinə yalan, uydurma, iftira dolu daşları yığmaqla özünü daha da dərin və çıxılmaz vəziyyətə salmasın, əksinə ətəyindəki daşları ataraq, xoş niyyət və əməllər göstərməyə çalışsın".
9-02-2022, 14:31
Kəmaləddin Heydərov istefa verdi - Yerinə Sahil Babayev seçildi


Azərbaycan Boks Federasiyasında (ABF) hesabat-seçki konfransı keçirilib.
Mərasim Gənclər və İdman Naziriliyinin inzibati binasında olub.
Konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin ABF-na namizədliyi irəli sürülüb.
Mərasim iştirakçılarının səs çoxluğu ilə S.Babayev federasiyanın yeni prezidenti seçilib. O, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovu əvəzləyib.
K.Heydərov 2021-ci il dekabrın 30-da Azərbaycan Taekvondo Federasiyasının prezidenti vəzifəsinə yenidən seçildiyi üçün ikinci federasiyadakı postundan istefa verməli olub.
9-02-2022, 14:26
Hərbçilərin pensiyası yenidən HESABLANACAQ


Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən, o cümlədən digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyalarının hansı qaydada yenidən hesablanacağı müəyyənləşib.
Məlumatına görə, təminat xərcliyinə vəzifə və rütbə maaşı, vəzifə maaşından hesablanan əlavələr, həmçinin ərzaq payı əvəzinə verilən pul kompensasiyası daxildir.
Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumunun 2 fevral 2022-ci il tarixli qərarına əsasən, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” qanunun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. Başqa sözlə, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası hesablanması müraciət edildiyi gündən yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçiriləcək və bu halda onların pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmayacaq.
Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə də onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunacaq.
9-02-2022, 12:48
Şərqi Zəngəzur ellərinə qayıdış mənəvi borcumuzdur

Şərqi Zəngəzur ellərinə qayıdış mənəvi borcumuzdur

2010-cu ildən fəaliyyət göstərən zengezur.com saytı yenilənib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin həyata keçirdiyi “Şərqi Zəngəzura qayıdışa mənəvi dəstək” layihəsinə uyğun olaraq saytda Şərqi Zəngəzur bölməsi yaradılıb, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları ilə birlikdə Qərbi Zəngəzurun Sisian, Gorus, Qafan, Meğri bölgələrinin tarixi haqqında da məlumatlar yerləşdirilib.
Saytın baş redaktoru Hacı Nərimanoğlu qəzetimizə bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 7 iyul 2021-ci il tarixli Fərmanı ilə işğaldan azad edilmiş ərazilərimizdə Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması, 1933-cü ildə xəritələrdən silinmiş Zəngəzur adının yenidən bərpası xalqımızın, dövlətimizin ictimai-siyasi, mənəvi həyatında mühüm hadisədir. Bu sənəd həm də bizi tarixi ədalətin bərpasına aparır, minlərlə günahsız insanın qanı ilə suvarılmış, zorla Ana Vətəndən qoparılmış Zəngəzur torpaqlarımızın bütövləşməsini, birləşib bir-birinə və Azərbaycana qovuşmasını, bu mənəvi borcumuzun gerçəkləşməsini hədəf olaraq müəyyən edir. Azərbaycan Prezidenti İlham Əliyevin bu sözləri artıq strateji yol xəritəsidir: “Qərbi Zəngəzura qayıdacağıq, kimsə bizi dayandıra bilməz! Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək, bütün region ölkələri üçün yeni imkanlar yaradacaq. Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə, niyə də biz İrəvana qayıtmayaq? Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm. Zəngəzurun Şərqi varsa, onun Qərbi də var, bunların qovuşması artıq zaman məsələsidir.”

"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi
9-02-2022, 12:39
İlham Əliyev 3 fərman imzalay;b

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram.
Azərbaycan Respublikası Prezidentinin 2021-cı il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 19, № 3, maddə 231, № 10, maddə 1112) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 3.1.18-1-ci, 3.1.19-1-ci, 3.1.19-2-ci, 3.1.22-1–3.1.22-3-cü, 3.1.25-1–3.1.25-3-cü və 3.2.5-1-ci yarımbəndlər əlavə edilsin:
“3.1.18-1. Azərbaycan Respublikasından kənarda yerləşən media subyektlərinin fəaliyyətində “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması halları aşkar edildikdə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və “Media haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək;”
“3.1.19-1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmadıqda, redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici çap mediası məhsulunun Azərbaycan Respublikasının ərazisində yayılması ilə bağlı məsələləri həll etmək;
3.1.19-2. “Media haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda çap mediası və onlayn media subyektlərinə xəbərdarlıq etmək, habelə onların fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, eləcə də həmin subyektlərin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırmaq;”
“3.1.22-1. Media Reyestrini formalaşdırmaq, aparmaq, idarə etmək, ondan istifadə edilməsinə və məlumatların mühafizəsinə nəzarət etmək;
3.1.22-2. Media Reyestrinə daxil edilmiş çap mediasının və onlayn medianın redaksiyasının loqotipinin (embleminin) dəyişdirilməsinə razılıq vermək;
3.1.22-3. Media Reyestrinə daxil edilmiş media subyektlərinə Media Reyestri şəhadətnaməsi, jurnalistlərə isə jurnalist vəsiqəsi vermək;”;
“3.1.25-1. əhəmiyyətli tədbirlərlə bağlı siyahını hər il növbəti il üçün elan etmək, bu siyahını özünün rəsmi internet saytında yerləşdirmək və onun müntəzəm olaraq yenilənməsini təmin etmək;
3.1.25-2. media subyekti Media Reyestrindən çıxarıldıqda özünün rəsmi internet saytında bu barədə məlumat yerləşdirmək;
3.1.25-3. jurnalist Media Reyestrindən çıxarıldıqda onun jurnalist vəsiqəsini ləğv etmək və bu barədə özünün rəsmi internet saytında məlumat yerləşdirmək;”
“3.2.5-1. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 70.3-cü, 70.5-ci və 70.6-cı maddələrində nəzərdə tutulmuş hallarda jurnalist vəsiqəsinin təhvil verilməsini tələb etmək;”.

***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1036; 2017, № 4, maddə 526, № 7, maddələr 1340, 1370, № 8, maddə 1521, № 12 (I kitab), maddə 2328; 2018, № 5, maddə 900, № 9, maddə 1825; 2019, № 1, maddə 58, № 4, maddə 618; 2020, № 5, maddə 541; 2021, № 5, maddə 435) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 3.2.1-ci yarımbəndə aşağıdakı məzmunda 8-ci abzas əlavə edilsin:
“8. ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs;”
2. 3.2.7-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.2.8-ci yarımbənd əlavə edilsin:
“3.2.8. ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.”.
***
Prezident İlham Əliyev “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. iki ay müddətində:
1.1.1. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və Azərbaycan Respublikası Audiovizual Şurasının (bundan sonra – Şura) yaradılması ilə əlaqədar normativ hüquqi aktların uyğunlaşdırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.2. “Media haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. üç ay müddətində:
1.2.1. həmin Qanunun 30.1-ci və 59.2-ci maddələrində nəzərdə tutulmuş siyahıya dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2.2. həmin Qanunun 73.6-cı maddəsinə uyğun olaraq, Media Reyestrinin aparılması qaydalarının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2.3. həmin Qanunun 29.4-cü və 33.5-ci maddələrində nəzərdə tutulmuş xidmət haqlarının məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.2.4. həmin Qanunun 70.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, jurnalist vəsiqəsinin formasını, onun verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləğini və həmin vəsaitdən istifadə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.2.5. həmin Qanunun 73.8-ci maddəsinə uyğun olaraq, Media Reyestri şəhadətnaməsinin formasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. Şuranın inzibati bina ilə təmin edilməsi və maddi-texniki təminatı məsələlərini bir ay müddətində həll etsin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.18-ci, 1.1.19-cu, 5.6-cı, 10.1-ci, 10.2-ci, 11.3-cü, 12.2-ci maddələrində, 12.5-ci maddəsinin ikinci cümləsində, 12.6-cı maddəsində, 16.3-cü maddəsinin ikinci cümləsində, 17.5-ci, 26.7-ci, 29.4-cü, 30.1-ci, 33.5-ci maddələrində, 35.1-ci və 35.2-ci maddələrinin birinci cümlələrində, 38.4-cü, 41.4-cü maddələrində, 42.1-ci maddəsinin ikinci cümləsində, 45.2-ci, 47.1.8-ci, 47.1.9-cu, 48.2-ci maddələrində, 54.5-ci və 54.6-cı maddələrinin birinci və ikinci cümlələrində, 54.7-ci, 55.8-ci, 57.6-cı, 57.7-ci, 58.3-cü, 58.6-cı, 59.2-ci, 62.2-ci, 62.4-cü, 65.2-ci, 65.2.3-cü, 65.4-cü, 65.4.4-cü maddələrində, 70.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 70.2-ci maddəsinin ikinci və üçüncü cümlələrində, 70.3-cü maddəsinin ikinci cümləsində, 70.5-ci, 70.6-cı, 73.2-ci, 73.4-cü, 73.5-ci, 73.6-cı, 73.8-ci, 74.3-cü, 75.1.7-ci, 75.2-ci, 75.4-cü, 76.1.2-ci, 76.1.3-cü və 78.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 30.1-ci maddəsində, 42.1-ci maddəsinin ikinci cümləsində, 45.2-ci, 48.2-ci, 59.2-ci və 73.6-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
2.3. həmin Qanunun 29.4-cü, 33.5-ci maddələrində, 70.1-ci maddəsinin ikinci cümləsində və 73.8-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
2.4. həmin Qanunun 11.3-cü maddəsində və 70.2-ci maddəsinin ikinci və üçüncü cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur;
2.5. həmin Qanunun 5.6-cı, 10.1-ci, 10.2-ci, 12.2-ci maddələrində, 12.5-ci maddəsinin ikinci cümləsində, 12.6-cı maddəsində, 16.3-cü maddəsinin ikinci cümləsində, 17.5-ci, 26.7-ci, 54.7-ci, 55.8-ci, 57.6-cı, 58.3-cü, 62.2-ci, 65.2-ci, 65.2.3-cü, 65.4-cü, 65.4.4-cü maddələrində, 70.1-ci maddəsinin birinci cümləsində, 70.3-cü maddəsinin ikinci cümləsində, 70.5-ci, 70.6-cı, 73.2-ci, 73.4-cü, 73.5-ci, 74.3-cü, 75.1.7-ci, 75.2-ci, 75.4-cü, 76.1.2-ci, 76.1.3-cü və 78.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi nəzərdə tutulur;
2.6. həmin Qanunun 41.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;
2.7. həmin Qanunun 1.1.18-ci, 38.4-cü, 47.1.9-cu maddələrində, 54.5-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;
2.8. həmin Qanunun 1.1.19-cu maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;
2.9. həmin Qanunun 35.1-ci və 35.2-ci maddələrinin birinci cümlələrində, 47.1.8-ci maddəsində, 54.6-cı maddəsinin birinci və ikinci cümlələrində, 57.7-ci və 58.6-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;
2.10. həmin Qanunun 62.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzərdə tutulur.
3. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi:
3.1. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə uyğun olaraq, Media Reyestrinin yaradılmasını Azərbaycan Respublikasının 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” nəzərə alınmaqla altı ay müddətində təmin etsin və həmin bazanın Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə zəruri tədbirlər görsün;

3.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
4. Müəyyən edilsin ki:
4.1. Şura Milli Televiziya və Radio Şurasının hüquqi varisidir, onun öhdəlikləri və əmlakı Şuraya keçir;
4.2. Milli Televiziya və Radio Şurasının səlahiyyət müddəti bitməmiş üzvləri həmin müddət bitənədək fəaliyyətlərini davam etdirirlər;
4.3. Şuranın strukturu və işçilərinin say həddi təsdiq edilənədək Milli Televiziya və Radio Şurasının Aparatı fəaliyyətini davam etdirir.
5. Şura:
5.1. Şuranın strukturunun layihəsini və işçilərinin say həddinə (Milli Televiziya və Radio Şurası Aparatının işçilərinin say həddindən az olmayaraq) dair təkliflərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.2. bu Qanundan irəli gələn digər məsələləri həll etsin.
9-02-2022, 12:29
Sərhəddə misli görünməmiş rus qoşunları cəmləşib


Sərhəddə misli görünməmiş rus qoşunları cəmləşib

Bizim Ukrayna sərhədində misli görünməmiş Rusiya qoşunları cəmləşib, həmçinin fevralın 20-dək davam etməli olan təlimlərin keçirildiyi Belarusda böyük bir rus qüvvəsi var.
Bunu Polşa Prezidenti Andjey Duda deyib.
“Hamımız özümüzdən bundan sonra nə olacağını soruşuruq. Dünyanın və Avropanın II Dünya müharibəsindən bəri görmədiyi bu qoşun hərəkətinin təsiri necə olacaq?
"Bizim məqsədimiz cəmiyyətlərimiz və xalqlarımız üçün sülhü, o cümlədən beynəlxalq hüququ təmin etmək və NATO-ya, Avropa Birliyinə üzv olmayan, lakin bizim müttəfiqimiz olan ölkələrin ərazi bütövlüyünü qorumaqdır. Mən indi Ukraynadan danışıram”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!