Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Seyfəddin RZASOY yazır: .....                       
26-05-2024, 17:53
İsrail Qəzzada 50 hərbi obyekti vurdu


İsrail Qəzzada 50 hərbi obyekti vurdu

İsrail Hərbi Hava Qüvvələri bir gündə Qəzza zolağında radikalların 50 hərbi obyektinə zərbələr endirib, qoşunlar cənubda Rəfah bölgəsində, Fələstin anklavının şimalında isə Cəbəliyyədə reydləri davam etdirir.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
Hücum zamanı hərbi qurğular, silah anbarları, raket buraxılış qurğuları, müşahidə məntəqələri və terrorçu birləşmələri məhv edilib. Rəfah bölgəsində həyata keçirilən məqsədyönlü əməliyyatlar zamanı hərbçilərə hücum etməyə cəhd edən terrorçular zərərsizləşdirilib.
Ərazidə İsrail qoşunları tunel şaxtaları və çoxlu sayda silah-sursat, o cümlədən pulemyotlar, qumbaraatanlar, qumbaralar və partlayıcı maddələr aşkar ediblər.
26-05-2024, 17:03
İrəvanda Paşinyana qarşı aksiya - İSTEFA


İrəvanda Paşinyana qarşı aksiya - İSTEFA

İrəvanın Respublika meydanında Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının baş yepiskopu, “Tavuş Vətənin uğrunda” hərəkatının lideri Baqrat Qalstanyan rəhbərliyi ilə mitinq başlayıb.
Mitinqdən əvvəl gənclərin İrəvan küçələrində yürüşü olub, daha sonra onlar Respublika meydanına gəliblər.
Mitinq Ermənistan Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilir.
26-05-2024, 16:54
İran gündəlik neft hasilatını artırır


İran gündəlik neft hasilatını artırır

Mayın 25-də İran hökuməti İran Milli Neft Şirkətinin (INOC) neft hasilatını sutkada 400 min barel artıraraq 4 milyon barelə çatdırmaq planını təsdiqləyib.
Bu barədə Tasnim agentliyi məlumat yayıb.
İran İslam Respublikasının Birinci vitse-prezidenti, Prezidentin vəzifəsini icra edən Məhəmməd Moxberin sədrliyi ilə iqtisadi məsələlər üzrə hökumət komissiyasının xüsusi iclasında şirkətin neft hasilatının sutkada 3,6 milyon bareldən 4 milyon barelədək artırılması planı təsdiq edilib.
Aprelin 18-də “Financial Times” “Vortexa” analitik şirkətinin məlumatlarına istinadən yazıb ki, İran neftinin ixracı, əsasən, Çinə tədarük hesabına son altı ilin ən yüksək səviyyəsinə çatıb.
Nəşrin qeyd edib ki, 2024-cü ilin ilk üç ayında İran gündəlik orta hesabla 1,56 milyon barel neft tədarük edib ki, bu da 2018-ci ildən bəri ən yüksək göstəricidir.
OPEC-in məlumatına görə, İranın neft ehtiyatları ən azı 208,6 milyard barel təşkil edir.
26-05-2024, 16:11
HAMAS Təl-Əvivi raket atəşinə tutdu


HAMAS Təl-Əvivi raket atəşinə tutdu

Təl-Əviv raket atəşinə tutulub.
Son 6 ayda ilk dəfə HAMAS Qəzza zolağından Təl-Əvivə raket zərbəsi endirib.
HAMAS İsrail Ordusunun mülki şəxslərə qarşı əməliyyatına cavab olaraq Təl-Əvivə zərbə endirdiyini açıqlayıb.
26-05-2024, 13:42
Zərdüşt “Avesta”sı – Azərbaycan-Türk Ruhunun ifadəsi kimi

İşıqlı Atalı

Zərdüşt “Avesta”sı – Azərbaycan-Türk Ruhunun ifadəsi kimi

Ürəyinizdə Günəş olsun!

Bəşərin ən qədim yazılı və maddi abidələri sırasında olan Zərdüştün “Avesta”sı Azərbaycan Türklərinin yaşama, insana, dünyaya yanaşmasının, mifologiyasının araşdırılması kimi ciddi, gərəkli, qaçılmaz məsələnin həllində əsaslı özül ideya kimi diqqəti çəkir. Əcdadın özünüifadəsi ardıcıl yaradıcıdır, bənzərsizdir, ilkin qaynaq olub, sonrakı dönəmlər üçün tükənməz düşüncə, əməl imkanları yaradır. Tarixin daha çox ilkin dönəmlərinə baxsaq, ulusallığımızın qədim soraqları ilə bağlı çox faktlar itib-batıb, təhrif olunub. Dünyaya münasibətdə ikili yanaşmanın qaçılmazlığı - Xeyir və Şər anlayışlarının əcdad düşüncəsində aydınlığı, zaman-zaman bu əsasda Zərdüştün şəxsində bütün dünya dinlərinə, fəlsəfələrinə yön verən ilk, möhtəşəm dünyabaxışın yaranması – Türk Ulusu adına dünyaya bənzərsiz sözümüzdür. Zərdüştçülükdə əcdadın dünyanı, həyatı, insanı, təbiəti dərkin yeni səviyyəsinin ifadəsi özünü göstərir. Ancaq dünyanı dərkin açarını verən Türk ulusu uzun yüzillər boyunca inam yaradıcılığı ilə məşğul ola bilmədi, müxtəlif dinlər onun ilkin – özününkü olan dünyabaxışından (Zərdüştlükdəki Xeyir və Şər ideyalarından) bəhrələndi. Zərdüştün “Təmiz düşüncə, təmiz söz, təmiz əməl” ideyası ilkin düşüncədən gəlir. İnsana bu ölçüdə ilahi yanaşma Türk insançılığının ifadəsi ola bilərdi. Sübutu fars ruhundan fərqli olaraq türk ruhunda, konkret Azərbaycan Türklərinin ruhunda – yaradıcılığında ideyanın bütün çalarlarıyla (Azərbaycan muğamlarında, Azərbaycan sazında, bədiyyatında, incəsənətində və s.) yaşamasıdır. İslamın gəlişindən, oturuşmasından sonra Zərdüştün dünyabaxışı, konkret olaraq Od ideyasının ayrıca ölçüdə kutsallaşdırılması xətti zəiflədi, ancaq daha əski düşüncədəki - Tanrıçılıqdakı oda münasibət Novruzda xəlqi kurallar ölçüsündə yaşamağa başladı. Artıq xəlqi düşüncədə Zərdüşt dünyabaxışı səviyyəsində Odun kutsallaşdırılması imkanı İslamın basqısı ilə yoxa çıxarılmışdı. Başqa tərəfdən, dinlərdə, eləcə də İslamda Odun İblis obrazında təqdimi ilə Türk düşüncəsində Oda ilahi-insançı, yaradıcı (içi təmizləyici) yanaşmadan tamamilə fərqli bir yanaşma görürük. Əgər Tanrıçılıqda Günəşin, Odun da tanrılaşdırıldığını nəzərə alsaq, o zaman Türkün Tanrıçılıq dünyagörüşü ilə İslam arasında paralellik, oxşarlıq “axtarıb tapmaq” istəyində uyğunluq məntiqinin olmadığını görürük. Xeyir obrazında Hürmüzd, Şər obrazında isə Əhrimən çıxış edir.
İdeyanın obrazlaşdırılmasının dünyabaxışından bədiyyata – poeziyaya gəlməsinin ən gözəl örnəyi Nizami yaradıcılığıdır. Nizaminin Zərdüşt ideyalarına əsərlərində bu dərəcədə geniş yer verməsinin səbəbi nədir? Nizaminin türklüyü danılmazdır. Nizamidə Zərdüşt ideyalarına geniş yer verilməsi onun fars düşüncəsinə meyillənməsi ilə izah oluna bilməz. “Yeddi gözəl”ə daxil olan “Xeyir və Şər” hekayəsində Xeyir və Şər ideyaları Nizami görümündə dahiyanə biçimdə obrazlaşdırılıb.
Şərsiz Xeyirli insan varmı, mümkündürmü? Yaxud şərlə yoğrulmuş insanda xeyir adına balaca bir nişanə belə yoxdurmu? Nizaminin obrazları xalq ruhunun yetkin ifadəsi kimi meydana çıxır. Bu obrazların şəxsində yüksək bədiyyat səviyyəsində Xeyir obrazında xeyirliyin, Şər obrazında isə şərliyin nədən ibarət olduğu görünür, bilinir. Bu mənəvi tablo Nizaminin yaratdığıdır: kökü Azərbaycan-türk düşüncəsindən gəlsə də, Nizaminin yaratdığı Xeyir, Şər obrazlarıdır. Habelə burada biz Nizaminin ulusal qaynaqdan güc aldığı bəşəriliyini də aydınca görə bilirik.
Hekayə Nizaminin Xeyir obrazının Xeyirliyini, Şər obrazının da Şərliyini axıra kimi ifadə etməsiylə yadda qalır. Bu, Azərbaycan-türk folklorunda, mifoloji düşüncəsində yaşayan ulusal məntiqi yadımıza salır. Xalq düşüncəsində Xeyir axıracan Xeyirdir, Şər axıracan Şərdir. Xalq düşüncəsi yarımçıq Xeyiri Xeyir saymır, eləcə də özünü Xeyir kimi göstərən Şərin şirin dilinə aldanmır. Nizaminin düşüncəsində Şərin şirin dilinə aldanmaq olmaz, Şər Xeyir ola bilməz. Materialist düşüncədə Şərin Xeyirə, Xeyirin Şərə keçməsi “əsaslandırılsa” da məntiq yerini almır, Nizaminin məntiqi isə xalq düşüncəsindən güc alır, bu səbəbdən də insanlığa uyğun sayılır. Xeyir dünyanın mahiyyətindədir, yox olmur, Şər güclü görünsə də, dünyanın gedişindədir, Xeyir kimi güclü deyil. Nizami Xeyir-Şər təzadının (ikiliyinin) mahiyyətini incəliyinə kimi anlayır, bədiyyatının gücüylə aydın, anlaşıqlı şəkildə ideyalar arasındakı təzadı çatdırır. Xeyirin sonda Şərə qıya bilməməsi Nizaminin dünya, həyat gedişatını dərindən duyduğunu göstərir.
Şər obraz kimi öldürülsə də, yenə var. Yəni ağılda, duyğuda Şərlə döyüş onun gerçəklikdən tamamilə silinməsi anlamına gəlmir, ancaq bədiyyatda bu, mümkündür. Nizami bu həqiqəti fitrətən duyduğu, anladığı dərəcədə bədiyyatında üstünlüyü təbii olaraq Xeyirə verir. İlkin mifoloji düşüncədən “Avesta”ya qədərki inkişaf prosesi Xeyir və Şər obrazlarının xəlqi düşüncə, xəlqi dünyabaxış ölçüsündə yol getdiyini göstərir. Tanrıçılıq-Zərdüştçülük xəttinin üzvi bağlılığı, ideya uyğunluğu, birxətliliyi mövzunun daha əhatəli öyrənilməsinin gərəkliyini şərtləndirir. Nizamidə Xeyir və Şər ideyalarının obrazlaşdırılması mövzuya fitrətən ulusal məntiqlə yanaşdığını göstərir. Obrazların iç dünyasının ifadəsi Türk Ulusunun xarakterinə, düşüncəsinə uyğun açılır, mifoloji düşüncədən bədiyyatadək gerçəkləşən idrak yolu Nizami ruhuna kənar etkilərin (bilgilərin) diktəedici rolunun olmadığını sübut edir.
Atanın Zərdüştlüklə bağlı içsəsini oxuculara sunuram.
***

İNAM ATA (ASİF ATA)
ZƏRDÜŞTLÜYÜMÜZ – İŞIQÇILIĞIMIZ

1
Azərbaycana zahiri gözlə baxanda, o, kiməsə balaca görünə bilər.
Ancaq Mənanı xarici gözlə görmək olmaz.
Mənanı Daxili gözlə – İdrakın, Ruhun gözüylə görmək olar.
Daxili gözlə baxanda Azərbaycan çox böyük görünür – Şərq Mahiyyətinin Bütöv, Parlaq, Dərin ifadəsi kimi; Ruhani Mərkəz səviyyəsində.
Azərbaycanımızın – Azərbaycanlığımızın Böyük Fərəhləri və Böyük Kədərləri var.
Azərbaycanımızın Birinci Böyük Fərəhi – Zərdüştçülükdür.
Azərbaycanımızın İkinci Böyük Fərəhi – Xürrəmdinlik – Babəklikdir.
Azərbaycanımızın Üçüncü Böyük Fərəhi – Dədə Qorqudluqdur – Ağsaqqallıqdır.
Azərbaycanımızın Dördüncü Böyük Fərəhi – Hürufilikdir – Nəimilik–Nəsimilikdir.
Azərbaycanımızın Beşinci Böyük Fərəhi – Füzulilikdir.
Azərbaycanımızın Altıncı Böyük Fərəhi – Muğamdır.
Azərbaycanımızın Yeddinci Böyük Fərəhi – Sazdır.
Azərbaycanımızın Birinci Böyük Kədəri – Midiyanın Süqutudur.
Azərbaycanımızın İkinci Böyük Kədəri – Babəkin Qətlidir.
Azərbaycanımızın Üçüncü Böyük Kədəri – Çaldıran Fəlakətidir.
Azərbaycanımızın Dördüncü Böyük Kədəri – Türkmənçay Yırtıcılığıdır.
Azərbaycanımızın Beşinci Böyük Kədəri – Milli Hökumətin (Azərbaycan Xalq Cümhuriyyətinin – İ.A.) devrilməsidir.
Azərbaycanımızın Altıncı Böyük Kədəri – 20 Yanvardır.
Azərbaycanımızın Yeddinci Böyük Kədəri – Xocalı Faciəsidir.
Azərbaycanımızın sabahını – Ocaqda, Ocaqçılıqda görürük; Atalıqda, Evladlıqda.
Mütləqə İnamda görürük.
Ruhani cəmiyyətdə görürük.
Müstəqil Vətəndə görürük.
Özümlü Şərqdə görürük.
Ləyaqətli Bəşərdə görürük.
Azərbaycan Ruhunun izharını Zərdüştçülüyümüzdən başlayırıq.
2
Zərdüştçülükdə peyğəmbərlik başlayır: Vəcd, Vəhy, Eşq, Ehtizaz vasitəsiylə İnam yaratmaq, İnamı Ağıllara, Ürəklərə, Aqibətlərə həkk etmək Əməli.
Zərdüşt Peyğəmbərliyi yarananda Budda yox idi, Musa yox idi, İsa yox idi, Məhəmməd yox idi.
Zərdüşt Peyğəmbərliyində Qismətçilik yox idi, Təskinlik yox idi, Cənnət-Cəhənnəm, Huri-Pəri miskinliyi yox idi.
3
Zərdüştçülükdə Hürmüzd İşığıyla Əhrimən qaranlığı arasında Döyüş var; İşıq Allahı – Hürmüzd Qaranlıq Allahı – Əhrimənlə Yerdə, Göydə döyüşür, İnsanın Daxilində – Fikirdə, Duyğuda, İradədə, Əməldə döyüşür; Hürmüzd İşığı gərəkdir Dünyaya – Qaranlıqları Yaran – İşıqlanmalıdır Dünya.
Fəlakət Səadətlə İşıqlanmalıdır; Həsəd Heyrətlə, Qorxu Cəsarətlə, Həqarət Ləyaqətlə, Hərislik Səxavətlə, Dönüklük Sədaqətlə, Zülm Ədalətlə, Hərcayilik Müqəddəsliklə.
İşıqla Qaranlıq Təzadından Dünya ikiləşib.
İkilik aradan qalxmalı, Hürmüzd Əhrimən üzərində qələbə çalmalıdır, çalacaq; qaranlıq Dünyadan çəkiləcək, Dünya işığa qərq olacaq.
4
İşıqla Qaranlığın Döyüşü İnsanda baş verir.
İnam adlı Hürmüzd – İnamsızlıq adlı Əhrimənlə döyüşür.
Xalislik Naqisliklə, Müdriklik Naşılıqla, Saflıq Günahla, İnsanilik Heyvaniliklə döyüşür.
Daxili Aləm İşığa qərq olur, Dünyanı İşığa qərq edir. İnsan İşıqlandıqca Dünya İşıqlanır.
İnsan – İşıq Yoluna düşür, İşıq Yolu olur.
5
Dodaq Yalandan təmizlənir, Beyin Xurafatdan təmizlənir, Əl Haramdan təmizlənir.
Təmiz Söz, Təmiz Fikir, Təmiz Əməl yaranır.
Zərdüştə böhtan atıb onu Zinalıq təbliğində günahlandırırlar: Zinalıqla Təmiz Əməl Tələbi - biri digərini inkar edir.
Zərdüştdə Cənnət-Cəhənnəm, Allah xofu tapırlar: Cənnət-Cəhənnəm Hürmüzd Qələbəsinin labüdlüyüylə, Dünyanın özündə (o Dünyada yox!) yaranacaq İşıq səltənəti İnamıyla bir araya sığmır; Qorxu – Hürmüzd hünərinin İnkarıdır.
Zərdüştü sonrakılar bədnam eləməyə və özümləşdirməyə – özünə bənzətməyə cəhd göstəriblər.
6
Od – Zərdüştdə İşıq Rəmzidir. Atəşpərəstlər, əslində İşıqpərəstlərdir.
Zərdüşt Odu – Qaranlıq yaran Oddur, Prometey Odu – isidən. Od – Yanmaq Rəmzidir.
Yanmasan – İşıqlanmazsan, Təmizlənməsən – Dünya İşıqlanmaz, Təmizlənməz.
Od çirk götürmür, çirki yandırıb yox eləyir.
Oda səcdə – İşığa səcdədir.
Od qorumaq – əslində İşıq qorumaqdır.
Azərbaycançılıq – əslində İşıqçılıqdır.
7
Zərdüştdə Bədən Ruhdan asılıdır.
Bədəni urvata mindirən ruhdur.
Ruhdan məhrum olan Bədən urvatsız olur.
Amansız səslənir bu İdeya.
Ruh Zərdüştdə cismani enerji deyil – İdrakdır, Mənəviyyatdır. İnsan öləndə Bədən İdraksızlaşır, Mənəviyyatsızlaşır.
Zərdüştdə ölü bədənə hörmət yoxdur – ölünün O Dünya Yolu yoxdur; o “Axirət Dünyası”na heç nə aparmır, ölü bədən heç olur.
Misir xurafatına (ölünün mumiyalanması) qarşı çevrilmiş bu fikirdə gələcək xurafatların inkarı var.
8
Dinlərin hamısı Xeyir–Şər təzadı əsasında qurulub. Xeyir–Şər Təzadı Hürmüzd–Əhrimən İkiliyinin Təzahürüdür.
Dini ikiliyin (Dualizmin) canı Zərdüştçülükdür.
9
Dinlər Xilaskarlıq – Messiyaçılıq İdeyası əsasında qurulub. Messiyalar – Dini xilaskarlar – Hürmüzd çeşidləridir.
Ən məşhur Hürmüzd İsadır – Əhrimənlə döyüşdə çarmıxa çəkilən, ancaq “ölməyən, dirilən, qayıdacağı gözlənilən”.
Musa, Məhəmməd timsalında da Hürmüzd canlandırılır – şəxsiyyətlər əfsanələşir.
10
Buddaçılığın Əsası – Daxili Təmizlik İdeyasıdır – İmtina vasitəsiylə Ruhu ram etməkdir.
Bu ideya Zərdüştün Təmizlik Yolunun davamıdır: İfrat davamıdır, istəklərin inkarıdır, ancaq Zərdüştlə qırılmaz tellərlə bağlıdır.
Zərdüştdə İnsan naqis istəklərindən əl çəkirdi, Buddada bütün istəklərindən.
Zərdüştün Məqsədi – Hürmüzd Dünyasıydı, Buddanınkı Nirvana – Mütləq Ruhani Sakitlik.
Zərdüştdə Təmizlənmək – yanmaq idi, Buddada – sönmək.
Zərdüşt Odundan Budda külü törədi!..
11
Platonçuluq – İdeyalar – Əşyalar təzadına əsaslanır: Platonda Həyat – İdeyanın kölgəsidir.
Bu fikirdə Hürmüzd – Əhrimən, İşıq – Qaranlıq ikiliyinin təzahürü görünür.
12
Dialektika (Heraklit, Hegel) əksliklərin – təzadların, ziddiyyətlərin döyüşü və vəhdəti əsasında qurulub.
Bu ideyada Zərdüştçülük duyulur.
“Dünya – təzadlar döyüşüdür!” – dialektikanın dediyi bu fikri əvvəl Zərdüştlük deyib.
Fərq ondadır ki, Zərdüştdə Əksliklər Vəhdəti yoxdur, yalnız əksliklər Döyüşü var və həqiqət bizcə Zərdüştün tərəfindədir.
Təzadlar bir yerdə olanda belə, Bir olmurlar!
13
Babək Fərəh dini yaratmışdı.
Babək fərəhində Hürmüzd İşığı yanırdı.
Babək özündə Şirvin gəzdirirdi, bu, Şirvin adlanan Hürmüzd idi.
Babək Hürmüzdlük eləyirdi – Əhrimənlə döyüşürdü.
14
Sufilər Eşq Əhli idilər, İlahiliyə Atəşin Eşq bəsləyirdilər. Odluydular, Eşq Odunda alışıb-yanırdılar. İşıqlıydılar.
Aşiqlikdə – Təmizlənirdilər, Şəriətləşirdilər, Mərifətləşirdilər, Təriqətləşirdilər: İşıqlı hallar keçirirdilər – İşıqlanırdılar – İlahiliyə qovuşurdular.
Hürmüzd İşığıydı həmin Eşq – Qaranlıqları Yaran Odlu Əməl.
15
Kimdir Zərdüşt, kimindir Zərdüşt?
Midiyalıdır, Midiyanındır – Azərbaycanlıdır, Azərbaycanındır.
Yeni eradan əvvəl VI əsrdə indiki Güney Azərbaycanda həyata gəlmiş, yaşamışdır.
Əsərlərinin çoxu Makedoniyalı İsgəndər tərəfindən yandırılmış, yandırılmayanlar – Pəhləvi dilinə tərcümə olunmuşdur.
Midiyanın Süqutundan sonra Əhəmənilər dövründə Zərdüştlük İranın dövlət dini olub.
Midiyadan – Azərbaycandan Dünyaya İşıq saçıb Zərdüşt.
Zərdüşt – Azərbaycanındır, Şərqindir, Dünyanındır.
16
Zərdüştlüyə qayıtmağa çağırmırıq.
Hürmüzd İşığına qovuşmağa çağırırıq.
Əzəli Ocaqlığımıza çağırırıq.
Qaranlar Yarılsın! Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
3 İşıq ayı, 14-cü il (may, 1992)
26-05-2024, 13:19
Tofiq Salehin poeziyas

Tofiq Salehin poeziyası

Azərbaycan

Azərbaycan! Odlar Yurdu, Ana Vətən, adım sənsən,
Bir müqəddəs Quran kimi, inam yerim, andım sənsən,
Altın atəş, üstün günəş, odu sönməz, odum sənsən,
Adım-sanım, şərəf-şanım, şöhrətimsən, Azərbaycan!

Ey ağ saçlı, qədim diyar, dünya görmüş məmləkətim,
Az olmamış qurbanların, ölüm-itim, fəlakətin,
Odlar Yurdu, əzəl gündən beşiyisən səadətin,
Sən ki, mənim behişt yerim, cənnətimsən, Azərbaycan!

Axşam-axşam səmalara, Ay-ulduza baxanda da,
Səhər-səhər mən oyanıb, çarpayımda qalxanda da,
Şam qəlbimi alışdırıb, oda-közə yaxanda da,
Axşam, sabah mənim sözüm, söhbətimsən, Azərbaycan!

Tarix deyir: qeyri-adi bir qəhrəman, Rüstəm-zalsan,
Nərəsindən yerlər, göylər lərzə gələn qeylü-qalsan,
At belində ömür sürən yaylı, oxlu bir mahalsan,
Qüvvətimsən, qüdrətimsən, qeyrətimsən, Azərbaycan!

Qılıncım sən, qalxanım sən, top-tüfəngim, oxum sənsən,
Mən şairəm, varım yoxdur, varım sənsən, yoxum sənsən,
Dünya yanır, aləm yanır, fəlakətdir, qorxum sənsən,
Qorxuram ki, itirərəm, zinətimsən, Azərbaycan!

Söz dağına külüng çalmış Nizami tək Fərhadın var,
Nəsimi tək, Füzuli tək, Vaqif kimi övladın var,
Şeriyyətin peyğəmbəri Vurğun kimi ustadım var,
Söz xəzinəm, şeriyyətim, sənətimsən, Azərbaycan!

Yer üstündə nəyin yoxdur? Bağın-bağçan, barın vardır,
Yaşıl tarlan, üzüm bağın, alman, heyvan, narın vardır,
Saçaq-saçaq qarğıdalın, arpan, buğdan, darın vardır,
Ətir saçan çörəyimsən, nemətimsən, Azərbaycan!

Füsunkardır yaşıl talan, göy ormanlar, yaylaqların,
Axar çaylar, saf çeşmələr, sərin-soyuq bulaqların,
Nələr demir, yaşıl meşən, xışıldayan yarpaqların,
Təbiətin, gözəlliyin surətisən, Azərbaycan!

Günəş kimi bir xilqətsən, tunc, mis qarışıq camalın var,
Aydan arı, sudan duru zəngin zəkan, kamalın var,
Azadlığa gedən yolsan, bir müqəddəs amalın var,
Peyğəmbərin hümmətisən, millətimsən, Azərbaycan!

Sənsən mənim cəvahirim, ləl-gövhərim, daş-qaşım da,
Sənsən mənim təvəllüdüm, ilk tarixim, son yaşım da,
Yayım, yazım, al baharım, zimistanım, sərt qışım da,
Xoş dövranım, səadətim, möhnətimsən, Azərbaycan!

Neft deyir: - Ömür adlı dastanında hər varağın,
Odur sənin görən gözün, şölə saçan şam-çırağın,
Dəmir-filiz yatağıdır, hər qarışı bu torpağın,
Qızıl, gümüş mədənisən, sərvətimsən, Azərbaycan!

Sənsən mənim çəmənzarım, laləzarım, gülüstanım,
Sənsən mənim ulu Tanrım, ilk əcdadım, - Qobustanım,
Sənsən mənim Tanrı yazan, Xuda verən, şah dastanım,
Məkkəm də sən, Mədinəm də, Kəbəm də sən, Azərbaycan!
Qazax,
27.07.2003


Bahar və mən
(poema)

Gəl bahar! Mən səni bağrıma basım,
Gəl, sənin qəlbinə bir qulaq asım.
Ey pərim, gözəlsən yaranışından,
Zövq aldıq sevdalı davranışından.
Gəl, gəl ətirlənək gül nəfəsindən,
Quşlar da silkinsin öz qəfəsindən.
Çaylar da gurlaşsın, qıjhaqıj axsın,
Təbiət gül açsın, otların qalxsın.
Quşlar bağçalarda versin səs-səsə,
Torpağa can ver ki, gəlsin həvəsə.
Lalələr boylansın, gen düzlərindən,
Günəş də şənlənsin od gözlərindən.
Açılsın qarşında zümrüd gecələr,
Günəş dağ dalında çətin gecələr.
Ay da gülümsəsin baxıb yerlərə,
Yerdə işıqlansın bütün dağ-dərə.
“Ulduzlar havanın bağrını dəlsin”,
Yerlərdən göylərə şərqi yüksəlsin.
Gün qızsın, quzeydə qarı dağlasın,
Uşaqlar çöllərdə dəstə bağlasın.
Danışsın, oynasın, desin, güləşsin,
Qoyunlar otlasın, quzu mələşsin.
Duman tək düzlərə sürü yayılsın,
Hər kolun dibindən bir gül ayılsın.
Bir daşın üstündə otursun çoban,
Uzaqdan seyr edim mən də bu zaman.
Çalsın tütəyində “Qaytar quzunu”,
Nəğməsi səs salsın, dərə uzunu.
Gecələr gündüzə qarışsın nurla,
Yolumuz başlasın, keçsin uğurla.
Gəlsin görkəmində alagöz səhər,
Kənd qursun, yaratsın, qaynasın şəhər.
Gəl bahar, gəl öpüm yanaqlarından,
Bal kimi nur əmim dodaqlarından.
Gəl ki, qoy göylərdən bulud əkilsin.
Çən-çisək yox olsun, duman çəkilsin.
Ətəkdən zirvəyə duman qalxmasın,
Bulud karvanları göydə axmasın.
Yurdumuz-yuvamız laləzar olsun,
Nə dava, nə qırğın, nə məzar olsun.
Bahar, ay bahar,
Davadan söz saldım, doldu gözlərin,
Səni sarsıtmasın mənim sözlərim.
Sən də bir az toxta,
fəqət qoy deyim,
Qəmli hava çalır nə vaxtdır neyim.
Düz altı ildir ki, vuruşuruq biz,
Vətənlə döyünür vuran qəlbimiz.
Dedim ki, toxta sən,
Sarsılma, sözlərim qəlbini sarsa,
Dünyanın nə qədər daşnakı varsa,
Bu gün hücum çəkib Azərbaycana...
Demək istəmədim dərdimi sana...
Bil ki sən, nə qədər yurdumuz yandı,
Könlümüz pərişan, qəlbimiz qandı.
Qoy deyim, sən də bil –
Dostum ilbəil,
Yandı od içində, yandı Xocalı,
Yandı Üzeyirin böyük mahalı,
Şuşam, məğrur qalam – alındı, bahar,
Laçınım kəməndə salındı, bahar.
O gecə yanmadı göylərin şamı,
Tutdular Ağdamı həmin axşamı.
Nizamlı orduyla hücum çəkdilər,
Kəlbəcər! Bu yurdda şumlar əkdilər.
Bahar, tonqal kimi obam yanırdı,
Bu dərddən sinəmdə qəlb dayanırdı.
Ah! Bahar!
Ömrümün min qəmli macərası var,
Əsgərlər tüfəngi yerə atdılar,
Doğmalar torpağı yada satdılar.
Beyləqan, Zəngəzur, el ağlaşırdı...
Çox adam həyatla vidalaşırdı...
Ölümlər...
qırğınlar... min azar oldu,
Könüllər sındıqca, ahu-zar oldu,
Döyüşən bir əsgər, bir məzar oldu.
Hər döyüş əsgəri döndü dastana,
Tanrı ölüm yazsın, Ermənistana!
Nə edək, qılıncı qoymadıq qına,
Hər yerdən hücum var Azərbaycana.
Torpaqlar dizəcən batıbdır qana,
Cənnətim dönürdü məzarıstana,
Tanrı ölüm yazsın, Ermənistana!
Hakim dairələri ara qatdılar,
Nankor oğullar da yurdu satdılar,
Min dəfə qan qusub, qana batdılar.
Neçə yol ayrıcı, neçə astana...
Tanrı ölüm yazsın, Ermənistana...
Torpaq səngər oldu, daş səngər oldu,
Hər qaya zirehli bir əsgər oldu,
Vətən başdan-başa səfərbər oldu.
Hər gəlin, hər ana döndü aslana,
Tanrı ölüm yazsın, Ermənistana.
Ey daşnak, dərsini verəcək zaman,
Hər oğlum, hər qızım igid qəhrəman.
Ey faşist, ey cəllad,
ey yağı düşmən,
De, necə qıydınız bu gülüstana?..
Tanrı ölüm yazsın Ermənistana!
Gəl bahar! Bir başqa təbiətin var,
Sənin səadət dolu bir xilqətin var.
Əsən küləklərlə gah əsnəyirsən,
Gah da sevgilim tək gülümsəyirsən.
Sənindir gözəllik, sənindir bu naz,
Tanrı camalını sevməmək olmaz.
Qoşuldum quşlara, uçum uzağa,
O ülvi göylərdən baxım Qazağa.
Kürün sahilində kiçik bir şəhər,
Şəhərin qoynunda Kür ağ bir kəhər.
Sahilə şığısın dalğalarınnan,
Sevinsin, şadlansın ellər varınnan.
Deyirəm, utansın yurdu satanlar,
Qırğın törədənlər, güllə atanlar.
Gəl bahar!
Ömrümün min qəmli macərası var,
Gəl ki, qoy göylərdən bulud əkilsin,
Çən-çisək yox olsun, duman çəkilsin.
Ətəkdən zirvəyə duman qalxmasın,
Bulud karvanları göydə axmasın.
Yurdumuz, yuvamız laləzar olsun,
Nə dava, nə qırğın, nə məzar olsun!

26-05-2024, 13:10
Bir ömrün halallıq simfoniyası

Bir ömrün halallıq simfoniyası

El ağsaqqalı Sabir Xammədovun 75 illiyinə

İnsanın bir şəxsiyyət kimi əsl dəyəri onun kamilliyi ilə ölçülür. Böyük Nizami Gəncəvi də bu kefiyyəti hər cür yarımçıqlıqdan uca tutub. Davranışları insanpərvərliklə yoğrulanlar yaşadıqları ömrü bada vermir, el-oba arasında hörmət-izzət sahibi olurlar. Onlardan biri də ömrünün 75-ci baharını yaşayan Sabir Yaqub oğlu Xammədovdur.
1949-cu ilin mayın 19-da Biləsuvar rayonunda sadə, zəhmətkeş ailədə dünyaya göz açan Sabir Xammədovu tale uşaq yaşlarından müstəsna bir yolun yolçusu olmağa qərar vermişdi. Amma bu yol ağrı-acısız ötüşmür. O, 13 yaşında ikən atasını itirir. Bundan sonra gənc Sabir özündən böyük müəllim qardaşının himayəsində böyüyür. Sonralar həyat Sabir müəllimi vəzifələrlə də, sərvətlə də imtahana çəkib, amma onu insanpərvərliyindən, həssaslığından uzaqlaşdıra bilməyib. Rahatlığı el-oba üçün çalışmaqda, savab işləri ilə adamlara könül xoşluğu bəxş etməkdə görüb həmişə. Elə buna görə də indi – vəzifə, mənsəb atından düşəndən xeyli sonra da el içində alnı açıq gəzir, etdiyi xeyirxahlıqlar qədirbilənliklə xatırlanır.
Peşəsi müəllimlik olmayıb onun. Amma qazandığı xətir-hörmət sayəsində “Sabir müəllim” deyə çağrılır. Ömür yolunu vərəqlədikcə zəhmətlə yoğrulan, mübarizələrlə mətnləşən əzəmətli bir həyatın şahidi olursan. Yaşının kamillik çağındadır, deyir ki, qocalıq müdrikliyə gedən yolun zivəsidir, bu zivədən keçmişə boylandıqca fərəhlənə bilirsənsə, demək, hədər yaşamamısan. “Vəzifələrdə olan zaman hər hansı qərarı verərkən vicdanımla hesablaşdım və bu gün səlahiyyət sahibi olduğum illərlə fəxr edirəm, gözüm kölgəli deyil”.
Müstəqillik dönəmimizdə Biləsuvar Rayon İcra Hakimiyyətinin ilk başçısı olub. Həmin dövrədək də rayona rəhbərliyi keçmiş sovetlər birliyinin rayon partiya komitəsinin 1-ci katibi olaraq edib. Sabir müəllim Kənd Təsərrüfatı institutunu baytarlıq ixtisası üzrə bitirdikdən sonra - 1971-ci ildən kolxozda əmək fəaliyyətinə başlayıb.Elə o vaxtdan, necə deyərlər, özünü əsl təsərrüfat adamı kimi göstərə bilib. Çalışdığı “Əzizbəyov” adına kolxozunun fermasında mal-qara arasında kəskinləşən ölüm hallarına qarşı düz 8 il çırmanıb mübarizə aparıb. İşinə sevgisi və məsuliyyət hissi sayəsində uğura nail olub. Partiya sıralarına qəbul edilib və kənd sovetində gənc deputat kimi təmsil olunub. O, fəaliyyət göstərdiyi həmin dövrlərdə iki dəfə kənd sovetinin, dörd dəfə rayon sovetinin və bir dəfə Azərbaycan Respublikası Ali sovetinin deputatı seçilib.
Ötən əsrin 80-ci illərində Azərbaycanın kolxoz və sovxoz təsərrüfatları heyvandarlıq və quşçuluğun inkişafı dövrünü yaşayıb. Ayr-ayrı təsərrfatlarda araşdırmalar aparılarkən Sabir Xammədovun təcrübəsi qiymətləndirilib və o bundan sonra rayonun baş baytarı vəzifəsinə irəli çəkilib. Ardınca isə düzgünlüyü, prinsipiallığı, bilik və bacarığından irəli gələn keyfiyyətləri əsas götürülərək, rayon Xalq nəzarəti komitəsinin rəhbərliyinə irəli çəkilib. Bu vəzifənin 10 illik uğurlu icrasından sonra, daha yüksək kürsüyə- partiya komitəsinin 1-ci katibliyinə yüksəlib.
…1990-cı illərin əvvəllərində müstəqilliyə doğru inamla addımlayan ölkəmizdə keçid dövrünün ciddi problemləri, müharibənin alovlanması, siyasi hərc-mərclik idərəetməni xeyli çətinləşdirir. Belə bir şəraitdə Sabir Xammədov rayonun kənd təsərrüfatında geriləmənin aradan qaldırılmasını ciddi nəzarətə götürür. Bilir ki, məhsul istehsalında yaranan durğunluq qısa zamanda aradan qaldırılmasa, bir müddət sonra sosial problemlərin miqyası genişlənəcək. ölkədə anarxiyanın baş alıb getdiyi 1990-1992-cı illərdə məhz onun gözütoxluqla, halallıqla, bir çoxlarınan fərqli olaraq, fürsətcillik etmədən həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində,rayonda taxıl istehsalı ilk dəfə 47 min tona çatdırılır. Pambıqçılıqda iki il ardıcıl olaraq, dövlət planı ilk sırada yer alır. Bunun üçün, çətin suvarma şəraiti olan Biləsuvarda (keçmiş Puşkin) 15-ə yaxın yeni nasos stansiyası istismara verilir. İlk dəfə, çəltikçikçiliyin inkişafı üçün Çindən mütəxəssislər dəvət olunur... Beləcə, təsərrüfat həyatında dönüş yaranır.
O, rayona rəhbərlik etdiyi illərdə təhsil, səhiyyə, mədəniyyət və xidmət təşkilatlarının mükəmməl fəaliyyəti üçün aidiyyatı dövlət qurumlarına ünvanladığı 100-dən çox müraciətində cəsarətli tələblər irəli sürüb. Biləsuvardakı bir çox məktəblər üçün yeni binaların tikintisi həmin böhranlı günlərdən yadigardır. Rayonda bu gün də aktuallığını itirməyən, yerli xammala əsaslanan istehsalyönümlü lahiyələrin reallaşdırılması da Sabir müəllimin ən ümdə arzu və istəklərindən idi. Qısa müddətdə bu da əlçatan olub. O, həm də Biləsuvar dolama avtomobil yolunun, dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihə-smeta sənədlərinin hazırlanmasına nail olub həmin dövrdə. Ən ümdə arzularından biri pambıq-əyirici sexinin tikintisi idi. Onun da bünövrəsini Sabir müəllim qoymuş, toxucu fabrikin ilk sexinin Səmədabad kəndində açılışına nail olmuşdur.
1990-cı illərin əvvələrində onunla rayonun idarəetməsində çalışan, ağsaqqal Akif Kazımovun dedikləri:
- Sabir Xammədovun rayona rəhbərlik etməsi çox çətin dövrə təsadüf edib. Bildiyimiz kimi, həmin illər ölkəmizdə içtimai-siyasi sabitlik qeyr-qənaətbəxş olduğundan, idarəçilik xeyli çətin olub. Buna baxmayaraq Sabir müəllimin zəngin təcrübəsi, fərdi idaretmə bacarığı sayəsində bir çox problemləryoluna qoyulub. 1991-cı ildə Mərkəzi Komitənin katibi ilə görüşdən sonra Biləsuvar Gömrükxanasının yaradılmasına da o nail oldu. Özünü deyil, camaatı düşünən adam kimi tanınıb bizim Sabir müəllim.
Bəli, insanın öz eli, obası qarşısında göstərdiyi xidmətlərinin ən böyük mükafatı qəlblərdə özünə taxt-tac qurmasıdır. Bütün fəaliyyətində, xidmətlərində əsl vətəndaşlıq yanğısı ilə çalışan, yaşayan Sabir Xammədov məhz bütün şüurlu ömrünü dövlətçiliyimizə, doğma rayonunun tərəqqisinə həsr edib. Sabir müəllim “Soruşma Vətən sənin üçün nə edib, özündən soruş ki, Vətənin üçün nə edə bilmisən?” -şüarı ilə yaşayıb, yaradıb. İllərini mövcud problemlərin aradan qaldırılmasına sərf edib. Dövlətçiliyə, xalqa ürəkdən bağlılıq bu insanın qəlbinin dəriliyindən süzülüb gələn həyat qayəsidir desək, yanılmarıq...
Deyir ki, doğma Biləsuvarın adı ilə bağlı nə varsa, bizim adımızdır. Çalışmalıyıq ki, fəaliyyət göstərdiyimiz sahədə insanlıq hər zaman uca mərtəbədə dayansın. Xeyirxahlıq, təəssübkeşlik, mərhəmət ən ali məqsədimiz olmalıdır!

Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilərkən Biləsuvar özünüidarə orqanına məhz belə bir əqidəsi, zəngin idarəçilik təcrübəsi olan, əhalinin qayğılarını dərindən bilən Sabir müəllimin üzv kimi namizədliyi mütəşəkklilliklə irəli sürüldü. Sonradan oradakı məhsuldar fəaliyyəti ilə özünü təsdiqləyən S. Xammədov bələdiyyədə sədr müavini və sədr vəzifəsinədək yüksəldi.
Bu illər ərzində özünü son dərəcə bacarıqlı təşkilatçı və qayğıkeş rəhbər kimi tanıtdı o. Başqa cür ola da bilməzdi. Axı, özünün dediyi kimi, bu xalq, cəmiyyət elə onun öz ailəsidir. Ailə isə yalnız səmimiyyətin və fədakarlığın ahəngdar birliyi təqdirində yüksəlməyə və uzun ömür yaşamağa qadirdir. Ailədən söz açmışkən, Sabir müəllim həm də gözəl ailə başçısıdır. Ömür-gün yoldaşı Svetlana xanımla əl-ələ, nəfəs-nəfəsə 4 qız, 1 oğul böyüdüb boya-başa çatdırıblar. Övladların ali təhsil alması üçün də valideyn borclarını yerinə yetirblər. İndi onlar həm də övladlarının barı-bəhəri ilə öyünür, nəfəs alırlar. 11 nəvənin sevimli babası, nənəsidir Sabir müəllimlə Svetlana xanım..
Yaşadığı cəmiyyətdə hörmət, nüfuz sahibi olan dəyərli Sabir müəllim ömrünün saf havalı kamillik zirvəsinə gəlib çatıb. Burada rahat nəfəs ala bilirsə, deməli, xoşbəxt insandır. Çünki o, böyük həyat təcrübəsi, nəcib davranışları, yüksək mədəniyyəti, sadəliyi ilə hamının hörmətini qazanıb. Ələlxüsus ötən illər ərzində özünün bir xarakterik cəhətinə sadiq qalıb: onu əhatə edən sosial mühitdəki dəyişikliklərdən, bəzən də özünə qarşı olan diqqətsizlikdən, laqeydlikdən asılı olmayaraq, həmişə ləyaqətini, ədalət hissini qoruya bilib. İnsana şərəflə yaşanan bir ömür də kifayətdir, – deyib həmişə. Sabir Xammədov məhz belə bir ömür yaşayır.
Mənalı ömrün daha da uzun olsun, ağsaqqal!

Surxay ŞAHBAZOV,
jurnalist


26-05-2024, 11:08
Yaddaşda yaşayan pilotlarımız


Yaddaşda yaşayan pilotlarımız

Haqqında söz açacağım mövzu nə qədər çətin olsa da, bur o qədər də məsuliyyətli və şərəflidir. Yaddaşlarda əbədi iz salmış və bəlkə də 44 günlük Vətən müharibəsinin özülünü qoyan 4 günə bitən aprel döyüşləri, tarixə sığmayan qəhrəmanlarımızın igidlik səlnaməsidir. Vətən uğrunda canından keçən şəhidlərimiz dörd günlük müharibədə öz sözünü layiqincə dedi. Bu dörd gün ərzində yüzə yaxın şəhidlərimiz oldu. Onların cəsarəti gələcək nəsillərin şanlı arxivi olaraq eyni zamanda qürur mənbəyi oldu.
Vətənpərvər gənclərin yetişdirilməsində belə igidlərimizin keçdiyi həyat yolu mühüm rol oynayır. Vətən naminə canlarından keçdilər, torpağın bir qarışından keçmədilər. Həyatda o qədər asan peşələr varkən heç birini seçmədilər. Hərbiçi olaraq boşuna and içmədilər. Vətənə öz borclarını layiqincə ödəyəcəklərinə, ona sadiq qalacaqlarına and içdilər və bu anddan keçmədilər.
Həmin qəhrəman şəhidlərimizin bir neçəsinin adlarını qeyd etmək istəyirəm. Onlar hər bir Azərbaycan vətəndaşının qəlbində əbədi olaraq yaşayır və yaşayacaq.

"Mi - 24" hərbi helikopteri aprelin 2-nə keçən gecə cəbhədə Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən vuruldu. Həmin helikopterdə öz sahəsində olduqca bacarıqlı mayorlar qəhrəmancasına şəhid oldular. Onlardan biri də mayor Vəlizadə Ürfan Üzeyir oğlu, digəri baş leytenant İsmayılov Əbu Bəkir Vüqar oğlu və mayor Mustafazadə Təbriz Tariyel oğlu idi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Ürfan Vəlizadənin ailəsi ilə qohumluq əlaqələrimiz olduğu üçün həmin ailədə qonaq qismində çox olmuşam. Üzeyur dayı öz övladları ilə həmişə fəxr edirdi. Belə bir ailədən də bu cür igidin yetişməsi təbii haldır. Vətənpərvər ruhda böyüyən Ürfan Vəlizadə Vətənin dar günündə onun səsinə səs verən igidlərimizdəndir.
Vəlizadə Ürfan Üzeyir oğlu 1978-ci ildə noyabrın 1-də Bakıda dünyaya göz açıb. Atası Gəncədən, ana tərəfi isə əslən Ağdamdandır. Görünür Vətən sevgisi igidimizin ürəyində silinməz izlər buraxıb.1990-cı illərin itgilərini görən bir gəncin yaddaş səlnaməsində olanlar bu gün tarixin yaddaşında qalib ölkənin şəfəqlərini bütün dünyaya yayır.
Ürfanın çox savadlı hərbi pilot olmağı ilə yanaşı o, həm də gözəl ailə başçısı, sadiq övlad, qayğıkeş ata və təvazökar insan idi. Hətta o öz hərbi təcrübələrini kitablara köçürərək gələcəkdə gənc hərbiçilərin bəhrələnməsinə şərait yaradırdı. Fəxr edici haldır ki, bu gün o kitablardan qururla istifadə edilir.
Təəssüf ki, Ürfanın ölümündən sonra atası Üzeyir dayı da bir neçə ildən sonra vəfat etdi. Görünür ürək xəstəliyindən əziyyət çəkən ata oğul həsrətinin yükünü qaldıra bilmədi. Məkanı cənnət olsun. Ürfanın özündən sonraya yadigar qalan sədaqətli həyat yoldaşı və iki qız övladı var. Bu gün tək onlar deyil bütün Azərbaycan Ürfanla və Ürfan kimi igid oğullarla fəxr edir.
Onlar qanları, canları ilə Vətəni yaşatdı, bizim kimi əli qələm tutan söz sahibləri də qələminin gücü ilə onlara zaman-zaman yenidən ruh verib onları daima yaşatmalıdır.
"Şəhidlər ölməz!
Vətən bölünməz!"


Mən aşiq gülüzarım,
Solmasın gülüzarım.
Vətənim bütövləşdi,
Qalmadı ahuzarım.

Əzizim güldən ayrı,
Düşmüşdük eldən ayrı.
Otuz ildi qalmışdıq,
Xarıbülbüldən ayrı.

Mən aşiq qaş altından,
Göz baxar qaş altından.
Əsgərim heykəl qoydu
Tarixə, Daşaltından.

Əzizim ürəyində,
Sözü var ürəyində.
Birliyin gücü vardır,
Əsgərin biləyində.

Əzizim yurdu keçdi,
Yuvasın qurdu keçdi,
Əlində al Bayrağı,
Burdan bir ordu keçdi.

Rəqsanə TAPDIQLI (Nəcəfova)


26-05-2024, 05:43
“Dövlət də millətin bir şəklidir.”


“Dövlət də millətin bir şəklidir.”

XX əsrin əvvəlləri Azərbaycan ictimai fikrində millətin oyanış, özünüdərk, istiqlal, türkləşmək, millilik düşüncələrinin renesans dövrü hesab olunur və əlbəttə ki, milli mətbuat bu prosesə təbiidir ki təsirsiz qalmırdır. M.Ə.Rəsulzadə dövlət haqqında yazırdı:
“Dövlətlə millət arasında təzad bir mübarizə var. Dövlət və millət kəlmələrini mütəzad və mütəbariz mənada işlədirik. Çünki dövlət də millətin bir şəklidir. Millət – özək, dövlət qabıqdır. Fəqət bu tərif, şümuli bir millətə aid olan dövlətlər haqqında səhihdir.Digər təbirlə demək olar ki, bu tərif təbii təşkilata malik olan dövlətlər haqqındadır. Çünki ən təbii dövlət – milli olan dövlətdir. Fəqət təhti-idarəsində bir çox millətlər olan dövlətdə məlumdur ki, dövlət mənası ilə millət mənası bir olmaz “!
Cümhuriyyət dövrü milli mətbuatının siyasi publisistikasının ən parlaq və ən dəyərli nümunələrinin müəlliflərindən olan M.Ə.Rəsulzadənin Azərbaycanın milli məfkurə və istiqlal savaşından doğan məqalələri xalqın milli və mənəvi dəyərləri üzərində demokratik şəraitdə yaşamasına, dövlət və dövlətçilik ideallarına xidmət edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı ilk günlərdə qələmə aldığı “Azərbaycan paytaxtı” adlı tarixi-publisist məqaləsi öz ictimai-siyasi əhəmiyyətinə görə, tariximizin və istiqlal savaşımızın tədqiqi baxımından əhəmiyyətini bu gün də qoruyub saxlayır.
Bakı erməni-daşnak, ingilis hərbi birləşmələrindən azad olunub, Azərbaycana qovuşandan sonra Cümhuriyyətin paytaxtının tarixi barədə kifayət qədər materialların olmamasından təəssüf hissi keçirən M.Ə.Rəsulzadə bu barədə yazırdı:
“Mən mətbuatı çox aradım. Lakin Bakı barədə bir yazıya rast gəlmədim. Bu həvəs mənə cəsarət verdi: müxtəsər də olsa, Bakının tarixi haqqında bir kaç yarpaq qaralayalım. Şübhəsiz ki, bu sətirlərlə veriləcək məlumat Azərbaycanın paytaxtının şan və heysiyyatı və hüciyyəti ilə olmayacaq... Düşündüm ki, naqis də olsa, bir şey olsun. Biz naqisini başlarıq, mütəşəbbüs gənclərimiz də çalışar, vətən eşqi, məmləkət məhəbbəti ilə səy edər, bu başlanğıcı təkmil edərlər...”
M.Ə.Rəsulzadənin 1918-ci il iyunun 17-də Azərbaycan Milli Şurasının toplantısında söylədiyi nitqdə bu baxımdan maraqlıdır:
“Dünya müharibəsi və Rusiya inqilabının təsiri ilə yeni doğmuş və həyat siyasətinə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir... Iştə bir zaman ki, müqəddərat milliliyi əllərinə alanlar üçün Azərbaycan nüzadini tələf etdirməmək kimi müşkül, fəqət müşkülliyi ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib ediyor.”
Göründüyü kimi, M.Ə.Rəsulzadə hələ Birinci Dünya müharibəsi ərəfəsində mətbuatda qaldırdığı “Azərbaycan qayəsi” ideyasını xüsusi olaraq vurğulayır. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin açılışında isə bu məsələyə bir daha toxunur:
“Biz o zaman ki, bizim üçün ən yaxşı məsələni -”Azərbaycan muxtariyyəti"ni müdafiə edirdik, biz onda sağ və sol tərəfdən amansız tənqidə məruz qalmışdıq. Sağdan bizə deyirdilər ki, azərbaycançılıq şüarı ilə siz müsəlmanları parçalayırsınız, türkçülük bayrağı qaldırmaqla - Allah eləməsin - siz Islamın əsasını sarsıdırsınız. Soldan isə bizi məzəmmət edirdilər ki, Azərbaycan muxtariyyətini tələb edərək biz vahid demokratik cəbhəni yarırıq. “Müsavat” Partiyası birinci olaraq Azərbaycan müstəqilliyi bayrağını yüksəyə qaldırmışdır. Beləliklə, müsəlman partiyaları arasında Azərbaycan ideyasında fikir ayrılığı yoxdur. Xalqın şüurunda Azərbaycan ideyası artıq möhkəmlənmişdir."
M.Ə.Rəsulzadənin “Əsrimizin Səyavuşu” əsəri milli azadlıq və milli dövlətçilik ideyalarının təbliği baxımında da xüsusi yer tutur. Müəllif bu əsərlə xalqımızın keçdiyi və keçəcəyi azadlıq yolunu çox uğurla seçdiyi bir bədii obraz vasitəsilə ifadə etmişdir. O bu əsərdə rus – bolşevik istilasının Azərbaycanın milli dövlətçiliyinə son qoyması ilə bağlı yazır bunu gənc Cümhuriyyətin bəxtsizliyi kimi qiymətləndirir.
Əsərin sonunda gəncliyi istiqlal uğrunda mübarizəyə çağıran müəllifin «Ya qazi və ya şəhid olacaqsan» kimi son cümləsi isə bir hayqırtıdır.
Cümhuriyyətimizin qurucusu və eyni zamanda XX əsin əvvəllərinin böyük publisisti olan Məhəmməd Əmin Rəsulzadənin yaradıcılığı demək olar ki, azadlıq, müstəqillik, milli dövlətçilik ideyaları ilə nəfəs alırdı. Tam əminliklə demək olar ki, milli müstəqillik ideyaları heç bir publisistin yaradıcılığında onun publisistikasında olduğu kimi belə qabarıq və ardıcıl, sistematik deyil. Bəlkə də Azərbaycanın müstəqilliyi arzusu bu publisistikanın yaranma səbəbi idi. Onun istər məqalələrinə, istərsə də irihəcmli əsərlərinə bu ruh hakimdir – Azərbaycan istiqlalı!
Təkcə yaradıcılığını deyil, bütün həyatını Azərbaycanın istiqlalı yoluna həsr edən, milli istiqlalı həm nəzəri, həm də əməli cəhətdən hazırlamaq işini öz üzərinə götürən Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın istiqlalının son qələbəsinə ömrünün sonuna qədər inanırdı. Zaman onun bu inamını doğrultdu, Azərbaycan yenidən müstəqillik əldə etdi.

Nəzrin MƏŞƏDİYEVA
25-05-2024, 22:36
Azərbaycan Mətbuat Şurasının yaranması

Azərbaycan Mətbuat Şurasının yaranması

Azərbaycan jurnalistləri 1990-ci illərin sonlarından KİV-in özünütənzimləmə mexanizminə nail olmaq uğrunda mübarizə aparmışdır. Bu mübarizə onunla nəticələnmişdir ki, 2003-cü ildə ölkədə jurnalistlər bir araya gələrək qurultay keçirmiş, cəmiyyət, dövlət orqanları və kütləvi informasiya vasitələri arasında münasibətlərin ictimai tənzimlənməsi mexanizmi kimi Mətbuat Şurasını yaratmışlar. Yeni Nəsil Azərbaycan Jurnalistlər birliyinin sədri Arif Əliyev qeyd edir ki, hələ 1993-cü il martın 17-də üç qəzet redaktoru yığışıb Mətbuat Şurasının yaradılması ideyasını müzakirə edirdik. Üstündən düz 10 il keçdikdən sonra bu ideyanı gerçəkləşdirmək ərəfəsindəyik. [Hamının qarşısında bəyan edirik. Mətbuatın özünütənzimləmə mexanizmi. Bakı, 2003]
Azərbaycan Mətbuat Şurası 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. 170-ə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Mətbuat Şurasının rəhbər heyəti seçilib. Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.
Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir.
Mətbuat Şurasının 10 illiyi münasibətilə təşkil olunmuş təqdimat mərasimində qeyd olunur: “Mətbuat Şurası ayrı-ayrı qəzetlərin, ömrünü gününü peşəsinə sərf etmiş jurnalistlərin yubileylərinin təşkilində də fəal iştirak edir. Ümumən Azərbaycan mediasının cəmiyyətin dinamik institutu kimi özünü təsdiqləməsi baxımından beynəlxalq əməkdaşlığı vacib şərt kimi nəzərə alan Mətbuat Şurası dünyanın aparıcı media qurumları, eləcə də nüfuzlu beynəlxalq təşkilatların media ilə məsul təbliğini əhatə edir. Şura jurnalistlərin dövlət təltifləri və fəxri adlara layiq görülməsi ilə əlaqədar ənənəni bərpa edib. İlk dəfə olaraq milli mətbuatımızın 130 illik yubileyində jurnalistlər “əməkdar jurnalist” fəxri adına layiq görülüblər. Mətbuat Şurasının birbaşa təşəbbüsü ilə milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin dünyasını dəyişdiyi 28 noyabr tarixi Zərdabinin anım günü kimi qeyd olunmağa başladı.
Mətbuat Şurası təsis olunduğu ilk gündən media mühitimizdəki neqativ halların aradan qaldırılmasına yönələn fəaliyyətə üstünlük verib. Müxtəlif vətəndaş qruplarının ayrı-ayrı media vasitələrindən narazılığı fonunda ümumən jurnalistikamıza yönələn mənfi baxışları aradan qaldırmaq istiqamətində məqsədyönlü tədbirlər gerçəkləşdirilib. Bu tədbirlər istər tematik yığıncaqları, istər əhalinin maarifləndirici təşəbbüsləri, istərsə də media təmsilçiləri arasında peşə dəyərlərinin özəkləri ilə əlaqələr yaratdı. ATƏT, Avropa Şurası, BMT, Beynəlxalq Mətbuat İnstitutu və digər nüfuzlu təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq prioritetləri müəyyənləşdirildi və inkişaf etdirildi.
Mətbuat Şurasının təşəbbüsü ilə Bakıda Türkdilli ölkələrin və toplumların II Media Forumu kimi önəmli hadisə gerçəkləşdi.
Mətbuat Şurasının önəmli fəaliyyət istiqamətlərindən biri də qanunvericilk təşəbbüsləridir. Bu təşəbbüslər medianın işinə maneçilik törədən əngəllərin aradan qaldırılmasından tutmuş jurnalistlərin sosial məişət qayğılarının azaldılmasınadək olan vəzifələrin həyata keçirilməsini nəzərdə tutur. Şura Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının hazırlanmasında, onun layihə mətninin işlənməsində yaxından iştirak etmişdir.
Nəzrin MƏŞƏDİYEVA
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!