Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 26-05-2024, 13:42
Zərdüşt “Avesta”sı – Azərbaycan-Türk Ruhunun ifadəsi kimi

İşıqlı Atalı

Zərdüşt “Avesta”sı – Azərbaycan-Türk Ruhunun ifadəsi kimi

Ürəyinizdə Günəş olsun!

Bəşərin ən qədim yazılı və maddi abidələri sırasında olan Zərdüştün “Avesta”sı Azərbaycan Türklərinin yaşama, insana, dünyaya yanaşmasının, mifologiyasının araşdırılması kimi ciddi, gərəkli, qaçılmaz məsələnin həllində əsaslı özül ideya kimi diqqəti çəkir. Əcdadın özünüifadəsi ardıcıl yaradıcıdır, bənzərsizdir, ilkin qaynaq olub, sonrakı dönəmlər üçün tükənməz düşüncə, əməl imkanları yaradır. Tarixin daha çox ilkin dönəmlərinə baxsaq, ulusallığımızın qədim soraqları ilə bağlı çox faktlar itib-batıb, təhrif olunub. Dünyaya münasibətdə ikili yanaşmanın qaçılmazlığı - Xeyir və Şər anlayışlarının əcdad düşüncəsində aydınlığı, zaman-zaman bu əsasda Zərdüştün şəxsində bütün dünya dinlərinə, fəlsəfələrinə yön verən ilk, möhtəşəm dünyabaxışın yaranması – Türk Ulusu adına dünyaya bənzərsiz sözümüzdür. Zərdüştçülükdə əcdadın dünyanı, həyatı, insanı, təbiəti dərkin yeni səviyyəsinin ifadəsi özünü göstərir. Ancaq dünyanı dərkin açarını verən Türk ulusu uzun yüzillər boyunca inam yaradıcılığı ilə məşğul ola bilmədi, müxtəlif dinlər onun ilkin – özününkü olan dünyabaxışından (Zərdüştlükdəki Xeyir və Şər ideyalarından) bəhrələndi. Zərdüştün “Təmiz düşüncə, təmiz söz, təmiz əməl” ideyası ilkin düşüncədən gəlir. İnsana bu ölçüdə ilahi yanaşma Türk insançılığının ifadəsi ola bilərdi. Sübutu fars ruhundan fərqli olaraq türk ruhunda, konkret Azərbaycan Türklərinin ruhunda – yaradıcılığında ideyanın bütün çalarlarıyla (Azərbaycan muğamlarında, Azərbaycan sazında, bədiyyatında, incəsənətində və s.) yaşamasıdır. İslamın gəlişindən, oturuşmasından sonra Zərdüştün dünyabaxışı, konkret olaraq Od ideyasının ayrıca ölçüdə kutsallaşdırılması xətti zəiflədi, ancaq daha əski düşüncədəki - Tanrıçılıqdakı oda münasibət Novruzda xəlqi kurallar ölçüsündə yaşamağa başladı. Artıq xəlqi düşüncədə Zərdüşt dünyabaxışı səviyyəsində Odun kutsallaşdırılması imkanı İslamın basqısı ilə yoxa çıxarılmışdı. Başqa tərəfdən, dinlərdə, eləcə də İslamda Odun İblis obrazında təqdimi ilə Türk düşüncəsində Oda ilahi-insançı, yaradıcı (içi təmizləyici) yanaşmadan tamamilə fərqli bir yanaşma görürük. Əgər Tanrıçılıqda Günəşin, Odun da tanrılaşdırıldığını nəzərə alsaq, o zaman Türkün Tanrıçılıq dünyagörüşü ilə İslam arasında paralellik, oxşarlıq “axtarıb tapmaq” istəyində uyğunluq məntiqinin olmadığını görürük. Xeyir obrazında Hürmüzd, Şər obrazında isə Əhrimən çıxış edir.
İdeyanın obrazlaşdırılmasının dünyabaxışından bədiyyata – poeziyaya gəlməsinin ən gözəl örnəyi Nizami yaradıcılığıdır. Nizaminin Zərdüşt ideyalarına əsərlərində bu dərəcədə geniş yer verməsinin səbəbi nədir? Nizaminin türklüyü danılmazdır. Nizamidə Zərdüşt ideyalarına geniş yer verilməsi onun fars düşüncəsinə meyillənməsi ilə izah oluna bilməz. “Yeddi gözəl”ə daxil olan “Xeyir və Şər” hekayəsində Xeyir və Şər ideyaları Nizami görümündə dahiyanə biçimdə obrazlaşdırılıb.
Şərsiz Xeyirli insan varmı, mümkündürmü? Yaxud şərlə yoğrulmuş insanda xeyir adına balaca bir nişanə belə yoxdurmu? Nizaminin obrazları xalq ruhunun yetkin ifadəsi kimi meydana çıxır. Bu obrazların şəxsində yüksək bədiyyat səviyyəsində Xeyir obrazında xeyirliyin, Şər obrazında isə şərliyin nədən ibarət olduğu görünür, bilinir. Bu mənəvi tablo Nizaminin yaratdığıdır: kökü Azərbaycan-türk düşüncəsindən gəlsə də, Nizaminin yaratdığı Xeyir, Şər obrazlarıdır. Habelə burada biz Nizaminin ulusal qaynaqdan güc aldığı bəşəriliyini də aydınca görə bilirik.
Hekayə Nizaminin Xeyir obrazının Xeyirliyini, Şər obrazının da Şərliyini axıra kimi ifadə etməsiylə yadda qalır. Bu, Azərbaycan-türk folklorunda, mifoloji düşüncəsində yaşayan ulusal məntiqi yadımıza salır. Xalq düşüncəsində Xeyir axıracan Xeyirdir, Şər axıracan Şərdir. Xalq düşüncəsi yarımçıq Xeyiri Xeyir saymır, eləcə də özünü Xeyir kimi göstərən Şərin şirin dilinə aldanmır. Nizaminin düşüncəsində Şərin şirin dilinə aldanmaq olmaz, Şər Xeyir ola bilməz. Materialist düşüncədə Şərin Xeyirə, Xeyirin Şərə keçməsi “əsaslandırılsa” da məntiq yerini almır, Nizaminin məntiqi isə xalq düşüncəsindən güc alır, bu səbəbdən də insanlığa uyğun sayılır. Xeyir dünyanın mahiyyətindədir, yox olmur, Şər güclü görünsə də, dünyanın gedişindədir, Xeyir kimi güclü deyil. Nizami Xeyir-Şər təzadının (ikiliyinin) mahiyyətini incəliyinə kimi anlayır, bədiyyatının gücüylə aydın, anlaşıqlı şəkildə ideyalar arasındakı təzadı çatdırır. Xeyirin sonda Şərə qıya bilməməsi Nizaminin dünya, həyat gedişatını dərindən duyduğunu göstərir.
Şər obraz kimi öldürülsə də, yenə var. Yəni ağılda, duyğuda Şərlə döyüş onun gerçəklikdən tamamilə silinməsi anlamına gəlmir, ancaq bədiyyatda bu, mümkündür. Nizami bu həqiqəti fitrətən duyduğu, anladığı dərəcədə bədiyyatında üstünlüyü təbii olaraq Xeyirə verir. İlkin mifoloji düşüncədən “Avesta”ya qədərki inkişaf prosesi Xeyir və Şər obrazlarının xəlqi düşüncə, xəlqi dünyabaxış ölçüsündə yol getdiyini göstərir. Tanrıçılıq-Zərdüştçülük xəttinin üzvi bağlılığı, ideya uyğunluğu, birxətliliyi mövzunun daha əhatəli öyrənilməsinin gərəkliyini şərtləndirir. Nizamidə Xeyir və Şər ideyalarının obrazlaşdırılması mövzuya fitrətən ulusal məntiqlə yanaşdığını göstərir. Obrazların iç dünyasının ifadəsi Türk Ulusunun xarakterinə, düşüncəsinə uyğun açılır, mifoloji düşüncədən bədiyyatadək gerçəkləşən idrak yolu Nizami ruhuna kənar etkilərin (bilgilərin) diktəedici rolunun olmadığını sübut edir.
Atanın Zərdüştlüklə bağlı içsəsini oxuculara sunuram.
***

İNAM ATA (ASİF ATA)
ZƏRDÜŞTLÜYÜMÜZ – İŞIQÇILIĞIMIZ

1
Azərbaycana zahiri gözlə baxanda, o, kiməsə balaca görünə bilər.
Ancaq Mənanı xarici gözlə görmək olmaz.
Mənanı Daxili gözlə – İdrakın, Ruhun gözüylə görmək olar.
Daxili gözlə baxanda Azərbaycan çox böyük görünür – Şərq Mahiyyətinin Bütöv, Parlaq, Dərin ifadəsi kimi; Ruhani Mərkəz səviyyəsində.
Azərbaycanımızın – Azərbaycanlığımızın Böyük Fərəhləri və Böyük Kədərləri var.
Azərbaycanımızın Birinci Böyük Fərəhi – Zərdüştçülükdür.
Azərbaycanımızın İkinci Böyük Fərəhi – Xürrəmdinlik – Babəklikdir.
Azərbaycanımızın Üçüncü Böyük Fərəhi – Dədə Qorqudluqdur – Ağsaqqallıqdır.
Azərbaycanımızın Dördüncü Böyük Fərəhi – Hürufilikdir – Nəimilik–Nəsimilikdir.
Azərbaycanımızın Beşinci Böyük Fərəhi – Füzulilikdir.
Azərbaycanımızın Altıncı Böyük Fərəhi – Muğamdır.
Azərbaycanımızın Yeddinci Böyük Fərəhi – Sazdır.
Azərbaycanımızın Birinci Böyük Kədəri – Midiyanın Süqutudur.
Azərbaycanımızın İkinci Böyük Kədəri – Babəkin Qətlidir.
Azərbaycanımızın Üçüncü Böyük Kədəri – Çaldıran Fəlakətidir.
Azərbaycanımızın Dördüncü Böyük Kədəri – Türkmənçay Yırtıcılığıdır.
Azərbaycanımızın Beşinci Böyük Kədəri – Milli Hökumətin (Azərbaycan Xalq Cümhuriyyətinin – İ.A.) devrilməsidir.
Azərbaycanımızın Altıncı Böyük Kədəri – 20 Yanvardır.
Azərbaycanımızın Yeddinci Böyük Kədəri – Xocalı Faciəsidir.
Azərbaycanımızın sabahını – Ocaqda, Ocaqçılıqda görürük; Atalıqda, Evladlıqda.
Mütləqə İnamda görürük.
Ruhani cəmiyyətdə görürük.
Müstəqil Vətəndə görürük.
Özümlü Şərqdə görürük.
Ləyaqətli Bəşərdə görürük.
Azərbaycan Ruhunun izharını Zərdüştçülüyümüzdən başlayırıq.
2
Zərdüştçülükdə peyğəmbərlik başlayır: Vəcd, Vəhy, Eşq, Ehtizaz vasitəsiylə İnam yaratmaq, İnamı Ağıllara, Ürəklərə, Aqibətlərə həkk etmək Əməli.
Zərdüşt Peyğəmbərliyi yarananda Budda yox idi, Musa yox idi, İsa yox idi, Məhəmməd yox idi.
Zərdüşt Peyğəmbərliyində Qismətçilik yox idi, Təskinlik yox idi, Cənnət-Cəhənnəm, Huri-Pəri miskinliyi yox idi.
3
Zərdüştçülükdə Hürmüzd İşığıyla Əhrimən qaranlığı arasında Döyüş var; İşıq Allahı – Hürmüzd Qaranlıq Allahı – Əhrimənlə Yerdə, Göydə döyüşür, İnsanın Daxilində – Fikirdə, Duyğuda, İradədə, Əməldə döyüşür; Hürmüzd İşığı gərəkdir Dünyaya – Qaranlıqları Yaran – İşıqlanmalıdır Dünya.
Fəlakət Səadətlə İşıqlanmalıdır; Həsəd Heyrətlə, Qorxu Cəsarətlə, Həqarət Ləyaqətlə, Hərislik Səxavətlə, Dönüklük Sədaqətlə, Zülm Ədalətlə, Hərcayilik Müqəddəsliklə.
İşıqla Qaranlıq Təzadından Dünya ikiləşib.
İkilik aradan qalxmalı, Hürmüzd Əhrimən üzərində qələbə çalmalıdır, çalacaq; qaranlıq Dünyadan çəkiləcək, Dünya işığa qərq olacaq.
4
İşıqla Qaranlığın Döyüşü İnsanda baş verir.
İnam adlı Hürmüzd – İnamsızlıq adlı Əhrimənlə döyüşür.
Xalislik Naqisliklə, Müdriklik Naşılıqla, Saflıq Günahla, İnsanilik Heyvaniliklə döyüşür.
Daxili Aləm İşığa qərq olur, Dünyanı İşığa qərq edir. İnsan İşıqlandıqca Dünya İşıqlanır.
İnsan – İşıq Yoluna düşür, İşıq Yolu olur.
5
Dodaq Yalandan təmizlənir, Beyin Xurafatdan təmizlənir, Əl Haramdan təmizlənir.
Təmiz Söz, Təmiz Fikir, Təmiz Əməl yaranır.
Zərdüştə böhtan atıb onu Zinalıq təbliğində günahlandırırlar: Zinalıqla Təmiz Əməl Tələbi - biri digərini inkar edir.
Zərdüştdə Cənnət-Cəhənnəm, Allah xofu tapırlar: Cənnət-Cəhənnəm Hürmüzd Qələbəsinin labüdlüyüylə, Dünyanın özündə (o Dünyada yox!) yaranacaq İşıq səltənəti İnamıyla bir araya sığmır; Qorxu – Hürmüzd hünərinin İnkarıdır.
Zərdüştü sonrakılar bədnam eləməyə və özümləşdirməyə – özünə bənzətməyə cəhd göstəriblər.
6
Od – Zərdüştdə İşıq Rəmzidir. Atəşpərəstlər, əslində İşıqpərəstlərdir.
Zərdüşt Odu – Qaranlıq yaran Oddur, Prometey Odu – isidən. Od – Yanmaq Rəmzidir.
Yanmasan – İşıqlanmazsan, Təmizlənməsən – Dünya İşıqlanmaz, Təmizlənməz.
Od çirk götürmür, çirki yandırıb yox eləyir.
Oda səcdə – İşığa səcdədir.
Od qorumaq – əslində İşıq qorumaqdır.
Azərbaycançılıq – əslində İşıqçılıqdır.
7
Zərdüştdə Bədən Ruhdan asılıdır.
Bədəni urvata mindirən ruhdur.
Ruhdan məhrum olan Bədən urvatsız olur.
Amansız səslənir bu İdeya.
Ruh Zərdüştdə cismani enerji deyil – İdrakdır, Mənəviyyatdır. İnsan öləndə Bədən İdraksızlaşır, Mənəviyyatsızlaşır.
Zərdüştdə ölü bədənə hörmət yoxdur – ölünün O Dünya Yolu yoxdur; o “Axirət Dünyası”na heç nə aparmır, ölü bədən heç olur.
Misir xurafatına (ölünün mumiyalanması) qarşı çevrilmiş bu fikirdə gələcək xurafatların inkarı var.
8
Dinlərin hamısı Xeyir–Şər təzadı əsasında qurulub. Xeyir–Şər Təzadı Hürmüzd–Əhrimən İkiliyinin Təzahürüdür.
Dini ikiliyin (Dualizmin) canı Zərdüştçülükdür.
9
Dinlər Xilaskarlıq – Messiyaçılıq İdeyası əsasında qurulub. Messiyalar – Dini xilaskarlar – Hürmüzd çeşidləridir.
Ən məşhur Hürmüzd İsadır – Əhrimənlə döyüşdə çarmıxa çəkilən, ancaq “ölməyən, dirilən, qayıdacağı gözlənilən”.
Musa, Məhəmməd timsalında da Hürmüzd canlandırılır – şəxsiyyətlər əfsanələşir.
10
Buddaçılığın Əsası – Daxili Təmizlik İdeyasıdır – İmtina vasitəsiylə Ruhu ram etməkdir.
Bu ideya Zərdüştün Təmizlik Yolunun davamıdır: İfrat davamıdır, istəklərin inkarıdır, ancaq Zərdüştlə qırılmaz tellərlə bağlıdır.
Zərdüştdə İnsan naqis istəklərindən əl çəkirdi, Buddada bütün istəklərindən.
Zərdüştün Məqsədi – Hürmüzd Dünyasıydı, Buddanınkı Nirvana – Mütləq Ruhani Sakitlik.
Zərdüştdə Təmizlənmək – yanmaq idi, Buddada – sönmək.
Zərdüşt Odundan Budda külü törədi!..
11
Platonçuluq – İdeyalar – Əşyalar təzadına əsaslanır: Platonda Həyat – İdeyanın kölgəsidir.
Bu fikirdə Hürmüzd – Əhrimən, İşıq – Qaranlıq ikiliyinin təzahürü görünür.
12
Dialektika (Heraklit, Hegel) əksliklərin – təzadların, ziddiyyətlərin döyüşü və vəhdəti əsasında qurulub.
Bu ideyada Zərdüştçülük duyulur.
“Dünya – təzadlar döyüşüdür!” – dialektikanın dediyi bu fikri əvvəl Zərdüştlük deyib.
Fərq ondadır ki, Zərdüştdə Əksliklər Vəhdəti yoxdur, yalnız əksliklər Döyüşü var və həqiqət bizcə Zərdüştün tərəfindədir.
Təzadlar bir yerdə olanda belə, Bir olmurlar!
13
Babək Fərəh dini yaratmışdı.
Babək fərəhində Hürmüzd İşığı yanırdı.
Babək özündə Şirvin gəzdirirdi, bu, Şirvin adlanan Hürmüzd idi.
Babək Hürmüzdlük eləyirdi – Əhrimənlə döyüşürdü.
14
Sufilər Eşq Əhli idilər, İlahiliyə Atəşin Eşq bəsləyirdilər. Odluydular, Eşq Odunda alışıb-yanırdılar. İşıqlıydılar.
Aşiqlikdə – Təmizlənirdilər, Şəriətləşirdilər, Mərifətləşirdilər, Təriqətləşirdilər: İşıqlı hallar keçirirdilər – İşıqlanırdılar – İlahiliyə qovuşurdular.
Hürmüzd İşığıydı həmin Eşq – Qaranlıqları Yaran Odlu Əməl.
15
Kimdir Zərdüşt, kimindir Zərdüşt?
Midiyalıdır, Midiyanındır – Azərbaycanlıdır, Azərbaycanındır.
Yeni eradan əvvəl VI əsrdə indiki Güney Azərbaycanda həyata gəlmiş, yaşamışdır.
Əsərlərinin çoxu Makedoniyalı İsgəndər tərəfindən yandırılmış, yandırılmayanlar – Pəhləvi dilinə tərcümə olunmuşdur.
Midiyanın Süqutundan sonra Əhəmənilər dövründə Zərdüştlük İranın dövlət dini olub.
Midiyadan – Azərbaycandan Dünyaya İşıq saçıb Zərdüşt.
Zərdüşt – Azərbaycanındır, Şərqindir, Dünyanındır.
16
Zərdüştlüyə qayıtmağa çağırmırıq.
Hürmüzd İşığına qovuşmağa çağırırıq.
Əzəli Ocaqlığımıza çağırırıq.
Qaranlar Yarılsın! Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
3 İşıq ayı, 14-cü il (may, 1992)


Paylaş



Bölmə: Mədəniyyət / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!