Azərbaycanın strateji yüksəlişi və Orta dəhlizin yeni geosiyasi reallıqları Son beş ildə Cənubi Qafqazda müşahidə olunan strateji transformasiya - regionun nəqliyyat, tranzit və enerji sahəsində əməkdaşlıq coğrafiyasına çevrilmə prosesi birbaşa olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin strateji təşəbbüslərinə, düzgün seçimlərinə, yüksəksəviyyəli diplomatiyasına və qlobal vizioner liderliyinə əsaslanır. Bu transformasiya təsadüfi deyil, əksinə, uzunmüddətli strateji planlaşdırmanın məntiqi nəticəsidir.
İlham Əliyev prezidentliyinin ilk illərindən etibarən regionun strateji potensialını üzə çıxarmaq, Azərbaycanın geosiyasi mövqeyindən maksimum dərəcədə faydalanmaq məqsədilə ardıcıl və sistemli addımlar atmışdır. Onun liderliyi altında Azərbaycan yalnız milli maraqlarını qorumaqla kifayətlənməmiş, eyni zamanda regional sabitliyin və rifahın əsas təminatçısı rolunu da öz üzərinə götürmüşdür.
Prezident İlham Əliyevin siyasəti sayəsində Cənubi Qafqaz sülh, əməkdaşlıq və sabitlik məkanına çevrilibBu yanaşma barədə daha əvvəl - 10 fevral 2023-cü ildə mediada dərc olunmuş "Orta dəhlizin qlobal perspektivi - Prezident İlham Əliyevin strateji uzaqgörənliyinin növbəti nümunəsi" sərlövhəli analitik məqalədə ətraflı bəhs olunmuşdu. Həmin məqalədə Orta dəhlizin yeni geosiyasi reallıq formalaşdırmaq potensialı təhlil edilmiş və Prezident İlham Əliyevin strateji baxışının geniş coğrafiyaya proyeksiya ediləcəyi qənaəti irəli sürülmüşdü. Məqalədə bu fikirlər xüsusi vurğulanırdı: "Orta dəhliz layihəsinin ideyadan cəlbedici konsepsiyaya, oradan isə real layihəyə çevrilməsində mahir strateq kimi Prezident İlham Əliyevin qlobal və regional konteksti obyektiv təhlili, transmilli layihələrin uğurlu icrası, həmçinin təcrübəli siyasi lider intuisiyasından qaynaqlanan strateji yanaşması mühüm rol oynamış və çoxtərəfli səylərin bünövrəsini formalaşdırmışdır".
Dünyada, xüsusən də Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında baş verən dərin geosiyasi dəyişikliklər və onların yaratdığı yeni dinamika bir daha sübut etdi ki, Prezident İlham Əliyev nüfuzlu qlobal liderlər sırasında xüsusi yer tutur. Onun siyasi cəsarəti və strateq kimi ustalığı Cənubi Qafqazın taleyini köklü surətdə dəyişdirmiş, bölgəni uzun illər müharibə təhlükəsi ilə yaşayan məkan statusundan çıxararaq sülh, əməkdaşlıq və sabitlik platformasına çevirmişdir.
Orta dəhlizin Avrasiyanın əsas tranzit arteriyasına çevrilməsi perspektivi Azərbaycanın təşəbbüslərinin geniş coğrafiyada strateji nəticələr doğurduğunu nümayiş etdirir. Bununla yanaşı, Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı əldə olunmuş razılaşmalar regionun geosiyasi koordinatlarını yenidən müəyyənləşdirərək həm regional güclər, həm də qlobal aktorlar arasında maraqların balanslaşdırılmasına imkan yaradır.
Bu proseslərdə Azərbaycan-Çin əməkdaşlığının yaratdığı imkanlar xüsusi əhəmiyyət daşıyır. Heydər Əliyevin 1994-cü ildə Çinə səfərləri zamanı imzalanmış əməkdaşlıq sənədləri və həmin ilin sentyabrında bağlanmış "Əsrin müqaviləsi" Azərbaycanın geosiyasi yüksəlişinin strateji bünövrəsini qoymuşdur. İlham Əliyev bu xətti müasir geosiyasi çağırışlara uyğun şəkildə davam etdirərək, Azərbaycanın rolunu təkcə region çərçivəsində deyil, həm də qlobal nəqliyyat, enerji və iqtisadi əməkdaşlıq mərkəzi səviyyəsinə yüksəltmişdir.
Avrasiya tranzitinin yeni ünvanıOrta dəhliz Qazaxıstan və Xəzər dənizi (Azərbaycan limanları) üzərindən Çin yüklərinin Gürcüstan və Türkiyə vasitəsilə Avropaya daşınmasında 2021-ci ildən etibarən nəzərəçarpacaq dərəcədə sürətli artım nümayiş etdirir. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ildə Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınan yüklərin həcmi 33,258 min tona çatmışdır. Dəmir yolu, dəniz və avtomobil nəqliyyatı komponentlərinin hər biri əhəmiyyətli artım dinamikası göstərmişdir. Müstəqil təhlillər də təsdiq edir ki, 2024-cü ildə Orta dəhliz üzərindən daşımalarda 60 faizdən çox artım qeydə alınmışdır ki, bu da yük axınlarının intensivliyinin davamlı olaraq yüksəldiyini nümayiş etdirir.
"Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının təqdim etdiyi statistik göstəricilərə əsasən, 2024-cü ildə Qazaxıstan və Azərbaycanın dəniz limanları ilə daşınan yüklərin həcmi 2023-cü illə müqayisədə 20 faiz artaraq 3,3 milyon tona yüksəlmişdir. Xüsusilə konteyner daşımalarının həcmi 176 faiz artaraq 56,5 min TEU təşkil etmiş, Çindən yola salınan konteyner qatarlarının sayı isə əvvəlki illə müqayisədə 33 dəfə artmışdır. Bu göstəricilər, həm islahatların səmərəliliyini, həm də dəhlizin artan strateji əhəmiyyətini təsdiq edir.
Mövcud dinamika göstərir ki, Orta dəhliz yalnız iqtisadi marşrut deyil, həm də əməkdaşlıq üçün yeni siyasi arxitekturanın formalaşmasına zəmin yaradır. Bu layihədə böyük güclərin və beynəlxalq qurumların iştirakı iqtisadi stimulları siyasi təminatlarla möhkəmləndirir. Azərbaycan strategiyasının əsas məqsədi məhz regionun bu perspektivdə fəal iştirakını təmin etmək olmuşdur. Bu hədəflərə nail olmaq üçün Prezident İlham Əliyev xarici sərmayələri cəlb etmiş, dəhliz üzrə çoxtərəfli danışıqlar aparmış və vaxtında atılmış infrastruktur addımları ilə Azərbaycanın tranzit gücünü əhəmiyyətli dərəcədə artırmışdır.
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci sammitindən sonra Orta dəhlizin cəlbediciliyinin və strateji əhəmiyyətinin daha da gücləndiyi bir daha təsdiqlənmişdir. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin intensivləşməsi yalnız ikitərəfli münasibətlər müstəvisində deyil, həm də regional nəqliyyat-logistika sisteminin formalaşmasında Bakının aparıcı mövqeyini möhkəmləndirmişdir. Orta dəhliz marşrutu, "Cənub qaz dəhlizi" və digər strateji layihələr Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu gücləndirir. Prezident İlham Əliyevin təşəbbüsləri regional iqtisadi inteqrasiyanın dərinləşməsində həlledici rol oynayır. Onun siyasi iradəsi əsasında yaradılan çoxşaxəli əməkdaşlıq mexanizmləri Mərkəzi Asiya enerji ehtiyatlarının dünya bazarlarına çatdırılmasında alternativ imkanlar formalaşdırır.
Beləliklə, Orta dəhliz artıq sadəcə alternativ nəqliyyat marşrutu deyil, həm də regional sabitlik, qarşılıqlı etimad və çoxtərəfli əməkdaşlığın əsas dayaqlarından birinə çevrilmişdir. Azərbaycanın Qazaxıstan, Türkmənistan və Özbəkistanla enerji və nəqliyyat sahəsində imzaladığı razılaşmalar, Xəzər üzərindən artan tranzit həcmi və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişlənmiş imkanları bu yeni mərhələnin praktiki nəticələrini nümayiş etdirir.
Azərbaycan təkcə tranzit ölkə funksiyasını yerinə yetirmir, eyni zamanda regional əməkdaşlığın memarı kimi çıxış edir. Prezident İlham Əliyevin təşəbbüsləri yalnız iqtisadi layihələrlə məhdudlaşmır, həm də siyasi müstəvidə etimadın, dialoqun və təhlükəsizlik zəmanətlərinin gücləndirilməsinə xidmət edir.
Nəticə etibarilə 25-ci ŞƏT sammitindən sonra formalaşan yeni reallıq göstərir ki, Orta dəhliz və Azərbaycan üzərindən keçən marşrutlar artıq qlobal geosiyasi və iqtisadi gündəliyin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Bu inkişaf yalnız region dövlətləri üçün dayanıqlı iqtisadi yüksəliş perspektivləri yaratmır, həm də bütövlükdə Avrasiya məkanında sülh, təhlükəsizlik və sabitliyə töhfə verir.
Çin-Azərbaycan əlaqələri: dostluqdan strateji tərəfdaşlığaAzərbaycanın Çinin "Bir kəmər, bir yol" təşəbbüsünə fəal inteqrasiyası və ölkənin Orta dəhliz layihəsində mərkəzi rolunun möhkəmləndirilməsi bu baxımdan xüsusi strateji əhəmiyyət kəsb edir. Çin-Azərbaycan münasibətləri son illərdə dinamik inkişaf edərək yeni mərhələyə qədəm qoymuşdur. İkitərəfli ticarət dövriyyəsinin davamlı artımı, enerji sektorunda əməkdaşlığın genişlənməsi, həmçinin infrastruktur layihələrində Çinin iştirakının güclənməsi bu tərəfdaşlığın uzunmüddətli və strateji xarakter daşıdığını təsdiq edir.
Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və uzaqgörən diplomatiya, eləcə də Çin ilə qurduğu etimada əsaslanan münasibətlər Azərbaycanın Pekin üçün Cənubi Qafqazdakı əsas tərəfdaş mövqeyinə yüksəlməsini təmin etmişdir. Xüsusilə Prezident İlham Əliyevin 2025-ci ilin 22 aprelində Çin Xalq Respublikasına dövlət səfəri və bu çərçivədə imzalanan strateji sənədlər ikitərəfli münasibətləri yeni keyfiyyət mərhələsinə qaldırmışdır. Azərbaycan-Çin Strateji Tərəfdaşlıq Sazişi təkcə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə deyil, həm də regional inteqrasiya proseslərində Azərbaycanın rolunun əhəmiyyətli dərəcədə güclənməsinə xidmət edir.
Çin tərəfi Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir və Cənubi Qafqazda Bakının regional lider statusunu qəbul edir. Pekin üçün Azərbaycan balanslı, etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş kimi çıxış edir. Bu əməkdaşlığın güclü iqtisadi əsasları mövcuddur: Çin Milli Neft Korporasiyası (CNPC) artıq Xəzər hövzəsində bir sıra layihələrdə iştirak edir. Bununla yanaşı, Çinin "Asia Infrastructure Investment Bank"ı Azərbaycanın logistika və nəqliyyat infrastrukturunun maliyyələşdirilməsində mühüm potensial partnyor kimi çıxış etmək imkanına malikdir.
Rəsmi məlumatlara görə, 2024-cü ildə yalnız Azərbaycan üzərindən daşınan Çin mənşəli yüklərin həcmi 4,5 milyon tona çatmışdır ki, bu da 2021-ci illə müqayisədə beşqat artım deməkdir. Bu nəticə Çinin Rusiya üzərindən keçməyən sabit və etibarlı alternativ marşruta sahib olmasını təmin edir. Azərbaycan üçün isə bu, həm strateji əhəmiyyətli tərəfdaşlığın dərinləşməsi, həm də əlavə iqtisadi gəlir mənbəyinin formalaşması baxımından mühüm nailiyyətdir.
Azərbaycan enerji bazarının şaxələndirilməsi strategiyasında Çini həm potensial iri istehlakçı, həm də investisiya mənbəyi kimi nəzərdə tutur. Bu baxımdan Bakı ilə Pekin arasında formalaşan strateji əməkdaşlıq yalnız iqtisadi sferanı deyil, bütövlükdə regional təhlükəsizlik və inteqrasiya proseslərini dəstəkləyən mühüm amillərdən biri kimi çıxış edir.
Burada xüsusi fikir verilən məqam ondan ibarətdir ki, Azərbaycan üçün qardaş türk dövlətləri ilə imzaladığı Naxçıvan Sazişi və Türk Dövlətləri Təşkilatının (TDT) yaradılması Orta dəhliz layihələrinin strateji çərçivəsini tamamlayan önəmli mərhələ olmuşdur. 2009-cu ildə imzalanan Naxçıvan Sazişi ilə TDT yaranmış, bugünkü formatda inteqrasiyanın əsası qoyulmuş və üzv dövlətlər arasında siyasi, iqtisadi və mədəni əməkdaşlıq üçün institusional baza təmin edilmişdir. Bu təşəbbüs Azərbaycanın regional inteqrasiya proseslərində liderlik rolunu və uzaqgörən diplomatik siyasətini bir daha göstərir.
6 müstəqil türk dövləti birlikdə 4,7 milyon kvadrat kilometr ərazini əhatə edir. Müqayisə üçün qeyd edək ki, Avropa İttifaqı ölkələrinin ərazisi ümumilikdə 4 milyon kvadrat kilometrdır. Türkdilli xalqların iqtisadi göstəricilərinə, o cümlədən ÜDM alıcılıq qabiliyyəti pariteti ilə hesablamalara nəzər yetirsək, türkdilli müstəqil dövlətlər birlikdə 3,4 trilyon dollardan daha çox göstəriciyə sahibdir. Bütün bu parametrlər TDT-nin gerçək Avrasiya gücünə çevrilməsi imkanlarını göstərir. Bu perspektiv ilk olaraq Bakıdan irəli sürülmüşdür. Hazırda təşkilatın instituisonal inkişafı impulslarının mərkəzi də Azərbaycandır.
TDT vasitəsilə Azərbaycan, Orta dəhliz, Zəngəzur dəhlizi (TRIPP) və digər regional layihələrdə strateji tərəfdaşları ilə əməkdaşlığını gücləndirmiş, türk dünyasının inteqrasiyasını və regional sabitliyi təmin etmişdir. Bu əməkdaşlıq həm geosiyasi, həm də iqtisadi üstünlüklər yaradır və Azərbaycanın regional lider mövqeyini daha da möhkəmləndirir, həmçinin Orta dəhliz və Zəngəzur dəhlizi (TRIPP) layihələrinin uğurla reallaşdırılmasında mühüm rol oynayır. Bu istiqamətdə TDT üzv dövlətləri ilə əlaqələrin gücləndirilməsi Azərbaycanın strateji təsir imkanlarını əhəmiyyətli dərəcədə artırmışdır.
Zəngəzur dəhlizinin (TRIPP) yeni geosiyasi trendləri2025-ci ilin avqustunda ABŞ-nin fəallığı və təşəbbüsləri Azərbaycan və Ermənistan arasında "Zəngəzur dəhlizi"nin açılması üçün əlverişli geosiyasi fon yaratdı. Vaşinqtonun yaxından iştirakı etibarlı təhlükəsizlik zəmanətləri sisteminin formalaşmasına imkan verir və ABŞ-nin Cənubi Qafqazda strateji mövcudluğunu dərinləşdirmək istiqamətində seçilmiş siyasət kursunu təsdiqləyir. Marşrutun inşası və idarə olunmasında ABŞ-nin iştirakı, Rusiyanın dominant mövqe uğrunda cəhdlərinin və İranın regional ambisiyalarının fonunda yeni balanslaşdırıcı element kimi çıxış edir.
Qərb analitikləri bu təşəbbüsü Cənubi Qafqazda Qərblə infrastruktur bağlantılarının möhkəmləndirilməsi, regionun qlobal iqtisadi inteqrasiyasına töhfə verən düşünülmüş addım kimi dəyərləndirirlər. Sövdələşmə Rusiya, İran, Türkiyə və Qərb aktorları arasında geosiyasi balansın yenidən kalibrasiyasına səbəb olmuşdur. Zəngəzur dəhlizinin (TRIPP) balanslaşdırıcı funksiyası xüsusilə Ermənistan üçün önəmlidir: bu, yeni iqtisadi imkanlar yaradaraq regional inteqrasiyanı təşviq edir, Rusiyadan strateji asılılığı zəiflədir və Türkiyə ilə əməkdaşlığı bərpa etməyə şərait yaradır. Nəticədə, İran və Rusiyanın ambisiyaları məhdudlaşdırılır, Avropa İttifaqı və Çin kimi aktorların regional iqtisadi layihələrdə daha fəal iştirakı üçün zəmin formalaşır. Bu proses davamlı sülhün, çoxformatlı əməkdaşlığın və bölgənin iqtisadi transformasiyasının təmin edilməsinə xidmət edir.
Zəngəzur dəhlizinin (TRIPP) bu perspektivdə reallaşması Prezident İlham Əliyevin Cənubi Qafqazın strateji dəyərini artırmaq, böyük güclərin maraqlarını tarazlaşdırmaq və münaqişə gündəliyini iqtisadi əməkdaşlıqla əvəzləmək siyasətinin mühüm tərkib hissəsi kimi dəyərləndirilə bilər. Bu baxımdan ABŞ administrasiyasının, o cümlədən Prezident Trampın şəxsən prosesə maraq göstərməsi, Azərbaycanın dövlət başçısının transformativ və vizioner baxışını qəbul etməsinin göstəricisidir. İlham Əliyevin sülh gündəliyini ardıcıl və güzəştsiz şəkildə irəli aparması, regionun gələcək təhlükəsizliyini təmin etməkdə göstərdiyi qətiyyət onun liderliyinin və uzaqgörənliyinin real təzahürüdür.
Müasir dövrdə Azərbaycanın tranzit və enerji mərkəzinə çevrilməsi eyni zamanda strateji ənənənin, həm də Ulu Öndər Heydər Əliyevin 1990-cı illərdə əsasını qoyduğu strateji kursun məntiqi davamıdır. 1994-cü ilin martında Heydər Əliyevin Çinə rəsmi səfəri zamanı imzalanmış dostluq və əməkdaşlıq bəyannaməsi, eləcə də hava nəqliyyatı, elm, mədəniyyət, turizm və səhiyyə sahələrində razılaşmalar Azərbaycanın Şərqlə yeni inteqrasiyasının təməlini qoydu. Elə həmin ilin sentyabrında imzalanan "Əsrin müqaviləsi" isə ölkənin enerji siyasətini beynəlxalq səviyyəyə çıxardı, xarici sərmayələrin cəlb olunmasına və nəqliyyat-ixrac infrastrukturunun inkişafına zəmin yaratdı.
Prezident İlham Əliyev bu strateji xətti yeni geosiyasi reallıqlara uyğun şəkildə inkişaf etdirərək, Zəngəzur dəhlizi (TRIPP) və Orta dəhliz təşəbbüslərini reallığa çevirir. Beləliklə, Azərbaycanın Avrasiya məkanında artan rolu həm bugünkü diplomatik fəaliyyətlərin, həm də Heydər Əliyevin uzaqgörən siyasətinin tarixi mirasının nəticəsidir. Bu amil nəzərə alınmadan regionla bağlı diskursun aparılması mümkün deyil.
Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri