SOCAR-la Suriya Hökuməti arasında Memorandum imzalandı .....                        Kim Çen In Lavrovu qəbul edib .....                        İlham Əliyev Əhməd Əl Şaraa ilə görüşüb - FOTO .....                        Qafqazdan barış mesajı: Bakı Yaxın Şərqdə sülhə necə töhfə verir… .....                        Suriya Prezidenti Bakıya gəldi - FOTO .....                        “41 illik çirkin oyunu pozub alt-üst etdik” - Ərdoğan .....                        "Sputnik Azərbaycan” Rusiya FTX-nin filialı olub - Bəyanat .....                        Rusiya Ukraynaya hücum etdi: 2 ölü, 20 yaralı .....                        Sabahın hava proqnozu .....                       
Bu gün, 14:24
SOCAR-la Suriya Hökuməti arasında Memorandum imzalandı


SOCAR-la Suriya Hökuməti arasında Memorandum imzalandı

İyulun 12-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın ölkəmizə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandumu Azərbaycanının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.
Bu gün, 14:23
Kim Çen In Lavrovu qəbul edib


Kim Çen In Lavrovu qəbul edib

Şimali Koreya lideri Kim Çen In Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib.
Görüş Vonsan şəhərində baş tutub.
Lavrov dünəndən Şimali Koreyaya səfər edir.
Bundan əvvəl o, Şimali Koreyanın xarici işlər naziri Çoi Son Xi ilə danışıqlar aparıb. Bundan sonra hər iki ölkənin xarici işlər nazirliklərinin rəhbərlərinin birgə mətbuat konfransı olub.
Bu gün, 14:05
İlham Əliyev Əhməd Əl Şaraa ilə görüşüb - FOTO


İlham Əliyev Əhməd Əl Şaraa ilə görüşüb - FOTO

İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə geniş tərkibdə görüşü olub.
Dövlətimizin başçısı Suriya Ərəb Respublikasının keçid dövrü Prezidentini qarşılayıb.
Azərbaycan Prezidenti İlham Əliyev və Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa rəsmi foto çəkdiriblər.
Bu dəqiqələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə məhdud tərkibdə görüşü keçirilir.



Bu gün, 13:34
Qafqazdan barış mesajı: Bakı Yaxın Şərqdə sülhə necə töhfə verir…


Qafqazdan barış mesajı: Bakı Yaxın Şərqdə sülhə necə töhfə verir…

Yaxın Şərqdə uzun illərdir davam edən gərginliklər, xüsusilə Suriya ilə İsrail arasında yaşanan qarşıdurmalar, beynəlxalq təhlükəsizlik gündəminin əsas mövzularından biri olaraq qalır. Lakin bu mürəkkəb siyasi və hərbi münaqişədə diqqətçəkici bir inkişaf da yaşanır: Azərbaycan kimi regional güc mərkəzi diplomatik və humanitar vasitələrlə bu gərginliyin azaldılmasında mühüm rol oynamağa başlayıb.

Azərbaycanın neytral və balanslı xarici siyasəti

Azərbaycan uzun illərdir balanslı və praqmatik xarici siyasət yürüdür. Bu siyasətin əsas istiqamətlərindən biri də müxtəlif regionlarda sabitliyin və sülhün təmin olunmasına töhfə verməkdir. Bakı həm İslam dünyası, həm də Qərb ölkələri ilə yaxın əlaqələr saxlayır. İsrail və Suriya kimi bir-biri ilə zidd mövqedə olan dövlətlərlə diplomatik və humanitar sahələrdə əlaqələr qurmaq Azərbaycanın unikal mövqeyini möhkəmləndirib.
Azərbaycanın İsrail ilə strateji əməkdaşlığı, xüsusilə təhlükəsizlik və texnologiya sahələrində olduqca dərinləşib. Eyni zamanda, Azərbaycan Suriyada humanitar böhranın yumşaldılması məqsədilə yardım proqramları həyata keçirib və regiondakı qaçqınlara dəstək verib.



Sülh təşəbbüsləri və vasitəçilik rolu

Beynəlxalq mediada yayılan xəbərlərə əsasən, Azərbaycan rəsmi dairələri altı aya yaxındır ki, İsrail və Suriya arasında dolayı diplomatik kanalların qurulmasında müəyyən rol oynayıb. Diplomatik mənbələr bildirirlər ki, Azərbaycan vasitəsilə ötürülən mesajlar gərginliyin azaldılmasına və lokal atəşkəs razılaşmalarına nail olunmasında əhəmiyyətli olub.
Bu ilin aprel ayında Baş nazir Benyamin Netanyahunun dəftərxanası Azərbaycanda İsrail və Türkiyə rəsmiləri arasında Suriya barədə görüşün keçirilməsi faktını təsdiqləyib. İsrail görüşün təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edib.
May ayında İsrailin “Kanal 12” telekanalının yaydığı məlumata görə, Bakıdakı İsrail-Suriya danışıqlarda İsraili Müdafiə Qüvvələrinin Əməliyyat İdarəsinin rəisi general-mayor Oded Basiuk təmsil edib. Görüşdə Suriya hökumətinin rəsmilərilə yanaşı, Türkiyə nümayəndələri də iştirak edib.
Bu cür fəaliyyətlər Bakının yalnız enerji ixracatçısı və iqtisadi güc mərkəzi deyil, həm də regional diplomatiyanın aparıcı iştirakçısı kimi çıxış etdiyini göstərir. Azərbaycanın vasitəçilik rolu, həmçinin onun BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində nüfuzunun artmasına da töhfə verir.



Humanitar yardım və yenidənqurma sahəsində dəstək

Azərbaycanın bu münaqişədəki töhfəsi yalnız siyasi vasitəçiliklə məhdudlaşmır. Suriya ərazisində yerləşən qaçqın düşərgələrinə göndərilən ərzaq, tibbi ləvazimat və digər humanitar yardım kampaniyaları yerli əhali tərəfindən böyük minnətdarlıqla qarşılanıb. Azərbaycanın Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi bu proqramlar, regionda ölkəmizin imicinin güclənməsinə səbəb olub.

Gələcəyə baxış

Azərbaycan Suriya ilə İsrail arasında gərginliyin aradan qaldırılmasında və danışıqlar prosesində sakit diplomatiya prinsipindən çıxış edərək görüşlərin təşkil olunmasına öz töhfəsini verib. Bakı həmçinin,Türkiyə ilə İsrail arasında və Suriya mövzusunda gərginliyin aradan qaldırılmasında qaynar xətt mexanizmi yaradılmasına önəmli rol oynayıb.
Azərbaycanın Suriya-İsrail münasibətlərində oynadığı vasitəçi rolu Yaxın Şərqdə sülh prosesinin yeni mərhələyə qədəm qoymasına yardımçı ola bilər. Bakı bu istiqamətdə daha geniş beynəlxalq dəstək qazana və diplomatik mövqeyini daha da gücləndirə bilər.
Bu hadisə həm də göstərir ki, Cənubi Qafqazın aparıcı dövləti kimi Azərbaycan təkcə öz bölgəsində deyil, daha geniş coğrafiyada da sülh və təhlükəsizlik proseslərinə töhfə verməyə
Danışıqların artıq iki raundunun keçirildiyi bildirilir. Onlardan birinin Azərbaycanda baş tutduğu iddia edilir.
Bu gün, 13:04
Suriya Prezidenti Bakıya gəldi - FOTO


Suriya Prezidenti Bakıya gəldi - FOTO

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa iyulun 12-də Azərbaycan Respublikasına işgüzar səfər edib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Suriya Prezidenti Əhməd Əl Şaraanı Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.


Bu gün, 13:02
“41 illik çirkin oyunu pozub alt-üst etdik” - Ərdoğan


“41 illik çirkin oyunu pozub alt-üst etdik” - Ərdoğan

“47 ildir davam edən terror bəlası sona çatma prosesinə daxil olub”.
Bunu Prezident Rəcəb Tayyib Ərdoğan deyib.
"47 ildir davam edən terror bəlası dünəndən etibarən, inşallah, sona çatma prosesinə girdi. Axan qanı dayandıracaq, anaların göz yaşlarını durduracaq, iztirabları yüngülləşdirəcək, qardaşlığı gücləndirəcək hər təşəbbüsü yaxından izləyirik”.
Ərdoğan bildirib ki, bu gün dünyaya qüdrətli bir Türkiyəsinin qapıları açılır.
Prezident Ərdoğan daha sonra deyib: "İttifaq ortağımız MHP sədri Bahçelinin və komandasının millətçiliyini, vətənpərvərliyini, Türkiyə sevgisini şübhə altına almaq heç kimin haqqı deyil. Mənim və ya AK Partiya komandasının milliyyətçiliyini, vətənpərvərliyini, Türkiyə sevgisini heç kim şübhə altına ala bilməz”.
Ərdoğan deyib ki, terror təşkilatının silahı yerə qoymasından Türkiyə qazandı, türk milləti qazandı.
“86 milyonluq türk, kürd, ərəb vətəndaşımızın hər biri qalib gəldi. Türkiyə Cümhuriyyəti bu gün ucadır, dünənkindən daha qüdrətlidir, əzəmətlidir, ən əsası da gələcəyi üçün çox ümidlidir. Türkiyə ay-ulduzlu bayrağımızla bəzədilməlidir”.
Prezident Ərdoğan "türk, kürd, ərəb birdirsə, birlik var, bölünəndə, məğlubiyyət, zillət, kədər var" deyib.
Dövlət başçısı qeyd edib ki, Türkiyə Böyük Millət Məclisində komissiya yaradıb PKK-nın silahı buraxma prosesinin qanuni tələblərini müzakirə etməyə başlayacaqlar.
“41 il terrorçu baronlar, qanla qidalananlar - türklərə, kürdlərə qarşı olanlar qalib gəlib. Biz bu çirkin oyunu pozub alt-üst etdik”.
Prezident Ərdoğan "yalnız kürd vətəndaşlarımızın deyil, İraq və Suriyadakı kürd qardaşlarımın da məsələsi bizim məsələmizdir. Onlarla bu prosesi müzakirə edirik və onlar çox xoşbəxtdirlər. Kürd qardaşınız və bacınız varsa, oturub danışarıq. Ələvi qardaş və ya bacınızla probleminiz varsa, bunu dialoq yolu ilə həll edəcəyik, danışıqlarımıza davam edəcəyik. Suriya hökuməti və beynəlxalq tərəfdaşlarımızla orada terror kitabının bağlanacağına və qardaşlığın qalib gələcəyinə ürəkdən inanıram”.
Bu gün, 12:48
"Sputnik Azərbaycan” Rusiya FTX-nin filialı olub - Bəyanat


"Sputnik Azərbaycan” Rusiya FTX-nin filialı olub - Bəyanat

"Son illərdə Rusiya Federasiyası kütləvi informasiya vasitələrindən xarici siyasətə təsir aləti kimi daha fəal istifadə edir. İnformasiya fəaliyyəti pərdəsi altında ictimai rəyin formalaşdırılmasına və suveren dövlətlərdə siyasi vəziyyətin destabilizasiyasına yönəlmiş geniş miqyaslı kampaniyalar həyata keçirilir".
Bu barədə Mətbuat Şurasının bəyanatında bildirilib.
Qeyd edilib ki, bu cür hərəkətlər başqa ölkələrin daxili işlərinə müdaxilə olaraq, yerli ictimai qurumların fəaliyyətini sarsıdır və hakimiyyətə olan etimad səviyyəsini azaldır.
"Bu təcrübə xüsusilə Rusiyanın “Sputnik” agentliyi və onun əməkdaşlarının fəaliyyətində aydın şəkildə özünü göstərir.
Rusiya Jurnalistlər İttifaqının "Sputnik Azərbaycan" agentliyinin əməkdaşlarının həbsi ilə bağlı beynəlxalq təşkilatlara, jurnalist və insan hüquqları assosiasiyalarına ünvanlanmış açıq məktubuna cavab olaraq, beynəlxalq ictimaiyyətə hadisələrin obyektiv mənzərəsini təqdim etməyi zəruri hesab edirik.
Hər şeydən əvvəl, məktubda faktlar kobud şəkildə təhrif edilib, bu da beynəlxalq ictimai rəyi manipulyasiya etmək cəhdinin aydın sübutudur. "Sputnik Azərbaycan"ın rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousovun saxlanılması, açıq məktubda iddia edilənlərin əksinə olaraq, onların jurnalistika sahəsində peşə vəzifələrini yerinə yetirmələri ilə heç bir əlaqəsi yoxdur".
Bəyanatda vurğulanıb ki, göstərilən şəxslər Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FSB) ilə əməkdaşlıq edirdilər və jurnalistika fəaliyyətinə aid olmayan tapşırıqları yerinə yetirmək məqsədi ilə Azərbaycanda olublar. Bu baxımdan, onların saxlanılması qüvvədə olan qanunvericiliyə tam uyğun olaraq və hüquqi çərçivədə həyata keçirilmiş qanuni tədbirdir:
"Vəziyyəti daha yaxşı anlamaq üçün qeyd etmək istərdik ki, əvvəllər "Sputnik Azərbaycan"a bir neçə il Vitali Denisov - Rusiya xüsusi xidmət orqanlarının zabiti, Baş Kəşfiyyat İdarəsi ilə sıx əlaqəli olan şəxs rəhbərlik edib. Bundan əvvəl o, "Sputnik Cənubi Osetiya" agentliyinə, daha sonra isə "Sputnik Moldova"ya rəhbərlik edib. Bu vəzifələrdə olarkən o, göstərilən regionların media resurslarından Rusiya xüsusi xidmət orqanlarının maraqları naminə istifadə edərək, Kreml yönümlü gündəmi təşviq etmək məqsədi daşıyan informasiya-təbliğat kampaniyalarına rəhbərlik edib.
Təxribat fəaliyyətinə görə Denisovun Azərbaycan və Moldovadan çıxarılması onun jurnalistika fəaliyyəti pərdəsi altında çox vaxt cəmiyyəti məlumatlandırmaqdan uzaq olan tapşırıqların yerinə yetirildiyini təsdiqləyir — söhbət qəbul edən ölkələrin milli təhlükəsizliyinə təhdid yaradan koordinasiyalı təsir və müdaxilə cəhdlərindən gedir.
Xüsusi xidmət orqanlarının Sputnik kimi yalançı media strukturlarından alət kimi istifadə etməsi, suveren dövlətlərdə vəziyyəti destabilizasiya etməyə yönəlmiş daha geniş hibrid strategiyanın bir hissəsidir. Bu, Avropa Şurası, Avropa Parlamenti, EUvsDisinfo və EDMO kimi aparıcı təşkilatların beynəlxalq hesabatlarında da təsdiqlənir ki, burada Sputnik-in sadəcə xəbər agentliyi deyil, digər ölkələrin daxili siyasi proseslərinə müdaxilə etməyə yönəlmiş Rusiya dezinformasiya kampaniyasının əsas aləti olduğu qeyd edilir.
Bu baxımdan beynəlxalq ictimaiyyətin Sputnik-in fəaliyyətinə reaksiyası tamamilə qanunauyğundur: agentlik rəsmi olaraq 32 ölkədə, o cümlədən Avropa İttifaqının bütün 27 dövlətində, həmçinin Ukrayna, Böyük Britaniya, Kanada, İsveçrə və Avstraliyada qadağan edilib və ya bloklanıb.
Rusiya Jurnalistlər İttifaqının öz ölkəsində jurnalistlərin təqibi və söz azadlığının məhdudlaşdırılması problemləri ilə ciddi məşğul olmaq əvəzinə, faktiki olaraq bu kəskin məsələləri lazımi diqqətdən kənarda qoyması dərin təəccüb doğurur. Müstəqil media nümayəndələrinin çoxsaylı həbs halları və onlara qarşı sistematik təzyiq ictimai və siyasi diskursun periferiyasında qalır.
Vəziyyətin ciddiliyini beynəlxalq jurnalist və insan hüquqları təşkilatlarının məlumatları da təsdiqləyir. Məlumatlarda bildirilir ki, 1992-ci ildən bəri Rusiyada 50-dən çox jurnalist öldürülüb. Bu zaman əsaslı şübhələr var ki, bu onların peşə fəaliyyəti ilə bağlı olub. Bundan əlavə, 2019-cu ildən 2024-cü ilə qədər ölkədə ən azı 26 jurnalist saxlanılıb və həbs edilib ki, bu da söz azadlığı və müstəqil jurnalistika sahəsində sistemli problemlərin davam etdiyini əyani şəkildə göstərir. Beynəlxalq insan hüquqları təşkilatlarının hesabatlarında Rusiyada müstəqil jurnalistikanın miqyaslı şəkildə azalması müntəzəm olaraq qeyd edilir, ekspertlər 60-70% civarında rəqəmlər göstərirlər. Oxşar nəticələr nüfuzlu mənbələrin materiallarında da göstərilir ki, bu da ölkədə söz azadlığının boğulmasına yönəlmiş sistemli və dərin kök salmış tendensiyanı göstərir.
Beləliklə, Yuri Şekoçixin, Anna Politkovskaya, Pavel Şeremet, Pol Xlebnikov və bir çox digər tanınmış jurnalistlərin qətl işləri siyasi motivasiyalı olduqları üçün hələ də açılmamış qalır. Rusiyanın Ukraynaya qarşı hərbi kampaniyasının başlamasından sonra media üzərində senzura əhəmiyyətli dərəcədə gücləndi, hər hansı alternativ mövqe aktiv şəkildə yatırılır, öz fikirlərini bildirməyə çalışan jurnalistlər isə təqib və həbslərə məruz qalırlar.
Yuxarıda göstərilənlərə baxmayaraq, Rusiya Jurnalistlər İttifaqı casusluqda şübhəli bilinənləri dəstəkləməyə üstünlük verir, öz ölkəsində real risk altında olan müstəqil jurnalistlərin müdafiəsində eyni qətiyyəti göstərmir.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin filialından başqa bir şey olmayan "Sputnik Azərbaycan" agentliyinin əməkdaşlarının həbsi ilə bağlı iləsə beynəlxalq jurnalist və insan hüquqları təşkilatları ilk növbədə Rusiya Jurnalistlər İttifaqının timsalında müstəqil jurnalist təşkilatlarının xüsusi xidmət orqanları ilə əlaqəsi, onların siyasi təsir və informasiya manipulyasiyası vasitəsinə çevrilməsi barədə düşünməlidirlər.
Biz beynəlxalq jurnalist və insan hüquqları təşkilatlarını bu cür informasiya təxribatlarına adekvat reaksiya verməyə və mediadan siyasi məqsədlər üçün istifadə edilməsini qətiyyətlə pisləməyə çağırırıq".
Bu gün, 12:36
Rusiya Ukraynaya hücum etdi: 2 ölü, 20 yaralı


Rusiya Ukraynaya hücum etdi: 2 ölü, 20 yaralı

"Rusiya qoşunları ötən gecə, iyulun 12-də Ukraynaya 26 raket və təxminən 600 pilotsuz uçan aparat buraxıb, onların yarıdan çoxu “Şahed"lər olub”, - deyə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
Bu barədə “RBK-Ukrayna”nın məlumatında bildirilib.
"Rusiya ötən gecə Xarkov və Sumı vilayətlərindən Lvov və Bukovina vilayətlərinə zərbələr endirib. Orada 26 qanadlı raket və 597 pilotsuz uçan aparat olub ki, onların da yarıdan çoxu "Şahed"lərdi. 20-dən çox raket və hücumçu pilotsuz uçan aparatların əksəriyyəti zərərsizləşdirilib", - Zelenski bildirib.
Onun sözlərinə görə, mülki infrastruktura, o cümlədən yaşayış binalarına zərbələr endirilib. İndiyədək Çernivtsidə 2 nəfərin öldüyü məlumdur. Hücum nəticəsində yaralanan daha 20-yə yaxın insana lazımi yardım göstərilir.
Bu gün, 12:20
Sabahın hava proqnozu


Sabahın hava
proqnozu


İyulun 13-də gözlənilən hava şəraitinə dair proqnoz verilib.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturugecə 21-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacaq.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!