BƏHRUZ NİFTƏLİYEVƏ
SEVGİ DOLU TƏBRİK!28 noyabr günü Bəhruz Niftəliyrvin Kitab təqdimatına dəvətli idik. Rəsmi bir tədbirə qatılacağımdan ehtiyatlanıb, hər ehtimala ona təbrik məktubu yazdım. Amma göndərmək fürsəti tapa bilmədim. Rəsmi tədbir bitər-bitməz tanınmış televiziya işçisi Fəxriyyə xanım İsayevanın “gəl, birlikdə bir kitab təqdimatına gedək, zatən bu məclis bitir.” Çox sevindim və birlikdə Bakı Kitab Evinə (“BAKU BOOK CENTER) getdik. Məclisin aparıcısı Fəxriyyə xanım İsayeva Proqramdan kənar mənə söz verdi. Axşamdam yazdığım məktubumu xatırladım, çantamdan tez çıxarıb səhnəyə yönəldim. Bəhruzu uşaq vaxtından–hələ 4-5 yaşı olandan tanıdığımı bildirərək, bəzi xatirələrimi bölüşdürəndən sonra sakitcə Məktubumu açıb oxudum:

“Hörmətli dostlar, əziz iştirakçılar, bu gün biz bir gəncin Bəhruz Niftəliyevin–özünü, Tanrını və insanı axtaran bir ruhun səsi ilə eyni aradayıq. Mən hələ kitabı tam oxumağa fürsət tapmamışam, amma müəllifin sosial şəbəkə üzərindən paylaşdığı bir neçə qeydi belə onun yazdıqlarının mahiyyətini çox aydın göstərir. Bu kitab Tanrıya yazılmış məktublardır–amma təkcə Tanrıya deyil, həm də insanın özünə, öz iç dünyasına yazılmış məktublar. Müəllif deyir ki, “Mən Allahdan qorxmayan biriyəm, çünki onu sevirəm.” Bu, cəsarətli bir fikirdir. Qorxu ilə yox, sevgi ilə inanan bir ruhun sözüdür. Bu məktublarda Tanrı təkcə uca və uzaq bir varlıq kimi deyil, həm də dost, sirdaş, bəzən küsdüyümüz, bəzən sığındığımız, bəzən üsyan etdiyimiz, amma hər dəfə yenidən qayıtdığımız bir məkan–bir səmt kimi görünür. Müəllifin sözlərində mən bir həqiqəti gördüm: Tanrıya inanmaq başqa şeydir, onu hiss etmək başqa şey. Bu kitab da elə hiss edənlərin kitabıdır.

O, sevgini təmənnasızlıq kimi anlayır–gözləntisiz bir bağlılıq, insanın özünə qayıtdıqca yenidən Tanrıya yaxınlaşması kimi.
Bu kitabda həm acı, həm etiraf, həm üsyan, həm də təslimiyyət var – yəni insan var. Bu mənada, məncə, “Tanrıya məktub” yalnız dini və ya fəlsəfi mətn deyil, həm də böyük bir daxili yolçuluğun gündəliyidir. Və ən gözəl cümlələrdən biri budur: “Bütün tabuları yıxmaq, bütün bütləri dağıdıb bütöv olmaqdır.”
Bu, həm gəncliyin cəsarətidir, həm də ruhun azadlıq çağırışı. Mən müəllifi bu səmimiyyətinə, hisslərini qorxmadan sözə çevirmək bacarığına görə təbrik edirəm. Hiss edən, axtaran, sual verən insanlar cəmiyyətin ruhunu diri saxlayır.
Arzu edirəm ki, bu kitab Tanrı ilə söhbət etmək istəyən hər oxucuya öz yolunda bir işıq olsun.
Əzizim Bəhruzu bir daha təbrik edir, uğurlar arzulayıram.
Səmimiyyət və sevgilərlə bibin Almaz Ülvi