Çanaqqala zəfəri-100 Çanaqqala savaşı bəşəriyyətin hərb tarixinə ən qanlı dəniz və quru müharibəsi kimi yazılıb. Birinci Dünya müharibəsini qalib olaraq bitirmək istəyən imperialist qüvvələrin 100 il öncə məqsədləri Çanaqqala boğazından keçərək İstanbulu işğal edib Türkiyəyə sahiblənmək, çoxəsrlik imperiyanı yer üzündən silmək idi. Rusiya boğazları ələ keçirib dənizlərə çıxmağı hədəfləyərkən İngiltərə Süveyş kanalı və Hind yolunun təhlükəsizliyi üçün Fələstini işğal etmək planını hazırlayır, italyanların niyyəti isə Antalyaya sahib olmaq idi. Bu döyüş Türkiyəyə ağlagəlməz müsibətlər gətirsə də, qəhrəman türk xalqının əzmi dünyanı sarsıtdı. Çanaqqala döyüşü dastanlara, nağıllara çevrildi, qərb generalları heyrətlərini gizlədə bilmədilər.
Çanaqqala boğazının coğrafi mövqeyi Egey dənizindən Mərmərə dənizinə uzanan, Avropa və Asiyanı birləşdirən, dünyanı qovuşduran ensiz su keçididir. Qədim zamanlarda Troya qəhrəmanları gözəllik ilahəsi Helena üçün burada döyüşmüş, dünyanı fəth edən İsgəndər buradan keçmişdir. Tarixin ən qədim dövrlərindən strateji əhəmiyyətə malik olan İstanbul boğazı Qara dənizin qapısı, Çanaqqala isə Ege dənizinin qapısı hesab olunurdu. Bu boğazlar təkcə Aralıq dənizini Qara dənizə, Avropanı Asiyaya bağlayan su yolu deyil, həmçinin Aralıq dənizinin Cəbəllütariq və Süveyş kanalı ilə inteqrasiya olunaraq dünyanın böyük dənizlərini, materiklərini bir-birinə bağlayan, eyni zamanda geopolitik mövqeyi ilə dünya siyasətinə və iqtisadiyyatına çox böyük təsir edən strateji mövqe idi. Boğazların bu danılmaz əhəmiyyəti barədə Napoleon “İstanbul bir açardır, İstanbula sahib olan dünyaya hökm edəcək” deyə söyləmişdi. Rusiya da müxtəlif tarixlərdə buna bənzər bəyanatlar vermişdi. Tarixçi və salnaməçilər Antanta dövlətlərinin İstanbul uğrundakı maraqlarını Çanaqqala macərası adlandırıblar. Yalnız bu boğazlardan keçməklə Türkiyəyə sahib olmaq mümkün idi.
1914-cü noyabrın 3-də səhər tezdən müttəfiq qüvvələrə - İngiltərə və Fransaya aid olan hərbi dəniz gəmiləri Bozca adasından Çanaqqala boğazının sahil sularına daxil olaraq Osmanlı ordusunun sahildə yerləşən müdafiə istehkamlarına atəş açmağa başlayır. İngilis hərbi gəmiləri Seddülbahir və Ertoğruldakı, fransız gəmiləri isə Qumqala və Orhaniyyədəki müdafiə sədlərini top yağışına tutur. Lakin düşmən burada güclü müqavimətlə rastlaşır. Türk topçularının atdıqları hər mərmi hədəfə dəyir, düşmənin döyüş gəmilərini havaya sovururdu. Müttəfiq imperialist dövlətlərin hərbi dəniz qüvvələri müharibənin taleyini həll etmək üçün boğaz sahillərinə əlavə qüvvə göndərir. Şanlı türk ordusu bu dəfə də əzmini göstərir və müttəfiq qüvvələr döyüşə tab gətirməyir. Çanaqqala döyüşü türk tarixinin ən əhəmiyyətli döyüşüdür. Çünki bu boğazla İstanbula yetişmək Avropa ölkələrinin bütün zamanlarda arzusu olub.
Noyabrda düşmənin donanması boğaza daxil olmaq üçün yenidən bütün gücünü səfərbər edir. Lakin onların bu cəhdi də boşa çıxır. Canlı itkinin çoxalması və döyüş gəmilərinin sıradan çıxması admiral Kardenin karyerasına son verir, rəhbərlik admiral de-Robekə tapşırılır. 1915-ci il martın 17-də vəzifəsinin icrasına başlayan admiral gecikmədən adanın ələ keçirilməsini nəzərdə tutan son hücum əməliyyatına başlamaq əmri verir.
Martın 17-dən 18-nə keçən gecə son əməliyyat hazırlanır. Düşmən gəmilərində 250-dən artıq müasir top yerləşdirilərək sahilboyu 10 müdafiə istehkamı qurulur. Türk ordusu 170 ədəd köhnə topu olmasına baxmayaraq həlledici döyüşə hazırlaşır. Martın 17-si axşamdan minbaşı Nəzmi bəy “Nüsrət” mina döyüşçü gəmisi ilə boğaz sularına 11 xəttdən ibarət 26 mina düzür, hava işıqlanana qədər düzülən minaların sayı 400-ə çatır. O zaman heç kim inanmazdı ki, “Nüsrət” gəmisinin minaları qanlı dəniz döyüşünün sonunu gətirəcək. Martın 18-i səhər tezdən düşmən qüvvələri 18 döyüş gəmisi ilə hücuma keçir. Bununla da dünyanın ən böyük dəniz savaşı başlayır. İmperialist dövlətlərin ordu qüvvələri əvvəlcə Rumelidə Məcidiyyəni, sonra da Hamidiyyə istehkamlarını vurur. Günboyu qeyri-bərabər qüvvələrlə tarixdə görünməmiş qanlı döyüş başlanır. Gəmilərinin dənizdə qərq olduğunu görən ingilis generalları İstanbulu işğal etməyin Çanaqqala variantının mənasızlığını dərk edib, qüvvələrini dərhal geri çəkməyə başlayırlar. Bu vaxt A xəttini keçməyə ciddi cəhd göstərən fransız gəmisi “Bouvet” Həmdiyyə istehkamına atəş açmaq istəyərkən minaya düşüb 639 hərbçi ilə birlikdə suya qərq olur. Beləliklə, 6 saat ərzində bir neçə zirehli gəmi itirən admiral de-Robek 2-ci diviziyanın geri çəkilməsi əmrini verir. Martın 18-i axşama doğru Türkiyə ordusunun cəbhəsində də durum gərgin, şəhidlərin sayı minlərlə idi. Bütün topçular şəhid olmuş, meydanda tək çavuş Seyid qalmışdı, bu zaman düşmən gəmisi boğaza yaxınlaşırdı. Tək bircə ədəd 276 kiloluq ağır mərmi var idi ki, bununla da çavuş Seyid boğaza yaxınlaşan düşmən gəmisini hədəf alır. Bir göz qırpımında gəminin gövdəsi dağılaraq suya sovrulur. Çanaqqala uğrunda gedən sonuncu su döyüşündə atılan bu mərmi qanlı müharibənin taleyini həll edir. Qədim Osmanlı dövləti tarixi Çanaqqala zəfərini sevinclə qarşılayır. Türk xalqı bu döyüşdə 250 min şəhid verir.
Məğlubiyyətlə barışmayan ingilis generalları qısa zamanda qurudan hərbi əməliyyatlara başlamaq tapşırığı verir. Boğazdakı topçu batareyasını ələ keçirmək məqsədilə ingilis və fransız qüvvələri aylarla mücadilə edir, lakin osmanlı qüvvələrinin əzmini qıra bilmir. Düşmənin qüvvələri son gücünü toplayaraq martın 25-də Seddülbahirdən quruya qoşun çıxarır və bir ay bu istiqamətdə daha bir qanlı döyüş baş verir. Aprelin 25-də Qumqala, Beşike, Bolayır, Seddülbahir, Anbumu, Qabatəpə, Conkbayır və Anafartlarda gedən qanlı döyüşlərdə hər iki tərəf çoxlu sayda itki verir. Türkiyəni məhv etmək məqsədilə ordularını Çanaqqalaya çəkən dövlətlər 1915-ci ilin dekabrında Gelibolu bölgəsini və Çanaqqalanı tamamilə tərk edirlər. Türkiyə ordusu qazandığı Çanaqqala zəfərilə sübut etdi ki, dünya bir yerə yığışsa da, onun boğazından keçilməz.
Tarixi qaynaqlardan məlum olur ki, Çanaqqala döyüşündə azərbaycanlı oğullar da iştirak edib. 1915-ci ildə soydaşlarımız Osmanlı imperiyası tərəfində vuruşmaq üçün Tiflisə toplaşıb, oradan da Çanaqqala cəbhəsinə yola düşüblər. Dünya hərb tarixinə ən qanlı və şərəfli döyüş kimi yazılan Çanaqqala döyüşü hər zaman hərbçilərin, tarixçilərin, tədqiqatçıların diqqətini çəkib, onları heyrətləndirib. Məşhur bəstəkarımız Vasif Adgözəlovun “Çanaqqala” aratoriyasını hər dəfə dinlədikdə sanki o döyüş nəzərimizdə təkrarən canlanır, türk xalqının əzəmətinə heyran qalırsan.
Lalə HÜSEYNOVA