20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 15-03-2019, 13:33
GƏNCLİYİMİN ƏN UNUDULMAZ DOSTU

...Onun ölüm xəbərini eşidəndə çox sarsıldım, çox... Əlbəttə, ölüm sevinc gətirmir. Ölüm sarsıntı gətirir, həsrətdən göynəyən ağrı gətirir, bumbuz kədər gətirir, göz yaşı gətirir, ayrılıq gətirir... Çox qəfil xəbər oldu bu. Gözləmədiyim, ağlına gətirmədiyim, inanmadığım bir xəbər... Yatsam, yuxuma da girməzdi ki, o da belə tez gedər aramızdan. Tez?.. Bəlkə?.. Ölümün bu qədər cavanlaşdığı bir dövrdə az ömür yaşamamışıq, əslində, amma... Elə şən, elə həyatsevər, elə ürəkli idi ki... Hələ yarımçıq arzuları da çoxdu, Məryəmindən nigaran idi... Köksündə çöhrəsini, ömrünü gözəlləşdirən bir ürək çırpınırdı. Bu ürək ancaq yaxşılığa can atırdı, hər kəsə ürək yandırırdı – doğmalarına da, xəstələrinə də... Bu ürək onu hər yerə ürəklə aparırdı. Ölümünə də bu ürək apardı onu – bir anın içində. Bir anın içində dayanıb urəyi. Olumla ölüm arasındakı çarpışmanın sonunda son kərə çırpınaraq dayanıb...

Bir dünya azaldı Yer üzündən bu gedişlə, bir dünya qopdu bu dünyadan. Bir dünyanın pərəni pozuldu bu ölümlə, alt-üst oldu, dağıldı hər şey. Bu, onun dünyası idi. Əzizlərinin, doğmalarının, onu tanıyanların dünyası idi...

Və ayrılığın gətirdiyi soyuqdan hələ də isinə bilmir bu dünya. Ayrılığın səsi hələ də qulaqlardan getməyib. Bir müqəddəs kədərin izi hələ də baxışlardadır. Hələ də bu kədərin rəngi əzizlərinin gözlərindədir. Nağılı hələ də dillərdədir. Xatirələr hələ soyumayıb. Bu xatirələr elə xoş, elə ağrılıdır ki... Hərəsi də yanğısını bir cür dilə gətirir...

...Hara getdik, cüt getdik, cüt göründük hər yerdə,

Səninlə yollar keçdik, yenə döndük bir yerdə.

Tuş gəldik ayrılığa, hərəmiz bir tərəfdə...

Bu, nə gediş idi getdin, bilmədim...

Yandırdın bağrımı, diddin, bilmədin...

Əhmədin yanğısı nə vaxtsa yazdığım bu misraları xatırladır mənə. Onu həyatda hər kəsdən, hamıdan daha çox sevən, daha çox əzizləyən, daha çox qayğısına qalan, “O mənim 41 illik yol yoldaşım, ürək dostum, sirdaşım, sevincim, kədərim... idi” deyən ömür-gün dostu Əhmədin. Özünə gələ bilmir, “Heyf, onu qoruyub saxlaya bilmədim” deyə özünü günahlandırır. Bir də onu deyir ki, Aynurə ölümüylə də mənə əzab vermək istəmədi, ad günümü gözlədi, ad günümdə dözdü, ertəsi günü köçdü bu dünyadan... Əhmədlə Aynurənin yolu Tibb İnstitutunda birləşmişdi – həkim olmaq arzusu ilə üz tutduqları İnstitutda, 1978-ci ildə hər ikisi müalicə-profilaktika fakültəsinə daxil olmuşdu. Həm də öz məhəbbətlərini tapmışdılar burada. Bu, acılı-şirinli illərin sınağından keçən, xoş gündə də, çətin məqamlarda da bir-birinə söykək olan bir məhəbbət idi. Birgə oxumuşdular, yaxından tanımışdılar bir-birini, İnstitutu bitirən ili də böyüklərin xeyir-duası ilə ailə qurmuşdular. Ağdamla Zaqatalanı da bir köynək yaxın etmişdilər. Sonra Qazaxıstanın Çimkənd vilayətinə getmişdilər, Çimkənd şəhərində işləmişdilər, 1984-dən 1987-ə qədər. Nəhayət, geri dönmüşdülər – Vətənimizə...

Səssizliyin nə dərindir, ay ana,

Səssizliyin inildəyir İçİmdə.

Bu ölçüdə, bu biçimdə

Səssizliyə dözmək olmur, ay ana...

Eşitməsəm səsini,

Duymasam nəfəsini,

Gen dünyada

Rahat-rahat gəzmək olmur, ay ana!..

...Qayğılı gözlərinə,

Sayğılı sözlərìnə

Ehtìyacım var, ay ana...

Susma, qurbanın olum...

Danış, ay ana!..

Bu isə böyük qızı Nərgizin ağrısıdır, dilə gəlib dillənir. Ona “Ana”, “nənə” olmaq sevincini yaşadan Nərgizin. Elə indi ən böyük təsəllisi də budur...

Aynurə xoşbəxt qadın idi, xoşbəxt ana idi, bir cüt gözəl, ağıllı qız böyütmüşdü. Hər birində onun cizgisi, zərrəsi, nişanəsi, bənzəri var. Heç biri də onun zəhmətini yerə vurmayıb, üzünü ağ edib. Nərgiz, həm də onun sənətini seçib, peşəsini davam etdirir. “Təsəllim budur ki, onun sənətini yaşadıram. Bir də, onu “nənə” etdiyim üçün xoşbəxtəm, anam Nazlını da, Nuru da çox sevirdi, nəvələri ilə nəfəs alırdı. Nurun adını da özü qoymuşdu, öz adına bənzətmişdi, anadan olandan da özü saxlamışdı Nuru. Sanki Nur onun üçüncü qızı idi... Hələ balacadırlar, böyüyəndə onlara nənələri haqqında danışmağa çox sözüm var. Onun necə yaxşı nənə olmasından danışacağam qızlarıma...” deyir.

Kaş yenə səssizcə əyləşəydin yerində,
Eynəyin gözlərində, kitabın da əlində.
Kaş yenə biləydim ki, sən yanımdasan,
Gözümün önündəsən, nəfəs alırsan.
Kaş yenə evimizdə, bizimlə bir olaydın,
Danışıb dinməsən də, sağlam olaydın.
Kaş yenə gəldiyimdə işdən evə mən,
Sığal çəkib öpəydim o soyuq əllərindən.
Ürək od tutub yanır, bil, səndən yana,
Nurlu gözlərinə baxmaqdan yana.
Heç kim başa düşməz nə çəkdiyimi,
Darıxıb hər zərrəm qoxundan yana.
Anasız bir ömür nəyə gərəkdir,
Yoxluğun əzabdır, ey gözəl Anam.
Heç kim əvəz etmir sənin yerini,
Sənsizlik ölümdən betər, can Anam.
Anamsız həyatım solmuş qönçədir,
Heç kimə, heç nəyə yaramıram mən.
Ürəyim parça-parça, gözlər qəmlidir,
Sənsiz yaşamağı bacarmıram mən...

Kiçik qızı Məryəm yazıb bu şeiri, nisgilini, ayrılığın əzabını səpələyib misralara. Bu misralarda ayrılıq hönkür-hönkür ağlayır. Yanaqlarından süzülən göz yaşları ilə sanki Anasına layla çalır Məryəm... Məryəm Azərbaycan İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirib, Xalça Muzeyinin xalça sektorunun müdiridir. Deyir, işdə olanda da həmişə ürəyim yanında qalırdı, bilirdim ki, səbirsizliklə məni gözləyir. İş yoldaşlarım deyəndə ki, hara tələsirsən, sən subaysan axı. Deyirdim, yox, mənim evdə “bir qızım, bir oğlum” var. İndi “qızım” yoxdu və elə bilirəm, hər şeyim onunla gedib...

Yenə səni gözləyirəm,

gəlməsən də...

Yenə səni səsləyirəm, dinməsən də,

səsimə səs verməsən də...

Bu da bacıları Yeganənin, Brilyantın, Nəsibənin həsrətidir, od tutub yanır. Yeganə hıçqırtı içində onun yoxluğuna inana bilmədiklərini deyir: “Elə bilirəm, hər şey yuxudur. Elə tez getdi ki... Allah bilən məsləhətdi, amma Aynurənin gedişi ilə barışa bilmirəm. O, gözəl övlad, gözəl bacı, gözəl həyat yoldaşı, gözəl ana idi. Hamımıza can yandırırdı, hamının köməyinə çatırdı, mərd idi, zəhmətkeş idi. O, yaxşı bilirdi, Ata-Ana nədir, bacı-qardaş nədir. Kimsə

xəstələnəndə, yatağa düşəndə, kiminsə ayağına daş dəyəndə hamıdan tez kəsdirərdi başının üstünü. Bu fədakarlığı yalnız yanımcıl biri edə bilərdi. O, beləydi, tam fərqliydi, bizim xanım bacımız idi. Qadın kimi çox xoşbəxt idi Aynurə, ailəsi, övladları ilə fəxr edirdi, nəvələrini çox sevirdi, heyf ki, xəstəlik aman vermədi, ömrünü yaşasın... Yeri nurla dolu olsun...”

Hər biri bir yaddaş olan, unudulmaz anlarını, məqamlarını özünə hopduran, etibarla özündə yaşadan lal-dinməz şəkilləri də az qala dil açıb danşır...

Aynurə Hacıyeva 1999-cu ildən 3 nömrəli Şəhər Klinik Xəstəxanasının ginekologiya şöbəsində işləyirdi. Bundan əvvəl İmişlidə (1987-1991), Göyçayda (1991-1997) işləmişdi. Həyat yoldaşı Əhməd Hacıyev isə hər iki rayonun məhkəmə tibb eksperti olmuşdu. Sonra Bakıya köçmüşdülər...

Aynurə sənətini, iş-gücünü təkcə sevmirdi, həm də onun vurğunu idi. “Həkimlik mənim alın yazımdı. Həkimlik lik növbədə insanı sevməkdi. İnsanlar məhz həkim olduğuma görə mənə inanır, mənə üz tutur, sağlamlığını etibar edir, hörmətlə yanaşırlar. Bu, çox xoşdu...” – sənətinə baxışı belə idi. Qazandığı xətir-hörmət də elə bu sevgi ilə bağlıydı. Yoxluğu ilə iş yoldaşlarını da üzdü. Hamısı onu böyük məhəbbətlə xatırlayır. Deyirlər, onu iş yerində sevməyən yox idi. Onunla işləmək çətin deyildi, əksinə, xoş idi, o, işıqlı adam idi, özü ilə hər yerə nur, od-alov, qaynarlıq gətirirdi. Onunla ünsiyyətdən adama yalnız müsbət enerji gəlirdi. Hamısının gözünü yolda qoydu, elə xəstələrinin də... Bəli, onun ömrü təkcə ailəsinə, övladlarına, əzizlərinə məxsus deyildi. Bu ömrün yandırdığı işığın şərikləri çox idi. Söndü bu işıq...

****

Mənim üçün isə o, yeniyetməliyimin ən əziz xatirəsi, gəncliyimin ən unudulmaz dostu, ən gözəl rəfiqəsiydi. Və mən onu tanıyandan heç dəyişmədi, necə vardısa, eləcə də qaldı. Ondan danışarkən, onu xatırlarkən, kəndimizi yada salmaya bilmirəm – “cənnət” qoxuyan kəndimizi...

Ağdamın Seyidli-Sarıhacılı kəndi, demək olar ki, eyni kənd idi. “Kənd soveti”miz də biriydi. Hər ikisi Ağdama bitişik kəndiydi, şəhərin bir parçasıydı. Piyada getsəydin, 5-10 dəqiqəyə şəhərin mərkəzinə çatardın. Kəndin bir başı Sarıhacılı, o biri başı Seyidli idi. Mən Sarıhacılı Həmdəmin qızı idim, o da Seyidli Əlfinin. Rəhmətliklər kəndin ən hörmətli, sayılıb-seçilən, mərd kişilərindən idi. Nə yaxşı, Əlfi kişi ürəyi bütöv getdi bu dünyadan. Min dəfə yazıqlar olsun ki, atam Həmdəmin ürəyi parça-paça, çilik-çilik oldu, tək oğlunu çiynində apardı qəbr evinə və ondan sonra yaşamadı, yaşaya bilmədi, ilini başa verib özünü çatdırdı bircəsinə... Nur içində yatsınlar...

Hə, qonşu deyildik Aynurəgillə, evlərimiz aralı idi. Amma bizi çətin sınaqlı günlər dostlaşdırmışdı... Və bu dostluq azalmadı heç, bu günədək müqəddəsliyini qorudu...

Kəndimizin “su sonası” kimi qızlarından biri idi Aynurə. Gözəlliyi səs salmışdı dörd yana. Görənlərin “ağlını başından alırdı”, neçə-neçə igidin ürəyinə od salırdı. Amma o, heç kimə könül vermədi. Ürəyində bircə sevgi vardı. O da kəndimizin, el-obamızın, rayonumuzun fəxri olan akademik Adilə Namazova kimi həkim olmaq idi. Bu yolda çox əziyyətlərə dözdü. Arzusuna çatdı, “cənnət” qoxuyan kəndimizdən çıxıb Bakıya üz tutdu. Tale, qismət elə gətirdi ki, Bakıda da uzaq düşmədik, tələbə vaxtı kirayə qaldığımız evlər bir-birindən on addım aralı idi. O, Sabir kitabxanasının üstündə, 3-cü mərtəbədə, mən də Asəf Zeynallı adına Musiqi Texnikumunun yanında qalırdım. Tez-tez görüşürdük. Sonra dostluğumuz ailəmizə, övladlarımıza keçdi...

Sözümün bu yerində Fatma müəlliməni də xatırlamaq istəyirəm – Aynurənin bibisini və mənəvi anasını. Rayonumuzun ən nüfuzlu müəllimlərindən biri idi Fatma müəllimə. Bütün ömrünü, sevgisini Aynurəyə həsr etmişdi rəhmətlik, öz övladı yox idi, Aynurəni qızı kimi sevirdi. Aynurə İnstituta girəndən bir ayağı Bakıda idi... Aynurə də hər zaman onun yolunu saxladı, onu doğma övladı kimi əzizlədi...

****

...Əvvəldə ömrün azından-çoxundan danışdım. Əslində, bu əbədi dünyada ən uzun insan ömrü belə bir göz qırpımı kimidir. İnsan, sanki bu dünyaya bir ağac kölgəliyində kölgələnməyə gəlir, vəssalam, ona da bəxt, tale imkan versə... Aynurənin də kölgəliyi bitdi, kölgəsi göyə

çəkildi. Özü də yoxdu, cismən yoxdu. Heç vaxt da olmayacaq. Son səfərinə yollandı. Bu səfərdən isə hələ gedənlərin heç biri qayıtmayıb. O da qayıtmayacaq...

Amma yox, ölüm sadəcə dəyişmədir. O, ölümü ilə yalnız yaşamını dəyişdi. Bu gün də, sabah da əzizlərinin qan yaddaşında, onu tanıyanların, sevənlərin göz, könül, ürək yaddaşında yaşayacaq. “Ən möhtəşəm gecə gündüzü olandır. Ən güclü sevgi heç vaxt qeyb olmayandır. Ən xoşbəxt insan xatırlanandır...” O da heç vaxt unudulmayacaq. Xatırlanacaq... Yenə Əhmədin səsini eşidirəm:

Yaşatmaq çətindir, unutmaq asan,

Nə qədər canım var, nə qədər sağam.

Ölü diriltməyi bacarmasam da,

Mən səni ölməyə qoymayacağam,

Xatirə olmağa qoymayacağam...

Əziz dostum, gözəl Aynurəm, yenə ilk beşiyimiz Ağdamı, “cənnət” qoxuyan o gözəl kəndimizi xatırlayıram. O doğma məkandan çox-çox uzaqlarda torpağa verildin, amma... Yəqin, çox yəqin, ruhun çoxdan dolaşıb hər zaman can atdığın o cənnət yerləri... Ruhun çoxdan görüşüb əzizlərinlə... Ruhun hər zaman sevinsin!.. Nur içində yat!.. Allah bizi bizi vaxtsız tərk edən əzizlərimizlə öz cənnətində görüşdürsün!..

FİRUZƏ NADİR

***


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!