Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 25-02-2022, 08:38
.
SÖZƏ TƏMƏNNASIZ XİDMƏT UCALIQDIR


* Miraslan Bəkirli: Nədən tənqid yox dərəcəsindədir?
Bu gün Azərbaycan ədəbiyyatında məddahlıq yarışı var sanki.
*Tənqidçi niyə “bir parça çörək” üçün “boğazdan yuxarı” söz demək məcburiyyətindədir?
* AYB-də yeni reformalar olmalıdır, yeni heyət fəaliyyətə başlamalıdır;
*Şəxsi maraq, vəzifə, təmənna olan yerdə ədəbi-bədii dəyərlərdən söhbət gedə bilməz;
*AYB-nin işi təkcə bilet, fəxri ad, təltif, ev-mənzil verməkdən ibarət deyil;


SÖZƏ TƏMƏNNASIZ XİDMƏT UCALIQDIR
Yazıçılar qurultayı(?) ərəfəsində hesabat

“Hər yazarın qələmindən ağ vərəqlərə düzülənlər onun ürək döyüntüləridi, könül sevincləri, qəlb çirpıntılarıdı-özüdü, insanlara demək istədiyi sözüdü... Bu söz təmənnadan, haramlıqdan, yaltaqlıqdan, boşboğazlıqdan uzaq olanda milli-mənəvi dəyərlərimizə, el malına çevrilə bilir. Bu, hər qələm əhlinin, hər yazarın arzu elədiyi ən yüksək zirvə və ucalıqdı.
Hər təmənnadan uzaq o ucalıq üçün qələm “çaldım”, ilhamımı qəlbim duyan gözəlliklərdən aldım. Ad, vəzifə, pul-para üçün kiminsə qabağında əyilmədim, amma gündə neçə kərə Allahımın qabağında qulu kimi əyildim və bundan da qürur duydum. “Qələm əhli” adımı, mənliyimi hər şeydən uca tuta bildim”-nə vaxtsa qələmə aldığım bir yazıdı bu.
Bu gün az qala bütün qayğılardan uzaq olan ədəbiyyatımıza namusla xidmət eləmişəm (oxucuları itirdiyimiz bir zamanda). Amma peşiman deyiləm, çünki hər şeydən uca bildiyim sözə xidmət eləmişəm. İlk dəfə ana layla və yalvarıçlarından eşitdiyim sözə.
Məni tanıyanlar tanıyır, tanımayanlar üçün deyirəm ki, mənim bu yazımda da heç bir təmənna və qərəzliyim yoxdur, əksinə bir yazar kimi də, jurnalist, ziyalı kimi də, zamanın haqsız gərdişində Azərbaycan torpağı kimi əzilən olsam da, milli mənəviyyatımıza və ədəbiyyatımıza şərəflə xidmət etmişəm, sözə söz müqəddəsliyi ilə xidmət etmişəm. “Hər kəsin yazısı onun özüdür”, - demişdim. Yazılarımı oxuyan bunu duymaya bilməz...
SSRİ-nin çökməsi ilə AYB-yi də çökdü. Sovet dönəmindəki, ideologiyanı bir tərəfə qoysaq, yazarlara da, birliyə də böyük hörmət, yüksək maddi dəstək vardı və hər şeydən qabaq bədii sözə qiymət vardı. Bəyənmədiyimiz SSRİ-nin bu münasibəti tərifə layiq idi (kommunist rejiminin tələbləri bir yana). Anar Rzayev onda bu birliyə rəhbərlik edirdi, indi də edir. Anar elə bir mühitdə, ailədə boya-başa çatmışdı ki, bu iş onun boyuna biçilmişdi...
Mən hələ “ermənistan” adlandırılan dədə-baba yurdlarımızda yaşayanda “Ədəbiyyat və incəsənət” qəzetindəki gənc yazarların yığıncaq bildirişini oxuyanda, yazmağa təzə başlayan gənc kimi, gəlib o yığıncaqlarda iştirak edirdim. Onda heç mətbuata yazı da vermirdim, o yığıncaqlarda da əsər oxumurdum. Dinləyici kimi, ab-havanı duymaq üçün gəlirdim. Onda əksər vaxtlarda Anarın özü də o yığıncaqlarda iştirak edirdi və o vaxtdan özlüyümdə fəxr edirdim ki, millətimizin belə ziyalısı var və bu insan sözə, yazılara olan münasibəti, dediyi tərif-tənqidə görə ona əsl söz adamı kimi baxırdım... bir də 1988-ci il hadisələrində biz orda yaşayanlar Anara Azərbaycan xalqının mənəvi lideri, qəhrəman oğlu kimi baxırdıq. Yazıçı kimi də, ittifaqın (o vaxt “Yazıçılar İttifaqı” idi) rəhbəri kimi də, ziyalı kimi də öz sözünü deyirdi. Z.Balayan hayların lideri kimi meydanlarda ağzı köpüklənəndə Anar təmkinlə, müdrikliklə onun cavabını verirdi. Biz Azərbaycandan kənarda yaşayanlar Anarın, B.Vahabzadənin, S.Rüstəmxanlının yazılarını, çıxışlarını xüsusi həssaslıq və ümidlə gözləyirdik, izləyirdik...
Sonra zamanın təlatümləri, haqsızlıqları tüğyan elədi, təsadüfi deyil ki, elə ilk şəhidlər (sözün əsl mənasında) Azərbaycan yazarından, söz adamlarından oldu- F.Kərimzadə, X.Məmmədov, H.Baxış. Təəssüflər olsun ki, onda və ondan sonrakı dövrdə yazarlar da, Yazıçılar Birliyi də öhdəsinə düşənləri lazımı səviyyədə edə bilmədilər. F.Kərimzadə onda totalitar-kommunist rejiminə qarşı mübarizə aparır, İrəvan və onun ətrafından vəhşiliklə qovulanların təəssübünü çəkir, millətlər arasındakı ayrıseçkiliyə qarşı üsyan edirdi. Bir qrup qaşqın ziyalılarla haqlı tələblərlə Moskvaya da getmişdi. Sonda ürəyi tab gətirməyib şəhid oldu. AYB ona qarşı son dərəcə biganəlik göstərdi, nəinki cənazəsinin AYB götürməyı təşkil etdi, heç onun dəfn mərasimində də layiqincə işrirakı təşkil etmədi. Bu, AYB-nin Moskva xofu idi, yoxsa kimdən, hardansa icazə almalıydı? Onda ermənilər “Ocaq”ları çap edirdi. Bu vaxtlar dar günün sınağı dövrü idi.
İndi çox bəhanələr, “sitatlar” gətirmək olar. Amma nə eləmək lazım idisə, onda eləmək lazım idi. “Gen gündə” yaxanı açıb “mənəm” deməyə nə var ki... O sınaq, çətin günlərində xalqa, millətə xidmət lazım idi-min cür haqsızlıq köynəyi geyindirilən millətə ziyalı sözü onda lazım idi, özü də beynəlxalq müstəvidə. Sözdən söz gedirsə yenə öndə AYB olmalı idi. “Maliyə” bəhanəsi lazım deyil, təpər, istək olanda millitaleyüklü məsələlərin həlli çətin olsa da müşkül olmur. Mən demirəm ki, zori kimi Xocalı vəhşətlərindən qürurlanasan, heç olmasa o dığanın on üç yaşlı qızın başına açdığı əmələ görə onu AYB adından beynəlxalq məhkəməyə vermək lazım idi. Əsası Moskva tərəfindən qoyulan Birlik elə bil yenə hər addımında Moskvadan ya izn, yz maliyə gözləyirdi. “Bizim səlahiyyət”i də bəhanə gətirmək lazım deyil, qəhrəmanlar üçün bütün qanun və səlahiyyətlər onun atdığı müqəddəs addımdan keçir-Mübariz İbrahimov kimi.
Bəli, AYB o çətin günlərdə mübariz və Mübariz olmalı idi. Amma olammadı. Hansı bədii və publisistik əsərlər Birlik tərəfindən tərcümə olunub dünyaya yayıldı?! Hansı, bayaq dediyimiz, qəhrəmanlıq addımı atıldı, hansı əzilən, işgəncələrə məruz qalan, haqsızlıq girdabında çatlayıb ölən, şəhid olan “qaşqın” yazarı dünya müstəvisinə çıxarıb onun hüququnu istədi AYB?!
Bəli, döyüş meydanında qələm silahdan güclü olur, nədən “korşaldı” bizim qələmimiz? O “qələmlərin komandanı” AYB deyildimi? Mən və mənim kimiləri çox şeylər umurduq Birlikdən. O müthiş 1988-ci il hadisələrindən sonra gözlədiklərimi, umduqlarımı görmədim. Bax, onda ermənilər bizi çox qabaqladılar. Elə o vaxtdan sonra AYB-nin nüfuzu da, fəaliyyəti də get-gedə azalmağa başladı. Düzdü, SSRİ dövründə yazarların və birliyin geninə-boluna imtiyazı, səlahiyyətləri, qədir-qiyməti vardı. 90-cı illərdə bu imtiyazlar, demək olar ki, bitdi. Yazarlara adlar, evlər verildi, hansı qaçqın yazarın qolundan tutdu AYB. Olmazdımı ki, vaqon evcikdə yaşayan Bəhmənə (bəhmənlərdən bir-ikisinə) ev verəydi və mənə elə gəlir dövlət rəhbərinə təqdim olunan bu təklif rəğbətlə qarşılanardı.
O vaxt dəfələrlə Aztv-də AYB-nin problemləri ilə bağlı verilişlər də hazırladım, onda bədii jurnallarımızın iki sayı birləşdirilib bir nömrədə çar edilirdi. Onda baş redaktorlar da, əməkdaşlar da əsl fədakarlıq və vətəndaş yanğısı ilə çalışıb-əlləşdilər... O vaxt ermənilər bədii yazılarla, saxta “erməni tarixi”ni yaymaqda tüğyan edirdilər və hardasa “haqlı” olduqlarına inandırmağa(daha doğrusu yalanları sırımağa) müəssər də ola bilirdilər. Onların da yazarlar birliyinə daha Moskva pul ayırmırdı, amma onlar buna vəsait tapırdılar. Mənə elə gəlir Moskvanın qərəzli münasibətindən sonra AYB-i də, yazarlarımızın bir hissəsi də ruhdan düşdülər. O çətin və sınaq dövründə AYB-i öz sözünü deməliydi. Birliyin hörməti, nufuzu, adı, əlaqələri vardı və o bundan istifadə edə bilərdi. Dövlət rəhbərlərinə milli mənafeyimiz naminə proyektlər, çap olunacaq dəyərli əsərlər, təkliflər, tarixi materiallar təqdim etməklə nələrsə eləmək mümkün idi. “İdi” deyirəm, daha ondan keçib... (Buna cəhd edilmədi demək insafsızlıq olardı, amma lazımı səviyyədə iş görülmədi.)
Bu gün Azərbaycan ədəbiyyatının ən böyük itkisi oxucudu. Oxucusu olmayan ədəbiyyat kimə lazımdı? Bu gün AYB-ni narahat edən ümdə məsələ bu olmalıdı və bunun yollarıni tapmaq birbaşa birliyin borcudu.
Nəinki tərcümələr, zamanın “nəbzinə uyğun” əsərlər nə layiqincə araşdırıldı, nə də Azərbaycanın özündə düz-əməlli təbliğ olundu. Düzdü, bəzi “sitatlar” deyəcəklər. 2012-ci ildə “Sürgün” tarixi romanım Azərbaycanda və Türkiyədə Türk Dünyası Araştırmaları Uluslararası İlimlər Akademisi tərəfindən nəşr olundu. Onlarca türk söz adamları bu roman haqda yazdılar, fikirlərini dedilər. Azərbaycanda heç o haqda bir fikir belə söyləyən olmadı(“Ön söz” yazanlardan başqa). 2015-ci ildə Milli Qəhrəmanımız M.İbrahimov haqqında roman yazdım. AYB-dən bir reaksiya olmadı. Bu nə giley deyil, nə özünütəbliğ, nə də umacağım bir şey yoxdu. Bir də o əsərlərin nəşrindən artıq səkkiz-on il keçir. Bunu kim eləməlidi? Bəzi “yazarlar” kimi özüm qapı-qapı düşüb özümü təbliğ eləməliyəm? Bizim çox samballı tənqidçilərimiz, ədəbiyyat, söz yolunda, sözün əsl mənasında, can qoyan ziyalılarımız var. Onları yönləndirmək, yeri gələndə sifarişlər, tapşırıqlar vermək birliyin işi deyilmi? Hansı əsərin geniş müzakirəsi olub və onun əhəmiyyətindən, bədii sözün çəkisindən, zamanın tələbinə cavab verməsindən danışılıb, yaxud tənqid edilib. Bir-iki əsər yox, bu, müntəzəm olmalıdı. Televiziya məkanında AYB-nin təşəbbüsü və rəhbərliyi ilə hansı daimi ədəbi verilişlər var? (ayri-aryı müəlliflərin təşəbbüsündən söz getmir) Tək Anarın ona nə vaxtı çatmaz, nə enerjisi əvvəlki enerjidi. Amma birliyin sədri kimi təşkilati işləri zamanın, şəraitin diktəsinə uyğun eləməlidi.
Artıq Anarın istirahət vaxtıdı. Vaxtında öz işini namusla görə bilib. Milli mənafe, Azərbaycan ədəbiyyatının inkişafı naminə dövlət rəhbərliyinə edilən təkliflər hər vaxt müsbət nəticələr verib. Nədən bu təkliflər yox dərəcəsindədi? Qırx dörd günlük şanlı zəfərimizdən il yarım vaxt keçir. Nədən AYB bütün sahələr üzrə müsabiqələr elan etmədi (ən yaxşı poema, şeir, roman, povest, hekayə, ssenarilər)? “AYB-nin maliyyəsi yoxdu”,-deməyin, ölkə rəhbərliyinə bu təşəbbüslə müraciət edilsə və mənə elə gəlir bu təklif də rəhbərlik tərəfindən rəğbətlə dəstəklənər. Çünki mədəniyyətimizin, incəsənətimizin, musiqimizin inkişafı naminə dövlət rəhbəri də, H.Əliyef fondu da heç nəyə qızırğalanmayıb.
Bu yaxınlarda Bakıda eyni vaxtda iki məkanda kitab satış-sərgisi təşkil olunmuşdu və açıq-aydın hiss olunurdu ki, hansısa nazirliyin, təşkilatın təşəbbüsü ilə keçirilən“xala xətrin qalmasın” naminə “üzəngi parıldatmaq”dan başqa bir şey deyil. Bura da oxucudan çox yazarlar gəlmişdi?! Bunu daha urvatla, daha layiqli eləmək mümkün idi və təbii ki, bunu təşkil edənlər AYB-nin xeyir duası, təklifləri əsasında edilməliydi, heç olmasa “itirilən oxucularımızı” qaytarmaq cəhdi olmalıydı. Birliyin atacağı addımı başqaları atanda belə də olmalı idi-yazarların və onların beş-üç tanışlarından başqa demək olar ki, oxucu-alıcı yox idi. AYB-nin işi “Yazıçılar Birliyi” bileti, fəxri ad, təltif, ev-mənzil vermək deyil, millətinə, dövlərinə yaxşı əsərlər yarada bilən yazara qayğı, hörmət və onların təbliğidi, dünya ədəbi mühitinə çıxarmaqdı. Hələ də imkan və səlahiyyət sahibləri təbliğ olunmaqdadı, buna görə də itirən ədəbiyyatımızdı. İstedadlı cavanlar, sanballı əsərlər yaradanlar mükafatlandırılmalı, sanballı ekran əsərləri yaratmaq üçün birliyimiz tərəfindən müsabiqələrə əsərlərin təqdim olunması təşkilatlandırılmalıdır. Burda “bizim səlahiyyət” arxa planda olmalıdı və artıq “səlahiyyət sınır-sərhəddi” olmamalıdı, təkrar deyirəm, bədii söz olan yerdə AYB hər sahədə lokomotiv rolu oynamalıdı. Bu qədər zəngin irsi, istedadlı sənətkarları olan ölkənin ortaya qoyduğu sanballı bədii filmlər yox dərəcəsindədi. Bəli, bu missiyanı da AYB həyata keçirməlidi, bitib artıq köhlə “səlahiyyətlər”. AYB-yi zamanın tələbinə uyğun və son dərəcə çevik fəaliyyətə keçməsə itirdiklərimiz daha çox olacaq. Bədii söz olan yerdə ölkənin bütün taleyüklü işləri və fəaliyyətləri AYB-nin təklifi, xeyir-duası ilə olmalıdı.
Təhsil Nazirliyində dərsliklərə elə əsərlər salırlar ki, bəzən adam oxuyanda utanır və düşünürsən ki, bunun əsas səbəbi AYB-nin fəaliyyətsizliyindən, səlahiyyətsizliyindən, biganəliyindəndi. Sanballı əsərləri seçmək, təbliğ eləmək, o əsərləri ssenari kimi lazımi yerlərə təqdim eləmək, gərəkli olanları müxtəlif dillərə tərcümə etmək, dərsliklərə salına biləcək dəyərli əsərlər yalnız və yalınız AYB-nin “süzgəc”indən keçməlidi və inanmıram ki, ölkə rəhbərinə Birlik tərəfindən verilən bu milli-mənəvi dəyərlərimizə xidmətə biganəlik olsun. Çünki, istər ölkə rəhbəri, istərsə də H.Əliyev fondunun rəhbərliyi tərəfindən bu məsələlərə çox həssas yanaşılır.
Mənə elə gəlir ki, günün, zamanın tələbinə uyğun olaraq AYB-də yeni reformalar olmalıdı, yeni heyət fəaliyyətə başlamalıdı (xüsusilə cavan və təmənnasız söz qədri bilən bacarıqlı söz adamları), zamanın ab-havasına uyğun işlərini qurmalıdırlar. Şəxsi maraq, vəzifə, təmənna olan yerdə ədəbi-bədii dəyərlərdən söz gedə bilməz. Bu gün bizim filmlərə, ekran tərcümələrinə baxanda adam ət tökür. Türk dili nədən “tərcümə” olunmalıdı? Başqa vaxtlar iki dövlət, bir millət demirikmi? Buna AYB reaksiya verirmi? Nə vaxta kimi tanışı, “adamı”, pulu olanlar meydan sulamalıdır? Bədii sözü nüfuzdan salanlar da elə budur. Ona görə də ədəbiyyat meydanında elzalar, tellilər at oynadırlar. Bu, Şeyx Nizamiyə, söz sərrafı Füzuli babamıza, Dədə Ələsgərə, S.Vurğuna, M.Müşfiqə və hər şeydən qabaq müqəddəs saydığımız sözə hörmətsizlikdi. Sanballı Azərbaycan ədəbiyyat nümunələrinin təbliğı, seçimi xalqın malı olan gözəl ekran əsərləri, mənəvi aləmimizə nufuz, balalrımızın sanballı vətəndaş kimi yetişməsi deməkdi. Bu baxımdan AYB-i öz sözünü deməlidi. Bədii söz olan yerdə Birliyin “səlahiyyət dairəsi” olmamalıdı.
AYB-i bədii sözlə bağlı efirə də, mətbuata da müdaxilə etməyə haqqı var və bu onun halal haqqı, ədəbiyyatın keşiyində duran təşkilat kimi vətəndaşılıq borcudu. Sən, mən, o, birlik, təşkilatlar susanda həyasızlar, nadanlar ucuz yolla gündəmə gəlməklə özünə gün-güzaran düzəldənlər “itsiz yerdə əliağaclı” gəzirlər. Deməyək ki, “bu, o, o biri” birliyin səlhiyyəti deyil, məhz o “səlahiyyəti” və səlahiyyətləri bərpa etməyincə birliyin də dəyəri və hörməti olmayacaq, nə də bədii əsərlərimiz öz oxucularını tapacaq. Əvvəllər AYB-nin üzvü olan yazarların əsərləini oxuyanda sözün çəkisini, sanbalını da hiss edirdin. İndi Birliyin üzvü olan müəlliflərin cızma-qaralarını oxuyanda sözdən utanırsan. Buna ki, maddi dəstək lazım deyil... Nə yaxşı ki, bu gün bədii sözümüzə bütün etibarı, zəhməti, varlığı ilə xidmət edən “Azərbaycan”ımız, “Ulduz”umuz, “Ədəbiyyat qəzeti”miz və onların cəfakeş, söz qədri bilən əməkdaşları var. Nədən hər sözlə bağlı hər meyarımız belə olmasın?!
Bizim çox istedadlı, cəfakeş tənqidçilərimiz var. Onlara qayğı (xüsusən maddı dəstək) birbaşa AYB-nin işi deyilmi? Mən “Mübariz” romanını tamamlayandan sonra “Ön söz” yazmaq üçün tənqidçilərdən birinə verdim ki, Mübarizin ad gününə qədər kitabı çap edə bilək. O mənim dövrü mətbuatda çap olunan əsərlərim haqqında tənqidi soz deyəndən sonra əsəri ona oxumağa verməyi qərara aldım. Amma oxuyub çatdıra bilmədi, hər dəfə bir ali məktəbdə onunla görüşdüm. “Çasavik” kimi burdan ora, ordan bura qaçır ki, ailəsini dolandırsın. Elə insanlar bizim mənəvi sərvətlərimizin “cilalayıcılarıdı”. Onları kim dolandırmalıdı? Nəyə görə “bir parça çörək” naminə “boğazdan yuxarı” söz demək məcburiyyətində qalmalıdı? Elə insanları göz üstə saxlamalıdır ki, sözə təmənnasız xidmət eləsin, dolanışıq dərdi çəkməsin. Bunu kim eləməlidi? Bu gün Azərbaycan ədəbiyyatında yersiz tərif, məddahlıq yarışı var sanki. Nədən tənqid yox dərəcəsindədi? Bəlkə yazan yoxdu? Bunu kim koordinə etməlidi?!
Heç kimdən nə umacağım var, nə çəkinəcəyim. Qırx il gecələr yuxum, gündüzlər narahatçılığım da millətimizin, dövlətimizin ağrıları oldu və bu ağrılardan da yazdım. Duyumlu, sözə urvatla yanaşan oxuculardan (indi oxucu da qəhətə çıxıb), sözə, sənətə qiymət qoyan barmaqla sayılan qədər ədəbi tənqidçilərdən və ziyalılardan başqa bir istilik görmədim və düşünürdüm ki, yaşantılarımızı, başımıza gələn faciələri bədii dillə əbədiləşdirə biləcəm. Baxıram bu, indiki zamanda bu, xəyaldan başqa bir şey deyilmiş. Heyfim gəlmir o əzablı gecələrimə, narahatlıq və bəzən də rahatlıq gətirən bədii əsərlərə verdiyim vaxta, çünki nə vaxtsa ədəbiyyata, bədii sözə qiymət verilən zaman gələcək, bədii söz zamanın xəlbirindən “ələnib” arıtlanacaq. İnanıram ki, onda mən olmasam da yenidən yaşayacam və həmin yuxusuz gecələrin bəhrəsini balalarımız, ədəbiyyatımız görəcək. Tarixi faciələrimizdən, ağrılarımızdan yazdım-“Kəlbəcər ağrısı”, “Sürgün”, “Tanrı yazısı”, “Bir gecənin gəlini”, “Mübariz” romanları, “Yiyəsizlər”, “Qara canavar”, “Kəndim-kədərim”, “Kərənti səsi” povestləri, onlarla hekayə, esse və mənsur şeirlər...
Elə bir telejurnalist olmadı mənim qədər dərdlərimizdən, itirilən torpaqlarımızdan danışsın. Zəngəzur bu gün gündəmə gəlib, ancaq Aztv-də 1992-cü ildən Zəngəzurdan Ağbabaya, Göyçədən, İrəvandan Şuşaya, Xocalıya, Kəlbəcərə qədər ağrılarımıza işıq tutdum ki, unudulmasın ata-baba yurdlarımız. Həyatıma risq edib baba yurdumuz Qərbi Azərbacana gedib özüm çəkib efirə verdim (90-cı illərdə), I Qarabağ savaşında “qaynar” yerlərdən verilişlər hazırladım. Sözün əsl mənasında “Şəhid köynəyi” geyindim, amma o mübarək köynək mənim boyuma biçilmədi. Taleyim belə imiş. Dərdlərimizdən danışdım, yazdım, güllənin qabağına, düşmənin üstünə getdim, onu həm ekrana, həm ədəbiyyata gətirdim. Mən təmənna üçün çalışmadım, insan canını risqə gedən yerdə təmənna olmur, öz vətəndaşlıq, yazıçı, jurnalist borcumu yerinə yetirdim və peşiman da deyiləm. Allaha xatir, balalarım, babalarım, itirilən torpaqlarım naminə elədim... Mənim “vəzifəm”, “var-varidatım” Azad Azərbaycandı, təbiətdi, balıq tutmaq, ov eləmək, arılara baxmaqı. Qazancım da yaxşı insanlar, təmiz qəlblər, vətənsevərlərdi. Mənim bircə təmənnam olub-diqqət...
Çox şey zamanın sərt nəfəsində əriyib gedəcək, qalan bircə el malına çevrilə biləcək bədii söz olacaq. Bunu da zaman və söz qədri bilən sərraflar deyəcək. Zaman səlahiyyət, vəzifə sahibləri və imkanlı yazarların əsərlərini dalğadöyəndəki yazılar kimi silib aparacaq. sözə müqəddəs varlıq kimi baxanlar, təmənnasız sözün qulluğunda duranlar, əvvəldə dediyim o müqəddəs zirvəyə ucala biləcəklər.


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!