TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 6-08-2022, 10:06
Aytac Qayıbova yazır:


Aytac Qayıbova

"Bir Əslim varmış"
I Hissə
Yaddaşının hər hissəsində yenə eyni şeylər canlanırdı. Eyni fəsil, o yağışlı kənd səhəri, güzün gəlişiylə ətrafa yaydığı külək qarışıq möhtəşəm ətir... Kəndlərdə güz göz oxşayan təbiəti ilahi mükəmməliyyətlə təsvir edirdi, həm də bir ərazidə yox, bu bütün bağlarda və sahələrdə belə idi. Gənc əsgər gözünü pəncərədən eyni nöqtəyə zilləyərək saatlarla hərəkətsiz dayanaraq düşünər, ya da xatirələrinə axıb gedərdi. Bu hal onu vərəm dispanserinə gətirdikləri gündən indiyədək heç dəyişməmişdi. Əslində bu gənc əsgər hər kəsin diqqət mərkəzinə çevrilmişdi. Hər kəsi bir sual maraqlandırırdı. Hətta hər kəsin özünə uyğun təxminləri də az deyildi. “Görəsən, hərbi hissədə şəraitsizlikdənmi bu hala düşüb?” və ya “Bəlkə, əvvəldən çətinliklərlə böyüyüb sonra da əsgərlik daha da ağır keçib onun üçün” kimi müxtəlif fikirlər dispanserdə həkimlər və digər işçilər arasında hallanırdı.
Mənim də diqqətim ancaq ona hakim kəsilmişdi. Yox, yox, bu diqqət qətiyyən yaraşıqlı olduğu üçün deyildi. Bəlkə də, sadəcə hekayəsini bilmək istəyirdim. Düzünü desəm o, bu dispanserdə və əsla çölə çıxmadığı, tənhalığın divarlarını əsir aldığı bu palatada belə yaraşığını itirməmişdi. Bəli, yalan deyə bilmərəm, o olduqca yaraşıqlı və diqqət çəkici biri idi. Xüsusən də gözləri...
Onu tanımırdım, lakin, gözlərinə tək bir dəfə cəsarət edib baxa bilmişdim. Elə həmin andaca o qəlbi titrətməyi bacaran gözlərində fəryad qoparan dəhşətli bir keçmişin olduğunu görmüşdüm. Xeyr, əsla fərqli bir niyyətim yox idi, gözlərinə də təsadüf nəticəsində baxmışdım. O, bu dispanserə gəldiyi ilk gündən ona mən nəzarət edirdim. Hətta desəm ki, o, bura gəldikdən sonra mən hər gecə dispanserdə növbəyə qalıram yalan olmaz. Bilmirəm niyəsini, ancaq onu tək buraxmaq istəmirəm. Düzdü, o, danışmırdı mənimlə, heç kimlə danışmırdı. Ara-sıra için-için ağladığını görmüşdüm..
Ancaq gördüyümü ona bəlli etməmişdim. Onu elə görəndə ürəyimdə hiss etdiyim sızıltının səbəbi də mənə məlum deyil, heç sorğulamıram da. Yenə yadıma düşdü o gün, gözlərinə baxdığım həmin gün...
Heç kimlə danışmayan, səsi çıxmayan bu əsgər ilk dəfə o gecə səsini çıxarmışdı. Yaxınlaşıb nə dediyini eşitmək istədim. Tək bir söz çıxdı ağzından...
“Əslim...”
Gerisi sükunət oldu. Əlinə toxundum, cəld gözlərini açdı, bax, elə o qısa andaca o gözlərin gözəlliyini və içində qopan fırtınaları gördüm.
O gecədən sonra ona qarşı daha diqqətli davranıram, əvvəlcə bir neçə saat tək qalsa da, indi hər dəqiqə onu izləyirəm. O dinmir, danışmır, düzdü. Ancaq mən hiss edirəm ki, Əslim hər kimdirsə bir kəlmədən ibarət deyil...

II Hissə
Orxanı uzun müddət idi ki, görmürdüm. Necə deyərlər göz görməyəndə ürək bir təhər onsuzluğa dözür. Görmürdüm deyə unutduğumu, hətta nifrət etdiyimi belə düşünməyə başladığım bir zamanda qarşıma çıxdı...
Dispanserə gəlmək üçün evdən çıxmışdım, dan yeri təzə-təzə ağarmağa başlayırdı. Gənc əsgəri tək buraxmamaq üçün evə ara-bir gəlirdim və bu gün də, o günlərdən biri idi. O yatandan sonra dispanserdən cəmi bir neçə saatlıq çıxmışdım. Beynimin bir nöqtəsi «Əslimə» zillənmişdi. Elə onları düşünə-düşünə yağışın nəmləndirdiyi boş səki ilə addımlayırdım. Fikrim o qədər dağınıq idi ki, metroya necə çatdığımın fərqində olmamışam. Artıq metronun içindəydim və biraz sonra mənə bütün keçmişi, qırılıb tökülmüş həyatımın canıma batıracağı şüşə parçalarıyla dolu qocaman bir boşluğu gətirəcək olan o qatarı gözləyirdim. Qatar gələndə tez-tələsik sıxlıqda qalmamaq üçün birtəhər daxil olmuşdum içəri.
Ancaq 5 dəqiqə sonra 2-ci stansiyada mənə aramsız baxan gözləri gördüm..
Yanılmamışdım, bu baxışlar 3 il əvvəl heçnəsiz ayrılmağı istəyən və məni tərk edən nişanlıma aid idi...
Orxanla biz möcüzəvi şəkildə tanış olmuşduq. Onu tanıdıqdan sonra özümü illər öncə qeybə çəkilib sonra əsl xoşbəxtliyi taparaq yenidən dünyaya addım atan şahzadə kimi hiss edirdim. Nişanımız hər şeyin çox gözəl davam etdiyi günlərdən birində oldu. Artıq layiq olmadığım mükəmməl xoşbəxtliyin bir parçası olduğuma əmin idim. Sonra isə hekayəmiz bitdi. Sən demə artıq şahzadənin yuxudan oyanmaq vaxtı çatıbmış və yuxum bitmişdi. Məndən heçnəsiz çıxıb getmişdi. Sadəcə bir cümlə qalmışdı ondan geridə, bir də o cümlənin olduğu zərfdə nişan üzüyünü qoymuşdu...
Günlər, aylar, illər keçdi. Hər gün eyni əziyyəti çəkdim, özümü günahlandırdım, ancaq nə qədər düşünsəm də hər dəfəsində heç bir səhvim olmadığı qənaətinə gəldim...
Sayaqlayaraq, ağlayaraq oyandığım gecələrin sayı hesabı yox idi. Bir neçə ay psixoloji dəstək aldım və az da olsa özümə gələ bildim. Dispanserdə çalışmağa başladım, bəlkə insanlara köməyim dəyərsə yenidən xoşbəxt olaram, deyə uşaqca bir düşüncəyə qapılmışdım...
3 il... Dağ boyda dağlar çəkən bu 3 ildən sonra köhnə bir qatar şahidim qisminə yazıldı axirətimçün...
Artıq bu qatar da, mənə hər gün eyni acını daddıracaqdı...
III Hissə
Otağa daxil olduğum zaman gözlərimin şişib qızardığından xəbərsiz idim. Danışmayacağını bilsəm belə bu dəfə mən danışmaq istəyirdim. Çünki ondan yaxşı heç kim qulaq asa bilməzdi mənə. Hər kəs özünü bilmiş kimi aparır, ilk cümləmi bitirən kimi ağıl verməyə başlayırdı və bu məni narahat edirdi. Odur ki, anlayış gözləməsəm belə sadəcə dinlənməyə ehtiyacım olduğunu bilirdim və mən o gün ikinci dəfə həyatımın şokunu yaşayacaqdım. Bilmirəm məni bu qədər dağınıq gördüyü üçünmü ya yazığı gəldiyi üçünmü bir addım atdı.
Əslində onu da qınamıram, çünki hər zaman ona belə dayanma, həyat davam edir, sağalacaqsan, hər şey yaxşı olacaq deyən məni ilk dəfə bu halda görürdü. Oturub hər şeyi danışmağa hazırlaşırdım ki, birdən astaca dilləndi...
“Mən “şəhər” sözünün ancaq radiolarda, kasetlərdə eşidildiyi çox ucqar bir kənddə dünyaya gəlmişəm. Baxmayaraq ki, kənd üçün ən yaxşı imkana sahib olan insan mənim atam idi, ancaq heç vaxt təhsildən, kitabdan ya da hər hansı bir müasirlikdən danışa bilməzdik. 5 qızdan sonra doğulan evin 6-cı övladıydım. Atam imkanlı olmağından savayı çox da qəddar idi. Mənim anam gözlərimin qabağında öldü...
Doğumu səbirsizliklə gözlənən uşaq olsam da, heç vaxt qayğı görmədim. Məni tək sevən vardı, o da atam tərəfindən hər gün döyülə-döyülə son nəfəsini odun sobasının maşasını qanıyla yuyan anam idi. Heç vaxt bilmədim atamın anamdan nə istədiyini, nəyi verib ala bilmədiyini. Anam rəhmətə gedən zaman hələ çox balacaydım, ancaq o kiçik əllərimlə anamın saçlarına sığal çəkərək sonra tərpənmədiyini görüb yaxasını silkələyərək onu oyatmağa çalışdığımı heç vaxt unutmadım. Hər dəfə bir “Ana” deyə çağırışımda harda olsa harayıma çatan anam artıq özümü öldürsəm belə gəlməyəcəkdi.
Zaman keçdi və mən nifrətlə böyüdüm, ancaq heç vaxt ağlıma gəlməzdi ki, atam ona olan nifrətimi canımdan çox sevdiyim ikinci qadını da məndən almaqla son həddə çatdıracaq...”
Sonrasında yenə də susdu və çox soruşub, yalvarsam da bir cümlə xaricində heçnə demədi. Lakin, o bir cümlə belə məni bu gün ikinci dəfə yıxmağa kifayət etdi.
“Bir gün xəbər gəldi ki, sevdiyim qız ögey anam olub...”
IV Hissə
Bir neçə gün danışması üçün israr etsəm də heçnə demədi. Nə vaxt başımı qatacaq bir şey tapmayıb boş qalsam, beynimi o son cümlə: “ Bir gün xəbər gəldi ki, sevdiyim qız ögey anam olub....” məhv edirdi. Əslində israrlarımın faydasız olduğunu bilirdim. Çünki o, çox fərqliydi sadəcə özü istəsə danışardı ya da dinləyərdi, başqa heç nəyə baxmazdı. Məncə onu yavaş-yavaş tanımağa başlamışdım. Bir gecə özümü 2-3 saatlıq yatmaq üçün keçdiyim boş bir palatada yuxunun qollarına təslim etmişdim. Neçə saat keçmişdi bilmirəm ancaq qan-tər içində ağlayaraq oyandığımı yaxşı xatırlayıram. Düşündüm ki, bəlkə onun yanına gedim, ancaq sonra yatmış olduğunu xatırladım və çarəsizcə səhərin açılmağını gözləməyə başladım. Cəmi yarım saat səbr edə bildim, yatmış olarsa geri qayıdacaqdım. Otağının qapısını açıb içəri keçəndə yerində yox idi. Pəncərənin kənarından “ Yarım saat gec gəldin...” deyə səs gəldi.
Bir anlıq diksinib geri çəkilsəm də “keç otur, danış. Bu gün sıra səndədi”- dedi. Dəfələrlə gələcəyimi hardan bildiyini soruşsam da yenə səs yox idi. Sözünü deyib yenə sükuta qərq olmuşdu. Dərin bir nəfəs alıb, günlər əvvələ qayıtdım, beynimin hücrələrində zamanı o köhnə qatara tərəf çevirdim. Gedəcəyim stansiyaya çatmağıma 5 stansiya qalmış olsa belə, Orxanı gördüyüm andan sonrakı stansiyada qatardan düşdüm. Sanki nəfəs almağı unutmuşdum. Heçnə düşünə bilmirdim. Ancaq daha sonrasında keşkə o qatara heç minməsəydim dedizdirəcək o qədər şey oldu ki...
Arxamca Orxan da, düşmüşdü qatardan və mən bunu ancaq oturacaqda oturub özümə gəlməyə çalışarkən fərq etmişdim. Daha ayağa qalxıb uzaqlaşmaq üçün belə gücüm yox idi. Qalıb nə deyəcəyinə qulaq asmağa məcbur idim. Sanki çox gözəl şeylər deyəcəkmiş, çıxıb getdiyi üçün üzr istəyib son bir şans istəyəcəkmiş kimi dərin bir nəfəs alıb bədənimin hər nöqtəsinə sancacağı şüşə parçalarının yerini müəyyənləşdirirdi və mən bunu başa düşmək üçün olduqca gecikmişdim..
“Necəsən?”,- dedi mənə. Məni qoyub gedən, 3 il sonra qarşılaşdığım nişanlım mənə “Necəsən?” - dedi sadəcə. Keçən neçə əzab dolu illəri bir kəlməyə sığışdırmağı necə bacardı axı?! Ancaq mən niyə heyrətlənirəm axı, o nələr-nələr etməyi özünə sığışdıra bilən insan idi. Bu onun üçün nəydi ki...
Mənimlə tanış olan zaman internat evində böyüdüyünü, ailəsi və keçmişiylə bağlı heç nəyi bilmədiyini və heç vaxt dadmadığı ailə sevgisini, istiliyini ikimizdə ilk dəfə daddığını demişdi. Ancaq, hər biri bir yalanmış. Nəinki ata və anasının varlığını hətta yoldaşı və qızının varlığını da gizləyibmiş...
Həmin an nələr hiss etdiyimi təsvir edəcək sözüm, hərəkətim hətta mimika və jestlərim belə məğlub olub çarəsizliklə barışır. Mən o gün ona yox, özümə nifrət etdim. Mən necə hər gün başqasının həyat yoldaşını, atasını gözləmişəm? Necə onu nə olursa olsun bağışlayaram demişəm?...
30 saniyəyə kimi hərəkətsizcə baxdım üzünə və son bir cümlə deyərək arxama baxmadan cəld addımlarla və nəfəsimi kəsən, daxilimdəki məğlubiyyətlə dayanan qatara minərək gözlərimi yerə dikdim...
“Necə bu qədər alçala bildin axı?...”
Davamı gələn sayımızda...
"Bütöv Azərbaycan" qəzeti
5 avqust 2022-ci il


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!