"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 1-10-2022, 09:00
ALLAH SƏNİ VƏTƏN ÜÇÜN QORUDU


ALLAH SƏNİ VƏTƏN ÜÇÜN QORUDU
və yaxud Sözün dünyəvi hakimiyyəti
(Məmməd İsmayıl yaradıcılığı barədə ədəbi-fəlsəfi düşüncələr)

Dünyanı şair gözləriylə görən və dərk edən Məmməd İsmayıl poeziyasının yeri yeni eranın yeni əsrində bir əlçim alov kimi görünür. O alov Saqların Altay ocağından bütün Turan dünyasını şölələndirir. Bu əsil poeziya şölənidir. Bu Midiya mənşəli bir türkün həyat fəlsəfəsi və yaşadığı ömür payıdır.
Məmməd Ismayıl beyinlərdə düşüncə Əlifbası yaradan şairdir. Onun yaratdığı Əlifba hər kəsin xəyalında bir cür canlanır, bir cür oxunur. Sözün rəngi, gücü, çaları, miqdarı və ölçüsü kimi. O, yaratdığı əlifbanı şüurlarda və şüuraltında elə yerləşdirib, elə səliqəli sıralayıb ki, dünyanın poetik nizamına zərrə qədər xələl gəlməyib. Bir həriflə, bir işarə ilə elə sərrast xallar vurub ki, hətta poeziyanın özünü ”naşı əllərdən “ və plagiatlardan xilas eləyə bilib.
O, sözlə elə incə rəftar eləyib ki, Söz dönüb ənbər olub.Onun ətri hamını bihuş edib.Hamı o, ənbərdən dadmaq xoşbəxtliyinə nail olmaq istəyib. Təəssüf ki, çoxlarına nəsib olmayıb bu xoşbəxtlik.
Şairin qabaqcadan siqnallı işarə və Sos həyacana yaranan şeir nümunələri poeziyanın reklam şəbəkəsinin daha geniş yayılmasına əsas şərait yaradıb.
Məmməd İsmayılın yaratdığı düşüncə Əlifbası və Söz hakimiyyətinin əsas mənası və məğzi də elə bundan ibarətdir.

Yağdı qar, göylərdə axtardıq Günü,
Səma da, Torpaq da Gümüşü oldu,
Yox, biz görüşmədik o, görüş günü.
Yerlərlə Göylərin görüşü oldu!


Sözlərin mifik subyektivliyi və təsəvvürlərin çarəsizliyi şair təxəyyülünün minacata ehtiyac olduğunu zəruriləşdirib.Çünki, oxucu obrazlı hədəfi, sözlə obyekti və reallıqları daha mükəmməl fərqləndirə bilir.Məqsəd hərəkət və canlılığın, necə deyərlər, misra bağlılığını, fikir bütövlülüyünü və Söz hakimiyyətinin sirlərinin oxucuya bəxş etdiyi ən böyük mükafatdır.

Nә edәk, bir elin günahı varsa,
Ya bizi yox elә, ya bizә gün ver.
Allah, o günahı qurban yuyarsa,
Qurbanın mәn olum, mәnә ölüm ver.
Yaxud:
Qısmәtim ilahi nurdan demәdi,
Nәfsim qayğıların tәlәb meydanı.
El mәni özünә qurban demәdi,
Yolumu gözlәmәz Hәlәb meydanı,-
Mәn şair deyilәm, atam-qardaşım.

M. İsmayıl sözün obyekt kimi təsəvvür edilməsinə uyğun ikinci porodoksu isə belə mənalandırır.Onun şəcərə mifinə və gen mənşəyinə tələb olunan təhlilə yeni çalarlar verir.Beləliklə, ustad sair istifadə olunan söz birləşmələri və misraları yaddaşlarda
həmişəlik qalan özünəməxsus obraza çevirir.

Qarışıb bir ana bətnində genlər,
Qardaş qardaşı sevməz,
Dəyirman daşıdı deyib keçənlər
Alt daş üst daşı sevməz.

Ədəbiyyat dili ilə desek: M. İsmayıl bu məqamda qifılbənd açılan kimi açılır.

…Hamı bir-birinə düşmən,
Kimin kimnən var arası?
Bir Tanrı əyriliyi var,
Xəzri-gilavar arası…

İlk növbədə folklordan bəhrələndiyini, Xəqani cəsarətindən yararlandığını, Fələki dözümlülüyünü, Füzuli bulağından su içdiyini, Nizaminin sələfi olduğunu ortaya qoyur.

Şeytan әmәli var sәndә, ya mәndә,
Qәdim sahibiyik hansı günahın.
Bizә yurd verәndә, yuva seçәndә,
Qalıb arxasınca gözü Allahın.

Şairin yaratdığı digər alternativ - realist obraz isə milli əlamətləri əks etdirməklə yanaşı həm də fərdi həqiqətləri üzə çıxarmaqdır.
İlham mənbəyini Allahlardan almış seçmə şəxslərlə ruh yaxınlığı ideyası ədəbiyyat yaranandan bəllidir və ədəbiyyat nəzəriyyəsinin ana xəttini təşkil edir.Bu konsepsiya dini ədəbiyyatşünaslıqdan gəlsə belə ədəbi istedadın ilahi mənşəyini göz önünə çəkir.
Bu mənada M. İsmayılın qeyri adi ilahi istedadı və Allah sevgisi dediklərimizi mütləq mənada sübuta yetirir.

Məkkədən, qiblədən sənə sığındıq,
Ruh-ruh, bədən-bədən sənə sığındıq.
Lap elə heç nədən sənə sığındıq.
Niyyət edənləri, etməyənləri,
Camiyə, kilsəyə getməyənləri,
Əli ətəyinə yetməyənləri
Beləmi sınağa çəkirsən, ey haqq?!

Poetikada informasiya portalının əsasını qoyan Məmməd İsmayıl əbəs yerə oxucu ilə intellekt və təfəkkür savaşını boşuna aparmır.Onu müasir texnoelektron eranın sakini hesab etsə də düşüncə çahadına çıxmağa səsləyir.Bu yolda poeziyanın bütün imkanlarından istifadə edir.
M. İsmayıl poeziyasının qeyr-adiliyi, dünyəviliyi və dühalığının bir möhtəşəmliyi də məhz bundan ibarətdir.

Bu yatmaq nə vaxtın yatmağıdır ki,
Zamanın günorta çağı gəlibdir.
Oyan, elin-günün göz dağıdır ki,
Öz yuxun özünə yağı gəlibdir?!

Fyodor Dostoyevski deyirdi ki, bu qədər gözəl səma altında bu qədər pis insan necə yaşayırdı?!
Xəyanətkarın öz xəyanətlərinin qurbanı olduğunu - sonda fəryadlar və qan içərisində boğulduğunu təhkiyə yoluyla deyən Məmməd İsmayıl Allahına səbr nümayişini poeziyanın qisası adlandırır.

Bu necә dumandı, göz gözü seçmir?
Bu necә zamandı, düz sözü keçmir?
Yoxsa, seçdiyini xalq özü seçmir,-
Sәn kimi seçirsәn, sәn kimi, xalqım?!
Yaxud;
Örtülü qəbirlər ölüm səddimi,
Bu torpaq həyatın son sərhəddimi?!
İnsan boş əliylə köçsə dünyadan,
Qalıb əməliylə yaşayar yəqin.
Görmədin, geriyə qayıtdı Cavid, –
Ölümdən o yana həyat var yəqin.

Bütün bütpərəst xalqlara kinayə edən şair deyir:

Öz-özünü bulmayanlar,
Özgələrlə üz-göz olur.
Sevgidən doğulmayanlar
Doğunca, Təpəgöz olur.

Məmməd İsmayıl poeziyasında Söz və Güc hakimiymətlərinin eyni paralellikdə interperetasiyası fərqli –fərqli mövqelər sərgiləyir.
Hələ qədimlərdən Söz hakimiyyətinin davamlı və sabit olması prinsipindən çıxış edən şair poeziyada qalib olduğunu ərklə elan eləyir. O, zəbt və işğal olunmağı Söz hakimiyyətinin ayağına yazanlara üsyan edir.Kəşf etdiyi Əlifbanın bir hərfiylə deyilənlərin Güc hakimiyyəti ilə bağlılığını işarə verir.Budur möcüzə, budur dahilik!

Hərdən üz çevirib taleyə, baxta,
Çıxdığı səfərdən qorxub qaçan var.
Bir adam yol gedir bizdən qabaqda,
Yaxşı ki, dünyaya cığır açan var.
Yaxud:
Demə varlığını millət əyibdi
Qəsdlə öcə düşüb millət əyibdi
Xalqımın, xalqımın köksünə güllə dəyibdi
Qan axır şerimin misralarından

Mif ədəbiyyatın rüşeyimi sayılsa belə şair mifdən çox həqiqətə inanır. O, İnsanı həqiqətin sublimasiyası hesab edir, onun mestik varlığına inanmaya bilmir.Janrın bütün tələblərinə tabe olsa belə sevdiyi və ilham aldıgı təbiəti köməyə çağırır. Belədə xilaskar Təbiət şairlə qol-boyun olub şeirləşir; könlünü alır, onu nəs gətirənlərdən və qartımış əbləhlərdən qoruyur.

Meşә çığırları dönüb bir çaya,
Torpaq yağışlardan bәhrәlәnibdir,
Necә gözәl olub tәbiәt, Allah-
Quru kötüklәr dә pöhrәlәnibdir!
Gәzmәk istәyirәm dünyanı yazda
Hardasa, hardasa mәni duyan var,
Hәlә yaşamağa dәyәr bir az da.

Mövlananın sözlərini xatırlayıram: “güvəndiyiniz dağlara qar yağarsa, ən gözəl çarə dağ ilə qarı təklikdə buraxmaqdır. Gün gəlib dağlar əridiyində, dağ sizin yolunuzu gözlədiyində, ən gözəl cavab başqa bir dağdan salam yollamaqdır.

Min ildi Batı da cavab peşində…
Budurmu qardaşın qardaşa ərki
O gözdən bu gözə kin, sitəm baxar.
Adında gizlənən şərdimi Şərq ki,
Əzəldən Qərb ona belə kəm baxar?!

M.İsmayıl poeziyasının ən böyük tərbiyəvi əhəmiyyəti insanlarda Vətən, millət və ana dilinə olan sevginin təbliğidir.İnanıram ki, Qarabağ savaşından ( hələ bizim Təbriz, Dərbənd dərdimiz var.) qalib çıxıb əzəli və əbədi torpaqlarımıza sahib duran xalqımızın ədəbi obrazı şair yaradıcılığında yeni bir mərhələnin başlanğcı olacaqdır.
Çünki, bu gün bütün ədəbiyyatsevərlərə və ümüniyyətlə, çoxmilyonlu oxuculara Məmməd İsmayıl sözü, Məmməd İsmayıl nəfəsi hava, su kimi gərəkdir.

Mənim bir gecikmiş məhəbbətim var,
Dönüb nağıllaşan həqiqətim var.
Səni səsləyirəm, ay ev yiyəsi,
Səsimə səs versin o tayda kim var.
Dodaqlarda donan bir busə kimi
Harda görünür ki, sönə arzular.
Qıvrıla-qıvrıla bir gürzə kimi
Əsrin ovsununa yatıb Araz da
Dünyanın işini nə bilmək olar,
Hələ yaşamağa dəyər bir az da.

Əgər Nəsiminin bədii yaradıcılığının rüşeymi Azərbaycan xalqının folkloru ilə sıx surətdə bağlıdırsa, Məmməd İsmayıl ədəbi dili zaman və məkan qatlarının yeni-yeni dürləri formatında özünü təqdim edə bilmişdir. Şair bu dilin semantik xüsusiyyətlərini qoruyaraq lətif və cazibədar şirinliklə poeziyanı bir az da zənginləşdirmişdir. Çağdaş poeziyamızın dil hüququ və estetik səviyyəsini qoruyub saxlaya bilmişdir.
Məmməd İsmayıl poeziyasının dili yuxarıda qeyd etdiyim düşüncə əlifbasının fonetik və morfoloji bölmələriylə başlayıb böyük türk dilinin hüdudları çərçivəsində dahi rus tənqidçisi Belinskinin dediyi kimi “şairin qəlbindən süzülüb təfəkküründə bülurlaşır.”

Əmir Pəhləvan


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!