Vaqif RüstəmovI hissə[/center]
Çarizm Cənubi Qafqaza tam sahib olandan sonra əyalətlərdə aparılan islahatlar, yeni inzibati ərazi bölgülərinin bir-biri ilə əvəz olunması, Qafqaz Canişinin yerlərdə təyin etdiyi məmurların özbaşınalığı xalqın böyük etirazına səbəb olmuşdu. Ədalətsiz vergi və mülkiyyət hüquqlarının pozulmasına qarşı artan narazılıqlar XIX əsrin 20-ci illərindən etibarən Azərbaycanın bütün ərazisində kəndli üsyanına çevrildi. Üsyana başçılıq edənlər "Qaçaq hərəkatı"adı altında mübarizədə formalaşdılar. Qaçaq Nəbi, Qaçaq Kərəm, Qandal Nağı, Qaçaq Süleyman kimi, xalqın igid oğlanları çarizmin zülmünə qarşı və imperiyanın təhriki ilə Azərbaycanda "məskunlaşdırılıb" silahlandırılmış erməni qüvvələrinə qarşı mübarizə aparmışlar. Bu müqəddəs amalla Qarabağda 25 ildən çox çarizmə, onun harın məmurlarına və erməni daşnaqlarına qarşı mübarizə aparmış Qaçaq Süleyman son damla qanınadək düşmənlə vuruşmuş, təslim olmamışdır. O sələfləri kimi, erməni xislətinin qurbanına çevrilərək 5 aprel 1917-ci ildə xaincəsinə qətlə yetirilmişdir. Xalqımızın sevgisini və rəğbətini qazanmış, Xalq Qəhrəmanı kimi tanınan Qaçaq Süleymanın uyuduğu vətən torpağı Arazın o tayında Acıdərədədir...
Aydolanmazdan Araza doğru boz kəhəri dördnala çapan cavan uşaq Dərəarası gədiyindən üzüaşağı - Quycaq yatağına doğru endi. İri sıçrayışla kənd yolunda qaçan atın hənirtisini eşidib görənlər kənara çəkilib ona yol verirdi. Yayın qızmarında tut ağacının kölgəsinə yığışıb sərinlənən və ətrafda nə baş verdiyindən bixəbər olan kişılərdən biri qeyzlə:
- Ə, günün bu istisində dəli kimi hara çapırsan? - deyə atlının dalınca xırıltılı səslə bağırdı.
- Fikir vermə, cavandır! - deyə yanındakı yaşlı kişi onu sakitləşdirməyə çalışdı.
- Əşi, görmürsən bu havalanmışın qanacağını? - deyərək yerdən götürdüyü daşı hikkə ilə onun arxasınca atdı. Kişinin bu hərəkətinə o biriləri qəh-qəhə çəkib gülüşdülər.
- Ay kişi, başına iş qəhətdir, nəyinə lazımdır axı hara çapır,- deyə yaşlı kişi məzəmmətlə səsləndi.
Atlı quştək kənd yolundan Gəyən təpəliklərinə qalxıb gözdən itdi. Təpəliklərin yamacında Araza doğru uzanan Nüzigar kəndinin köç yolunda Əhmədalılar obası-na doğru qaçan kəhərin dırnaqlarından qopan tozanaq bulud tək havanı boz örpəyə bürümüşdü. Yalmanına qısılmış atlı əlindəki qamçını havada yellədərək ürək yan-ğısı ilə:
- Hə, gözünə dönüm! - deyə kövrək səslə qışqırırdı.
Dağlar qoynunda yerləşən Əhmədalılar kəndinin evləri Gəyən təpəliyindən səf-səf sıralanmış çinar ağaclarının arxasından aydın seçilirdi. Yolboyu çəmənlikdə otlayan qoyun sürüləri iti sürətlə qaçan atın nal səsindən hürküb kənara sıçradı. Qoyun otaran uşaqlar atlıya maraqla baxaraq, qışqıra-qışqıra yola doğru qaçırdılar.
Onlardan biri uca və şən səslə:
- At belə olar ey, gör necə qaçır!
Oğlanın yanında dayanan çoban yoldaşı onun səsinə səs verərək:
- Ayaqlarına bax, elə bil ceyran ayaqlarıdır, - deyərək sevinə-sevinə torpaq yola çıxıb atlının dalınca baxdı...
Çinarlıqdan obaya daxil olan atlı mərəyin yanında yüyəni bərk çəkib kəhəri saxlamaq istədi. At fınxırtı ilə gəldiyi səmtə dönüb şahə qalxdı, ağ göyərçinə bənzəyən səkili ayaqlarını göydə oynadaraq bərkdən kişnədi. Mərəkdən aralı, ağac dirəyin üstündə oturmuş ahıl kişilər heyrətdən qəfil ayağa qalxdılar. Əlində demisini saxlayan pirani qoca amiranə səslə:
- Əyə, atı tutun, atı tutun! - deyə səsləndi.
Qocanın yanında dayanan kişilərdən ikisi dərhal atın yüyənini ələ keçirib bərk-bərk saxladı. Kəhərin tabe olmayacağını bilən oğlan cəld yerə sıçrayıb onun boy-nunu qucaqladı. Sahibinin nəvazişini duyan at sakitləşdi.
Bu an atlıya yaxınlaşan qoca təəcüblə:
- Ay bala, sən lap dəliqanlı uşaqsan ki! Demirsən, bəs at səni yerə çırpar? De görüm kimsən, kimlərdənsən? Üzü gözü toza bülənmiş cavan həyəcanla təntimiş halda:
- Daşkəsənli Alı bəyin nəvəsiyəm, Süleyman əminin dalınca xəbərə gəlmişəm.
Şirxan dəstəsi ilə Arazı bu taya keçib. Maralyan tərəfdən üzüyuxarı camaatın mal-qarasını yığa-yığa Heydər dağına tərəf qalxır.
Qocanın yanında dayananlardan yaşca cavan, əli silahlı kişi:
- Ay qaniçən, yenə də sümsük it kimi bu taya keçib, həyasız oğlu heç özünə yığışmır! - deyə ikrah hissi ilə qeyzləndi.
- Az deyingən ol, tez Süleymanın dalınca get! - deyən qoca, kişiyə tərəf çəpəki nəzər yetirib başı ilə ona qəbahətini anlatdı. - Süleyman Çinarlı kəhrizində atını suvarır, gedim ona xəbər verim, - deyə kişi cəld atını minib çaparaq, mərəkdən uzaqlaşdı.
- Darıxma, bala, Süleyman indi harda olsa gələr. Qoca nəvazişlə cavanın başını sığallayıb, əlini onun çiyninə qoydu. Bu hadisəni görən kənd adamları həyəcanla mərəyə doğru axışırdı. Cavan oğlan məlul baxışlarla kəhərin başını sinəsinə sıxıb onu bərk qucaqlamışdı...
Qara Molla Pirinin ətrafına yığılan əli silahlı Daşkəsənlilər Kərbəlayi Behbudu diqqətlə dinləyir, onun verdiyi göstərişlərə dərhal əməl edirdi. O, arvad- uşaqların evdən çölə çıxmamağını dönə-dönə tapşıraraq, atının cilovunu əlində möhkəm dəstələyiıb ucadan danışırdı:
- Bilirsiniz, vəziyyətimiz çox ağırdır. Bizə səhər ertədən bildiriblər ki, Şirxan dəstəsii ilə Arazı bu taya keçib qisas almağa gəlir. Əvvəl beş-on atlı ilə üstümüzə hücm çəkirdisə də, heç qotur çəpiş də apara bilmirdi, cavabını da "yaxşı"alırdı! İndi isə qansız iki dəstə düzəldib 50-60 atlı ilə gəlir. Olsun ki, Süleyman hayımıza vaxtında yetişməsin. Göyüş kişi, cavanlardan bir-iki nəfəri götür, kəndin kəfşənində olan mal-qaraını yığıb Xatın bulağından aşağıya, dərəyə aparın! Ora nə qədər olmaya, gözdən uzaq, etibarlı yerdir. Ağalar kişi, Muğum bağından Kül təpəyə qalxan dikdiri bağlayın, adamlarınla imkan verməyin ki, onlar kəndə soxulsunlar. Sonra Kərbəlayi tüfəngin nişangahı ilə Horovlu gədiyində Satal qayanı Məşədi Yusifə göstərərək:
- Məşədi, gədiyi gözdən qoymayın, Şirxan, hiylə işlədib 5-10 qaçağı ordan daş yola çıxardacaq ki, kəndi mühasirəyə alsın. İnanmıram ki, o, qansız-qadasız burdan getsin...
Karxulu ilə Dəcəl kəndləri tərəfdən üzü yuxarı doğru gələn oğrular yağmaladıqları mal-qaranı Heydər dağı səmtinə qovurdu. Sürüdən aralı gələn qoşa atlı fayto-nun içində üç-dörd silahlı qaçaq atılıb-düşərək şadyanalıq edir, arabir havaya atəş açırdılar. Açılan güllələrin zəif səsini eşidən qəzəblənmiş Daşkəsənlilər oğruları səbirsizliklə gözləyirdi. Sürünün əhatəsində əli çomaqlı adamlar heyvanları döyərək onları bir yerə yığmağa çalışırdılar. Bu an, Kül təpədən üzüaşağı atlarını sürətlə çapan bir neçə silahlı Şahverdili yatağından Qara Molla Prinə tərəf diki qalxdı. Ərəb atın belində silahlı atlılarla özünü yetirən Xanlar ağa ucadan:
- Kərbəlayi, Ala dağın aşırımından camaatın bura yığıldığını görüb dərhal geri qayıtdım.
Yuxarı dəyirmanda dən üyüdənlər hal-qəziyyəni mənə danışıblar. Vəziyyətimiz çətin olsa da, onların bu dəfə paylarını yaxşı verməliyik ki, bir də cürət edib Arazı bu taya keçməsinlər, - deyə Xanlar atından yerə sıçradı.
- Xanlar, qansız oğlu kinli canavar kimi indi də iki dəstə ilə üstümüzə gəlir. Olsun ki, Rəhimlə tülkü Zəkinin adamlarını da gətirib, - deyə Kərbəlayi əlini Karxuludan aşağı Araz tərəfə uzatdı.
- Kərbəlayi, aşağı kəndlərin adamlarının sayı azdır. Onlar quldurlarla bacara bilməzlər. Binəvalar mal-qaranı ötürüblər kəfşənə, Şirxan da yağmaladıqlarını adamları ilə yığa-yığa üzü bəri qovur. Gərək onların qabağını Quycaqla Horovlu yatağı arasında alaq ki, kəndə soxulub camaata xətər yetirməsinlər.
- Mən də istəmirəm ölüm-itim olsun, görmürsən, qudurmuşlar faytonda necə atılıb-düşürlər.
- Baxarıq, bu onların axır gəlişləri olacaq, inşallah! - Xanlar ağanın şəstlə dediyi bu söz hamını ruhlandırdı.
- Xanlar, mən dərəyə düşürəm. Daşkəsən təpəsindən adamlarımız Əhmədalılar obasının köç yolunu izləyirlər. Misiri Süleymanın dalınca xəbərə göndərmişəm,- deyən Kərbəlayi at belində yerlərdə sayıq dayanan silahlıları yoxlamağa getdi.
Ələsgər bulağından Horovlu səmtinə qədər əli silahlı Daşkəsənlılər, Qanlı dərənin gədiyinə nəzarət edirdi. Hamı Karxuludan üzüyuxarıya tərəf qovulan sürüyə baxırdı. Evlərin damında yanlarına daş yığmış uşaqlar da mənzərəni maraqla seyr edir, sanki onlar da döyüşə hazır dayanmışdılar...
Ağ köhlənin belində çaparaq mərəyə yaxınlaşan Süleyman atından düşüb:
- Salam əmi! - deyə təngənəfəs halda qoca ilə görüşdü.
- Bu uşaq, Daşkəsənli Alı bəyin nəvəsidir, xəbər gətirib. Deyir ki, Şirxan dəstə-si ilə yenə Arazı bu taya keçib, camaatın mal-qarasını yığa-yığa üzüyuxarı-Heydər dağına tərəf qalxır, - deyə pirani qoca məsəlnin məğzini Süleymana bildirdi.
Sifəti səyriyən Süleyman hirslə:
- Qurumsaq, özünə yığışmır ki, yığışmır, əcəli çatıb onun, deyəsən. O, mauzeri qoburundan çıxarıb göyə iki yaylım atəşi açdı. Güllə səsindən vəziyyətin çətin olduğunu bilən oba camaatı bir-birinə dəydi. Əli silah tutan atlanıb mərəyə doğru axışdı. Süleyman onun dalınca xəbərə gələn silahlıya tüfəngini gətirməsini əli ilə işarə etdi, sonra atlı oğlana sarı baxaraq mehribanlıqla:
- Çinarlıqdan keçəndə görürdüm səni, yaxşı at çapmağın var! Sən Xanların oğlusan?
- Xeyir, Bayram ağanın oğluyam. Xanlar böyük dayımdır.
Süleyman gülümsünərək:
- Belə de, demək rəhmətlik Hacı Rüstəm ağanın nəvəsisən! Allah rəhmət elə-sin, atan mərd kişi idi. Xiyabandan yuxarı erməni dığalarını bir yerdə qovub çıxart-mışıq. Rəhmətlik həmin döyüşdə də aldığı ağır güllə yarasından sonra dünyasını dəyişdi. Adın nədir?
Oğlan bu sualdan pörtmüş halda asta səslə:
- Misir...
- Bəs səni kim göndərib mənim dalımca?
- Kərbəlayı Behbud.
Süleyman sadiq dostunun adını eşitcək, bir an duruxdu. Sonra əlindəki, qamçını ovucları arasında hiddətlə ovxalayaraq nigarançılıqla, Daşkəsən səmtinə tərəf boylanıb təəssüflə başını silkələdi.
- Necə oldu ki, səni göndərdi?
- Suçularla Alı babamın bağın suvarırdıq. Ağ göldən yuxarıda dayanan suçulardan biri, əli ilə Araz tərəfi göstərib bərkdən qışqırdı:
- Gəl bir bura bax...!
Mən, tez təpəni çıxıb onun göstərdiyi səmtə baxdım. Uzaqdan çoxlu atlının Arazı bu taya keçib Maralyana tərəf çapdıqlarını aydın görürdük. Sonra dönüb, kəndə tərəf boylanıb gördüm ki, kənd camaatı əllərində tüfəng, dəyənək Qara Molla pirin yanında Aydolanmaza sarı yüyürürlər. Eşidilən hay-küydən çaşıb qalmışdım, bil-mirdim ki, nə edim.Tez atlanıb, üzüyuxarı, kəndə doğru qalxdım. Qara Molla pirin yanında əli silahlı adamlara Kərbəlayı Behbud tapşırıqlar verirdi, məni də görən kimi:
- Nənəm qurban, tez özünü Əhmədalılara yetir, Süleymanı tap, de ki, Şirxan iki bölük atlı dəstəsi ilə Arazı keçib, Maralyandan üzü yuxarı qalxır! - dedi.
- Mən də atın boynunu döndərib birbaşa sizə xəbərə gəldim!
- Sən ki elə qaçaqlığa layiqsən, mindiyin kəhər kimindir, səniindir?
Misir gözlərini yerə dikərək, yavaş səslə:
- Hə, əmi, Mərcanlı Hacı Fərhad əmi peşkəş verib.
- Nə əcəb?
- Keçən yaz ilin axır çərşənbəsində kəndin cavanları Aydolanmazda cıdıra çıxmışdı! Külfəti ilə dayımgilə qonaq gəlmiş Hacının atına qulluq edirdim. O, mənə baxıb təəccüblə soruşdu :
- Sən niyə cıdıra getmirsən?
- Dedim ki, mənim atım elə də qaçağan deyil.
O, söylədi:
- Onda götür mənim atımı get. Mən də dayınla birlikdə gəlib baxacam görüm necə at çapırsan?
- Mən elə bu sözə bənd idim. Tez atı tövlədən çıxarıb yəhərlədim, belinə sıçrayıb, Aydolanmaza tərəf çapdım. Cıdırda qabaqda gələnə bir erkək toğlu verirdilər. Mən də bu kəhərin hesabına hamını ötüb toğluya sahib oldum. Hacı da məni yanına çağırıb gülə-gülə:
- Bala, at oldu sənin! - dedi.
Dayım çox çalışdı ki, Hacı fikrini dəyişsin. O isə dediyindən dönmədi.
Süleyman razılıqla: "Yaxşı atdır, yaxşı bax ona". Bəs atın başını niyə buraxmışdın, elə bil əlində yüyən yox idi?
- Hacı atı mənə bağışlayanda bir neçə məsləhət verdi.
- Belə de... - Süleyman uşağa maraqla baxdı.
- Hacı dönə-dönə tapşırdı ki, nəbadə ata qamçı vurasan, hürküb səni yerə çırpar. Çalış ki, sənin səsinə alışsın. Vacib iş dalınca gedirsənsə, ucadan "hə, gözünə dönüm" de. Yüyəni də qəfil çəkmə, onda o, şahə qalxacaq. Bərk çapanda atın başını burax, o özü səni mənzil başına tez çatdıracaq...
- Elə düz deyirlər ki, Hacı yaxşı atın şakəridir, - deyə Süleyman gələn silahlıları bir-bir gözaltı nəzərdən keçirirdi.
Bu vaxt Süleymanın tüfəngini gətirən kişi, yaxınlaşıb əlindəki beşaçılanı, güllə qatarı ilə birlikdə ona tərəf uzatdı.
Süleyman silahını alıb:
- Sağ ol, tez gətirdin.
Artıq Süleymanın dəstəsi yığışmışdı. O, köhlənin üzəngisini bərkidərək:
- Hamı gəlib?
Xanalı:
- Hə qağa, yığışmışıq.
Süleyman:
- Mehdigildən bir xəbər yoxdur?
Xanalı:
- Xəbər göndərib ki, günorta Arazı keçəcəklər.
Süleyman qoca kişiyə tərəf baxıb dedi:
- Əmi, Mehdigil gələndə de ki, Nüzigardan yuxarıya doğru gəlsinlər.
Qoca nəvazişlə:
- Arxayın ol, gələn kimi mütləq göndərərəm. Allah amanında, bir-birinizi qoruyun.
Süleyman yola düşməzdən əvvəl qaçaqlara tapşırıqlar verdi:
- Xanalı, Quycaq yatağının aşağısından Qanlı dərəyə uzanan yarğanı gözdən qoymayın. Nanəcib kəfşənin heyvanını yığa-yığa gəlib ora çıxacaq. Onun namərd əməllərinə yaxşı bələdəm. Özü gəlməzdən əvvəl silahlı adamlarını yol adamı kimi ağlagəlməz yerlərə göndərir ki, pusquda dursunlar. Sonra yağmaladığı sürünü bir yerə yığıb Gəyən təpəliklərindən üzüaşağı-Xudafərinə tərəf düşəcəklər. Süleyman sonra üzünü Qara Dadaşa sarı tutub:
- Adamlarınla Dərə arasının güneyindən yuxarı qalxarsınız, imkan verməyin ki, onlar kəndə soxulsunlar! Mən Usubun dəstəsi ilə daş yoldan Daşkəsən təpəsinə tə-rəf çıxacağam. İşarəm olmadan heç kim güllə atmasın. Bilirəm, Kərbəlayi "hazırlığını" görüb, tərpənin, yolda ləngiməyin! - deyib köhlənin belinə atıldı. At sahibinin
fikrini duyub qəfil irəliyə sıçradı. Xəbər gətirən Misir də cəld atlanıb onların dalınca çapdı. Qabaqda gedən Süleyman, onu təqib edən oğlana doğru dönüb qışqırdı:
- Dalımca gəlmə, bağ aşağı kəndə doğru çap, Xanalının dəstəsinə qoşul!
Ancaq Misir, Süleymandan geri qalmamaq üçün atını inadla onun ardınca çapırdı...
Yüyürək at mənzil başına tez çatar... Gəyən təpəliyində yaşıl xalıya bənzəyən çəmən otları atların dırnaqları altında qoparaq havaya qalxıb kənara düşürdü. Qa-çaqlar yamacda qəfil sağa burulub noxud zəmisinin arası ilə uzanan dolanbac torpaq yola çıxdılar. Atların qopardığı toz qatı noxud kollarını bozumtul rəngə bürümüş, görünməz etmişdi. Qarşıdakı təpəliyi sürətlə qalxıb Daşkəsən bağlarına tərəf yaxınlaşan Süleymangil bağın güneyində yerləşən su dəyirmanın yanından "urus yurdu" nu sürətlə keçdi. Hava dərəsindən üzüyuxarı qalxan qaçaqlar kənd məzarlığının yanından Daşkəsən təpəsinə çıxdılar. Kül təpədə Süleymanla rastlaşan Şirxanın pusquda dayanmış adamları atəş açmağa macal tapmamış mauzerdən açılan güllələr onlardan ikisini atın belindən yerə aşırdı.
Süleyman, hayqırtı ilə :
- Usub, atları yeyin sürün! Qudurmuşlar kəndə doluşublar...
Dərədə açılan güllələrin qayalıqlarda çıxardığı əks sədası aydın eşidilirdi. Dikdiri sürətlə qalxan atlılar Muğum bağına doğru üzüaşağı şığıdı. Dərə başdan-başa toz qatına bürünmüşdü. Daşkəsənlilərin hayqırtısından vahiməyə düşən oğrular, Ələsgər bulağının yarğanından, Muğum bağına doğru hürküb qaçan mal-qaranın qarşı-sını kəsə bilmirdilər. Horovlu yatağına yayılan sürü tufanla gələn seltək gədikdən üzü aşağı dərəyə axışırdı. Sürünü əhatəyə alan oğrular çaş-baş qalaraq bilmirdilər ki, nə etsinlər. Şirxan hirsini söyüşlə əvəz edirdi. Mal-qaranın hürküb qaçdığını, onları bir yerə yığa bilməyən oğrular cəhd edib geri qaçmaq istəsələr də artıq gec idi.
Hər tərəfdən Daşkəsənlilərin hücumuna məruz qalan Şirxanın adamları sürüdən ayrılmağa çalışırdı.
Onlardan biri qışqıraraq:
Şirxan, mühasirəyə düşmüşük.
Ay quş ürəklilər, mühasirə nədir, heyvanları üzü bəri qovun, - deyə Şirxan hikkə ilə adamlarına çımxırdı.
Sürünün arxasınca gələn oğruların bir dəstəsi vəziyyətin çətin olduğunu görüb atların başını geriyə döndərib, Araz səmtinə tərəf çapdılar.Uzaqdan tülkü Zəki cır səsi ilə:
- Şirxan, bizim dərəyə düşəsi halımız yoxdur. Səninlə belə danışmamışdıq, biz getdik, - deyib qaçanların dalınca atını çapdı. Tülkü Zəkinin aradan çıxdığını görən Şirxan qızmış dəvə kimi nərildəyir, nə edəcəyini bilmirdi. Horovlu gədiyindən hücuma keçən Məşədi Yusifin adamları oğruları güllə yağışı ilə yollarını bağlamış-dı.Yamaca səpələnmiş mal-qaranın arası ilə aradan çıxmaq istəyən oğrulara özünü yetirən Xanalının dəstəsi onları at döşü edib sürü qarışıq dərəyə qovdu. Aydolanmazdan aşağıda Ələsgər bulağı səmtində Qara Dadaşın adamları yarğanın qabağını sipər kimi kəsərək onların mühasirəni yarmasına imkan vermirdi. Hürküb böyürtü ilə dərəyə soxulan malqaranın qaldırdığı tozanaq ətrafı görünməz etmişdi. Kərbəlayi Behbud, qəfil Şahverdili dərəsinə yenərək qızıl quştək Şirxanın üzərinə şığıdı.
Açılan güllələrin səsindən qaçmağa yer tapa bilməyən oğrular çxılmaz vəziyyətdə çaşıb qalmışdı. Dərədə ölüm-dirim savaşı, mal-qaranın vəhşi böyürtüsü ətrafı sanki lərzəyə gətirmişdi...
Kül təpədən üzüaşağı hayqırtı ilə hücuma keçən Süleymanın gəldiyini görən Daşkəsənlilər oğrularla əlbəyaxa döyüşə atıldılar. Məşədi Cəfərlə Ağalar kişinin şaqraq səsi Heydər dağında əks-səda verirdi. Dəyənəklə hücuma keçən Ağalar ki-şinin zərbəsi oğruları bir-bir atdan yerə aşırırdı. Əlbəyaxa döyüşdən qorxan Şirxanın adamları qəfil Muğum bağında əncirliyə soxuldular. Bunu görən Xanlar ağa onları güllə yağışına tutaraq gizlənməyə imkan vermədi. Qəfil əncirlikdən çıxıb geriyə, Ələsgər bulağına tərəf atını çapan Şirxanı Kərbəlayı Behbud təqib etməyə başladı. Quldurların yağmaladığı sürü pərən-pərən düşüb yamac boyu hər tərəfə səpələnmişdi. Mühasirəyə düşən Şirxan atını gədiyə doğru qaçan oğruların ardın-ca çapdı. Muğum bulağında oğruları at döşü edən Süleyman Şirxanın aradan çıxdığını görüb:
- Ə, tülkü qurumsaq, hara sivişirsən? - deyib onu nişan aldı. Açılan güllə Şirxanın başındakı motal papağı havaya tulladı. Bağlanmış gədiklərdən canlarını qurtarmağa çalışan oğrular silahını, dəyənəyini yerə ataraq təslim oldular. Hürküb yamaca qaçan heyvanların arasına soxulan Şirxan adamları ilə fürsətdən istifadə edərək mühasirədən çıxmağa cəhd etdi. Ətrafı görünməz edən tozanaq və səs küyün uğultusundan hürükmüş mal-qaranın önündə iri sıçrayışla qaçan buğa qəflətən sola dönərək sürünü də ardınca yatağa tərəf apardı. Fürsəti əldən verməyən Şirxan, dəstəsi ilə gədiyi qalxıb Quycaq yatağından Araz səmtinə doğru atlarını çapdılar. Aradan çıxan oğruları, Xanalının adamları ilə Daşkəsənli atlıları təəqib etməyə başladılar. Atlılar san ki, cıdıra çıxmışdı. Bu mənzərəni seyr edən Quycaqlılar qabaqda qaçan oğruları daş-qalaq edirdilər.
Güllə yağışından canlrını qurtarmağa çalışan quldurlar qurtulmaq üçün müxtəlif istiqamətə səpələndilər. Atın yalına yataraq çapan Xanalı sərrast atəşlə onlardan üçünü atın belindən yerə saldı. Atlarını yanaşı çapan Məşədi Yusif beşaçılanla qaçan oğruları güllə yağışına tutmuşdu. Şəybəyi kəndinin təpəli-yindən üzü-aşağı Arazın sahilinə çatan Şirxanın atlıları, bir göz qırpımında iri sıçrayışla suya atıldılar. Atların suda qopartığı şappıltı kolluqdakı quşları pərən-pərən saldı. Sahilə yetişən Xanalı Arazı keçmək istəyirdi ki, özünü yetirən Məşədi Yusif təmkinli səslə:
- Lazım deyil, qoy cəhənnəm olsunlar, onlar cürət edib bir də bu tərəflərə keçə bilməzlər!
- Məşədi, nanəcib bu dəfə də aradan çıxdı. Özüm onu vurmadım, hərləyib diri tutmaq istəyirəm.
- Bir abbasılıq dərisi də yoxdur ki, mataha minsin. Görmürsən qorxusundan sürünün arasına necə soxulmuşdu.
Xanalı uca səslə:
- Ay nanəcib, papağın Qanlı dərədə qaldı, bu dəfə də aradan çıxdın. Səni tutsam gəbərdəcəm, kişisən gəl Aslandüzünə, hesabı çürüdək!
Şirxan cəmisi səkkiz atlı ilə Arazın aşağı tərəfindən o taya keçə bildi. Onlar Aslandüz tərəfə atlarını çaparaq uzaqlaşıb gözdən itdilər. Xanalı, Məşədi Yusif adam-ları ilə geri, Daşkəsənə tərəf qayıtdılar.
Məşədi Yusif:
- Xanalı, qansız oğlu kəfşənlərdə əlinə keçən sürüləri ağına-bozuna baxmadan yağmalayıb aparmaq istəyirdi.
- Məşədi, oğru nanəciblə-quldurun xəmiri bir yerdə yoğrulub. Beləsinin eli, obası olmur. Dünya malına hərislik, onların qeyrətini məsləkindən silib atıb. Gərək cavablarını vaxtında verəsən ki, bir də bu cür nakişilik etməsinlər!
- Birinci dəfə qansıza tövbə olmadı. İndi də həyasız oğlu faytonla tullana-tullana təşrif buyurub, - deyə Məşədi Yusif qeyzləndi.
- Məşədi, bu bir dəfə olsa dərd yarıdır. Özü kimisinin də biri o taydadır. Onların işi-peşəsi nanəciblik, oğurluqdur. Camaata zülm vermək, min bir əziyyətlə becərdikləri zəmiləri yandırmaqdan, qisas almaqdan başqa bir peşələri yoxdur. Əllərindən xeyirli iş gəlməz...
Yol boyu söhbət edə-edə uzaqlaşan dəstə Quycaq yatağından üzü yuxarı qalxaraq Alı bəyin kəhrizi yanında atlarından düşüb şırıl-şırıl axıb gedən buz kimi suda əl-üzünü yuyub sərinləndilər. Qovulmaqdan yorulan atlar da sakitcə suyu sümürürdü. Kəhrizin ətrafında yamac boyu səpələnmiş sahibsiz mal-qaraya, qoyun-quzuya tamaşa edən Xanalı:
- Məşədi sizin də mal-qaranız bunların içərisindədir?
- Yox, qağa bunlar aşağıdakı Nüzigar, Şəybəyi, Dəcəl, Karxulu, Quycaq camaatınındır. Yəqin elə indilərdə sahibləri də gəlib çıxar! Biz heyvanları ertədən Xatın bulağına tərəf, dərəyə sürdürmüşük. Oralar gözdən-qulaqdan uzaqdır, nainsaf üzü bəri qabağına çıxanı yığa-yığa sürüb
bura. Barı kəfşəndə bir damazlıq da saxlamayıb ki, onu görən sevinsin, ancaq bəd əməlləri baş tutmadı...
Qara Molla pirinin yanına yığılmış kənd camaatı döyüşdə zədələnən, yaralananlara qayğı göstərirdi. Üst-başları toz-torpağa batmış adamlar tanınmaz olmuşdu. Yaralıları, zədə alanları kəndin həkimi "doktor" Abuzər diqqətlə müayinə edir, yaralarını sarıyırdı.
Süleyman təskinlik verərək yaralıları möhkəm olmağı bildirdi. O, Abuzər doktorun yanında bir anlıq dayanıb nigarançılıqla soruşdu:
- Doxdur, vəziyyəti ağır olan var?
Mələfə ilə Cəfərin qolunu sarıyan Abuzər doktor, arxayınlıqla:
- Hamısına baxmışam, qorxulu bir şey yoxdur. Dörd nəfər yüngül güllə yarası alıb. Ancaq zədə alanların sayı çoxdur. Hələlik on-onbeş nəfəri məlumdur. Onları da sağaltmaq mənim borcumdur.
Kərbəlayı Behbud qayğıkeşliklə yaralıları bir-bir yoxlayırdı. Səhəngdə su daşıyan uşaqlar içmək istəyənlərə mis camda su verirdi.
Elə bu an, Süleyman Horovlu kəndinə yaxın yerdə görünən faytonu göstərib soruşdu:
O gədikdəki yan üstə aşan fayton kimindir?
Kərbəlayı Behbud:
- Şirxanın adamları faytonun içində atılıb düşür, lağ-lağa edərək sürünün dalınca sürürdülər. Elə fayton Şirxanın o motal papağına yaraşır. Allah bilir hansı yazıq binəvanındır.
Onu əməli saleh yerdə saxlatdırın. Yəqin sahibi də indi nigarandır, soraqlaşıb gəlib tapar. Kərbəlayı Behbud ətrafına nəzər yetirib kəndin cavanlarından Tapdığı əlinin işa-rəsi ilə yanına çağırıb yumşaq tərzdə:
- Faytonu at qarışıq apar fayton məntəqəsinə, rus Camala da tapşır, sahibi gələnə qədər ona toxunmasın, atlara da qulluq etsin.
- Yaxşı, Kərbəlayi, - deyə Tapdıq Qara Molla pirindən üzü aşağı yollandı.
Kərbəlayi Behbud:
- Süleyman vaxtında özünü çatdırdın. Yoxsa vəziyyət pis olardı.
Süleyman üzü Araza doğru nigaran-nigaran baxaraq:
- El bir olsa, Kərbəlayı, fələyin də gücü çatmaz. Sən, "sağ ol" u doxdura kömək edən o cavan uşağa de! - deyib, əlindəki, qamçı ilə Misiri göstərdi.
Cəfərin qolunu sarıyan Abuzər doktora kömək edən Misir adını eşitcək dizi üstə oturduğu yerdən ayağa qalxdı. Süleyman:
- Maşallah, kəhəri ilə bu boyda yolda çapıb xəbər gətirmək sənə asan gəlməsin. Atı da elə bil onu duyur.
- Düz deyirsən, heç imkan vermədim ki, düşüb bağdan silahını da götürsün. Elə onu gördüm ki, Aydolanmazdan Quycağa enən gədiyi aşdı...
- Kərbəlayi, Allah rəhmət eləsin, rəhmətlik atasına çəkib. Qorxu nə olduğunu bilməzdi. Yadındadır, Xiyabandan yuxarı, Nersesin erməni dığalarına qarşı bir yer-də vuruşanda səngərdən geri çəkilmirdi?.
Kərbəlayı Behbud:
- Elədir, Süleyman! Gecə-gündüz o ətrafı sahibsiz qoymurduq! Axırda da erməni dığalarını bir üzü Hərəkül, bir üzü də Banazura qədər qovduq! İndi o vaxtdan dığaların biri də bu həndəvərə yaxın gəlmir!
- Kərbəlayı, düşmənin ki qorxub qabağından qaçdın, o səni qovacaq. Gərək aman verməyəsən ki, səni üstələsin.
- Elədir, qağa! Dığalar əllərinə bir-iki "berdanka" keçirib elə bilirdilər, kefləri nə istəsə, onu da edəcəklər. Dığa nəkarədir ki, burda fironluq edə, ağılları başqasına getmişdi. Onları əzişdirib Xiyabandan üzüyuxarıya qovanda, inanın ki, arxalarında dayanan " köpək" sürüləri də onlara yaxın durmadı. İndi qorxularından Bana-zurdan qırağa çıxa bilmirlər. Günah özlərindədir. O qədər murdar əməllərinə görə xəbisləşiblər ki, axırda da dabanlarına tüpürüb qaçdılar,- deyə Xanlar ağa sözə əlavə etdi.
Süleyman:
- Bir-birimizin harayına gəlməsək, meydanda tək qalarıq. İmkan vermək lazım deyil Nerses, Yapon, Şirxan kimi nadürüstlər bu torpaqda at oynatsınlar! Bilirsiniz, onların xisləti oğurluqla, qəddarlıqla yoğrulub. Ya camaatın mal-qarasını yağmalayıb aparacaq, ya da örüşə buraxılmış atları qaçırdacaq, ya da ki, çalışacaqlar kasıb-kusubun mal-mülkünü əllərindən alsınlar...
- Düz sözə nə deyəsən Süleyman, görmürsən günün gündüz çağı camaatın mal-qarasını sürüb aparırlar! İmansızların elə bil dini-imanı yoxdur, - deyə Kərbəlayı Behbud, Süleymanın sözlərini təsdiqlədi.
(Davamı var)
"Bütöv Azərbaycan" qəzeti14 aprel 2016-cı il