Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 21-10-2023, 09:41
Oğul, sənə çox ehtiyacım var!


Oğul, sənə çox ehtiyacım var!

Yolum yenə doğulub boya-başa çatdığım Cəlilabad rayonuna idi. Küçələrin birinin girişinə şəhid portreti vurulmuşdu. Sürücüdən bu qəhrəman oğul haqqında mənə məlumat verməsini xahiş etdim. Sürücü qəhərlənə-qəhərlənə şəhidimiz haqqında məlumat verməyə başladı:
-Xanım, gördüyünüz bu şəhidin adı Kamrandır, iki bacının bir qardaşı idi. Şəhidlərimizin borcunu heç bir zaman ödəyə bilmərik.Vətənimizin torpaqlarını qorumaq onlara tapırılmışdı, amma onlar torpağa tapşırıldı. Bütün bunlara şahidlik etmək bizim üçün olduqca ağrılıdır. Atası Yaşar əmi mahir qarmon ifaçısı idi və rayon toylarında sənətini layiqincə yerinə yetirərdi. Amma oğlu şəhadətə qovuşduqdan sonra o musiqini ataraq taksi sürücüsü oldu...
Artıq gedəcəyim ünvana çatmışdım. Kamranın yarımçıq qalmış xatirəsini əbədiləşdirmək üçün onun ömür dəftərinə müraciət etməyi düşünürdüm. Vaxt məhdudiyyəti olduğu üçün ailə ilə görüşə bilməyəcəyim yalnız özümə bəlli idi. Şəhərə qayıtdıqdan sonra yardımıma Cəlilabad rayonunun şəhid övladı Həbibi Füzulinin anası Natəvan xanım yetişdi. Kamranın yaxınlarının telefon nömrəsini aldıqdan sonra mən şəhidimizin doğmaları ilə telefon əlaqəsi saxlayıb Kamran haqqında yazmaq istədiyimi bacısına söylədim...
O, 27 İyun 1997-ci ildə Cəlilabad rayonunda dünyaya gəlmişdi. Gənc valideyinlər özlərini dünyanın ən bəxtəvər cütlüyü sanırdılar, çöhrələrindən sevinc, gözlərindən bəxtəvərlik yağırdı. Yaxınları sevinə-sevinə bu körpəyə Kamran adını verdilər. Kamran adının mənası “arzusuna, muradına, məqsədinə çatmaq” deməkdir. Kamrandan sonra bu ailədə Səbinə və Türkan adlı iki qız dünyaya gəlir. Həmin ailənin doğmalarıyla bir masa ətrafında əyləşmişdim. Sanki dilim lal olmuşdu. Tək oğul övladları şəhid olan bu ailəni təsəlli etməyə söz tapmırdım, çünki onların qarşısında aciz idim.
Hələ cavan olmasına baxmayaraq, ananın qara saçlarına qarlar ələnmişdi. Ana gözlərini oğlunun rəsmlərinə dikərək sükuta dalmışdı...Bir an olsun belə gözlərini dikdiyi nöqtədən ayırmaq istəmirdi. Ana susur, biz də onunla birgə susmağa üstünlük verirdik. Nəhayət Qətibə xanım ürəkdağlayan bir ahdan sonra söhbətə başladı:

- Oğlum dünyaya gələndə mən özümü göyün yeddinci qatında sanmışdım. Tanrım məni bolluq fəslində bir oğul övladı ilə mükafatlandırmışdı. Düşüncəsi belə qadınlara xüsusi duyğu bəxş edən “ana” adına layiq görülmüşdüm. O mənim gözümün ilk nuru, ilk və son oğul payım idi. Oğluma baxdıqca, oğlum böyüdükcə onunla qürur duyurdum. Kamranım çox fərqli övlad idi, o, yaşıdlarından çox fərqlənirdi. Bəlkə də şəhid olacağı üçün mənim oğlum seçilmiş övladlardan idi. Çünki qohum əqrabada ona bənzər ikinci övlad yox idi. O mənim bitib-tükənməyən böyük dünyam idi, amma indi bitib-tükənməyən göz yaşlarımdır. Analar oğul övladlarını öz canlarından çox sevərlər, oğullarıyla dərdləşdikdə belə özlərini dünyanın ən bəxtəvər anası sanarlar...
Üç ildir ki, oğlumun xəyallarıyla dərdləşməkdən bitib-tükənmişəm. Min bir əziyyətlə böyütdüyüm oğlumun səsinə, isti nəfəsinə həsrət qalmişam. Oğlum üçün nə arzular, nə xəyallar qurmuşdum, hamısı ürəyimdə qaldı. Arzum oğlumun toyunda qol ötürüb oynamaq idi. Qismətim oğlum üçün ağı söyləmək oldu. Bəy otağına girməyən oğlumun qisməti qara torpaq oldu. Əyninə bəy paltarı geyməyən oğlum qara mərmərdən köynək geyindi. Qara daşa çevrilib, şəkillərdən boylanır. Evimizin sevinci, nəşəsi yoxa çıxıb. Gözlərim yollara dikilməkdən saralıb. Düşünürəm ki, oğlum bəlkə də bir gün mənə geri dönər. Oğlumun həyatına düşmən tapancasından atılan güllə son verdi. Üç min oğulun qanından torpaq üzərində xalılar toxundu. Amma biz şəhid anaları qanımız axıdılmadan gündə yüz dəfə ölüb-dirildik. Ananın son söylədiklərindən Yaşar ata göz yaşlarını saxlaya bilmədi:
-Kamran mənim ürəyimin sağalmayan yarasıdır. Bu gün oğlum haqqında söz söyləmək mənim üçün olduqca çətindir. Amma danışmalıyam ki, oğlumu hamı tanısın, oğlumla bütün Azərbaycan qürur duysun. Sizə danışdıqlarım mübağilə deyil, həqiqətdir. Mənim oğlum hamıdan fərqli idi, sanki o, cənnətdən gəlmişdi. Dünyaya gəldiyi ilk gündən hamının sevimlisinə çevrilmişdi. Sanki nurdan yaranmışdı, çöhrəsində insanı ovsunlayan bir qüvvə var idi. Vətəninə, bayrağına, himninə çox vurğun idi. Uşaq yaşlarında bir gün onunla geyim mağazasına getmişdik. Kiçik yaşlı Kamranıma paltar aldıq, papaq seçimi edərkən o əsgər papağı almağa üstünlük verdi. Ata kimi ovladımın bu istəyinə etiraz etmədim. Bilirsiniz ki, əsgər geyimi hamını ovsunlayan geyimdir. Biz papağı aldıq, elə mağazada papağını başına qoydu və əsgər kimi yeriməyə başladı. Sanki bir anda böyüdü, sevinc hissi və əsil əsgər təbəssümü ilə üzümə baxdı və soruşdu: ”Ata necə yaraşdı?!
Qürur hissilə oğlumun alnından öpdüm və söylədim,-” Cəsur əsgər oldun, mənim oğlum.” Az yaşlı övladım bilirsiniz mənə necə sual verdi?! Ata, nə qədər cəsur, vətən uğrunda canından keçən şəhidlərimiz qədər?” Bu sualın qarşısında susdum. Bu gün oğlum nə qədər cəsur olduğunu göstərdi. Az yaşında şəhidlər qədər cəsur olduğunu söyləyən Kamranım iyirmi üç yaşında necə vətənpərvər olduğunu şəhadətilə isbat etdi...
Oğlumun cəsurluğunu tək mən deyil, onu tanıyan bütün insanlar təsdiq edər. Üç ildir çəkdiyim bütün həsrətlərə rəğmən oğlumla qürur duyuram. O atasının başını uca etdi. Mənim oğlum vardı deməyə dilim gəlmir. Mən oğlum var söyləyərək oğlumla qürur duyuram. Amma dilimin əzbəri bir sözüm var “ günlər ötdükcə, oğul, sənə çox ehtiyacım var”.

Kamran Cəlilabad rayon N.Gəncəvi adına 1 saylı orta məktəbdə yaxşı oxumaqla yanaşı üzgüçülüklə də məşğul olurdu. O yarışlarda fərqləndiyi və həmçinin nümunəvi şagird olduğu üçün dəfələrlə diploma layiq görülmüşdü. Orta məktəbi başa vurduqdan sonra Azərbaycan Texniki Universitetinin Telekommunikasiya və Radio İnformasiya Mühəndisliyi fakultəsinə qəbul olmuş, Universiteti 2019-cu ildə bitirmişdi. Həmin ilin oktyabr ayında Kamran həqiqi hərbi xidmətə yollanmışdı. O,əsgər kimi Bakıda xidmətdə olmuşdu. Düz bir il xidmət etdi, evə geri dönməsinə sayılı günlər qalırdı. Qurbanlıq qoyununu alıb həyətdə bağlamışdım. Hardan bilərdim ki, uşaq yaşlarından vətəninin və onun düşmən tapdağında əsir qalan torpaqlarının vurğunu olan övladım həmin torpaqların azadlığı uğrunda gedən döyüşlərdə canını qurban verəcək.
Bacısı Türkan qardaşı haqqında bunları söylədi:
-Kamran gözümüzün sonsuzadək parlayan nuru idi. Özünəməxsus bir baxışı vardı. Üzümüzü güldürməyə bir baxışı yetərdi. Qardaş itkisi bir bacı kimi mənim üçün ağırdır. Amma mən hər zaman qardaşımla qürur duyuram. Qardaşım şəhid olarkən söylədiyi son sözlər bunlar olub: “Mən qulam, sən Allahsan. Mən istəyən, sən verənsən. Mən susuzam, sən su verənsən!”
Kiçik bacı Səbinə də ürəyi yana-yana qardaşı haqqında bunları söylədi:
- Əsgərlikdə olanda ən çox mənimlə telefon əlaqəsi saxlayardı. Son danışığımız oktyabrın 21-də oldu. Yenə gülə-gülə danışırdı. Böyük qürurla: “Bacı, biz irəlidəyik, düşməni məhv edirik, hər şey yaxşı olacaq, bütün çətinliklər geridə qalacaq, ata, ana sənə əmanətdir,”-söylədi. Bir bacı üçün tək qardaşını itirmək ağır dərddir. Evdə gördüyüm hər nə var, hamısı mənə qardaşımı xatırladır. Darıxmaq, vətən, cənnət deyəndə yalnız qardaşımı düşünürəm. Qardaşımın sevdiyi bir ad var idi, Mələk. Kamran bir gün mənə dedi ki: ”Bacı, qızım olsa ona Mələk adını verəcəm.” Qardaşımın bu istəyinə elə çox sevinmişdim ki. Qardaşımın bütün arzuları kimi bu arzusu da ürəyində qaldı. Özü mələyə çevrilib cənnəti seçdi. Nə qədər qardaşımı düşünərək qəlbim sızlayırsa, o qədər də onunla fəxr edirəm.
Bizim söhbətimizə Kamranın manqa komandiri Rahid qoşuldu:
- Bir hissədə döyüşdüyüm əsgəri deyil, elə bilin ki, bir doğmamı itirmişəm. O ən ali zirvəyə yüksəlib, amma mən onun üçün çox üzülürəm. Kamran xidmət zamanı bir əsgər kimi hər zaman örnək olub, vəzifəsi rabitəçi idi. Kamran mənə çox yaxın olub, niyə məhz o?! Kamran tərbiyyəli, ağıllı və savadlı olduğu üçün mən daxil olmaqla hamının sevimlisi idi. Ondan bir dəfə olsun ki,”hə”və ya “yox” sözünü eşitmədik hər zaman cavabı ya”bəli” və yaxud da “xeyr”. Hamımız onun valideyinlərinə belə tərbiyəli, vətənpərvər oğul böyütdükləri üçün həsəd aparırdıq. Bölüyümüzün nümunəvi guşəsində yalnız Kamranın şəkli vurulub.
27 sentyabr 2020-ci il, bütün gənclərin həsrətlə gözlədiyi bir gün. Ölkəmizin Prezidenti İlham Əliyevin Sərəncamı ilə Qismən Səfərbərlik elan edilən gün. Bu gün bizim üçün böyük günün başlanğıcı idi. Bu gün hamı kimi biz də döyüşlərə qatıldıq. İlk döyüşümüz Füzuli rayonu uğrunda gedən döyüşlərə qatılmaqla başlandı. Düşmən özünə heç bir zaman arxayın olmamışdı. Özünə arxayın olan düşmən otuz il ərzində nəsə qurub yaradardı, heç bir gözəlliyi məhv etməzdi. Onlar güclərini yalnız “Ohonyan Səddini” qurmağa, onu yüksəltməyə vermişdilər. Bu səddin bir gün Azərbaycanın Müzəffər Ordusunun güclü texnikası ilə məhv ediləcəyinə bəlkə də inanmamışdılar. Otuz illik həsrətə cəmi 44 gün ərzində son verdik. Müharibəni bundan sonra kimsənin görməsini arzulamıram. Gözlərimiz önündə nələr baş vermirdi, həm sevinirdik, həm də ağlayırdıq. Sevinirdik, düşmən əsarətində əsir qalan torpaqlarımızı düşmənlərdən azad edirdik, artıq torpaqlar bizimdir. Ağlayırdıq, gözlərimiz önündə qardaş dediyimiz cəsur, qorxmaz oğullarımız şəhadətə qovuşurdu. Amma bizim əlimizdən heç nə gəlmirdi, ölümlərin qarşısında hamımız çox aciz idik. Azad olunan bir qarış torpağa əsgərlərimizin canı, qanı bahasına sahib olurduq.Torpaq yaralılarımızın, yaralanaraq şəhadətə qovuşan qəhrəman oğulların qanı ilə suvarılırdı.
Müharibəyə qatıldığımız ilk gündən Kamran son döyüş gününədək eyni çoşqu ilə döyüşdü. Döyüşlər zamanı çox çətin sınağlardan keçdik. Kamranla bir yerdə olmaq mənim üçün xoş olurdu. Güclü atışma olmadığı zaman dərdləşirdik. Onun olduqca gözəl kəlamları var idi. Dindar olduğu üçün hər birimiz ondan bilmədiklərimizi öyrənirdik. Onun şəhadətə qovuşacağını heç bir zaman düşünmürdüm, çünki Kamranı bir möcüzə sanırdım. Onunla bir qabda yemək yemək belə mənim üçün çox xoş olurdu. Bəzən ikimiz birlikdə əməliyyata gedirdik. Yenə əməliyyatda idik, gecə qalıb səhər başlayacaqdıq. Düşmən bizim olduğumuz yeri fərq etmişdi. Mərmilər başımıza dolu kimi yağırdı. Toz dumana qarışmışdı, ətrafı görmək mümkün deyildi. Hərəmiz bir təpə arxasında gizlənərək düşmənə atəşlə cavab verirdik. Kamran qorxmadan cəsarətlə döyüşürdü. Arada mərmi yağışı dayandı və Kamranı yanıma səslədim. Kamran mənə yaxınlaşdı: ”Buyurun komandir!” Onun alnından öpdüm və dedim:
”Kamran, halal olsun sənə, bu gün səninlə qürur duydum, amma ehtiyatı heç bir zaman əldən vermə!” Bu sözlərdən sonra Kamran mənə elə bir cavab verdi ki, bu gün belə o sözlər yadıma düşəndə ürəyim paramparça olur: ”Komandir, mən uşaq yaşlarımdan bu günün həsrətilə böyümüşəm. Alınan bir qarış torpaq mənə dünya böyüklükdə görünür. Həmin torpaqlara ayaq basdıqca sevincimdən az qalır ürəyim yerindən çıxsın. Bircə evdən nigaranam, axı mən evin yeganə oğul övladıyam.” Ondan bu sözləri eşitdikdən sonra bir də qucaqlayıb alnından öpdüm. Dedim:”Qorxma, yaxşı düşünək ki, yaxşı olsun!” Amma bilmirdim bizi qarşıdakı günlərdə nələr gözləyir. Füzuli, Xocavənd, Cəbrayıl və Zəngilanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaxından iştirak etdik. İki dəfə yaralanmağına baxmayaraq bizdən ayrılmadı. İsrarla son nəfəsinədək döyüşəcəyini söylədi.
Oktyabrın on səkkizi idi, yenidən pusquya düşmüşdük. Düşmənlər yenə də gülləni yağış kimi başımıza ələyirdilər, gözlərimiz önündə nələr baş vermirdi...Olanları söyləmək mümkünsüzdür. Baş verən bütün hadisələr ömürlük göz yaddaşımıza həkk olunub. Bir-iki gün ötdükdən sonra bizi iki hissəyə ayırdılar. Kamran bölük komandiri ilə getdi, mənsə əsgərlərlə qaldım, çünki əmr belə idi...
Az zaman ötmüşdü, birdən ətrafı qışqırıq səsi götürdü, atışmadan göz açmaq mümkin deyildi. Elə bil göydən od ələnirdi. Rabitə ilə aldığım məlumat mənim belimi qırdı. Hamıdan çox bağlandığım cəsur döyüşçü Kamran və komandiri yaralanmış, bir komandir və altı hərbi qulluqçu yerindəcə şəhid olmuşdu. Kamranla digər komandiri xəstəxanaya çatdırmışdılar, amma qan itirmədən onların da həyatını xilas etmək mümkün olmamışdı. Mənim heç bir zaman unuda bilməyəcəyim qəhrəman döyüşçüm Kamran İsgəndərli oktyabr ayının 22-də şəhadətə qovuşdu.
Kamran İsgəndərli şəhadətə qovuşduqdan sonra “Vətən uğrunda”, ”Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Natəvan MƏLİKOVA


Paylaş



Bölmə: Şəhidlər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!