30-06-2023, 14:32
Laçının suyla təminatı üçün aparılan tikinti işləri tamamlanır“Laçın şəhərinin içməli su ilə təminatı üçün aparılan tikinti işləri tamamlanmaq üzrədir”. Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin işğaldan azad olunmuş ərazilər üzrə xidmət rəisi Oktay Həziyev bildirib. Onun sözlərinə görə, Laçının içməli su təminatının yaxşılaşdırılması üçün hazırda 2 istiqamətində şəhərə su xətti çəkilir: “Həmin su xətlərinin təbii su mənbələri Sarıbaba dağı və Xırmanlar ərazisindən götürülür ki, həmin sular hazırda öz axını ilə birbaşa şəhərə qədər gəlir. İndiki dövrdə şəhərdə aparılan bütün işlərin su ehtiyatı həmin sular vasitəsilə ödənilir”. O.Həziyev qeyd edib ki, Laçın şəhərinin mərkəzinə gətirilən su, əsas mənbəyindən polietilen borular vasitəsilə şəhərə ötürülür: “Bu da əlavə su itkisinin qarşısını alır. Xırmanlardan götürülən su xətti 6 km-lik məsafədən 160 diametrlik borular, Sarıbaba dağından götürülən su isə 13 km-lik məsafədən 110 diametrlik boru ilə çəkilib”. Qurum rəsmisi deyib ki, Laçın rayon ərazisi bol sulu olduğu üçün su təminatında hər hansı problemin yaranması gözlənilmir: “Lakin, şəhərin suya olan tələbatı təkcə dağlardan gələn sulardan deyil, həmçinin əlavə artezian quyuları vasitəsilə də ödənilməsi nəzərdə tutulub. Bu məqsədlə Həkəri çayı üzərində artezian quyuları qazılıb, nasos stansiyaları inşa edilib. Rayonun dağlıq relyefdə olduğu üçün suyun anbarlara vurulması üçün su axınını sürətləndirən nasoslarla təmin olunub. Laçın şəhərinin su təminatın tam ödənilməsi məqsədilə Həkəri çayı sahılına 6 ədəd artezian quyusuda qazılıb. Yeni nasos stansiyaları tikilib, şəhərin mərkəzində 9 su anbarı inşa olunub. Həmçinin anbarlara suyun vurulması üçün 426 diametrlik boru ilə yeni magistral su xəttinin çəkilməsi işləri davam edir. Bundan əlavə, köhnə metal borular yenilərilə əvəzlənib, şəhərin dağlıq olduğu nəzərə alınaraq, evlərin su təminatını fasiləsiz təmin etmək üçün anbarlar sürətləndirici nasoslarla təmin olunub. Hazırda şəhər 24 saat su ilə təmin olunur”. Xidmət rəisi həmçinin söyləyib ki, avqustun birindən inşa edilən nasos stansiyasının işə salınması nəzərdə tutulub: “Şəhərdə su kanalizasiya sistemi tamamilə yenidən qurulub. Hazırda həm Laçına köçürülən ailələr və burada fəaliyyət göstərən dövlət qurumlar, şirkətlər 24 saat fasiləsiz olaraq su ilə təmin olunur”.
30-06-2023, 14:18
Makron qatıldığı iclası yarımçıq tərk edərək Parisə qayıtdıFransa Prezidenti Emmanuel Makron Brüsseldə keçirilən Aİ Şurasının iclasını yarımçıq tərk edərək Parisə qayıdıb. Prezident Makron bir yeniyetmənin polis tərəfindən vurulmasından sonra artıq üç gecədir ki, davam edən iğtişaşların yaşandığı Fransaya qayıtmaq üçün bu gün Brüsseldə keçirilən Aİ sammitindən erkən ayrılıb. Makron Parisə qayıtmaq üçün sammitin ikinci və son gününə planlaşdırılan media konfransını ləğv edib. O, sammitdən ayrılarkən jurnalistlərə açıqlama verməyib. Fransa Prezidentinin hökumət kabinetinin fövqəladə iclasında iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, iyunun 27-də Fransanın Nanter şəhərində polis tərəfindən əlcəzairəsilli Nael adlı 17 yaşlı yeniyetmə qətlə yetirilib. Hadisənin sosial mediada yayımlanan görüntülərinə əsasən, yeniyetmə polis zorakılığının qurbanı olub. Hadisədən sonra Parisin qərbində, yeniyetmənin öldürüldüyü Nanterdə və ölkənin bir sıra şəhərlərində polis zorakılığına qarşı etiraz aksiyaları keçirilib. Ölkənin daxili işlər naziri bildirib ki, iğtişaşlar zamanı 667 nəfər həbs olunub.
30-06-2023, 14:00
Vacib məsələlərdə Ermənistan və Azərbaycanın mövqeləri fərqlidir"Bir sıra vacib məsələlərdə Ermənistan və Azərbaycanın mövqeləri fərqlidir". Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan "Sputnik Armenia"ya bildirib. "Ermənistan və Azərbaycanın bir sıra vacib məsələlərlə bağlı mövqeləri əlavə iş tələb edir. Söhbət Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası, qoşunların çıxarılması və Bakı və Xankəndi arasında dialoq üçün beynəlxalq mexanizmin yaradılmasından gedir", - deyə Badalyan qeyd edib.
30-06-2023, 13:46
Priqojini öldürmək tapşırılıb - Ukrayna kəşfiyyatı“Rusiya təhlükəsizlik orqanlarına “Vaqner” Xüsusi Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojini öldürmək tapşırılıb”. Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib. Onun sözlərinə görə, bu, asan məsələ deyil, ona görə də bir az vaxt aparacaq: “Təhlükəsizlik orqanlarının bunu bacarıb-bacarmayacaqları təbii ki, sual altındadır”. K.Budanov bildirib ki, Ukrayna kəşfiyyatı belə bir silahlı qiyamın baş verəcəyindən xəbərdar idi: “Rusiya daxilində sabitliyi pozmağa yönəlmiş hərəkətlər Ukrayna üçün faydalıdır. Lakin proses uzun çəkmədi. Ona görə də qiyamın müharibəyə təsirindən danışmaq olmaz”.
Qeyd edək ki, iyunun 24-də “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlamış və bundan sonra Rusiyada qiyama başlamışdı. Elə həmin gün “Vaqner”çilər Rusiya Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarə və helikopterləri vurublar. Rusiya Prezidenti Vladimir Putin isə xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib.
Məlumata görə, Y.Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib. Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. İyunun 27-də isə Federal Təhlükəsizlik Xidməti silahlı qiyamla bağlı başlanmış cinayət işinə xitam verildiyini elan edib.
30-06-2023, 13:20
Azərbaycan kikbokçusu yarımfinala çıxdıAzərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşada keçirilən III Avropa Oyunlarında ilk döyüşünü keçirib. 63.5 kq-da "full-contact" növündə mübarizə aparan idmançı 1/4 finalda slovakiyalı Filip Barakla qarşılaşıb. Rəqibinə 3:0 hesabı ilə qalib gələn Ağamoğlanov yarımfinala yüksəlib.
Qeyd edək ki, bu gün Azərbaycanın digər kikboksçusu Elşad Şahbazov (80 kq) da rinqə çıxacaq.
30-06-2023, 13:07
Sabahın hava proqnozuBakıda və Abşeron yarımadasında iyulun 1-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-22° isti, gündüz 23-27° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq. Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 26-31° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-17° isti olacaq.
30-06-2023, 12:43
Luqansk vilayətinin bəzi məntəqələri işğaldan azad edildiUkrayna ordusu Luqansk vilayətində bəzi yaşayış məntəqələrini Rusiyanın işğalından azad edib. 18 saatdan çox davam edən döyüşlərin nəticəsində Ukrayna ordusu yeni ərazilərdə möhkəmləmib. Xatırladaq ki, iyunun 25-də Ukraynanın Britaniya istehsallı “Storm Shadow” raketləri ilə Luqanska zərbələr endirib.
Qeyd edək ki, Luqansk 2014-cü ildən Rusiyanın dəstəklədiyi separatçı qüvvələrin nəzarətində altındadır. Buradakı separatçı rejim Donbas müharibəsinin nəticəsində yaranıb.
30-06-2023, 12:19
Bakıda lift qırıldı, 6 nəfər ağır xəsarət aldıBakıda çoxmərtəbəli yaşayış binasında liftin qırılması nəticəsində 6 nəfər ağır xəsarət alıb. Hadisə ötən gün axşam saatlarında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə məxsus “Uğur-2” yaşayış kompleksində baş verib. Belə ki, kompleksdəki üçüncü binanın lifti 7-ci mərtəbədə olan zaman qırılıb və şaxtaya düşüb. Hadisə nəticəsində liftdə olan 6 nəfər (ikisi azyaşlı) müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Şahidlərin sözlərinə görə, onlardan birinin vəziyyəti ağırdır. TƏBİB-dən bildirilib ki, qurumun tabeliyində olan Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları çağırış əsasında hadisə yerinə cəlb edilib.
Qeyd olunub ki, yaralıların hər birinə zəruri tibbi xidmət göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.
30-06-2023, 11:29
Ruslar Zaporojye Atom Elektrik Stansiyasını tərk edirRusiya ordusu Zaporojye Atom Elektrik Stansiyasını (AES) tərk edir. Obyekti idarə edən “Rosatom” şirkətinin 3 əməkdaşı artıq ərazidən çıxıb: ““Rosatom”la müqavilə bağlayan ukraynalı işçilərə də təxliyə tövsiyə olunub. Onlar iyulun 5-dək ərazini tərk etməlidirlər”. Məlumata görə, ərazidə hərbi patrulların da sayı getdikcə azalır: “Stansiyadakı heyətə tapşırılıb ki, istənilən fövqəladə hadisə ilə bağlı Ukrayna tərəfi günahlandırılsın”.
Qeyd edək ki, Rusiya Zaporojye AES-i 2022-ci il martın 4-də işğal edib. Bu il iyunun 22-də Ukrayna Prezidenti Volodimir Zelenski qeyd etmişdi ki, qarşı tərəf sözügedən obyektdə terror aktı törətməyə hazırlaşır.
30-06-2023, 10:53
Fransada saxlanılan etirazçıların sayı 650 nəfəri ötdüFransada yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra ölkənin müxtəlif bölgələrində başlayan etirazlar zamanı saxlanılanların sayı 650 nəfəri ötüb. Bunu ölkənin daxili işlər naziri Jerald Darmanen tviter hesabında yazıb. “İğtişaşların sərt şəkildə yatırılması ilə bağlı göstərişlərimə uyğun olaraq polis və jandarmlar 667 nəfəri saxlayıblar”, - o bildirib.
Qeyd edək ki, iyunun 27-də Fransanın Nanter şəhərində polis tərəfindən əlcəzairəsilli Nael adlı 17 yaşlı yeniyetmə qətlə yetirilib. Hadisənin sosial mediada yayımlanan görüntülərinə əsasən, yeniyetmə polis zorakılığının qurbanı olub. Yayılan videoda polisin “İndi başından vuracağam” ifadəsi də aydın eşidilir. Hadisədən sonra Parisin qərbində, yeniyetmənin öldürüldüyü Nanterdə və ölkənin bir sıra şəhərlərində polis zorakılığına qarşı etiraz aksiyaları keçirilib. Yeniyetməni güllələməkdə təqsirli bilinən polis əməkdaşı saxlanılıb.