Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Müraciətlərdə sonuncu tənzimləmədən ötən müddətdə ehtiyat hissələrinin idxal qiymətinin və təmir xərclərinin artmasının sərnişindaşımada maya dəyərinə ciddi təsiri, daşıyıcı şirkətlərin maliyyə vəziyyəti, avtobus parklarının yenilənməsi və xidmətin davamlılığının təmin edilməsi ilə bağlı məsələlərin tarif tənzimlənməsinə zərurət yaratdığı bildirilir. Məlumat üçün qeyd edək ki, şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası, həmçinin şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tariflərin yuxarı həddi və metroda sərnişindaşıma xidmətinin tarifi ilə bağlı sonuncu qərar 2018-ci ilin avqust ayında qüvvəyə minib. Tarif (qiymət) Şurasının iclasında təklif olunan müxtəlif tarif artımı variantları nəzərdən keçirilmiş, dövlətin sosial siyasətinə uyğun olaraq, sosialyönümlülük nəzərə alınmaqla ən optimal variant seçilib. Təkliflərin dəyərləndirilməsi zamanı xidmətin dayanıqlılığının təmin olunması, istehlakçı ilə xidmət göstərənin maraqlarının uzlaşdırılması, iqtisadi əlverişlilik, müştəri məmnuniyyəti, xidmət səviyyəsinin yaxşılaşdırılması kimi amillər əsas götürülüb. Aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub (əvvəlki tarif 2,4 qəpik).
Qərb hərbi güc tətbiqinə keçməyə üstünlük verir - Rusiya XİN
"Rusiya Federasiyasının silahlı qüvvələri bütün tədbirləri görür ki, Qərbin Ukraynadakı planları baş tutmasın". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov misirli həmkarı Sami Şükrü ilə birgə mətbuat konfransında deyib. "Rusiya Ukraynanı ölkənin təhlükəsizliyi üçün daha böyük təhlükəyə çevirmək cəhdlərinin qarşısını almaq üçün lazımi tədbirlər görür. Qərb BMT Təhlükəsizlik Şurasının qətnamələrinə tüpürməyə və hərbi güc tətbiqinə keçməyə üstünlük verir. NATO uzun müddətdir ki, Rusiyaya qarşı hibrid müharibədə birbaşa iştirak edir", - deyə XİN başçısı bildirib. "Biz İranın Türkiyə ilə Suriya arasında nizamlanma üzrə yeni təmaslarda iştirakını məntiqli hesab edirik. Suriya ilə Türkiyə arasında nizamlanma üçün yeni təmasların səviyyəsi və formatı hazırlanır, addım-addım irəliləməliyik. Rusiya İran ətrafında yaranmış gərginlikdən narahatdır", - deyə nazir əlavə edib. Bundan əlavə, Rusiya və Misir Fələstin-İsrail danışıqlarının yenidən başlamasının zəruriliyinə çağırıblar.
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili müalicə olunduğu "Vivamed" klinikasında reanimasiya şöbəsinə köçürülüb. Bu barədə Gürcüstanın "Vahid Milli Hərəkat" partiyasının üzvü, keçmiş dövlət başçısının ailə dostu Georgi Çaladze deyib. "Hazırda Saakaşvili reanimasiyaya köçürülür", - o bildirib. Gürcüstanın keçmiş prezidentinin səhhətinin vəziyyətini şərh edən Çaladze siyasətçinin kritik vəziyyətdə olduğunu söyləyib.
İsveç və Finlandiyanın NATO-ya üzvlüyü hal-hazırda mümkün deyil - Çavuşoğlu
Türkiyənin xarici işlər naziri İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına qoşulması məsələsinə münasibət bildirib. Türkiyə parlamenti hazırkı şəraitdə İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu ratifikasiya etmir, bu, mümkün deyil. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. "İsveç hökumətinin Xarici İşlər Nazirliyinin rəhbəri bizə səfərə gəldi. O, parlamentdə idi, partiyaların nümayəndələri ilə görüşdü. Bütün tərəflər yekdilliklə bəyan etdilər ki, öhdəliklər yerinə yetirilmədən protokolun ratifikasiyası mümkün deyil. Ona görə də indiki şəraitdə bu sənədin təsdiqindən danışmaq mümkün deyil”, - Çavuşoğlu bildirib. Finlandiya və İsveç Rusiyanın Ukraynada apardığı müharibə fonunda 2022-ci il mayın 18-də alyansa qoşulmaq üçün NATO-nun baş katibinə müraciət edib. Bu günə qədər ərizələr 30 ölkədən yalnız 2-si tərəfindən ratifikasiya olunmayıb - bunlar Macarıstan və Türkiyədir. İsveçin xarici işlər naziri Tobias Billström bir müddət əvvəl Quranın yandırılması ilə bağlı aksiyalar fonunda Krallığın NATO-ya daxil olması prosesinin dayandırıldığını, lakin Ankara ilə Xarici İşlər nazirliklərinin iyulda Vilnüsdə keçiriləcək sammitində razılığın əldə olunacağına ümid etdiyini bildirib. Öz növbəsində, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ölkənin Şimali Atlantika Alyansına müraciətinin İsveçdən ayrı ratifikasiya prosedurunun davam etdirilməsinin mümkünlüyünü etiraf edib, lakin sonra öz sözlərini geri götürüb.
Minatəmizləmə prosesi 30 ilə qədər davam edə bilər
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi 30 ilə qədər çəkə bilər. Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində keçirilən dinləmələrdə çıxışı zamanı deyib. “2021-ci ilin oktyabrında məhkəməyə məlumat vermişdik ki, təcili müdaxilə olmadıqda azərbaycanlı məcburi köçkünlərin əksəriyyətinin evlərinə qayıtması üçün ərazilərin minalardan təmizləmə əməliyyatını başa çatdırmaq üçün 10 ilə qədər vaxt lazım olacaq. İndi minlərlə yeni mina və partlayıcı qurğunun aşkar edildiyini nəzərə alsaq, yeni hesablamalara əsasən, bu, 30 ilə qədər çəkə bilər”, - nazir müavini çıxışında bildirib.
Ukraynayla əlaqələrin daha yaxşı olması arzusu təkyönlüdür - Macarıstan
“Macarıstan hər zaman Ukrayna ilə yaxşı əlaqələr qurmaq istəyib. Bunun üçün bir çox səbəblər var”. Bunu Macarıstanın ticarət və xarici işlər naziri Peter Siyarto deyib. Nazir bildirib ki, müharibədən əvvəl də bunu istəyiblər: “Orada 150 min macar yaşayır. Biz onların həyatının daha yaxşı olmasını istəyirdik. Biz qonşu ölkələrik. Amma ukraynalılar bu məsələlərdə heç vaxt bizlə tərəf müqabili olmadılar”. Nazir son 8 ildə Ukraynada macar və digər milli azlıqların hüquqlarını, o cümlədən ana dilində təhsil haqqını məhdudlaşdıran qanunların qəbul edildiyini xatırladıb, bunun beynəlxalq hüquqa zidd olduğunu qeyd edib:“İndi sual edirəm ki, bu qanunlara nə ehtiyac var idi? İndi qonşu ölkələrdən yardım istəyirlər. Macarıstan və Ukraynanın əlaqələrinin daha yaxşı olması arzusu isə sadəcə təkyönlü istəkdir və bu ancaq Macarıstan tərəfindən göstərilir. Mən hər zaman ukraynalı həmkarlarımla işbirliyinə açığam və indi də hazıram. Ancaq indiki həmkarım heç mənə zəng etmir”.
Laçın dəhliziylə bağlı sanksiyalar olmayacaq - Avropa İttifaqı
Avropa İttifaqı Laçın dəhlizi ətrafında yaranmış vəziyyətlə bağlı sanksiyalar mexanizmini nəzərdən keçirmir. Bu barədə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel Avropa Parlamentinin deputatı Asita Kankonun rəsmi sorğusuna cavabında bildirib. "Sanksiyalar Avropada xarici və təhlükəsizlik siyasətinin məqsədlərinə nail olmaq üçün ümumi mexanizmlərdən yalnız biridir və hazırkı situasiyada bu, müzakirə olunmur. Avropa İttifaqının səyləri dialoq yolu ilə həll yollarının tapılmasına yönəlib, hansı ki, Ermənistan və Azərbaycan liderləri bu məsələyə artıq münasibət bildiriblər”, - deyə o qeyd edib. Borrelin sözlərinə görə, Avropa İttifaqı 2022-ci ilin dekabrından Laçın dəhlizindəki prosesləri və onların humanitar nəticələrini diqqətlə izləyir. Borrell hər iki tərəfin xarici işlər nazirləri ilə daimi təmasda olduğunu deyib. Onu da əlavə edib ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar da tərəflərlə daimi təmasdadır. Borrell bildirib ki, Avropa İttifaqı Azərbaycanı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq dəhliz boyunca azad və təhlükəsiz hərəkəti təmin etmək üçün əlindən gələni etməyə çağırıb. O xatırladıb ki, 2022-ci il oktyabrın 6-da Praqada əldə olunmuş razılaşmaya əsasən, 2022-ci il dekabrın 19-dək Ermənistan və Azərbaycan sərhədində mülki monitorinq missiyası işləyib. Ermənistanın müraciətinə cavab olaraq Avropa İttifaqı bölgəyə yeni missiya göndərmək qərarına gəlib. “Misiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyi təşviq etmək, yerlərdə inam yaratmaq və Avropa İttifaqı tərəfindən dəstəklənən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına yönəlmiş səylərə töhfə verəcək şəraiti təmin etməkdir” . Yanvarın 23-də Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri iki illik mandatla Ermənistana göndəriləcək yeni mülki missiyanın formalaşdırılmasını təsdiqləyiblər. Ermənistana gələcək uzunmüddətli mülki missiyaya ekspertlər və avropalı müşahidəçilər də daxil olmaqla, təxminən 100 nəfər daxil olacaq.
Avroviziya mahnı müsabiqəsinin loqo və şüarı açıqlandı
Bu il Britaniyanın Liverpul şəhərində keçiriləcək Avroviziya mahnı müsabiqəsinin loqo və şüarı açıqlanıb. Müsabiqənin loqosu ürəklərin birlikdə döyünməsini əks etdirir. "United by Music" müsabiqənin rəsmi şüarı olaraq seçilib. Qeyd edək ki, ötən il müsabiqədə Ukrayna qələbə qazansa da, müharibə səbəbindən yarışın Britaniyada keçirilməsinə qərar verilib. Hər iki ölkənin bayrağı rəng sxemi üçün loqoda ilham mənbəyi kimi istifadə edilib. Xatırladaq ki, mayın 9-u və 11-də Avroviziya mahnı müsabiqəsinin yarımfinal mərhələsi keçiriləcək. Mayın 13-də isə final baş tutacaq.
Ərdoğanın Nobel mükafatına namizədliyi təklif edildi
Macarıstan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel mükafatına namizədliyini təklif edib. Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib. Belə təklifin irəli sürülməsinə səbəb kimi Türkiyə liderinin Ukraynada sülhə nail olmaq üçün atdığı addımlar göstərilib.
İran “Kızılay” təşkilatının təklifini qəbul etmədi
İran Türkiyə "Kızılay" təşkilatının Xoyda baş vermiş zəlzələ ilə bağlı yardım təklifindən imtina edib. Bu barədə "Amerikanın Səsi" radiosunun jurnalisti Ali Rza Kuluncu tviter səhifəsində yazıb. "İran rəsmiləri Xoy zəlzələsindən sonra Türkiyə "Kızılay"ının yardım təklifindən imtina edib. Keçmişdə, xüsusən türklərin yaşadığı bölgələrdəki zəlzələlər mövzusunda İran dövlətinin həm bacarıqsızlığına, həm də diskriminativ siyasət yürütdüyünə çox şahid olmuşuq", - deyə jurnalist bildirib. Qeyd edək ki, bu yaxınlarda Qərbi Azərbaycan ostanının Xoy şəhərində baş vermiş zəlzələ nəticəsində böyük dağıntılar olub, 3 nəfər həyatını itirib, 1200-dan çox sakin isə yaralanıb. Dağıdıcı zəlzələ səbəbindən minlərlə azərbaycanlı evsiz qalıb. Məlumata görə, evləri dağılan güneylilər günlərdir küçələrdə qaldıqlarını, gecələməyə yerlərinin olmadıqlarını bildirərək İran rejiminə etiraz ediblər. Lakin İran hakimiyyəti azərbaycanlılara kömək etməyib.