Türkiyədəki seçkinin nəticələri artıq bəllidir və məncə, Azərbaycanda qonşu ölkədə gedən prosesləri yaxından izləyənlərin çoxu buna sevinirlər. Özü də cənab Ərdoğan və onun partiyasına necə yanaşmalarından asılı olmayaraq. Niyə? Ona görə ki, bu seçkidə Ərdoğan və partiyasının uduzmasını istəyən və ona çalışan təkcə ölkənin içərisindəki güclər deyildi. Baş nazirin telefon danışıqlarını dinlətdirib onun şifrəsini sındırtdıranlar, Türkiyə Xarici İşər Nazirliyində dövlətin üst düzəyində yer alanların qapalı toplantıda dediklərini yazdırtdırb (özü də bütün təhlükəsizlik tədbirləri görülməsinə baxmayaraq)internetə oturtduranlar da bunu istəyirdi. Türkiyəlilər isə öz hərəkətlərilə göstərdilər ki, onlarla manipulyasiya etmək olmaz. Bu ölkədən kənardakı güclər öz texnoloji üstünlüklərilə Türkiyədə hər kəsin atdığı hər bir addımı izləmək qüdrətindədirlər və bunu da göstərdilər. Amma bütün bunlardan manipulyasiya vasitəsi kimi faydalanaraq türkiyəlilərə öz iradələrini qəbul etdirməyi bacarmadılar. Məncə, bir çox seçicilər dəstəklədiklərinə görə deyil, elə məhz dış güclərin bu niyyətlərini gördükləri üçün Ədalət və Qalxınma Partiyasının təmsilçilərinə səs verdilər. Paradoksal səslənəcək, amma fikrimcə, buna Ərdoğanın rəqibləri Kamal Kılıçdaroğluyla, Dövlət Baxçalı da sevinməlidirlər. Sevinməlidirlər ki, qlobal oyunçular bir çox başqa ölkələrdəkilərdən fərqli olaraq türkiyəli seçicilərlə istədikləri kimi manipulyasiya edə bilmirlər. Əgər bu mümkün olsaydı, Ərdoğanın başına gətirilənlər Ərdoğanın yerinə onlar əyləşib həmin oyunçuların maraqlarına cavab verməyən addımlar atdıqları təqdirdə Kılçdaroğluyla Baxçalının da başına gətiriləcəkdi. Bu seçkidə önəmli olan hansı partiyanın qələbə çalması yox, seçkini kimin keçirməsi və seçimi kimin etməsi idi. Seçkini Türkiyə keçirdi, seçimi isə manipulyasiyaya uymadan türkiyəlilər etdi. Uğurlu- xeyirli olsun!