Seyretmə sadə ehtimalla nəyəsə baxmaq anlamı kəsb edir. Nüfuzetmə isə bir əşyaya (cismə) diqqətli təsiretmə, onu ovqata bükmək məğzidir. Bu fərqli yanaşmada əsas səciyyə ortaq meylə uyğun fikir sığışdırmaqdır. Səmimi deyək ki, təcrübəli və bacarıqlı jurnalist kimi tanıdığımız, sonradan şair görkəmində alqışladığımız Məhəmməd Nərimanoğlunun 2014-cü ildə «Araz» nəşriyyatı tərəfindən buraxılmış «Qala dərdim» şeirlər kitabında ortaq meyl məsələsi gözlənilib (yəni ictimai dəyərlər ədəbi hissə tuşlanıb və müəllif dərketməsi bu istiqamətə poetik rəng vurub). Bu proses əhatəli olduğu üçün kitabın bütün fəsillərində müşahidə və seyretmə fəal tərəf kimi diqqət çəkir.
Poeziya tufanına duruş gətirə bilmək gücü olan şeirlər yazmaq hiss, düşüncə adamlarının ədəbi-fəlsəfi ovqatdəyişmə bacarığı kimi xarakterizə olunur. Bu zəmin oxucu yaddaşına təsiretmə də yaradır. Heç şübhəsiz, «Qala dərdim» kitabının ağrı-acılara aludə olan oxucu kütləsinə görünən çox tərəfləri var. Həm də müəllif bu səmtləri obrazlı şəklə salıb, hadisələri real-gerçək təsvir edib.
«Qala dərdim» kitabının ictimai komponentləri geniş müstəvilidir. Sevindirici haldır ki, bu müstəvidə cəmiyyət xeyrinə çırpınan mənəviyyat fikrən fəaldır. Həmçinin burada dərketmədən keçən ictimai nüanslar ayrı-ayrılıqda eyni məqsədə cəlb edilir: daha dəqiqi, müəllifin həsrət, nisgilədözmə zəminləri tale acılığı ilə qarşılıq yaradır. Yaxud, burada ictimai-tarixi perspektivlər ədəbi silsiləyə keçir, yurd-oba ağrıları vahid bir süjet ətrafında cəm olur. Bir az əhatəli desək, adıçəkilən kitabda sözlə süni lövhə yaratmaq, mənzərə çəkmək cəhdlərinə, pak düşüncələrə mənfi-psixoloji təsiretmə faktlarına rast gəlinmir, yaxud burada süni xoşovqat təsiretmələr də yoxdur; burada bir Vətən içində xeyli əvvəl gerçəkdən olanlara real fikirçəkmə və olanı olduğu kimi təqdim etmə zəmini var. Məhz bunun nəticəsidir ki, kitab boyu diqqətə yönələn əsas mətləblərin xarakteri açılır. Və təbii ki, belə bir praktik-ədəbi cəhətə malik olduğu üçün Məhəmməd müəllim xoşbəxtdir.
Kitabda ziddiyyət yaradan çək-çevirlərə də rast gəlinir. Əsas odur ki, bu seyretmədə incə lirizm, axıcı temp fikir dəyişməsinə xidmət edir; bu əhatədə poetik bir qəribəlik də nəzər-diqqəti cəlb edir; o qəribəlik ki, özündə publisistik zəminlər də aşkarlayır. Həyatı sadə ehtimal yəqinliyindən uzaq tutan bu topluda intensiv fikir dəyişilməsi də diqqət çəkir. Bu proses oxucunu yorğunluq labirintindən kənar tutur, kitabdakı şeirlərə fərqlilik bəxş edir.
Kitabın oxucu seyretməsində «dağ» modeli qabarıq elementlidir; burada dağ simvolikası bir neçə şeirdə ayrı-ayrı mənalara sirayət edir, müəllifin dağ ucalığına, qaya əzəmətinə həssaslığı məxsusi diqqət çəkir. Həm də bu şeirlərin hamısında bir xətt var: həsrət, nigil, yurdsuzluq acıları və s. Elə müəllifin:
Alıbdı nişana körpə maralı,
Salıbdı kəməndə yağı dağları,
deməsi də bu zərurətin bir təcəssümüdür. Eynilə burada poetik təcəlla, ovqatdəyişmə ilə təzahür edən şeirlər də mümkün qədərdir:
Payız ətəyini sərdi çöllərə,
Töküldü yarpaqlar, budaq üşüdü.
Ağardı zirvəsi uca dağların,
O dağa qar yağdı, bu dağ üşüdü.
***
Həsrətindən cismim düşüb atəşə,
Nə yanma deyirsən, nə yan deyirsən.
***
Götür niqabını, Ay paralansın,
Tapsın təsəllini gözünlə gözüm.Bu nümunələrdə poetika güclü tərəfdir. Eyni zamanda bu parçalarda müşahidə,
müraciət və hətta adi seyretmənin belə öz süjet xətti var.
Müəllifin «O dağa qar yağdı, bu dağ üşüdü» fikri əslində mərkəzləşmə məğzi güdmür, bu misrada dərdin müxtəlif səmtlərə eyni təsiretməsi qabardılıb. Bu doğmalıq nə də yurddan ayrı düşmək səbəbindən qaynaqlanmır; gerçəkdə saf hava udmuş insanların qəlbbirliyi inandırıcıdır.
Gözümə görünmə, gözlərim kordu,
Hissimi əlimdən alma ən azı.
Qoy çəkim bu zülmü çəkilən qədər,
Olmayım bəxtimdən, zalım, narazı.
Bu poetik zəminin dəəsas ideyası saflığa sirayətetmədir.
Z