Hərbi Dəniz Qüvvələrində buraxılış mərasimi - FOTO .....                        Millimiz İsrail yığması ilə heç-heçə etdi .....                        Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunda dövlət vəsaiti mənimsənilib? .....                        Avtomobil kanala aşdı - 5 nəfər yaralandı .....                        Ramiz Mehdiyev Təhlükəzlik Şurasının üzvlüyündən azad edildi .....                        ANAMA sədrinə birinci müavin təyin edildi - FOTO .....                        Mingəçevirdə 19 yaşlı qızın meyti tapıldı .....                        Votsapda yeni qayda tətbiq ediləcək .....                        Viktor Orban Tramp-Putin sammitinə nikbin baxır .....                       
29-12-2021, 16:02
Mədəniyyət Nazirliyinin Aparat rəhbəri işdən çıxdı

Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə işdən çıxıb.

Bütöv.az xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində məlumat paylaşıb:
"Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının rəhbəri olaraq komandamızla birlikdə ölkəmizdə yaradıcılıq, innovasiya və texnologiyaların uzlaşdığı bir sahənin-yaradıcı sənayelərin real inkişafına, həmçinin ölkəmizin yumşaq güc siyasətinin beynəlxalq müstəvidə həyata keçməsinə müxtəlif platformalar vasitəsilə dəstək olmağa davam edəcəyik".

Qeyd edək ki, o bu vəzifəyə 2020-ci ilin avqustunda təyin edilmişdi.
28-12-2021, 11:13
Qusarda 16 rəssamın əsərləri sərgilənir - VİDEO

Qusarda Şahdağ turizm mərkəzində dördüncü “Art Zone Week” simpoziumunda fırça ustalarımız öz rəng dünyasını kətana köçürüblər.

“Art Zone Week” simpoziumu dekabrın 20-dən 27-nə qədər davam edib. Simpoziumda 16 rəssam iştirak edib. 50-yə yaxın rəsm əsəri təqdim edilib.

Bu möhtəşəm Mədəniyyət və İncəsənət həftəsi Azərbaycan Turizm Agentliyinin dəstəyi ilə Şahdağın ətəyində yerləşən və ölkənin bir nömrəli xizək mərkəzi saylan “Şahdağ” Hotel & SPA-da baş tutub. “Şahdağ” Yay-qış Turizm Mərkəzi “Art Zone Week” rəngkarlıq simpoziumuna artıq ikinci dəfədir ki, ev sahibliyi edir. İnanırıq ki, bu xoş və gözəl ənənə uzun müddət davam edəcək və hamımız bir-birimizin görüşünə sevərək, sevinərək gələcəyik.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:



Bütöv.az
27-12-2021, 19:30
Atası aktyor olmağına qarşı çıxdı, onun üçün bir gecədə yüz min manat yığıldı... - FOTO

Kulis.az dekabrın 25-də dünyasını dəyişən aktyor Məmməd Zeynalov haqqında maraqlı məlumatları təqdim edir.

Məmməd Eldəniz oğlu Zeynalov 1978-ci ildə Bakı şəhərində Xalq artisti Eldəniz Zeynalovun ailəsində dünyaya gəlib. Özündən başqa Elbrus adlı bir qardaşı, Gülbəniz adlı bacısı olub. Atasının birinci xanımından olan Aybəniz adlı bacısı isə Londonda yaşayıb.
Ögey bacısı Məhəmmədi dəfələrlə Londona yanına dəvət etsə də, maddi imkan olmadığından bacısının yanına gedə bilməyib.
Məmməd Zeynalov aktyor olmaq istəyəndə atası Eldəniz Zeynalov bərk əsəbləşib, oğlunun üstünə qışqırıb deyir, get, işinlə məşğul ol, otur yerində. Neynirsən aktyor olmağı. Mən bu sənətdə o qədər əziyyətlər görmüşəm ki, istəmirəm siz də həmin əziyyətləri çəkəsiniz.

Məmməd atası ilə bağlı müsahibələrinin birində deyir:
“Uşaqlıqdan həmişə aktyorluq sənətinə həvəsim olub. Atam deyirdi ki, Məmməddən yaxşı aktyor olacaq. Bu yəqin ki, gendən gəlir. Çünki atamın dayısı Həsənağa Salayev də məşhur aktyor idi. Amma atam mənim aktyor olmağımı istəmirdi, həmişə bizi başqa sahəyə yönəldirdi”.
Ancaq atası dünyasını dəyişəndən sonra Məmməd İncəsənət Universitetinə daxil olur. Vaxtaşırı KVN teatrının tərkibində epizodik rollarla çıxış edir. İncəsənət universitetini bitirəndən sonra vaxtilə atasının işlədiyi Akademik Milli Dram Teatrında “İmzanın hökmü”, “Körpüdən mənzərə” tamaşalarında rollar ifa edir. Atasının dostları Yaşar Nuri, Telman Adıgözəlovla tərəf müqabili olur.

Bir il teatrda ştatdankənar fəaliyyət göstərəndən sonra ailəsini dolandırmaq məcburiyyətində qaldığından teatrdan uzaqlaşıb tikintidə gözətçi kimi işləməyə başlayır. Bir ildən keçir, onu yenidən Azdramaya işə dəvət edirlər. O, isə imtina edib getmir. Məmməd Zeynalov 2014-cü ildən İrəvan Dram Teatrında fəaliyyətini davam etdirir.
Aktyor 2018-ci ildə İrəvan teatrının tərkibində “Sərhədsiz teatr” III Şəki Beynəlxalq teatr festivalında dramaturq Cəfər Cabbarlının “Vəfalı Səriyyə” pyesi əsasında hazırlanan tamaşada aparıcı rollardan birini ifa edir.

Lakin, ömrünün ən gözəl illərində, gənclik çağında Məmməd qəfildən insult keçirir. Bir müddət müalicə olunub sağalandan sonra böyrəklərində problem yaranır. Uzun müddət müalicə alan Məmmədə böyrək donoru lazım olur. Buna maddi gücü çatmayan Məmməd bacısı ilə efirə çıxıb müalicəsi üçün kömək istəyir. Məmmədin müraciətindən sonra onun adına açılmış hesaba bir gecədə yüz min manat vəsait toplanır.
Ailəli olan Məmməd Zeynalov 2017-ci ilin noyabr ayında ata olur. Onun bir oğlu dünyaya gəlir. Məmməd atasına hörmət əlaməti olaraq oğlunun adını Eldəniz qoyur.

Xəstəliyinin ən pis dövrlərində belə nikbin ovqatını itirməyən Məmməd müsahibələrində keçmiş günlərini, atasını xatırlayaraq deyir:
“Balaca vaxtı uşaqlar arasında ən dəcəli mən idim. Buna görə də atam ən çox məni cəzalandırırdı. Hirsləndirəndə məni bloka çıxardardı. Atam kimi aktyor olsam da, heç vaxt onun kimi məşhur ola bilmərəm. Eldəniz, Eldəniz idi. Atam dünyasını dəyişəndən sonra mən doyunca yaşaya bilmədim. Mən hələ o illərdə, uşaqlığımda qalmışam. İndi də aktyorluqla məşğul olmağa xəstəliyim imkan vermir. Hər gün xəstəxanaya gedib gəlirəm. Elə bil ki, işə gedirəm. Xəstəliyimlə bağlı zülm çəkirəm. Sənət heç yadıma düşmür. Ümidim var ki, sağalıb yenə də sənətimlə məşğul olaram. Atamı itirəndən sonra ailədə maddi çətinliklərlə üzləşdik. Eldənizin sağlığında süfrəmizin başında olan insanlar bizi tərk etdilər. Halbuki o bütün sənət yoldaşlarına yaxşı olub. O özü əziyyəti görmüşdü. Mənə xəstəlik imkan vermədi ki, sənətimlə məşğul olum. Akademik Milli Dram teatrında qalsaydım bəlkə də indiyə qədər fəxri adım var idi. Məni səhnədə görənlər deyirdi ki, elə bil Eldənizin cavanlığıdır”.
Böyrək xəstəliyi ilə yanaşı Məmməd Zeynalova ağ ciyər xərçəngi diaqnozu qoyulur. Uzun müddətli müalicələr heç bir nəticə vermir. Aktyor 2021-ci il dekabrın 25-də səhər vaxtı yaşadığı evdə 43 yaşında dünyasını dəyişir.



Bütöv.az
24-12-2021, 15:31
"Buna görə Hacıbaba Hüseynovdan halallıq istədim" - Alim Qasımov - VİDEO

Xalq artisti Alim Qasımov "Fatehin divanı" proqramında qonaq olub.

Xanəndə mərhum Xalq artisti Hacıbaba Hüseynovla bağlı xatirəsini bölüşüb. O bildirib ki, bir vaxtlar xanəndənin gizli səsyazılarını yazıb:

"Əsəbdən olan bir iş idi. Tələbə idim, kiçiklik edirdim. Köhnə "Moskvich" avtomobil var idi. Dərsdən sonra Hacıbaba Hüseynovu otuzdurub maşına aparırdım evə. Onun dərsi bir tamaşa idi. Məndə öyrənmək qabiliyyəti çətindir. Bir mahnını öyrənəndə evdə nəvələrim, hamı öyrənir, mən qalıram. Dedim ki, səsinizi yazım, əvvəl razılaşdı. Sonra qayıtdı ki, səs yazmaq lazım deyil, öyrədirəm səni. Bütün günü yemək yeməmişdim, əsəbləşdim, bir parçadır da, imkan ver yazım öyrənim. Evdə qırmızı ip, gül və balaca mikrofon var idi. Mikrofonu sökdüm, gülün içinə saldım, iplə toxudum, qoydum baqaja. Maqnitafonda böyük. Bir-iki şunur çəkdim maşının içinə. Maşına oturanda başladım sual verməyə. O da cavablandırır, mən də sağa-sola baxıram. Hiss etdi ki, qulaq asmıram. Qayıtdı ki, birdən səsimi yazarsan. Pis hala düşdüm, dedim, nə yazmaq? 70 yaşında ondan buna görə halallıq istədim".



Bütöv.az
22-12-2021, 11:40
Prokurorla ailə qurdu, İlhamə Quliyevaya səhnə qadağası qoydu, əri öləndən sonra bir daha oxumadı... - FOTO

Kulis.az Xalq artisti Tükəzban İsmayılova ilə bağlı 10 maraqlı faktı araşdırıb.

Bütöv.az bu faktları təqdim edir:
1. Tükəzban İsmayılova Cabbar Qaryağdıoğlu ilə qonşuluqda yaşayıb. Bir gün gözəl səslə oxuyan qızı eşidəndə Cabbar Qaryağdıoğlu onu yanına çağırıb. Dinləyəndən sonra “bu qızdan yaxşı oxuyan olacaq”, - deyib.

2. Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil alıb. Burada klassik xanəndəlik məktəbinin korifeylərindən olan Hüseynqulu Sarabskinin muğam sinfində oxuyub.

3. Tükəzban xanımın yaradıcılığının ilk illəri II Dünya müharibəsinə təsadüf edib. O, müharibə vaxtı təşviqat briqadasının tərkibində cəbhədə konsertlər verib, sənətin bütün ağrı-acılarına, əzab-əziyyətlərinə qatlaşıb. İfa etdiyi mahnılarla əsgər və zabitləri vətənpərvərliyə ruhlandırıb.

4. Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Özünəməxsus üslubda oxuduğu “Qatar”, “Xaric segah”, “Şahnaz”, digər muğam və mahnılar milli musiqimizi zənginləşdirib. “O olmasın, bu olsun” filmində toy səhnəsində qadınlar məclisində muğam oxuyan xanəndə Tükəzban İsmayılovadır.
5. Tükəzban İsmayılova iki dəfə ailə həyatı qurub. Onun ilk həyat yoldaşı Məzahir Quliyev respublikanın bir çox yerlərində məsul vəzifələrdə çalışıb. Bu evlilik gerçəkləşəndə Tükəzban İsmayılova Dövlət Filarmoniyasının solisti, Məzahir Quliyev isə Lənkəranda prokuror idi.

Tükəzban İsmayılova Məzahir Quliyevlə ailə qurandan bir il sonra qızları İlhamə dünyaya gəlib. Anasının sənətini davam etdirən İlhamə Quliyeva uzun illər sonra “Azərbaycan estradasının primadonnası” adlandırılır.

6. Ancaq İlhamənin beş yaşı olanda Tükəzban İsmayılova-Məzahir Quliyev cütlüyü yollarını ayırmağa qərar verirlər. Tükəzban xanım Məzahir Quliyevdən ayrılandan sonra görkəmli tarzən Həbib Bayramovla ailə qurub. O, Həbib Bayramovdan 3 yaş böyük olub.

7. Görkəmli tarzən 1994-cü il avqustun 15-də vəfat edib. Həbib Bayramov dünyasını dəyişdikdən sonra Tükəzban İsmayılova səhnələrə çıxmaqdan imtina edib, oxumağa yox, susmağa üstünlük verib.

8. İlhamə Quliyeva xatirələrində Həbib Bayramov haqqında deyir:

“Həbib Bayramov 5 yaşımdan mənə mənəvi atalıq edib. Məzahir Quliyev məni yaradıb, Həbib Bayramov isə tərbiyə verib. Məzahir müəllim Lənkəranda prokuror olanda mən doğulmuşam… Hər iki ailəmin tək qızı olmuşam”.

9. İlhamə Quliyeva xatirələrində deyirdi ki, anası onun müğənni olmaq arzusunu təqdir etmirdi, ona görə də Tükəzban xanımın iradəsinə boyun əyərək 60-cı illərin əvvəllərində Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunur. Lakin o, Moskvada keçirilən musiqi yarışmasında anasından gizlin solist kimi çıxış edir. Burada birinci yer tutması, Tükəzban xanımın qızına müğənni kimi xeyir-dua verməsinə səbəb olur.

10. Ömrünün son günləri Tükəzban xanım bel sümüyündən ağır cərrahiyyə əməliyyatı keçirir.

Əməliyyat uğurlu başa çatsa da, sətəlcəmdən əziyyət çəkən Tükəzban xanım 2008-ci il martın 24-də 85 yaşında vəfat edir. II Fəxri Xiyabanda dəfn olunur.
21-12-2021, 12:15
Azərbaycanın əməkdar artisti vəfat edib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Elşən Carhanlı vəfat edib.

Bu barədə onun həmkarları məlumat yayıb.

Məlumata görə, o, bu gün 59 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Elşən Carhanlı 2 oktyabr 1962-ci ildə Bakı şəhərində doğulub. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət Drma Teatrında əmək fəaliyyətinə başlayıb. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında çalışıb. 2018-ci ildə Elşən Carhanlıya Azərbaycanın əməkdar artisti fəxri adı verilib.

Allah rəhmət eləsin.

Bütöv.az
20-12-2021, 21:10

Tehranda Nasir Mənzuri haqda kitab çıxıb


Bir neçə həftə əvvəl Tehranda Görkəmli yazıçı Nasir Mənzurinin “Qaraçuxa” romanı haqda Ərəb əlifbasında kitab çıxıb.
Yazıçının kiçik həcmli bu məşhur əsəri ilk dəfə 1994-cü ildə Tehranda Ərəb əlifbasında çap olunmuşdur. Əsərin ikinci çapı 2005-cı ildə Bakıda, “Azərbaycan”jurnalının 9-cu sayında işıq üzü görmüş. İranda isə bu əsərə Abbas Nəimi, Nadir Əzhəri, Fəranək Fərid və başqaları yüksək qiymət vermişlər.Üçüncü çapı isə 2010-cu ildə Ərəb Əlifbasında hazırlanmaqla yanaşı, latın əlifbasında işıq üzü görmüşdür.
Yazıçının bu ktabı haqqında fil.e.d.Rəhim Əliyevin 2013-cü ildə, “Cənubi Azərbaycan Ədəbiyyatı tarixi”nin XXII cildində Nasir Mənzuri haqqında böyük bir oçerk yazılmışdır. Həmin oçerkin ilk variantı Ədəbiyyat qəzetin”də “Yazıçı və alim”adı ilə dərc olunmuşdur. Mahmizər Mehdibəyovanın Dil və Ədəbiyyat jurnalında Nasir Mənzurinin “Qaraçuxa romanında həyat həqiqəti” adlı məqaləsi də nəşr olunmuşdur.
Ayxan Miyanalı tərəfindən “Qaraçuxa” və “Avava” 2019-u ildə Ərəb əlifbasından latın əlifbasına çevirərək bütün Türk dünyasında oxunsun deyə düzəlişlər edib.
Güneyli ədəbiyyatşünas Araz Əhmədoğlu 1968-ci ildə Xoy şəhərində anadan olmuşdur.O, Təbriz Universitetinin ingilis dili və ədəbiyyatı fakultəsini bitirərək, ali filoloji təhsil almışdır. İndi hal-hazırda həmin Universitetdə müəllim işləyir.
Araz Əhmədoğlunun “Qaraçuxamıza salamlar” monoqrafiyası 2021-ci ildə Ərəb əlifbasında Tehranda işıq üzü görüb. Araz Əhmədoğlunun “Qaraçuxamıza salamlar” povesti, onun folklor örnəklərinə bağlılığını göstərir.
Yazıçının “Qaraçuxamıza salamlar” əsərini nəzərdən keçirəndən sonra bu qənaətə gəlirik ki, bir yazıçı olaraq o zamanla nəbzini tutmağa çalışır. Əsərlərində müasir problemlərin bəlli həllinə daha üstünlük verir. Sonluq yatmış bəxtin nə zamansa oyanacağı, Qaraçuxanın nə vaxtsa qayıdacağı və xalqa yol göstərəcəyi barədə nikbin düşüncələr doğurur.
20-12-2021, 11:03
Adı təzə, özü köhnə dünya – MÜZAKİRƏ

İnternet məkanında balansı təmin etmək üçün klassik irsin təbliğini dövlət dəstəkləməli, rəsmi qurumlar bu işdə maraqlı, təşəbbüskar olmalıdır

Bu gün milyon illər yaşı olan dünyamıza “qloballaşan dünya” deyirlər. Bu adı təzə, özü köhnə olan dünyada, internet az qala televiziyanı da, teatrı da, rabitəni də, poçtu da, daha nələri, nələri də əvəz edir. Bəlkə də, əvəz etmir, sadəcə rahatlaşdırır, bəlkə də, daha əlçatan edir və s.

Bu barədə “Kaspi” qəzeti məqalə dərc edib.

Ensiklopediyadan vikipediyaya

Yadımdadır, əvvəllər bizə lazım olan məlumatları, onlara aid şəkilləri ikicildli Uşaq və oncildli, 6265 səhifəlik Azərbaycan Sovet Ensiklopediyasından axtarıb tapırdıq. Demək olar ki, bütün evlərdə indi internet olan kimi ensiklopediyalar vardı. Amma bu gün həmin ensiklopediyaları vikipediyalar əvəz edir.

Klassiklərdən müasirlərə

Hazırda “google”, “yandex” və s. kimi möhtəşəm axtarış sistemləri var. Və hansı sahədə məlumat axtarmağından asılı olmayaraq, axtardığın bir saniyənin içində ekranında görünür. Bu qədər sadə. Amma bu sadəliyin içində xoşagələn və lazımlı proses çox olsa da, xoşagəlməyən nüanslar da var. Məsələn, internet resurslarında klassiklər haqqında məlumatlar, nədənsə müasirlərdən bir qədər geri qalır. Görəsən, bu yaxşıdır, ya pis? Və ümumiyyətlə, bu proses necə tənzimlənməlidir? Kimin diqqətində olmalıdır bu cür məsələlər?


Xırda detallar, qalmaqallar

Yazıçı-dramaturq İlqar Fəhmininfikrincə, internet resurslarında diqqət cəlb edən, daha tez yayılan materiallara ehtiyac olur. “Amma klassik ədəbiyyat, köhnə ədəbiyyat elə deyil. Nizaminin, Füzulinin həyatından hansı qalmaqallı, maraqlı detalı indiki dövrdə qaldırmaq olar ki?.. Onlar daha çox akademikdir. Ona görə də, xüsusi saytlarda, xüsusi mənbələrdə belə məlumatlara yer ayrılır. Bugünkü yazıçılar, şairlər və ümumiyyətlə, tanınmış insanlar, sənət adamlarının həyatından, yaradıclığından qalmaqallı bir hadisəni, bir detalı götürüb yazırlar… İnsanlar oxuyur, paylaşır və beləliklə də, çox yayılır. Sürətlə yayılan resurslarda ədəbiyyatın, sənətin özündən daha çox hansısa xırda nüanslara, xırda detallara, hadisələrə, qalmaqallara toxunan məsələlər diqqət tələb edir. Ona görə də, müasirlərin həyatından, yaradıcılığından hansısa qıcıqlandırıcı məqamları ön plana çəkib onu təqdim etmək daha optimal, daha yaxşı, daha məqsədəuyğun olur. Və belə bir məqamları tapıb yazırlar ki, oxunsun, İP qazanılsın.

Maraqlı detal, yoxsa sənət?

İ.Fəhmi bir başqa tendensiyanın şahidi olduğunu da dilə gətirdi: “Klassiklərlə bağlı hər hansı materiallar yayımlanır. Amma həmin materialda klassiklərin yaradıcılığını, fəaliyyətini, həyatını yox, daha çox həyatındakı hansısa qıcıq yarada biləcək xırda bir detalı götürüb işıqlandırır, ətrafında qalmaqal yaradırlar. Bu, əlbəttə ki, heç də yaxşı deyil. Çünki bəzən olur ki, böyük bir sənətkarın çox dəyərli külliyyatı, əsərləri qalır bir qıraqda, onunla heç maraqlanan olmur. Amma həyatında hansısa bir xırda detal, kiminləsə nə vaxtsa mübahisəsi və ya elə ailədaxili konflikti, problemi şişirdilir, ön plana çəkilir. Və ancaq bu haqda danışırlar. Həmin şəxsiyyətin sənəti, əsərləri, yaratdıqları isə qalır bir kənarda. Bu baxımdan, mən sürətli yayılan resurslarda klassik və ciddi sənət, həmçinin sənətkarlarla bağlı müxtəlif yazıların getməyini istəmirəm. O müstəviyə salınıb yüngülləşdirilməkdənsə, qoy elə akademik səviyyədə qalsın. Qoy elə az olsun onları tanıyan, az olsun onları oxuyan. Amma qoy onları yaxşı yerdən, yaxşı tərəfdən tanısınlar. Əsərlərindən tanısınlar”.


Klassiklər bəşəri sərvətdir

Şair Cəlil Cavanşir deyir ki, klassiklər bəşəri sərvətdir: “Eyni zamanda, onları mənsub olduqları xalqın, ölkənin milli sərvəti də hesab etmək olar. Yəni Nizami həm bütün dünya üçün, həm də Azərbaycan üçün önəmlidir. Bunu digər dahilər və klassiklər haqqında da demək olar. Milli və bəşəri sərvət olan klassiklərə ilk növbədə dövlət, daha sonra YUNESKO kimi beynəlxalq qurumlar sahib çıxmalı, onların təbliğatına lazımi diqqət ayırmalıdır. Müasirlərimizin internetdə və s. multimedia resurslarında çox görünməsi, məncə, onların təbliğat prosesinə birbaşa qoşulması ilə bağlıdır.

Klassiklərin məhdud imkanı

Müasirlərimiz birbaşa və dolayı yollarla gündəmdə qalmaq üçün çabalayır, əziyyət çəkir. Yeri gələndə bu məqsədlə pul xərcləyir. Ancaq klassiklərimizin bu imkanı məhduddur. Klassikləri və ya dünyasını 20-30 il öncə dəyişmiş sənətkarları dövlət gündəmdə saxlaya bilər. Fikrimi yenidən Nizami Gəncəvi nümunəsi ilə izah edim. Nizami Gəncəvini öncə dövlət təbliğ etməli, daha sonra onun yaradıcılığına dəyər verən qələm adamları, Azərbaycan insanı bu təbliğata töhfə verməlidir. Nizami müasirimiz olsaydı, bu təbliğata qoşulardımı, bilmirəm. Ancaq dəqiq bilirəm ki, internet məkanında balansı təmin etmək üçün klassik irsin təbliğini dövlət dəstəkləməlidir. Rəsmi qurumlar bu işdə maraqlı, təşəbbüskar olmalıdır”.

Bütöv.az
17-12-2021, 08:58

Hamıya əl tutmağa çalışan insan


Dünya doğrudan da fanidir. Və insan hansısa əzizini itirəndə bu faniliyin bir daha şahidi olur. Bu itki uzun zaman bizi yandırır, göynədir, xatirələr düşüncələrimizi rahat buraxmır. Amma neyləmək olar ki, əlimiz heç yana çatmır. Çünki, həyatın öz qayda-qanunu var və bu qaydaları hələ bir bəşər övladı dəyişə bilməyib. Aşur müəllimin də itkisi belə yandırır onu tanıyanları.
Dekabrın 18-də görkəmli kitabxanaşünas alim, tarix üzrə fəlsəfə doktoru Aşur Müseyib oğlu Əliyevin cismani yoxluğundan 40 gün ötür.
Bakı Dövlət Universitetinin “Kitabxanaçılıq-İnformasiya” fakültəsi “Kitabxana resursları və informasiya axtarış sistemləri” kafedrasının dosenti Aşur Əliyevin Respublikada kitabxanaşünaslıq elminin inkişafında, eləcə də yüzlərlə kitabxanaçı kadrın hazırlanmasında böyük əməyi olub.
Aşur Müseyib oğlu Əliyev 1946-cı il iyunun 1-də Zəngilan rayonunun Baharlı kəndində anadan olub. 30 ilə yaxın idi ki, Zəngilanın işğal altında inləməsi Aşur müəllimi göyüm-göyüm göynədirdi. Sözünün əvvəli də Zəngilan idi, axırı da. Hər dəfə də söhbət düşəndə o yerlərin gözəlliklərindən: Bəsitçay, Oxçucay, Süsən meşə, Miyan dərə, Cəvizli, Şükrataz və buranın digər səfalı, axarlı-baharlı güşərindən, sərin meşələrindən, bum-buz bulaqlarından ağız dolusu danışardı. Xiffətini çox çəkirdi o yerlərin... Və o yerlərə təkrar ayaq basmaq nəsib olmasa da, nə yaxşı ki, Zəngilanın işğaldan azad olunmasını görmək qismət oldu Aşur müəllimə.

2020-ci il oktyabrın 20-də Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun Cəbrayılla Füzulidən sonra Zəngilanı da işğaldan azad etməsi xəbərini Azərbaycan Televiziyası vasitəsi ilə ölkə başçısından eşitməyimiz bütün xalqımızı inanılmaz dərəcədə sevindirdi. Zəngilandan xeyli dostlarım olmasına baxmayaraq, mən göz aydınlığı vermək üçün dərhal Aşur müəllimə zəng elədim. İnanın səmimiyyətimə, elə kövrəlmişdi ki, telefonda uşaq kimi ağlayırdı. Sevinci yerə-göyə sığmırdı.
Onun bütün uşaqlıq dövrü də Zəngilanda keçmişdi. 1953-1957-ci illərdə Baharlı kənd ibtidai məktəbində oxuyan Aşur Əliyev ilk təhsilini Aslan Vəliyev kimi mahir pedaqoqdan almışdı. Daha sonra 1958-1965-ci illərdə 8-illik Mincivan kənd və 11-illik Mincivan dəmiryolu məktəbində təhsilini davam etdirmişdi. Bu yerdə qeyd edim ki, Aşur müəllimin atası da tanınmış dəmiryolçu olub. Müseyib Əliyev ömrünün 40 ilini Ordubad dəmiryolu idarəsində çalışıb və uşaqlarını halal zəhmətlə, min bir əziyyətlə böyüdüb.
Aşur Əliyev orta məktəbi əla qiymətlərlə başa vurar-vurmaz elm, təhsil dalınca Bakıya yola düşür. İstedadına və savadına güvənən Əliyev imtahanlardan uğurla çıxaraq tələbə adını qazanır,
1969-cu ildə bu ali təhsil ocağını fərqlənmə diplomu ilə bitirən Aşur Əliyev hərbi xidməyə yola düşür. Ordu sıralarında 1 illik xidmətdən sonra Abşeron rayonu Şurabad kənd mədəniyyət evinin müdiri vəzifəsində ilk əmək fəaliyyətinə başlayır.
Yarandığı ilk gündən unudulmaz alim, mərhum professor Abuzər Xələfovun müəllimliyi ilə “Kitabxanaçılıq-informasiya” fakültəsinin yetirmələrinin və əməkdaşlarının Azərbaycanda kitabxana işinin öyrənilməsi, təşəkkülü və inkişafı istiqamətində tarixə düşəcək işləri olub. Bu sırada Aşur Əliyevin də öz yeri var idi. Belə ki, A.Əliyev 1974-1977-ci illərdə “Kitabxanaçılıq” fakültəsinin aspirantı olub. Dissertasiya işi də çox mühüm və maraqlı bir mövziya – “Naxçıvan Muxtar Respublikasında kitabxana işinin tarixinin öyrənilməsi”nə həsr olunmuşdu. Maraqlısı budur ki, bu mövzu o dövrə qədər tədqiqat obyekti olmayıb. Bu, ilk təşəbbüs idi. Odur ki, belə bir mövzunu elmi dövriyyəyə daxil etmək böyük zəhmət, hünər və əzmkarlıq tələb edirdi. A.Əliyev uzun müddət Azərbaycan və Naxçıvan Muxtar Respublikalarının arxivlərində, Mərkəzi Kitabxanalarında və əlaqədar təşkilatlarında fundamental elmi araşdırmalar aparıb. Mövcud ədəbiyyatın, əlyazmaların və dövri mətbuat materiallarının peşəkarlıqla əlaqələndirilməsi nəticəsində geniş elmi ictimaiyyətin xəbərsiz olduğu xeyli maraqlı faktlar və hadisələr müəllif tərəfindən üzə çıxarılıb, işıq üzü görüb. Bunların nəticəsidir ki, qədim diyarımız olan Naxçıvan Muxtar Respublikasında 1920-1985-ci illərdə kitabxana quruculuğu sahəsində əldə edilən nailiyyətlər haqqında elmi ictimaiyyətimiz dəqiq məlumatlar əldə etmişdi. Bu, ölkəmizdə, o cümlədən, ulu Naxçıvan Muxtar Respublikasında kitabxana işinin öyrənilməsinə bəxş edilən böyük töhfə idi. İllərdir tələbələr, aspirantlar, gənc alimlər, bir sözlə bu sahənin tədqiqatçıları bu mənbədən minnətdarlıqla bəhrənəlirlər.
Beləliklə, Aşur Əliyev 1991-ci ilin martın 31-də Bakı Dövlət Universitetinin Tarix fakültəsinin İxtisaslaşdırılmış bir dəfəlik Şurasında uzun illərin gərgin zəhmətinin, yorulmaz araşdırmalarının və yuxusuz gecələrinin bəhrəsi olan “Naxçıvan MSSR-də kitabxana işi (1920-1985-ci illər)” adlı dissertasiya işini uğurla müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdü. 1992-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona dosent elmi dərəcəsi təqdim edilmişdi.
Aşur Əliyev gənc nəslin maariflənməsi işində də az işlər görməmişdi. Onun müəllifi və ya həmmüəllifi olduğu elmi məqalələr, tədris-metodik vəsaitlər, proqramlar milli kitabxanaşünasıq irsinə daim töhfə verib. Onun qələmindən çıxan “Təbiətşünaslığa dair ədəbiyyatın təsviri, təsnifləşdirilməsi metodikası”, “Ədəbiyyatın KBT cədvəlləri üzrə sistemləşdirilməsi”, “Çap əsərlərinin biblioqrafik təsviri qaydaları” və s. metodik göstərişləri kitabxanaşünasıq sahəsi üzrə ədəbiyyat sistemində qiymətli mənbələrdən sayılır.
Müstəqil Azərbaycanda kitabxanaşünaslıq elmimizin ən böyük nailiyyətlərindən biri “Kitabxana resursları və informasiya axtarış sistemləri” kafedrasının professor-müəllim heyətinin böyük zəhməti hesabına ərsəyə gələn “Kitabxanaşünaslıq: kitabxana kataloqları” adlı dərs vəsaitidir. Aşur müəllimin həmmüəllifi olduğu “Kitabxanaşünaslıq: kitabxana kataloqları” dərs vəsaiti isə bu sahə ilə məşğul olanların stolüstü kitablına çevrilib.
Aşur müəllimin bir arzusu da var idi. Belə ki, o, neçə il idi ki, fundamental bir dərslik üzərində çalışırdı. O dərslik xeyli əvvəl də çap oluna bilərdi. Lakin, tələbələrin daha da yeni, lazımi biliklər əldə etməsi üçün Aşur müəllim hər dəfə kitaba əlavələr edir, onu daha da zənginləşdirirdi. Təəssüflər olsun ki, o kitabın çapını görmək Aşur müəllimə qismət olmadı.

40 ilə yaxındır ki, məhsuldar elmi və pedaqoji fəaliyyətlə məşğul olan dosent Aşur Əliyevin ictimai fəaliyyətini də qeyd etməmək olmaz. O, bir sıra ixtisaslaşdırılmış müdafiə şuralarının, 1992-ci ildən isə Fakültə Elmi Şurasının, həmçinin kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitabşünaslıq və informasiyaya dair elmi-nəzəri, metodik və təcrübi jurnalların, eləcə də, bəzi qəzet redaksiya heyətlərinin üzvü idi.
Öz müəllim auditoriyası olan sevilən pedaqoq A.Əliyev bütün şuurlu ömrünü Bakı Dövlət Universitetinə, doğma “Kitabxanaçılıq” fakültəsinə bağlamışdı. 1973-cü ildə baş laborantlıqdan başlayan bu yolda müəllim, baş müəllim vəzifələrinə qədər şərəfli yol keçmişdi. Cavan ikən fakültədə dekan müavini işlədiyi müddətdə isə işinin öhdəsindən layiqincə gələrək, həm fakültədə, həm də universitetdə müəllim-tələbə heyətinin böyük rəğbətini qazana bilmişdi. Hər kəslə öz dilində danışmağı bacaran A.Əliyev doğma fakültədə gənc nəslin təlim-tərbiyəsində bilik və bacarığını əsirgəmirdi. O, ömrünün son gününə qədər elmi-pedaqoji fəaliyyətlə həvəslə məşğul oldu və bu fəaliyyətdən bir gün də olsun usanmadı.
Bəli!!!!
Bunlar Aşur müəllimin elmi-pedaqoji məziyyətləri haqqında bildiklərim idi. Bir qədər də onunla qohumluq tellərindən söz açmaq istərdim. 1995-ci ildə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində (o vaxtlar belə adlanırdı) ilk əmək fəaliyyətinə başladım. Elə o vaxtdan həyatımı bu ocağla bağladım. Radionun səs operatoru vəzifəsindən səs rejissoru, rejissor vəzifələrinə qədər pillə-pillə yüksəldim. Bu dönəm taleyimin ən mürəkkəb, itkili, yaralı, lakin yaradıcılıq baxımdan ən gözəl illəri oldu. İndiki bir sıra uğurlarıma görə də mən bu sehirli ocağa borcluyam. Elə gələcək ömür-gün yoldaşım, Aşur müəllimin qızı ilə də orada tanış olmuşdum.
O dövrdə atam neçə illik xəstəlikdən sonra dünyasını dəyişmişdi. Anam da atamdan sonra infarkt keçirərək yataq rejimində idi. İlk dəfə söhbəti evdə açanda mənə: “Kimlərdəndir?”, sualını verdilər. Mən, “Universitetdə Aşur müəllimin qızıdır”, deyəndə, ocağlarında böyüdüyüm, Bakı Dövlət Universitetinin dosenti olan xalam Mələk Qasımzadə də, onun ömür-gün yoldaşı, “İstiqlal” ordenli akademik Fuad Qasımzadə də (bu xəbərə çox sevinmişdilər, ruhları şad olsun): “Aşur müəllim bizim dostumuzdur. Yaxşı kişidir”, demişdilər. Sən demə Fuad müəllim aspirantura illərində Aşur müəllimin müəllimi olubmuş. Bəlkə də elə bu səbəbdən elçiliyə gedəndə Aşur müəllim: “Bu evə bu günə qədər çox elçi gəlib. Hər birinə də “yox” demişik. Amma bu gün bu evə xalqımızın fəxri, mənim də əziz və sevimli müəllimim Fuad Qasımzadə gəlib. Allah mübarək eləsin”, deyə xeyir-dua vermişdi...

Beləliklə, 2004-cü ilin noyabrından bu ailə ilə qohum olduq. O gündən bu ailə ilə bir evli kimi qaynayıb-qarışdıq. Arada fövqəl bir mehribançılıq, hörmət-izzət yaranmışdı. Fuad müəllim ən əlamətdar günlərdə dəvətə ilk olaraq Aşur müəllimdən başlayardı. Yerini də süfrənin başında, öz yanında saxlayardı. Hər görüşdə də elm-tədrisdən də danışılardı, zarafat da edilərdi, nəğmə də oxunardı və s.. Amma təssüflər olsun ki, hər iki ailənin belə unudulmaz, şən, nümunəvi günləri çox sürmədi. 2006-cı ilin 22 dekabrında anam dünyadan köç etdi. 2010-cu ilin 3 avqustunda Fuad müəllim fəlsəfi dünyaya əbədi “əlvida” dedi. Ondan sonra davam edən 1 il, 4 aylıq əzablı ömründə isə Mələk xanımı artıq heç nəylə ovutmaq olmadı...
Bəli, Aşur müəllim onu tanıdığımız ilk gündən özünə qarşı belə hörmət qazanmışdı. Çünki, o, səmimi, qayğıkeş, humanist və orijinal ünsiyyətcil insan idi. Bu səbəbdən onunla edilən söhbət də səmimi alınırdı. Onunla hər mövzuda söhbət edə bilərdin. O, həm təmkinlə dinləməyi bacarır, həm də yeri gələndə məsləhətini əsirgəmirdi. İşdən evə gələndə də ilk bizə zəng edər, hal-əhval tutardı və bu artıq bir ənənə halını almışdı.
Biz, vaxtaşırı görüşlərimizdə elm, təhsil, tədrislə bağlı fikir mübadiləsi aparırdıq. Qazanılan uğurlarla, qarşıda duran müəyyən problemlərlə bağlı təəssütratlarımızı bölüşürdük. Bəzən (xüsusən, gərgin anlarda) söhbətimiz duzlu-məzəli istiqamət də alırdı. Bizi bir yerdə söhbətləşən, dərdləşən görənlər bəzən hətta qibtə etdiklərini də gizlətmirdilər.
Mən, hər növbəti görüşümüzdə bu insanı daha da yaxından tanıdıqca vaxtilə Fuad müəllimin, Mələk xanımın “Yaxşı kişidir” kəlmələri düşüncəmdə bir daha təsdiqini tapırdı. Bu təsdiqin başqa bir təzahürü isə Aşur müəllimlə həm də yaxın dost olmağım idi. Bəli, aramızda olan bu qədər yaş fərqinə, balalarımın babası olmasına baxmayaraq, biz, həm də dost idik. Bəlkə də bir kimsəyə deyə bilmədiyi sözünü bir-birinə ərklə, kişiyanə deyə biləcək dost. Aşur müəllim dost kimi bir qohum, qohum kimi dost idi. Çünki, Aşur müəllim qəlbi təmiz insan idi. Və o, təkcə mənim dostum deyildi. Tanıyan hər kəs Aşur müəllimi özünə yaxın dost, sirdaş bilirdi...
Ruhu şad olsun!
Anar Məmmədov,
Bakı Dövlət Universitetinin dosenti,
şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin,Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin üzvü
14-12-2021, 19:55
Rəşid Behbudovun “7 gəmi” adasına və Sarıbaşa səfəri – VİDEO

Azərbaycan Televiziyası korifey sənətkar Rəşid Behbudovun anadan olmasının 106 illiyi ilə əlaqədar sənətkarın nadir arxiv kadrlarını yayıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, TV-nin yeni yaradılmış “AzTV tarix” adlı “YouTube” kanalına yerləşdirilən videoda sənətkarın neftçilər, mədən işçiləri qarşısında çıxışı, eləcə də kənd zəhmətkeşlərinə, tarla məhsullarına həsr olunmuş nəğmələr ifa etməsi əks olunub.

Kadrlar 1955-ci ilə aid “Əmək və sülh nəğmələri” sənədli filmindəndir. Filmdə öncə Rəşid Behbudovun neftçilər qarşısında çıxış etməsi üçün “7 gəmi” adasına (Neft Daşları) gəlməsi, orada qarşılanması və neftçilər qarşısında çıxış etməsi əks olunub. Onlar Rəşid Behbudovu səmimiyyətlə qarşılayır, ən çox neft çıxarılan quyuların işi ilə tanış edirlər.

Burada daha bir nadir kadra rast gəlinir. Rəşid Behbudovu qarşılayanlar arasında neftçi Qurban kimi tanıdığımız Qurban Abbasov da var. O, Xalq artistini dinləmək üçün adaya gəlib. Filmdə daha sonra taxıl və tarla zəhmətkeşlərinə həsr olunmuş musiqi nömrəsində müğənninin Azərbaycan SSR-nin bol məhsulu və taxılı haqqında oxuduğu nəğmə, Daşkəsəndə mədən işçiləri qarşısında ifa etdiyi “Mən sülhə səs verirəm” mahnısı yer alır.

Onun Qax rayonunun Sarıbaş kəndinin “Alagöz” yaylağında heyvandarlar qarşısında çıxışı da videoda əks olunur. Filmdəki son ifa isə məşhur çoban Qaraya həsr olunmuş “Çoban Qara” mahnısıdır.

Qeyd edək ki, Rəşid Behbudov 1915-ci il dekabrın 14-də anadan olub.

Bu gün sənətkarın doğum günüdür. Onu da bildirək ki, “AzTV tarix” “YouTube” kanalında AzTV-nin arxivində yer alan unikal sənədli filmlər, görüntülər yayımlanır.



Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!