Siz öz həyatınızı yaşayın, biz də öz həyatımızı... .....                        Körfəzdə faciə - 34 nəfər öldü .....                        Azərbaycan mediasının inkişafı məni çox sevindirir - İlham Əliyev .....                        Sülh üçün cəmi 2 məsələ həll edilməlidir - Prezident AÇIQLADI .....                        Bu dövlətlərlə xüsusi əməkdaşlıq formatımız olacaq .....                        Zuğulba şossesində yanğın - Tıxac yarandı .....                        İlham Əliyev siyasətinin təməl prinsipləri .....                        Süni intellektdən istifadə etmirəm - Prezident .....                        İlham Əliyev təyyarə qəzasından danışdı: Rusiya hələ də cavab verməyib .....                       
2-11-2024, 06:12
Bədii zövqün radial simmetriyası...


Bədii zövqün radial simmetriyası...

Qrupumuzun Universitetdə ilk dərs günü "Qəzet laboratoriyası" adlanan otaqda olmuşdu. Onda Jurnalistika fakültəsi üçüncü mərtəbədə yerləşirdi (əsaslı təmirdən sonra dördüncü və beşinci mərtəbəyə dəyişdi). Professor Akif Rüstəmov "Jurnalistikaya giriş" fənnindən mühazirə deyirdi. İkinci dərs günü də həmin fənnin tədrisi eyni otaqda keçirildi. Laboratoriyada müəllim və tələbələrdən savayı kimsə yox idi. Akif müəllim otağın tən ortasındakı oval stolun yuxarıbaşında, tələbələr də ətrafında əyləşmişdilər. Laboratoriyada bir-birinə baxan iri kitab şkaflarının yanında müəllimlərin iş masaları yerləşirdi. Otağın sol küncündə pəncərəyə bitişik yazı stolu vardı. Məni maqnit kimi özünə çəkən həmin iş masası Akif Rüstəmovun idi. Jalüzün arasından stola düşən günəş şüaları altında Akif müəllimin sanki xəttat dəqiqliyilə işlənən yazıları gözümə dəydi. Maraqlıdır ki, hər masada xüsusi qələm və kitab-dəftər qoymaq üçün hissə vardı. Dəyirmi masanın ətrafındakı stulların kürək hissəsi də setkalı idi.
Əlqərəz. Sonradan yerimi rəhmətlik Ayaz Musayevin iş masasına dəyişdim. Ayaz müəllimin yazı-pozu stolundakı səliqə-sahman çox diqqətimi çəkdi. Ümumiyyətlə, Ayaz Musayev oturuşu-duruşu ilə seçilən, geyimi həmişə yerində olan ziyalı alim, tədris etdiyi sahənin kamil bilicisi idi. Sağda Diləfruz Şahbazovanın iş masası yerləşirdi. O, iş stolunda kompüter və klaviatura, dəftər və qələmdən eyni anda istifadə edir, klassika ilə müasirliyin vəhdətin yaradırdı. Üzbəüzdə gözəl pedaqoq, yüksək ləyaqət sahibi, xanım-xatınlığı ilə seçilən, abır-həyalılığı ilə nümunə olan Rəhilə Kəsəmənlinin iş masası yerləşirdi. Düzünü desəm, müəllimlərimin iş masasında əyləşmək çox xoş və qürurlu idi. Mən Akif Rüstəmovun "Jurnalistikaya giriş" fənninin mühazirəsini dinləyə-dinləyə xəyal gücümü işə salır, gözlərim önündə şəkillərdə gördüyüm, yaradıcılığını sevərək oxuduğum Nəsir İmanquliyevi də canlandırmağa çalışırdım. Bir vaxtlar bu fənnin tədrisini həm də Nəsir müəllim edərmiş. Hər zaman Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında nəhəng söz, fikir adamları çalışıb və çalışmaqdadırlar. Onlardan biri də kafedra müdiri Ustad Cahangir Məmmədlidir. Və Ustadın otağı "Qəzet laboratoriyası"ndan solda yerləşirdi.

Zaman ötəcək professor Cahangir Məmmədlinin mətbuat janrları, praktiki fəaliyyətin beynəlxalq prinsipləri, qəzet istehsalında standartlara yaradıcı münasibət və digər məsələləri özündə əks etdirən olduqca sanballı “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” dərsliyini imzalı şəkildə ən böyük mənəvi hədiyyə kimi müəllimimdən qəbul edəcəkdim. Bir mərtəbə aşağıda "İnternet jurnalistikası" auditoriyası, ondan öndə sağ tərəfdə Zaur Babayev və Mirakif Babayevin iş otağı yerləşirdi. Kiçik otaq tələbələrin ən doğma məkanı idi. Və hər iki müəllimimiz darısqal otaqda yüksək səmimiyyət və mehribanlıqla çalışırdılar. Bu doğmalıq və soyadların eyniliyindən o zaman belə bir qənaətə də gəlmişdim: elə bilirdim, müəllimlərim doğmaca qardaşdırlar. Bu təəssüratlardan sonra yenidən qayıdaq "Qəzet laboratoriyası"na.
Beləcə, ilk qırx beş dəqiqənin tamamında laboratoriyanın şam ağacından olan parlaq laklı qapısı ehmalca açıldı. Qapının kandarında zabitəli xanım göründü. Xüsusi kübarlıqla Akif Rüstəmovdan içəri keçməsi üçün izin istəyən xanım sonradan bizim müəlliməmiz olacaqdı. Özü hiss etdirməsə də, anladıq ki, Gülnarə Sadıqova dərsin gedişatını pozmamaq üçün yarıdakı fasiləni gözləyibmiş. Əvvəlcə özünün yazı masasına əl gəzdirdi. Sonra otağa nəzər yetirdi. Pencəyimi stulun söykənəcəyindən asıb, köynəyimin qolunu dirsəyəcən çırmalayıb, ovcumla yanağımı dirsəklənib tutmuşdum. Gülnarə Sadıqova otaqdakı havasızlığı hiss edib, jalüz pərdəni yuxarı qaldırdı. Ağ rəngli plastmas pəncərəni açdı. İçəri dolan təmiz hava tələbələrin üzünə dəyərək onlara toxtaqlıq gətirdi. Tədrisin ikinci günü özünü dərsə güclə yetirən qrup yoldaşlarımdan birinin beyninə oksigen çatandan sonra "dili açıldı" və boynunu mənə tərəf buraraq, sanki özünü Sartrın "Bağlı qapılar arxasında"kı kimi hiss edərək Estelfason sual verdi:
"Bizi nəyə görə bura yığıblar?" Tələbə yoldaşımın "əndirəbadi" sualına həmin gün heç cürə cavab tapa bilmədim. Yadıma hindlilərin "kanjus makkhiçus" ifadəsi düşdü. Yoxsulluğun maddi tərəfini anlamaq olar, vay o gündən ki, mənəvi tərəfdən boşluğun, kasadlığın ola. Dərd ondadır. Ancaq tələbədən fərqli olaraq pəncərə önündəki iri yarpaqlı, qırmızı reyhana bənzəyən gül gündoğana tərəf boylanırdı. Üzərində asılı qalan nübar qönçəsi sağa-sola yellənərək, elə bil səbəbkara təşəkkürünü bildirirdi. Dibçəkdəki güllər də, laboratoriyadakı tələbələr də ciyərlərinə hava çəkdikdən sonra dərsin ikinci yarısı başladı. Akif müəllim yazı bacarığımızın inkişafı üçün esse yazmağı tapşırmışdı. Yoxladığı yazılarda hansı nöqsanlarımızın olduğunu bir-bir qeyd etdi. Mövzu "Mənim ilk müəllimim" idi. Akif Rüstəmov yazımı bəyənsə də, ancaq mövzudan kənara çıxdığımı xüsusi vurğuladı. Dərsin gedişində Gülnarə Sadıqova əvvəlcə üzünü Akif Rüstəmova tərəf tutdu:

-Üzr istəyirəm, Akif müəllim, dedi. Sonra sözünə əlavə etdi: -Görəsən, indiki tələbələr vaxtilə fakültədə dərs demiş müəllimləri tanıyırlar? Sualdan sonra otaqda yaranan sakitliyi pozdum. -Bəli, müəllimə, tanıyıram, -dedim. Düzü Gülnarə Sadıqovanın tələbələrə ünvanlı sualına hədsiz sevindim. Çünki dərs mövzusu olaraq tapşırılan essedə məhz Gülnarə Sadıqovanın dediyi müəllimlərdən -Qulu Xəlilov, Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Famil Mehdi, Əliş Nəbili... yazmışdım. Sonra zaman ötəcək və biləcəkdim ki, müəlliməmiz Gülnarə Sadıqovanı Bakı Dövlət Universitetinə uzun illərin doğmalığı bağlayırmış. O, gənclik illərindən, fakültədə təhsil aldığı müddətdən ta bu günədək elmi, yaradıcı fəaliyyətlə məşğuldur. Elə ilk gündən hiss etmişdim ki, Gülnarə Sadıqova özünə və başqalarına münasibətdə hədsiz tələbkar, işində səliqəli, məsuliyyətli, həm də güzəştsizdir. Sözdə və əməldə bütöv olduğu kimi, ona verilmiş sözün də arxasında dayanmağı istəyir. Dərs müddətində istisna halları çıxmaq şərtilə tələbəyə güzəştə getmir. İki dəfə fakültəmizin ənənəvi Quba səfərində müəllimimiz Gülnarə Sadıqovayla yol-yoldaşı olmuşam. O zaman tələbəyə valideyn qayğısını, doğma münasibətini görmüşəm. Onda anladım ki, müəllim-tələbə tam başqa, müəllim-dost bir başqa. Rusların "cлужба" və "дружба" məsəli kimi.
Gülnarə Sadıqovanın tədris metodikası fərqli və maraqlıdır. Fərqli ona görə ki, dərs situasiyasını təlim-tədris prosesinin tərkib hissəsi hesab edir. Dərsin ümumi gedişatında müəllim nüfuzundan istifadə eləmir. Tələbənin potensialının tam üzə çıxması üçün münbit şərait yaradır. Maraqlı ona görə ki, dərs müddətində hansısa tələbə vaxt azlığına görə kənarda qalmır. Ümumi gedişat, aparılan sorğu-sual kifayət edir ki, tələbənin dərsə münasibəti, hazırlıq səviyyəsi müəyyənləşsin. Bu gedişat həm də görkəmli pedaqoq Mehdi Mehdizadənin "Müasir dərs" haqqında söylədikləri ilə tam uyğun gəlir ki, dərs müddətindəki tələbə fəallığının əsas amillərindən biri diqqətin eyni nöqtəyə yönləndirilməsindən ibarətdir. Ancaq bu nöqtədə hər bir tələbənin şəxsi düşüncə, mülahizə aparmaq, yeni fikir ortaya qoymaq bacarığı olmalıdır. Gülnarə Sadıqova bu mənada görkəmli pedaqoq Adolf Disterveqin, psixoloq və ədəbiyyatşünas Lev Semyonoviç Vıqotskinin nəzəriyyəsinə -təfəkkürü ön plana çəkməyin vacibliyinə əsaslanır. Tələbənin şablon cümlədən, çeynənmiş ifadələrdən istifadə etməsinə heç vaxt güzəştə getmir.
Yadımdadır: onlayn dərsdə tələbə yoldaşlarımızdan biri müəllif fikirlərini öz qələm məhsulu kimi ortaya qoymaq cəhdinin qarşısını Gülnarə Sadıqova anındaca alır və bunun bütün hallarda yolverilməz olduğunu bildirir. Həmin onlayn günlərin birində dərs mövzusu kimi, iki esse yazmışdım. Bu onun səbəbi idi ki, müəllim dərsi bütün gücü ilə öyrədir və sevdirirdi. Həm də Gülnarə Sadıqova rus və yerli ədəbiyyatı, həmçinin milli və xarici jurnalistikanın nəzəri tərəflərini yaxşı bildiyi üçün ondan nəyisə gizlətmək çətin məsələdir. Bir də ona dərs deyən nəhəng müəllimləri də nəzərə alsaq, o zaman məsələ lap müşkülə çevrilir.

Gülnarə Sadıqova çalışır ki, tələbənin yaradıcı təfəkkürü, tədqiqatçılıq qabiliyyəti tərəqqi etsin: qələmə alınmamış kəlmələr yaratmağa, çeynənmiş ifadələrdən saqınaraq yeni sözlər axtarışına yönəlsin. Tələbə kiçik də olsa öz fikir məhsulunu ortaya qoysun, beləcə, Uşinskinin yaradıcılığındakı şəxsiyyət obrazını öz yetirmələri üzərində inkişaf etdirsin. Əbəs yerə deyildi ki, onun bir çox tələbələri zaman ötdükcə televiziya, radio, qəzet və jurnal materialı üzərində işləyərkən vaxtilə bu səpkidə yazıların hazırlanması üsulunu öz müəllimlərindən öyrəndiyini qeyd edirlər. Düşündüm ki, vaxtilə bizə yazı qaydalarını öyrədən müəllim haqqında bu dəfə tələbəsi olaraq əlimə qələm götürüb ürək sözlərimi yazım. Yazını hazırladıqca gözlərim önündə Gülnarə Sadıqovanın rəsm əsərləri canlandı. O, həqiqətən də yaradıcı insandır: ruhu və cismi ilə. Kağız üzərində qələmi ilə söz xalısı yaradan Gülnarə Sadıqova, həmçinin parça üzərində muline saplarla sənət əsəri toxuyur. Bədii zövq duyğuların, hisslərin tərənnümçüsünə çevrilir. Bu yaradıcılıq nümunələrində həssaslıq, təxəyyül və səbirlə bərabər, həm də elm görünür. Çünki rənglərlə işləməyin özü də bir elmdir. Leonardo da Vinçinin dediyi kimi, "rəsm köklü mədəniyyət" və "metod üzərində çalışmaq" deməkdir.
Gülnarə Sadıqovanın tələbələrə öyrətdiyi elm bizlər üçündürsə, ərsəyə gətirdiyi yaradıcılıq məhsulu bütün bəşəriyyətə xidmət edir. Bu əsərlər "dil açıb" dünyanı və insanı təmizliyə çağırır. Azərbaycan qadınının mənəvi ucalığından "danışır". Biz bu ucalığı fransız yazıçı Dümanı şahmat taxtası arxasında zəkası ilə mat qoyan Qarabağ xanlarının nəslindən olan şairə Xurşudbanu Natəvanın əl işlərində görmüşük. Şairə ikinci dəfə Aleksandr Dümanı öz əli ilə tikdiyi pul kisəsini bağışlamaqla heyran qoyur. Gülnarə Sadıqovanın yaradıcılığı onun daxili dünyasının, saf mənəviyyatının təzahürüdür. Çünki onun sözü və fırçası təkcə kağız və parça üzərində gözəllik yaratmır, o, həmçinin həyatda da hər işi həssaslıq və təmizliklə görür. Bunu ən azından əyani şəkildə anamın anasında görmüşəm. O, ixtisasca həkim olmağına baxmayaraq, həmçinin kətan parça üzərində rəsmlər çəkir, ipək saplarla rəsmlər ərsəyə gətirirdi. İlk baxışdan estetik görünsə də, mahiyyət tikmə sənətinin yaşadılması idi.
Bu gün Gülnarə Sadıqova bütün fəaliyyətilə ərsəyə gətirdiyi işləri fonunda milliliyi və kübarlığı qoruyur. Gül-çiçək rəsmləri bizə Tanrının cənnətini, zamanın yaxşılıq axarını, kainatın paklıq rəmzini xatırladır. Əl işlərindəki başlıca amil rəng ahənginin incəliyidir. Bu incəlik, ələlxüsus rəng həllindən asılıdır. Musiqidə qamma üzərində işləmək nə qədər vacibdirsə, rəsmdə də rəng qammasını yaratmaq bir o qədər əhəmiyyətlidir. Burada da muline sapların birləşməsi ahəngdar rəng qamması yaradır. Bu ahəngdarlıqda bəzən bizim təbiətdə müşahidə etmədiyimiz rəng çalarları gözə dəyir və ən əsası da Gülnarə Sadıqovanın bədii təxəyyül yaradıcılığındakı hər məqam onun yaşam tərzindəki kimi, riyazi sintezə, simmetriyaya, təmizliyə və günəşli günlərə - səadətə və sədaqətə bağlıdır.

Əsgər İSMAYILOV
30-10-2024, 22:55
Çəkmək istədiyin tablonu xatırladım...


Çəkmək istədiyin tablonu xatırladım...

(Bahar ol, payız ol, nə olursan ol, ildə bircə dəfə sən də qayıt gəl,- deyir ata-anan!)

İllərlə gözənilən müharibə başladı. Hələ Rauf Polad Həşimov şəhid olan gündən hərbi komissarlığa gedib könüllü döyüşə yazılmışdı. Evdə heç kimin xəbəri yox idi. Artıq Qubadlı və bir çox rayonlarımız alınmışdı. Rauf hər evlərinə zəng edəndə hər şey yaxşıdır ata,- deyirdi...
Nədənsə payız da çox sərt gəlmişdi. Anası ürəyində dönə-dönə Allaha yalvarırdı. Nə olar sərt olma payız, axı səngərdə balam yatır (əsgərlərimiz yatır) pıçıldayırdı. Rauf axırıncı dəfə Məhərrəm müəllimə zəng edəndə onun kəşfiyyat komandiri qoyulmağını demişdi, ata fərəhlənirdi igid balasının şücaətinə...
Hər gün cəbhədən qələbə sorağı gəlsə də itkilər də var idi...23.10.2020-ata dönə-dönə zəng etsə də Raufun telefonuna zəng çatmırdı. Böyük nigarançılıq çökmüşdü ailəyə. Hər gələn zəngə həyəcanla cavab verirdilər...
Tam 5-gün idi ki, Raufdan heç bir səs-soraq yox idi. Bir az səninlə söhbət etmək istəyirəm Rauf niyə getdin, nədən getdin cəbhəyə? Yurd həsrəti səni buna məcbur etdi? Axı sənin görüşdüyün, sevdiyin insan da var idi.. Atan, anan, bacın doğmaların... Bir də sənin rənglər dünyan var idi. Sizin ailəyə ara-sıra baş çəkirəm Rauf. Bilirsən ailəniz mənə necə doğma olub?! Lap yaxın qohum kimi. Sizə gələndə həmişə evinizdə bir qəribə sükut hiss edirəm. Sənin yoxluğun evinizin istiliyini, sevincini aparıb. Ailə üzvləriniz sanki bir ruh kimi gəzib dolaşırlar. Sən istəməzdin belə olsun Rauf. Hər sizə gələndə sənin rəsm muzeyinə baş çəkmək istəyirəm. Fikrim sənin rəsmlərində qalır. Sənin rənglər dünyanda bir başqa dünyan yatır. Sənin bir başqa dünyan var. Rənglər dünyası, bu rənglər dünyasında "Gözlərimi gözləyənin gözlərini gözlərimlə gözləyəcəm" (Raufun öz fikirləridi) gözlərini, dünyasında dediyin o pünhan sevgini axtarıram. Atana demişdin qələbə çalaq Şuşada Cıdır düzünün böyük bir tablosunu yaradacam.
P.S. Bu yay Şuşada oldum. Qarış-qarış gəzdiyimiz yerlərdən daha çox can atdığım Cıdır düzü idi. Cıdır düzü başdan-başa çəmən gülləri ilə döşənmişdi. Nədənsə məni orda sıxıntı tutmuşdu. Bəlkə də o düzlərdə gəzən şəhidlərin ruhları idi. Sıldırım, sal qayalar, çəməndə xəfif mehdən yellənən güllər...
Səni xatırladım Rauf. Sənin arzunu, çəkmək istədiyin tablonu. Xınalı qayalarda əllərimi toxundurdum qayalara sənin rənglərin, rəng çalarların canlandı xəyalımda. Düzdü məndə heç bir rəssamlıq istedadı yoxdur. Çox heyf Rauf, yarımçıq qalan arzularından səmada quşlar uçuşur, hər şey xəyal kimi uçub gedir. Təəssüf edirəm, yarımçıq qalan ömrünə, arzularına, yarımçıq qalan rənglər dünyana, yarımçıq qalan tablona...
Tam əlaqələr kəsilib...29.10.2020 səhər tezdəndən Məhərrəm müəllimə gələn zəng. Xahiş edirik komissarlığa gəlin! Rauf şəhid olub...Laçın dəhlizi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldun...
Ən axırıncı zəngini sevdiyi qıza edib... (Belə deyirlər)Vidalaşıb sevgisini, istəyini, məhəbbətini tutduğu sözünü pıçıltıyla söyləyib. Son sözü- axı mənim çox arzularım vardı... Ara kəsilir.. Hayqıran bir səs ucalır Raufff.. Hərdən fikirləşirəm bəlkə də biz o insanla küçədə rastlaşırıq. Qəlbi Rauf həsrətlisi olan biridir, hər oktyabr ayı gələndə onun soyuq, sazaq yağışlı, yağmurlu günləri başlayır...(Bu aralar Rauf şəhərimizə tez-tez yağışlar yağır. Bu yağışlar mənə təbiət hadisəsindən daha çox Şəhid Analarının göz yaşını xatırladır). Matəmli günləri...
Bəlkədə heç rast gəlməmişik o insanla. Rauf, sənin bu dünyada bir insanın qəlbində sevgin məzara dönüb. Zərnigar xanımdan sevdiyin qızı axtarıb tapmağını xahiş etdim. Gözləri doldu. Rauf yoxsa, neynirəm, söylədi...
Rəsmlərində boynu bükük bir tablo yaratmısan sanki üz çevirib getmək istəyən birisi.. Bəlkə də öz taleyini ağ kətana hopdurmusan heç özündə bilmədən...

Cəmilə BABAYEVA
18-10-2024, 08:43
Zəfər Yolu

Zəfər Yolu


Qədim tarixə, mədəniyyətə malik olan Azərbaycan yeni əsrin ən böyük “Zəfər yolunu” başa vurmuş və qızıl hərflərlə tarixə düşmüşdü. Bəli, bu tarix digərlərindən çox fərqli idi. Çünki bu tarix Azərbaycan əsgərinin qanı ilə yazılan və yaddaşlara həkk olan tarix idi. Bu tarix namus, əqidə üstündə qurulan, öz canlarını torpağa bağışlayan, sevinc və kədəri bir gətirən “Zəfər Yolu” tarixi idi.
Xalq olaraq belimizdə çox ağır bir yük var idi, sanki Himalay dağları üstümüzə çökmüşdü. Bəs nə idi bu yük? Bəli, bu yük 30-illik düşmən taptağı altında olan Qarabağ yükü idi. Kimisi o torpaqların həsrəti ilə canını tapşırdı, kimisi isə bu acı reallıq ilə həyatına davam etdi. Lakin ümid var idi üç rəngli bayrağımızın Qarabağda dalğalanmasına. 2020-ci il – Ermənistan tərəfi yeni təxribatlara əl atmağa davam edirdi. Artıq Azərbaycan xalqı, Azərbaycan dövlətinin səbri tükənmişdi. Həmin ilin iyulunda Ermənistan hərbi birləşmələri Azərbaycanın dövlət sərhədində, Tovuz istiqamətdəki strateji yüksəklikləri ələ keçirmək məqsədilə hücuma cəhd etdilər. 11 gün davam edən şiddətli döyüşlər nəticəsində düşmən geri oturuldu. Döyüşlərdə 3- cü ordu birliyinin qərargah rəisi general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə yanaşı, Azərbaycan ordusunun 12 hərbiçisi və bir mülki şəxs həlak oldu. Ermənistan tərəfi bununla kifayətlənməyib yeni təxribatlara əl atdı. Qarşıdurmalar 27 sentyabr 2020-ci il səhər saat 06:00-da Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca başladı. Bunun ardınca Ermənistan hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycan isə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan etdi.
Müharibə, pilotsuz təyyarələrin, sensorların, ağır artilleriyanın və raket zərbələrinin istifadəsi, habelə dövlət təbliğatının və onlayn informasiya müharibəsində rəsmi sosial media hesablarının istifadəsi ilə yadda qalan oldu. Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı döyüşləri kəskin şəkildə qınadı və hər iki tərəfi gərginliyi azaltmağa və danışıqları təxirə salmadan davam etdirməyə çağırdı. Rusiya, Fransa və ABŞ-nin vasitəçiliyi ilə əldə olunan üç atəşkəs də müharibəni dayandıra bilmədi. Şuşanın azad edilməsindən sonra Prezident İlham Əliyev, Rsuiya dövlət başçısı Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında 10 noyabr 2020-ci il, saat 00:00- dan etibarən bütün döyüş əməliyyatlarını dayandıran atəşkəs bəyanatı imzalandı.
Müqaviləyə əsasən Azərbaycan müharibə zamanı işğaldan azad etdiyi ərazilərə nəzarəti əlində saxladı. Ermənistan isə işğal altındakı keçmiş DQMV ətrafı əraziləri Azərbaycana qaytardı. 2 minə yaxın rus əsgəri Ermənistan və Dağlıq Qarabağ arasındakı Laçın dəhlizi boyunca və keçmiş DQMV-nin Azərbaycanın nəzarətində olmayan hissəsində ən azı 5 il müddətinə sülhməramlı qüvvələr olaraq yerləşdirildi. Artıq müharibə bitmişdi. Qəribə bir ab-hava var idi, Azərbaycanda. Sevinc və kədər göz yaşları dəli Kürlə sakit Arazın birləşdiyi kimi qarışmışdılar bir- birlərinə. Bütün Azərbaycan üçrəngli bayrağa bürünmüşdü.
Bəli, müharibə göz yaşı, kədər gətirir. Gedənlər bir də qayıtmayacaq. Onlardan bizə xatirə olaraq ailələri və yaxınlarının o ürək dağlayan sözləri qalacaq. -Bir ali təhsilli əsgər yoldaşım var idi. Mənə söz vermişdi ki, tərxis olandan sonra yanına gələcəm. Tərxisinə 3 ay qalmışdı ki, şəhid xəbərini eşitdim. Həmin gecə yuxuma gəlmişdi. -Müharibə vaxtı döyüş yoldaşım qollarımda şəhid oldu. Son sözü isə “Atama deyin ki, mən yaramaz, tənbəl deyildim, vallah, deyildim !”
Baş gizir rütbəsində olan bir qardaşı hospitala gətirdik. Əməliyyatxanada çarpayıya yatırdıq. İki ayağı dizdən aşağı yox idi. Gözümün içinə baxdı, “qoymayın ölüm, üç balam var”,- dedi və şəhid oldu. Unutmayın ki, əgər rahat nəfəs alıb, gəzib, istədiyiniz hər şeyi rahat edə bilirsinizsə, bunların hamısını bu dünyadan köçən şəhidlərə borclusunuz.
Bir gün çiyinlərdə bir tabut gedər,
Bir cəsəd sevdası yandırar səni,
Yoxluğum qar kimi yağar üstünə,
Təpədən dırnağa dondurar səni.

Daha ulduzlara tənha baxarsan,
Tənhalıq bıçaqtək tökər qanını.
Qaranlıq otaqda dəli olarsan
Səssizlik kar edər qulaqlarını.


Payız daha gözəl görünməz sənə
Yağan yağışlar da ovutmaz artıq,
Gözünün yağıştək yağan yaşını,
Min günəş çıxsa da qurutmaz artıq.

Qalarsan əllərin yanaqlarında,
Axan göz yaşını silib gedərsən.
Ürəyin istəsə, açıqdır qapım,
Hərdən məzarıma gəlib-gedərsən.

Gəlib baş ucumda durarsan səssiz,
Ruhum səni görüb sevinər bəlkə.
Onda nə çəkmişəm bilərsən sənsiz,
Buz kəsmiş ürəyin isinər bəlkə.

Sonra baş daşımda rəsmimə baxıb,
Xəyala dalarsan, gülərsən bir az.
Məni öldürdüyün azdır, əzizim,
Bacarsan özün də ölərsən bir az.

Mayıl SOLTANOV,
BDU Jurnalistika fakültəsinin tələbəsi
18-10-2024, 07:52
Çiçək ananın çiçək açmayan arzuları

Çiçək ananın çiçək açmayan arzuları

Nakam taleyim, şəhidim Rəşadım, ümidsiz Ümidim. Bu dəfə söz açdığım qəhrənanım tək şəhid deyil, eyni zamanda onun anası Çiçək xanımdı. Tanışlığımız qeyri adi oldu. Yaşadığım Culfa rayon şəhidləri haqqında olan araşdırmalarım davam edirdi. Hər zaman axtarışda idim ki, bəlkə hansısa qəhrəmanımız diqqətdən yayınar. Tale elə gətirdi ki, şəhid tədbirlırinin birində elə məqamı şəhidlərimizin məqamı qədər uca olan o şəhid anası Çiçək xanımla tanış oldum. Arzuları çiçək açmayan, Çiçək ana. Çiçək ananın şəhid oğlu Sahib haqqında yazdığım şeiri ailəsinə təqdim etmək istəyərkən anası ilə söhbətim bir az geniş oldu. Anaya bir neçə sual ünvanladım…
Arada kövrəldik də, ağladıq da. O, mənə dua edirdi, mən isə ananın könlünü almaq istəyirdim. Amna bu təskinlədici cümlələrimin içərisində həqiqətlər var idi. "Şəhidlər ölməyir, sağdır" və s. Anaya dəstək olmağa çalışsam da doğrusu həmin gecə demək olar ki, gözümə yuxu getmədi. İki gün sonra Çiçək xanıma yenə zəng etdim. Həm Ananın halını soruşmaq, həm də mövzunu tamamlamaq üçün. Ananın dedikləri heyrət doğururdu.Hətta söhbət əsnasında belə bir ifadə işlətdi:
"Qızım, görürəm, sən mənimlə çox maraqlanırsan. Mənim dərdim çoxdur. Tək şəhidimin dərdini çəkmirəm" Bu sözləri eşidəndə fikirləşdim ki, yəqin Sahibin üç qız övladının atasız qalmağını nəzərdə tutur. Söhbət etdikdən sonra ananın bu məqamla bərabər digər narahatlığı aydın oldu. Çiçək xanım arada üç il fasilələrlə ard-arda ağır niskillər yaşamışdı. Əvvəlcə həyat yoldaşı 51 yaşında avtomobil qəzasında dünyasını dəyişmişdi. Sahib hərbiçi olduğu üçün ailənin bütün çətinlikləri Sahibin qardaşı Ümidin üzərinə düşür. Çox əziyyətlər çəkir. Ailə özünü tam toparlamamış Çiçək xanımın ailəsində ikinci bədbəxtlik baş verir. Ümid 21 yaşında dünyasını dəyişir. Çiçək xanımın bütün dünyası alt-üst olur. Təbii ki, bir hərbiçinin ailəsində baş verən çətin məqamlar Sahibin də dünyasını alt-üst edir. Əvvəlcə atasını, üç il sonra isə qardaşını itirmək Sahib üçün ağır olur. Bütün bunlara rəğmən Sahib, yenə də öz hərbi vəzifəsini laiqincə davam etdirir. 26.06.2020-ci ildə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalla təltif olunur.
Qısa arayış: Baş cavuş Məmmədov Sahib Yaşar oğlu 1989-cu ildə noyabr ayının 13-də NMR-nın Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur.1996-2007-ci illər ərzində Yaycı kənd 1 saylı orta məktəbdə təhsil almış, 2008-ci ilin yanvar ayından 2009-cu ilin iyul ayınadək həqiqi hərbi xidmətdə olmuşdur. 2011-ci ildən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmətə başlamışdır. 2020-ci ildə sentyabr ayının 27-də torpaqlarımızın bütövlüyü uğrunda əks hücum nəticəsində başlanan Vətən müharibəsində qəhrəmanlıqla iştirak etmişdir. Lakin 19 oktyabr 2020-ci ildə Fizuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, 24.10.2020-ci ildə Yaycı kənd qəbristanlığında dəfn olunmuşdur. Ölümündən sonra Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalı ilə mükafatlandırılmışdır.
Beləliklə Ümidin vəfatından üç il sonra Sahib şəhidlik zirvəsinə yüksəlir. Çarəsiz qalan Çiçək ananın dərdi böyük olsa da taleyin uğursuzluqları ilə barışaraq ailənin yükünü tək çəkməli olur. Onun mətin olmaqdan başqa yolu yox idi. Çünki onu həyata bağlayan üç qız nəvısi var. Şəhidimizin üç qız övladı anaya əmanət qalmışdı. Təbii ki, şəhid xalqın şəhidi olduğu kimi, onun övladları da xalqındır. Onlar bizim də övladımız sayılır. Çiçək xanımdan gəlini barədə soruşduqda belə cavab verdi:
"Rəqsanə qızım, bu qədər çətinliklərimə rəğmən, Allahıma o qədər şükürlərim var ki...Çünki gəlinim çox yaxşıdır. Qızım kimidir. O laqeyid olsa idi bəlkə də mən yaşaya bilməzdim. Şükürlər olsun ki, gəlin barədə çox razıyam."
Şəhidimizdən dəyanətli anası, sədaqətli həyat yoldaşı və Mələk kimi üç qız övladı Vətənə əmanət qaldı. Bu yazımın sonunda Çiçək xanımla söhbətimizə nöqtə qoymuram...
Məğrur şəhid qızları (Culfa rayon Yaycı kənd şəhidi Məmmədov Sahibin əziz xatirəsinə)
Yenə bir ananın gözləri yaşlı,
Atanın arzusu tükəndi, yandı.
Yolunu gözləyən üç qız övladı,
Ata sığalına həsrətdə qaldı.

Baba nəvazişi fəqət yetərmi?!
O körpə qızlara, aman, İlahi...
İzdiham, gözlərdən gedib, bitərmi?!
Tanrım bağışlama düşmən günahın.

Vətən üçün hər kəs dözəcək dərdə,
İgidin qanıdır torpağa halal.
Sahib baş əymədi zalım namərdə,
Sinəsinə bəzək vermişdi Hilal.

Övladları məğrur şəhid qızları.
Qürur ilə, başı uca gəzəcək.
Qeyrət ilə əzəcək haqsızları,
Sahib kimi igidlə fəxr edəcək.

Sən şəhid anası, dik tut başını.
Sənin övladındır, sənin qamətin.
Vətənçün böyütdün vətəndaşını,
Qorudu torpağın, elin qeyrətin.


Rəqsanə TAPDIQLI,
"Aşıq Pəri məclisi"nin və "MŞM-nın üzvü"
18-10-2024, 07:13
AŞIQ HÜSEYN CAVANIN MILLI HÖKUMƏT DÖVRÜ  YARADICILIĞI

AŞIQ HÜSEYN CAVANIN
MILLI HÖKUMƏT DÖVRÜ YARADICILIĞI

Ədəbiyyatımızın ayrılmaz bir qolu olan aşıq poeziyası Cənubi Azərbaycanda baş verən ictimai-siyasi dəyişikliklərə, sosial ədalətsizliyə, ana dili məsələsinə, insanların hüquq və azadlıqları kimi problemlərə heç vaxt biganə qalmamış, bütün bunlar saz və söz sənətində öz əksini tapmışdır.
Bu mənada məhz belə bir missiyanı öz çiyinlərində daşıyan cənublu aşıqlardan biri də Hüseyn Cavan olmuşdur. Onun taleyinə bir neçə dəfə Vətəndən-Vətənə mühacir həyatı yaşamaq məcburiyyəti yazılmışdır. Belə ki, o, 1916-cı ildə Cənubi Azərbaycanın Gərməduz mahalının Ut kəndində anadan olduğu halda, atasının erkən vəfatı ilə bağlı kiçik yaşlarında ikən anası ilə Şimali Azərbaycana, Ağdamın Şərəfxanlı kəndinə gəlmiş daha sonra (Qasım İsmayılov) indiki Goranboy rayonunun Dəliməmmədli kəndində yaşamışdır. Uşaqlıq illərində aşıq sənətinə olan marağı, Aşıq Ələsgərin qardaşı oğlu Musadan, 1927-1935-ci illərdə Aşıq Ələsgərin kəndi Ağkilsədə müxtəlif aşıqlardan dərs alması ona çox şey əxz etdirmişdir. Hüseyn daha sonra – 1937-ci ildə yenidən Cənubi Azərbaycana dönmüşdür.
Gənc yaşlarında ara-sıra şeir yazsa da, Hüseyn yaradıcılığa əsasən 1940-cı ildən başlamışdır. İlk şeirləri “Gül Azərbaycan”, “Oyan vətəndaş”, “Ana vətən” və s. Təbrizdə çıxan “Vətən yolunda” qəzetində dərc olunmuşdur. Cavanın Cənubi Azərbaycanda yaşadığı 40-cı illərdə ictimai-siyasi durum çox acınacaqlı idi. Gərginliklərlə dolu günlər bir-birini əvəz edirdi. Həmin zaman kəsiyində Azərbaycan xalqının milli azadlıq hərəkatını nəinki boğmağa səy göstərilir, hətta doğma ana dilində yazıb-oxuması qadağan edilirdi.
Ümumiyyətlə, 1941-ci ildən etibarən milli azadlıq hərəkatı yüksəldikcə başlıca tələblərdən olan İranın tərkibində muxtariyyətin verilməsi, ədəbiyyat, incəsənət və mədəniyyətin Azərbaycan dilində inkişaf etdirilməsi barədə mətbuatda da çıxışlar olurdu.
Pəhləvi rejiminin sonuncu nümayəndəsi olan Məhəmmədrza şahla üz-üzə duran Hüseyn, “şah, mən unutmamışam, sən də unutma sabunlu kəndiri, dar ağacını” deyərkən, heç şübhəsiz öz doğma xalqının şahları taxtdan sala bilən qüdrətinə ürəkdən inanırdı. O, bu inamla da Təbrizdə milli azadlıq hərəkatının həm nəğməkarı, həm də fədaisi kimi çıxış edirdi.
Daim şah rejiminin amansız təzyiqi altında əzilən xalq özünün azadlığa qovuşacağı günü səbirsizliklə gözləyirdi. Cavan “Məndədir” şeirində bu hissləri belə ifadə edirdi:

İndi üzümüzə gülən bu elin
Qışı düşməndədir, yayı məndədir,
O döyüb döşünə heç öyünməsin,
Oxu ondadırsa, yayı məndədir.

Bu təzə dünyadan kim doyar, bezər?
Azadlığın nuru hər yanı bəzər.
Hüseyn bundan sonra asudə gəzər,
Ölkəmin Günəşi, Ayı məndədir.

Alman qoşunlarının cəbhədəki məğlubiyyətləri haqqında gələn xəbərlər Cənubda demokratik qüvvələrin daha da möhkəmlənməsinə və fəallaşmasına səbəb olmuşdu.

3 sentyabr 1945-ci ildə Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında Azərbaycan Demokrat Firqəsi yaradıldı. Bu qurumun qarşısında duran əsas vəzifə azərbaycanlıların bir millət kimi tanınması və muxtariyyətə nail olması idi.
1945-ci ildə vətənin azadlığı uğrunda mahnılar qoşan aşığın əsl sınaq günü gəldi. Bu zaman Demokratik Firqənin başladığı inqilabi mübarizə Cavanın poeziyasına yeni məzmun, yeni ahəng gətirdi, şair sazı və sözü ilə səngərlərə, fədailərin içərisinə gedir, Koroğlunun, Qaçaq Nəbinin igidliyindən, Səttarxanın əyilməzliyindən nəğmələr oxuyur, vətənpərvərləri azadlıq uğrunda mübarizəyə çağırırdı:
Biz şairik, sözün düzün yazırıq,
Əhrimənə dərin quyu qazırıq.
Yurdumuza can verməyə hazırıq,
Qurban yaranmışıq Azərbaycana.

Cavanın inqilabi hərəkatın coşqulu illərindəki fəaliyyətini təsvir edən İman İrani İntizarın yazdıqlarından oxuyuruq: “Yaxşı yadımdadır. 1946-cı ilin “Novruz bayramında S.C.Pişəvəri yerli əhali ilə görüş keçirirdi. İllərdən bəri azadlığı uğrunda mübarizə aparan xalq öz rəhbərlərini görüb ilk azadlıq bayramını təbrik etmək üçün hər tərəfdən sel kimi axışırdı.
Mən də dayım A.H.Cavanla ora getdim. S.C.Pişəvəri onu görcək yanına çağırdı, üzündən öpüb bayramını təbrik etdi. Əlini çiyninə qoydu, üzünü camaata tutub dedi: “Mənim A.H.Cavan kimi beş nəfər təbliğatçım olsaydı, silaha əl atmadan bütün İranı çoxdan azadlığa çıxarardım”.
Məhz öz xalqı qarşısında fədakar xidmətlərinə görə S.C.Pişəvəri ona “Xalq şairi” adı vermişdi.
Cənubi Azərbaycanın ədəbi mühitinə nəzər salarkən belə nəticəyə gəlmək olar ki, 1941-1946-cı illər qələm sahiblərinin yaradıcılığında yeni və çiçəklənən dövrdür. Bu dövr ədəbiyyata vətənpərvərlik, millilik kimi yeni məzmunlu mövzular gətirdi. Azadlıq carçısı kimi çıxış edən A.H.Cavan vətənin xoş halına sevinərək onu belə təsvir edir:
Təbriz, al bayrağın ucada dursun!
Ellər səadətdən nişanə qursun.
Hüseyn də saz çalsın, zəngulə vursun,
Baharda oxuyan bir bülbül kimi.
A.H.Cavan odlu-alovlu mübarizə illərində inqilabi hərəkatda iştirak edən sinfi mənsubiyyətindən asılı olmayaraq kəndlini də, fəhləni də, ziyalını da azadlıq fədaisi adlandırırdı. Vətən sevgisilə döyüşə atılan hər bir fədai məsləkinin, iradəsinin, arzularının fədaisi kimi döyüşür, üzərindəki düşmən xofunu birdəfəlik dəf etməyə can atırdı.
Şairin “Fədailər” adlı şeiri deyilən fikirləri özündə bariz şəkildə əks etdirir:

Bir soraq gətirdi könül tərlanı:
Təbrizin dövrəsin aldı fədai!
Sel kimi kəndlilər kəsib hər yanı,
Şir kimi meydana gəldi fədai.
Verdilər canların yelə, sazağa,
Batdılar səngərdə toza, torpağa,
Sozaldı yağılar döndü yarpağa,
Düşmənin bağrını dəldi fədai.

Sinəsində telli sazı, coşub-çağlayan avazı ilə xalqın azadlığına qovuşmaq istəyinə, arzusuna qoşulan aşıq, onun istiqlaliyyət əldə etməsində müsəlləh əsgər kimi sazıyla, qələmi ilə döyüşürdü, yurdunun tezliklə firavan həyata nail olacağına inanırdı:
Cavan Hüseynəm, ölməmişəm,
Əziz vətən, sağam mən.
Arxayın ol, yatmamışam
Səngərdə oyağam mən.
Yel titrətməz, külüng batmaz,
Çapılmaz, bir dağam mən,
Vətən üçün öz sinəmi
Eyləmişəm nişana.

1945-ci il dekabrın 12-də (21 Azər) Milli Hökumətin yaradılması nəticəsində bir sıra siyasi, iqtisadi və mədəni sahələrdə baş verən islahatlar sırasında Azərbaycan dili mühüm yer alırdı. Ana dilində yazılan əsərlərin, çıxan qəzet və məcmuələrin sayı durmadan artırdı. Həmin dövrdə digər şairlər kimi A.H.Cavan da Milli Hökumətin uğurlarını tərənnüm edirdi:
Firqənin fərmanı xalqın qüdrəti,
Gətirdi xalqına xoş səadəti.
Göylərin bəzəyi, yerin ziynəti
Al bayraq nurunu salsın hər yana.
Sinəm yazılmamış bir ağ varaqdır,
Qəlbim həqiqətdən qaynar bulaqdır
Cavan Hüseyn şən ölkədə xoşbaxtdır,
Azaddır qələmi, sənəti dostlar!

Milli Hökumət Cənubi Azərbaycanda xalq inqilabı hərəkatı illərində sazı və sözü ilə göstərdiyi xidmətlərinə görə A.H.Cavan “21 Azər” medalı ilə təltif etmişdi.
Son olaraq A.H.Cavanın “21 Azər” gününə həsr etdiyi “Bu gün həm fəxrimdir, həm vüqarımdır” şeiri haqqında bir neçə kəlmə danışmaq yerinə düşərdi. Şair həmin günün tarixi bir gün olduğunu qeyd edərək, onun xalqa verdiyi ictimai-siyasi, sosial-mədəni azadıqdan, dil və vicdan azadlığından bəhs edir.
Bax, bu gün xalqımız azad dil açıb,
Bax, bu gün ellərdə taza il açıb,
Bax, bu gün gülşənlər solmaz gül açıb,
Bu gün tazə ilim, xoş baharımdır.

Şeirin misralarını oxuduqca “21 Azər” gününün, yəni xalqın öz istiqlaliyyətinə qovuşmasının şair üçün nə qədər əhəmiyyətli və sevindirici bir hal olduğunun şahidinə çevrilirik. Onun fərəhinin, qürurunun həddi, hüdudu yoxdur. Həmin tarixi hadisənin bilavasitə iştirakçısı olmuş el aşığı bundan məmnunluq hisslərini ifadə edir. Onun qəlbindən qopan Azərbaycan, Vətən, azadlıq kəlmələri ilə ifadə olunan hissləri şeirin əsas qayəsini təşkil edir:
Müqəddəs Vətənə əziz günlərə
Söz açıb oxumaq iftixarımdır.
Azər adlı Azərbaycan kəlməsi,
Ulu babalardan yadigarımdır.

Sonda şair, nə vaxtsa belə bir günün yenidən bərqərar olacağına inam bəsləyir:
Mən Cavan Hüseynəm, sazım döşümdə,
Yağılar tab etməz mərd döyüşümdə,
Təbrizdə dostlarla ilk görüşümdə
Saz çalıb oxumaq arzularımdır.

A.H.Cavanın yaradıcılıq mövzusu çoxşaxəlidir: sevgi, vətənə məhəbbət, yurd həsrəti və s. Lakin bunların sırasında “21 Azər” hərəkatına xüsusi önəm verməsi onun bütün yaradıcılığı boyu özünü göstərir.
Zəminə Zeynalova
Nizami Gəncəvi aadına Ədəbiyyat İnstitutu
Cənubi Azərbaycan ədəbiyyatı
şöbəsinin elmi işçisi
16-10-2024, 22:17
Əziz Muradımız biz səninlə fəxr edirik!


Əziz Muradımız biz səninlə fəxr edirik!

Qərbi Azərbaycanımizin Qarabağ torpağına ayaq izi dəyməyən, lakin, bu torpaqda öz qanı ilə şəhidlik ünvanını yazan igid oğullarımizdan biri Murad Məmmədov. Doğmamız, dayımin nəvəsi, mehriban, qohumlar arasında özünə az yaşı ilə hörmət qazanmış, vətən qeyrətli şəhidimiz. Türkiyədə təhsil alırdı, savadlı olduğu üçün Bolqarıstana Sofiya şəhərinə göndərilmişdi. Torpaq sevgisi, xalqının namusunu qorumaq onu uzaq-uzaq ellərdən Qarabağ torpağına səslədi. Sentybrın 25-də 24 yaşını qeyd edib, 29-da könüllü olaraq mühribəyə yollandı. Təhsillindən əlavə idmanda da, incəsənətdə də fərqlənirdi. Cüdo yarışlarında qalib, gözəl pioninoçu Muradımız öz həyatını olduğu kimi bütün fəaliyyətini də hər bir sahədə yarımçıq qoydu. 44 günlük müharibədə şəhidlər sırasında tarixin yaddaşında əbədilik titulu ən yüksək olan bir ad qazandı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onlar Azərbaycan xalqının qeyrəti, namusu, vicdanı uğrunda qurban getdilər. Bu gün hər birimiz onların xatirəsini yad etməklə, ruhları qarşısında borcumuzu ödəmiş olarıq. Əziz Muradımız sən də bu igidlərdən birisən. Biz səninlə fəxr edirik. Məkanın cənnət olsun!
Ruhuna sayğılarla: Südabə
13-10-2024, 14:22
İBTİDAİ HAZIRLIQ KURSU


İBTİDAİ HAZIRLIQ KURSU

Uzun illər səmərəli pedaqoji fəaliyyətlə məşğul olmuş təcrübəli ibtidai sinif müəllimi hazırlaşdıracağı məktəblilərin istəyinə uyğun olaraq öz evində və ya valideynlərin istəyinə uyğun yerdə keyfiyyətli hazırlıq xidməti təklif edir. Vaxt hazırlığa gələnlərin istəyinə uyğun müəyyənləşdirilir. Məktəbəqədər hazırlıq üçün də müraciət etmək olar.

Tanıtım: Saray Aslanova Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. 1994-cü ilə qədər müxtəlif orta məktəblərdə, 1994-2000-ci illər arası Bakı-Türk Anadolu liseyində dərs deyib. O vaxtdan 2024-cü ilə qədər Bakı Slavyan Universiteti nəzdindəki lisey kompleksində çalışıb. Eyni zamanda 14 il Təhsil idarəsində ibtidai siniflər üzrə metodist olub.
Diaqnostikadan yüksək balla, Sertifikasiyadan və müsahibədən uğurla keçib. Uşaqlarınızın nəzakətli davranışla, yaxşı hazırlaşdırılmasını istəyirsinizsə, 055 630 66 71 nömrəli telefona zəng edə və ya Sixalielmir2021 @gmail.com elektron ünvanına yaza bilərsiniz.
Uşaqlarımızın yaxşı gələcəyi etibarlı təhsilə bağlıdır!
12-10-2024, 08:32
40 gündür Səni axtarırıq

40 gündür Səni axtarırıq

(Bizim Qara oğlanın əziz xatirəsinə)
Tay-tuşlarımızla 65 illik ömrümüzün yarıdan çoxunu yurddan aralı, qürbətlərdə odsuz-ocaqsız, bir-birimizdən ayrı keçirmişdik. Uşaq vaxtımızın şıltaqlığı nə qədər çox olurdusa, böyüdükcə, yaşlandıqca da bir-birimiz üçün o qədər çox darıxırdıq. 1988-ci ildən sonra ümumilikdə ellərimiz pərən-pərən salındı. Hərəmiz dünyanın bir ucuna düşdük. İllərlə bir-birimizdən xəbər tuta bilmədik. Ömrümüzün ahıl çağlarında -Gığı kənd orta məktəbindən məzunluğumuzun 48-ci ildönümü münasibətilə görüşmək istədik.

Masazırda toplaşdıq. Yoldaşlarımızın hamısını tanıdım. Muxtarı bu illər ərzində heç görməmişdim deyə tanıya bimədim. O, sən Tamxilsən,- deyib məni qucaqladı. Bir-birimizə sarılıb həsrətli illərimizin acısını unutmağa çalışdıq. Acılı-şirinli xatirələrimizi bölüşə-bölüşə bir-birimizdən hal-əhval tutduq. Gözə dəyməyən yaşıdlarımızı bir-birimizdən soruşduq. Sən demə sıralarımız xeyli seyrəlibmiş. Bəzilərinin ölümündən heç xəbərimiz olmayıbmış. Məlum oldu ki, Söhbət Mətiyev, Zahid Kərimov, Əyyub Balakişiyev, İmamverdi Orucov, Adil Azadəliyev, Xavər Həmzəyeva, Zahid Quliyev, Elenora Mahmudova, İslah Mahmudov, Mirim Əsədov, Südabə və Tamella Niftalıyeva əmiqızları dünyadan köçüblər. Əzizlərimizin xatirəsini ehtiramla yad elədikdən sonra ömrümüzün yaddaqalan bir gününü yaşadıq. Yenə 48 il əvvəlki kimi uşaqlaşdıq. Qocaldığımızı unudaraq zarafatla, əyləncələrlə dolu gəncliyimizi yada saldıq. Acılı-şirinli xatirələrimiz çözələndi. Qərara gəldik ki, tez-tez görüşək. Sərvər Azadəliyev əlaqəmizin kəsilməməsi üçün WhatsApp qrupu yaratdı. Hər səhəri xeyir-dua ilə açdı, məzun yoldaşlarımıza xoş arzularını bildirdi. Təəssüf ki, sentyabrın 5-də qrupda o qara xəbəri- Muxtarın ölüm xəbərini paylaşdı. Sərvərin həzin səsi qulaqlarıma şimşək çaxışı kimi gəldi. Axı Muxtar o Muxtar deyildi...
Onun gümrah görkəmi, çevik hərəkəti, yüksək ruhu, həyat eşqi, qurub yaratmaq həvəsi ölüm ehtimalını sıfırlayırdı. Xəbəri ürəyimə yaxın buraxmaq istəmirdim. Amma vaxtsız əcəl öz işini görmüşdü. Bizə qalan yalnız Muxtarlı günlərimizin xatirələri idi. O günlər kino lenti kimi gəlib gözlərimizin önündən keçir...

26 mart 2023 Məzunluğumuzun 48-ci ildönümü
Görüşlərimizin birində qərarlaşdıq ki, növbəti dəfə müəllimlərimizin işığına yığışaq. Elə də oldu. Görüşümüzə gələn Sucəddin müəllim, Mübariz müəllim və Tofiq müəllim şagirdlərinin arasında çox bəxtiyar görünürdülər. Muxtar İsmayılov əvvəlcə bütün sinif yoldaşlarımız adından müəllimlərimizin qarşısında baş əydi. Sonra yaddaşına həkk elədiklərini bölüşdü, müəllimlərimizin xarakterindən də danışdı. Dedi,- Tofiq müəllim xasiyyətcə bir az mülayim idi. Ancaq Sucəddin müəllimin zəhmi bu gün də mənim gözümün qabağındadır:
“Hər adamın həyatda bir idealı olur. Sucəddin Məmmədov mənim idealım idi. Oturuşu, duruşu, bir müəllim kimi şagirdləri qarşısında davranışı, dediyi dərs, tələb elədiyi cavab və s. Bütün bu əlamətlərinə görə müəllimimə oxşamağa çalışırdım.”

28 May 2023-cü il- Müəllimlərimizlə görüşümüz
Muxtarın özünəməxsus xüsusiyyətləri vardı. Fenomenal yaddaşa malik idi. Həm də bizim yaddaşımızı yoxlamağı çox sevirdi. Bu illər ərzində unutduğumuz çox hadisələri yadımıza saldı. Gığı kənd klubunda Üzeyir bəyin “O olmasın, bu olsun” operettasını səhnələşdirməyimizdən tutmuş Sucəddin müəllimin necə qəşəng tar çalmasından Kərəmin zəngulələrinə qədər çox şeydən danışdıq. Ayrılanda dedi ki, eşitmişəm kitabın çıxıb, gələndə mənə də gətir.
Tapışdığımız qısa müddət ərzində Muxtarı daha yaxşı tanıdıq. Onun insani keyfiyyətlərinə, mərdliyinə, mərdanəliyinə, səxavətinə daha yaxından bələd olduq. Onda uşaq sadəliyi, dost səmimiyyəti, dağ vüqarı, əsl insan cəfakeşliyi vardı. İstəməzdi ki, kimsəyə əziyyət versin, amma tanıdığı hər kəsin qulluğunda durmağa can atardı. Yoldaş olduqlarının əlini cibinə salmasına imkan verməzdi.
Bir dəfə Kərəm bizi Çaylıya, öz evinə qonaq çağırmışdı. Demişdi sizə bir quzu bəsləmişəm, nə vaxt istəsəniz gəlin, dadına baxın! Muxtar bizi maşınına götürüb yola çıxdı. Yolüstü böyük bir marketə döndü ki, bir az bazarlıq edək, Kərəmə çox yük düşməsin. Mən onun xasiyyətini yaxşı bildiyim üçün tez ayrılıb meyvə-tərəvəz bölməsindən lazım olanları alıb kassaya yaxınlaşdım. Əlavə olaraq 100 manat da kassir qıza verdim ki, Muxtar gələndə hesabı bağlanmış görsün. Qız tərslik elədi,-dedi malı hesablamamış pul götürməyə ixtiyarımız yoxdur. Beləliklə bizim çək-çevirə qədər Muxtar özünü yetirdi. Əsl həngamə də onda başladı, az qaldıq əlbəyaxaya çıxaq. O məndən qüvvətli idi. Məni sıxışdırıb kassadan uzaqlaşdırdı. Bu hərəkəti xətrimə dəydi. Yol yoldaşlarımız kənarda olduqları üçün nə baş verdiyindən xəbərsiz idilər. Qanım qaralmışdı. Uşaqlar hey soruşurdular, sənə birdən-birə nə oldu. Cavab veriləsi bir şey yox idi.

Çaylı kəndində sinif yoldaşımız Kərəmin qonağıyıq
Sonra Muxtar məni qucaqlayıb öpdü. İncimə,-dedi yaşıd olsaq da, sən bizim ağsaqqalımızsan. Sənin əziyyət çəkməyinə qıymadım,- dedi. Beləcə giley-güzarlı, amma yaddaqalan bir istirahət günü keçirdik. Qayıdanda da gedəndə olduğu kimi, hərəni götürdüyü yerdə düşürmək istədi. Dedim yorğunsan, Bakıya çatdırdın bəsdir. Burdan o yana özümüz gedərik. Güldü, ay qardaş, dedi- özünüz gedəcəkdinizsə, mən bu maşını neynirdim alıb?!
Müəllifi olduğum “Güllə səsinə açılan qapı” kitabımı Muxtara bağışlamışdım. Bir neçə gündən sonra gecənin bir vaxtı zəng elədi. Heç zaman elə vaxtsız zəng eləməzdi. Sən demə kitabı oxuyurmuş, təsirləndiyindən saata baxmadan nömrəmi yığıb. Salam-kəlamsız, hal-əhval tutmadan dedi:
“Qardaş, mən səni kitabından tanıdım. Görünür məktəb illərində, bu aralarda bir-birimizi heç tanımamışıq. Kaşki bu illəri ayrı düşməyəydik! O kitabda özümü tapdım, millətimizin taleyini, alın yazımızı tapdım, nə yaxşı ki səni də tapdım. Bundan sonra tez-tez görüşməliyik. Sənə deyəcəyim, səndən eşidəcəyim çox şey var.”

Kərəmin nəvəsin Hərbi xidmətə yola salırıq
Muxtarın öz dünyası vardı. Zahirən çılğın olsada, zəngin daxili aləm, ruhsal və duyğusal qəlb, təmiz, həm də böyük ürək sahibi idi. Qrupda nəsə paylaşanda axırda, sözünü deyib qutarandan sonra deyərdi: “ Hörmətlə, sizin Qara Oğlan.”
Bizim Qara Oğlan çox həssas idi. Sözdən tez təsirlənirdi. Kiminsə xətrinə dəyəndə də uzun müddət peşmançılığın təsirindən çıxa bilməzdi. Tez-tez dalıb gedərdi. Bilməzdin ki, xəyal onu haralara aparır. Təbiətin, təbii gözəlliyin aşiqi, şeir, sənət dəlisi idi. Dost məclislərində Hafiz Baxışın “Bizim dost itirən vaxtımız deyil” şeirini deməyi çox sevərdi:
Gəlin itirməyək dostları, qardaş!
Onsuz da çox deyil yaxşı dost, sirdaş.
Dostluq qalasından bir kərpic, bir daş
Uçurub aparır hər saat, hər il -
Bizim dost itirən vaxtımız deyil!

Dünyanı tutub ha qalan deyilik,
Əbədi məskən də salan deyilik.
Ömrü bir də satın alan deyilik,
Dostluqda hər anın qiymətini bil-
Bizim dost itirən vaxtımız deyil!

29 Oktyabr 2023 Sinif yoldaşımız Fəhyarın evində
Canını istəsə, dosta qurban de,
Dərdinə çarə qıl, ona dərman de.
Dost sənə "çor" desə, sən ona "can" de,
Düşməni dost edir xoş söz, şirin dil-
Bizim dost itirən vaxtımız deyil!

Doğrudan da Muxtar dost bildiyi kəsdən canını belə əsirgəməzdi. Dost itkisindən yaman qorxurdu. Təəssüf ki, biz onu tez itirdik. Çoxlarını itirmişdik, amma Muxtarın yeri bir ayrı idi. Onun aramızdakı yeri həmişə görünəcək, əziz xatirəsi biz yaşadıqca qəlbimizdə yaşayacaq. Muxtarın doğmalarına, dostlarına, Gığı məktəbinin 1975-ci il məzunlarına dərin hüznlə başsağlığı verirəm, səbr diləyirəm!
Muxtarın ruhuna sayğılarla:
Tamxil ZİYƏDDİNOĞLU












7-10-2024, 15:48
“T-Finans LTD” MMC-nin təsisçisi Minayə Şəfi qızı övladlığa uşaq götürəcək


“T-Finans LTD” MMC-nin təsisçisi Minayə Şəfi qızı övladlığa uşaq götürəcək
Hər bir övladın arxasında isti ana nəfəsi dayanır

Dünyaya göz açan hər bir uşaq ata, ana himayəsində böyüyür, boya-başa çatır.
Uşaqlar cəmiyyətə yararlı bir vətəndaş kimi yetişmək hüququna malikdir. Lakin, çox zaman uşaqlarımızın digər qismi bu hüquqlardan yararlana bilmirlər. Təəssüflər olsun ki, valideyn himayəsindən müxtəlif formada məhrum olan uşaqlarımız da var. Bu gün onlar uşaq evlərində, uşaq sığınacaqlarında böyüməyə məcburdurlar. Dövlət Uşaq Evlərində böyüyən uşaqların gələcək inkişaflarında öz qayğısını əsirgəməsə də, belə uşaqların valideyn himayəsində yaşaması daha yaxşı olardı. Ona görə də hər hansı övladı olmayan valideynlərin uşaq götürmək arzusu olarsa, özlərini gələcəkdə valideyn olmağı tam hiss etməlidirlər. Hər kəs asanlıqla övladlığa uşaq götürə bilərmi? - Əsla yox. Bunun üçün qanunvericiliyin tələbləri yerinə yetirilməlidi. Bu proses Ailə Məcəlləsinin 118-ci maddəsi ilə tənzimlənir.
Bəzən olur ki, ana övladı dünyaya gətirməsinə baxmayaraq, övladına qarşı analıq hissi olmur. Dünyaya övlad gətirməklə valideyn olmursan. İnsanda uşağa qarşı hiss, xoş münasibət, qayğı, səxavət gərəkdi. Bu da insanın qanından, canından süzülüb gələn bir ali hissdir. Bu gün dövlətə dəstək olaraq uşaqlar evinə, uşaq sığınacaqların maddi və mənəvi dəstək olan xeyli sayda işgüzar insanlar, xanımlar var ki, bir tikə çörəklərin belə valideyn himayəsindən məhrum olan uşaqlarla bölür, yardım edir.
Bu baxımdan tanınmış iş adamı, xeyirxah xanım “T-Finans LTD” MMC-nin təsisçisi Həmidova Minayə Şəfi qızı yardım etdiyi uşaq evlərindəki uşaqları öz övladı kimi sevir, onlara yardım edir. Ona görə də Minayə xanım uşaqları çox sevir. Xatırladım ki, Minayə xanımın qızı İlahə xanım ailənin tək övladıdır. Ona görə də “T-Finans LTD” MMC-nin təsisçisi, İlhamə xanımın anası Həmidova Minayə Şəfi qızının bir övladı olduğuna görə, eyni zamanda İlahə xanımın övladı olmadığı üçün Ailə məcəlləsinin 118-ci maddəsinə əsaslanaraq aidiyyatı qurumlara müraciət etməklə uşaq evlərindən varis kimi uşaq götürmək arzusundadırlar. Qeyd etdiyim məsələ ilə bağlı yaxın zamanda şirkətin vəkilləri - Nail Abdullayev və Başar Yaltı tərəfindən dövlət qurumlarına müraciət olunacaq.
Məsələ ilə bağlı “T-Finans LTD” MMC şirkətinin mətbuat xidmətinin rəhbəri Məmmədova Sona Əhmədqızı da ailənin övladlığa uşaq götürmək arzusunun dəqiqliyini təsdiqlədi. Xatırladım ki, sözügedən şirkət Azərbaycan şirkəti olmaqla yanaşı eyni zamanda Türkiyə Respublikasında fəaliyyət göstərən bir holdinqdir.
5-10-2024, 09:00
Bu gün onların günüdür Bu gün müəllimlər günüdür.

İlk Müəllimim Əlayət Bayramov və sinif yoldaşım Əməkdar artist Rəhilə Bəndəliyeva
Bu gün onların günüdür

Bu gün müəllimlər günüdür. Dünyasını dəyişən müəllimlərimizi rəhmətlə anır, ruhları qarşısında baş əyirəm. Yaşayanlarına sağlam, uzun ömür arzulayıram. Gələn il 50 il olacaq ki, məktəb partasından ayrılmışam. Artıq sevimli müəllimlərimin çoxu dünyasını dəyişib. Hətta müəllim olan sinif yoldaşlarım əməkli olub. Amma müəllimlərim həmişəki müqəddəsliklərini saxlayıblar.
Əziz oxucular, bu müqəddəs varlıqlara ithaf etdiyim “Bitməyən dərs” yazımdan bir parçanı Müəllimlər günündə sizlərlə paylaşmaq istədim:
“Bu görüş üçün özəl bir gün seçilmişdi- 28 may Azərbaycan Dövlətinin Müstəqilliyi günü. Zəngəzur mahalının Qafan bölgəsindəki Gığı kənd orta məktəbinin 1975-ci il məzunlarının 2023-cü ilə təsadüf edən görüşünün qonaqları da özəl idi. Əslində biz sinif yoldaşlarımızın bir qismi ilə martın 26-da Masazır qəsəbəsindəki “Qədim Naxçıvan” Ailəvi İstirahət Mərkəzində görüşmüşdük. Elə orda da növbəti dəfə müəllimlərimizin işığına yığışmağı qərara almışdıq.

Gığı məktəbindəki müəllimlərim
Sağımda Tofiq Hüseynov, solumda Sucəddin Məmmədov

1975-ci il məzunlarının müəllimlərlə görüşü
Qəribədir ki, həmişə müəllimlərin sinif otağına geç girməsini arzulayan qoca “məktəbli”lər bu dəfə müəllimlərin gəlişini həsrətlə gözləyirdilər. Kimisi yola baxır, kimisi yaxınlaşan maşının qabağına qaçır, kimisi də bu duyğulu anları kameranın lent yaddaşına alırdı…
Sucəddin müəllim məkana hamıdan qabaq gəlmişdi. Ürəyi çox yuxalmışdı. Heç kimdən dərs soruşmadı, heç gecikənləri tənbehləmədi də. Hər kəsi illərlə həsrətini çəkdiyi balası kimi bağrına basdı. Müəllimimiz 48 illik ayrılıqdan sonra bizi öpdü, biz də elə 48 il əvvəlki kimi uşaqlaşdıq...
Beləcə ömrümüzün ən yaddaqalan bir gününü yaşadıq... Mərhum sinif yoldaşlarımızın xatirəsini sayğı duruşu ilə yad elədik. Dünyasını dəyişən müəllimlərimizin ruhları qarşısında, görüşümüzə gələn müəllimlərimizin- Sucəddin Məmmədovun, Mübariz Vəliyevin və Tofiq Hüseynovun şəxsiyyətləri qarşısında baş əydik…

Müəllimim Mübariz Vəliyev
Əziz müəllimlər, bayramınız mübarək! Bəzən bəzi müəllimlər məcburiyyət ucbatından, cəmiyyətin deqredasiyası, sosial vəziyyətin ağırlığı səbəbindən peşələrinin şərəfini qorumaqda çətinlik çəkirlər. Mən şəxsən əminəm ki, məcbur edilməsə, heç bir müəllim o uca adın ləkələnməsinə yol verməz.
Əziz müəllimlər, öz müəllimlərim başda olmaqla, hamınızı təbrik edirəm! Cəmiyyətimizin sağlamlaşmasında üzərinizə düşən vəzifələrin öhdəsindən gələ bilmək üçün sizə fürsət diləyirəm! Adınıza, şərəfinizə sayğılarla: Tamxil Ziyəddinoğlu

Universitet müəllimlərim
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!