Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                        Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir .....                        Canlı ifalar, rəngarəng anlar: .....                        Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                       
28-03-2026, 20:00
Küləyə Pıçıldanmış Həqiqət

Elnur Sadıqoğlu Musayev
(Göygöl rayonu)

Küləyə Pıçıldanmış Həqiqət

I Hissə: Buz Bağlamış Vicdanlar

Qışın oğlan çağı idi. Köhnə məscidin qapısı hər külək əsdikcə inildəyir, sanki çöldəki şaxtadan qaçıb içəri sığınmaq istəyən bir dilənçi kimi aman diləyirdi. Amma içəri çöldən də soyuq idi. Bu soyuq dəridən keçib sümüyə işləyən şaxta deyildi; bu, yüzlərlə deyilmiş və deyilməmiş yalanın, udulmuş haqsızlığın yaratdığı rütubətli bir şaxta idi. Minbərdə əyləşən Mirzə Səlimin barmaqları məhəccərin taxtasına elə sıxılmışdı ki, buğumları ağarmışdı. Boğazı qurumuşdu. İllərdir əzbərdən dediyi cümlələr bu gün ağzında qum dənələri kimi xırçıldayırdı. Hər kəlmə dilinə tikan kimi batırdı.
...Və bilin ki, ruzi Allahdandır. Səbir edən, şükür edən bəndə...
Səsi qırıldı. Gözlərini camaatın üzərində gəzdirdi. Ön cərgədə Hacı Fəttah əyləşmişdi. Əynindəki qalın xəz kürk onu ətrafdakı cırıq paltarlı camaatdan divar kimi ayırırdı. Hacının gözləri yarıyumulu idi, başı yüngülcə aşağı əyilmişdi. Kənardan baxan onu dərin ibadətdə sanardı. Amma Səlim görürdü: Hacının sağ əli cibində idi və barmaqları görünməz bir hesabla oynayırdı. Qoz ağacından düzəldilmiş təsbehinin şaqqıltısı məscidin sükutunda qəribə bir ritm tutmuşdu. Şaqq... şaqq... Bu səs Səlimə zikr səsini yox, bazarda tərəzinin gözünə atılan daşların səsini xatırlatdı.
Hacının yanında oturan Baqqal Məmməd isə narahat idi. Tez-tez burnunu çəkir, gözünün ucuyla Hacıya baxır, sanki onun "razılıq" möhürünü gözləyirdi. Arxa cərgələrdə, qaranlıq künclərdə isə kəndin sadə camaatı – üzləri şaxtadan çatlamış, əlləri qabarlı insanlar üşüyürdü. Onların nəfəsi ağ duman kimi havaya qalxır, lakin tavana çatmamış yox olurdu. Eynilə duaları kimi.
Səlim yenidən danışmaq istədi.
- ...Haqq yolunda...Söz boğazında düyünləndi. Ürəyinin döyüntüsü qulaqlarında gumbultu qoparırdı. Gözü birdən Hacı Fəttahın ayaqqabılarına sataşdı. Təmiz, parlaq, palçıqsız dəri çəkmələr. Sonra baxışları arxada, dirəyə söykənmiş Kərimin çarıqlarına sürüşdü. Kərimin ayaqları yaş idi, soyuqdan göyərmişdi. Dünən Fəttahın adamları onun çəpərini sökəndə Kərim o palçığın içində diz çökmüşdü. İndi isə o palçıqlı dizlər məscidin döşəməsində, Fəttahın təmiz çəkmələri ilə eyni cərgədə idi. Bu təzad Səlimin nəfəsini kəsdi. Mədəsinə qəfil sancı girdi. Yalanın fiziki ağırlığı onu əzməyə başladı. O, artıq o minbərdə dayana bilmirdi. O hündürlük, o məqam ona dəniz səviyyəsindən minlərlə metr yuxarıda, havasız bir zirvə kimi gəldi. Susdu. Bu sükut küləyin səsini də batırdı. Məsciddəki ağır hava qatılaşdı. Bir anlıq, sadəcə təsbehin səsi eşidildi: Şaqq... Sonra o da dayandı. Hacı Fəttah ağır göz qapaqlarını qaldırdı. O baxışlarda heyrət yox idi, sadəcə pozulmuş nizamın verdiyi narazılıq vardı. Başını yavaşca qaldırıb, qaşlarını çatıb Səlimə baxdı. Sanki xarab olmuş bir saata baxırdı.
- Mirzə? - Fəttahın səsi sakit, amma məscidin divarlarını titrədəcək qədər tox idi. - Niyə susdun? Camaat söz gözləyir. Axşam düşür.
Səlim əllərini məhəccərdən çəkdi. Barmaqlarının izi taxtada qalmışdı. Ona elə gəldi ki, əgər indi bir kəlmə də yalan danışsa, dili qopub düşəcək. Hacıya baxdı. Bu dəfə qorxu ilə yox, qəribə bir ayıqlıqla.
-Axşam çoxdan düşüb, Hacı, - dedi Səlim. Səsi özünə yad gəldi; xırıltılı, zəif, amma şüşə kimi kəsərli. Biz qaranlıqdayıq. Mən sizə işıqdan danışıram, amma öz çırağım sönüb.
Minbərin pilləkənlərinə tərəf addım atdı. Hər pilləni endikcə çiynindən dağ götürülürdü. Camaatın arasından keçərkən kimsənin üzünə baxmadı. Baqqal Məmmədin çaşqınlıq dolu pıçıltısı, Hacının "Bu nə oyunbazlıqdır?" deyə deyinməsi onun qulağına suyun altından gələn səslər kimi çatırdı. Qapını açdı. Soyuq külək üzünə şillə kimi dəydi. Amma bu şillə onu incitmədi, əksinə, yuxudan oyatdı. O, qapını arxasından örtmədi. Qoy o buz kimi həqiqət içəri dolsun, qoy o üfunətli istiliyi yuyub aparsın.
________________________________________
II Hissə: Məscidlə Ev Arasındakı Çamurlu Yol
Qapı arxasından örtülmədi. Şaxtalı külək Səlimin üzünə çırpılanda o, sarsılmadı; əksinə, bu kəskin soyuq, illərdir içində irinləyən o gizli yaranı sanki dondurub keyləşdirdi. Məscidin həyətinə düşəndə ayaqları altındakı donmuş torpağın xırçıltısı gecənin sükutunu pozdu.
Bu qərar bir anda doğulmamışdı. Bəlkə də aylar, bəlkə də illər idi ki, Səlim daxilindəki uçuruma doğru yuvarlanırdı. Hər cümə xütbəsində dili "haqq" və "səbir" deyəndə, gözləri küncdə üşüyən kasıbların çatlamış üzlərində gəzəndə, mədəsinə qəribə bir ağrı girirdi. O, sadə camaata "ruzi Allahdandır" deyib təsəlli verərkən, özü Zeynəbin süfrəyə qoyduğu o yağlı, zəfəranlı plovları yeyir, Fəttahın "razılıq möhürünə" sığınırdı. Hər udduğu loğmada kəndlilərin alın tərini, ödəyə bilmədikləri borcların ağırlığını hiss edir, amma qorxusundan susurdu. Rahat ev, isti ocaq, cəmiyyətdəki "Mirzə Səlim" statusu onu görünməz qandallarla bağlamışdı. Lakin bu gün...
Bu gün o qandallar qırıldı. Dünən Fəttahın adamları Kərimin çəpərini uçuranda, Səlim bəlkə də kənardan durub baxmış, müdaxilə etməyə cəsarət tapmamışdı. Amma bu gün minbərdən o eyni cərgəyə – Fəttahın palçıqsız, parlaq çəkmələri ilə Kərimin soyuqdan göyərmiş, yaş ayaqlarına baxanda, o təzad onun nəfəsini kəsdi. Kərimin o palçıqlı dizləri Səlimin vicdanındakı sonuncu təmizlik pərdəsini də cırıb atmışdı. İllərdir bünövrəsi qoyulan yalan divarı, məhz bu iki fərqli ayaqqabının kəsişməsində çilik-çilik oldu.
Səlim kəndin qaranlıq, çamurlu küçələri ilə addımlayırdı. Həmişə ətəklərini yığışdırıb palçıqdan qoruduğu, qürurla gəzdirdiyi bahalı əbası indi çamurun içində sürünürdü. Vecinə deyildi. O ağır addımlarla irəlilədikcə içindəki saxta "Mirzə" yükündən xilas olur, illər əvvəlki – sandığın dibindəki o köhnə yun çuxanı geyinən gənc, dürüst Səlimə qayıtdığını hiss edirdi. Qaranlıqda sayrışan evlərin sarı işıqları indi ona yuva yox, insanları yalanlarla uyudan isti qəfəslər kimi görünürdü.
Nəhayət, öz evinin böyük qapısına çatdı. İçəridən süzülən zəif işıq və qapının aralarından sızan o tanış, bürkülü kərə yağı qoxusu onu bir anlıq duruxdurdu. Dərin bir nəfəs aldı, çöldəki şaxtanı, o buz kimi həqiqəti ciyərlərinə doldurub qapını itələdi.

________________________________________
III Hissə: Yadlaşmış Doğmalıq
Qapı örtüləndə çöldəki küləyin səsi kəsildi, amma Səlimin qulaqlarındakı uğultu dayanmadı. Ev isti idi. Həddindən artıq isti. Otağa daxil olan kimi zəfəranlı plovun və ərinmiş kərə yağının ağır qoxusu burnuna vurdu. Bu qoxu illərdir ona "hüzur" kimi gələrdi, amma indi mədəsini bulandırdı. Sanki havada yağ yox, kəndlilərin ərimiş ümidləri qoxuyurdu. Zeynəb samovarın başında idi. Səlimin ayaq səslərini eşidib çevrildi. Üzündə hər zamankı o məmnun, hər şeyin qaydasında olduğunu göstərən təbəssüm vardı. Amma Səlimin rəngi qaçmış üzünü, çiyinlərinin necə düşdüyünü görəndə təbəssümü dondu.
- Mirzə?- Zeynəb əlindəki stəkanı nəlbəkiyə qoyarkən qaşıq cingildədi. Bu səs otaqdakı gərginliyi daha da artırdı.- Nə olub? Hacı Fəttahla...Cümləsini bitirmədi. Səlimin baxışlarında Hacıya aid qorxu yox, daha dəhşətli bir boşluq gördü. Zeynəb cəld ona yaxınlaşdı, əlini ərinin alnına qoymaq istədi, amma Səlim geri çəkildi. Bu hərəkət Zeynəbi sözlərdən daha çox incitdi. Əli havada qaldı.
-Xəstələnmisən?- səsi titrədi. - Gəl otur, yemək soyuyur. Bax, sən sevən kimi dəmə qoymuşam...
Səlim süfrəyə baxdı. Naxışlı kasalar, parıldayan qaşıqlar, nazik lavaş... Bu süfrə, bu ev, bu qadın – hamısı mükəmməl bir tablonun hissələri idi. Amma Səlim artıq bu tablonun çərçivəsinə sığmırdı.
-Mən doymuşam, Zeynəb, -dedi. Səsi yorğun, amma qəti idi. - İllərdir elə yemişəm ki, indi boğazımdan su da keçmir.
Otağına keçdi. Zeynəb kölgə kimi onun ardınca gəldi. Səlim güzgünün qarşısında dayandı. Başındakı sarığı – kənddəki hörmətinin, statusunun o simvolunu yavaşca açmağa başladı. Sarığın hər qatı açıldıqca, sanki beynini sıxan bir məngənə boşalırdı.
Zeynəb bunu görəndə irəli atıldı. Sarığın ucundan yapışdı. -Nə edirsən?! Dəli olmusan? Sabah cümədir! Camaat səni sarıqsız görsə nə deyər? Hacı Fəttah nə fikirləşər?
Səlim arvadının gözlərinin içinə baxdı. Orada sevgi var idi, bəli. Amma o sevgi, "Mirzə Səlim" adlı hörmətli bir fiqura bəslənən sevgi idi.
-Sən kimdən qorxursan, Zeynəb? Allahdan, yoxsa Fəttahdan? -Səlim sarığı onun əlindən çəkib yerə buraxdı. Ağ parça döşəməyə düşdü, sanki kəfən idi. - Bu sarıq məni boğur. Sən məni, ərini yox, kəndin mollasını sevirsən. O molla isə bu gün məsciddə öldü.
Zeynəb divara söykəndi. Gözləri dolmuşdu. O, Səlimin sadəcə bu gün üçün əsəbi olduğunu düşünmürdü artıq; o, bütün dünyasının – qurduğu nizamın, rahat evinin, qonşular yanındakı etibarının – çatladığını hiss edirdi.
-Sən bizi rüsvay edəcəksən, - Zeynəbin səsi pıçıltıdan qışqırığa yüksəldi. - O yetim Kərimə görə, hə? O səfilə görə isti ocağını dağıdırsan? Biz bu günlərə gəlmək üçün nə qədər əziyyət çəkmişik, unutmusan?
Səlim dayandı. Əlindəki köhnə çuxanı bərk-bərk sıxdı. Arvadının "əziyyət" dediyi o illər bir-bir gözünün önündən keçdi. Zeynəbə tərəf döndü, baxışları bu dəfə qılınc kimi kəsərli idi.
Davamı var
“Bütöv Azərbaycan” qəzeti
27 mart 2026
28-03-2026, 15:23
Yaşlandıqca daha çox xatırlayıram…


Yaşlandıqca daha

çox xatırlayıram…


Bu gün nədənsə Vüqarla keçən günlərimizi xatırladım. 1996-cı ildə AzTV-də tanış olmuşduq. Sütül oğlan idi. Çox mədəni, həddindən artıq nəzakətli, söhbətcil, həm də yaraşıqlı və istiqanlı idi. Fərqli redaksiyalarda işləsək də hər gün tapışıb dərdləşirdik. 10 il ərzində lap doğmalaşdıq.

Vüqar Niderlanda getdi. Onun mənim həyatımda buraxdığı boşluğu kimsə doldura bilmədi. Amma bu boşluqda təkcə özümü yox, həmişə onu düşünürdüm ki, millətinə, ailəsinə, dostlarına bu qədər bağlı olan birinin qürbətdə günü necə keçər?!
Gününün necə keçdiyini bir özü bilir, bir də Allahı. Amma mən onu bilirəm ki, gedəndə ürəyini burda qoyub getdi. Vətən dərdini də, vətənin dərdlərini də özü ilə apardı. İllərlə hər çətinliyə, hər ağrı-acıya dözdü. Xarici dil öyrəndi. Yazı- pozu işlərinə başladı. Beynəlxaq media qurumlarına üzv oldu. Yazıları uğur qazandı. Yazılarından, social mediada çıxışlarında hiss olunur ki, harda olmasından asılı olmayaraq yenə də Azərbaycanla nəfəs alır, o taylı, bu taylı Azərbaycanın birlik xəyalı ilə yaşayır…

İndi Vüqar özünün yox, övadlarının uğuruna sevinərək yazır:
“Bu gün qızım Leiden Universitetində bakalavr diplomunu rəsmi olaraq aldı. Əslində universiteti ötən yay bitirmişdi, bu gün isə diplomun təqdimat mərasimi keçirildi. Hazırda hüquq ixtisası üzrə magistr təhsili alır. Çox xoş və qürurverici bir gün oldu. Bu hissi arzulayan hər kəsə, bütün valideynlərə övladlarının sevincli günlərini yaşamağı arzu edirəm”
Əzizim Vüqar, sevincinə şərik olaraq qürurlanıram. Arzu edirəm ki, gül balanın bütün arzu-istəkləri başa çatsın! Hər birinizə sevgi və sayğılarla:

Tamxil Ziyəddinoğlu
28-03-2026, 12:06
Dünyanın ən yaxşı bacısı

Yaqut Əliyeva – 75


Dünyanın ən

yaxşı bacısı


Rəhmətlik Zemfira anam dünyasını dəyişməzdən bir neçə gün əvvəl bir az kövrək, bir az da titrək səslə mənə dedi ki, oğlum, mən bu dünyadan köçüb haqq dünyasına qovuşanda sən heç də üzülmə, ən çətin günündə Yaqut bacın yanında olacaq. O, səni məndən də çox istəyir. Özün bunun şahidi olacaqsan!

Həmin an kövrəlmişdim, heç nə deyə bilmədim. Amma illər keçdi, zaman göstərdi ki, anam, həqiqətən, haqlıdır. Yaqut bacım məni anam qədər çox istəyir. Mən bacımdan o qədər cəfakeşlik və fədakarlıq görmüşəm ki, bunların yüzdə birini qələmə alsam, uzun bir dastan yaranar.
Bir dəfə yaxın qohumlarımdan biri mənə demişdi ki, tale sənin bəxtinə “Dünyanın ən yaxşı bacısının qardaşı” olmaq xoşbəxtliyi nəsib edib! Mən isə deyirəm: “Kaş dünyadakı bütün bacılar onun kimi olaydı! Yer kürəsində “Ən yaxşı bacı nominasıyası” üzrə müsabiqə keçirilsəydi, planetin bütün münsifləri bir an belə tərəddüd etmədən bu yüksək fəxri ada məhz onu layiq görərdilər!
Amma burada bir məqamı da mütləq qeyd etmək lazımdır. O da budur ki, bacım ali təhsilli filoloq, müəllimə Yaqut Əliyeva həm də dünyanın “Ən yaxşı qayınanası rəhmətlik Səriyyə xalanın ən yaxşı gəlini” olub. Bunu bacımın həyat yoldaşı Tariyelin istisnasız olaraq bütün doğmaları söyləyirlər.
Yaqut, təbii ki, həm də ən gözəl anadır. Dünyadakı bütün analar əziz və müqəddəsdir. Amma bacımın öz övladları – Fuad və Könül ilə münasibəti təkcə ana-bala sevgisi ilə bitmir. Bu, sevimli ana və onun son dərəcə sədaqətli övladları arasında olan ilahi bir sevgidir. Bu doğma, məhrəm münasibəti adi sözlə ifadə etmək mümkünsüzdür.
Düşünürəm ki, Fuad və Könülün analarına olan sevgisini yalnız dünyanın ən böyük dramaturqu (qoy ingilislər məndən inciməsin, mənim nəzərimdə o, Vilyam Şekspirdən daha qüdrətli sənətkardır) Cəfər Cabbarlının qələmi təsvir etmək iqtidarındadır:
Ana! Ana!.. O adın qarşısında bir qul tək
Həmişə səcdədə olmaq mənə fəxarətdir,
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm bəzmi-istirahətdir.


Bəli, Fuadın və Könülün anası, Tariyelin həyat yoldaşı, Səriyyə xalanın sevimli gəlini, İkinci Dünya Müharibəsinin əlili, atam Həsən kişinin ürəyi, anam Zemfira xanımın gözünün işığı, həyat yoldaşım Elina xanımın əziz rəfiqəsi, nəhayət, “Dünyanın ən yaxşı bacısının qardaşı kimi” daha nə yaza bilərəm? Çox şey yaza bilərəm. Sadəcə, buna ehtiyac yoxdur! Bilirəm ki, Yaqut bu sözləri oxuyub mütləq deyəcək: “Mahir (evdəkilər məni uşaqlıqdan bu adla çağırırlar) niyə bu qədər əziyyət çəkibsən?”
Burada qısa da olsa, ərz etməliyəm ki, Yaqut Həsən qızı Hüseynova (ailə qurandan sonra soyadı Əliyevadır) 1951-ci ildə Qafqazın ən gözəl şəhəri –Şəkidə dünyaya göz açıb. 1958-1968-ci illərdə Şəkidəki orta məktəbi bitirərək elə həmin il Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) filologiya fakültəsinə daxil olub. BDU-da təhsil aldığı illərdə Yaqut xətrini doğma atası qədər çox istədiyi əmisi professor Şirməmməd Hüseynovun evində yaşayıb. Burada o, hörmətli Şirməmməd müəllimdən və onun həyat yoldaşı Ülkər xanımdan özünə qarşı olduqca böyük diqqət və qayğı görüb. Yaqut Ülkər xanımı doğma anası qədər çox istədiyini heç vaxt gizlətməyib. Və onun xarakterinin formalasmasında Ülkər xanimin boyük rolu olub.

Yaqut BDU-nu fərqlənmə diplomu ilə bitirib. Bir müddət Şəkidəki musiqi texnikumunda Azərbaycan dili və ədəbiyyatından dərs deyib. 1971-ci ildə ixtisasca tikinti mühəndisi olan ağdamlı gənc Tariyel Əliyevlə ailə qurub. Birlikdə çox mehriban və xoşbəxt ailə həyatı yaşayıblar.
Rəhmətlik Tariyelin xatirəsi hamımız üçün çox əzizdir. O, həqiqətən, böyük qəlb sahibi idi. İxtisasca mühəndis olsa da, ədəbiyyatı, bəlkə də peşəkar ədəbiyyatçılar, tarixi tarixçilər qədər yaxşı bilirdi.
Tariyel Şirməmməd əmimin ailəvi dostu, xalqımızın sevimli şairi Bəxtiyar Vahabzadə poeziyasının vurğunu idi. Bu qeydləri ona görə yazıram ki, “Dünyanın ən yaxşı bacısı” Yaqut Əliyeva indi ömrünün 75 illik zirvəsinə çatır. Axı bu il martın 31-də onun ad günüdür. Bu, bizim ailə üçün çox xoş və əlamətdar bir gündür.
Əziz bacımı bu münasibətlə ürəkdən təbrik edir və ona həyatın ən böyük neməti olan can sağlığı arzulayıram! Yaqut, əzizim, yaxşı ki, varsan! Mən səninlə fəxr edirəm!

Yusif HÜSEYNOV,

naşir-jurnalist
25-03-2026, 21:57
“Çərşənbə günündə çeşmə başında”


“Çərşənbə günündə

çeşmə başında”


Martın 24-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Aşıq Pəri Məclisi Ozan Sənətinin Təbliği” İctimai Birliyinin təşkilatçılığı ilə “Çərşənbə günündə çeşmə başında” adlı bayram konserti keçirilib. Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi sükutla yad edildikdən sonra meydan saza-sözə verildi. Aşıq Pəri Məslisinin sədri, şair Pərvanə Zəngəzurlu dəvəti qəbul edib sazın-sözün işığına yığışanları salamladı. Mübarək bayramlar münasibəti ilə tədbir iştirakçılarını, ümimilikdə bütün xalqımızı təbrik etdi, xoş arzularını bildirdi. Şair Südabə İrəvanlı da meydana çıxıb həmkarı ilə birlikdə qonaqları şeirlə qarşıladı.

Respublikamızın hər yerindən çəmləşən Aşıq Pəri incilərinin hərəsi özü ilə məmləkətimizin bir guşəsinin ətrini gətirmişdi. Elə zalda əyləşənlər də. Göyçədən, Borçalıdan, Zəngəzurdan, Gədəbəydən, Dərələyəzdən, Kəlbəcərdən, İrəvandan, Şəkidən, Şirvandan, Naxşıvandan təşrif buyuranların yarısının xəyalları Xıdır Qursalının səsləndirdiyi qara zurnanın sədası ilə havalanıb qərib yurdlarımızı dolaşırdı. Peşə sahiblərini təsnifləndirmədən yadımda qalan aşıq, şair, müğənni, qiraət ustalarının adlarını sadalayaraq, həm də onlara ozan sənətimizi, incəsənətimizi, poeziyamızı sevə-sevə yaşatdıqları üçün tamaşaçı təşəkkürümüzü bildiririk. Bu təşəkkür əslində zalı inlədən alqış səsləri, səhnəyə daşınan gül buketlərində öz əksini tapırdı.

Zəngəzurlunun “pərvanə”ləri ətrafına yığışmış, qalan sənət ustaları da bir-bir, iki-iki səhnə arxasından meydana çıxıb sazları, zəngulələri ilə ruhumuzu qidalandırırdılar. Onların arasında Aşıq Sevil Ədalət, Ruhiyyə Qarabağlı, Mənsurə Xıdırova, Həqiqət Şınıxlı, Səbinə Gədəbəyli, Xanım Göyçəli, Dərya Mərdanzadə, Lalə Əbilova, Zəhra Şuşalı, Xədicə Göyçəli, Əli Zeynalabdin, Xaqani Zeynalabdin, Ramil Şınıxlı, Sahil Laçınlı, Anar Laçınlı, Təranə Gədəbəyli, Fazil Gədəbəyli, İlqar Gədəbəyli, Ələkbər Kəlbəcərli, Mahirə Göyçəli, Məlahət Göyçəli, Şəfəq Ələsgərqızı, Pəri Rəncbərli, Mehparə Səfərli və Sona Dərələyəzlinin hərəsi yaddaşımızda bir iz buraxdı. Amma sazı və könül oxşayan rəqsi ilə ortalığı ayağa qaldıran balaca qız hər musiqi nömrəsinə özgə bir naxış vururdu.

Gənclik illərini “Lalə Qızlar” ansamblına həsr etmiş Əməkdar artist Rəhilə Bəndəliyevanın ifa etdiyi “Sənsiz yaşaya bilmərəm” mahnısı 40 ilə yaxındır yurd həsrətilə qovrulan Qərbi Azərbaycanlı tamaşaçıları duyğulandırdı.

"Dədə Ələsgər Ocağı" İctimai Birliyinin sədri Xətai Ələsgərov Pərvanə xanıma tədbirin belə yüksək səviyyədə təşkilinə və Dədə Ələsgər irsini, ozan sənətini yaşatdıqlarına, mədəniyyətimizin inkişafına verdikləri töhfəyəyə görə minnətdarlığını bildirdi.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Maya Qafarovanın rəhbərlik etdiyi “İrəvan Xalq Çalğı alətləri ansamlı”nın kollektivi də “Çeşmə başı”ndaydı. Beləcə Dədə Ələsgər dühasının işığında - “Çərşənbə günündə çeşmə başında” bayram ovqatlı bir gün yaşadıq. Sizlərə də xoş ovqat arzusu ilə:

Tamxil ZİYƏDDİNOĞLU







19-03-2026, 09:49
Əhməd Obalının Trampa müraciəti

Əhməd Obalının

Trampa müraciəti


Güney Azərbaycanlı jurnalist, illərdi İran molla rejiminə qarşı mübarizə aparan, bu yolda mənəvi-psixoloji, fiziki təzyiqlərə məruz qalan Əhməd Obalı Amerika Prezidenti Donald Trampa müraciət edib. Həmin müraciəti təqdim edirik:

Mollalardan sonrakı İran: indi plan qurmaq vaxtıdır

ABŞ-ın İrana hücum etdiyi bir vaxtda, İran rejimi devrildikdən sonrakı mərhələ haqqında da düşünmək lazımdır. ABŞ-ın İrana hücum etməsinin məqsədi sadəcə rejimi danışıqlara məcbur etmək deyil, məhz rejim dəyişikliyi olmalıdır. Qeyd etmək vacibdir ki, ötən il baş verən 11 günlük müharibədən sonra İran öz nüvə ambisiyalarından əl çəkmədisə, bu rejim heç vaxt nüvə ambisiyalarından imtina etməyəcək. Buna görə də, əgər Prezident Tramp dünyanı daha təhlükəsiz bir yer etmək istəyirsə, o zaman mollaların hakimiyyətinə birdəfəlik son qoymalı və İran əhalisinə azad və demokratik bir ölkə qurmaqda kömək etməlidir.
Qeyd etmək lazımdır ki, İran çoxmillətli bir ölkədir və burada Güney Azərbaycan türkləri, türkmənlər, kürdlər, bəluclar, Əhvaz ərəbləri və farslar yaşayır. Ölkə əhalisinin təxminən 30–40 faizini Güney Azərbaycan türkləri təşkil edir. İranın keçmiş təhsil nazirinin sözlərinə görə, ölkədəki şagirdlərin 70 faizi fars dilindən başqa bir dildə danışır. Buna görə də, İranın gələcəyi müzakirə edilərkən qeyri-fars əhalinin narazılıqları ABŞ Prezidenti tərəfindən nəzərə alınmalıdır.
İranda yaşayan qeyri-fars xalqlar - istər Güney Azərbaycan türkləri, türkmənlər, kürdlər, Əhvaz ərəbləri, istərsə də bəluclar - rejim tərəfindən ən əsas insan hüquqlarından, o cümlədən ana dilində təhsil almaq və işləmək hüququndan məhrum ediliblər. Bununla yanaşı, bu icmaların dil və mədəni hüquqlarını müdafiə edən fəallar həbs olunub, işgəncələrə məruz qalıb və uzunmüddətli həbs cəzalarına məhkum ediliblər. Fars dili və mədəniyyətinin qeyri-fars əhali üzərinə zorla tətbiq edilməsinə yönəlmiş bu repressiv siyasət “dil soyqırımı” (linguicide) kimi tanınır.
İran daxilində qeyri-fars etnik qrupların hər birinin, böyük çətinliklərə baxmayaraq, mədəni və dil hüquqları uğrunda mübarizə aparan təşkilatlanmış qrupları var. Onların arasında İranda federal sistemin qurulmasını müdafiə edən təşkilatlar da mövcuddur; belə bir sistemdə ölkədəki əzilən azlıqların hüquqları qoruna bilər. Digər bəzi qruplar isə müstəqillik tərəfdarıdır. Bu qrupların hamısı ABŞ haqqında müsbət fikrə malikdir və İranı mollaların hakimiyyətindən azad etmək üçün Prezident Trampla əməkdaşlığa hazırdır. Bu qrupların ölkə daxilində legitimliyi, onilliklərdir ABŞ-da sürgündə yaşayan və artıq İranda yaşayan adi insanların həyatından uzaq düşmüş monarx nəslinin nümayəndəsindən daha çoxdur.
Xüsusilə Güney Azərbaycan türkləri ABŞ-la əməkdaşlıq edən Azərbaycan dövləti ilə sıx bağlıdırlar və Azərbaycanın ABŞ-la uzunmüddətli əməkdaşlıq tarixi var. 11 sentyabr terror hücumlarından sonra Azərbaycan Taliban və Əl-Qaidəyə qarşı mübarizədə ABŞ-a yardım göstərmiş, Əfqanıstanda Amerika qüvvələri ilə birlikdə xidmət etmiş və ABŞ təyyarələrinin Əfqanıstana gedərkən Bakıda yanacaq doldurmasına icazə vermişdi. ABŞ Əfqanıstandan çıxarkən isə geridə qalan Amerika resurslarının təhlükəsiz şəkildə təxliyə edilməsi üçün Azərbaycan Türkiyə ilə birlikdə çalışmışdı.
Quzey Azərbaycan necə ki, ABŞ üçün dəyərli müttəfiq olub, azad və müstəqil Güney Azərbaycan da eyni şəkildə ABŞ-ın dostu ola bilər. Bu səbəbdən ABŞ üçün ən məqsədəuyğun addım Güney Azərbaycan xalqını mollaların zülmündən birdəfəlik azad etməyə kömək etmək olardı. Buna İran əhalisinin seçdiyi federal demokratik dövlətlə nail olmaq olar, yaxud keçmiş Sovet İttifaqının xalqlarının Moskvanın hakimiyyətindən ayrılaraq azadlıq qazandıqları kimi, bir sıra azad və müstəqil dövlətlərin meydana çıxması ilə də. Artıq danışmaq vaxtı bitib. Artıq azadlıq əldə etmək vaxtıdır.
Əhməd Obalı

12 mart 2026

Müraciət Amerikanın https://www.frontpagemag.com saytında dərc olub. burdaki linkdən orginalına baxmaq mümkündür
https://www.frontpagemag.com/a-south-azerbaijani.../
*Xatırladaq ki, Əhməd Obalı, İran rejiminə qarşı çıxan Güney Azərbaycanlı jurnalistdir və Şikaqoda Gunaz TV televiziya kanalını təsisçisi və rəhbəridir.

15-03-2026, 21:54
Pəri Hikmətqızı

Pəri Hikmətqızı

(Qazax Mərkəzi Xəstəxanasının şəfqət bacısı Mustafayeva Pəri Hikmət qızına ithaf edirəm)

O, kimdir? Döşündə təzyiq ölçəni,
İnsana qayğısı, min hörməti var!
Şərəfli işi var, öz xidməti var,
Diqqətlə yoxlayır, hər bir xəstəni,
Qəlbinin nə böyük, məhəbbəti var!


O qədər gözəldi, o qədər gözəl,
Baxıb gözlərinə, duruluram mən!
Mayadı, işıqdı, nurdu bilək, əl,
Onu salamlayır, hər gəlib-gedən!

Adını soruşdum, Pəridir dedi,
Ayın surətidir, Günün şöləsi!
Elə bil Aygündür, Vurğun şeridi,
Bal kimi şirindir sözü, cümləsi!


Mən Pəri dediyim, şəfqət bacısı,
Qazax mahalının, qız balasıdır.
Nə qədər zəngindir, könül dünyası,
Elə bil Qazağın Qız qalasıdır!

Ey Qazax pərisi, Qazax gözəli,
Günəşin nuru var, baxışlarında!
Hüsnündə gəzibdir Peyğəmbər əli,
Babək qılıncıdır, tunc qaşların da!


Yanaqları al kimisən, ay Pəri,
Dodaqları bal kimisən, ay Pəri,
Zal qızısan, Zal kimisən, ay Pəri,
Ağ buxağı xal kimisən, ay Pəri,
Nə gözəlsən, nə göyçəksən, ay Pəri!
Əlvan gülsən, tər çiçəksən, ay Pəri!

Ayna qabaq, durna telsən, ay gözəl,
Beçə balsan, şirin dilsən, ay gözəl,
Nur biləksən, şam tək əlsən, ay gözəl,
Bir incisən, canı ləlsən, ay gözəl,
Nə gözəlsən, nə göyçəksən, ay gözəl!
Əlvan gülsən, tər çiçəksən, ay gözəl!


Gözəllərin gözü sənsən, ay Pərim,
Gözü dərya, qaşı kaman, yay Pərim,
Göydə günəş, göydə sənsən Ay, Pərim!
Nə gözəlsən, nə göyçəksən, ay gözəl!
Əlvan gülsən, tər çiçəksən, ay gözəl!

Allah yazsın yığvalını, baxtını,
Qızıldan yaratsın, tacı-taxtını,
Söylə mənə toy gününün vaxtını,
Ağ yığval olasan, ağ bəxt olasan!
Dünyada ömrünlə, xoşbəxt olasan!


O, kimdir? Döşündə təzyiq ölçəni,
İnsana qayğısı, min hörməti var!
Şərəfli işi var, öz xidməti var,
Diqqətlə yoxlayır, hər bir xəstəni,
Qəlbinin nə böyük, məhəbbəti var!


Tofiq SALEH,

Qazax,
29.VII.2025
14-03-2026, 20:55
Bakıdan dünyaya təhlükəsizlik və əməkdaşlıq mesajı


Bakıdan dünyaya təhlükəsizlik

və əməkdaşlıq mesajı


İlham Əliyev martın 12-də Bakıda keçirilən XIII Qlobal Bakı Forumunda “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda çıxış edərək müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik, sülh və əməkdaşlıq məsələlərinin əhəmiyyətinə toxunub. Dövlət başçısı bildirib ki, hazırkı geosiyasi şəraitdə təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində əsas prioritetə çevrilməlidir. Onun sözlərinə görə, bu amillər olmadan digər inkişaf istiqamətləri əhəmiyyətini itirir, çünki son illərdə uzun müddət sabit inkişaf yolu keçmiş dövlətlər belə ciddi risklərlə üzləşirlər.
Prezident qeyd edib ki, regional təhlükəsizlik Azərbaycan üçün hər zaman əsas məsələ olub. İşğal dövründə ölkənin əsas məqsədi sülhün təmin edilməsi və suverenliyin bərpası idi. Bu proses uzun illər davam etsə də, nəticədə Azərbaycan ərazi bütövlüyünü bərpa edib və hazırda regionda yeni mərhələ başlayıb. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan artıq yeddi aydır sülh şəraitində yaşayır və bu, güclü siyasi iradə, cəsarət və ardıcıl siyasətin nəticəsidir. Prezident xatırladıb ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit olunmuş özünümüdafiə hüququ çərçivəsində təmin edilib.
Dövlət başçısı bildirib ki, Azərbaycan işğal altında qalmış ərazilərini güc yolu ilə azad edib, lakin sülhə siyasi yollarla nail olub. Onun sözlərinə görə, bu, müasir tarixdə nadir nümunələrdən biridir. Təxminən 30 il ərzində ölkə ərazisinin 20 faizi işğal altında qalıb, milyonlarla insan etnik təmizləməyə məruz qalıb. Bu müddətdə beynəlxalq ictimaiyyət tərəfindən münaqişəyə lazımi səviyyədə diqqət yetirilməyib və bəzi beynəlxalq aktorların selektiv yanaşması problemin uzun illər həll olunmadan qalmasına səbəb olub. Prezident qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələri illərlə icra olunmayıb.
Prezident İlham Əliyev çıxışında 2020-ci ildə baş vermiş İkinci Qarabağ Müharibəsinin nəticələrinə də toxunaraq bildirib ki, sülh yolu ilə həll üçün bütün imkanlar tükəndikdə və beynəlxalq hüquq Azərbaycanın tərəfində olduqda gücdən istifadə qaçılmaz idi. Azərbaycan əvvəlcə hərbi yolla öz torpaqlarını azad edib, daha sonra siyasi dialoq vasitəsilə sülh prosesinə nail olub. Prezident bunu müasir tarixdə nadir təcrübə kimi qiymətləndirib və qeyd edib ki, bu proses suverenliyin bərpası ilə yanaşı regionda yeni siyasi reallıqlar yaradıb.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması da mühüm tarixi mərhələdir. Onun sözlərinə görə, 2023-cü ilin sentyabrında baş vermiş son hərbi toqquşmadan sonra 2025-ci ilin avqustunda sülh sazişinin paraflanmasına qədər iki ildən də az vaxt keçib və bu, normallaşma prosesinin olduqca sürətli getdiyini göstərir. Prezident bildirib ki, hazırda sərhəddə sabitlik hökm sürür, atəşkəs pozuntuları və insan itkiləri müşahidə olunmur. Azərbaycanın məqsədi isə uzunmüddətli deyil, davamlı və möhkəm sülhün təmin edilməsidir.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan sülhün yalnız kağız üzərində deyil, real həyatda möhkəmlənməsi üçün konkret addımlar atır. Bu çərçivədə Ermənistana müxtəlif istiqamətlərdən malların daşınmasına qoyulmuş bütün məhdudiyyətlər aradan qaldırılıb və ölkə üçün həyati əhəmiyyət kəsb edən neft məhsullarının ixracına başlanılıb. Dövlət başçısı vurğulayıb ki, bu addımlar Azərbaycanın sülhə sadiqliyinin göstəricisidir və ölkə regionda sabitliyin möhkəmlənməsinə töhfə vermək niyyətindədir.
Prezident çıxışında vasitəçilik institutunun fəaliyyətinə də toxunaraq bildirib ki, uzun illər münaqişənin həlli ilə məşğul olmuş ATƏT-in Minsk qrupunun fəaliyyəti nəticə verməyib. Onun sözlərinə görə, vasitəçilərin əsas məqsədi münaqişəni həll etməkdən daha çox onu dondurmaq və uzun müddət davam etdirmək olub.
Dövlət başçısı müasir dünyada enerji təhlükəsizliyinin də milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrildiyini bildirib. Onun sözlərinə görə, enerji bazarında baş verən dəyişikliklər qlobal iqtisadiyyat üçün ciddi təsir yaradır və tarazlı enerji siyasəti böyük əhəmiyyət daşıyır. Prezident qeyd edib ki, Azərbaycan bütün enerji seqmentlərində – neft, qaz, neft məhsulları, neft-kimya məhsulları və elektrik enerjisi sahəsində istehsal və ixrac imkanlarına malikdir. Son bir ildə Azərbaycan qazını alan ölkələrin sayı 12-dən 16-ya yüksəlib və onların hamısı qazı boru kəmərləri vasitəsilə əldə edir. Bu göstəriciyə görə Azərbaycan coğrafi əhatə baxımından dünyada ən geniş qaz təchizat şəbəkəsinə malik ölkələrdən biridir.
Prezident İlham Əliyev çıxışında nəqliyyat və logistika sahəsində Azərbaycanın artan roluna da diqqət çəkib. O bildirib ki, münaqişələr və geosiyasi gərginliklər bir çox ənənəvi nəqliyyat marşrutlarının pozulmasına səbəb olur və bu, qlobal tədarük zəncirləri üçün ciddi problemlər yaradır. Azərbaycan isə enerji sektorundan əldə olunan gəlirləri nəqliyyat və logistika infrastrukturunun inkişafına yönəldərək regionun əsas tranzit mərkəzlərindən birinə çevrilib. Bu gün ölkə həm Şərq–Qərb nəqliyyat dəhlizi, həm də Şimal–Cənub nəqliyyat dəhlizi üzrə mühüm tərəfdaş kimi çıxış edir və hər iki marşrut üzrə infrastruktur layihələri artıq tam şəkildə tamamlanıb.
Prezident bildirib ki, Ermənistanla sülh əldə edildikdən sonra regionda yeni nəqliyyat imkanları yaranır. Bu çərçivədə Orta Dəhlizin yeni istiqaməti üzərində iş aparılır və bu marşrut Ermənistan ərazisindən keçəcək. Bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında davamlı nəqliyyat, enerji və kommunikasiya əlaqələrinin yaradılmasına imkan verəcək. Prezident vurğulayıb ki, bu təşəbbüs yalnız Azərbaycan üçün deyil, region ölkələri üçün də yeni iqtisadi imkanlar yaradacaq və qarşılıqlı faydalı əməkdaşlıq mühitinin formalaşmasına xidmət edəcək.

Faiq Xosrovlu
Mehdiabad qəsəbə 5 nömrəli tam orta ümumtəhsil məktəbinin dirketoru
12-03-2026, 16:17
Cavid Vəkilov yazır:  Müasir Azərbaycan gəncliyinin   cəmiyyətdə rolu

Cavid Vəkilov yazır:


Müasir Azərbaycan gəncliyinin

cəmiyyətdə rolu


Müasir dövrdə gənclər hər bir cəmiyyətin inkişafında əsas aparıcı qüvvələrdən biri hesab olunur. Azərbaycan gəncliyi də ölkənin ictimai həyatında getdikcə daha fəal iştirak edir və müxtəlif sahələrdə öz töhfəsini verməyə çalışır. Bu gün gənclər yalnız təhsil almaqla kifayətlənmir, eyni zamanda sosial layihələrdə, ictimai təşəbbüslərdə və könüllülük fəaliyyətində iştirak edərək cəmiyyətin inkişafına dəstək olurlar.
Son illərdə Azərbaycanda gənclərin ictimai fəallığı daha da artmışdır. Gənclər müxtəlif təşkilatlarda, layihələrdə və sosial aksiyalarda iştirak etməklə həm öz bacarıqlarını inkişaf etdirir, həm də cəmiyyətə fayda verməyə çalışırlar. Bu proses gənclərdə məsuliyyət hissinin formalaşmasına və onların daha fəal vətəndaş kimi yetişməsinə mühüm təsir göstərir.
Xüsusilə könüllülük fəaliyyəti müasir Azərbaycan gəncliyinin rolunu aydın göstərir. Sosial, mədəni və humanitar tədbirlərdə könüllü kimi iştirak edən gənclər həm təcrübə qazanır, həm də cəmiyyətə faydalı olurlar. Bu fəaliyyət gənclərdə həmrəylik, məsuliyyət və vətəndaşlıq hissinin güclənməsinə mühüm təsir göstərir. Könüllülük fəaliyyəti gənclərə həm də liderlik bacarıqlarını inkişaf etdirmək və ictimai həyatda aktiv iştirak etmək imkanı yaradır.
Bu gün Azərbaycan gəncliyi həm milli dəyərlərə sadiq qalır, həm də müasir dünyanın tələblərinə uyğun inkişaf etməyə çalışır. Gənclərin ictimai fəallığı, təşəbbüskarlığı və könüllülük fəaliyyəti cəmiyyətin inkişafında mühüm rol oynayır. Fəal, savadlı və vətənpərvər gənclər Azərbaycanın gələcəyinin daha güclü olmasının əsas təminatlarından biridir.
Beləliklə, fəal və məsuliyyətli Azərbaycan gəncliyi cəmiyyətin inkişafında aparıcı qüvvədir. Onların təşəbbüskarlığı, könüllülük fəaliyyəti və ictimai fəallığı Azərbaycanın gələcəyini daha güclü, ümidverici və inkişaf etmiş edir.

Gənc İctimai-Siyasi Fəal
Cavid Vəkilov
9-03-2026, 13:40
Vətən sevdalıları ilə  ilə görüş keçirildi.


Vətən sevdalıları ilə

ilə görüş keçirildi


7 mart 2026- cı il tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Vəli Məmmədov adına Mədəniyyət Evində Mirvarid Dilbazi Poeziya Dərnəyinin təşəbbüsü və təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Bayramı Günü münasibəti ilə Birinci Qarabağ müharibəsinin iştirakçısı, polis mayoru, qazi, şair Aidə Şirinova və şəhid Mehman Musayevin nişanlısı Sevda Əliyeva ilə görüş keçirildi.
Tədbirin əvvəlində dövlət himni səsləndirildi. Vəli Məmmədov adına Mədəniyyət evinin nəzdində fəaliyyətə başlayan Mirvarid Dilbazi Poeziya Dərnəyinin rəhbəri Güllü Eldar Tormarlı qonaqları salamladı.Keçirilən tədbir haqqında geniş məlumat verdi.
Vətən yolunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, Prezident təqaüdçüsü, əmək qəhrəmanı Tərlan Musayeva, Qazi Nadir Həsənoğlu, Mirvarid Dilbazi Poeziya Məclisi İB idarə heyətinin üzvü Azadə Quliyeva, şairlərdən Tamam Yaralı, Esmira Aslanxanlı çıxış etdilər.
Tədbirin gedişində söz 1- ci Qarabağ müharibəsinin iştirakçısı Aidə Şirinovaya və Mehman Musayevin nişanlısı Sevda Əliyevaya verildi. Onlar gənclərin onlarla görüşə gəlişini ürəkdən alqışladılar. Gənclərin onlara ünvanladığı maraqlı sualları cavablandırdılar.
Daha sonra ''Əbədi Tədbirlər Birliyi'' nin üzvləri Sevda xanım və Aida xanım üçün əl işindən ibarət hazırladıqları gül dəstəsi hədiyyə etdilər.
Polad Ağa İbrahimovun rəhbərlik etdiyi ''Əbədi Tədbirlər Birliyi'' layihəsinin üzvləri- Məryəm Əhmədzadə, Mustafa Məhərrəmov, Nəzrin Nuraliyevanın şeir qiraətləri və musiqi müəllimi Lətifə Əliyəvanın müşyi əti ilə Vaqif Hacılı, Nəzrin Nuralıyeva, Ağabəy Qazıyev, Nəsirli Nihadın ifaları maraqla və alqışlarla qarşılandı.
Mirvarid Dilbazi Poeziya Dərnəyinin üzvləri - Zakir Əhmədov adına 64 saylı tam orta məktəbinin şagirdləri Zəhra Əzimova və Mədinə Hüseynli şeir söylədilər.
Dərnək rəhbəri Güllü Eldar Tomarlı bayram münasibəti ilə xanımları təbrik etdi və Bakı Mədəniyyət Baş idarəsinə, tədbir iştirakçılarına təşəkkürünü bildirdi.
Sonda xatirə şəkli çəkildi.





7-03-2026, 20:03
Azərbaycan qadını cəmiyyətin   inkişafının aparıcı qüvvəsidir


Azərbaycan qadını cəmiyyətin

inkişafının aparıcı qüvvəsidir


Tarixin bütün dövrlərində Azərbaycan qadını cəmiyyətimizin inkişafında, milli dəyərlərimizin qorunmasında və dövlətçiliyimizin möhkəmlənməsində mühüm rol oynamışdır. Qədim dövrlərdən bu günə qədər qadınlarımız yalnız ailənin deyil, bütövlükdə cəmiyyətin mənəvi dayağı olmuş, öz müdrikliyi, fədakarlığı və iradəsi ilə tariximizin şərəfli səhifələrini yazmışlar. Azərbaycan xalqının ən qədim yazılı abidələrindən biri olan “Kitabi-Dədə Qorqud” dastanında qadınların göstərdiyi şücaət, eləcə də Tomris, Sara Xatun, Möminə Xatun kimi tarixi şəxsiyyətlərin fəaliyyəti Azərbaycan qadınının gücünün, iradəsinin və liderlik keyfiyyətlərinin parlaq nümunəsidir. Bu nümunələr sübut edir ki, Azərbaycan qadını tarix boyu həm ailənin dayağı, həm də cəmiyyətin inkişafına yön verən mühüm bir qüvvə olmuşdur.
Azərbaycan qadınları yalnız mənəvi dəyərlərin qorunmasında deyil, həm də dövlət quruculuğu və ictimai-siyasi proseslərdə fəal iştirak etmişlər. Şərqdə ilk dəfə olaraq qadınlara seçib-seçilmək hüququnun məhz Azərbaycanda – Azərbaycan Xalq Cümhuriyyəti dövründə verilməsi xalqımızın qadına verdiyi yüksək dəyərin bariz göstəricisidir. Bu mühüm addım Azərbaycan qadınının ictimai həyatda rolunun genişlənməsinə, onların elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə fəal iştirakına geniş imkanlar yaratmışdır. Qadınlarımız yüzillər boyu milli dəyərlərə sadiq qalaraq ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın qorunub saxlanılmasında da mühüm rol oynamışlar.
Müstəqil Azərbaycan dövlətində qadın siyasətinin formalaşması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi diqqət yetirmiş, onların potensialından səmərəli istifadə olunması üçün geniş imkanlar yaratmışdır. Onun təşəbbüsü ilə qəbul edilən qərarlar və həyata keçirilən tədbirlər qadınların dövlət idarəçiliyində, ictimai-siyasi proseslərdə və müxtəlif sahələrdə fəal iştirakına yol açmışdır. Bu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin olunması və qadınların sosial-iqtisadi imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl addımlar atılır.
Son illərdə qəbul olunan qanunlar, dövlət proqramları və milli fəaliyyət planları qadınların hüquqlarının müdafiəsi və onların ictimai fəallığının artırılması istiqamətində mühüm nəticələrə səbəb olmuşdur. Bu gün Azərbaycan qadınları dövlət idarəçiliyində, parlamentdə, elmdə, təhsildə, səhiyyədə, mədəniyyətdə, sahibkarlıq sahəsində və digər istiqamətlərdə uğurla fəaliyyət göstərir, ölkəmizin inkişafına öz dəyərli töhfələrini verirlər. Statistik göstəricilər də qadınların cəmiyyət həyatındakı fəallığının artdığını göstərir. Qadınların məşğulluq səviyyəsinin yüksəlməsi, sahibkarlıq fəaliyyətində iştirakının genişlənməsi və müxtəlif sahələrdə təmsilçiliyinin artması ölkədə həyata keçirilən gender siyasətinin müsbət nəticələrindən biridir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti də Azərbaycan qadınının nüfuzunun həm ölkə daxilində, həm də beynəlxalq aləmdə daha da yüksəlməsinə mühüm töhfə verir. Onun rəhbərlik etdiyi humanitar və sosial layihələr, xeyriyyəçilik təşəbbüsləri, mədəniyyətimizin və milli dəyərlərimizin dünyada tanıdılması istiqamətində görülən işlər Azərbaycan qadınının mərhəmətini, humanizmini və yüksək mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirir.
Bu gün Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, dövlət idarəçiliyində, elmi və mədəni mühitdə, həmçinin səhiyyə və sosial sahələrdə mühüm uğurlar qazanır. Xüsusilə səhiyyə sistemində çalışan qadınların əməyi cəmiyyət üçün böyük əhəmiyyət daşıyır. İnsanların sağlamlığının qorunması və həyat keyfiyyətinin yaxşılaşdırılması naminə çalışan qadın tibb işçiləri yüksək peşəkarlıq, məsuliyyət və fədakarlıq nümayiş etdirərək cəmiyyətə dəyərli xidmət göstərirlər.
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları səmimi-qəlbdən təbrik edir, onlara möhkəm can sağlığı, ailə səadəti və həyatlarının bütün sahələrində yeni uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan qadını bundan sonra da öz zəhməti, müdrikliyi və fədakarlığı ilə ölkəmizin inkişafına töhfə verməyə davam edəcək, cəmiyyətimizin tərəqqisində mühüm rol oynayacaqdır.

Səkinə Sadıxova

Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!