BMT iki ölkəyə çağırış etdi .....                        PSJ Qitələrarası Kubokun qalibi oldu .....                        Dünya çempionatı üçün rekord mükafat .....                        Məktəblilər arasında “snus” təhlükəsi - Polisdən açıqlama .....                        Qadın deputatlar arasında dava düşdü - VİDEO .....                        Məşhur aparıcı həbs edildi .....                        Ağdamda mina partladı - YARALI VAR .....                        Meyiti tapılan gənc Mirmahmud Mirəlioğlunun nəvəsi imiş .....                        3 ölkə Türkiyəyə qarşı birləşir .....                       
7-11-2024, 14:53
ULULARDAN, BABADAĞDAN SORAQ ALDIM


MUSA ASLANXANLI

ULULARDAN, BABADAĞDAN SORAQ ALDIM
(HİSSƏLƏR)
Katalikos Abasın rəhbərliyilə keçirilən dini yığıncaq Çola ətrafında hərbi toqquşmaların tez-tez baş verdiyini nəzərə alıb, Alban xristianlıq mərkəzinin Çoladan köçürülməsi haqda qərar qəbul etdi. Nəhayət, Alban xristianlıq mərkəzi başkənd Partava-Bərdəyə köçüruldü. O vaxtdan hər il keçirilən xristianlıq bayramları da, dini məclislər də Albaniyanın baş kəndi Partavda, adətən, qonaq-qaralı keçirilirdi.
Yenə elə günlərdən biri idi. Səhhətinə, yaşına görə işləməsinə çətinlik yarandığından Abasın yerinə Albaniyaya katolikos seçməli idilər. Bu məqsədlə də yepiskoplar başkəndə toplanmış, əlavə qonaqlar da dəvət edilmişdi.
Beyləqandan gələn yepiskop Vironun adaylığı irəli sürüldü. Abasın Viro sarıdan ürəyi sakit idi. “Bacarıqlı, iradəli, fikri aydın bir şəxsdi. Dini yanaşmalarda, iqtisadi, siyasi məsələlərdə də uyarlı, əsaslı fikirləri var. Əsas, Vətənini, xalqını düşünən bir din xadimidi.”
Yepiskoplar çıxış edir, Vironun aday kimi müsbət cəhətlərini qeyd edirdilər, ona uğurlar arzulayirdılar. Məhin Banu da bu məclisdə çıxış edib, Viroya uğurlar arzuladı.
-Mən Kuti elinin Kərkük şəhərindən dəvətli bir qonaq kimi gəlmişəm. Qardaşımız Viroya gələcək işlərində uğurlar arzulayıram. İnanıram ki, bacarıqli dini rəhbər kimi elimizin, yurdumuzun özgürlüyünə çalışacaq, bu yolda uğurlar qazanacaq. İstərdim, Bizansın, bir qədər gizli, ilk baxışda sezilməyən dini pərdə altında yurdumuzun, elimizin bütövlüyünü pozacaq əməllərinin qarşısı alınsın. Bizim ulu babalarımızın adlarından biri Qordu, bilirsiniz. Qor həm də günəş ilahəsinin adı olub. Biz ocaq yerində qalan közə də qor demişik. Ocağımızı da, ocaqda qorumuzu da qorumalıyıq. Elimizin inancına görə, qut, qutluq, uğur oddan, ocaqdan, Günəşdən gəlir. Bundan yana elin ulu ağsaqqallarına zaman-zaman Qorqut adını da verdik .
Biz türk olaraq qədimdən Günəş işığıni, odu, ocağı müqəddəs bilmişik.
Bu düşüncədə olub, Günəşə tapınmışıq, səcdə etmişik. Bu, bir gələnək, qan yaddaşımizdı...
Qədim əsatirdə,Yunan şairi Esxilin əsərində Prometeyin odu İskitlər, yəni türklər ölkəsindən oğurlayıb insanlara gətirdiyi yazılıb. Bir daha təsdiq olunur ki, ilkin od-ocaq yurdu Qafqazdı. Elə o yerlərdən biri bizim Azığ mağarasıdı. Od-ocağı bizdən aparan ellər azdımı? Ən qədim od-ocaq yeri, yaşayış yeri bizim Azərbaycandadı. Ər saklar, kutlar, şumerlər- kimerlər, qipçaqlar yurdu olan Azərbaycan.
Xristianlıq bizim qonşu dövlətlərlə anlaşmamıza, dinc çevrədə yaşamımıza yardım edirsə, əlbəttə, çox yaxşıdı. Xiristianlığı bir din kimi qəbul etməyimiz də bundan yana olsun, ancaq elimiz, yurdumuz daha önəmlidi. Xristianlığın müharibələri durduracağını da deyə bilmirəm. Hər bir halda babalarımızın ruhu, günəşin işığı, Tanrımız qardaşımız Viroya kömək olsun.
Katalikos Abas Məhin Banuya təşəkkür etdi.
-Xanım, son vəziyyət necədir sizə yaxın bölgələrdə?
- Mən elə Ərman vilayəti haqda da danışmaq istəyirəm. Bir az da o ərazinin tarixi haqda danışım... Bilirsiniz, ər saklar, qıpçaq eli, onlar özlərini tatar da adlandırırlar, eyni eldi, cəsur, döyüşkən. Buna görə o igidlər Ərmən, ərazi də ərmən vilayəti adlanıb. Biz Sasanilərlə tərəfdaş olsaq da, bildiyiniz kimi, dinclik yoxdu, qarşıdurmalar, müharibələr səngimir. Ərman türkmandı, türk oğludu, ancaq son vaxtlar, nə aci ki, bizim Ərmən vilayəti təklənir, gah Sasanilərin, gah da Bizansın əlinə keçir. Unudurlar ki, Ərman adlanan o ərazi, o vilayət Turan ərazisidi, Parfiyanın Ər Sak elindən olan Sanatürkün ölkəsidi. Bu, bəlli tarixdi. Xatırlayaq ki, Parfiya bizim Turan dövlətinin varisidi. Tur, Turan, Alp, Alp Ər tarixi el oğullarımızdı.
İsa peyğəmbərin havvarilərindən Faddey ora-Ərdaş, ya Artaş adlanan əraziyə gəlib, xristianlığı təbliğ edərkən öldürülüb. Bu, kədərli bir tarixdi. Mən də maraqlanmışam bu hadisənin səbəbi ilə. Deyildiyi kimi, Sanatürk bir türk hökmdarı olaraq, vətən, yurd sevgisi öndə olmayan dini söhbətləri qəbul etməyib. Faddeyin bizim ərsaklar, ərmənlər, ərdaşlar, turxanlar, alp ərlər yaşayan yerdə xristianlığı təbliğ etməsi uğursuz olub. Sanaturk də Faddeyin dediklərini zərərli hesab edib. Bunu türk düşmənləri tərəfindən hazırlanmış bir hiylə kimi qiymətləndirib.
Faddey milli kimliyi nəzərə almadan, dini bağlılığı daha üstün tutduğu üçün öldürülüb. Faddey o ərazilərin qədim Turan dövlətinə aid olduğunu, bu dövlətə qarşı zaman-zaman kənardan saldırıların olduğunu nədənsə nəzərə almayıb, birtərəfli şəkildə sülh, sülh deyib, kilsələr inşa edin təbliğatını aparıb, ancaq qəbul edilməyib.
Katalikos Abas:
-Xanım, siz tarixdən, tarixi yazılardan, hadisələrdən məlumatlısınız. Bu, çox yaxşıdı. Türk ellərinin yaratdığı dövlətin- Azərbaycanın Həmədandan sonra başkəndi Mədaindi, indi sasanilər idarə edir. Daha neçə böyük Turan şəhərləri var, bilirik. Xatırlayaq, Turan hökmdarları nəslindən olan Turxanın idarə etdiyi Dvin də Ər Saklarin şəhəridi. Turanın varisi kimi yaranan Parfiya dövlətinin şəhəri. Gələcəkdə o şəhərlərə, türk soy-adına, Ər Sak adına, Ər Man adına neçələri şərik çıxacaq, bilmirik. Məlumatlar üçün sağ olun! Bölgədəki vəziyyəti dediniz, təklifləriniz nədi?
-Azərbaycanın maddi-mənəvi irsinə sahib çıxmaqla tarixi torpaqlarımızı yadların dağıdıcı təsirindən xilas etməliyik. Vahid Azərbaycanın sözçüsü olan şəxsiyyətləri yetişdirmək, o şəxsiyyətləri qorumaqla buna nail ola bilərik.
Bitikçi də söz aldı:
-Mən də bu çətin yollarda əzizimiz Viroya uğurlar arzulayıram.
Parçalanan, təriqətlərə, məzhəblərə bölünən din birliyi zəiflədər, fəsadlara yol açar, bu sarıdan ehtiyatlı olmalıyıq. Turan dövləti də elə bu və digər təhlükələrdən qorunmaq üçün dəyərlərdən, dünyagörüşdən, bəlli həyat tərzindən qaynaqlanan türk dilli ölkələrin birliyindən yaranmışdı. Məhin Banu xanım tarixə nəzər saldı. Əlbəttə, buradan Batıya döğru, böyük ərazilərə yayılmış qədim türk əlifbası ilə yazılmış gil lövhələri, yazılı daşları, qayaları dəyərləndirmək lazımdır. İskit əlifbası, Göy türk əlifbası ilə yazılmış deyilir, bu, bizim qədim əlifbamızdı. Daha qədimdən bu ərazilərdə məskunlaşan, yazısı olan, ilk şəhərlər salan bizim elimizdi. Türk dilində olan o yaziları oxuyan, araşdıran varmı? Necə ola bilər, Bizansın bunlardan xəbəri olmasın. Troyalıların da türk olduğunu bilməsin. Sərf eləmir. Yeni ərazilərə göz dikirlər. Bizim elimizi, at belində olan türk tayfalarını bəzən barbar adlandırsalar da, həmin tayfalardan bir çox sənət sahələrini, dövləti idarə etməni öyrəniblər. Mən araşdırmışam, yunan xalq yaradıçılığı, qədim ədəbiyyatları türklərin təsiri ilə formalaşıb. Türk yönümlüdü. Hətta miflərindəki Afrodita da türk, türk təəssübkeşidi. Qurd südü əmən Romul, Ramin deyilən uşaqlar türk əsillidi, Roma şəhərinin qurucularıdı.
Böyük tarixçi Heredot yazır ki, yunanlar zəif bir millət olub, ancaq kimmerlərlə, oğuzlarla, ər saqlarla- türk tayfaları ilə qarışdıqdan sonra böyük millət halına gəliblər. Məhin Banu xanımın xatırlatdığı o tarixi hadisə də başa düşüləndi. O ərazi- ərmən vilayəti adlanan o ərazi də Turan torpağıdı, hökmdarı da ər sak soyundan Sanatürkdür. Sanatürk Turan dövlətinə qarşı olan qısqanclığı, düşmənçiliyi bilən, bu təhlükələrdən qorunmağa çalışan hökmdardı. Qədim türk inancına bağlı hökmdardı. O hadisədən bir az əvvəl türklərə qarışmalarla formalaşan romalılar Romada turanlıları qətlə yetirmişdilər. Əlbəttə, Sanatürk mövcud təhlükələri nəzərə almalı idi.
Türklər qadına bəy ana deyib. İlahə adıdı. İndi Bayan deyirik. Bu, böyük mədəniyyətdi. Türk xanımı, türk anası döyüşdə, barışda söz sahibi olub, layiqli, qürurlu, Vətən, yurd sevən övladlar böyüdüb.
O məclisdə Viro yepiskopların səs çoxluğu ilə Albaniyanın katalikosu seçildi. Viro çıxış edənlərə, təklif verənlərə diqqətlə qulaq asırdı. Sonda da iştirakçılara, ona uğur deyənlərə təşəkkür etdi.
Viro Məhin Banunun katalikos Abasın yaxın qohumu olduğunu bilirdi, Abas ona danışmışdı. Məclisin sonunda Katalikos Viro Məhin Banuya təşəkkür etdi, qardaşı qızını- Şirini xəbər aldı:
- Qızımız Şirin necədir? Kərkükdədi, yoxsa Mədaində?
-Hazırda Mədaindədi. Ər sakların arasında. Xosrovla münasibətləri yaxşi olsa da, hələ ailəli deyillər. Xosrovun sevgisinə inandı. Gənclik havası öz sözünü dedi, ancaq mən də Şirinə sözümü demişəm. Alp ər elindən olduğunu bilsin gərək. Xosrovun da həqiqi, dərin sevgisi varsa, Şirinə ciddi, sayğılı münasibəti olmalıdı.
-Niyə də olmasin? Şirin ağıllı qızdı. Xosrov da ağıllanar. Salamımı deyərsiniz.
-Sağ olun.
7-11-2024, 14:45
“QAQA” İLƏ ÜZ-ÜZƏ


Ağ adamın müsahibəsi
“QAQA” İLƏ ÜZ-ÜZƏ

Aida Şirinovanın-“QAQA”-nın çoxsaylı video müsahibələri və qəzet yazıları olduğundan onun haqqında geniş təfsilata varmadan aşağıdakı sualları ünvanlamaq fikrindəyik:
-Sizin haqqınızda ən yaxşı həqiqəti şeir kitabınız deyir,-fikrimizlə razısınızmı?
-Bəli. İnsanın gözləri onun ürəyini ələ verdiyi kimi hisləri də yaşadıqlarını və həyatını “ələ verir”.
-Gündəmi zəbt eləyən bir məsələ var ki, o da şəhidlərlə bağlı vikipediyanın silinməsi. Bunun mənəvi və psixoloji tərəfini necə izzah edərdiniz?
-Mən şeirlərimin birində virğulamışam ki:
“Mərd oğullar bu gün tarix yazacaq”
Tarix yazanları heç vaxt tarixdən silmək olmaz. Çünki insan yaddaşı adlı bir anlayış var. Necə ki, şifahi xalq ədəbiyyatımızda yaranmış əsərlər, şeirlər, nağıllar bu günümüzə qədər dildən-dilə gəlib çatmışsa, elə bu oğulların da qəhrəmanlığı yaddaşlardan silinməz. Odur ki, elektron dələduzlar xatircəm olsunlar.
-“Şəhid bulaqları” açılışdan bir müddət sonra biganəliyin və avtoyumanın qurbanına çevrilirlər. Bu etik cəhətdən nə dərəcədə doğrudur?
-Təbii ki, hər bir xalqın, hər bir millətin unutqanları, öz doğmalarına, yaxınlarına biganə və vecsizləri var. Çox təəssüf ki, bu bizim millətdən də yan ötməyib.
-Yeri gəlmişkən bizə elə gəlir ki, şəhidlər və qazilər haqqında kitabları hər yoldan ötən yazmamalıdır. Bu barədə siz nə düşünürsünüz?
-Bir neçə il bundan əvvəl Milli Qəhrəman Mübariz İbrahimov haqqında bir poema kitabını mənə təqdim etmişdilər. Oxuyarkən bir söz yığınına və bayağılaşdırılmış bəsit fikirlərə rast gəldim. Mən kitabın redaktoruna zəng edərək iradımı bildirdim. Məncə də hər əlinə qələm alan şeir yazan, əsər yazan hər bir müəllif kimin haqqında yazdığını dərk etməli və onun məsuliyyətini anlamalıdır.
- Bədəninizdə daşıdığınız qəlpələrin fəsadları sizi çoxmu incidir?
-Mənə dəfələrlə suallar ünvanlayıblar ki, müharibədə yaralanmısınızmı? 1992-ci ildə təxminən yay aylarında Ağdərənin Kasaped kəndi yaxınlığında düşmənin atdığı top mərmisi yanıma düşərək partladı və bunun nəticəsində mənim sağ qulağımın pərdəsi zədələndi. Ağır kəllə-beyin travması(kontuziya) aldım. Amma bununla belə ən böyük yara ürək-qəlb yarasıdır. Ondan böyük yara varmı dünyada?
-Son zamanlar polis sistemində işləyənlərə münasibət birmənalı deyil. Onları Xalqın Polisi etmək üçün nə lazımdır?
-Böyük Qabil demişkən:
“Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz”.

Belə izah edim də. Orta məktəb partasının arxasından yenicə durmuş, il yarım əsgəri xidmət keçmiş bir gəncə əgər mundir geyindirib insanların arasına buraxırıqsa təbii ki, onlar insanlarla ünsiyyət qurmaqda, asayişi qorumaqda çətinlik çəkirlər. İnsanlarla ünsiyyət qurmaq üçün insan pedaqoqika, psixologiya bilməlidir. Ona görə də bu cəmiyyətdə polislə vətəndaş arasında anlaşılmazlıq baş verir. Ümumiyyətlə, hansı peşənin yiyəsi olmamışdan əvvəl Xalqın Adamı olmalısan.
-Bilirik ki, sizinçün dostluq və qardaşlıq anlayışları müqəddəsdir. Çünki siz heç vaxt bu mənəvi dəyərlərə xəyanət etməmisiniz. Bəs sizə edilən xəyanət?
Saçımın ağının günahlarını,
Dosta ehtibarsız olandan soruş.
Qəlbimin bu qədər intizarını
Gözləri yollarda qalandan soruş.

Mən elə bilirəm ki, insanın qaldıra bilməyəcəyi ən ağır zərbə xəyanətdir. İstər o vətənə xəyanət olsun, istər dosta, istər silahdaşa olsun, istər valideyinə, fərqi yoxdur. Xəyanətin bağışlanacaq tərəfi yoxdur.
- İndiki poeziyanın durumuna necə qiymət verərdiniz?
-Açığı deyim ki, əlinə qələm alıb şeir, nəsr yazan insan öz məsuliyyətini və təmsil elədiyi milli ədəbiyyatı dərk etməlidir. Amma çox təəssüf olsun ki, cəmiyyətdə bir az mizan, tərəzi-dəyərlər itibdir. Bunu biz televiziyalarda da görürük, sosial şəbəkələrdə də. Cəmiyyətdə sağlam ədəbi tənqid olmayanda bəzi dırnaqarası gözəl şairlər və “şairciklər” yetişir. Amma çox təəssüf edirəm, bu cür şeirlər, yazılar gələcəyimiz olan gənclərin zövqünü korlayır. Bu bizim musiqimizdə də var, həyatımızın digər sahələrində də. Mənə elə gəlir ki, hər bir insanın içində daxili senzura olmalıdır. Bu sözü deyimmi deməyimmi, bu geyimi geyinimmi, geyməyimmi, bu söz cəmiyyət arasında işlənə bilərmi, bilməzmi.
- Aida xanım, indiyə kimi hansı sualı sizə verməyiblər?
-Məsələn, çox istərdim ki, mənə təxminən belə bir süal verilərdi: “Nədən xoşunuz gəlmir və ya nə sizi sevindirir?”
-O zaman sizi nə sevindirir və nə xoşunuza gəlmir?
-Əvvəl xoşuma gələyənlərdən başlayaq. Bağlı qapı görməkdən xoşum gəlmir. Əvvəllər qapılarda qıfıl olardı. Heç vaxt qapılarda qıfıl görmək istəməzdim. Bir də bəzən evlərdən işıq gəlməyəndə xoşum gəlimir, elə bilirəm o evdə hər şey zülmətə dönüb...
-Məni nə sevindirir?
-Yazda, hətta maşından ötərkən bağda-bağçada işləyən insanları görərkən, bir evin tikildiyini görəndə və gecə bir ocaqda, evdə gur işıq seli görəndə sevinirəm. Mənə elə gəlir ki, aşağıdakı şeir bunu tam əhatə edir:
Gündə neçə dəfə keçsəm yanından
Sənsiz salam verir mənə pəncərən.
Inan, çox isidir məni qanımdan
Odlanıb, alışıb yanan pəncərən.

Yaman xəbərsizsən bu sevinclərdən
Yaman xəbərsizsən kədərdən, qəmdən.
Niyə doğma olub, bilmirəm nədən
Sənsiz sevən olub məni pəncərən.
-Hörmətli dostum! İndi mən sizə sual verirəm. (Aida Şirinova sual verir)
Hansı sual ürəyinizdən keçir ki, onu mənə vermirsiniz?
“Qaqa”mızın bir möhürlənmiş mövzusu var. Açmasını açıqlaya bilərmi?
Hörmətli yazar sətiraltı sualınızın nə olduğunu anladım. İstədiyirəm ki buna uzun illər əvvəl yazdığım şeirlə cavab verim:
Mən arımı atmadım,
Namusumu satmadım.
Kişilər cərgəsində
Kişi kimi yaşadım.

Arzu edirəm ki, bütün Türk Dünyasının qadınları özümün də aforizmlərinmin birində dediyim kimi birinci növbədə Türk Kişisinin papağını, başını dik eləsin.
Müsahibəni apardı:
Giya Paçxataşvili,
Rusiya, Azərbaycan, Gürcüstan Yazıçılar Birliyinin üzvü, şair-tərcüməçi
7-11-2024, 13:29
Zəngan səmasında parlayan ulduz

Səhra Rezayi yazır

Zəngan səmasında parlayan ulduz

(Ustad aşıq dədə Müslüm Əsgərinin həyatına qısa bir baxış )

Zəngan şəhərinin Tarım mahalından şöhrəti ucalan aşıq dədə Müslüm Əsgərinin Sazı sözü bu şəhərin sərhədlərini aşıb, indi də bütün türk dünyasına yayılmaqdadır. Zənganın aşıq səmasında parlayan iki işıqlı ulduzdan biri olan dədə Müslüm Əsgəri ömrünün səksən ilini başa vurub. Müasir zamanəmizin dədə qorqudunu təmsil edən aşıq 1938-ci ilin iyul ayında türk şəhəri olan Zənganın Badamıstan kəndində dünyaya göz açmışdır. Müslüm 1955-ci ildə məktəbi bitirdikdən sonra dogma kəndini tərk edir. Dini mədrəsələrdə təhsil alan aşıq Tofiq və Şəriəti məktəblərində ədəbiyyat üzrə diplom alıb.
Uşaqlıqdan qulağına tanış olan aşıq dastanları onun ürəyində dərin izlər salıb, yarım əsrə yaxın bir müddətdə onu bu sənətə bağlamışdır. Aşıqlıq sənətini atasından öyrənib 20 yaşlarından bu sənətlə məşğul olan dahi sənətkar davamlı olaraq 50 ilə yaxın aşıqların tarixdə yadigar qoyan izlərini addımlayaraq onlardan toplanan inciləri bizə çatdırmışdır. Aşıq Müslüm ustadlarından fərqli olaraq ilk dəfə bildiyi dastanları özünəməxsus qırmızı dəftərində qeydə alib. Beləcə dastanlar aşiqi adını əzəmətli bir heykəl kimi tarixə salmışdı.

Böyük sənətkar atası Aşıq Zöhrabdan aşıqlıq sənətini öyrənib 1967-ci ildən rəsmi şəkildə “aşıqlıq” sənətilə məşğul olur. Uzun illər bu yolda çalışan ustad 40 ilə yaxın müxtəlif şəhər və kəndlərdə o cümlədən Tarım, Zəngan, Xalxal, Tehran, Qum və Urmu şəhərlərində toylar çalıb, el şənliklərində iştirak etmişdir. Qeyd etmək lazımdır ki, siyasi fəaliyyətinə görə dövlət işlərində işləməsinə qadağa qoyulan ustad aşıq, təhsili ilə yanaşı çörək pulu qazanmaq üçün dərzilik də öyrənir.
Atasından öyrəndiyi aşıq sənətinin əsas dərslərini klassik təhsil ilə birləşdirən istedadlı sənətkar ifaları ilə yanaşı, nitq qabiliyyəti olan aşıq musiqisinə tazə nəfəs gətirib.
Hər ayım, hər günüm söz ilə keçdi,
Oxudum sözlərim qaldı ellərdə,
Dastan nağıl oldu, söz belə keçdi,
Həm şeirim söhbətim qaldı dillərdə.

Müslüm Əsgəriyəm dosta bağlıyam,
Çaylar kimi şaqqıldayam, çağlayam,
Mahalım Tarımdı azər oğluyam,
Yaşılbaş sonalar qaldı göllərdə.

Musiqi sahəsində əfsanə kimi yaşayıb-yaradan Dədə Müslümün həyat xatirələrinə qısa bir baxış bizi çox uzaq keçmişlərə götürür...
Cavanlıqdan gözəl bir mənzərə
Payızın son günlərinin soyuq küləyi qırmızıya boyanan yarpaqları bəzəkli bir xalça kimi yerə sərmişdi. Cansız günəşin altına boyadan ağ dağları qar alıb ətrafına soyuq işıq saçırdı. Yerə-göyə lətafət bağışlayan bir hava Hindi kəndində çalınan aşıq havaları ilə birləşib bütün kəndi bürümüşdür. Cavan yaraşıqlı olan aşıq ilk toyunu çalmaq üçün dostları ilə birlikdə bu kəndə gəlmişdi. Kəndin ortasında balaban səsi aşığın çaldığı sazın səsinə qarışıb göylərə ucalmışdır. Aşıqların çaldığı şən havalar kəndliləri ağ otaqda olan şənlikə dəvət edirdi. 40 gün boyunca davam edən Əsgər kişinin oğlunun toyu havada gəzən soyuq sazağı camaata unutdurub, onları bir yerə gətirmişdi. Cavan aşıq sazı səsləndirib atasından öyrəndiyi dastanları böyük şövqlə ifa edirdi. Beynindəki dastanlar hər biri bir el obanın illər boyu yaşanan təcrübələr olub, onun saz sözündə bir daha canlanırdı. Sözlərinə qulaq asan insanları birlik, mehrabanlıq, duzlük ilə həqiqəti qanmaq və ən önəmlisi uca yaradana inanıb ona ürək bağlamağa dəvət edirdi.

Eşit sözümü sən, yaxşılıq elə,
Dolaşma kasıba ay adam oğlu!
Tut əlindən xətirinə dəymə,
Naymut qaytarma ay adam oğlu!

Müslüm Əsgərinin çoxdu günahı,
Yaxşı dostun olsun Allah pənahı,
Yetişsin dadına şahların şahı,
Sönər nari -neyran ay adam oğlu…


Aşıqlar ocağı olan Zəngan şəhərində ulduz kimi parlayan aşıq Müslüm Əsgəri hər zaman aşıqlıq sənəti ilə fəxr edir və sazı bir müqəddəs varlıq olaraq sinəsinə basıb köksündə əzizləmişdi. Onun sözlərinə görə aşıq iştirak etdiyi məclislərdə birinci öz sənətinə dəyər verib orada əyləşənlərin qədrini bilməlidir. Ona görə aşıq elinin qanadı olub sazı silahdan daha güclü olmalıdır.
Ədəbli ərkanlı olan sənətkarın yaşayış və məşğul olduğu incəsənəti onun sənət dostlarının sözlərində hər zaman öz əksini tapmışdır. Müqəddəs sayılan sazdan süzülən incilər duyanların ruhların oxşayıb.
Aşıq olub tərki vətən olanın,
Əzəl başdan pür kamalı gərəkdir.
Oturub durmaqda ədəbin bilə,
Mərifət elmində dolu gərəkdir…
Böyük ustadın sözlərinə görə aşıq gözəllikləri təbliğ edən müəllimdir. Aşığın sazında olan söz xəzinəsini xalqa yetirmək lazımdır. Onun danışdığı hər bir sözündə bir həyat fəlsəfəsi gizlənib. Bu dərin mənalı sözləri ancaq musiqinin məlahətli səsiylə insanlara yetirmək olar. Uzun illər aşıq məktəbində aldığı dərslərə görə bu sənətin daşıdığı ən böyük dərs, haqqı ilə həqiqəti tanımaq ona inanmaq və ondan dərs almaqdır. Sazı bağrına basıb özün aşıq adlandıran kişi oxuyub məclisləri şənləndirməklə kifayətlənmir. O, üzərində böyük bir məsuliyyət daşıyır.
Zildən bəmə keçən müqəddəs sazın tellərində dolaşan xoş nəğmələr insanların ruhunu oxşayıb onda gəzən mənalı sözləri dərs olaraq vurğulayır. Aşığın sazından süzülən incilər haqdan danışıb, həqiqət yolunu göstərən kəlmələrdir. Ona görə müqəddəs kitab Quranda vurğulandığı kimi hər bir gözəllik kəlmədən yaranmışdır. kəlmədən yaranan sözlər isə aşıqların dilində dolanan gözəlliklərə çevrilib.
Şəriətlə irfanın işıqlı yollarının yolçusu olan aşıq Müslüm Əsgəri aşıqlıq sənətini təkcə şənliklərlə məhdudlaşdırmayıb. Ona görə aşıq tarix, məzhəb habelə keçmiş ilə bu günün məsələlərindən xəbərdar olmalıdır. Ona verilən suallara cavab verməyə qadir olmalıdır. Xalqı güldürən yerdə ağlatmağa qadir olan sənətkar aşıq bu sənətin nə qədər ulvi və ilahi olmağından xəbər verir.
Zənganda aşıqlar karvanının önündə gedən Müslüm Əsgəri bu şəhərin özünəməxsus on iki vizual dastanlar oxuyub və yadigar saxlanıbdır.
Aşıq Müslüm Əsgəri epik və aşıq dastanları silsiləsindən dünya xalqlarının mədəniyyətindən 30-dan çox dastanı 138-dən çox tamaşa şəklində ifa etməklə İran, Azərbaycan respublikası və Türkiyə aşıqları arasında yüksək yer tutmuşdur. 40 -a yaxın dastan danışıb səsləndirən ustadın əsərləri kaset üzərində lentə alınmışdır.
Aşıq Müslüm bir çox xarici festivallarda eləcə də bir neçə milli və beynəlxalq seminarlarda iştirak etmişdir.
“Aşıq Müslüm Əsgəri epik və romantik türk dastanlari silsiləsindən 27 dastanı 130-dan çox kasetə yazdırıb. Onun 50-ci illərdə ifa etdiyi əsərlər arasında “Əsli ilə Kərəm ” , “Xəstə Qasım ” , “Yetim seydı ”, “Şah İsmayil”, “Şirin ilə Birçək ”, “Kəlbi dastanı” və s. qeyd etmək olar”. Uzun illər Azərbaycan, Türkiyə, İngiltərə, Fransa, Almaniya, Yaponiya və Çin kimi ölkələrə səfər edən ustad Azərbaycanda, Türkiyədə fəxri diplomlar alib. Müslüm Əsgəri İranda birinci sənətkar olaraq 2007-ci ildə UNESKO- nun fəxri medalına layiq görülüb.
Ustad aşıq 2021-ci ildə şeirlərini kitab şəklində çap etdirib.

Ürəyimdə neçə sözlər dolanır,
Hər sözü, hər siri gəl açma dilim!
Allah çəkib çox işlərə pərdəni,
Allahın sözündən gəl qaçma dilim!


Aşıq Müslümün dəyərli işlərindən biri də Xəstə Qasımın məzar daşıni tapmaq olubdur. Onun rəvayət etdiyi dastanların birində apardığı işlər nəticəsində tədqiqatçı Pro-Dr Huseyn Siyami Bakı səfərində Xəstə Qasımın məzar daşını Azərbaycanın Tikmə daş kəndində tapıb. Sənətkar üçün orda bir abidə tikilmişdir.
Bakı səfərindən söhbət açan aşıq dahi sənətkar Ədalət Nəsibovla görüşdüyünü, ona sayqı duydugunu bildirmişdirşdir.
Aşıq Müslüm Əsgəri həm də güclü yaddaşa malik bir sənətkar olub. Onun repertuarındakı 40 dastanın bəziləri kasetlərdə, bəziləri də qırmızı dəftərinin 500 səhifəsində qorunub saxlanmışdır. Getdiyi kənd və şəhər toylarında oxunan dastanlardan savayı, bəy-gəlinin adını adı çəkilən qırmızı dəftərdə qeydə almışdır. İndi həmən dəftərin səhifələrini 1404 gəlinin, bəyin gözəl adları bəzəmişdi.
2015-ci ilin yayında Azərbaycan respublikasının tanınmış musiqişünası professor Rafiq İmranın dəvətilə Bakıdakı Dədə Qorqud danışgahının qonağı olub. Bu dəvətin məqsədi aşıq ədəbiyyatı, Zənganın xas mahnıları və şəhrimizin aşıq dastanları haqqında fikir mübadiləsi aparmaq olmuşdur. Türkiyənin Ərzurumdakı Atatürk danışgahının türk ədəbiyyatı profesoru, doktor Qafqazialı “İran Türk Aşıqları və Milli Kimlik” kitabında Müslüm Əsgərinin 4 şerindən tam şəkildə istifadə etmiş hər dəfə ona ustad deyə müraciət etmişdir.
Dahi ustad öz zəngin dil və ədəbiyyatından istifadə edərək insanların sevgisini qazanib, illər boyu onların ürəyində taxt qürmuşdur.

Öz türkü dilimin can qurbanıyam,
Anamdan örgəşdim dili məndədir.
Günəş kimi işıq salır aləmə,
Ətir səpən güllər gülü məndədir.

Müslüm Əsgəriyəm Zəngan vətənim,
Iran göz işığım bəbəyim mənim.
Öz ana dilimdi çiçək çəmənim,
Sazı da məndədir, teli məndədir

Duza, çörəyə hörmət qoyan aşıq sazla, sözlə kifayətlənməyib, insanlarla bağlı olan münasibətlərində də düşüncəli ve el dərdi çəkən bir insan olmağını hər zaman nümayiş etdiribdir. Müslüm Əsgəri hər zaman olduğu kimi birinci ustadı- atası aşıq Zöhrabı yad edərək gəlmiş keçmiş ustadları hörmətlə anir. Ustad Müslüm Əsgəri qocalıq vaxtına çatsa da insanların ürəyində qurduğu taxtdan eləcə də onların yaddaşlarında buraxdığı dərin izlərdən heç nə əskik olmayıb, əksinə onu sevənlər arasında hörməti daha da artmışdır. Böyük sənətkarın dədəlik dərəcəsi almasi münasibətilə onun doğma şəhəri Zənganda anım mərasimi keçirilibdir. Türk ellərinin aşıqları iranın dord bir yanından bu möhtəşəm mərasimə toplaşdı, dahi sənətkar bir ömür zəhmətlərinə görə ağırlandı.
Atam da, anamda adımda gedib,
Ağzımda ləzzətim dadımm da gedib,
Huşum da dağılıb, yadım da gedib,
Vətən həsrətinə yandım, qocaldım.

Müslüm, əsgəriyəm elə bağlıyam,
Elin qardaşıyan elin oğluyam,
Qəmimi bilən yox sinə dağlıyam,
O qədər sazımı çaldım qocaldım…
5-11-2024, 12:48
Azərbaycanda yeni telekanal


Azərbaycanda yeni telekanal

Yeni işi barədə məlumat verən tanınmış telejurnalist, AzTV-nin keçmiş sədr müavini Rüfət Həmzəyev bildirib ki, 4 noyabr 2024-cü il tarixindən etibarən qlobal xəbər və analitika sahəsində alternativ baxışı təqdim edən “ANEWZ” beynəlxalq televiziya kanalı fəaliyyətə başlayır:
“Həftənin 7 günü, 24 saatlıq efir yayımında aparıcı media platformalarında indiyədək o qədər də çox eşidilməyən və ya fərqli təqdim olunan - Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq regionunun səsi Bakıdan-dünyaya çatdırılacaq”.
Rüfət Həmzəyevin sözlərinə görə, 12-dən çox ölkədə təmsilçisi ilə 110-dan çox ölkəyə yayımlanan “ANEWZ” peyk, rəqəmsal, sosial media kanalları vasitəsi ilə izlənilə bilər:
“Böyük Britaniya, ABŞ, İspaniya, Portuqaliya, Ukrayna, Türkiyə, İordaniya, Nigeriya, Zambiya və digər ölkələrdən media sahəsində geniş təcrübəsi olan jurnalistlər yaradıcı heyətə daxildirlər.
Beynəlxalq ingilisdilli kanal kimi “ANEWZ” yüksək jurnalistika standartlarını, o cümlədən beynəlxalq və yerli istedadları bir araya gətirir. Kanalın əsas məqsədlərindən biri də Azərbaycanda ingilisdilli jurnalistikanın inkişafına töhfə verməkdir”.
Xatırladaq ki, Rüfət Həmzəyev 2020-ci ilin fevralından 2024-cü ilin iyulunadək AzTV-nin sədr müavini vəzifəsində çalışıb. O, tutduğu son vəzifəyə özünün yüksək intellekti və peşəkarlığı sayəsində yüksəlmişdi. Həmkarımıza uğurlar arzulayırıq və əminik ki, onun rəhbərlik etdiyi telekanal öz standartları, kollektivinin yeni nəfəsi ilə seçiləcək!

5-11-2024, 07:20
İcmada professor Fərrux Rüstəmovun kitabının təqdimatı olub.


İcmada maarifçilik hərəkatı

İcmada professor Fərrux Rüstəmovun kitabının təqdimatı olub.

Qərbi Azərbaycan İcması böyük maarifçilik hərəkatı yaradıb. Maarifçilik bütün dövrlərin ən güclü silahı olub. Noyabrın 4-də İcmada professor Fərrux Rüstəmovun "İrəvan kişi gimnaziyası və onun Azərbaycanlı məzunları" kitabının təqdimatı keçirilib. Kitabda XIX əsrin 30-cu illərindən XX əsrin əvvələrinə kimi İrəvanda demokratik təhsil mühitinin formalaşmasında əhəmiyyətli rol oynamış qəza məktəbi və progimnaziya haqqında dolğun məlumat verilmiş, kişi gimnaziyasının təşəkkülü və inkişafını şərtləndirən amillər təhlil edilmiş, orta təhsilin məzmununun inkişaf tendensiyaları müəyyənləşdirilmiş, İrəvan quberniyasında yaşayan Azərbaycan türklərinin Rusiya və Avropa universitetlərinə çıxışını təmin edən gimnaziyanın Pedaqoji Şurası, şagird kontingenti, pansionu, kitabxanası, fizika kabineti, direktorları, məzunları və Azərbaycan dili və şəriət müəllimləri haqqında məlumat verilib.

Kitabın ideya müəllifi sənətşünaslıq elmləri doktoru, professor Ədalət Vəliyev, elmi redaktoru, Qərbi Azərbaycan İcmasının sədri, filologiya üzrə fəlsəfə doktoru, deputat Əziz Ələkbərli, ön sözün müəllifi AMEA müxbir üzvü, Əməkdar elm xadimi Misir Mərdanovdur.





2-11-2024, 07:03
AĞBİRÇƏK

Rəsul RƏXŞANLI

AĞBİRÇƏK
Geniş həyətimizdə ağbirçək peyda oldu. Canı sulu, zirəng arvad idi. Adamın gözünün içinə elə baxırdı ki, çaş-baş qalırdı. Elə bil onun ürəyindəkini, başındakını öyrənmək istəyirdi. İki-üç ar-vadın, qız-gəlinin yığışdığnı görəndə az qala yüyürürdü onların yanına. Qulaq asır, sual verir, əlavə edirdi. Onlarla danışarkən gözləri yan-yörəsində nəsə axtarırdı. Gözünə dəyəndə ki, üç-dördü o biri küncdə-bucaqda pıçıldaşır, becid yeriyirdi oraya. Arvad dükanda, bazarda gözümə dəyirdi.
Bu yaraşıqlı ağbirçək örpəyindən, üst-başından kənd adımına oxşayırdı. Dedilər ki, filan-kəsin qayınanasıdı. Əri dünyasını dəyişdiyindən kənddə tənha qalıb. Oğlu gətirib yanına.
Balacaları bağçaya qoyub qayıdırdım. Arvadla üz-üzə gələndə salam verdim. Salamımı alıb gözlərimin içinə elə baxdı ki, sanki məni nədəsə təqsirləndirəcəkdi:
– Ay gəlin, işləmirsən, bütün günü evdəsən. İki balana niyə evində baxmırsan? Niyə uşaq bağçasına verirsən?
Özümə tez gəldim, sual asan idi:
– Bağçada uşaqlar çoxdu, oynayırlar. Onlara şeir əzbərlədirlər, mahnı oxudurlar, şəkil çəkdirirlər. Günləri xoş ötür.
Mən danışdıqca onun sanki təqsirləndirici baxışı gözlərimə zillənmişdi. Sözümü bitirəndə düşündüm ki, görəsən dediklərimdə hansı pürçürlüyü tapacaq.
– Dediklərin düzdüsə dəyər, – deyib aralandı.
Onun gəliniylə görüşəndə arvaddan söz açdım. Qaynanası gələndən işi yüngülləşib. Dü-kan-bazarı boynuna götürüb. Biş-düşə də əl atır, bir işi olmaya da.
– O nə işdi?

– Gördüyü, eşitdiyi hər adama, hər şeyə şübhəylə yanaşır. Mən də səksəkədə qalıram.
Ağbirçək haqda pahatsızlığım bir qədər seyrəldi. Deməli, təkcə mənə qarşı belə deyilmiş, adətkərdə imiş.
Uzaqdan onu görəndə özümü yığışdırdım. Görəsən bu dəfə nə deyəcək, nə soruşacaq? Düz tapmışdım, soruşdu.
–Pəh-pəhlə şəhər dediyiniz bu yerdə necə yaşayırsız? Havasını almaq olmur, suyunu iç-mək. Səhərəcən maşın səsindən göz yummaq mümkün deyil. Qız-qadınlar orda-burda topa-topa yığışıb qiybət qırır. Nədəndi? Hamısı bekarçılıqdan. Bunların hərəsinin bir həyətlik toyuq-cücəsi, bir- iki baş heyvanı olsaydı qiybətə vaxt tapılmazdı. Süfrələri də bərəkətli olardı. Təzə ət yedizdirərdilər evdəkilərə, donmuş əvəzinə. Burada necə yaşayırsız? Anlamıram.
Gülümsədim:
–Alışmışıq. Neyləyək? Çörəkpulumuz burada çıxır.

– Kənddə məgər çörəkpulu çıxmır? Qollarınızı çırmalasanız çıxar, artıqlamasıyla. Kənd camaatının hər şeyi var. Soyuducusu da, televizoru da, maşını da, camaşıryuyanı da. Şəhərdə olan bir şey də var ey, televizora bənzəyir, adı yadımda qalmır. Otururlar qarşısında, şəhərdəki qohum-əqrabayla danışırlar, bir-birini görürlər, əl eləyirlər. Çox gözəl şeydi. Bəziləri lap elə xarıçdəki qardaş-bacısıyla da görüşüb danışır. Ona nə deyirlər? Bir təhər adı var, dilimə də yat-mır.
– Kompüterimi deyirsən?
–Hə, hə, onu deyirəm, hə. Həqiqətən, çox gözəl şeydi.
Çörək dükanından birgə qayıtdıq. Ağbirçək qızları göstərərək:
– Sən bir bunlara bax, - deyib sifətini turşutdu, - birisi sinəsini açıb, o birisi göbəyini qo-yub bayırda, ta birisi budlarını göstərir. Məgər şəhərdə qızı bayırda qoyduqlarına görə alırlar? Nəzakətdən də kasaddılar. Metroya minirəm, avtobusa minirəm, oturanların əksəriyyəti qızlardı. Yaşlıya, qocaya yer verən yoxdu. Guya görmürlər, hərəsi bir cür başını qatır. Düşün-mürlər ki, bəlkə yetmiş yaşlının yeddi, səksən yaşlınınsa səkkiz azarı var. Ayaq üstə güc-bəlayla dayanırlar. Bir qalxaq, yeri onlara boşaldaq, insaf da yaxşı şeydi. Məgər özləri qocalmayacaq? Televizorda veriliş vardı. Araşdırırdılar ki, niyə oğlanlar evlənmək istəmir. Əksəriyyət maaşın azlığından gileylənirdi. Nəzakəti, tərbiyəni dilinə gətirən tapılmadı. Sanki dilimizdə belə sözlər yoxmuş. Məni çağırsaydılar gördüklərimi, bildiklərimi söyləyərdim. Guya oxumuşları, ağıllıları çağırırlar. Böyük həyat təcrübəsi olan ağıllı-kamallı ağsaqqallar, ağbirçəklər qalır qıraqda.
Gözləyirdi mən də nəsə deyim. Onun sözünün qabağında söz desəydim bir mız qoya-caqdı. Mız deyəndə ki, özünün ağlı kəsəni. Ağlı kəsənsə az deyil. Deməyə söz axtaranlardan deyil.
–Hansı ağıllı oğlan abırsız qıza evlənər? Hə, mən də eşidirəm, bilirəm, düzdü, var-dövlətə görə lap elə əxlaqsıza da evlənən tapılır. Bizdə eləsini kişi saymazlar. Nə yaxşı ki, belələri tək-tük-dü. Onların da qarşısıını kəsməliyik, saflığımızı qorumalıyıq.
–Neyləyəsən, meşə çaqqalsız olmaz,- dedim.
Arvad bu sözümə də cavab tapdı, qətiyyətlə dedi:
– Meşə çaqqalının ayağını şəhərdən kəsməsək kəndə də ayaq açar.
Susduqsa da onun üz-gözü hələ danışırdı.

–Qayıdacam kəndimə, - arvadın daha nələr deyəcəyi maraqlı idi,- balalarımın buradakı ev-eşiyini gördüm, güzəranını gördüm. Şükür olsun, babat dolanışıqları var. Yanıma qayıtmaq istəyəni hələ ki, yoxdu. Bacımın sonbeşiyi nişanlıdı, bir mərifətli oğuldu. Kəndin abırlı qızları arasından da ən abırlısını seçib. Kişim rəhmətlik həyətdə sıra-sıra evlər tikdirmişdi övladları-mıza. Deyəcəyəm sonbeşiyə gəlini gətirsin bizim evə. Otaqlarımızdan necəsini istəsə verəcəm. Toyuq hinini, heyvan damını da. Gəlin həkimdi, amma göz dəyməsin, əlli-ayaqlıdı. Ata evində toyuq-cücəyə də baxır, heyvana. Əsil kənd qızıdı, gəlinidi. Bizdə beləsinə deyirlər ki, yıxılı evin dirəyidi. Şəhərdə evlənən oğlan düşünür ki, qızın atası hesabına varlanacaq. Ərə gedən qız da fikirləşir ki, qaynata kölgəsində sərinlənəcək. Xəyallar puça çıxan zamanda boşanırlar. Kənddə necədi? Oğlanla qız əl-əl verib dolanırlar, ömürlərinin axırınacan. Mən cavanlarımıza göz olaram, onlar da mənə həyan durar.
– Bəs bacının sonbeşiyi nəçidi?
– O da oxyub kəndimizə qayıdıb. İşıq işinə baxır, mühəndisdi, yaxşısından. Camaatımızın işinə yarıyır. Təmir də əlindən gəlir. Soyuducu, ütü, paltaryuyan, hər şey.
Bu söz-söhbətli ağbirçəyin kiminləsə danışığının səsi arxadan qulağma çatanda özümü yı-ğışdırdım. Yaxınlaşanda:
– Evlərinizin dörd bir yanında qəssab dükanı var, - dedi- , bəs əti hansından alırsan?
Düşündüm nədən xəbər alır, tapa bilmədim:
– Binamızla üz-üzə olandan. Nəsə baş verib?
– Günbatandakı qəssab gözümə salamat adam təki dəyməyir.
– Niyə, ay ağbirçək?
– Onu da sizə açıqlayacam. Həyətinizin gəlinləri, ağbirçəkləri nədənsə beləsinə göz qoy-mur, ya fikir verməyir. Deyəcəyəm ki, arxamca danışanların dilinə yaxşılığa da bir söz gəlsin.
– İndi niyə demirsən?
– İndi desəm yarımçıq olar. Yaxşılığı bütöv eləməlisən. Hövsələn olsun, axırına çıxacam, sonra geyəcəm.
– Niyə gedirsən? Qalsan sən də alışacaqsan.
– Əsla! Əsla alışmaq fikrimdən keçməyir. Çörəyindən, suyundan mədəm qıcıqlanır, hava-sından burnum. Sanki çörəyi qatqılıdı, suyu təmişlənmir, havasının hayına qalınmır. Hayıf deyil-mi kəndimiz?!
Deyəsən axı hirsləndi, azca da olsa. Dil tökməkdən çəkindim, amma getməsini istəmir-dim. Sakitcə ayrılanda son zamanlar dillərə düşmüş bir bəlaya toxundu:
– Kəndlərdən gəlirlər iri şəhərə. Burada tünlükdü, necə deyərlər it yiyəsini tanımır. Atalar boşuna deməyib ha, ara xəlvət olan yerdə tülkü bəy olar. Dəb düşüb, burada imkanlılar soy adına bəyli, xanlı sözü əlavə elətdirir. Yəqin bu da bəzilərinin əl çirki adlandırdığı şeylə başa gə-lən işdi.
– Bunu hardan bilirsən?
– Niyə də bilməyim? Adam nə qədər çox bilsə bir o qədər yaxşıdı. Bizdən biri var burda. Camaatımız babasına o qədər daş atdı ki, meşənin qırağında ev tikib köçdü, bayquş təki dolandı. Nəvəsi gəlib burada necəsə vəzifə başına keçib, soyadını abıra salıb, axırına bəyli əlavə eləyib. Əl çirki hesabına bəyli, xanlı mümkün olan şəhərdə...
Ağbirçək sözünü bitirmədən məndən gen oldu. Nə deyəcəyini anlayacağıma yəqin əmin imiş.
Bütün günü həyətdə elədən-beləyə, belədən-eləyə dolaşan ağbircək gözə dəymirdi. Qaynanan görsənmir deyəndə gəlini təəssüfləndi.
– Hə, bura alışa bilmədi. Bizdə qaldığı müddət ərzində həm də ağzımız dada gəlmişdi.
Tam anlamadım, gerisini deməsiyçün ona baxanda səbəbini açıqladı:
–Mən asan hazır olan, tez bişən xörəklərə üstünlük verirəm, - o özünə güldü,- arvadsa ləzzətli xörəklər bişirtdirirdi. Unudulmağa gedən xörəklərdən bişir, deyirdi. Gələcəkdə səni həm-çinin dadlı bişirən ana, nənə təki xatırlasınlar. Qadın deyilsənmi? Həvəsim olmayanda qaynanam özü qollarını çırmalayırdı. Ədviyyatı da əlaltda saxlayırdı. Barmaqlarımızı yalamayınca boşqab-dan-kasadan əlimizi çəkmirdik ha. Adamı silkələyən sualları, şübhəli baxışı olmasaydı, tayı olmazdı.
Arvadın gəlini nə deyəcəyimi gözləsə də dinmədim, qaynanası haqda onun daha nələrsə deyəcəyini istəyirdim. Gəlin dilə gəldi:
– Arvad bir dəfə nə desə yaxşıdı? Bişirəndə qızını da yanında saxla, elə indidən öyrənsin. Ailəsinin ağzını dadlı saxlasın. Bu nədi? Şəhərdə gəlinlər sosisi suda bişirib, kolbasanı yağda qızardıb xörək əvəzi ərinə, balalarına yedizdirir. Guya vaxt yoxdu. Televizor qarşısında lövbər salmaq, söhbətgahda boşboğazlıq etmək vacibdi, yoxsa doğmalarına dadlı xörək bişirmək?
Gəlinindən soruşdum ki, onu saxlamaq mümkün deyildimi? Cavab verdi ki, yox. Qaynananın dilincə desə, pəh-pəhlə şəhər adlanan, amma çənnətdən uzaq bu yerdə ürəyi sıxılırdı. Adı Cənnətməkan olmasa da əslində cənnət təki məkan olan kəndinə qayıdacaq. Am-ma bir iş var, istədiyini elədi, sonra getdi. Bir qəssabın alverini bağlasa da yazanı tapdı, bizə tanıtdı.
–Hə, yadıma düşdü,- dedim,- o tərəfdəki qəssabla bağlı nəsə deyəcəkdi.
– Deməmiş yola düşmədi ha. Nə desə yaxşıdı? Oradakı, - əliylə göstərdi,- qəssab ət satar-kən kürək sümüklərini alıcıların gözü qabağında baltalayıb atmır. Arvad qəssabların hamısından ət alıbmış, buna da diqqət yetiribmiş. Bu da elə-belə deyilmiş. Əti soyulmış kürək sümük-lərinin də alıcısı varmış. Onu yazanlar sifariş verirmiş.
– Nəə? Yazanlar? Hansı yazanlar?
– Cadu-piti yazanlar, bədlik gətirənlər, bəxt bağlayanlar. Yazanlar bəd əməllərini kürək sü-müyü üstündə yazırmış, qayda belədi. Beləsi keçərli olurmuş. Arvad tənbəllik eləməyib, həmin küpəgirən qarının kimliyini öyrənibmiş. Şəhər kənarındakı iri kənddən imiş. Belə adamlar ca-maat arasında tanınmaqdan qorxur. Bir-iki etibarlı adamı vasitəsiylə kürək sümüyünü alır, ca-maatla əlaqə saxlayır, yazdırlarını da onların vasitəsilə sifarişçilərə çatdırır.
– Bəs qaynanan küpəgirənlə necə görüşüb?
– Qaynanamı elə-belə arvad bilmə. Küpəgirənin etibarlı adamını tanıyanda heç bilirsən nə eləyib? Deyib onun sifarişi eləsindəndi ki, yazana özü deməlidi. İnandıra bilib, yazana çıxa bilib. Onun kimliyindən həyətimizdəkiləri xəbərdar edib. Onun haqqında səs yayılsa qaçacaq, İtib batacaq.
– Sağ olsun. Ağbirçək mənə demişdi ki, bir yarımcıq işi qalıb, bunu nəzərdə tutubmuş. Onu başa çatdıranda kəndə qayıdacaq. Arxasınca qırıldadanlar az olmayacaq. Bəlkə bu işini də dilə gətirən bir nəfər kişi qızı tapıla. Ömrü uzun olsun beləsinin. Arvad mənimlə danışanda özü-mü yığışdırırdım. Bir dəfə qaş-gözünü işə salmaqla mənə iradını bildirmişdi. Yəni ucu-bucağı bilinməyən məhəlləmizdə nə bir yaşlı, nə bir cavan tapılmayıb ki, qəssablara göz qoysun. O qəs-sab ətdən qazandıqlarına qane olmaq istəmir. Nəfsinə sahib çıxa bilmir. Kürək sümüyünə də göz tikir. Arvadın şübhəli baxışları yersiz deyilmiş.
– Düz deyib, - gəlin qaynanasına tərəfkeşli elədi, - bəxt bağlayan birisinin olduğunu eşidirdik, amma bu haqda düşünmürdük. Kürək sümüyündə yazıldığını bilmədiyimizdən. Qaynanamsa, necə deyərlər, bir güllə ilə iki dovşan vurdu. Tərsəməssəb qəssabı da, əli qələmli küpəgirəni də müflis etdi.
Arvadın gəlinini süzürdüm. O qaynanasıyla fəxr edirdi. Təəssüflə başını yellədi:
– Hayıf getdi. Ondan çox şey öyrənirdim. Kəlləli arvaddı ee. Bir gün mənə nə desə yaxşıdı? Hər bir adam necə düşünürsə eləcə də iş görür, danışır. Adam düşündüyü kimi hərəkət etdiyindən onun düzgün düşünməsinə nail olmağın vacibliyi aydınlaşır. Bu işdə bezməyə, yorğunluğa yol verməyə qətiyyən yaramaz. Bu səbəbdən də iş görməli, kiminləsə danışmalı olanda tələsmə, yaxşıca ölç-biç, sonra düşündüyünə uyğun danış, işini gör. Uşaqları da indidən belə öyrət, düzgün düşünsünlər. Onda yaxşı işləri çox olar.
– Gör nələrə fikir verir, nələr bilir. Hələ oxumayıb belə şeylər bilir, oxusaydı...Ay qız, heç belə qaynananı da əldən buraxarlar?
– Neyləyəydim? Özüm də, ərim də olmazın dil tökdük. Uşaqları öyrətdik yalvarsınlar. Dedi ki, burada ürəyi sıxılır. Nə varsa kənddə var, nə qalıbsa kənddə qalıb.
–Sən də əl çəkdin, hə?
–Yox, yox, əsla yox. Sonuncu ümidgahıma əl atdım. Onu and verdim ərinin ruhuna. O ərini çox istəyirdi, özündən də çox, dünyalar qədər istəyirdi. Cavab verdi ki, onun ruhuna qurban olaram, əmma baş-qulağımı aparma, şəhər mənlik deyil.





2-11-2024, 06:12
Bədii zövqün radial simmetriyası...


Bədii zövqün radial simmetriyası...

Qrupumuzun Universitetdə ilk dərs günü "Qəzet laboratoriyası" adlanan otaqda olmuşdu. Onda Jurnalistika fakültəsi üçüncü mərtəbədə yerləşirdi (əsaslı təmirdən sonra dördüncü və beşinci mərtəbəyə dəyişdi). Professor Akif Rüstəmov "Jurnalistikaya giriş" fənnindən mühazirə deyirdi. İkinci dərs günü də həmin fənnin tədrisi eyni otaqda keçirildi. Laboratoriyada müəllim və tələbələrdən savayı kimsə yox idi. Akif müəllim otağın tən ortasındakı oval stolun yuxarıbaşında, tələbələr də ətrafında əyləşmişdilər. Laboratoriyada bir-birinə baxan iri kitab şkaflarının yanında müəllimlərin iş masaları yerləşirdi. Otağın sol küncündə pəncərəyə bitişik yazı stolu vardı. Məni maqnit kimi özünə çəkən həmin iş masası Akif Rüstəmovun idi. Jalüzün arasından stola düşən günəş şüaları altında Akif müəllimin sanki xəttat dəqiqliyilə işlənən yazıları gözümə dəydi. Maraqlıdır ki, hər masada xüsusi qələm və kitab-dəftər qoymaq üçün hissə vardı. Dəyirmi masanın ətrafındakı stulların kürək hissəsi də setkalı idi.
Əlqərəz. Sonradan yerimi rəhmətlik Ayaz Musayevin iş masasına dəyişdim. Ayaz müəllimin yazı-pozu stolundakı səliqə-sahman çox diqqətimi çəkdi. Ümumiyyətlə, Ayaz Musayev oturuşu-duruşu ilə seçilən, geyimi həmişə yerində olan ziyalı alim, tədris etdiyi sahənin kamil bilicisi idi. Sağda Diləfruz Şahbazovanın iş masası yerləşirdi. O, iş stolunda kompüter və klaviatura, dəftər və qələmdən eyni anda istifadə edir, klassika ilə müasirliyin vəhdətin yaradırdı. Üzbəüzdə gözəl pedaqoq, yüksək ləyaqət sahibi, xanım-xatınlığı ilə seçilən, abır-həyalılığı ilə nümunə olan Rəhilə Kəsəmənlinin iş masası yerləşirdi. Düzünü desəm, müəllimlərimin iş masasında əyləşmək çox xoş və qürurlu idi. Mən Akif Rüstəmovun "Jurnalistikaya giriş" fənninin mühazirəsini dinləyə-dinləyə xəyal gücümü işə salır, gözlərim önündə şəkillərdə gördüyüm, yaradıcılığını sevərək oxuduğum Nəsir İmanquliyevi də canlandırmağa çalışırdım. Bir vaxtlar bu fənnin tədrisini həm də Nəsir müəllim edərmiş. Hər zaman Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında nəhəng söz, fikir adamları çalışıb və çalışmaqdadırlar. Onlardan biri də kafedra müdiri Ustad Cahangir Məmmədlidir. Və Ustadın otağı "Qəzet laboratoriyası"ndan solda yerləşirdi.

Zaman ötəcək professor Cahangir Məmmədlinin mətbuat janrları, praktiki fəaliyyətin beynəlxalq prinsipləri, qəzet istehsalında standartlara yaradıcı münasibət və digər məsələləri özündə əks etdirən olduqca sanballı “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” dərsliyini imzalı şəkildə ən böyük mənəvi hədiyyə kimi müəllimimdən qəbul edəcəkdim. Bir mərtəbə aşağıda "İnternet jurnalistikası" auditoriyası, ondan öndə sağ tərəfdə Zaur Babayev və Mirakif Babayevin iş otağı yerləşirdi. Kiçik otaq tələbələrin ən doğma məkanı idi. Və hər iki müəllimimiz darısqal otaqda yüksək səmimiyyət və mehribanlıqla çalışırdılar. Bu doğmalıq və soyadların eyniliyindən o zaman belə bir qənaətə də gəlmişdim: elə bilirdim, müəllimlərim doğmaca qardaşdırlar. Bu təəssüratlardan sonra yenidən qayıdaq "Qəzet laboratoriyası"na.
Beləcə, ilk qırx beş dəqiqənin tamamında laboratoriyanın şam ağacından olan parlaq laklı qapısı ehmalca açıldı. Qapının kandarında zabitəli xanım göründü. Xüsusi kübarlıqla Akif Rüstəmovdan içəri keçməsi üçün izin istəyən xanım sonradan bizim müəlliməmiz olacaqdı. Özü hiss etdirməsə də, anladıq ki, Gülnarə Sadıqova dərsin gedişatını pozmamaq üçün yarıdakı fasiləni gözləyibmiş. Əvvəlcə özünün yazı masasına əl gəzdirdi. Sonra otağa nəzər yetirdi. Pencəyimi stulun söykənəcəyindən asıb, köynəyimin qolunu dirsəyəcən çırmalayıb, ovcumla yanağımı dirsəklənib tutmuşdum. Gülnarə Sadıqova otaqdakı havasızlığı hiss edib, jalüz pərdəni yuxarı qaldırdı. Ağ rəngli plastmas pəncərəni açdı. İçəri dolan təmiz hava tələbələrin üzünə dəyərək onlara toxtaqlıq gətirdi. Tədrisin ikinci günü özünü dərsə güclə yetirən qrup yoldaşlarımdan birinin beyninə oksigen çatandan sonra "dili açıldı" və boynunu mənə tərəf buraraq, sanki özünü Sartrın "Bağlı qapılar arxasında"kı kimi hiss edərək Estelfason sual verdi:
"Bizi nəyə görə bura yığıblar?" Tələbə yoldaşımın "əndirəbadi" sualına həmin gün heç cürə cavab tapa bilmədim. Yadıma hindlilərin "kanjus makkhiçus" ifadəsi düşdü. Yoxsulluğun maddi tərəfini anlamaq olar, vay o gündən ki, mənəvi tərəfdən boşluğun, kasadlığın ola. Dərd ondadır. Ancaq tələbədən fərqli olaraq pəncərə önündəki iri yarpaqlı, qırmızı reyhana bənzəyən gül gündoğana tərəf boylanırdı. Üzərində asılı qalan nübar qönçəsi sağa-sola yellənərək, elə bil səbəbkara təşəkkürünü bildirirdi. Dibçəkdəki güllər də, laboratoriyadakı tələbələr də ciyərlərinə hava çəkdikdən sonra dərsin ikinci yarısı başladı. Akif müəllim yazı bacarığımızın inkişafı üçün esse yazmağı tapşırmışdı. Yoxladığı yazılarda hansı nöqsanlarımızın olduğunu bir-bir qeyd etdi. Mövzu "Mənim ilk müəllimim" idi. Akif Rüstəmov yazımı bəyənsə də, ancaq mövzudan kənara çıxdığımı xüsusi vurğuladı. Dərsin gedişində Gülnarə Sadıqova əvvəlcə üzünü Akif Rüstəmova tərəf tutdu:

-Üzr istəyirəm, Akif müəllim, dedi. Sonra sözünə əlavə etdi: -Görəsən, indiki tələbələr vaxtilə fakültədə dərs demiş müəllimləri tanıyırlar? Sualdan sonra otaqda yaranan sakitliyi pozdum. -Bəli, müəllimə, tanıyıram, -dedim. Düzü Gülnarə Sadıqovanın tələbələrə ünvanlı sualına hədsiz sevindim. Çünki dərs mövzusu olaraq tapşırılan essedə məhz Gülnarə Sadıqovanın dediyi müəllimlərdən -Qulu Xəlilov, Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Famil Mehdi, Əliş Nəbili... yazmışdım. Sonra zaman ötəcək və biləcəkdim ki, müəlliməmiz Gülnarə Sadıqovanı Bakı Dövlət Universitetinə uzun illərin doğmalığı bağlayırmış. O, gənclik illərindən, fakültədə təhsil aldığı müddətdən ta bu günədək elmi, yaradıcı fəaliyyətlə məşğuldur. Elə ilk gündən hiss etmişdim ki, Gülnarə Sadıqova özünə və başqalarına münasibətdə hədsiz tələbkar, işində səliqəli, məsuliyyətli, həm də güzəştsizdir. Sözdə və əməldə bütöv olduğu kimi, ona verilmiş sözün də arxasında dayanmağı istəyir. Dərs müddətində istisna halları çıxmaq şərtilə tələbəyə güzəştə getmir. İki dəfə fakültəmizin ənənəvi Quba səfərində müəllimimiz Gülnarə Sadıqovayla yol-yoldaşı olmuşam. O zaman tələbəyə valideyn qayğısını, doğma münasibətini görmüşəm. Onda anladım ki, müəllim-tələbə tam başqa, müəllim-dost bir başqa. Rusların "cлужба" və "дружба" məsəli kimi.
Gülnarə Sadıqovanın tədris metodikası fərqli və maraqlıdır. Fərqli ona görə ki, dərs situasiyasını təlim-tədris prosesinin tərkib hissəsi hesab edir. Dərsin ümumi gedişatında müəllim nüfuzundan istifadə eləmir. Tələbənin potensialının tam üzə çıxması üçün münbit şərait yaradır. Maraqlı ona görə ki, dərs müddətində hansısa tələbə vaxt azlığına görə kənarda qalmır. Ümumi gedişat, aparılan sorğu-sual kifayət edir ki, tələbənin dərsə münasibəti, hazırlıq səviyyəsi müəyyənləşsin. Bu gedişat həm də görkəmli pedaqoq Mehdi Mehdizadənin "Müasir dərs" haqqında söylədikləri ilə tam uyğun gəlir ki, dərs müddətindəki tələbə fəallığının əsas amillərindən biri diqqətin eyni nöqtəyə yönləndirilməsindən ibarətdir. Ancaq bu nöqtədə hər bir tələbənin şəxsi düşüncə, mülahizə aparmaq, yeni fikir ortaya qoymaq bacarığı olmalıdır. Gülnarə Sadıqova bu mənada görkəmli pedaqoq Adolf Disterveqin, psixoloq və ədəbiyyatşünas Lev Semyonoviç Vıqotskinin nəzəriyyəsinə -təfəkkürü ön plana çəkməyin vacibliyinə əsaslanır. Tələbənin şablon cümlədən, çeynənmiş ifadələrdən istifadə etməsinə heç vaxt güzəştə getmir.
Yadımdadır: onlayn dərsdə tələbə yoldaşlarımızdan biri müəllif fikirlərini öz qələm məhsulu kimi ortaya qoymaq cəhdinin qarşısını Gülnarə Sadıqova anındaca alır və bunun bütün hallarda yolverilməz olduğunu bildirir. Həmin onlayn günlərin birində dərs mövzusu kimi, iki esse yazmışdım. Bu onun səbəbi idi ki, müəllim dərsi bütün gücü ilə öyrədir və sevdirirdi. Həm də Gülnarə Sadıqova rus və yerli ədəbiyyatı, həmçinin milli və xarici jurnalistikanın nəzəri tərəflərini yaxşı bildiyi üçün ondan nəyisə gizlətmək çətin məsələdir. Bir də ona dərs deyən nəhəng müəllimləri də nəzərə alsaq, o zaman məsələ lap müşkülə çevrilir.

Gülnarə Sadıqova çalışır ki, tələbənin yaradıcı təfəkkürü, tədqiqatçılıq qabiliyyəti tərəqqi etsin: qələmə alınmamış kəlmələr yaratmağa, çeynənmiş ifadələrdən saqınaraq yeni sözlər axtarışına yönəlsin. Tələbə kiçik də olsa öz fikir məhsulunu ortaya qoysun, beləcə, Uşinskinin yaradıcılığındakı şəxsiyyət obrazını öz yetirmələri üzərində inkişaf etdirsin. Əbəs yerə deyildi ki, onun bir çox tələbələri zaman ötdükcə televiziya, radio, qəzet və jurnal materialı üzərində işləyərkən vaxtilə bu səpkidə yazıların hazırlanması üsulunu öz müəllimlərindən öyrəndiyini qeyd edirlər. Düşündüm ki, vaxtilə bizə yazı qaydalarını öyrədən müəllim haqqında bu dəfə tələbəsi olaraq əlimə qələm götürüb ürək sözlərimi yazım. Yazını hazırladıqca gözlərim önündə Gülnarə Sadıqovanın rəsm əsərləri canlandı. O, həqiqətən də yaradıcı insandır: ruhu və cismi ilə. Kağız üzərində qələmi ilə söz xalısı yaradan Gülnarə Sadıqova, həmçinin parça üzərində muline saplarla sənət əsəri toxuyur. Bədii zövq duyğuların, hisslərin tərənnümçüsünə çevrilir. Bu yaradıcılıq nümunələrində həssaslıq, təxəyyül və səbirlə bərabər, həm də elm görünür. Çünki rənglərlə işləməyin özü də bir elmdir. Leonardo da Vinçinin dediyi kimi, "rəsm köklü mədəniyyət" və "metod üzərində çalışmaq" deməkdir.
Gülnarə Sadıqovanın tələbələrə öyrətdiyi elm bizlər üçündürsə, ərsəyə gətirdiyi yaradıcılıq məhsulu bütün bəşəriyyətə xidmət edir. Bu əsərlər "dil açıb" dünyanı və insanı təmizliyə çağırır. Azərbaycan qadınının mənəvi ucalığından "danışır". Biz bu ucalığı fransız yazıçı Dümanı şahmat taxtası arxasında zəkası ilə mat qoyan Qarabağ xanlarının nəslindən olan şairə Xurşudbanu Natəvanın əl işlərində görmüşük. Şairə ikinci dəfə Aleksandr Dümanı öz əli ilə tikdiyi pul kisəsini bağışlamaqla heyran qoyur. Gülnarə Sadıqovanın yaradıcılığı onun daxili dünyasının, saf mənəviyyatının təzahürüdür. Çünki onun sözü və fırçası təkcə kağız və parça üzərində gözəllik yaratmır, o, həmçinin həyatda da hər işi həssaslıq və təmizliklə görür. Bunu ən azından əyani şəkildə anamın anasında görmüşəm. O, ixtisasca həkim olmağına baxmayaraq, həmçinin kətan parça üzərində rəsmlər çəkir, ipək saplarla rəsmlər ərsəyə gətirirdi. İlk baxışdan estetik görünsə də, mahiyyət tikmə sənətinin yaşadılması idi.
Bu gün Gülnarə Sadıqova bütün fəaliyyətilə ərsəyə gətirdiyi işləri fonunda milliliyi və kübarlığı qoruyur. Gül-çiçək rəsmləri bizə Tanrının cənnətini, zamanın yaxşılıq axarını, kainatın paklıq rəmzini xatırladır. Əl işlərindəki başlıca amil rəng ahənginin incəliyidir. Bu incəlik, ələlxüsus rəng həllindən asılıdır. Musiqidə qamma üzərində işləmək nə qədər vacibdirsə, rəsmdə də rəng qammasını yaratmaq bir o qədər əhəmiyyətlidir. Burada da muline sapların birləşməsi ahəngdar rəng qamması yaradır. Bu ahəngdarlıqda bəzən bizim təbiətdə müşahidə etmədiyimiz rəng çalarları gözə dəyir və ən əsası da Gülnarə Sadıqovanın bədii təxəyyül yaradıcılığındakı hər məqam onun yaşam tərzindəki kimi, riyazi sintezə, simmetriyaya, təmizliyə və günəşli günlərə - səadətə və sədaqətə bağlıdır.

Əsgər İSMAYILOV
30-10-2024, 22:55
Çəkmək istədiyin tablonu xatırladım...


Çəkmək istədiyin tablonu xatırladım...

(Bahar ol, payız ol, nə olursan ol, ildə bircə dəfə sən də qayıt gəl,- deyir ata-anan!)

İllərlə gözənilən müharibə başladı. Hələ Rauf Polad Həşimov şəhid olan gündən hərbi komissarlığa gedib könüllü döyüşə yazılmışdı. Evdə heç kimin xəbəri yox idi. Artıq Qubadlı və bir çox rayonlarımız alınmışdı. Rauf hər evlərinə zəng edəndə hər şey yaxşıdır ata,- deyirdi...
Nədənsə payız da çox sərt gəlmişdi. Anası ürəyində dönə-dönə Allaha yalvarırdı. Nə olar sərt olma payız, axı səngərdə balam yatır (əsgərlərimiz yatır) pıçıldayırdı. Rauf axırıncı dəfə Məhərrəm müəllimə zəng edəndə onun kəşfiyyat komandiri qoyulmağını demişdi, ata fərəhlənirdi igid balasının şücaətinə...
Hər gün cəbhədən qələbə sorağı gəlsə də itkilər də var idi...23.10.2020-ata dönə-dönə zəng etsə də Raufun telefonuna zəng çatmırdı. Böyük nigarançılıq çökmüşdü ailəyə. Hər gələn zəngə həyəcanla cavab verirdilər...
Tam 5-gün idi ki, Raufdan heç bir səs-soraq yox idi. Bir az səninlə söhbət etmək istəyirəm Rauf niyə getdin, nədən getdin cəbhəyə? Yurd həsrəti səni buna məcbur etdi? Axı sənin görüşdüyün, sevdiyin insan da var idi.. Atan, anan, bacın doğmaların... Bir də sənin rənglər dünyan var idi. Sizin ailəyə ara-sıra baş çəkirəm Rauf. Bilirsən ailəniz mənə necə doğma olub?! Lap yaxın qohum kimi. Sizə gələndə həmişə evinizdə bir qəribə sükut hiss edirəm. Sənin yoxluğun evinizin istiliyini, sevincini aparıb. Ailə üzvləriniz sanki bir ruh kimi gəzib dolaşırlar. Sən istəməzdin belə olsun Rauf. Hər sizə gələndə sənin rəsm muzeyinə baş çəkmək istəyirəm. Fikrim sənin rəsmlərində qalır. Sənin rənglər dünyanda bir başqa dünyan yatır. Sənin bir başqa dünyan var. Rənglər dünyası, bu rənglər dünyasında "Gözlərimi gözləyənin gözlərini gözlərimlə gözləyəcəm" (Raufun öz fikirləridi) gözlərini, dünyasında dediyin o pünhan sevgini axtarıram. Atana demişdin qələbə çalaq Şuşada Cıdır düzünün böyük bir tablosunu yaradacam.
P.S. Bu yay Şuşada oldum. Qarış-qarış gəzdiyimiz yerlərdən daha çox can atdığım Cıdır düzü idi. Cıdır düzü başdan-başa çəmən gülləri ilə döşənmişdi. Nədənsə məni orda sıxıntı tutmuşdu. Bəlkə də o düzlərdə gəzən şəhidlərin ruhları idi. Sıldırım, sal qayalar, çəməndə xəfif mehdən yellənən güllər...
Səni xatırladım Rauf. Sənin arzunu, çəkmək istədiyin tablonu. Xınalı qayalarda əllərimi toxundurdum qayalara sənin rənglərin, rəng çalarların canlandı xəyalımda. Düzdü məndə heç bir rəssamlıq istedadı yoxdur. Çox heyf Rauf, yarımçıq qalan arzularından səmada quşlar uçuşur, hər şey xəyal kimi uçub gedir. Təəssüf edirəm, yarımçıq qalan ömrünə, arzularına, yarımçıq qalan rənglər dünyana, yarımçıq qalan tablona...
Tam əlaqələr kəsilib...29.10.2020 səhər tezdəndən Məhərrəm müəllimə gələn zəng. Xahiş edirik komissarlığa gəlin! Rauf şəhid olub...Laçın dəhlizi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldun...
Ən axırıncı zəngini sevdiyi qıza edib... (Belə deyirlər)Vidalaşıb sevgisini, istəyini, məhəbbətini tutduğu sözünü pıçıltıyla söyləyib. Son sözü- axı mənim çox arzularım vardı... Ara kəsilir.. Hayqıran bir səs ucalır Raufff.. Hərdən fikirləşirəm bəlkə də biz o insanla küçədə rastlaşırıq. Qəlbi Rauf həsrətlisi olan biridir, hər oktyabr ayı gələndə onun soyuq, sazaq yağışlı, yağmurlu günləri başlayır...(Bu aralar Rauf şəhərimizə tez-tez yağışlar yağır. Bu yağışlar mənə təbiət hadisəsindən daha çox Şəhid Analarının göz yaşını xatırladır). Matəmli günləri...
Bəlkədə heç rast gəlməmişik o insanla. Rauf, sənin bu dünyada bir insanın qəlbində sevgin məzara dönüb. Zərnigar xanımdan sevdiyin qızı axtarıb tapmağını xahiş etdim. Gözləri doldu. Rauf yoxsa, neynirəm, söylədi...
Rəsmlərində boynu bükük bir tablo yaratmısan sanki üz çevirib getmək istəyən birisi.. Bəlkə də öz taleyini ağ kətana hopdurmusan heç özündə bilmədən...

Cəmilə BABAYEVA
18-10-2024, 08:43
Zəfər Yolu

Zəfər Yolu


Qədim tarixə, mədəniyyətə malik olan Azərbaycan yeni əsrin ən böyük “Zəfər yolunu” başa vurmuş və qızıl hərflərlə tarixə düşmüşdü. Bəli, bu tarix digərlərindən çox fərqli idi. Çünki bu tarix Azərbaycan əsgərinin qanı ilə yazılan və yaddaşlara həkk olan tarix idi. Bu tarix namus, əqidə üstündə qurulan, öz canlarını torpağa bağışlayan, sevinc və kədəri bir gətirən “Zəfər Yolu” tarixi idi.
Xalq olaraq belimizdə çox ağır bir yük var idi, sanki Himalay dağları üstümüzə çökmüşdü. Bəs nə idi bu yük? Bəli, bu yük 30-illik düşmən taptağı altında olan Qarabağ yükü idi. Kimisi o torpaqların həsrəti ilə canını tapşırdı, kimisi isə bu acı reallıq ilə həyatına davam etdi. Lakin ümid var idi üç rəngli bayrağımızın Qarabağda dalğalanmasına. 2020-ci il – Ermənistan tərəfi yeni təxribatlara əl atmağa davam edirdi. Artıq Azərbaycan xalqı, Azərbaycan dövlətinin səbri tükənmişdi. Həmin ilin iyulunda Ermənistan hərbi birləşmələri Azərbaycanın dövlət sərhədində, Tovuz istiqamətdəki strateji yüksəklikləri ələ keçirmək məqsədilə hücuma cəhd etdilər. 11 gün davam edən şiddətli döyüşlər nəticəsində düşmən geri oturuldu. Döyüşlərdə 3- cü ordu birliyinin qərargah rəisi general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə yanaşı, Azərbaycan ordusunun 12 hərbiçisi və bir mülki şəxs həlak oldu. Ermənistan tərəfi bununla kifayətlənməyib yeni təxribatlara əl atdı. Qarşıdurmalar 27 sentyabr 2020-ci il səhər saat 06:00-da Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca başladı. Bunun ardınca Ermənistan hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycan isə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan etdi.
Müharibə, pilotsuz təyyarələrin, sensorların, ağır artilleriyanın və raket zərbələrinin istifadəsi, habelə dövlət təbliğatının və onlayn informasiya müharibəsində rəsmi sosial media hesablarının istifadəsi ilə yadda qalan oldu. Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı döyüşləri kəskin şəkildə qınadı və hər iki tərəfi gərginliyi azaltmağa və danışıqları təxirə salmadan davam etdirməyə çağırdı. Rusiya, Fransa və ABŞ-nin vasitəçiliyi ilə əldə olunan üç atəşkəs də müharibəni dayandıra bilmədi. Şuşanın azad edilməsindən sonra Prezident İlham Əliyev, Rsuiya dövlət başçısı Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında 10 noyabr 2020-ci il, saat 00:00- dan etibarən bütün döyüş əməliyyatlarını dayandıran atəşkəs bəyanatı imzalandı.
Müqaviləyə əsasən Azərbaycan müharibə zamanı işğaldan azad etdiyi ərazilərə nəzarəti əlində saxladı. Ermənistan isə işğal altındakı keçmiş DQMV ətrafı əraziləri Azərbaycana qaytardı. 2 minə yaxın rus əsgəri Ermənistan və Dağlıq Qarabağ arasındakı Laçın dəhlizi boyunca və keçmiş DQMV-nin Azərbaycanın nəzarətində olmayan hissəsində ən azı 5 il müddətinə sülhməramlı qüvvələr olaraq yerləşdirildi. Artıq müharibə bitmişdi. Qəribə bir ab-hava var idi, Azərbaycanda. Sevinc və kədər göz yaşları dəli Kürlə sakit Arazın birləşdiyi kimi qarışmışdılar bir- birlərinə. Bütün Azərbaycan üçrəngli bayrağa bürünmüşdü.
Bəli, müharibə göz yaşı, kədər gətirir. Gedənlər bir də qayıtmayacaq. Onlardan bizə xatirə olaraq ailələri və yaxınlarının o ürək dağlayan sözləri qalacaq. -Bir ali təhsilli əsgər yoldaşım var idi. Mənə söz vermişdi ki, tərxis olandan sonra yanına gələcəm. Tərxisinə 3 ay qalmışdı ki, şəhid xəbərini eşitdim. Həmin gecə yuxuma gəlmişdi. -Müharibə vaxtı döyüş yoldaşım qollarımda şəhid oldu. Son sözü isə “Atama deyin ki, mən yaramaz, tənbəl deyildim, vallah, deyildim !”
Baş gizir rütbəsində olan bir qardaşı hospitala gətirdik. Əməliyyatxanada çarpayıya yatırdıq. İki ayağı dizdən aşağı yox idi. Gözümün içinə baxdı, “qoymayın ölüm, üç balam var”,- dedi və şəhid oldu. Unutmayın ki, əgər rahat nəfəs alıb, gəzib, istədiyiniz hər şeyi rahat edə bilirsinizsə, bunların hamısını bu dünyadan köçən şəhidlərə borclusunuz.
Bir gün çiyinlərdə bir tabut gedər,
Bir cəsəd sevdası yandırar səni,
Yoxluğum qar kimi yağar üstünə,
Təpədən dırnağa dondurar səni.

Daha ulduzlara tənha baxarsan,
Tənhalıq bıçaqtək tökər qanını.
Qaranlıq otaqda dəli olarsan
Səssizlik kar edər qulaqlarını.


Payız daha gözəl görünməz sənə
Yağan yağışlar da ovutmaz artıq,
Gözünün yağıştək yağan yaşını,
Min günəş çıxsa da qurutmaz artıq.

Qalarsan əllərin yanaqlarında,
Axan göz yaşını silib gedərsən.
Ürəyin istəsə, açıqdır qapım,
Hərdən məzarıma gəlib-gedərsən.

Gəlib baş ucumda durarsan səssiz,
Ruhum səni görüb sevinər bəlkə.
Onda nə çəkmişəm bilərsən sənsiz,
Buz kəsmiş ürəyin isinər bəlkə.

Sonra baş daşımda rəsmimə baxıb,
Xəyala dalarsan, gülərsən bir az.
Məni öldürdüyün azdır, əzizim,
Bacarsan özün də ölərsən bir az.

Mayıl SOLTANOV,
BDU Jurnalistika fakültəsinin tələbəsi
18-10-2024, 07:52
Çiçək ananın çiçək açmayan arzuları

Çiçək ananın çiçək açmayan arzuları

Nakam taleyim, şəhidim Rəşadım, ümidsiz Ümidim. Bu dəfə söz açdığım qəhrənanım tək şəhid deyil, eyni zamanda onun anası Çiçək xanımdı. Tanışlığımız qeyri adi oldu. Yaşadığım Culfa rayon şəhidləri haqqında olan araşdırmalarım davam edirdi. Hər zaman axtarışda idim ki, bəlkə hansısa qəhrəmanımız diqqətdən yayınar. Tale elə gətirdi ki, şəhid tədbirlırinin birində elə məqamı şəhidlərimizin məqamı qədər uca olan o şəhid anası Çiçək xanımla tanış oldum. Arzuları çiçək açmayan, Çiçək ana. Çiçək ananın şəhid oğlu Sahib haqqında yazdığım şeiri ailəsinə təqdim etmək istəyərkən anası ilə söhbətim bir az geniş oldu. Anaya bir neçə sual ünvanladım…
Arada kövrəldik də, ağladıq da. O, mənə dua edirdi, mən isə ananın könlünü almaq istəyirdim. Amna bu təskinlədici cümlələrimin içərisində həqiqətlər var idi. "Şəhidlər ölməyir, sağdır" və s. Anaya dəstək olmağa çalışsam da doğrusu həmin gecə demək olar ki, gözümə yuxu getmədi. İki gün sonra Çiçək xanıma yenə zəng etdim. Həm Ananın halını soruşmaq, həm də mövzunu tamamlamaq üçün. Ananın dedikləri heyrət doğururdu.Hətta söhbət əsnasında belə bir ifadə işlətdi:
"Qızım, görürəm, sən mənimlə çox maraqlanırsan. Mənim dərdim çoxdur. Tək şəhidimin dərdini çəkmirəm" Bu sözləri eşidəndə fikirləşdim ki, yəqin Sahibin üç qız övladının atasız qalmağını nəzərdə tutur. Söhbət etdikdən sonra ananın bu məqamla bərabər digər narahatlığı aydın oldu. Çiçək xanım arada üç il fasilələrlə ard-arda ağır niskillər yaşamışdı. Əvvəlcə həyat yoldaşı 51 yaşında avtomobil qəzasında dünyasını dəyişmişdi. Sahib hərbiçi olduğu üçün ailənin bütün çətinlikləri Sahibin qardaşı Ümidin üzərinə düşür. Çox əziyyətlər çəkir. Ailə özünü tam toparlamamış Çiçək xanımın ailəsində ikinci bədbəxtlik baş verir. Ümid 21 yaşında dünyasını dəyişir. Çiçək xanımın bütün dünyası alt-üst olur. Təbii ki, bir hərbiçinin ailəsində baş verən çətin məqamlar Sahibin də dünyasını alt-üst edir. Əvvəlcə atasını, üç il sonra isə qardaşını itirmək Sahib üçün ağır olur. Bütün bunlara rəğmən Sahib, yenə də öz hərbi vəzifəsini laiqincə davam etdirir. 26.06.2020-ci ildə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalla təltif olunur.
Qısa arayış: Baş cavuş Məmmədov Sahib Yaşar oğlu 1989-cu ildə noyabr ayının 13-də NMR-nın Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur.1996-2007-ci illər ərzində Yaycı kənd 1 saylı orta məktəbdə təhsil almış, 2008-ci ilin yanvar ayından 2009-cu ilin iyul ayınadək həqiqi hərbi xidmətdə olmuşdur. 2011-ci ildən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmətə başlamışdır. 2020-ci ildə sentyabr ayının 27-də torpaqlarımızın bütövlüyü uğrunda əks hücum nəticəsində başlanan Vətən müharibəsində qəhrəmanlıqla iştirak etmişdir. Lakin 19 oktyabr 2020-ci ildə Fizuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, 24.10.2020-ci ildə Yaycı kənd qəbristanlığında dəfn olunmuşdur. Ölümündən sonra Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalı ilə mükafatlandırılmışdır.
Beləliklə Ümidin vəfatından üç il sonra Sahib şəhidlik zirvəsinə yüksəlir. Çarəsiz qalan Çiçək ananın dərdi böyük olsa da taleyin uğursuzluqları ilə barışaraq ailənin yükünü tək çəkməli olur. Onun mətin olmaqdan başqa yolu yox idi. Çünki onu həyata bağlayan üç qız nəvısi var. Şəhidimizin üç qız övladı anaya əmanət qalmışdı. Təbii ki, şəhid xalqın şəhidi olduğu kimi, onun övladları da xalqındır. Onlar bizim də övladımız sayılır. Çiçək xanımdan gəlini barədə soruşduqda belə cavab verdi:
"Rəqsanə qızım, bu qədər çətinliklərimə rəğmən, Allahıma o qədər şükürlərim var ki...Çünki gəlinim çox yaxşıdır. Qızım kimidir. O laqeyid olsa idi bəlkə də mən yaşaya bilməzdim. Şükürlər olsun ki, gəlin barədə çox razıyam."
Şəhidimizdən dəyanətli anası, sədaqətli həyat yoldaşı və Mələk kimi üç qız övladı Vətənə əmanət qaldı. Bu yazımın sonunda Çiçək xanımla söhbətimizə nöqtə qoymuram...
Məğrur şəhid qızları (Culfa rayon Yaycı kənd şəhidi Məmmədov Sahibin əziz xatirəsinə)
Yenə bir ananın gözləri yaşlı,
Atanın arzusu tükəndi, yandı.
Yolunu gözləyən üç qız övladı,
Ata sığalına həsrətdə qaldı.

Baba nəvazişi fəqət yetərmi?!
O körpə qızlara, aman, İlahi...
İzdiham, gözlərdən gedib, bitərmi?!
Tanrım bağışlama düşmən günahın.

Vətən üçün hər kəs dözəcək dərdə,
İgidin qanıdır torpağa halal.
Sahib baş əymədi zalım namərdə,
Sinəsinə bəzək vermişdi Hilal.

Övladları məğrur şəhid qızları.
Qürur ilə, başı uca gəzəcək.
Qeyrət ilə əzəcək haqsızları,
Sahib kimi igidlə fəxr edəcək.

Sən şəhid anası, dik tut başını.
Sənin övladındır, sənin qamətin.
Vətənçün böyütdün vətəndaşını,
Qorudu torpağın, elin qeyrətin.


Rəqsanə TAPDIQLI,
"Aşıq Pəri məclisi"nin və "MŞM-nın üzvü"
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!