Fevralın 12-də Yasamal rayonunda yerləşən 3 saylı “ASAN xidmət” mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kütləvi İnformasiya Vasitələri nümayəndələri arasında keçirdiyi “Əsgərə məktublar” adlı yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması keçirildi. Həmin gün tədbir iştirakçılarına müsabiqəyə göndərilmiş yazılardan ibarət nəfis tərtibatda hazırlanan kitabça da təqdim olundu.Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev, “ASAN FM” radiosunun rəhbəri Emin Musəvi, Vətənpərvərliyin Təbliğinə Dəstək İctimai Birliyin sədri Şəmistan Əlizamanlı, Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli, “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin sədri Fərid Sadıxlı, müsabiqə qalibləri və qonaqlar iştirak etmişlər. İlk öncə Azərbaycan Dövlət Himni səsləndirildi.
Tədbir iştirakçıları Azərbaycanın, azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev çıxış edərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətndə həyata keçirdiyi layihələr haqqında məlumat verdi. Zaur Abdullayev Xidmətin media nümayəndələri ilə birgə fəaliyyətini genişləndirərək, “Əsgərə məktublar” adlı yeni layihəsini də diqqətə çatdırdı. O, qeyd etdi ki, 7 dekabr 2015-ci ildən 18 yanvar 2016-cı il tarixinədək davam edən müsabiqəyə 50 yazı təqdim edilib. Xüsusən, qadın jurnalistlərin müsabiqəyə təqdim etdiyi yazılarda dəyərli fikirlər və vətənpərvərlik çağırışları vardır. “Əsgərə məktublar” müsabiqəsinə təqdim olunan yazılar münsiflər heyəti tərəfindən qiymətləndirilmiş və qaliblər müəyyənləşdirilmişdir. Həmçinin, müsabiqəyə təqdim edilmiş yazılardan ibarət isə kitabça nəşr edilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxış edərək, Səfərbərlik və Hərbi Xİdmətə Çağırış üzrə Dövlət Xidmətinin “Əsgərə məktublar” adlı layihəsi ilə yanaşı, gənclərə vətənpərvərlik hissinin aşılanması istiqamətində həyata keçirdiyi layihələri yüksək qiymətləndirdilər. Tədbirin sonunda Səfərbərlik və Hərbi Xİdmətə Çağırış üzrə Dövlət Xidmətinin vətənpərvərlik təbliğatının yüksəldilməsi məqsədi ilə Kütləvi İnformasiya Vasitələri arasında keçirilən “Əsgərə məktublar” müsabiqəsinin qalibləri mükafatlandırıldı. Qəzet, jurnal, informasiya agentliklərində çalışan 3 jurnalist 1-ci, 2-ci, 3-cü yerə, 10 jurnalist isə həvəsləndirici mükafata layiq görüldü. Müsabiqənin mükafatçıları arasında “Bütöv Azərbaycan” qəzetinin əməkdaşı Təranə Cəbiyeva da vardır.
“Bütöv Azərbaycan”