14-09-2022, 01:51
Ərdoğan İlham Əliyevə zəng etdi
Sentyabrın 13-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon söhbəti zamanı Prezident Rəcəb Tayyib Ərdoğan Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı hərbi qulluqçularımızın şəhid olması ilə əlaqədar Prezident İlham Əliyevə, onların yaxınlarına və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib. Dövlətimizin başçısı başsağlığına görə minnətdarlığını bildirib. Rəcəb Tayyib Ərdoğan qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edib və ölkələrimizin həmrəy olduqlarını vurğulayıb. Prezident İlham Əliyev qardaş Türkiyənin hər zamankı kimi, Azərbaycanın yanında olduğunu, ölkəmizin də hər zaman bütün məsələlərdə qardaş Türkiyənin yanında olduğunu qeyd edib. Ermənistanın genişmiqyaslı hərbi təxribatının qarşısının Silahlı Qüvvələrimiz tərəfindən şücaətlə və yüksək peşəkarlıqla alındığını, şəhidlərimizin qanının yerdə qalmadığını, onların intiqamının alındığını deyən Prezident İlham Əliyev bu genişmiqyaslı hərbi təxribatların məsuliyyətinin bilavasitə Ermənistanın üzərinə düşdüyünü bildirib. Söhbət zamanı Azərbaycanla Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bir daha vurğulanıb. Dövlət başçıları gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.
14-09-2022, 01:49
Ermənistanın sərhəddəki bütün hərbi obyektləri darmadağın edilibErmənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı təxribatı növbəti dəfə bu ölkənin gözlənilən hərbi uğursuzluğu ilə nəticələnib.
Butov.az xəbər verir ki, Ermənistanın ölkəmizlə sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu bütün hərbi təyinatlı obyektlər darmadağın edilib. Çünki bu obyektlər Azərbaycanın təhlükəsizliyinə təhdid yaradırdı. Sərhəddəki son hadisələr də bunu bir daha sübut etdi. Lakin eyni zamanda bu obyektləri bərpa etmək üçün Ermənistana bir neçə il vaxt lazımdır. Azərbaycan təhlükəsizlik tədbirləri çərçivəsində həmin ərazidəki bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürüb. Beləliklə Ermənistan daha nə indi, nə də gələcəkdə Azərbaycana hər hansı təhlükə törədə biləcək. Bütün bunlar onu göstərir ki, Azərbaycan Ermənistanın son vaxtlar dəfələrlə törətdiyi təxribatlara cavab olaraq özünün təhlükəsizliyini təmin edib. Bu isə həm olduqca zəruridir, eyni zamanda beynəlxalq hüquq normalarına uyğundur. Qeyd etdiyimiz kimi son təxribatlar Ermənistana baha başa gəldi, eyni zamanda İrəvanın təcavüzkar planları iflasa uğradı. Ermənistanın xeyli sayda hərbi texnikası, milyard dollarlıq qiyməti olan iki S-300 raketi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu məhv edilib. Eyni zamanda yüzlərlə hərbçisi yaralanıb. Təxribatçı ölkənin itkiləri bütün parametrlərə görə Azərbaycandan qat-qat çoxdur. Ermənistanın bundan sonra hərbi potensialını qurması üçün bir neçə il lazımdır. Bütün bunlar Azərbaycan Ordusunun qüdrətini ortaya qoydu və Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını bir daha sübuta yetirdi. Müşahidələr göstərirdi ki, son zamanlar Ermənistan cidd-cəhdlə revanşa, yeni hərbi əməliyyatlara, hücuma hazırlaşırdı. Həm Qarabağda, həm də sərhəddə təxribatların sayı artmışdı. Azərbaycan Ordusu məhz cəmi 7 saat davam edən unikal əməliyyat bu gerçəkləşdirməklə bütün bu planları alt-üst etdi. Rəsmi İrəvan başa düşdü ki, kiməsə, hansısa qüvvələrə arxalanıb Azərbaycanı fakt qarşısında qoya bilməz. Bu, ona baha başa gəlib və gələcəkdə də belə olacaq.
14-09-2022, 01:47
Hər zaman Can Azərbaycanın yanındayıq - ÇavuşoğluTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xalqına başsağlığı verib. XİN başçısı bu barədə tviter hesabında yazıb. “Azərbaycan-Ermənistan dövlət sərhəd xəttində meydana gələn qarşıdurmalarda həyatını itirən Azərbaycan Ordusunun qəhrəman şəhidlərinə rəhmət, yaxınlarına səbr və qardaş Azərbaycan xalqına başsağlığı diləyirəm. Türkiyə hər zaman Can Azərbaycanın yanında olacaq”, - XİN başçısı qeyd edib.
14-09-2022, 01:34
Nazirin məktubu Baş Assambleyanın sənədi kimi yayıldıAzərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun cari ilin 23 avqust tarixində BMT-nin Baş katibi Antonio Quterreşə ünvanlandığı Ermənistanın Azərbaycan ərazilərinin minalanması və davam edən digər qanunsuz hərbi faəliyətlərinə dair məktubu BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Məktubda, Azərbaycanın Laçın rayonu ərazisində 2021-ci ildə Ermənistan Respublikasında istehsal olunmuş külli miqdarda piyada əleyhinə minaların aşkar edilməsi faktı diqqətə çatdırılır. Bu faktın Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bir daha kobud şəkildə pozulduğunu göstərdiyi vurğulanır. Ermənistanın sözügedən üçtərəfli bəyanatın 4-cü bəndinə zidd olaraq Azərbaycan ərazilərindən qanunsuz hərbi birləşmələrini çıxarmadığı və hərbi fəaliyyətlərini dayandırmadığı məktubda qeyd olunub. Məktubda, həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə əhalinin təhlükəsiz yaşayışı naminə genişmiqyaslı bərpa və yenidənqurma işləri apardığı bir dövrdə Ermənistanın qanunsuz hərbi fəaliyyətinin, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması prosesinə, o cümlədən regionda sülh və təhlükəsizliyə ciddi zərbə vurduğu ifadə olunub. Üçtərəfli bəyanatın imzalanmasından keçən müddətdə 232 nəfərin mina partlayışının qurbanı olduğu barədə faktlar məktubda təqdim edilir.
14-09-2022, 01:31
50 hərbçimiz şəhid olubSentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. "Şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirik. Şəhidlərimizin qanı yerdə qalmadı. Bildiririk ki, şəhid olmuş hərbi qulluqçularımızın adlı siyahısı ictimaiyyətə əlavə təqdim olunacaq", - nazirliyin yaydığı məlumatda qeyd olunub.
13-09-2022, 19:53
Hikmət Hacıyev və Ceyhun Bayramov brifinq keçirdi13 sentyabr 2022-ci il tarixində Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun və Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin iştirakı ilə Azərbaycanda akkreditə olmuş diplomatik korpusun nümayəndələri üçün brifinq keçirilib. XİN-dən verilən xəbərə görə, brifinq zamanı, Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatları nəticəsində yaranmış gərginlik və hərbi təcavüzün qarşısının alınması məqsədilə görülmüş təxirəsalınmaz və adekvat tədbirlər barədə iştirakçılara müfəssəl məlumat verilib. Azərbaycan tərəfindən cavab addımlarının məhdud xarakterli olduğu, legitim hərbi hədəflərə yönəldiyi və mülki əhalinin hədəf alınmadığı bildirilib. Şərti dövlət sərhədində baş vermiş bu təcavüz aktının son günlər ərzində Ermənistan tərəfindən törədilən hərbi və siyasi təxribatlar zəncirinin bir elementi olduğu qeyd edilib. Belə təxribatlar sırasında Azərbaycan, Ermənistan, Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının Ermənistan tərəfindən kobud şəkildə pozularaq erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən tam çıxarılmaması, Azərbaycanın ərazilərinin minalanması işinin davam etdirilməsi və şərti sərhədboyu bölgədə hərbiləşmənin artması, nəqliyyat kommunikasiyalarının açılmasına maneçilik törətməsi və sülh prosesinə qarşı destruktiv addımlar atması, sülh müqaviləsi üzrə konkret danışıqların başlanmasına dair Azərbaycan tərəfinin təkliflərinə qarşılıq verməməsi və s. pozuntular diqqətə çatdırılıb. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən yenidənqurma işləri aparılan və külli miqdarda sərmayələr qoyulan bir zamanda, hərbi gərginlik zonasına yaxın əraziyə - Zəngilan rayonunun Ağalı kəndinə bir qrup məcburi köçkün ailəsinin geri qayıtması şəraitində regionda hərbi gərginliyin Azərbaycan tərəfinin marağında olmadığı vurğulanıb. Brifinqin yekununda iştirakçıların mövqeyi dinlənilib və verilən suallar cavablandırılıb.
13-09-2022, 19:52
Məsuliyyət Ermənistanın üzərinə düşür - PrezidentAzərbaycan Ermənistanın təxribatlarına cavab tədbirləri həyata keçirib. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edən zaman deyib. Dövlət başçısı baş vermiş təxribatlara görə bütün məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.
13-09-2022, 19:49
Ermənistan atəşkəsi pozdu - RəsmiSentyabrın 13-ü saat 16:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsin elan olunmasına baxmayaraq, Azərbaycan-Ermənistan sərhədinin Qarakilsə rayonunun Vağudi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından istifadə edərək atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb. Qeyd edək ki, 09.00-dan etibarən atəşkəsin elan olunmasına baxmayaraq Ermənistan tərəfindən artilleriya və digər ağır silahlardan istifadə etməklə sərhəd boyunca atəşkəs intensiv şəkildə pozulur.
13-09-2022, 19:46
İlham Əliyev Səmərqənddə Putinlə görüşəcək
Rusiya Prezidenti Vladimir Putin Səmərqənddə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Onun sözlərinə görə, Putin sammit çərçivəsində Prezident İlham Əliyev ilə yanaşı, İran, Türkmənistan, Türkiyə, Qırğızıstan, Hindistan, Pakistan və Çin liderləri ilə də görüş keçirəcək. Sammit sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək.
13-09-2022, 19:44
Ermənilərin hərbi hissəsi şəxsi heyətlə birlikdə məhv edilibErmənistan Müdafiə Nazirliyinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən hərbi hissəsi gecə saatlarında Azərbaycan Ordusunun bölmələrinin dəqiq atəş zərbəsi nəticəsində məhv edilib.Bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb. Bildirilib ki, aktiv döyüş fəaliyyəti yerinə yetirən hərbi hissənin vurulması nəticəsində ölən və yaralananlar var. Məlumata görə, əraziyə təcili tibbi yardım maşınları cəlb edilməyə başanılıb. Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində düşmən tərəfi ağır itkilər verib.